«Dövlət və Din». 2010.№2(16). S. 18-26. Naxçivanda elmiN İNKİŞafi: tariXİ ƏNƏNƏLƏr və MÜASİRLİK



Yüklə 246,04 Kb.
Pdf görüntüsü
tarix11.07.2018
ölçüsü246,04 Kb.
#55161


«Dövlət və Din».-2010.-№2(16).S.18-26.

NAXÇIVANDA ELMİN İNKİŞAFI: 

TARİXİ ƏNƏNƏLƏR VƏ MÜASİRLİK

İSMAYIL HACIYEV

, AMEA-nın həqiqi üzvü

Dünya  sivilizasiyasının  ilk  beşiklərindən  olan  Naxçıvan  diyarı  Şərqin  ticarət,  sənətkarlıq  və  mədəniyyət

mərkəzi  kimi  tanınmaqla  yanaşı,  həm  də  uzun  müddət  elm  mərkəzi  statusunu  qoruyub  saxlamışdır.  Orta  əsrlər

dövründə Naxçıvan diyarının görkəmli yetirmələri bütün sahələrdə olduğu kimi, elmi istiqamətlərdə də öz sözlərini

demiş,  sanballı araşdırmaları ilə  Azərbaycan  elmini  dünyaya  tanıtmışlar.  Tarixi  mənbələrdən  məlum  olur  ki,  XI

əsrin 60-cı illərində Yaxın Şərqin bir sıra ölkələrindən Naxçıvana çoxlu alim və mütəfəkkir toplaşmışdı.  Naxçıvan

hakimi Əbu Dülaf elm və mədəniyyət xadimlərinə xüsusi rəğbət bəsləmiş və onları saray ətrafında toplamışdı. Belə

bir vəziyyət Eldənizlər dövründə daha da genişlənmişdi. Eldənizlər ölkədə və o cümlədən, müəyyən vaxt dövlətin

mərkəzi olmuş Naxçıvanda elm və mədəniyyətin inkişafına dəstək göstərmişlər.

Ərəb  alimlərindən  Yaqut  Həməvi  özünün  «Mucəm  əl-buldan»  əsərində  Naxçıvan  şəhərindən  çoxlu  alim

yetişdiyini  və  onların  ən-Nəşəvi  nisbəsilə  məşhur  olduqlarını  göstərir.  X-XI  əsrlərdə  Naxçıvanda  Həddad

ən-Nəşəvi, Əbu Əbdullah ən-Nəşəvi, Əbu Abbas ən-Nəşəvi, Əhməd ən-Nəşəvi və s. bu kimi alim və mütəfəkkirlər

yaşayıb-yaratmışlar.  XI  əsrin  I  yarısında  yaşamış  Azərbaycan  filosofları  içərisində  naxçıvanlı  Əbu  Ömərin  adı

xüsusi  yer  tutur.  Naxçıvan  memarlıq  məktəbinin  banisi  Əcəmi  Naxçıvaninin  yaradıcılığında  elmi  prinsiplər

üstünlük  təşkil  etmiş, onun  ornament  kompozisiyaları bədiiliklə  riyazi  fikrin  vəhdətinə  əsaslanmışdır.  Bu  diyarın

başqa bir görkəmli yetirməsi, dahi alim, mütəfəkkir, ensiklopedist zəka sahibi olan Nəsirəddin Tusi elmi fəaliyyəti

ilə  dünyanı  heyrətləndirmiş,  Marağa  rəsədxanasını  təşkil  etməklə  dünya  elmi  və  mədəniyyəti  tarixində  mühüm

xidmət göstərmişdir. Nəsirəddin Tusinin övladları elm yolunu tutmuş, onun nəslindən olanlar isə Naxçıvanda elm,

ədəbiyyat və incəsənət sahəsində tanınmış mədəniyyət xadimlərindən olmuşlar. XIII-XIV əsr Naxçıvanı Şərqin elm

və  mədəniyyət  mərkəzlərindən  biri  olaraq  qalırdı.  Naxçıvanın  görkəmli  elm  və  mədəniyyət  xadimləri

Azərbaycanda, Hülakülər və Cəlairilər dövlətinin müxtəlif vilayətlərində və dünyanın bir çox ölkələrində tanınır, öz

elmi,  fəlsəfi,  tarixi  və  s.  əsərləri  ilə  məşhurlaşmışdılar.  Onların  arasında  münəccimlər,  filosoflar,  ilahiyyatçılar,

tarixçilər, dilçilər, qanunşünaslar (fəqihlər), riyaziyyatçılar, həkimlər və s. mütəfəkkirlər var idi (2, s.55). Müsəlman

Şərqində  tanınmış  alim,  filosof  və  mütəfəkkirlərdən  Nəcməddin  Naxçıvani,  Həsən  Naxçıvani,  Kamaləddin

Naxçıvani,  Qəvaməddin  Naxçıvani,  Fəxrəddin  Naxçıvani  və  başqalarının  elmi  fəaliyyəti  Naxçıvanda  elmin  və

mədəniyyətin yüksək inkişafından, naxçıvanlı alimlərin qazandıqları dünya şöhrətindən xəbər verir. Bəhs etdiyimiz

dövrdə Səncər Naxçıvaninin nəsli elmin inkişafında çox böyük tarixi xidmətlər göstərmişlər. Onun nəslindən olan

Nəsirəddin  Naxçıvani, Fəxrəddin  Naxçıvani, Hinduşah  Naxçıvani, İzzəddin  Naxçıvani, Məhəmməd  ibn  Hinduşah

Naxçıvaninin  əsərləri  və  elmi  fəaliyyətləri  dövrün  görkəmli  elm  adamları  və  mütəfəkkirləri  tərəfindən  yüksək

qiymətləndirilmişdir.  XV  əsrdə  yaşayıb yaratmış Baba  Nemətullah  Naxçıvani  Azərbaycan  fəlsəfi  və  ictimai  fikir

tarixində  özünəməxsus  yer  tutmuşdur.  O,  kamil  alim  kimi  tanınmış,  orta  əsr  sxolastik  nəqşibəndiyyə  təriqətinin

rəhbərlərindən biri olmuşdur (1, s.148).

XVII əsrdə bacarıqlı təbib kimi tanınmış, «təbiblərin rəisi» adı ilə şöhrət qazanmış İbrahim Zeynəddin, eyni

zamanda, fiqh elmi sahəsində ciddi tədqiqatları ilə seçilmişdir. Övliya Çələbi XVII əsrdə Naxçıvanda «gözəl alim

və şairlər» yaşadığını qeyd etmişdir.

Səfəvi-Osmanlı  müharibələri  həyatın  bütün  sahələrində  olduğu  kimi,  Naxçıvanda  elmin  inkişafına  da  öz

mənfi təsirini göstərmişdir. Azərbaycanın Rusiya tərəfindən ilhaq edilməsi də elmin inkişafını ləngitdi. Lakin XIX

əsrin  II  yarısından  başlayaraq  Azərbaycanda  kapitalist  münasibətlərinin  inkişafı ictimai-siyasi  və  mədəni  həyatın

inkişafına da müsbət təsir göstərdi.

XX  əsrin  20-ci  illərindən  Azərbaycan,  o  cümlədən  də  Naxçıvan  Muxtar  Respublikası  müasir  elmin  əksər

sahələrində  böyük  inkişaf  yoluna  qədəm  qoydu.  «Azərbaycanı  Tədqiq  və  Tətəbbö  Cəmiyyəti»nin  Naxçıvan

şöbəsinin  yaradılması  diyarın  zəngin  təbii  sərvətlərinin  aşkara  çıxarılmasında,  tarix,  elm  və  mədəni  irsin

öyrənilməsində  əhəmiyyətli  rol  oynadı.  Azərbaycan  Elmlər  Akademiyasının yaradılması Muxtar  Respublikada  da

elmin inkişafına  güclü təkan verdi. Muxtar Respublikada  elmi  idarələr,  o  cümlədən  Araz  kompleks  zona  Təcrübə

Stansiyası,  Naxçıvan  Elmi-Tədqiqat  Baytarlıq  Stansiyası,  Azərbaycan  Elmlər  Akademiyası  Naxçıvan  Regional

Elmi Mərkəzi, Elm və Texnika Mərkəzi, Batabat Rəsədxanası yaradıldı. 1972-ci ildə təşkil olunmuş Naxçıvan Elm

Mərkəzində fundamental elmin müxtəlif sahələri üzrə tədqiqatlar aparılmışdır. Burada Muxtar Respublikanın təbii

sərvətlərinin, tarix və mədəniyyət abidələrinin öyrənilməsi sahələrində səmərəli iş görülmüşdür (3, s.138).

Azərbaycanın  elmi  potensialına  Naxçıvan  diyarının  töhfəsi  böyükdür.  Ölkənin  elmi  idarə  və  ali  təhsil

müəssisələrində, habelə onun hüdudlarından kənarda Naxçıvan torpağının yetirməsi olan yüzlərlə alim çalışmış və

indi  də  çalışır.  Onların  apardıqları  elmi-tədqiqat  işləri,  yazdıqları  kitab  və  monoqrafiyalar,  hazırladıqları  elmi

kadrlar,  yaratdıqları  elmi  əlaqələr  Naxçıvanda,  bütövlükdə  Azərbaycanda  elmin  inkişafına  çox  böyük  təsir

göstərmişdir.

Keçən əsrin 90-cı illərinin əvvəllərində Naxçıvanın düşdüyü vəziyyət, kommunikasiya əlaqələrinin kəsilməsi,




diyarın erməni daşnakları tərəfindən blokadaya alınması elm və təhsilin inkişafına  mənfi təsir göstərmişdir. Lakin

1990-cı ilin iyul ayının 22-də Ulu Öndər Heydər Əliyevin Naxçıvana gəlməsi, burada yaşayıb fəaliyyət göstərməsi

ilk növbədə bölgənin ərazi taleyini həll etdi. Naxçıvanın çətin vəziyyətdə olmasına baxmayaraq, Ümummilli Lider

blokada  şəraitində  yaşayan  Muxtar  Respublika  sakinlərinin  problemləri  ilə  məşğul  olur,  elm  adamları,  ziyalılar,

təhsil işçiləri ilə mütəmadi görüşür, elmi konfranslarda iştirak edir, tövsiyə və tapşırıqlarını verirdi.

Heydər  Əliyev  1993-cü  ilin  yayında  yenidən  siyasi  hakimiyyətə  qayıdan  kimi  ölkənin  alimləri,  ziyalıları,

intellektual  elitası  ilə  görüşmüşdür.  Bu  görüş  Heydər  Əliyevin  ziyalıya,  elmə  diqqətinin  ifadəsi  idisə,  həm  də

respublikada elmi mühitin canlandırılmasına xidmət edirdi.

Respublikada  yaranmış  əlverişli  şəraitdən  istifadə  edən  Muxtar  Respublika  rəhbərliyi  Naxçıvanda  həyatın

bütün  sahələrində  olduğu  kimi,  elmi  mühitin  canlandırılması,  elmin  qarşısında  duran  vəzifələrin  dəqiq

müəyyənləşdirilməsi,  diyarın  hərtərəfli  öyrənilməsi  üçün  kadrların  hazırlanması,  elmi  istiqamətlərin  düzgün

müəyyənləşdirilməsi, araşdırmalarda milli mənafeyə xüsusi əhəmiyyət verilməsi və s. bu kimi vacib məsələləri önə

çəkdi. İlk növbədə Naxçıvanın hərtərəfli öyrənilməsi üçün ilkin mənbələrin üzə çıxarılmasını vacib bir vəzifə kimi

qarşıya  qoydu.  1996-cı ildə  «Uluslararası qaynaqlarda  Naxçıvan»  Beynəlxalq  simpoziumu  keçirildi.  Simpoziuma

bir sıra  ölkələrdən alimlər dəvət edildi. Beynəlxalq simpozium, burada müzakirə olunan məsələlər regionda elmin

yeni  inkişafına  təkan  verdi.  Azərbaycan  Respublikasının  Prezidenti  Heydər  Əliyevin  simpozium  iştirakçılarına

göndərdiyi  təbrik  məktubunda  deyilirdi:  «Öz  əlverişli  coğrafi  mövqeyi,  təkrarolunmaz  mədəniyyət  və  incəsənət

abidələri, istedadlı alim və ədibləri ilə seçilən bu diyar dünyanın bir çox tarixçi, səyyah və alimlərinin diqqətini cəlb

etmiş,  onların  əsərlərində  dərin  iz  qoymuş  və  özünəməxsus  yer  tutmuşdur.  Həmin  qaynaqların  araşdırılması,

onlarda  Naxçıvan  haqqında  qeyd  olunmuş  məlumatların  toplanıb  tədqiq  və  nəşr  olunması  Azərbaycan  tarixinin

obyektiv, elmi şəkildə işlənib hazırlanması üçün misilsiz əhəmiyyət daşıyır» (4, s.3).

«Uluslararası qaynaqlarda Naxçıvan» Beynəlxalq simpoziumunun mühüm elmi yekunu ondan ibarət oldu ki,

Naxçıvanın  yeni  istiqamətdə,  yeni  milli  ruhda  və  gerçək  mənbələr  əsasında,  milli  mənafe  əsas  götürülməklə  əsl

tarixinin  yaradılması vacibliyi  ortaya  qoyuldu  (5,  s.12).  Beynəlxalq  simpoziumların keçirilməsi  sonrakı illərdə  də

davam etdirildi. Burada müzakirə olunan məsələlər Naxçıvan tarixinin ayrı-ayrı problemlərinin həllinə yönəldilirdi

ki,  bu  da  Naxçıvan  tarixinin,  mədəniyyətinin  öyrənilməsinə,  ictimaiyyətə  çatdırılmasına,  materiallarının  çap

edilməsi  ilə  elmin  zənginləşdirilməsinə  yönəldilirdi.  1996-2009-cu  illərdə  Naxçıvan  tarixinin,  mədəniyyətinin,

toponimlərinin,  təbii  ehtiyatlarının,  biomüxtəlifliyinin  öyrənilməsinə,  azərbaycanlıların  soyqırımı  və  deportasiya

tarixinə həsr olunmuş 40-dan artıq beynəlxalq simpozium və konfranslar keçirilmişdir: «Naxçıvan: tarixi gerçəklik,

müasir  durum,  inkişaf  perspektivləri»,  «Nuh  peyğəmbər  (ə),  dünya  tufanı  və  Naxçıvan»,  «Naxçıvan  bu  gün:

islahatlar,  perspektivlər»,  «Naxçıvan  Muxtar  Respublikasının  təbii  ehtiyatları və  onlardan  daha  səmərəli  istifadə

yolları»  (2000,14-16.09),  «Nizamidən  Yunus  Əmrəyə,  Atatürkdən  Heydər  Əliyevə:  sevgi  və  dostluq  yolu»,

«Regionlarda elmi kadrların hazırlanmasının aktual problemləri» və s.

Tarixi elmi cəhətdən dərk etmək və bunun elmi şərhini ictimaiyyətə təqdim etmək üçün Naxçıvanın ən qədim

dövründən  başlayaraq  günümüzədək  keçdiyi  inkişaf  tarixi  hərtərəfli  araşdırılmalıdır.  Məlumdur  ki,  elm  öz-özünə

yaranmır.  O,  tədqiqatçılar  tərəfindən  yaradılır,  müəyyən  prinsipləri,  qanunauyğunluqları  özündə  ehtiva  edir.

Naxçıvanda yaradılan elmi mühit araşdırmaların obyektiv, milli yöndə aparılmasını tələb edir. Bu istiqamətdə də bir

sıra  sərəncamlar  verilmişdir:  «Ordubad  rayonundakı  Gəmiqaya  abidəsinin  tədqiq  olunması  barədə»  (2001,  26

aprel),  «Naxçıvan  Muxtar  Respublikası  ərazisindəki  tarix  və  mədəniyyət  abidələrinin  qorunması  və

pasportlaşdırılması  işinin  təşkili  haqqında»  (2005,  6  dekabr),  «Nuh  peyğəmbərin  (ə)  Naxçıvan  şəhərindəki

məzarüstü türbəsinin bərpa edilməsi haqqında» (2006, 28 iyun) və b.

Bu  və  digər  sərəncamlara  uyğun  olaraq  və  onlardan  irəli  gələn  vəzifələri  yerinə  yetirmək  üçün  Naxçıvanın

arxeologiyası, tarixi  abidələri,  mədəniyyəti,  təhsili,  fauna  və  flora  biomüxtəlifliyi,  təbii  sərvətləri,  folkloru,  ədəbi

mühiti, toponimləri 15 ilə yaxın bir müddətdir ki, tədqiq edilir. Həmin tədqiqatlar, əldə olunan nəticələr elmimizi

zənginləşdirir, tariximiz üçün qaranlıq olan məsələlərin üzərinə işıq salır. Keçən əsrin 70-ci illərindən başlanılsa da,

2001-ci ildən daha sistemli, yüksək səviyyəli mütəxəssislərin iştirakı ilə Gəmiqaya abidələri tədqiqata cəlb edilmiş,

onun tarixi dəqiqləşdirilmiş, mövcud təsvirlər qeydə alınmış, ərazi kompleks şəkildə öyrənilmişdir. Nuh peyğəmbər

(ə),  dünya  tufanı  və  bunun  Naxçıvanla  bağlılığı  əsaslandırılmış,  ayrıca  beynəlxalq  simpozium  keçirilmişdir.

Simpoziumdan  sonra  bütün  elmi  biliklər  dəqiqləşmiş,  bir  sıra  problemlər  milli  yöndə,  obyektiv  olaraq  izah

edilmişdir.  Naxçıvanda  gündəlik  diqqət  və  qayğı  sayəsində  elm  inkişaf  etmiş,  yeni  elmi  nəticələr  əldə  edilmiş,

tarixin  elmi  dərki  və  izahı  obyektiv  müddəalarla  zənginləşdirilmişdir:  Naxçıvanın  dünya  sivilizasiyasının  ilk

məskənlərindən  biri  olması;  «Naxçıvan»  sözünün  izahı;  Naxçıvan  şəhərinin  beş  minillik  tarixi  və  şəhər

mədəniyyətinin  formalaşması;  Naxçıvanın  yer  kürəsində  həyatın  başlandığı  ilk  mərkəzlərindən  biri  olması;

Gəmiqayanın kompleks öyrənilməsi və faktların dəqiqləşdirilməsi; ərazidəki yer adlarının və təsvirlərin izahı; Nuh

peyğəmbərin  (ə)  və  dünya  tufanının  Naxçıvanla  bağlılığı;  Naxçıvan  Muxtar  Respublikası  ərazisində  Nuh

peyğəmbərlə  (ə)  bağlı  çoxlu  coğrafi  adların  üstünlük  təşkil  etməsi;  Nuh  peyğəmbərin  (ə)  məzarüstü  türbəsinin

Naxçıvan şəhərində olması; Mifologiyada və folklor materiallarında Nuh peyğəmbər  (ə)  və  dünya  tufanı ilə  bağlı

süjetlərin yer alması; Naxçıvan tarixində Qala şəhərlərin mövcud olması və əhəmiyyəti; Mixi yazıların toplanması

və  onların  tarixi  faktların  dəqiqləşdirilməsində  rolu;  «Naxçıvan  oğuztürk  yurdudur»  fikrinin  elmi  arqumentlərlə

təsdiqi; Naxçıvanın Azərbaycanın milli dövlətçilik tarixində yeri və s.




Son illərdə Naxçıvanda elmi mühitin canlandırılması, bu istiqamətdə dövlət səviyyəsində müəyyən tədbirlərin

həyata keçirilməsi böyük əhəmiyyətə malik olmuşdur. Məlumdur ki, Naxçıvan ərazisi tarix və mədəniyyət abidələri

ilə  zəngin  diyardır.  Daş  dövründən  başlamış  günümüzədək  bu  ərazidə  yaşamış  insanlar  diyarı  abidələrlə

zənginləşdirmişlər. Təsadüfi deyildir ki, Ulu Öndər Heydər Əliyev bununla əlaqədar demişdir: «Naxçıvan ərazisini

götürsək, bu kiçik ərazidə həddindən çox dünya  miqyaslı tarixi  memarlıq abidələri  yaşayıb və  bu  gün  də  yaşayır.

Onların  hər  biri  Azərbaycan  xalqının  həm  tarixini,  həm  mədəniyyətini,  həm  də  adət-ənənələrini  göstərən

abidələrdir...»

Naxçıvan Muxtar Respublikası ərazisində mövcud tarixi və memarlıq abidələri həm qorunur, həm də tədqiq

edilir. Naxçıvan ərazisində 1173 abidə qeydə alınmış, pasportlaşdırılmışdır. Həmin abidələr elmi cəhətdən öyrənilir

və  maraqlı  kitablar,  monoqrafiyalar  yazılır.  Arxeoloji,  tarixi  abidələr  öyrənildikcə,  həm  də  diyarın  tarixi,  şəhər

mədəniyyəti haqqında yeni elmi məlumatlar əldə olunur. Artıq son illərin elmi məlumatları Naxçıvan şəhərinin yaşı,

şəhər mədəniyyətinin formalaşması barədə yeni elmi fikirlər irəli sürməyə, onu əsaslandırmağa imkan verir. Tarixi

elmi  cəhətdən  izah  etmək  üçün  tutarlı  faktlar  olmalıdır.  Artıq  yeni  elmi  araşdırmalarda  belə  faktlar  ortaya

çıxmaqdadır.

Naxçıvanda  elmin  inkişafında  bir  sıra  tarixi  bayramların,  hadisələrin  qeyd  olunması,  bunlarla  bağlı

araşdırmaların  aparılması çox  vacib  və  əhəmiyyətli  rol  oynayır.  Bu  cəhətdən,  Naxçıvan  Muxtar  Respublikasının

təşkili, onun 75, 80, 85 illik yubileylərinin keçirilməsi də Muxtar Respublikanın ictimai-siyasi həyatında çox böyük

əhəmiyyətli məsələlərdəndir. Bu tədbirlərin bəziləri  ölkə miqyasında  qeyd edilmiş, elmi  konfranslar,  rəsmi  dövlət

tədbirləri  keçirilmiş,  ictimai  və  mədəni  həyata  müsbət  təsir  göstərmiş  və  bunlarla  bağlı  kitab  və  monoqrafiyalar

yazılmış,  məqalələrdən  ibarət  toplular  çap  olunmuşdur.  Bütün  bunlar  müəyyən  elmi  araşdırmalar  tələb  etmiş,

nəticədə  elmin  inkişafı  artmış,  tarixi  hadisələrin  elmi  dərki  asanlaşmış,  geniş  ictimaiyyət  isə  dürüst  və  dolğun

məlumatlar  əldə  etmişlər.  Ümummilli  Lider  Heydər  Əliyevin,  Azərbaycan  Respublikasının  Prezidenti  İlham

Əliyevin  Naxçıvan  Muxtar  Respublikasının  yubiley  şənliklərində  iştirak  etmək  üçün  buraya  gəlmələri,  yubiley

tədbirlərində  iştirak  və  çıxış  etmələri  hər  cəhətdən  əhəmiyyətli  amilə  çevrilmiş,  elm  adamları qarşısında  konkret

vəzifələr qoymuşdur. Bu sözləri başqa yubiley tədbirləri ilə əlaqədar söyləmək olar. Naxçıvan Muxtar Respublikası

Həmkarlar Təşkilatının 40 illik, Babək rayonunun yaradılmasının 30 illik, Naxçıvan Dövlət Universitetinin 30 və 40

illik  yubileylərinin  keçirilməsi  də  həmin  təşkilatlar,  ali  təhsil  müəssisəsi  haqqında  elmi  məlumatların

dəqiqləşdirilməsini tələb etməklə yanaşı, onlarla bağlı kitab və illüstrativ materialların çapına da şərait yaradır. Bu

tədbirlər, yubileylər Muxtar Respublikada yüksək səviyyədə hazırlanmış və həyata keçirilmişdir.

Naxçıvanda  elmin  inkişafında  və  formalaşmasında  elmi  kadrların  böyük  rolu  vardır.  Muxtar  Respublikada

elmi  kadrlar,  əsasən,  elm  və  tədris  müəssisələrində  fəaliyyət  göstərirlər.  Onlar  tədris  prosesi  ilə  yanaşı, müəyyən

elmi  araşdırmalar  aparır,  öz  elmi  potensiallarının  artırılması  qayğısına  qalır,  namizədlik  və  doktorluq

dissertasiyaları  müdafiə  edərək  elmi  dərəcələr  və  adlar  alırlar.  Naxçıvan  Dövlət  Universitetinin,  AMEA-nın

Naxçıvan bölməsinin, Naxçıvan Müəllimlər İnstitutunun, Naxçıvan Özəl Universitetinin, lisey və kolleclərin olması

da tədqiqatçı alimlərin bu müəssisələrdə işləmələrinə şərait yaradır. Elmi işçilər, təhsil müəssisələrinin əməkdaşları

son 15 ildə hər cür diqqət və qayğı ilə əhatə olunmuş və bunu öz həyat və fəaliyyətlərində hiss etmişlər. 1995-ci illə

2009-cu illər arasındakı inkişaf bu istiqamətdə müqayisə edilərsə, fərq çox kəskin şəkildə ortaya çıxar. 1995-ci ildə

ancaq bir dövlət və bir özəl təhsil müəssisəsi olduğu halda, sonrakı illərdə həmin təhsil müəssisələri sırasına yenisi

əlavə  olunmuş  və  həm  də  Akademiyanın  Naxçıvan  bölməsi,  6  ixtisas  üzrə  Dissertasiya  Şurası,  elmi  jurnallar,

nəşriyyatlar yaradılmışdır. Bunlar elmi potensialın artmasına kömək etdiyi kimi, elmin də inkişaf səviyyəsinə əsaslı

təsir  göstərmişdir.  Təbii  ki,  dövlət  qayğısı  və  dəstəyi  olmasaydı,  bunlar  mümkün  ola  bilməzdi.  1995-ci  ildə

Naxçıvan Muxtar Respublikasında 116 elmlər namizədi, 5 elmlər doktoru olduğu halda, indi bunların sayı müvafiq

olaraq 164 və 28 nəfərə çatmış, üstəlik 2 akademik, 5 nəfər isə müxbir üzv seçilmişdir. Son illərdə hər il Muxtar

Respublikada fəaliyyət göstərən aspirant, dissertant və doktorantlardan 2025-i dissertasiya müdafiə edirlər.

Elmi kadrların sayı və səviyyəsi, elmi potensialı artdıqca, onların faydalı iş  əmsalı artır, yazdıqları kitab  və

monoqrafiyaların  həm  kəmiyyəti,  həm  də  keyfiyyəti  yüksəlir.  Elmi  potensialın  səviyyəsinin  artması  bir  sıra

ümumiləşdirici əsərlərin yazılmasına imkan verir. Son 15 ildə Naxçıvan Muxtar Respublikasında  alınan  patentlər,

nəşr  edilən  kitab  və  monoqrafiyalar,  ümumiləşdirici  əsərlər,  ensiklopediyalar,  konfrans  materialları,  məqalələr

topluları  bütövlükdə  XX  əsrdə  çap  olunan  nəşrlərdən  on  dəfələrlə  çoxdur.  Həm  də  bu  əsərlərdə  Naxçıvanda

aparılan elmi araşdırmaların ən son nailiyyətləri, məlumatları və ümumiləşdirici fikirləri öz əksini tapmışdır. Bir və

iki  cildlik  Naxçıvan  ensiklopediyası, Naxçıvan:  tarixi  və  abidələri,  Naxçıvan  abidələri  ensiklopediyası, Naxçıvan

Muxtar Respublikasının Qırmızı kitabı (1-ci və 2-ci cild), Naxçıvanın tarixi atlası, Naxçıvanın folklor antologiyası

kimi ümumiləşdirici əsərlər Naxçıvanda elmin inkişafının mühüm göstəricisi kimi qiymətləndirilə bilər. Naxçıvanlı

alimlərdən  İsa  Həbibbəylinin,  İsmayıl  Hacıyevin,  Əbülfəz  Quliyevin,  Vəli  Baxşəliyevin,  QadirQədirzadənin,

Hacıfəxrəddin  Səfərlinin,  Vəli  Hüseynovun,  Məmməd  Rzayevin,  Yavuz  Axundlunun,  Tariyel  Talıbovun,  Hüseyn

Həşimlinin,  Əliyar  İbrahimovun,  Bayram  Rzayevin,  Asif  Şirəliyevin,  Əsgər  Qədimovun  və  onlarla  başqalarının

elmi  fəaliyyətləri,  apardığı  araşdırmalar  və  nəşr  etdikləri  kitab  və  monoqrafiyalar,  bunlardakı  elmi  yeniliklər

Naxçıvanda  elm  sahəsində  əldə  olunan  mühüm  uğurlar  kimi  dəyərləndirilə  bilər.  Bütün  bunlar  isə  Azərbaycan

elmini zənginləşdirir və onun nüfuzunu artırır.

Ümumiyyətlə, son 1 ildə Naxçıvan Muxtar Respublikasının hərtərəfli inkişafı həyatın bütün sahələrini əhatə




etdiyi kimi, elm sahəsindən də yan keçməmişdir. Dövlətin yüksək diqqət və qayğısı ilə əhatə olunan elm adamları

elmi fəaliyyətləri, apardıqları elmi tədqiqat işləri və əldə etdikləri elmi yeniliklər ilə Naxçıvanda elmin inkişafına,

tarixin bütün mərhələlərinin elmi dərkinə və son nəticədə cəmiyyətin inkişafına səbəb olmuşdur.

Naxçıvanda elmin inkişafı aşağıdakı göstəricilər ilə diqqəti cəlb edir:

1.  Aparılan  araşdırmalar,  əldə  olunan  uğurlar  ölkə  Prezidentinin,  Naxçıvan  MR  Ali  Məclisi  sədrinin  bu

sahəyə göstərdikləri diqqət və qayğının sayəsində mümkün olur;

2.  Naxçıvan  MR  Ali  Məclisi  sədrinin  elmin,  təhsilin,  tarix  və  mədəniyyətin  inkişafı  ilə  bağlı  verdiyi



sərəncamlar bu sahələrin inkişafı üçün zəmin yaratmış, elm adamlarını bu sahələrə istiqamətləndirmişdir;

3. Naxçıvanda elmin inkişafı tarixi ənənələrə əsaslanır, əldə olunmuş uğurlar bu əsasda inkişaf edir;

4.  Beynəlxalq  səviyyəli  simpozium  və  konfranslar,  burada  müzakirə  olunan  məsələlər  elmi  əlaqələrin

genişlənməsinə, elmi məlumatların dəqiqləşməsinə və inkişafına şərait yaradır;

5. Elm sahəsində əldə olunan uğurlar, qazanılan nailiyyətlər tarixin

elmi səviyyədə dərk olunmasına və cəmiyyətə çatdırılmasına imkan verir;

6. Aparılan araşdırmalar bir sıra tarixi faktların və hadisələrin dəqiqləşdirilməsinə, yeni elmi izahına imkan

verməklə yanaşı, ciddi elmi əsərlərin yazılmasını mümkün edir.

Beləliklə,  aydın  olur  ki,  Naxçıvanda  elmin  inkişafı  tarixi  ənənələrə  əsaslansa  da,  1995-2010-cu  illərdə  bu

sahədə əsaslı işlər görülmüş, elmi  mühit  canlandırılmış, yüksək ixtisaslı elmi  kadrlar  hazırlanmış, onların əsərləri

isə Azərbaycan elmini zənginləşdirmişdir.



ƏDƏBİYYAT

1. Məmmədov R. Naxçıvan şəhərinin tarixi oçerki. Bakı, «Elm», 1977, s. 160.

2. Piriyev V. Naxçıvan tarixindən səhifələr. Bakı, «Müəllim», 2004, s. 125.

3. Naxçıvan ensiklopediyası. İki cilddə, c. 2, Bakı, 2005, s. 381.

4.  Naxçıvan  tarixinin  səhifələri  («Uluslararası  qaynaqlarda  Naxçıvan»  Beynəlxalq  simpoziumun

materialları). Bakı, ADPU-nun mətbəəsi, 1996, s. 223.

5.  Naxçıvan:  tarixi  gerçəklik,  müasir  durum,  inkişaf  perspektivləri  (9-10  iyun  2006-cı  ildə  keçirilmiş

Beynəlxalq simpoziumun materialları). Bakı, «Təhsil», 2006, s. 504.

6.  Naxçıvan  bu  gün:  islahatlar,  perspektivlər  (5-6  oktyabr  2007-ci  ildə  keçirilmiş  Beynəlxalq  simpoziumun

materialları). Bakı, «Nurlan», 2008, s. 548.

7.  Milli  Elmlər  Akademiyası  bizim  milli  sərvətimizdir  -  onu  qoruyub  saxlamalıyıq.  «Elm»  qəzetinin  xüsusi

buraxılışı. Bakı, «Elm», 2003, s. 288.

РЕЗЮМЕ

Развитие науки в Нахчыване: исторические традиции и современность

В  статье  прослежены  исторические  периоды  развития  науки  в  Нахчыване,  рассматривается

творческая деятельность ученых, живших в этой стране в средние века.

Из  проведенных  исследований  становится  ясно,  что  стратегический  курс,  определенный

общенациональным  лидером  Гейдаром  Алиевым,  целенаправленно  продолжен  Президентом  страны

Ильхамом  Алиевым  и  это  привело  к  прогрессивным  изменениям  в  социально-экономическом  развитии,

науке и культуре как Нахчыванской АР, так и всего Азербайджана.

SUMMARY

Development of science in Nakhchivan: historical traditions and the present

In the paper the historical periods of development of science in Nakhchivan are followed, creative activities

of the scientists living in this country in the Middle Ages are considered.

From  the  carried  out  researches  it  becomes  clear,  that  the  strategic  direction  determined  by  the  national

leader  Heydar  Aliyev  is  continued  purposefully  by  the  President  of  the  country  llham  Aliyev  and  it  has  caused

progressive changes in social and economic development, science and culture of Nakhchivan AR and Azerbaijan.

Yüklə 246,04 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə