Dövlət internet portalları necə olmalıdır



Yüklə 23,98 Kb.
tarix04.11.2017
ölçüsü23,98 Kb.
#8625

Dövlət internet portalları necə olmalıdır?
Elektron hökumətin (www.e-gov.az) yaradılması hökumət və dövlət institutlarının fəaliyyətlərinin təşkili prinsiplərini kökündən dəyişdirməyə imkan verir.

Əsas məqsədi dövlət strukturlarını informasiya-kommunikasiya texnologiyaları ilə təmin etməkdən ibarət olan Elektron hökumət konsepsiyası idarə aparatlarının işinin səmərəliliyini əhəmiyyətli dərəcədə yüksəltmək, onların fəaliyyətlərinə sərf olunan xərcləri maksimal surətdə azaltmaq, dövlət resurslarından istifadə olunmasında və onların idarə olunmasında şəffaflığın təmin olunması vasitəsidir. Lakin Elektron hökumətin yaradılmasında məqsəd təkcə dövlət idarəetmə orqanlarının işinin səmərəliliyini və məhsuldarlığını yüksəltmək deyil. Elektron hökumət həmçinin dövlət və əhali, dövlət və biznes qarşılıqlı əlaqə münasibətlərinin təkmilləşdirilməsi və intensivləşdirilməsi deməkdir.

Elektron hökumət konsepsiyası vətəndaş cəmiyyətinin əsaslarının möhkəmləndirilməsinə və demokratiyanın inkişaf etdirilməsinə xidmət edir. Vətəndaşların və biznes strukturlarının dövlət informasiyasına azad əlyetərliyi onların dövlətə və onun yeritdiyi siyasətə etibarını möhkəmlədir və dövlət təşkilatlarının fəaliyyətinə zəruri səviyyədə ictimai nəzarəti həyata keçirməyə imkan verir. Bu zaman vətəndaşlara və biznes strukturlarına müxtəlif məsələlərin həlli üçün göstərilən xidmətlərin dövlət orqanları tərəfindən elektron formada həyata keçirilməsi bu xidmətlərin keyfiyyətini də kifayət qədər yüksəldir. Elektron hökumət qarşısında qoyulan məqsədlərə nail olmaq üçün bu sahədə həm dövlət strukturlarının, həm də qeyri-dövlət təşkilatlarının cəhdlərinin aktivləşdirilməsi və konsolidasiya olunması zəruridir. Dövlət idarəetməsində informasiya-kommunikasiya texnologiyalarının tətbiq olunması birinci növbədə bu prosesin hüquqi tənzimlənməsini tələb edir. Dövlət idarəçiliyində informasiya-kommunikasiya texnologiyalarının əsas hüquqi məsələləri aşağıdakılardır:

• hər bir kəsin dövlət hakimiyyət və idarəetmə orqanlarının informasiya sistemlərindən və uyğun informasiya resurslarından azad informasiya əldə etmək hüquqlarının reallaşdırılması

• İnternet şəbəkəsi vasitəsilə həyata keçirilən dövlət iqtisadi fəaliyyətinin hüquqi təminatı (elektron ticarət, elektron sənəd dövriyyəsi, informasiya xidmətləri və s.)

• dövlət tərəfindən İKT-dən istifadə zamanı informasiya təhlükəsizliyinin təmin olunması

• informasiya-kommunikasiya sistemlərində dövr edən elektron sənədlərin əsilliliyini təsdiq vasitələrindən istifadə qaydalarının müəyyən edilməsi

• cəmiyyətin informasiyalaşdırılması sahəsində qanunvericiliyin təkmilləşdirilməsi (dövlət idarəçiliyində elektron texnologiyaların tətbiqinin üstünlüklərini məhz vətəndaşlar hiss etməlidirlər)

Dövlət quruculuğu xüsusiyyətlərindən, milli və mədəni ənənələrindən və həmçinin iqtisadi inkişaf səviyyəsindən asılı olmayaraq istənilən ölkədə əhaliyə, biznesə (müəssisələrə) və hakimiyyətin bütün qollarına (sahələrinə) göstərilən xidmətlərin ən iri təchizatçısı dövlətdir. Dövlət müəssisələri normativ aktların mənbəyi olub, vətəndaşların və təşkilatların hüquqlarını qoruyur, bir çox fəaliyyət növlərini lisensziyalaşdırır, məhdud təbii resursları bölüşdürür. Dövlət bir çox zəruri ictimai funksiyaları yerinə yetirir: şəxsiyyətin kimliyini təsdiq edir, əmlak və digər hüquqları təmin edir. Dövlət həmçinin özəl və dövlət müəssisələrinin məhsullarının və xidmətlərinin ən iri istehlakçısıdır. Təəccüblü deyil ki, dövlət əhali, müəssisə və digər dövlət orqanları ilə müasir cəmiyyətin istənilən digər subyektinə nisbətən daha çox qarşılıqlı əlaqədə olur. Bu mürəkkəb yolda səhvlərdən, vaxt itkisindən və konfliktli situasiyalardan tam yaxa qurtarmaq mümkün deyil. Lakin ictimai quruculuğun təkmilləşdirilməsi üçün ən böyük ehtiyatlar elə burada cəmlənib. Bu gün artıq qəbul olunub ki, həm dövlət müəssisəsinin işinin təşkili, həm də onun marağı olan vətəndaşlar və təşkilatlarla qarşılıqlı əlaqələrinin ən səmərəli üsulu informasiya portalının yaradılmasıdır. İnformasiya portalı yaxın zamanlarda, internetin inkişafı ilə əlaqədar meydana gəlməsinə baxmayaraq, ondan istifadə olunması artıq geniş yayılıb. İlk informasiya portalları hər hansı bir mövzu ilə maraqlanan istifadəçilərin internetə “vahid pəncərədən giriş” nöqtəsi hesab olunurdu. Portalların yaradıcıları mümkün qədər çox faydalı informasiya resurslarını toplayıb, onları kateqoriyalara bölməklə rahat və sistemli formada təqdim etməyə cəhd edirdilər. Zaman keçdikcə portallar konsepsiyası daha da inkişaf etmiş və dəqiqləşdirilib. Bu gün artıq portalların iki növünü bir-birindən fərqləndirirlər. Bunlar geniş istifadəçi dairəsi üçün nəzərdə tutulmuş internet-portallar və ayrı-ayrı müəssisələrin və ya bir neçə müəssisənin əməkdaşlarının işinin məhsuldarlığını yüksəltməyə yönəldilmiş internet-portallardır (və ya müəssisələrin informasiya portalları). Aydın məsələdir ki, bu növlərin hər birinin öz spesifikası var. Onların yaradılması üçün müxtəlif proqramlardan istifadə edirlər. İnternet-portallar xidməti vəzifələri, müraciət hüquqlarını, həll olunan məsələləri nəzərə almaqla əməkdaşların fərdiləşdirilmiş iş yerlərini yaratmağa imkan verir. Belə iş yerləri bütün zəruri olan daxili və xarici informasiya mənbələrinə dərhal müraciət etmək, tapşırıqlar almaq və vermək, onların icrasına nəzarət etmək, müşavirələr keçirmək və s. imkanlarına malik olur. Dövlət orqanlarında internet-portalların yaradılmasının ümumi məqsədləri aşağıdakılardır:

• cəmiyyət və dövlətin əməkdaşlığını möhkəmləndirmək

• iqtisadi və sosial inkişafa yardımçı olmaq

• dəyişən şəraitə uyğun olaraq operativ reaksiya vermək

• idarəetmə xərclərini optimallaşdırmaq

• idarəetmə orqanlarının kadr tərkibini inkişaf etdirmək

• təşəbbüskarlığı təşviq etmək

Aydındır ki, hər bir idarəetmə orqanında internet-portalı yaradıldıqda ümumi məqsədlərlə bərabər, konkret məqsədlər də ola bilər. Məsələn, nazirlik üçün qanunvericilikdə olan dəyişikliklər barədə yerlərdə olan qulluqçularla bərabər, bütün ölkə vətəndaşlarını da məlumatlandırmaq prioritetli məsələ kimi qoyula bilər. Yerli özünüidarəetmə orqanı üçün konkret təşəbbüslər-yeni tikintilər aparılması, nəqliyyat marşrutlarının dəyişdirilməsi və s. haqqında yerli sakinlərin fikirlərini öyrənmək maraqlı ola bilər. Bu kimi məsələlər portalın arxitekturasında və onun yaradılmasında istifadə olunan proqram təminatının tərkibində öz əksini tapa bilər. Bu zaman qoyulan məsələlərin daha tez, daha sadə və daha ucuz həll olunması portalın yaradılmasında xüsusi əhəmiyyət kəsb edir. Dövlət idarəçiliyində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi heç bir yeni əlavə strukturun və ya hakimiyyət vasitəsinin yaradılmasını tələb etmir. Lakin İKT dövlət quruculuğunun praktik məsələlərinə elə dərin sirayət edir və idarəetmə orqanlarının işini o dərəcədə optimallaşdırmağa imkan verir ki, cəmiyyət tərəfindən onun üzərinə qoyulmuş vəzifələrə məsuliyyətlə yanaşan hökumətin özü, sadəcə qismən “elektron” olmağa borcludur. Elektron hökumətin bərqərar olması dövlət xidmətlərinin internetdə peyda olması ilə başlayıb. Bu zaman sənədlərin kağız formasında göndərilməsi tədricən onların veb-səhifələrdə dərc olunması ilə əvəz olunur. Veb-səhifələrdə vətəndaşlar və digər təşkilatlar üçün dövlət qurumunun və onun rəsmi şəxslərinin iş rejimi, bu qurum haqqında normativ sənədlər və həmin sənədlərin şərh olunmasına aid böyük həcmli informasiya yerləşdirilir. Elektron hökumətin inkişafının ikinci mərhələsi informasiya mübadiləsinin elektron forma və prosedurları ilə başlayır. Bu prosedurlar veb-səhifəni vətəndaş və təşkilatlarla qarşılıqlı əlaqələrin əvvəllər yalnız uyğun idarələrə şəxsi səfər vasitəsilə həll olunan bir çox proseslərini internetə köçürməyə imkan verirlər. Bu mərhələdə istifadəçinin kimliyinin təsdiq olunması dövlət xidmətləri üçün vacib bir problemə çevrilir. Bu məqsədlər üçün parollardan, rəqəmli sertifikatlardan və smart-kartlardan istifadə olunur. Bu zaman veb-səhifələr, bir qayda olaraq, istifadəçilərin fərdiləşdirilməsi, audentifikasiyası, axtarışı və rubrikasiyası, əks əlaqə kimi vasitələrlə təmin olunaraq, müasir mənada internet-portalları əmələ gətirirlər. Üçüncü mərhələdə “informasiya iqtisadiyyatı” formalaşır, bu, o deməkdir ki, bir çox dövlət müəssisələrinin cəlb edildiyi ən mürəkkəb idarəetmə əməliyyatları elektron formada yerinə yetirilir. Bu zaman bank, istehsalat, sosial, təhsil, tibb və s. informasiya sistemlərinin bir-birilə ümumi dil tapması və insanlarla aydın və rahat şəkildə qarşılıqlı əlaqədə olması üçün XML adlanan informasiyanın xüsusi nişanlama dili tətbiq olunur. Hazırda bir çox inkişaf etmiş ölkələr elektron hökumətin ikinci mərhələsindən üçüncü mərhələsinə keçid dövrünü yaşayırlar.

Dövlət orqanlarının internet-portalları aşağıdakı məqsədlərə xidmət edirlər:

• Cəmiyyət və dövlətin əməkdaşlığının möhkəmləşdirilməsi

• İqtisadi və sosial inkişafa yardımçı olmaq

• İdarəetmə işlərinin səmərəliliyini artırmaq

• İdarəetmədə baş verən dəyişikliklərə operativ reaksiya vermək

• İdarəetməyə sərf olunan büdcə xərclərini optimallaşdırmaq

• İdarəetmə orqanlarının kadr tərkibini inkişaf etdirmək

• İdarəetmədə təşəbbüskarlığı təşviq etmək



İnternet-portalların yaradılması və onlardan istifadə olunmasında qarşıya qoyulan məqsədlərə çatmaq üçün bəzi təşkilati məsələlərin həll olunması vacibdir. Buraya informasiyanın əldə olunması və axtarışı, vətəndaş və təşkilatlarla dövlət orqanları arasında qarşılıqlı əlaqələr və dövlət orqanının vətəndaş və təşkilatlar üçün tədbirlər keçirməsi kimi məsələlər daxildir. Bütün bu məsələlərin həlli təkcə texnoloji aspekti deyil, həm də qanunvericilik, reqlament, metodik və təşkilati aspektləri əhatə edən kompleks yanaşma tələb edir. Bu baxımdan portalyaratmanın bir sıra xüsusiyyətlərini qeyd etmək olar. Belə ki, informasiya materiallarının hazırlanması, razılaşdırılması və dərc olunması prosesinə cəlb olunası əməkdaşların sayının çox böyük olduğuna görə onların qarşılıqlı əlaqələrinin düzgün təşkil olunmasına ciddi fikir vermək lazımdır. Portalın uğurla fəaliyyət göstərməsi üçün o həm daxili şəbəkənin xidməti informasiyasına, həm də açıq internet şəbəkəsinə əsaslanmalıdır. İnformasiya təhlükəsizliyinin təmin olunması şəbəkənin bağlı daxili seqmenti ilə açıq internet şəbəkəsi seqmentinin fiziki olaraq ayrılmasını tələb edir. İnformasiya materiallarının hazırlanması və dərc olunmasının reqlament proseslərinə yüzlərlə adamın cəlb olunması, onların hazırlanması, təlimi və prosesin müşayiəti ilə əlaqədar məsələləri ciddi işləyib hazırlamaq lazımdır. Bu işlər üçün yerin axtarılıb tapılması, istifadəçi qruplarının təlim qrafikinin razılaşdırılması, təlimi keçmək üçün materialların hazırlaması, yüzlərlə istifadəçini birbaşa öz iş yerlərində texniki dəstəkləmə və s. kimi məsələlər həm təşkilati, həm də resurs xarakterli həllər tələb edir. Dövlət internet-portalı Elektron hökumətin ilkin zəruri bir elementi hesab etmək olar. Elektron hökumət anlayışı 1990-cı illərin əvvəllərində əmələ gəlsə də, bu məsələnin praktik müstəviyə çıxması son illərdə baş verib. Elektron hökumətin yaradılmasına ilkin olaraq ABŞ-da və İngiltərədə başlanıb. Sonradan bu məsələ ilə İtaliyada, Norveçdə, Sinqapurda, Avstraliyada, Fransada, Almaniyada, Qatarda, Birləşmiş Ərəb Əmirliyində ciddi məşğul olmağa başlayıblar. Sinqapur informasiya texnologiyalarının tətbiqində qabaqcıl ölkələrdən biridir. 1999-cu ildə məhz Sinqapurda dünyada ilk dəfə olaraq “eCitizen Centre” adlanan iri hökumət portalı yaradılıb. İlk dəfə olaraq bu saytda istifadəçilər bu və ya digər hökumət təşkilatları haqqında nəinki informasiya ala bilər, həm də heç bir dövlət müəssisəsinə getmədən bir çox əməliyyatları yerinə yetirə bilərdilər.
Anar Miriyev
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Respublikada “Elektron hökumət”: mövcud vəziyyət, problemlər, perspektiv və gözləntilər” mövzusunda keçirdiyi müsabiqə üçün
Yüklə 23,98 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə