Dorian qreyin portreti



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə71/71
tarix04.11.2017
ölçüsü4,8 Kb.
#8442
1   ...   63   64   65   66   67   68   69   70   71

haradasa bir balaca “ağ yasəmən” ətrinin qoxusunu hiss etdimsə, elə bil, 
həyatımın ən möcüzəli, heyrətamiz bir ayını təzədən yaşayıram. Ah, kaş sizinlə 
yerimi dəyişə biləydim! Adamlar bizim ikimizi də mühakimə ediblər; lakin 
cəmiyyət həmişə sizə pərəstiş edib. Onlar hər zaman sizə pərəstiş edəcəklər. Siz 
bizim əsrimizin axtardığı adamsınız; həm də əsrimiz sizi tapdığı üçün qorxur. 
Mən şadam ki, siz heç vaxt heykəl-zad yonub düzəltməmisiniz, şəkil, portret 
çəkib-eləməmisiniz, ümumiyyətlə, özünüzdən nəsə bir şey yaratmamısınız. Sizin 
sənətiniz həyat olub. Siz özünüzü musiqiyə həsr etmisiniz. Sizin günləriniz isə 
sizin sonetləriniz olub. 
Dorian piano arxasından durub əlini saçında gəzdirdi, bir anlıq sükutdan sonra 
pıçıltıyla dedi: 
– Elədir, mənim həyatım gözəl keçib; lakin mən bir daha belə yaşamaq istəmirəm 
və mən bir daha belə bəlağətli nitqlər də eşitmək istəmirəm. Harri, siz mənə belə 
sözlər də deməyin! Siz mənim barəmdə çox şeyi bilmirsiniz. Əgər bilsəydiniz, 
yəqin ki, məndən üz döndərərdiniz. Gülürsünüz, hə? Gülməyin! 
– Niyə çalmırsınız, Dorian? Oturun, çalın, xahiş edirəm, mənə yenə həmin o lirik 
parçanı çalın! Baxın, səmaya, o tutqun göylərə baxın, görün bal kimi sapsarı 
böyük ay necə süzür! O, sizi gözləyir, sizin çalmağınızı gözləyir, sizin o gözəl 
musiqi sədalarınız altında o ay Yerə yaxınlaşmaq istəyir. Çalmaq istəmirsiniz? 
Onda gəlin kluba gedək. Biz çox gözəl bir axşam yaşadıq, onu xoşluqla da 
bitirmək lazımdır. Klubda bir gənc oğlan olacaq, o, sizinlə tanış olmaqdan ötrü 
ölür! Bu, lord Puldur, Burnmautların böyük oğlunu deyirəm. O artıq eynən sizin 
kimi qalstuk taxır, yalvarır ki, onu sizinlə tanış edim. Sevimli cavandır, hətta bir 
suyu da sizə çəkir. 
– Yox, getmirəm, – Dorianın üzünə kədər qondu, gözlərinin içində qəmli bir hüzn 
vardı. – Bu gün çox yorulmuşam, Harri. Kluba gedə bilmərəm. On birə qalıb, bir 
qədər tez yatmaq istəyirəm... 
– Nə olar, Dorian, hələ tələsməyin, bir az da çalın. Siz heç vaxt belə gözəl 
çalmamışdınız! Bu gün, nəsə, xüsusilə təsirli çaldınız! 
– Mən əməlisaleh adam olmağa qərar vermişəm, onun üçün belə gözəl çaldım, – 
Dorian gülümsündü. – Artıq yaxşılığa doğru bir qədər dəyişiklik baş verib... 
– Bircə mənə qarşı dəyişməyin, Dorian! Biz sizinlə həmişə dost olacağıq! 
– Amma siz, Harri, məni bir kitabla zəhərlədiniz, yadınızdadır? Mən bunu 
bağışlamayacağam! Harri, söz verin ki, siz o kitabı bir də başqa birisinə 
göndərməyəcəksiniz! Bu, zərərli kitabdır! 
– Əzizim, siz, həqiqətən, əxlaqdan dəm vuran adam olmağa başlamısınız! Lap 
yeni məslək qəbul etmiş adamlar kimi olmusunuz, qorxuram əqidənizi dəyişib 
adamlara da deyəsiniz ki, etdiyiniz günah əməllərinizdən yorulmusunuz, qoy 
onlar sizin günahları təkrar eləməsinlər. Yox, bu rol üçün siz daha yaxşı 
aktyorsunuz və bir də deyim ki, bütün bu cəhdlər faydasızdır. Sizinlə mən 


kimiksə – oyuq! İkimiz də buyuq! Necə varıqsa, eləcə də qalacağıq! O ki qaldı 
kitaba, deyim ki, mən sizi “kitabla” heç vaxt zəhərləyə bilmərəm. Belə şeylər 
olmur həyatda. Sənət insanın fəaliyyətinə təsir etmir, əksinə, sənət insanın 
fəaliyyət istəyini dondurur, iflic edir. Sənət tamam neytral bir mövqe tutur. Belə 
deyək də, sizin dediyiniz o “əxlaqsız kitab”lar dünyaya elə dünyanın səhvlərini və 
qüsurlarını göstərən kitablardır. Vəssalam. Gəlin ədəbiyyat barədə 
mübahisələrimizi indi qoyaq qırağa. Sabah mənim yanıma gəlin. Saat on birdə 
mən at sürməyə gedəcəyəm, biz birlikdə gedə bilərik. Daha sonra isə mən sizi ledi 
Branksomgilə səhər yeməyinə apararam. O, çox sevimli qadındır və sizinlə də 
məsləhətləşmək istəyir; divar xalçası almaq istəyir. Xahiş edirəm, gəlin, 
gözləyəcəyəm! Ya da istəyirsiniz, gedərik bizim balaca hersoginyamızın yanına, 
orada səhər yeməyi yeyərik, hə? O deyir ki, Dorian tamam bizi unudub. Bəlkə, 
Qledisdən bezmisiniz? Mən bunu duymuşdum. Onun hazırcavablığı adamı təngə 
gətirir. Hər halda, on birə kimi gəlin bizə. 
– Harri, məgər mən mütləq gəlməliyəm? 
– Əlbəttə! İndi park daha gözəldir. O qədər yasəmənlər var ki! Sonuncu dəfə mən 
bu yasəmənləri sizinlə tanış olduğum il görmüşdüm! 
– Yaxşı, gələrəm, saat on bir üçün orada olaram... Gecəniz xeyrə qalsın, Harri, – 
Dorian dedi; və qapıya çatanda o, bir anlıq ayaq saxladı və elə bil, daha nəsə 
demək istəyirdi, sonra ah çəkib otaqdan çıxdı.  
İYİRMİNCİ FƏSİL 
 
Gözəl, ilıq bir gecə idi; hava o qədər mülayim idi ki, Dorian küçəyə çıxanda 
paltosunu geyinmədi, əlinin üstünə atdı; ipək şərfini isə boğazına doladı. O, 
siqaret çəkə-çəkə evə tərəf gedirdi; birdən frak geyinmiş iki cavan onu ötüb-keçdi 
və onlardan birinin o birisinə pıçıltıyla dediyi “Ora bax, Dorian Qreydir!” 
sözlərini eşitdi və o, ötən günləri xatırladı; xatırladı ki, bir zamanlar adamlar onu 
tanıyıb bir-birinə işarə verəndə, o, öz adını eşidəndə, insanların ona baxdığını, 
onun barəsində danışdığını eşidib görəndə bundan məmnun olurdu. Bəs indi 
necə? O, öz adını tez-tez eşitməkdən yorulmuşdu; artıq bundan zinhara gəlmişdi. 
Həyatın əsas dadı-ləzzəti kənddədir; o, tez-tez o kəndə gedirdi, elə həmin 
kənddəki gözəllik bunda idi ki, onu orada heç kim tanımırdı. Onu sevən qıza da 
demişdi ki, yoxsuldur; qız da ona inanmışdı. Bir dəfə qıza dedi ki, o, keçmişdə 
əxlaqsız həyat sürüb; qız isə ona gülmüşdü və demişdi ki, əxlaqsız adamlar qoca 
və yaramaz olurlar. İlahi, o qızın gülüşlərini heç unuda bilmir! Qız güləndə elə 
bilirdin qaratoyuqdur, nəğmə oxuyur! O qızcığaz çit donunda və yanları enli 
şlyapasında necə də füsunkar görünürdü! O,  sadə, avam bir kəndli qızıydı; lakin 
onun hər şeyi vardı, Dorianın itirmiş olduğu bütün şeylər o qızda vardı. 


Dorian evə çatanda gördü ki, xidmətçisi hələ yatmayıb, onu gözləyir; o, 
xidmətçisinə dedi ki, gedib yatsın, özü isə kitabxanaya keçib  divanın üstünə 
sərələndi; lord Henrinin bu gün ona söylədikləri barədə düşünməyə başladı. 
Görəsən, o, düz deyirdimi? Doğrudanmı, insan istəsə də, özünü dəyişdirə bilməz? 
Bu anlarda Dorian öz məsum yeniyetməlik çağlarını, lord Henrinin bir vaxtlar ona 
dediyi çirkaba bulaşmayan “ağ-çəhrayı gəncliyi”ni həsrətlə xatırladı. O bilirdi ki, 
gəncliyini ləkələyib, əxlaqını pozub, təxəyyül və ehtiraslarına qol-qanad verib, 
mənəviyyatını tamam yaddan çıxarıb; onun ehtiras və zərərli meyilləri başqalarına 
da pis təsir etmiş, onların ölümünə səbəb olmuş və bu isə ona amansızcasına həzz 
və zövq vermişdi; axı onun ömrü, həyatı ən təmiz, ən məsum bir həyat idi, onun 
gələcəyi vardı, parlaq gələcəyi! Amma o neylədi? Öz gələcəyinin üstündən xətt 
çəkdi, onu ləkələdi. Doğrudanmı, bunları düzəltmək olmaz? Görəsən, bütün 
bunları düzəltmək üçün onun imkanı olacaqmı? Bəlkə, elə doğrudan da, 
dəyişməyin faydası yoxdur? 
Ah! Nə üçün o, qürur və ehtiraslarının azğın anlarında göylərə üz tutub yalvardı; 
yalvardı ki, portret onun ağır günlərinin yükünü daşısın, özü isə gəncliyini, 
gözəlliyini qoruyub saxlasın!? Bax bütün faciələrin səbəbi də bunda idi, onun 
səhvi bunda oldu! Bax elə həmin anlarda o, öz həyatını məhv etdi! Daha yaxşı 
olardı ki, həyatda etdiyi hər bir günahına görə o, dərhal cəzalandırılaydı! Cəzada 
təmizlənmə var! Əslində, “Günahlarımıza görə bizi bağışla” deməzlər, 
“Cinayətimizə görə bizi cəzalandır!” deyərlər! Bəli, ədalətli Allahdan bunu 
diləmək lazımdır! 
Stolun üstündə lord Henrinin Doriana çoxdan bağışladığı bir güzgü vardı; 
güzgünün çərçivəsində həkk olunmuş şıltaq eşq allahları əvvəlki kimi gülür, 
əylənirdilər; Dorian güzgünü götürdü, sanki, o dəhşətli gecədəki kimi bir hal 
yaşadı – həmin gecə o, ilk dəfə portretdə  dəyişiklik aşkarlamışdı; Dorian 
gözlərini güzgünün çərçivəsindəki naxışlara zillədi, gözləri yaşardı. Bir dəfə onu 
dəlicəsinə sevən bir nəfər Doriana məktub yazmışdı, məktub bu sözlərlə 
qurtarırdı: “Dünya başqalaşdı, çünki biz gəldik dünyaya; biz fil sümüyündən və 
qızıldan yaranmışıq. Sizin dodaqlarınızın büküşləri və incəliyi dünya tarixini 
yenidən yazacaq”. İndi Dorianın yadına bax həmin o bütpərəst sözlər düşdü; o, 
həmin sözləri elə hey dodaqucu təkrar etdi. Amma elə bir az sonra o, öz 
gözəlliyinə nifrət etməyə başladı; və o, güzgünü hirslə döşəməyə çırparaq 
ayaqqabısının dabanı ilə xıncım-xıncım etdi. Onun həyatını məhv edən, zülmətə 
döndərən bu gözəllik oldu! Gözəllik və əbədi gənclik arzulamışdı özünə, amma 
onlar onu məhv etdi! Vaxt vardı, o yalvarırdı hər ikisi üçün! İndi... Onlar 
olmasaydı, bəlkə də, həyatı tərtəmiz, ləkəsiz qalardı! Demə, gözəllik bir 
maskaymış, gənclik isə məsxərə! Yaxşı, bəs ən yaxşı halda gənclik nə deməkdir? 
Gənclik – yaşıl, kal meyvə, gənclik – sadəlövhlük, səthi təəssüratlar və qeyri-


sağlam mülahizələr çağıdır! Bəs nə üçün o, gəncliyin libasını geyinmişdi? 
Gənclik onu korlamışdı! 
Yaxşısı budur, keçmiş barədə düşünməyəsən. Axı indi heç nəyi dəyişə bilməzsən. 
İndi gələcək barədə düşünmək lazımdır. Ceyms Veyn Selbidəki qəbiristanlıqda 
adsız bir qəbirdə uzanıb; Alan Kəmpbell laboratoriyada özünü güllələdi və 
ölümünün sirrini özü ilə qəbrə apardı; amma o, bu sirri istər-istəməz bildi. Bazil 
Holvardın yoxa çıxması barədə söz-söhbətlər də bitəcək, həyəcan və gərginliklər 
azalacaq; əslində, elə bu proses gedir. Deməli, onu heç bir təhlükə gözləmir. 
Əslinə qalanda onu üzən, sarsıdan Bazil Holvardın ölümü deyildi; onu sarsıdan, 
ona əzab verən öz qəlbinin ölümüydü; onun qəlbi ölmüşdü, canlı bədənində ölü 
bir ürək vardı! Bazil onun həyatını məhv edən bir portret çəkmişdi; Dorian da onu 
bağışlaya bilmədi! Deməli, elə bütün günahlar portretdədir! Bundan başqa, Bazil 
ona nalayiq sözlər də demişdi, o, bunlara dözmüşdü... Qətl, sadəcə, onun 
qəzəbinin coşan vaxtına düşdü. Bəs Alan Kəmpbell? Onun intihar etməsi necə 
olsun? Bu, Alanın şəxsi işiydi, vəssalam! Ona nə aidiyyəti var axı?! 
Yeni həyat! O, yeni həyat istəyirdi! O, yeni həyata başlamağa hazırlaşırdı! Dorian 
söz vermişdi ki, bunu etsin; and içmişdi ki, bunu mütləq edəcək!  Hətta yeni 
həyata artıq başlamışdı da! Hər halda, o, bakirə, məsum qızcığazı bağışladı, ona 
alicənablıq göstərdi! Bundan sonra heç vaxt məsum qızları yoldan çıxarmayacaq! 
O, namusla yaşayacaq! 
Hetti Merton barədə düşünə-düşünə Dorian götür-qoy edirdi: bəlkə, ağzı bağlı 
otaqdakı portretdə də dəyişikliklər yaranıb? Çox güman ki, portretin cizgiləri də 
dəyişsin! Yaxşılığa doğru dəyişsin! Hə, hə, ola bilsin ki, o da dəyişib, daha 
qorxulu deyil, daha onda şeytani cizgilər də yoxdur! Əgər Dorian özü dəyişibsə, 
Dorianın həyatı dəyişibsə, onda mütləq bu, portretdə də özünü büruzə verməlidir; 
şəklin üzündəki qırışlar, günah və qüsur ləkələri getməlidir! O şeytani cizgilər, 
bəlkə də, yox olub! Qoy yuxarı qalxsın, getsin görsün portreti!  
Dorian lampa götürdü və pilləkənlərlə sakitcə yuxarı qalxmağa başladı; otağın 
qapısını açanda dodaqları sevincdən aralandı, onun heyrətamiz gənc çöhrəsi işıq 
saçdı. Bəli, o indən belə əməlisaleh adam olacaq və bu mənfur portret də bir daha 
onu qorxu və dəhşət içində  saxlamayacaq. Dorian hiss etdi ki, nəhayət, qəlbindən 
ağır bir yük götürülür. 
 
Dorian səssiz addımlarla yavaş-yavaş içəri girdi, qapını, adəti üzrə, arxadan 
bağladı və portretin üstündən örtüyü götürdü. Elə bu an Doriandan dəhşətli bir 
qışqırtı, ağrılı bir inilti qopdu. Portretdə heç bir dəyişiklik baş verməmişdi! Şəklin 
yalnız gözlərindən bir qədər biclik yağırdı, dodaqları istehzayla əyilmişdi. 
Portretdəki adam əvvəlkindən də eybəcər hala düşmüşdü; qolundakı qırmızımtıl 
nəm daha parlaq görünürdü, elə bil, ora təptəzə qan sürtmüşdülər. Dorian 
titrəməyə başladı. Deməli, onu ömründə ilk dəfə xeyirxah iş görməyə sövq edən 
yalnız quruca şöhrətpərəstlik hissiymiş! Ya da lord Henrinin rişxəndlə dediyi 


kimi, bu, yeni bir duyğu yaşamaq istəyindən başqa bir şey deyilmiş! Ya da bəlkə, 
elə bu, bəzən bizim özümüzdən də xeyirxah olan hərəkətləri etməyə məcbur edən 
gözə soxulmaq cəhdidir? Ya bəlkə, elə bunların hamısının cəmidir? Axı nə üçün 
şəklin üstündəki qan ləkələri çoxalıb? Bu ləkələr qırışlı barmaqların üstüylə 
sürüşüb gedir, elə bil, dəhşətli yoluxucu xəstəlik kimi yayılır... Portretin ayaq 
hissələrində də qan vardı; bəlkə, elə qan onun əllərinə oradan damıb, hə? O biri 
əlində də qan var axı?! O biri əlində Bazili öldürən bıçağı tutmamışdı! Bu nədir 
belə, cinayəti boynuna alsınmı?  Bu, nəyin əlamətidir belə? Yəni o, Dorian, 
cinayəti boynuna alıb özünü polisə təhvil verməlidir? Şüurlu olaraq ölümə 
getməlidir? Dorian güldü. Çox pis fikirdir! Bundan əlavə, əgər gedib cinayəti 
boynuna alsa belə ona kim inanacaq? Öldürülmüş adamın heç bir izi-tozu yoxdur! 
Dəlil-sübut üçün heç nə qalmayıb! Bazilə məxsus hər şey məhv edildi, yandırıldı! 
O özü yandırdı hamısını! Əgər, həqiqətən, boynuna alsa, camaat ona dəli 
deyəcək! Yox, əgər təkid etsə, israr etsə ki Bazili o öldürüb, onda onu dəlilər 
evinə aparıb qoyarlar. 
 
Axı  etiraf etmək onun borcu idi; hamının qarşısında günahını   boynuna almaq 
onun borcu idi; camaatın qınağı, məzəmməti, cəzası rüsvayçılıqdır! Qadir Allah 
var və o böyük Yaradan insanları vicdan, səsinə qulaq asmağa çağırır; Allah-taala 
buyurur ki, insan gərək öz günahını göyün və yerin qarşısında boynuna alsın, 
etiraf etsin; və o, Dorian, bu günahlarını etriaf etməyincə heç bir şey onu 
təmizləyə bilməz, heç nə onu təzələyə bilməz! Onun günahı, cinayəti? Nə dedin, 
cinayət? Dorian çiyinlərini çəkdi. Bazil Holvardın ölümü onun üçün bütün 
əhəmiyyətini itirmişdi. O, Hetti Mertonu düşünürdü. Bax o güzgü, o ədalətsiz 
güzgü yalan deyir! Günahkar onun qəlbinin güzgüsüydü! Özünə vurğunluq? 
Bəlkə, hər şeyi bilmək həvəsi? Ya bəlkə, riyakarlıq? Doğrudanmı onun 
fədakarlığında bunlardan heç biri olmamışdı? Bəlkə, elə yalnız bu hisslər idi onu 
fədakarlığa sövq edən, hə? Yox! Yalandır! Onun fədakarlığında daha çox şeylər 
vardı. Hər halda, Doriana belə gəldi.  
Yox!  O, şöhrətpərəstliyinə görə Hettiyə rəhm etmişdi; o, öz xeyirxahlığını 
riyakarlıq donuna bürümüşdü. Hər şeyi bilmək həvəsiydi onu fədakarlığa 
sürükləyən! Bax indicə o, hər şeyi dürüst anladı.  
Bəs bu qətl hadisəsini neyləyək? Məgər bu da onu ömrü boyu  beləcə təqib 
etməlidir? Görəsən, doğrudanmı, keçmiş ona daim ağır yük olacaq? Bəlkə, elə 
yaxşısı budur, etiraf etsin cinayəti? Heç vaxt! Onun əleyhinə işləyən bircə dəlil 
var, düzdür, çox zəif dəlildir, amma var – o da portretdir! Portreti məhv etmək 
lazımdır, vəssalam! Axı portreti nə üçün bu qədər saxlayıb, hə? Əvvəllər şəklə 
baxanda xoşhallanırdı; görürdü ki, portret onun əvəzinə dəyişir, yaşlaşır, qocalır. 
Bu prosesin özü ona ləzzət verirdi. Son zamanlar isə bu ləzzət heç ürəyincə 
deyildi, portret onu gecələr yatmağa qoymur; ona işgəncədən başqa nə verir ki? 


O, şəhərdən çıxanda fikri-zikri evdə qalırdı, qorxurdu ki, kimsə çıxıb portretə 
baxar, onun eybəcər olduğunu görər. Elə portret barədə düşüncələr onu bir dəqiqə 
belə rahat buraxmayıb, onun bütün həyatını zəhərə döndərib; sevinə bilmir, əylənə 
bilmir, hətta onun ehtiraslarına da ələm gətirib. Portret, elə bil, onun vicdanıdır. 
Hə, hə, vicdanıdır onun! O, bu portreti məhv etməlidir, vəssalam! 
Dorian ətrafa göz gəzdirdi, bıçağı gördü; o, bu bıçaqla Bazil Holvardı 
öldürmüşdü!  Dorian bu bıçağı neçə dəfə təmizləmişdi; bıçağın üstündə heç bir 
ləkə-filan qalmamışdı, o parıldayırdı. Bu bıçaq rəssamı öldürmüşdü, qoy onun 
yaratdığı əsəri də öldürsün! Qoy bu bıçaq onunla bağlı nə varsa, hər şeyi məhv 
etsin! Keçmişi də öldürsün! Keçmişi öldürəndən sonra Dorian Qrey azadlığa 
çıxacaq! O, kabus gətirən eybəcər qəlb həyatını öldürəcək! Və bu dəhşətli, 
qorxunc narahatlıqlara, təhlükə qoxulu ehtiyat tədbirlərinə də birdəfəlik son 
qoyular! Dorian yenidən dinc həyatına başlayar...  
O, bıçağı götürüb portretə soxdu. Elə bir dəhşətli çığırtı qopdu ki, səsə aşağıdakı 
xidmətçilər oyanıb bayıra çıxdılar. Nəsə ağır bir şey tappıltı ilə yerə yıxıldı; 
küçədən keçən iki nəfər dayanıb böyük evin yuxarı mərtəbəsindəki işıq gələn 
pəncərəyə sarı baxdı; sonra onlar polis çağırmağa getdilər və bir azdan polislə 
birlikdə qayıtdılar. Polis nəfəri bir neçə dəfə zəngi basdı, içəridən heç bir cavab 
gəlmədi. Bütün ev qaranlıq içindəydi, bircə yuxarıdakı pəncərədən işıq gəlirdi. 
Bir qədər gözlədikdən sonra polis nəfəri qapıdan geri çəkildi və qonşunun 
artırmasında durub evi güdməyə başladı. 
– Bu ev kimindir, konstabl?1  – bayaqkı iki nəfərdən biri polisdən soruşdu. 
– Mister Dorian Qreyin evidir, ser. 
Bayaqkı adamlar bir-birinə baxdılar; sonra istehza ilə gülərək  çıxıb getdilər. 
Onlardan biri Henri Aştonun dayısı idi. 
 
Evin içində, xidmətçilər yatan tərəfdə yarıçılpaq adamlar həyəcan içində bir-biri 
ilə pıçıldaşırdılar; yaşlı qadın, missis Lif əllərini dizlərinə vurub ağlayırdı; Frensis 
meyit kimi ağarmışdı.  
Təxminən, on beş dəqiqədən sonra Frensis faytonçunu və nökərlərdən birini 
çağırdı; üçü də ayaqlarının ucunda pilləkənləri qalxdı. Yuxarıdakı otağın qapısını 
döydülər, cavab gəlmədi. Başladılar bərkdən çağırmağa. Doriandan hay gəlmədi. 
Nəhayət, qapını sındırmağa çalışdılar, bir şey çıxmadı; sonra yuxarıya, dama 
qalxıb oradan balkona düşdülər. Rəzələr  köhnə olduğundan pəncərələr asanlıqla 
açıldı.  
Otağa girəndə onlar öz sahiblərinin divardan asılmış, sonuncu dəfə gördükləri 
gözəl simasını əks etdirən portretini gördülər; Dorianın ən gözəl gənclik çağının 
təsviri sehrli təbəssümlə onlara baxırdı. Döşəmədə isə ürəyinin başına bıçaq 
soxulmuş bir meyit uzanmışdı; frak geyinmişdi, üzü qırışmış, solğun və eybəcər 
bir adam idi. Xidmətçilər onu yalnız barmağındakı üzüklərdən tanıdılar.  


 

Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə