Dorian qreyin portreti



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə9/71
tarix04.11.2017
ölçüsü4,8 Kb.
#8442
1   ...   5   6   7   8   9   10   11   12   ...   71

Birdən Holvard emalatxana qapısı ağzında göründü və çox yüksək əhvali-ruhiyyə 
ilə öz qonaqlarını studiyaya çağırdı. Lord Henri və Dorian bir-birinə baxıb 
gülümsədilər. 
– Hə, sizi gözləyirəm, – rəssam qışqırdı. – Gəlin bura! Bu saat iş üçün ən münasib 
vaxtdır. Otaq işıqlıdır. İçkilərinizi də götürün özünüzlə. 
Onlar durub yavaş-yavaş emalatxanaya sarı yeridilər. İki ağ-yaşıl kəpənək 
yanlarından uçub getdi; bağın küncündəki armud ağacının üstündə oturan 
qaratoyuq oxumağa başladı. Lord Henri dedi: 
– Mister Qrey, mənimlə tanışlıqdan məmnunsunuzmu? – və düz Dorianın 
gözünün içinə baxdı. 
– Əlbəttə, çox şadam buna. Lakin bilmirəm həmişəmi belə məmnun olacağam, ya 
yox?! 
– “Həmişə!” Bu, nə qədər dəhşətli bir sözdür! Mən bu sözü eşidəndə diksinirəm. 
Bu sözü daha çox qadınlar xoşlayır. Onlar hər hansı bir romanı uzatmağa, onu 
əbədi etməyə can atdıqları üçün korlayırlar onu! Mənası yoxdur bu sözün! 
Şıltaqlıqla əbədi sevgi ehtirası arasındakı yeganə fərq ondadır ki, şıltaqlıq ondan 
bir qədər uzunömürlü olur. 
Onlar emalatxanaya girdilər. Dorian Qrey əlini lord Henrinin çiyninə qoydu. 
– Əgər belədirsə, onda qoy bizim dostluğumuz da şıltaqlıq olsun, – pıçıldadı və öz 
cəsarətindən qızardı. Sonra platformaya qalxıb pozada durdu. 
Lord Henri hörmə kresloda oturub Dorianı müşahidə etməyə başladı. Otağın 
sükutunu yalnız Holvardın tez-tez kətan parçaya toxundurduğu fırçasının yüngül 
səsi və arabir molbertdən aralanaraq gah sağa, gah da sola atdığı addım səsləri 
pozurdu; bunu ondan ötrü edirdi ki, çəkdiyi əsərinə bir qədər uzaqdan baxsın. 
Günəşin zərrin şəfəqləri açıq qalmış qapıdan içəri düşürdü; havada oynaşan qızılı 
toz dənəciklərini günəş işığı zolaqlarında görmək olurdu. Otağın içini büsbütün  
qızılgüllərin xoş ətri bürümüşdü. Təxminən, bir saatdan sonra Holvard dayandı; 
beləcə – səssiz-səmirsiz uzun müddət Dorian Qreyə baxdı, daha sonra yenə şəklə 
baxdı; uzun fırçasının ucunu dişləyib qaşlarını çatdı, nəhayət, ucadan dedi: 
– Tamam! Hazırdır! – və portretin sol küncünə əyilib uzun, qırmızı hərflərlə öz 
imzasını qoydu. 
Lord Henri yaxın gəldi, şəkli daha yaxşı görmək istəyirdi; bu, doğurdan da, gözəl 
bir sənət əsəri idi və canlıydı; rəsmdəki Dorianla həyatdakı Dorian arasında 
heyrətedici oxşarlıq vardı; adam buna lap mat qalırdı. 
– Əzizim Bazil, səni ürəkdən təbrik edirəm! – lord Henri sevincək bildirdi. – 
Müasir rəssamlıqda mən hələ belə gözəl əsər görməmişəm. Bura gəlin, mister 
Qrey, özünüz baxın, özünüz də qiymət verin. 
Dorian yuxudan qəflətən oyanan adam kimi səksəndi və platformadan düşərək: 
– Doğrudan hazırdır? – soruşdu və yaxına gəldi. 


– Əlbəttə, şəkil tamamlanıb, – rəssam cavab verdi, – və bu gün siz çox gözəl 
durdunuz. Buna görə sizə sonsuz təşəkkürümü bildirirəm. 
– Buna görə mənə təşəkkür eləmək lazımdır, – lord Henri müdaxilə etdi. – Düz 
demirəm, mister Qrey? 
Dorian cavab vermədi; molbertin yanından sakitcə ötüb, boylanıb geridəki şəklə 
baxdı. O, şəkli görəndə qeyri-ixtiyari olaraq dala çəkildi, məmnunluqdan alışıb-
yandı. Onun gözləri bəxtəvərcəsinə gülür, işıq saçırdı; elə bil, o, ilk dəfə idi özünü 
görür və tanıyırdı. Dorian, sanki, donmuşdu, düşüncələrə qərq olmuşdu və 
dumanlı şəkildə dərk edirdi ki, Holvard ona nəsə deyir, lakin o, rəssamın 
sözlərinin mənasına varmırdı; öz möhtəşəm gözəlliyinin duyğusu, sanki, ona bir 
kəşf kimi gəlirdi, elə bil, indicə öz gözəlliyini dərk elədi. Əvvəllər heç vaxt bunu 
hiss etməmişdi. Bazil Holvardın komplimentləri ona dostluğun ecazkar 
qüdrətindən doğan məstlik kimi görünürdü. O, bu sözlərə qulaq asırdı, gülürdü, 
onları unudurdu. Bu sözlər ona təsir etmirdi. Sonra lord Henri Votton peyda oldu 
və onun gənclik haqqındakı qəribə, təntənəli himnini dinlədi; gəncliyin su kimi 
axıb tezliklə gedəcəyi barədə amansız xəbərdarlıqlarını eşitdi. Bu, əlbəttə, onu 
həyəcanlandırdı, yatmış duyğularını oyatdı və indi, bax burada o, öz şəklinə 
baxanda, öz gözəlliyinin sevimli əksini görəndə onun qarşısında, sanki, 
heyrətedici bir gələcək bütün çılpaqlığı ilə canlandı; o, lord Henrinin dediyi 
gələcək barədə düşündü. Bəli, gün gələcək, onun sifəti qırışlanıb sallanacaq, 
gözlərinə duman çökəcək, onların rəngi də solacaq, mütənasib bədən quruluşu 
itəcək, korlanıb əcaib bir görünüş alacaq. İllər onun dodaqlarının al rəngini və 
saçlarının qızılı rənglərini də sovurub aparacaq. Onun qəlbini və ruhunu 
formalaşdıran həyat... bədənini məhv edəcək. O, eybəcər hala düşəcək, hamı 
ondan qaçacaq; o, qorxunc və miskin bir varlığa dönəcək. 
Bütün bunları düşündükcə, elə bil, kimsə qəflətən onun ürəyinə xəncər soxdu; 
Dorian qəlbində dəhşətli bir ağrı hiss etdi və içindəki bütün tellər, sanki, birdən-
birə əsməyə başladı; gözləri qaraldı, göz yaşları baxışlarını dumanlatdı. Ona elə 
gəldi ki, kiminsə buz əli düz onun ürəyinin başına qoyuldu. 
– Nədir, bəyənmədiniz? – Holvard Dorianın başa düşülməyən sükutunu görüb 
soruşdu. 
– Əlbəttə, bəyənir,  – lord Henri onun əvəzinə cavab verdi. – Onu kim bəyənməz 
ki? Müasir incəsənətdə bu portret ən gözəl əsərlərdən biridir. Nə qədər desən, bu 
əsərə verərəm. Bu portreti mən almalıyam. 
– Henri, bunu sənə verə bilmərəm, o, mənimki deyil... 
– Kiminkidir bəs? 
– Dorianındır... 
– Xoşbəxt adamdır, vallah... 
– Necə kədərlidir! – gözlərini hələ də öz portretindən çəkməyən Dorian Qrey ah 
çəkdi. – Necə böyük bir kədərdir, aman Allah! Mən qocalacağam, qorxunc bir 


məxluq olacağam, amma mənim portretim əbədi cavan qalacaq! Bu portret hətta 
bu yay günündən də cavan qalacaq, həmişəlik cavan olacaq! Ah, necə böyük bir 
dərddir! Kaş əksinə olaydı hər şey! Kaş bu portret qocalaydı, mənsə əbədi cavan 
qalaydım! Bundan ötrü mən hər şeyimi verərdim, hər şeyimi! Heç nəyimi 
əsirgəməzdim! Qəlbimi də verərdim bundan ötrü! 
– Bazil, əlbəttə, belə bir şeyin baş verməsi sənin ürəyincə olmaz! – lord Henri 
ürəkdən güldü. – Onda rəssamın işləri zor olardı! 
– Əlbəttə, mən bunun qəti əleyhinə olardım! – Holvard cavab verdi. 
Dorian Qrey dönüb düz onun gözlərinin içinə baxdı. 
– Hə, Bazil, mənə də elə gəlir ki, siz bunun əleyhinə olarsınız! Çünki siz öz 
sənətinizi dostlarınızdan çox istəyirsiniz. Mən sizin üçün yaşıl bürünc 
heykəlcikdən başqa bir şey deyiləm! Yox, yox, məncə, siz o heykəlciyi də 
məndən çox sevirsiniz!  Mən bunu cəsarət edib sizə deyirəm! 
Rəssam təəccüblə Doriana baxdı; sanki, o, əvvəlki adam deyildi, gözlərinə inana 
bilmirdi. Ona nə olmuşdu belə? Dorian hirsli görünürdü, sifəti alışıb-yanırdı, 
yanaqları qıpqırmızı qızarmışdı. 
– Əlbəttə, əlbəttə, mən heç də sizin üçün dəyərli deyiləm, – Dorian davam etdi, – 
bax siz fil sümüyündən olan Hermesi1, ya da elə Favnı2 məndən daha çox 
sevirsiniz. Siz onları həmişəlik sevəcəksiniz. Bəs məni? Siz məni nə vaxta kimi 
sevəcəksiniz, hə? Çox güman ki, üzümdə peyda olan ilk qırışığı görənədək... Bəli, 
mən indi başa düşürəm ki, insan öz gözəlliyini itirən zaman hər şeyini itirir, hər 
şeyini! Lord Henri tamamilə doğru deyir – bizim ömrümüzün yeganə qiymətli 
dəyəri gənclikdir. Görsəm ki qocalıram, özümü öldürəcəyəm! 
Holvardın rəngi ağardı və o, Dorianın qolundan tutdu. 
– Dorian, özünüzə gəlin! – qışqırdı. – Siz nə danışırsınız! Belə şeyləri dilinizə 
gətirməyin! Mənim sizdən başqa əziz dostum olmayıb və olmayacaq! Bu nədir, 
birdən-birə o cansız əşyalara qısqanırsınız? Siz onlardan da qiymətlisiniz, 
eşidirsinizmi!? 
– Gözəlliyi əbədi olan hər şeyə paxıllığım tutur! Hətta bax bu portretə, sizin 
çəkdiyiniz bu rəsm əsərinə də paxıllığım tutur, onu qısqanıram özümə! Axı nə 
üçün bu cansız şəkil itirməyə məhkum olduğum gözəlliyimi özündə əbədi 
saxlamalıdır, nə üçün? Hər ötən an mənim ömrümdən nəyisə alır və aparıb verir 
bax bu şəklə! Ah, bu nədir belə?! Kaş əksinə olaydı, Allah! Kaş mən şəkil 
olaydım, biz onunla yerimizi dəyişə biləydik! Mən əbədi cavan olmaq istəyirəm 
axı! Siz onu nə üçün çəkmisiniz? Vaxt gələcək, o, mənə güləcək, məni ələ 
salacaq! 
Dorianın yanaqlarından isti göz yaşları axırdı; o, Holvardın əlini itələdi, divana 
sərələndi və üzünü balışın altında gizlətdi. 
– Harri, bax, bu, sənin işindir! Sən elədin! – rəssam hirslə çımxırdı. Lord Henri 
çiyinlərini çəkib dedi: 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə