Достаточное о признаках появления Махди”



Yüklə 233,95 Kb.
səhifə1/4
tarix14.06.2018
ölçüsü233,95 Kb.
#48878
  1   2   3   4








Ön söz

Həqiqətən həmd (şükür və tərif) yalnız Allaha məxsusdur! Biz Ona şükür və tərif edir, Onu köməyə çağırır, Ondan bağışlan­ma və bizi haqq yoluna yönəltməyi diləyirik. Nəfs­­lərimizin şərin­dən və pis əməl­­­lərimiz­dən qorunmaq üçün yalnız Ona pənah apa­rı­rıq. Aləmlərə rəhmət olaraq göndərilən peyğəmbərimiz Muhəmmədə (sallallahu aleyhi va səlləm), ailəsinə və səhabələrin hamısına Allahın salamı və xeyir duası olsun.

Oxucuya təqdim olunan bu çalışma möhtərəm qardaşımız Əbu Əli Abdullahın (Əfəndi) bu sahədə rus dilində qələmə aldığı “Достаточное о признаках появления Махди” risaləsindən azərbaycan dilinə çevrilmiş tərcümə işidir. Müəllifin də qeyd etdiyi kimi, bu sahədə təfsilatlı və mövzunu açıqlayan ədəbiyyata rast gəlmək çətindir. Bu səbəbdəndən də adı keçən çalışma Mehdilik və əlamətləri haqqında oxucuya konkret dəlillər təqdim edir. Haqqı araşdıran müsəlmanlara faydalı olması ümidi ilə.

Tərcüməçidən.

Müəllifin ön sözü


Rəhmli, Mərhəmətli Allahın adı ilə!

Aləmlərin Rəbbi olan Allaha həmd sənalar olsun. Muhəmmədə, ailəsinə və səhabələrinə Allahın salamı və onlara gözəl şəkildə tabe olanlara Onun rəhməti və məğfirəti olsun.

Ömər ibn Xəttab (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi va səlləm) buyurmuşdur: “Həqiqətən əməllər niyyətlərə görə dəyərləndirilir və hər bir insana da onun niyyətinə görə verilir. Ona görə də, Allah və Elçisi üçün hicrət edən ona yetişmiş olar. Dünya malı və qadın üçün hicrət edən də ancaq istədiyinə çatmış olar.” (Səhih Buxari №1)

İmam Nəvəvi nəql edir ki, Əbu Səid Əbdurrahmən ibn Mehdi dedi: “Kitab yazmaq istəyən hər kəs qoy bu hədislə başlasın” (“əl Əzhər muntəhaba əl əbrar” səh. 24)

Uca Allahın yardımı ilə mən qiyamət gününün əlamətlərindən biri olan İmam Mehdinin gəlişi barədə olan məlumatları bir kitab halına salmaq qərarına gəldim. Kifayət qədər dini ədəbiyyatın olmasına baxmayaraq, bu məsələni tam açıqlayan bir kitaba rast gəlmədim. Risalənin yazılmasında müxtəlif mənbələrdən istifadə olunmuşdur. Tərcümə prosesində üstünlük əsasən mətnin məna tutumuna veriləcəkdir.

26 Rabi əl-Əvvəl, 1432.


Birinci fəsil

Mehdi kimdir?


Mehdinin gəlişi qiyamət günü əlamətlərindən biridir. O günün yaxınlaşması əlamətləri haqqında Peyğəmbərdən (sallallahu aleyhi va səlləm) varid olmuş və dövrümüzdə gerçəkləşmiş bir çox xəbərlər mövcuddur. Qiyamət gününün böyük və kiçik əlamətləri vardır. Böyük əlamətlər bilavasitə Qiyamət günü qopmamışdan öncə olacaqdır. Bu əlamətlərin bir neçəsi bunlardır:

  1. Məsih Dəccəlin (Yalançı Məsih) gəlişi

  2. İsanın (aleyhis səlam) zühuru və Mehdinin xilafəti

  3. Yəcuc və Məcuc tayfalarının axınları

  4. Qərbdə və Şərqdə böyük fəlakətlər

  5. Tüstünün yayılması

  6. Günəşin qərbdən çıxması

  7. Yerdən nəhəng heyvanın çıxması

  8. Yəmən tərəfdən böyük alovun çıxması və insanları əhatəsinə toplaması

Bu qeydlər Elmir Quliyevin bu mövzuda olan kitabından götürülmüşdür.

Mehdi barədə nə bilirik?

1) O, Peyğəmbərin (sallallahu aleyhi va səlləm) Əhli Beytindən olacaqdır.

2) O, Fatimənin (Allah ondan razı olsun) nəslindən olacaqdır.

3) Onun adı Rasulullahın (sallallahu aleyhi va səlləm) ismindən olacaq və atasınında adı Peyğəmbərin (sallallahu aleyhi va səlləm) atasının adından olacaqdır.

4) O, ətrafında toplanan müsəlmanlara xəlifə olacaqdır.

Həfs ibn Keysan nəql edir ki, o, Süfyan əs Sevridən soruşmuşdu: “Ey Əbu Abdullah! İnsanlar Mehdi barədə çox söz deyirlər. Sən nə deyə bilərsən?” İmam dedi: “Əgər bir gün o sənin qapına insanlar onun ətrafında toplaşmamışdan öncə gəlsə, onu nə təsdiq, nə də inkar et.” (Əbu Əmmar Mahmud əl Misri “Rihlət ilə dar əl axirət” səh. 298-299)

5) Onun dövründə müsəlmanlar bolluq və əmin-amanlıqda yaşayacaqlar.

6) O, özündən öncə hər yerdə zülm olduğu halda, hər yeri ədalətlə dolduracaqdır. Onun idarəçiliyi dövründə bütün dünyada sülh, ədalət və əmin-amanlıq olacaqdır.

7) Onun xilafəti dövründə İsa ibn Məryəm (aleyhis səlam) zühur edəcək və o əsnada onun arxasında namaz qılacaqdır.

8) O, müsəlmanlara səxavət göstərərək və onlara çoxlu mallar paylayacaqdır.

İbn Hacər əl Heysəmi bir çox əlamətləri “əl Qavlul muxtəsər fi alamətil Mehdi əl Muntəzar” kitabında nəql etmişdir. Lakin mən onlardan səhih olanlar ilə kifayətlənirəm.

İbn Qeyyim əl Cəvziyyə yazır: “Üçüncüsü: O, Peyğəmbərin (sallallahu aleyhi va səlləm) Əhli Beytindən və Həsənin (Allah ondan razı olsun) soyundan olacaqdır. Axır zamanda meydana çıxacaqdır. Dünya zülm və haqsızlıqda olduğu halda, onu ədalət və haqla dolduracaqdır.

Rəvayətlərin çoxu buna dəlalət edir. Mehdinin Həsənin (Allah ondan razı olsun) soyundan olmasında bir incəlik vardır. O, xilafəti Allah rizası üçün tərk etdiyinə görə, Allah Təala onun soyundan gələn birini dünyanı ədalətlə işıqlandıracaq xəlifə edəcəkdir. Bu, Allahın məxluqata qarşı olan sünnətidir. Kimsə Allah rizası üçün bir şeydən əl çəkərsə, Allah ona və ya onun zürriyyətinə bundan daha yaxşısını qismət edər.” (“əl Mənarul munif fis səhih və zəif” səh. 97)

İkinci fəsil.

Mehdi barədə olan rəvayətlər.


“Mehdinin gəlişi və onun əlamətləri bir çox rəvayətlər ilə təsdiqlənir ki, bunlar mənaca mütəvatir həddinə çatır.” (Əbu Əmmar Mahmud əl Misri “Rihlət ilə dar əl axirət” səh. 300)

Əllamə, fəqih və mühəddis Muhəmməd ibn Cəfər əl Qəttani “Nəzmul mutənasira minəl hədisəl mutavatira” kitabında yazır:

№290- Gözlənilən Mehdi barədə olan rəvayət.

Bu rəvayətlər aşağıdakı isnadlarla bu səhabələrdən varid olmuşdur:

1) Abdullah ibn Məsuddan (Allah ondan razı olsun). Bu rəvayəti İmam Əhməd (öl.241), Əbu Davud (öl.275), Tirmizi (öl.279), İbn Macə (öl.273) nəql etmişlər.

2) Umm Sələmədən (Allah ondan razı olsun). Bu rəvayəti Əbu Davud, İbn Macə və Hakim (öl.405) nəql etmişlər.

3) Əlidən (Allah ondan razı olsun). Bu rəvayəti Əhməd, Əbu Davud və İbn Macə nəql etmişlər.

4) Əbu Səid əl Xudridən (Allah ondan razı olsun). Bu rəvayəti Əhməd, Əbu Davud, Tirmizi, İbn Macə, Əbu Yalə (öl.276) və Hakim nəql etmişlər.

5) Səvbandan (Allah ondan razı olsun). Bu rəvayəti Əhməd, İbn Macə və Hakim nəql etmişlər.

6) Qurra ibn İyas əl Muzanni. Bu rəvayəti Bəzzar (öl.292) və Təbərani (öl.360) nəql etmişlər.

7) Abdullah ibn Haris ibn Cuzzdən (Allah ondan razı olsun). Bu rəvayəti İbn Macə, Təbərani nəql etmişlər.

8) Əbu Hureyradan (Allah ondan razı olsun). Bu rəvayəti Əhməd, Tirmizi, Əbu Yalə, Bəzzar, Təbərani və bir çoxları kitablarında nəql etmişlər.

9) Huzeyfa ibnul Yəməndən (Allah ondan razı olsun). Bu rəvayəti Ruyani (öl.307) nəql etmişdir.

10) Abdullah ibn Abbasdan (Allah ondan razı olsun). Bu rəvayəti Əbu Nueym (öl.430) nəql etmişdir.

11) Cabir ibn Abdullahdan (Allah ondan razı olsun). Bu rəvayəti Əhməd, Muslim (öl.261) nəql etmişdir. Lakin Muslimdə axır zaman əlamətləri arasında Mehdinin adı çəkilmir.

12) Osmandan (Allah ondan razı olsun). Bu rəvayəti Dəraqutni (öl.385) “Əfrad” kitabında nəql etmişdir.

13) Əbu Umamədən (Allah ondan razı olsun). Bu rəvayəti Təbərani “əl Kəbir” kitabında nəql etmişdir.

14) Əmmar ibn Yasirdən (Allah ondan razı olsun). Bu rəvayəti Dəraqutni, Hətib (öl.463) və İbn Əsakir (öl.571) kitablarında nəql etmişlər.

15) Cabir ibn Məcid əs Sudəfidən (Allah ondan razı olsun). Bu rəvayəti Təbərani kitabında nəql etmişdir.

16) Abdullah ibn Ömərdən (Allah ondan razı olsun).

17) Təlha ibn Ubeydullahdan (Allah ondan razı olsun). Hər iki səhabənin rəvayətini Təbərani “əl Ausat” kitabında nəql etmişdir.

18) Ənəs ibn Malikdən (Allah ondan razı olsun). Bu rəvayəti İbn Macə nəql etmişdir.

19) Əbdurrahmən ibn Auf. Bu rəvayəti Əbu Nueym nəql etmişdir.

20) İmran ibn Huseyndən (Allah ondan razı olsun). Bu rəvayəti Əbu Əmr əd Dani (öl.444) “Sünən” və bir çoxları kitablarında nəql etmişlər.

Hafiz Səhəvinin (öl.902) qeyd etdiyinə görə bir çox alimlər Mehdi barədə olan rəvayətlərin mütəvatir səviyyəsində olduğunu təsdiqləmişlər.

Səhəvi “Fəth əl muqis” kitabında yazır: “Əbul Huseynin yazdığı bu risalə Mehdi barədə yazılan ilk əsərdir. Həmçinin, Əbul Əli İdris ibn Muhəmməd ibn İdris əl Huseyn əl İraqinin bu barədə bir çalışması da mövcuddur. Mehdi barədə olan rəvayətlər mütəvatir və ya ona yaxın səviyyədədir...”

Şeyx Casus “Şərhul Risalə”-də yazır: “Səhəvinin nəql etdiyi Mehdi barədə olan rəvayətlər bir yerdə mütəvatir səviyyəsinə yetişirlər.”

Zurqaninin “Şərhul məvahib” kitabında yazılır: “Mehdi barədə olan rəvayətlər ki, o bu ümmətdən çıxacaq və İsa (aleyhis salam) onun arxasında namaz qılacaqdır, təvatür dərəcəsindədir.”

Şeyx Muhəmməd ibn Əhməd əs Səffarani “Şərhul əqidə” kitabında yazır: “Mehdi barədə olan rəvayətlər çoxsaylıdır və mənaca mütəvatir səviyyəsinə yetişir və bu Əhli Sünnə alimləri arasında o qədər məşhurdur ki, onlar bunu əqidə əsaslarından hesab edirlər.”

Burada Muhəmməd ibn Cəfər əl Qəttaninin kitabından olan sitat bitdi.

Muhəmməd ibn Əli əş Şəukani deyir: “Bizə Mehdi barədə 50-yə yaxın mütəvatir hədis varid olmuşdur. Onlardan bir qismi səhih,bir qismi həsən, bir qismi isə zəifdir. Mehdi barədə olan rəvayətlər şübhəsiz ki, mütəvatirdirlər.” (Əbu Əmmar Mahmud əl Misri “Rihlət ilə dar əl axirət” səh. 300)

Oxucunun diqqətinə bir neçə rəvayəti çatdırmaq istərdik.

1) İmam ibn Macə əl Qəzvini “Sünən” kitabında Əbu Səid əl Xudridən (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi va səlləm) buyurmuşdur: “Ümmətimdə Mehdi olacaqdır. Onun qısa xilafəti zamanında ümmətim elə bolluqda olacaqdır ki, heç bir vaxt bunlara əvvəllər nail olmamışdı. Yer onlara nemətlərini əta edəcək, heç nəyi gizlətməyəcəkdir. Nemətlər o qədər çoxalacaqdır ki, bir adam qalxıb, ”Ey Mehdi! mənə mal ver dedikdə” o ona belə deyəcəkdir: “buyur, götür.” Şeyx Albani yazır ki, hədis həsəndir.” (hədis №4083, Şeyx Albaninin tədqiqi ilə, Riyad)

2) İmam Əbu Daud “Sünən” kitabında bir çox isnadla İbn Məsuddan (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi va səlləm) buyurmuşdur: “Qiyamət gününə bir gün qalmış olsa belə, Allah mənim ailəmdən olan bir şəxsi dünyaya göndərəcək və həmin şəxs zülmlə dolu olan bu dünyaya ədalət və bərabərlik gətirəcəkdir.” Şeyx Albani yazır ki, hədis həsən-səhihdir.” (hədis №4282, Şeyx Albaninin tədqiqi ilə, Riyad)

3) İmam Əbu İsa ət Tirmizi “Sünən” kitabında Abdullah ibn Məsuddan (Allah ondan razı olsun) nəql edir ki, Peyğəmbər (sallallahu aleyhi va səlləm) belə buyurmuşdur: “Mənim ailəmdən olan və adı mənim adımla eyni olan bir şəxs ərəblərə rəhbərlik etmədikcə dünyanın sonu gəlməyəcəkdir..."

İmam Tirmizi yazır: “Belə rəvayət Əli, Əbu Səid, Umm Sələmə və Əbu Hureyrədən də varid olmuşdur. Bu rəvayət həsən-səhihdir.” Şeyx Albani də hədisi həsən-səhih adlandırmışdır. (hədis №2230, Şeyx Albaninin tədqiqi ilə, Riyad)

4) İmam Əbu İsa ət Tirmizi “Sünən” kitabında Əbu Səid əl Xudridən (Allah ondan razı olsun) rəvayət edir: “Biz Peyğəmbərdən (sallallahu aleyhi va səlləm) sonra fitnə olacağından ehtiyat edərək ondan bu barədə soruşduq. O buyurdu: “Ümmətimdən Mehdi adlı şəxs çıxacaqdır. Bundan sonra o 5, 7 və ya 9 il hökm edəcəkdir. Adam gəlib ona deyəcək: “mənə ver, mənə ver.” O isə adama paltarının tuta biləcəyi qədər sərvət verəcəkdir.”

İmam Tirmizi deyir: “Bu rəvayət həsəndir və Əbu Səiddən müxtəlif variantlarla varid olmuşdur. Şeyx Albani bu hədisin həsən olduğunu qeyd etmişdir.” (hədis №2232, Şeyx Albaninin tədqiqi ilə, Riyad)

5) İmam Əbu İsa ət Tirmizi “Sünən” kitabında Abdullah ibn Məsuddan (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi va səlləm) buyurmuşdur: “Mənim ailəmdən olan və adı mənim adımla eyni olan şəxs bu işin başına gələcəkdir.”Asim dedi ki, Əbu Saleh Əbu Hureyradan (Allah ondan razı olsun) nəql edir ki: “Əgər dünyanın sonuna bir gün qalmış olsa belə Allah onu uzadar ki, o bu işin başına gəlsin.”

İmam Tirmizi deyir: “Bu hədis həsən-səhihdir. Bu fikri Albani də dəstəkləyir. (hədis №2231, Şeyx Albaninin tədqiqi ilə, Riyad)

6) İmam Əbu Daud əs Sicistani “Sünən” kitabında Əli ibn Əbu Talibdən (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi va səlləm) buyurmuşdur:Dünyanın sonuna bir gün qalmış olsa belə, Allah dünyaya ədalət və bərabərlik gətirəcək, zülmün və istibdadın qarşısını alacaq ailəmdən olacaq bir şəxs göndərəcəkdir.”

Şeyx Albani qeyd edir ki, hədis səhihdir.” (hədis №4283, Şeyx Albaninin tədqiqi ilə, Riyad)

7) İmam Əbu Daud əs Sicistani “Sünən” kitabında Umm Sələmədən Peyğəmbərin (sallallahu aleyhi va səlləm) belə buyurduğunu rəvayət edir: “Mеhdi mənim soyumdan, Fatimənin övladlarından olacaqdır.”

Şeyx Albani qeyd edir ki, hədis səhihdir.” (hədis №4284, Şeyx Albaninin tədqiqi ilə, Riyad)

Həmçinin Suyuti “Camius saqir”də (№9241), İbn Teymiyyə “Minhəcus sunnə”də (8/255) bunu səhih adlandırmışlar. Bu rəvayəti həmçinin İbn Macə və Hakim də nəql etmişlər.

Nueym ibn Həmmad əl Mərvəzi “əl Fitən” (№1082) kitabında nəql edir ki, Qatadə, Səid ibn əl Museyyibdən (Allah ondan razı olsun) soruşdu:

-Mehdi haqdırmı?”

- Haqdır.

- O kimlərdəndir?

- Qureyşdəndir.

- Hansı Qureyşdəndir?

- Bəni Haşimdəndir.

- Bəni Haşimdən kimlərdən?

- Bəni Əbdulmutəllibdən.

- Əbdulmutəllibdən olan kimlərdən?

- Fatimə övladlarından.”

Əl Mərvəzi həmçinin “Fitən”də (№1087) İbn Abbasın Muaviyyənin hüzurunda belə dediyini nəql edir: “Allah Təala biz Əhli Beytdən Mehdi göndərəcəkdir.”

Həmçinin Muhəmməd Baqirdən nəql olunur: “O (Mehdi) Bəni Haşimdən olan Fatimə övladlarındandır.” (“Fitən” №1102)

Əl Mərvəzi “Fitən”də (№1112) Kəbb ibn Malikdən (Allah ondan razı olsun) rəvayət edir: “Mehdi Fatimə övladlarındandır.”

Zuhridən “Fitən”də (№1114) nəql olunur: “Mehdi Fatimə övladlarındandır.”

Zirra ibn Hubeyşdən “Fitən”də (№1117) nəql olunur: “Mən eşitdim ki, Əli (Allah ondan razı olsun) dedi: “Mehdi bizlərdən, Fatimə övladlarındandır.”

İmam Təbərani “Əl Kəbir” kitabında Əli əl Hilalidən rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi va səlləm) Fatiməyə (Allah ondan razı olsun) buyurdu: “Məni haqq ilə göndərənə and olsun ki, bunlardan (Həsən, Hüseyn) bu ümmətin Mehdisi olacaqdır.”

Bu sözlər uzun rəvayətin bir hissəsidir. Bunu əl Heysəmi “Məcmauz zəvaid”də (№14967) nəql etmiş və qeyd etmişdir ki, sənəddə Heysəm ibn əl Həbib adlı ravi vardır ki, Əbu Hatim onun rəvayətlərini münkər adlandırmışdır.

Heydər Hatiboğlu yazır: “Mehdinin kimin soyundan gəlməsində fikir ayrılığı vardır. Yəni onun Həsən (Allah ondan razı olsun), yoxsa Hüseynin (Allah ondan razı olsun) soyundan olmasında ixtilaf vardır.” (“Şərh Sunən ibn Macə” c.10, səh. 351)

Əbu Nueym “Ərbain fi Mehdi” (№6) kitabında Peyğəmbər (sallallahu aleyhi va səlləm) Huzeyfa ibn Yamənin (Allah ondan razı olsun) sualı üzərinə “O Hüseyn ibn Əlinin soyundandır” buyurmuşdur.

Rəvayətin sənədində Abbas ibn Bəqqar əd Dəbbi adlı ravi vardır ki, o Dəraqutninin və başqalarının qeyd etdiklərinə görə yalançıdır.

Mehdinin Həsənin (Allah ondan razı olsun) soyundan gəlməsi barədə də rəvayətlər mövcuddur. Əbu Daud “Sünən” (№4290) kitabında Əli ibn Əbu Talibdən (Allah ondan razı olsun) bunu nəql etmişdir. Şeyx Albani bu rəvayəti zəif hesab etmişdir. Səbəb sənəddə isnadın qopuq olmasıdır.

Əbdurrahmən Qeylani “Əşratus səat” kitabında (səh. 124) yazır: “Mehdinin Həsən, yoxsa Hüseynin soyundan olması məlum deyil. Bu barədə olan rəvayətlər səhih deyil.”

İmam Əbul Fida ibn Kəsir yazır: “Mehdi-Muhəmməd ibn Abdullah əl Ələvi əl Fatimi Həsəni” (Əbu Əmmar Mahmud əl Misri “Rihlət ilə dar əl axirət” səh. 296)

Əbu Əmmar Mahmud əl Misri yazır: “Əhli Sünnə alimlərinin əksəriyyətinin rəyinə görə Mehdi Əhli Beytdən olan Həsən ibn Əlinin soyundan gələcəkdir. (həmin yer, səh. 295)

“Həmçinin mümkündür ki, ata tərəfdən o Həsənin, ana tərəfdən isə Hüseynin soyundan olsun.” (“Şərh Sunən ibn Macə” c.10, səh. 351)

8) İmam ibn Macə əl Qəzvini “Sünən” kitabında Əlidən (Allah ondan razı olsun) Peyğəmbərin (sallallahu aleyhi va səlləm) belə buyurduğunu nəql edir: “Mehdi bizim əhli beytdəndir. Allah onu bir gecədə islah edəcəkdir. ”Şeyx Albani hədisin həsən olduğunu qeyd etmişdir.” (hədis №4085, Şeyx Albaninin tədqiqi ilə, Riyad)

Rəvayəti Əhməd “Müsnəd”də (№645), həmçinin Əbu Yəla və ibn Əbu Şeybə “Müsənnəf”də rəvayət etmişdir.

9) Əbu Nueym əl İsfəhani “Ərbain fi Mehdi”də (№4) Hüseyn ibn Əli ibn Əbu Talibdən (Allah ondan razı olsun) Peyğəmbərin (sallallahu aleyhi va səlləm) Fatiməyə (Allah ondan razı olsun) belə buyurduğunu rəvayət edir: “Mehdi sənin övladlarından olacaqdır.”

Şeyx Albani buna bənzər rəvayəti bu mətnlə nəql etmişdir: “Sənə müjdə olsun, ey Fatimə! Mehdi səndəndir.” (Daif əl camius saqir” №41)

10) Əbu Nueym əl İsfəhani “Ərbain fi Mehdi”də (№38) Əbu Səid əl Xudridən (Allah ondan razı olsun) Peyğəmbərin (sallallahu aleyhi va səlləm) belə buyurduğunu rəvayət edir: “İsa ibn Məryəm bizlərdən olan birinin arxasında namaz qılacaqdır.”

Şeyx Albani hədisin səhih olduğunu qeyd etmişdir.” (“Silsiləs səhiha” №2293; “Səhih cami əs saqir” №5920)

11) İmam Əbu Əmr əd Dani “Sünən vəradat fil fitən” (№584) kitabında Əbu Səid əl Xudridən (Allah ondan razı olsun) Peyğəmbərin (sallallahu aleyhi va səlləm) belə buyurduğunu rəvayət edir: “Mənim əhli beytimdən bir şəxs meydana çıxacaq və mənim sünnəm ilə hərəkət edəcəkdir. Allah ona bərəkət göndərəcək, torpaq məhsul verəcək və o, özündən öncə hər yerdə zülm və haqsızlıq olduğu halda, hər yerdə ədaləti və haqqı bərpa edəcəkdir. Sənəddə Əbu Umeyyə əl Xəttabi adlı mətruk ravi vardır.

Buxari “Tarix əl kəbir”, Təbərani “əl Ausat” kitablarında bənzər rəvayəti digər sənədlə nəql etmişlər: Əbu Vasil ibn Əbdulhumeyd – Əbu Sadiq ən Nəcdi – Həsən ibn Yezid əs Saadi.

Əl Heysəmi “Məcmauz zəvaid”də qeyd etmişdir ki, sənəddə ona məlum olmayan ravilər vardır.

İbn Qeyyim əl Cəvziyyə “əl Mənarul munif fis səhih və daif” kitabında bu və buna bənzər rəvayətləri nəql etdikdən sonra qeyd edir ki, sənədlərin zəif olmasına baxmayaraq, onlar bir-birini tamamlayır və bu Əhli Sünnənin nəzərinə müvafiqdir.

12) İmam Əbu Abdullah əl Hakim “Mustədrək”də (№8669) Əbu Səid əl Xudridən (Allah ondan razı olsun) Peyğəmbərin (sallallahu aleyhi va səlləm) belə buyurduğunu rəvayət edir: “Qiyamət günü dünya zülmə, haqsızlığa bürünməyənə qədər qopmayacaqdır. Sonra mənim əhli beytimdən dünyada sülh, ədalət və əmin-amanlıq bərpa edəcək şəxs çıxacaqdır.”

Hakim deyir: “Rəvayət Buxari və Muslimin şərtlərinə görə səhihdir.” Zəhəbi “Təlxis” kitabında bu fikirlə razılaşmışdır. Həmçinin Şeyx Albani də bunu qeyd etmişdir.”

İmam Əhməd bu rəvayəti “Musnəd” (№11239) kitabında bir qədər fərqli mətnlə nəql etmişdir: “Dünya zülm və haqsızlığa bürünəcək, sonra mənim əhli beytimdən bir şəxs çıxacaq və 7 və ya 9 il hökm edəcəkdir. O, dünyaya haqq və ədalət gətirəcəkdir.”

Şeyx Şueyb Arnaut deyir: “Rəvayət “7 və ya 9 il hökm edəcəkdir” sözləri istisna səhihdir. Ravilər Mətar ibn Təhmandan başqa səhih əsərlərin raviləridir.”

13) İmam Bəzzar “Musnəd”də (№3323) Muaviyyə ibn Qurra ibn Yiasədən, o da atasından Peyğəmbərin (sallallahu aleyhi va səlləm) belə buyurduğunu rəvayət edir: “Heç şübhəsiz dünya zülm və haqsızlıqla istibdad olacaqdır və dünya zülmə tamamilə büründükdə Allah məndən və adı mənim adımdan olan bir şəxsi göndərəcəkdir. O, dünyada sülh, ədalət və əmin-amanlıq bərpa edəcəkdir.” Hədis səhihdir. (“Silsiləs səhiha” №1529)

14) İmam ibn Hibban əl Busti “Səhih”də (№6825) Abdullah ibn Ömərdən (Allah ondan razı olsun) Peyğəmbərin (sallallahu aleyhi va səlləm) belə buyurduğunu rəvayət etmişdir: “Mənim əhli beytimdən adı mənim adımdan, əxlaqı mənim əxlaqımdan olan bir şəxs gələcəkdir. O, özündən öncə hər yerdə zülm və haqsızlıq olduğu halda, hər yerdə ədaləti və haqqı bərpa edəcəkdir.”

Şeyx Şueyb Arnaut qeyd etdiyi kimi rəvayətin sənədi zəifdir.

15) İmam Muslim “Səhih”də (№ 2913–67) Cabir ibn Abdullahdan (Allah ondan razı olsun) Peyğəmbərin (sallallahu aleyhi va səlləm) belə buyurduğunu rəvayət etmişdir: “Axır zamanda mənim ümmətimdə insanlara mal-dövləti əli açıqlıqla paylayan xəlifə olacaqdır.”

Bu hədisin ravilərindən biri digər iki Əbu Nadr və Əbul Əla adlı ravidən soruşdu: “Sizcə söhbət Ömər ibn Əbduləzizdən gedir?” Onlar dedilər: “Xeyr.”

İbn Hacər əl Heytəmi bu hədisi özünün “Əl Qavlul muxtəsər fi alamətil Mehdi əl muntəzar” (№31, səh 23) kitabında nəql etmişdir.

Bu hədisi həmçinin Əhməd və İbn Hibban Əbu Səid əl Xudridən (Allah ondan razı olsun) Ömər ibn Əbduləzizə işarə etmədən rəvayət etmişlər.

16) İbn Adiy Əbdurrahmən ibn Aufdan (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi va səlləm) buyurdu: “Allah mənim əhlimdən bir şəxs göndərəcəkdir. Onun dişləri bir-birindən bir qədər aralı, alnı isə geniş olacaqdır. O, özündən öncə hər yerdə zülm və haqsızlıq olduğu halda, hər yerdə ədaləti və haqqı bərpa edəcək və mal-dövlət paylamaqda səxavətli olacaqdır.” (“əl Kamil fi duafə ər rical” c.3, səh. 423, №846)

Rəvayətin sənədində Talut və Suveyd ibn Hatim adlı ravi vardır ki, İbn Qeyyim əl Cəvziyyə onları zəif hesab etmişdir.

17) İbn Macə “Sünən” (№4077) kitabında Əbu Umamə əl Bəhlidən Qiyamət gününün əlamətləri barədə uzun hədis rəvayət edir ki, orada Peyğəmbər (sallallahu aleyhi va səlləm) buyurur: “Mədinə şəhəri əhalisi ilə birgə üç dəfə silkələnəcəkdir və orada Məsih Dəccala tərəf getməyən heç bir münafiq kişi və qadın qalmayacaqdır. Beləliklə, Mədinə dəmir körükdən təmizləndiyi kimi ləkədən təmizlənəcək və o gün xilas günü hesab olunacaqdır.”

Bunu eşidən Umm Şərik bint Əbul Əqari soruşdu: “Ya Rasulullah! Bəs ərəblər o gün harada olacaqlar?” O buyurdu: “Ərəblər o gün az olacaq. Onların çoxu o gün Beytul Məqdisdə olacaq və onların İmamı saleh bir şəxs (Mehdi) olacaqdır. O, bir dəfə sübh namazında önə keçdiyi zaman İsa ibn Məryəm zühur edəcəkdir. Bunu görən İmam İsa peyğəmbərin (aleyhis salam) önə keçməsi üçün geri çəkilməyə başlayacaqdır. Lakin İsa peyğəmbər (aleyhis salam) əlini onun çiyninə qoyub deyəcək: “İnsanlara namazı qıldır. Axı namaza çağırış sənin üçün edilib.”

Şeyx Albanidən iki fərqli rəy gəlmişdir. İbn Macədə olan bu hədisin şərhində o bu rəvayəti zəif, ”Səhih əl camius saqir” (№7875) kitabında isə bu hədisi səhih hesab etmişdir.

Bu başa düşülən bir məsələdir. Alim həyatı boyu tədqiqatları ilə elmini artırır. Öncələr onun zəif hesab etdiyi rəvayət daha sonralar aşkar etdiyi digər dəlillər ilə səhihləşə bilər. Təəsüf ki, şeyxin birinci rəyinin hansı rəvayət olmasını dəqiqləşdirmək mümkün olmadı.

İbn Qeyyim da bu rəvayətin zəif olmasını qeyd etmişdir. Bu rəvayətin digər hissəsi başqa bir ravidən varid olmuşdur.

İmam Muslim “Səhih” (№ 156–247) kitabında Cabir ibn Abdullahdan (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi va səlləm) buyurmuşdur: “Ümmətimdən hər zaman Qiyamət gününə qədər haqq yolunda vuruşan bir dəstə olacaqdır. İsa ibn Məryəm enəcək və müsəlmanların əmiri ona deyəcək: “namazımızı qıldır” O (İsa) deyəcək: “Xeyr. Sizlərdən bəziniz digərlərinə əmirdir. Bununla Allah bu ümməti üstün etmişdir.”

İmam Əhməd bu hədisi “Müsnəd”də (№14762) nəql etmişdir. Şeyx Şueyb Arnaut dedi: “Hədis səhihdir, amma sənəd ibn Luheyinin zəif yaddaşlı olmasına görə zəifdir.”

İmam Əbu Nueym “Ərbain fi Mehdi” (№39) kitabında bu rəvayəti digər sənədlə nəql etmişdir. Lakin mətndə belə bir ifadə var: “və onların əmiri Mehdi deyəcək”

Şeyx Albani “Silsiləs səhiha” (№2236) kitabında qeyd edir ki, rəvayətin sənədi yaxşıdır, raviləri siqadır.

İbn Əbu Şeybə “Musənnəf”də (№37478) Osman ibn Əbul Asdan rəvayətdə nəql edir: “İsa ibn Məryəm sübh namazı vaxtı enəcək və bu zaman müsəlmanların əmiri ona deyəcəkdir: “Ey Allahın ruhu! İrəli keç və bizim namazımıza imamlıq et.” İsa (aleyhis salam) ona deyəcək: “Siz bu ümmətdənsiniz, bəziləriniz digərlərinə imamdır. İrəli keç və namazı qıldır.” Müsəlmanların əmiri irəli keçəcək və namaz qılacaqdır.”

Bu rəvayətin sənədində Əli ibn Zeyd ibn Cadən vardır ki, o zəifdir. Bu ravi həmçinin “Əl kəbir”də olan rəvayətin sənədində də vardır.

Hakim “Mustədrək”də bu rəvayəti iki sənədlə nəql etmişdir. Sənədin birində ibn Cadən vardır. Zəhəbi “Təlxis”də sənəddə olan zəif raviləri qeyd etmişdir.

Nueym ibn Həmmad “Əl Fitən”də (№1103) Abdullah və Amr ibn Asdan rəvayət edir ki, o dedi: “Mehdi o şəxsdir ki, onun yanına İsa ibn Məryəm enəcək və İsa (aleyhis salam) onun arxasında namaz qılacaqdır.” Rəvayətin sənədində Əli ibn Zeyd ibn Cadən və onun məchul şeyxi vardır.

İmam Təbəraninin nəql etdiyi rəvayətdə: “Mehdi gələndə İsa (aleyhis salam) enəcək və elə görsənəcək ki, sanki onun saçından su tökülür. Mehdi ona deyəcək: “İrəli keç və insanlara namaz qıldır.” İsa (aleyhis salam) isə cavabında: “Namaza çağırış sənin üçün verilib!” və beləcə, o mənim övladlarımdan birinin arxasında namaz qılacaqdır.” (İbn Hacər əl Heysəmi “Səvaiq əl muhriqa və zandaqə” 2/475)

Nueym ibn Həmmad “Sünən”də (№1107), İbn əbu Şeybə “Müsənnəf”də (№37649) Muhəmməd ibn Sirinin belə dediyini nəql edirlər: “Mehdi bu ümmətdəndir və İsa ibn Məryəmə namaz qıldırandır.”

Bərzənci dedi: “Mehdinin əlamətlərindən biri onun İsa (aleyhis salam) ilə birləşməsi və İsa peyğəmbərin (aleyhis salam) onun arxasında namaz qılmasıdır.” (Əbu Əmmar Mahmud əl Misri “Rihlət ilə dar əl axirət” səh. 299)

İmam Muhəmməd ibn İsmail əl Buxari və İmam Muslim Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət edirlər ki, Peyğəmbər (sallallahu aleyhi va səlləm) buyurmuşdur: “Sizlərdən birinizin imam olduğu halda İsa ibn Məryəm aranızda zühur edtdikdə halınız necə olacaq?” (Buxari “Səhih” №3265; Muslim “Səhih” №155 – 244)

Molla əl ibn Sultan əl Qari əl Hənəfi bu hədisin şərhində yazır: “Yəni, İmam bizim dindən olacaqdır və deyilmişdir ki, imam Qureyşdən olan Mehdi olacaqdır.”

Həmçinin deyilmişdir ki, İsa (aleyhis salam) İmam olacaq, Quran və İncil ilə hökm edəcəkdir.”

18) İmam Əhməd “Musnəd”də (№22441) Səvbandan (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi va səlləm) buyurmuşdur: “Əgər siz Xorasan tərəfdən qara bayraqlar görsəniz, ora tərəf gedin və orada Allahın xəlifəsi Mehdini tapacaqsız.”

Şeyx Arnaut qeyd etdiyi kimi, rəvayətin sənədi zəifdir. Şeyx Albani rəvayəti “Daif əl cami”də (№506) zəif adlandırmışdır. Əl Mubarəkfuri “Tuhfətul əhvəzi”də (6/140) yazır: “Rəvayətin sənədində Şərik ibn Abdullah əl Qazi vardır ki, onun yaddaşı zəif idi və Əli ibn Zeyd ibn Cadən vardır ki, tənqid olunmuşdur.”

İbn Qeyyim əl Cəvziyyə yazır: “Əli ibn Zeyd ibn Cadən zəif ravi olaraq münkər rəvayətlər nəql edərdi.” (“əl mənarul munif fis səhih və daif” səh.95-96)

Hakim buna bənzər rəvayəti “Müstədrək”də (№8531) nəql etmiş və qeyd etmişdir ki, hədis iki şeyxin şərtlərinə görə səhihdir.

Zəhəbi yazır: “Sənəddə Əbdulvəhhab ibn Ata adlı ravi vardır. Onun haqqında alimlərin fərqli rəyləri vardır. Əhməd onun rəvayətlərinin dolaşıq, özünün isə zəif ravi olduğunu qeyd etmişdir.” (“Mizanul itidal” c.2, səh. 681, №5322)

19) İmam Əbu Nueym “Ərbain fi Mehdi”də (№18) Əbu Səid əl Xudridən (Allah ondan razı olsun) Peyğəmbərin (sallallahu aleyhi va səlləm) belə buyurduğunu rəvayət edir: “Mən sizə Mehdi barədə müjdə verirəm. O, mənim ümmətimə fitnələr və fəlakətlər zamanı göndəriləcəkdir. O, özündən öncə hər yerdə zülm və haqsızlıq olduğu halda, hər yerdə ədaləti və haqqı bərpa edəcəkdir. Göy və yer əhli ondan razı olacaqdır. Mal-dövləti insanlar arasında səxavətlə paylayacaqdır.”

Əl Heysəmi “Məcmau zəvaid”də (№12393) qeyd edir ki, ravilər siqadır. Şeyx Albani hədisi zəif hesab etmişdir. Rəvayəti həmçinin İmam Əhməd “Müsnəd”də (№11344) nəql etmişdir. Şeyx Arnaut qeyd edir ki, sənəd Əli ibn Bişr adlı məchul raviyə görə zəifdir.

20) İmam Əbu Nueym “Ərbain fi Mehdi”də (№31) Əbu Hureyradən (Allah ondan razı olsun) Peyğəmbərin (sallallahu aleyhi va səlləm) belə buyurduğunu rəvayət edir: “Qiyamət gününə bir gün qalmış olsa belə, Allah mənim ailəmdən olan bir şəxsi dünyaya göndərəcək və o əmir olacaqdır.”

Şeyx Albani hədisi həsən adlandırmışdır. İbn Hibban bu rəvayəti “Səhih” (№5953) kitabında Əbu Hureyradan (Allah ondan razı olsun) və İbn Məsuddan (Allah ondan razı olsun) rəvayət etmişdir.

21) İmam Əbu Nueym “Ərbain fi Mehdi”də (№32) Səvban (Allah ondan razı olsun) Peyğəmbərin (sallallahu aleyhi va səlləm) belə buyurduğunu rəvayət edir: “Sizin beytulmalın yanında hamısı xəlifə övladı olan üç nəfər öldürüləcəkdir və beytulmal onların heç birinə qismət olmayacaqdır. Sonra qara bayraqlar gələcək və o günə kimi heç kimin etmədiyi bir müharibə edəcəklər. Sonra Allahın xəlifəsi Mehdi gələcək. Onun haqqında eşitdiyiniz zaman onun yanına gedin və ona beyət edin. Çünki o Allahın xəlifəsi Mehdidir.”

Buna oxşar rəvayəti Hakim nəql etmiş və qeyd etmişdir ki, iki şeyxin şərtlərinə görə hədis səhihdir. İmam Zəhəbi də eyni rəyi “Mustədrək”də (№8432) qeyd etmişdir.

İmam Qurtubi “Təzkirat” kitabında rəvayəti İbn Macəyə istinadən nəql etmiş və qeyd etmişdir ki, sənəd səhihdir. Şeyx Albani hədisi “Zəif ibn Macə”də zəif adlandırmışdır.

22) İmam Əbu Nueym “Ərbain fi Mehdi”də (№36) Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi va səlləm) buyurmuşdur: “Qiyamət gününə bir gün qalmış olsa belə, Allah möhlət verəcəkdir ki, mənim ailəmdən olan şəxs ümmətə əmir olsun və o Konstantinapol və Deyləmi fəth edəcəkdir.”

Bu hədisi həmçinin İbn Macə “Sunən”də (№2779) nəql etmişdir.

İmam Qurtubi “Təzkirat” kitabında İbn Macənin sənədinin səhih olduğunu qeyd etmiş, Şeyx Albani isə hədisi “Zəif əl cami”də (№4846) zəif adlandırmışdır.

23) İmam Təbərani “Əl Kəbir”də Peyğəmbərin (sallallahu aleyhi va səlləm) belə buyurduğunu nəql edir: “Məndən sonra xəlifələr, xəlifələrdən sonra əmirlər, əmirlərdən sonra isə zalım hökmdarlar hökmranlıq edəcəklər. Sonra əhli beytimdən olan bir nəfər qalxacaq, özündən öncə hər yerdə zülm olduğu halda, hər yeri ədaləti bərpa edəcəkdir.”

Əl Heysəmi “Məcmau zəvaid”də (№8965) qeyd edir ki, sənəddə ona məlum olmayan ravilər vardır. Şeyx Əbdurrauf əl Munəvi də sənəddə məchul ravilərin olduğunu bildirmişdir. Şeyx Albani hədisi “Silsilə əd Daifə”də (№3722) zəif adlandırmışdır.

24) İmam Əbu Nueym “Ərbain fi Mehdi”də (№40) Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi va səlləm) buyurmuşdur: “Başında mənim, sonunda İsanın (aleyhis salam), ortasında isə Mehdinin olduğu ümmət məhv olmayacaqdır.”

Şeyx Albani hədisi “Silsilə əd Daifə”də (№2349) münkər adlandırmışdır.

25) İmam Əbu Adullah əl Hakim “Mustədrək”də (№8659) Muhəmməd ibnul Hənəfiyyədən rəvayət edir: “Biz bir nəfərin Əlidən (Allah ondan razı olsun) Mehdi barədə soruşduğu zaman onun yanında idik. İmam dedi: “Get, sonra əli ilə 7 ədəd barmağını qatlayaraq dedi: “O, axır zamanda çıxacaqdır. O dövrdə Allah-Allah deyən hər kəsi ölüm haqlayacaqdır. Allah Təala onun ətrafına dağınıq buludlar bir yerə tolandığı kimi dəstələri cəm edəcək və onların qəlblərini birləşdirəcəkdir. Onlar heç kəsdən qorxmayıb,insanlara bərabər gözlə baxacaqlar. Xəlifənin ətrafına Bədrdə döyüşən səhabələrin sayı qədər insan toplanacaqdır. Bu dəstə onlardan öncə heç kəsə verilməyən bir üstünlüyə sahib olacaqdır və onların sayı Talutla bərabər İordan çayını keçən səhəbələrinin sayı qədər olacaqdır.”

Əbu Tufeyl (ravi) dedi: “Muhəmməd ibnul Hənəfiyyə onu dinləyənlərə dedi: “Siz o dəstədən olmaq istəyirsiz?” Mən dedim: “bəli” Kəbənin iki sütununa işarə edən Muhəmməd ibnul Hənəfiyyə dedi: “Mehdi buradan çıxacaqdır.” Bundan sonra Əbu Tufeyl dedi: “Allaha and olsun! Mən buranı sağ olduğum müddətcə tərk etməyəcəyəm.”

Hakim dedi: “Rəvayət iki şeyxin şərtlərinə görə səhihdir. Zəhəbi də “Təlxis”də bununla razılaşmışdır.

26) İmam Əbu Yəla “Musnəd” (№6665) kitabında Bəşir ibn Nəhiqdən rəvayət edir ki, Əbu Hureyra (Allah ondan razı olsun) dedi: “Mənə sevimli dostum Əbul Qasim (sallallahu aleyhi va səlləm) buyurdu: “Əhli beytimdən haqqa boyun əymədikcə onlarla döyüşən bir şəxs gəlmədikcə qiyamət günü qopmaz.” Mən soruşdum: “O neçə müddət hökm edəcək?” O dedi: “beş və iki”.

Mən soruşdum: “bu nədir?” O buyurdu: “bilmirəm” (ehtimal var ki, sonuncu sual ravi tərəfindən Əbu Hureyrəyə verilmişdir).

Huseyn Suleym Əsəd qeyd edir ki, hədisin sənədi səhihdir. Əl Heysəmi “Məcmauz zəvaid”də (№12401) yazır: “Sənəddə Əbu Zuranın siqa, İbn Muinin isə zəif hesab etdikləri əl Muracə ibn Racə adlı ravi vardır. Digər ravilər isə siqadır.

27) İmam Təbərani “Əl Kəbir”də Auf ibn Malikdən Peyğəmbərin (sallallahu aleyhi va səlləm) belə buyurduğunu rəvayət edir: “Sonra tozlu və qara fitnə gələcəkdir. Fitnələr mənim ailəmdən Mehdi adlı şıxsin çıxacağı dövrə qədər bir-birini əvəz edəcəkdir. Əgər sən ona rastlasan, tabe ol.”

Əl Heysəmi “Məcmauz zəvaid”də (№12401) qeyd edir ki, sənəddə Əbdulhumeyd ibn İbrahim vardır ki, onu İbn Hibban siqa saymış, amma Nəsai və Əbu Hatim onu rəvayətlərdə “heç nə” adlandırmışlar.” (“Mizanul itidal” c.2, səh. 537, №4762)

Həmçinin sənəddə bir neçə ona məlum olmayan ravilər vardır.

28) Nueym ibn Həmmad “Fitən”də (№965) nəql edir ki, Əli (Allah ondan razı olsun) dedi: “Elə ki, carçı səmadan nida edəcək: “Haqq Muhəmmədin əhlindədir”. İnsanlar Mehdini çağırmağa və ona bağlanmağa başlayacaqlar.”

Rəvayət əslində Peyğəmbərə (sallallahu aleyhi va səlləm) istinad edilməlidir. Çünki burada gələcəkdən xəbər verilir.

Rəvayətin sənədi zəifdir. Sənəddə Abdullah ibn Luhey adlı zəif ravi vardır. Rəvayətin sonuncu hissəsi mətnin doğruluğu haqqında şübhə yaradır.

29) əl Musəddad “Musnəd”də tabein Əbul Cəld adı ilə tanınan Ceylan ibn Fərvanın belə dediyini nəql edir: “Bu ümmət onu idarə edən 12 xəlifə olmadığı müddətcə həlak olmayacaqdır. Onlar haqq din ilə hökm edəcəklər. Onlardan iki nəfər əhli beytdəndir. Biri 40, digəri isə 30 il yaşayacaqdır. Onlardan sonra isə onlardan olmayan xəlifələr olacaqdır.” (İbn Hacər “Mətalibul aliyyə” №4552)

Sənəddə olduqca zəif olan Əbu Bəkr Əbdurrahmən ibn Osman adlı ravi vardır.

30) İbn Əbu Şeybə “Musənnəf”də (№37640) Əbu Səid əl Xudridən (Allah ondan razı olsun) Peyğəmbərin (sallallahu aleyhi va səlləm) belə buyurduğunu nəql edir: “Axır zamanda hesabsız nemətlər paylayan xəlifə olacaqdır.”

31) İmam Əbu Əmr əd Dani “Sünən” (№578) kitabında Səlim ibn əbi Caddan (Allah ondan razı olsun) rəvayət edir: “Biz Həccə yollandıq və Abdullah ibn Əmr ibn əl Asa rast gəldik. O soruşdu: “Sən hardansan?” Mən dedim: “İraqdan”. O soruşdu: “Sən Kufədənsən?” Mən dedim: “bəli”. O dedi: “Onlar Mehdi sayəsində xoşbəxt olacaqlar.”

Əl Mubarəkfurinin qeyd etdiyinə görə sənəd həsəndir.

İbn Əbu Şeybə “Musənnəf”də (№32454), İbn Sad “Təbəqat”da (6/10) İbn Abi Caddan rəvayət edirlər ki, Abdullah ibn Əmr ona deyib: “İnsanlar arasında Mehdiyə görə ən çox bəxtəvər olanlar Kufəlilər olacaqdır.”

32) İmam Təbərani “Əl Saqir”də (№94) Əbu Əyyub əl Ənsaridən (Allah ondan razı olsun) Peyğəmbərinin (sallallahu aleyhi va səlləm) Fatiməyə (Allah ondan razı olsun) belə buyurduğunu rəvayət edir: “Sizin peyğəmbəriniz elçilərin ən üstünüdür və o sənin atandır. Bizim şəhidimiz də şəhidlərin ən üstünüdür və o sənin əmin Həmzədir. İki qanadı ilə cənnətdə uçan əmin oğlu Cəfər də bizlərdəndir. Bu ümmətin iki nəvəsi Həsən və Hüseyn də bizlərdəndir və onlar sənin övladlarındır və Mehdi də bizlərdən olacaqdır.”

Təbərani deyir: “Bunu Əmaşdan Qeysdən başqa heç kəs nəql etməyib və Hüseyn Əşkar bu nəqldə təkdir.”

Rəvayətin sənədi olduqca zəifdir.

Sənəd belədir: “Əhməd ibn Abbas əl Mərri əl Qantəri – Hərb ibn Həsən ət Təhan – Huseyn ibn Həsən əl Əşkar – Qeys ibn Rabiə - əl Əmaş – Ubeyyə ibn Rabiə - Əbu Əyyub.

Hərb ibn Həsən, ət Təhan əl Yəzdi tərəfindən tənqid olunub. Hüseyn ibn Həsən əl Əşkar haqqında “Muğni fi duafa” (№1515) kitabında yazılır: “Onu ibn Adiy tənqid edib və digərləri zəif sayıblar və o rafizi olub.”

Qeys ibn Rabiə. Zəif yaddaşı olan siqa ravidir. (“Muğni fi duafa”№5063)

Əl Əmaş Süleyman ibn Mihran siqa ravidir. Lakin o hədisdə tədlisə görə tanınır. Bu rəvayəti də o “muannən” formada nəql etmiş, yəni bunu özünün eşidib-eşitmədiyini bildirməmişdir.

“Ubeyyə ibn Rabiə- ifrat şiə olmuşdur.” (“Mizanul itidal” c.2, səh. 387, №4188)

33) Təbərani özünün “Musnəd əş Şamiin” (№937) kitabında Abdullah ibn Amrdan rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi va səlləm) buyurmuşdur: “Mehdi çıxacaq və onun başının üstündə mələk olacaq ki, nida edəcək: “Bu Mehdidir, ona tabe olun.”

İmam Zəhəbi yazır: “Bu rəvayətin sənədi olduqca zəifdir. Sənəddə İbrahim ibn Muhəmməd əl Ximsi vardır ki, o siqa olmamışdır.” (“Mizanul itidal” c.1, səh. 63, №199)

“Əbdulvəhhab ibn əd Dəhhaq. O,mətruk ravi olmuşdur. Onu yalanda Əbu Hatim ittiham etmişdir.” (“Təğrib” №4257)

Şeyx Albani “Silsilə əd Daifə” kitabında rəvayəti zəif adlandırmışdır.

34) Əbu Nueym “Ərbain fi Mehdi”də (№7) Abdullah ibn Amrdan (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi va səlləm) buyurmuşdur: “Mehdi Qaraət adlı kənddən çıxacaqdır.”

Rəvayətin sənədində yalançı ravi olan Əbdulvəhhab ibn əd Dəhhaq vardır.

35) Əbu Nueym “Ərbain fi Mehdi”də (№8) Huzeyfədən (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi va səlləm) buyurmuşdur: “Mehdi mənim övladlarımdan olan adamdır. Onun üzü parlayan ulduz kimidir.”

Şeyx Albani rəvayəti “Daif əl cami”də (№5948) uydurma adlandırmış, Zəhəbi də “Mizan”da uydurma olduğunu qeyd etmişdir.

“Ravi Suri ifrat şiə olub və Ravadədən nəqllər eşitməyib.” (“Mizanul itidal” c.3, səh. 449, №7114)

36) İbn Macə “Sunən”də (№4087), Hakim “Mustədrək”də Ənəs ibn Malikdən (Allah ondan razı olsun) Peyğəmbərin (sallallahu aleyhi va səlləm) belə buyurduğunu nəql etmişlər: “Biz Əbdulmutəllib oğulları cənnətdə ağalarıq: Mən və Həmzə, Əli, Cəfər, Həsən, Hüseyn, Mehdi.”

Heç bir şübhə yoxdur ki, Rasulullah (sallallahu aleyhi va səlləm) məxluqatın ən xeyirlisidir və Həsən, Hüseyn Cənnət ağalarındandırlar.

Lakin rəvayət Şeyx Albaninin (“Silsilə əd Daifə”№4688) qeyd etdiyi kimi uydurmadır. Sənəddə Əli ibn Ziyad əl Yəmami vardır ki, ”Zəvaid”də deyildiyi kimi onun siqa və münkər ravi olmasını təsdiq edən heç kəs bilinmir.

Şeyx Albani bildirir ki, daha doğrusu budur ki, bu Abdullah ibn Ziyad əl Yəmamidir. Onun haqqında Buxari deyir: “onun rəvayətləri münkərdir və o heç nədir”.

Bu rəvayəti başqa sənədlə Hatib “Tarix” kitabında və Deyləmi nəql etmişlər. Onların hər ikisi bu rəvayəti Əbu Nueym yolu ilə nəql etmişlər. Hatib rəvayətin sonunda deyir: “Bu rəvayət olduqca münkərdir və bu təsdiqlənməyib. Sənəddə bir neçə məchul ravi vardır.”

37) İmam Təbərani “Əl Ausat (№285), Bəzzar “Musnəd”, İbn Macə “Sunən”(№4088) kitablarında Abdullah ibn əl Haris ibn Cuz əz Zubeydidən rəvayət edirlər ki, Peyğəmbər (sallallahu aleyhi va səlləm) buyurmuşdur: “Şərqdən insanlar gələcəklər və Mehdinin çıxışına hazırlaşacaqlar.”

Şeyx Albani rəvayəti “Silsilə əd Daifə”də (№4826) zəif adlandırmışdır.

Əl Heysəmi yazır: “Sənəddə Amr ibn Cabir adlı yalançı ravi vardır. Amr ibn Cabir – Əbu Zura əl Hadrəmidir. Onun adı bütün sadalanan kitabların sənədində mövcuddur. Bununla yanaşı, sənəddə Abdullah ibn Luhey adlı zəif ravi vardır.” (“Məcmauz zəvaid”№12414)

38) İbn Macə “Sunən”də (№4046) Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi va səlləm) buyurmuşdur: “Fırat çayı qızıldan olan dağı aşkar etmədikcə qiyamət qopmaz. İnsanlar onun uğrunda vuruşacaqlar və hər 10 nəfərdən 9-u öləcək.”

Şeyx Albani rəvayətin “hər 10 nəfərdən 9-u öləcək” sözlərindən başqa həsən-səhih olduğunu qeyd etmişdir.

Muttəki əl Hindi bu rəvayəti Mehdi haqqında yazdığı kitabda nəql etmiş və əlavə etmişdir ki, bunu Təbərani də Ubeydən rəvayət etmişdir. Həmçinin oxşar rəvayəti İmam Muslim də “Səhih” kitabında nəql etmişdir.

39) Muttəki əl Hindi qeyd etdiyinə görə Əli (Allah ondan razı olsun) və Aişədən (Allah ondan razı olsun) rəvayət olunur ki, Peyğəmbər (sallallahu aleyhi va səlləm) buyurmuşdur: “Mehdi mənim soyumdan olan şəxsdir. Mən necə dinə görə döyüşürəmsə o da mənim sünnəmə görə döyüşəcəkdir.” (“əl Burhan fi əlamətil Mehdi” səh. 38)

Nueym ibn Həmmad rəvayəti “Fitən”də (№1092) Aişədən (Allah ondan razı olsun) nəql etmişdir ki, sənəddə məchul ravi vardır.”

40) Muttəki əl Hindi İbn Mandəyə istinad edərək, o da “Tarix İsfəhani”dən nəql edir ki, İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Mehdi bizim əhli beytdən olan gəncdir.” (“Əl Burhan fi əlamətil Mehdi” səh. 39)

Nueym ibn Həmmad rəvayəti “Fitən”də (№1086, 1087) nəql etmişdir.

41) Nueym ibn Həmmad “Fitən”də (№642) Vəliddən rəvayət edir ki, o demişdir: “Mənə demişlər ki, Kaab demişdir: “Mehdinin çıxmasından öncə şərqdən quyruqlu ulduz gələcəkdir.” Və o Şərik əl Qəazidən nəql edir ki, o demişdir: “Mənə demişlər ki, Mehdi çıxmamışdan öncə Ramazanda iki dəfə ay tutulması olacaqdır.”

Eyni yerdə (№957) Mətar əl Vərraq demişdir: “Mehdi açıq aşkar Allaha küfr edilmədikcə gəlməyəcəkdir.”

Muhəmməd ibn Sirindən (№958) eyni kitabda: “Hər 9 nəfərdən 7-i öldürülmədikcə Mehdi gəlməyəcəkdir.”

Zuhridən (№954): “İkinci Süfyaninin idarəçiliyi zamanı səmada əlamət görünəcəkdir və bu Mehdinin əlaməti sayılacaqdır.”

Əli ibn Əbu Talibdən (Allah ondan razı olsun) (№959): “Mehdi hər üç nəfərdən biri qətl edilmədikcə çıxmayacaqdır.” Sənəddə məchul ravi vardır.

Eyni yerdə (№962): “İnsanlar Mehdinin ətrafında 204-cü ildə toplanacaqlar. İbn Luheyyə dedi: “Ərəblərin deyil, əcəmilərin təqvimi ilə”.

İbn Həmmad (№966) nəql edir ki, Əli (Allah ondan razı olsun) demişdir: “Fitnə olacaqdır, sonra rəhbəri əhli beytimdən olan bir şəxsin camaat olacaqdır. Ona bənzər məxluq olmamışdır. O öldürüləcək və ya öləcək, sonra Mehdi gələcəkdir.” Sənəddə məchul ravi vardır.

İbn Həmmad (№951) İbn Abbasdan (Allah ondan razı olsun) rəvayət edir: “Mehdi, günəş açıq əlamətini göstərmədikcə çıxmayacaqdır.”

Qeyd etmək lazımdır ki, İbn Nueymin nəql etdiyi bütün bu rəvayətlər Mehdi barədə dolğun məlumatlar hesab edilə bilməz. Oxucunun şahidi olduğu kimi bütün bu xəbərlər Peyğəmbərə (sallallahu aleyhi va səlləm) istinad edilmir. Gələcək insan üçün qeyb olub və olacaqdır. Məhz buna görə də, Peyğəmbərin (sallallahu aleyhi va səlləm) buyurduqlarından başqa heç bir xəbər mötəbər hesab oluna bilməz. Lakin bunlar güman və nəzəriyyə kimi qəbul oluna bilər. İstisna olaraq səhabələrdən varid olan səhih xəbərlər qəbul edilir. Çünki onlar özlərindən gələcək barədə Peyğəmbərdən (sallallahu aleyhi va səlləm) eşitmədiklərini rəvayət etməzlər.


Yüklə 233,95 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə