Dorian qreyin portreti



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə8/71
tarix04.11.2017
ölçüsü4,8 Kb.
#8442
1   ...   4   5   6   7   8   9   10   11   ...   71

kimi danışırdı; onun səsi, hərəkətləri zərif musiqi ahəngini xatırladırdı; adama elə 
gəlirdi ki, bu adamın əlləri də, hərəkətləri də bir dildə danışır, zərif, incə bir dildə. 
Lakin Dorian ondan qorxdu və daha sonra bu qorxudan özü də utanmağa başladı. 
Nə üçün yad bir adam onun qəlbinə aid olan şeyləri ona açıb izah etməliydi? Axı 
o, Bazillə aylardır dostluq edir, bu müddət ərzində onların arasında olan dostluq 
onu heç dəyişdirməyib! Birdən bu yad adam peyda olur və... demək olar ki, 
həyatın sirrini ona açır! Hər halda, axı ondan nə üçün qorxsun ki? O ki  məktəbli 
oğlan, ya da məktəbli qız deyil! Lord Henridən qorxmaq, sadəcə, mənasız bir 
şeydir! 
 
– Gəlin bir az kölgədə əyləşək, – lord Henri dedi. – Budur, Parker də bizə 
sərinləşdirici içki gətirir. Əgər siz günün altında dursanız, dəriniz korlanar və 
Bazil də sizi daha çəkməz… Gərək özünüzü gündən qoruyasınız, sizə yanmaq 
olmaz. 
– Nolacaq ki? – Dorian Qrey güldü və bağın qurtaracağındakı skamyanın 
küncündə əyləşdi. 
– Hər şey ola bilər, mister Qrey, hər şey! 
– Niyə ki? 
– Çünki siz füsunkar gəncliyinizi yaşayırsınız və gənclik ən dəyərli var-dövlətdir, 
onu gərək qoruyasınız. 
– Lord Henri, mən belə düşünmürəm. 
– Əlbəttə, siz indi belə düşünmürsünüz. Vaxt gələcək, qocalanda, ya da siz qırış 
basmış çirkin bir qocaya dönəndə, alnınızda qırışlar çoxalanda, ehtiraslar isə öz 
işgəncəli alovuyla dodaqlarınızı qurudanda – bax onda siz bunu daha yaxşı başa 
düşəcəksiniz. İndi siz harada olursunuzsa, dünyadan ləzzət alırsınız və hamını da 
öz gözəlliyinizlə heyran edirsiniz. Lakin bu, həmişə olmayacaq… Mister Qrey, 
sizin əsrarəngiz və füsunkar simanız var. Qaşqabağınızı sallamayın, mən düz 
deyirəm. Gözəllik Dahinin görünüş formalarından biridir və mənə elə gəlir ki, o, 
dahilikdən də yüksəkdə durur; çünki gözəllik başa düşülmək, izahat tələb etmir. 
Bu, bizi əhatə edən aləmin ən nəhəng hadisəsi sayılan günəş işığı kimi bir şeydir; 
yaxud bahar fəslidir, tutqun suların üstünə düşən ayın gümüşü qalxanıdır; biz ona 
Ay deyirik. Gözəllik müzakirə olunmur. Onun ən yüksək hakimlik hüququ var və 
ona malik olan adamları kral edir. O, ən böyük hökmdardır. Siz gülürsünüz? Eh, 
siz o gözəlliyi itirəndə daha gülməyəcəksiniz. Bəzən deyirlər ki, Gözəllik – yalnız 
səthi bir şeydir; ola bilsin, bu belədir! Lakin o, düşüncə, fikir kimi səthi, bihudə 
deyil. Mənə elə gəlir ki, Gözəllik möcüzələr möcüzəsidir. Bilirsiniz, yalnız boş, 
dardüşüncəli adamlar xarici görünüşə əhəmiyyət vermirlər; xarici görünüşə görə 
adamlara qiymət verməyənlər dayaz adamlardır. Əslində isə həyatın və dünyanın 
ən böyük sirri gözlə görünən şeylərdədir, yəni gözə görünməyən şeylər deyil. 
Bəli, mister Qrey, allahlar sizə iltifat göstərib. Lakin allahlar verdiklərini tezliklə 


alırlar. Sizin qarşınızda əsl həyat, dolğun və gözəl həyat yaşamağa o qədər də çox 
vaxtınız qalmayıb. Sizin gözəlliyiniz gəncliyinizlə birgə gedəcək; və siz günlərin 
bir günü qəflətən anlayanda ki gənclik uçub gedib və o gözəllikdən doyunca 
istifadə etməmisiniz, bu ötən xatirələr sizi ən ağır məğlubiyyət işgəncəsindən də 
pis incidəcək. Hər ötən ay sizi bu ağır gələcəyə sürükləyir. Zaman sizi qısqanır; o, 
allahların sizə bəxş etdiyi qızılgüllərə, zanbaqlara hücum edir. Yanaqlarınız 
saralıb-solacaq, sallanacaq, gözləriniz dumanlanacaq… Siz dəhşətli dərəcədə əzab 
çəkəcəksiniz… Ah! Nə qədər ki gəncliyiniz sizinlədir, onu anlayın! Ömrünüzün 
qızıl günlərini yelə verməyin, cansıxıcı möminlərə qulaq asmayın, düzəlməz 
şeyləri düzəltməyə çalışmayın! Həyatınızı dövrümüzün yalançı idealları və sısqa 
məqsədlərinə qurban verməyin. Yaşayın! Gözəl həyat yaşayın! Öz həyatınızı 
yaşayın! Heç nəyi əldən buraxmayın, həmişə, hər zaman təzə bir duyğu axtarıb 
tapmağa çalışın. Heç nədən də qorxmayın! Yeni gedonizm – bax bizim əsr bizdən 
bunu tələb edir! Siz onun görünən simvolu ola bilərsiniz! Sizin kimi adam üçün 
qeyri-mümkün olan heç bir şey yoxdur! Həyat, dünyayi-aləm qısa müddətə sizə 
məxsusdur. Mən elə ilk baxışdan anladım ki, siz hələ özünüzü tanımırsınız, 
özünüzü başa düşmürsünüz! Sizdəki çox şey məni əsir-yesir etdi və mən duydum 
ki, sizə özünüzü dərk etməkdə kömək göstərməliyəm. Düşündüm: “Əgər bu həyat 
faydasız və səmərəsiz ötüşsə, faciə olar!” Axı sizin gəncliyiniz sürətlə ötüb-keçir! 
Sadə çöl gülləri quruyur, sonra yenə tumurcuqlayır, çiçək açır. Gələn yay iyunda 
nəfəsotu yenə indiki kimi qızılı rəngdə olacaq. Gələn ay ağ əsmə kolları üstündə 
yenə ulduz-ulduz qönçələr allanacaq, hər il yaşıl gecələrdə yarpaqları arasından 
ulduz tumurcuqlar boylanacaq. Lakin biz isə gəncliyimizi geri qaytara 
bilməyəcəyik. Heç vaxt! İnsan iyirmi yaşında olanda onun nəbzi bərkdən, 
sevinclə döyünür, lakin qocalanda o nəbz zəifləyir, bədən gücdən düşür, hisslər 
sönür. Biz bir zaman qorxduğumuz ötən illərin ehtiraslı, odlu-alovlu xatirələri 
əlində dözülməz marionetlərə dönürük; o zaman biz bizi şirnikləndirən, başdan 
eləyən şeylərə güzəştə getməyə cürət etmirdik. Gənclik! Ah, gənclik! Dünyada 
ona tay ola biləcək ikinci bir ömür varmı?! 
Dorian Qreyin heyrətli baxışları Henriyə zillənmişdi və o, müsahibini acgözlüklə 
dinləyirdi. Yasəmən budağı onun barmaqları arasından sürüşüb çınqıl torpağın 
üstünə düşdü. Bu an azğın bir arı vızıldaya-vızıldaya budağın başına dolanmağa 
başladı. Sonra budağın ləçəkləri arasında eşələndi, ulduz çiçəkləri bir-bir sordu. 
Dorian bu mənzərəni  elə diqqətlə seyr etdi ki, elə bil, orada nəsə maraqlı bir şey 
tapmışdı; hərdən biz də ən vacib şeylər haqqında düşünməkdən qorxanda, ya da 
bizə naməlum olan yeni duyğular təlatümünə düşəndə belə edirik; belə vaxtlarda 
hansısa qorxunc fikir beynimizə girir və bizi təslim olmağa vadar edir. Arı uçub 
getdi. Sonra Dorian gördü ki, arı sarmaşıq gülünün gövdəsinə girdi. Gül əsdi, 
titrədi, sonra zərif-zərif yellənməyə başladı. 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə