«Dövlət və Din». 2011.№3(23). S. 16-23. NƏSİRƏDDİn tusiNİn fəLSƏFİ MƏKTƏBİ haqqinda aytək məMMƏdova



Yüklə 188,88 Kb.
Pdf görüntüsü
tarix11.07.2018
ölçüsü188,88 Kb.
#55157


«Dövlət və Din».-2011.-№3(23).-S.16-23.

NƏSİRƏDDİN TUSİNİN FƏLSƏFİ MƏKTƏBİ HAQQINDA

AYTƏK MƏMMƏDOVA,

AMEA-nın  Fəlsəfə,  Sosiologiya  və  Hüquq  İnstitutunun  Dinşünaslıq  və  mədəniyyətin  fəlsəfi  problemləri

şöbəsinin böyük elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, a.z.m-9-9@mail.ru

Açar sözlər: Nəsirəddin Tusi, din, fəlsəfə.

Ключевые слова: Насираддин Туси, религия, философия.

Key words: Nasir ad-Din Tusi, religion, philosophy.

Ensiklopedik alim Nəsirəddin Məhəmməd Tusi (1201-1274) dünya elm və fəlsəfəsinin zənginləşdirilməsində

mühüm  xidmətləri  olan  böyük  şəxsiyyətdir.  Onun  başçılığı  ilə  1259-cu  ildə  Marağa  şəhərində  inşa  edilmiş

rəsədxana təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqi ölkələrində böyük elmi-mədəni hadisə idi.

Marağa  rəsədxanasında  aparılan  elmi  tədqiqatların  sonrakı əsrlərdə  elmin  inkişafına  böyük  təkan  verdiyini

bildirən  professor  Həbibulla  Məmmədbəyli  burada  tədqiq  olunan  çox  dəyərli  elmi  işlərdən  biri  kimi  coğrafi

koordinatlar  cədvəlinin  tərtib  edilməsini  vurğulamışdır:  "Zic  Elxani"də  256  şəhərin  coğrafi  enlik  və  uzunluq

koordinatları  verilmişdir.  Bu  cədvəl  XIII  əsrdə  Azərbaycan  alimlərinin  coğrafi  biliklərinin  yüksək  səviyyədə

olduğunu  göstərir.  Cədvəlin  coğrafiya  elminin  inkişafında  böyük  və  Amerikanın  kəşfində  isə  müəyyən  dərəcədə

əhəmiyyəti olmuşdur (1, 98).

Rəsədxanada  çalışan  alimlər  astronomik  müşahidələr  aparmaqla,  rəsədxana  işlərində  çalışmaqla  yanaşı,

bütün  elm  sahələrində  dərin  tədqiqatlarla  da  məşğul  idilər.  AMEA-nın müxbir  üzvü  Zakir  Məmmədov  bu  barədə

yazmışdır ki, 1266-cı ildə Nəsirəddin Tusinin yanına gəlib, Marağa rəsədxanasında işləyən azərbaycanlı mühəndis

Kəriməddin Əbubəkr Mahmud oğlu Salmasi kağızdan alınan qarışıqdan alətlər və cihazlar düzəldirmiş (2, 187).

Zakir Məmmədov mənbələr əsasında sübut etmişdir ki, Kəriməddin Salmasi rəsədxanada Yer kürəsi modelini

hazırlamış, onun üzərində iqlimlərin təsvirini vermişdir. Əlbəttə,  bu  coğrafi qlobus  idi.  Halbuki  elm  aləmində  elə

hesab edirlər ki,  ilk  coğrafi qlobusu  alman  coğrafiyaşünası və  səyyahı Martin  Böhaym  (1459-1507)  hazırlamışdır

(2, 187).

Müəllimlik  fəaliyyətinə  görə  də  məşhurlaşan  Nəsirəddin  Tusi  Marağa  rəsədxanasının  nəzdində  təsis  etdiyi

məktəbdə burada çalışan alimlərin əksəriyyətinə dərs demişdir. Nəcməddin Qəzvini (1203-1277), Qütbəddin Şirazi

(1236-1311), Əllamə Hilli adıyla məşhur olan Həsən ibn Yusif ibn Əli ibn Mutəhhir Hilli (1250-1326) və başqaları

bu  məktəbin  nümayəndələridir.  Yaradıcılığı  ensiklopedik  səciyyə  daşıyan  həmin  şəxsiyyətlər  riyaziyyat,

təbiətşünaslıq, tibb və başqa dəqiq elmlər üzrə daha çox məşhur olmalarına baxmayaraq, fəlsəfənin nəzəri və əməli

hissələrinə dair də qiymətli traktatlar yazmışlar.

Nəsirəddin  Tusinin  şagirdi  olan  İbn  Kəmmunə  İsraili  (...-1284)  Marağada  ondan  təhsil  almış,  müəlliminin

yaradıcılıq yolunu davam etdirmişdir.

Zakir  Məmmədov  XII  əsrdə  dünyaşöhrətli  Azərbaycan  filosofu  Şihabəddin  Yəhya  Sührəvərdinin  yaratdığı

işraqilik  fəlsəfi  təliminin  Nəsirəddin  Tusiyə  və  onun  şagirdlərinin  yaradıcılığına  böyük  təsir  göstərdiyini  qeyd

edərkən  yazır  ki,  Marağa  rəsədxanasında  çalışan  alimlər- dən  bir  çoxu  işraqi  filosofun  kitablarını tədris  və  təbliğ

etməklə  kifayətlənməmiş,  onlara  dəyərli  şərhlər  yazmışlar.  Səd  ibn  Mənsur  ibn  Kəmmunə  İsrailinin  Şihabəddin

Sührəvərdinin "Lövhi və ərşi Qeydlər" kitabına yazdığı şərh də "Düzəlişlər" adlanır (3, 199).

Zakir  Məmmədov  Şihabəddin  Sührəvərdinin  əsərlərinin,  xüsusən  onun  işraqilik  fəlsəfəsinin  Nəsirəddin

Tusinin digər istedadlı şagirdi Qütbəddin Şirazi tərəfindən müfəssəl araşdırıldığını bildirmişdir. İşraqi ədəbiyyatının

şah əsəri "İşraq fəlsəfəsi" ("Hikmət əl-işraq") kitabına Qütbəddin Şirazinin yazdığı şərh xüsusilə qiymətlidir. İranın

müxtəlif kitabxanalarında ayrı-ayrı vaxtlarda üzü köçürülmüş məlum yeddi əlyazma nüsxəsi saxlanılan həmin şərh

orijinalı ilə birlikdə 1898-ci (1315) ildə Tehranda çapdan çıxmışdır.  Cəlaləddin Əbdürrəhman Süyuti (1445-1505)

Qütbəddin Şirazinin əsərləri sırasında "Sührəvərdinin sirlər kitabının  şərhi"  ("Şərh  kitab  əl-əsrar  li-s-Sührəvardi")

traktatının da adını çəkmişdir. 1295-ci ildə tamamlanmış və öz müəllifinə şöhrət qazandırmış bu şərhə Seyid Şərif

Cürcani  (1339-1413),  Mövlana  Əbdülkərim  (...-1495),  Nəcməddin  Hacı  Mahmud  Təbrizi,  Sədrəddin  Şirazi

(...-1640), Molla Hadi Səbzəvari (1798-1878) kimi filosoflar haşiyələr qələmə almışlar (3, 199-200).

Nəsirəddin Tusinin fəlsəfi məktəbinin nümayəndələrindən Nəcməddin Qəzvini (1203-1277) böyük astronom,

təbiətşünas filosof, məntiqçi alim kimi məşhurdur. Filosofun ləqəbi Nəcməddin (Dinin ulduzu), adı Əli, atasının adı

Ömər,  babasının  adı  Əlidir.  Əbülhəsən  künyəsi  isə  onun  adının  əvəzedicisidir.  Qəzvin  şəhərindən  olduğu  üçün

Qəzvini nisbəsini daşımışdır.  Mütəfəkkir elmi  əsərlərin  üzünü  köçürən  "mirzə"  sözünü  ifadə  edən  Dəbirani  və  ya

Katibi kimi də tanınmışdır. Mənbələrdə o, "ən böyük alim" ("Əllamə") adı ilə yad edilmişdir (5, 162-163).

Nəsirəddin Tusinin dəvəti ilə Marağaya gələn Nəcməddin Qəzvini rəsədxanada çalışan ilk dörd astronomdan

biri  olmuşdur.  O,  mənbələrdə  Nəsirəddin  Tusinin  şagirdi  kimi  təqdim  edilməsinə  baxmayaraq,  Marağaya

gəlməmişdən  əvvəl  də  alim  kimi  tanınmışdır.  Nəsirəddin  Tusinin  "Elxani  astronomik  cədvəl"  ("Zic  əl-elxani")

traktatından da məlum olur ki, alim 1259-cu ildə adlı-sanlı mütəxəssis imiş.



Nəcməddin  Qəzvini  elmlə  məşğul  olmaqla  bərabər,  müəllim  kimi  də  fəaliyyət  göstərmişdir.  Ensiklopedik

alim Qütbəddin Mahmud Şirazi və Əllamə Hilli Nəsirəddin Tusi ilə yanaşı, onun da məşhur şagirdlərindəndir.

Nəcməddin  Qəzvini  fəlsəfə  tarixində  daha  çox  məntiq  alimi  kimi  məşhur  olmuşdur.  Təsadüfi  deyildir  ki,

Nəsirəddin Tusinin şagirdi İbn əl-İbri (1226-1286) onu "ən böyük məntiq alimi" adlandırmışdır(5, 163).

Nəcməddin  Qəzvini  fəlsəfə,  məntiq  və  təbiətşünaslığa  dair  qiymətli  əsərlərin  müəllifidir.  Filosofun

"Həqiqətlərin  kəşfində  incəlikləri  ehtiva  edən"  ("Cami  əd-dəqaiq  fi  kəşf  əl-həqaiq")  əsəri  məntiq,  metafizika  və

fizikaya  dair  orijinal  bir  traktatdır.  Filosofun  "Məntiq  və  hikmətə  dair  mahiyyətin  qaydaları"  ("Ayn  əl-qəvaid

fi-l-məntiq və-l-hikmə") əsəri də peripatetik fənləri əhatə edir. Bu traktat naməlum müəllif tərəfindən şərh edilərək

"Parıltının faydaları" ("Bəhr əl-fəvaid") adlandırılmışdır.

Nəcməddin Qəzvininin "Mahiyyət hikməti" ("Hikmət əl-ayn") kitabı isə "Məntiq və hikmətə dair mahiyyətin

qaydaları"  traktatının  ikinci  hissəsi  olub,  fəlsəfə,  təbiət  və  riyaziyyat  məsələlərinə  həsr  edilmişdir.  "Mahiyyət

hikməti"  kitabına  ən  dəyərli  şərh  XIV  əsrin  birinci  yarısında  Mövlanə  Mirak  Şəmsəddin  Məhəmməd  ibn

Mübarəkşah Buxari tərəfindən yazılmışdır.

"Məntiqin qaydalarına dair Şəmsəddin traktatı" ("ər-Risalə əş-Şəmsiyyə fi-l-qəvaid əl-məntiqiyyə") kitabı da

mütəfəkkirin məntiq haqqında yazılmış orijinal və çox qiymətli bir əsəridir. Əsər el-xanilərdən Hülakü xan, Abaqa

xan  və  Əhməd  xanın  hakimiyyətləri  dövründə  vəzir  işləmiş  "divan  sahibi"  ("sahib  əd-divan")  Xacə  Şəmsəddin

Məhəmməd  ibn  Bəhaəddin  Məhəmməd  Cüveyninin  (...-1284)  xahişi  ilə  onun  şərəfinə  qələmə  alınmış  və

"Şəmsəddinə ithaf edilmiş" ("əş-Şəmsiyyə") adı ilə daha çox  məşhurdur.  Müəllifinə  böyük  şöhrət  qazandırmış  bu

əsər bütün dövrlərdə alimlərin marağına səbəb olmuşdur. "Məntiqin qaydalarına dair Şəmsəddin traktatı"na onlarla

şərh və haşiyə yazılmış, mədrəsələrdə tədris edilmişdir (5, 165).

Nəcməddin Qəzvininin fəlsəfi görüşlərində məntiq məsələləri mühüm yer tutur. Təsadüfi deyildir ki, filosof

özünün "Məntiqin qaydalarına dair Şəmsəddin traktatı"nda yazır:  "Bu məntiq qanunlarına  dair Şəmsəddin  traktatı

adlandırdığım  bir  kitabdır.  Mən  onu  müqəddimə,  üç  məqalə  və  nəticədən  ibarət  tərtib  etdim.  Müqəddimə  iki

bəhsdir. Birinci bəhsə gəldikdə o, məntiqin mahiyyəti və ona ehtiyacı barədədir".

Mütəfəkkir  fəlsəfi  görüşlərində  öz  sələflərinin  ideyalarından  bəhrələnmiş,  fəlsəfi  məsələlərə  peripatetik

mövqedən  yanaşmış,  orijinal  fəlsəfi  təlim  yaratmış  və  dünyəvi  elmlərin  inkişafında  mühüm  xidmət  göstərmişdir.

Bununla da Nəcməddin Qəzvini fəlsəfə tarixində Nəsirəddin Tusi məktəbinin məntiq alimi kimi məşhurdur.

Nəsirəddin  Tusinin  şagirdlərindən  Qütbəddin  Mahmud  Şirazi  daha  çox  tanınmış,  nüfuzlu  alim  kimi  şöhrət

qazanmışdır.  Qütbəddin  Şirazi  həm  geniş  elmi  yaradıcılığına,  həm  də  dövlət  işlərində  mühüm  xidmətlərinə  görə

seçilmişdir.

Qütbəddin Əbussəna Mahmud ibn Ziyaəddin Məsud  ibn  Müslih  Şirazi (1236-1311)  ziyalı ailəsində  anadan

olmuşdur. Onun atası Ziyaəddin Məsud ibn Müslih Kazəruni (Kazərun Şirazın qərbində bir şəhərdir) Şirazda həkim

işləmişdir. Alim ilk təhsilini atasından almış, 1250-ci ildə onun vəfatından sonra təhsilini Şirazda əmisi Kəmaləddin

Əbdülxeyr  Kazəruninin,  Şəmsəddin  Kütübinin,  Şərəfəddin  Zəki  ər-Rukşəvinin  və  dövrünün  başqa  tanınmış

alimlərinin yanında davam etdirmişdir.

Qütbəddin Şirazi Qəzvinə səfər edib, orada görkəmli alim Nəcməddin Qəzvininin mühazirələrini dinləmişdir.

Alim  biliyini  təkmilləşdirmək  üçün  Marağaya  Nəsirəddin  Tusinin  yanına  getmişdir.  O,  Marağa  rəsədxanasında

çalışmaqla yanaşı, Nəsirəddin Tusidən fəlsəfə, astronomiya və riyaziyyatı mükəmməl öyrənmişdir. Marağada alim

kimi böyük nüfuz qazanmışdır.

Qütbəddin  Şirazinin  "Quranın  təfsirinə  dair  Mərhəmətlinin  açması"  ("Fəth  əl-Mənnan  fi  təfsir  əl-Quran")

traktatı təxminən qırx cilddir. Əsərdə Quranın geniş təfsiri verilmişdir.

Ensiklopedik  alim  elmin  müxtəlif  sahələrində  qələmini  sınasa  da,  peripatetizm  və  işraqiliklə  daha  möhkəm

bağlı olmuşdur.

Türk alimi Hilmi Ziya Ülkən Qütbəddin Şirazini "işraqi mütəfəkkir" adlandırıb, onun "İşraq fəlsəfəsi" əsərinə

yazdığı şərhə görə tanındığını qeyd etmişdir (7, 207).

Qütbəddin  Şirazi  İbn  Sinanın  fəlsəfə  və  məntiqə  aid  "Şəfa"  ("əş-Şifa")  əsərinə  şərh  yazmışdır.  Bu  şərh

Nəsirəddin Tusinin İbn Sinanın kitabına şərhidir və Qütbəddin Şirazinin dilindən rəvayət edilir. Filosof göstərir ki,

Nəsirəddin Tusi Əbubarakat Bağdadinin fikirlərinin Fəxrəddin Razi tərəfindən şərhini təkzib etmişdir.

Qütbəddin Şirazinin yaradıcılığında xüsusi yer tutan fəlsəfəyə dair "Dibaca ən yaxşı tac incisi" ("Dürrə ət-tac

li  ğürrət  əd-Dibac")  traktatı nəzəri  və  əməli  fəlsəfənin  bütün  qisimlərini  əhatə  edir.  Kitab  Qərbi  Gilanın  hakimi

Filşah  ibn  Rüstəmşah  oğlu əmir  Dibaca  ithaf  olunmuşdur.  Filosofun  fars  dilində  qələmə  aldığı bu  əsər  təxminən

1293-1305 illər ərzində yazılmışdır.

"Dibaca  ən  yaxşı  tac  incisi"  traktatı  beş  hissədən:  məntiq,  "ilk  fəlsəfə",  təbiət  elmləri,  riyazi  elmlər,

metafizika və nəticədən (din və siyasət məsələləri) ibarətdir.

Qütbəddin  Şirazi  ensiklopedik  səciyyə  daşıyan  bu  traktatı  yazarkən  sələflərinin  və  müasirlərinin

yaradıcılığından geniş  istifadə etmişdir. Traktatın əlyazma nüsxələri  Düşənbə, İstanbul, Tehran, Berlin, Hamburq,

Florensiya və başqa şəhərlərin kitabxanalarında saxlanılır.

Qütbəddin Şirazinin fəlsəfi fikirlərində həm din, həm peripatetizm, həm də işraqilik motivləri vardır. Bütün

bunlardan  daha  çox  isə  onun  İslam  dini  dünyagörüşünə  mühüm  yer  verməsi  qeyd  edilməlidir.  Məntiq,  fəlsəfə  və

təbiət elmlərini Marağada Nəsirəddin Tusi məktəbində öyrənən mütəfəkkir sonralar Konyada Sədrəddin Konəvidən




(1210-1274)  və  başqalarından  dini  elmləri  -  hədis,  fiqh  və  Quranın  şərhi  üzrə  təhsil  almışdır.  Bu,  onun

dünyagörüşünün  formalaşmasında  mühüm  rol  oynamışdır.  Qütbəddin  Şirazinin  təxminən  qırx  cildlik  "Quranın

təfsirinə dair Mərhəmətlinin açması" ("Fəth əl-Mənnan fi təfsir əl-Quran") traktatı və "Quranın çətin məsələlərinə

dair" ("Fi müşkilat əl-Quran") əsəri onun dini məsələlər ilə dərindən məşğul olmasından xəbər verir.

Qütbəddin Şirazinin fəlsəfəsindən  bəhs  edərkən  onun  müxtəlif  aspektlərinə  diqqət  yetirilməlidir.  Hədisə  və

təfsirə dair mühakimələrində sırf İslam mövqeyindən çıxış edən mütəfəkkir fəlsəfi düşüncələrində həmin mövqeyə

zidd  getməməyə  çalışmışdır.  Bunun  üçün  o,  istər  peripatetizm,  istərsə  də  işraqilik  təlimlərinə  dair  əsərlərində

pozitiv  şəkildə  mövcud  fikirlərin  şərhini  vermişdir.  Bu  baxımdan  Qütbəddin  Şirazinin  dünyagörüşü  müəyyən

mənada sinkretik məzmun daşıyır.

Zakir  Məmmədov  bu  dövrdə  Yaxın  və  Orta  Şərq  ölkələrində  mövcud  fikir  cərəyanları  arasında  ideya

mübarizəsinə  baxmayaraq,  bir-birinə  yaxınlaşma,  qarşılıqlı təsirlənmə  hallarının  artdığını bildirmişdir.  Tədqiqatçı

müxtəlif  təlimlərin  uzlaşdırılmasının  XIII  əsrin  sonlarından  etibarən  daha  artıq  dərəcədə  nəzərə  çarpdığını

yazmışdır (4, 201).

Qeyd etmək lazımdır ki, bu hal Qütbəddin Şirazinin dünyagörüşündə daha qabarıq şəkildə özünü göstərir. Bu

səbəbdən  filosofu  ensiklopedik  məzmunlu  yaradıcılığına  görə  həm  dini,  həm  də  dünyəvi  elmlərin  nümayəndəsi

hesab edir, həm peripatetik, həm də işraqilik təliminin tərəfdarı adlandırırlar.

Qütbəddin  Şirazinin  məntiqə,  metafizikaya,  təbiətşünaslığa,  ümumiyyətlə,  peripatetik  fənlərə  dair  yazdığı

traktatlar  onun  dünyagörüşünün  sırf  fəlsəfi  məzmun  daşıdığının  göstəricisidir.  Qütbəddin  Şirazi  işraqilik

fəlsəfəsinin  pozitiv  şərhini,  dini  elmlərin  şəriət  baxımından  təfsirini  verməsinə  baxmayaraq,  Nəsirəddin  Tusi

məktəbinin  tanınmış  filosofu  kimi  diqqəti  cəlb  edir,  fəlsəfi  dünyagörüşü  etibarilə,  əsasən,  peripatetizmin

nümayəndəsi kimi yadda qalır.

Qütbəddin Şirazi elmi fəaliyyətində müəllimi Nəsirəddin Tusinin mövqeyindən çıxış etsə də, yaradıcılıq irsi

orijinallığı və zənginliyi, ən əsası ensiklopedik səciyyə daşıması ilə diqqəti cəlb edir.

Böyük  ilahiyyatçı  alim  və  filosof  Əllamə  Hilli  (1250-1325)  də  Nəsirəddin  Tusi  məktəbinin  məşhur

nümayəndələrindəndir.  Mənbələrdə  o,  "ən  böyük  alim"  ("əllamə")  adı ilə  yad  edilmişdir.  Mütəfəkkir  "Ayətullah"

("Allahın  rəmzi,  yaxud  nişanəsi")  titulunu  daşımışdır.  Məlumdur  ki,  bu  titul  müsəlman  hüququnu  və  ilahiyyatını

mükəmməl bilən, dinə aid əsərlər yazan din xadimlərinə verilir. Məhz həmin xüsusiyyətlərin hamısı Əllamə Hillinin

şəxsində və elmi fəaliyyətində özünü göstərir.

Mütəfəkkirin yaradıcılığında dinə aid əsərlər say etibarı ilə çox olsa da, fəlsəfə ilə bağlı əsərlər də mühüm yer

tutur. Filosof sələflərinin ideyalarından geniş  şəkildə bəhrələnmişdir. Təsadüfi deyildir ki, Nəsirəddin Tusinin irsi

Əllamə Hilli üçün örnək olmuş və o tarixdə öz müəlliminin fikirlərinin fəal təbliğatçılarından biri kimi tanınmışdır.

Əllamə  Hilli  Nəsirəddin  Tusinin  "Kəlamın  təcridi"  əsərinə  çox  dəyərli  şərh  yazmışdır.  Həmin  kitab

"Əqidələrin təcridi" ("Təcrid əl-əqaid") və "Etiqadın təcridi" ("Təcrid əl-etiqad") adları ilə məşhurdur. Nəsirəddin

Tusi əsərin adı haqqında belə yazır: "Onu "Əqidələrin təcridi" adlandırdım" (6, 29).

Ensiklopedik alim, biblioqraf Hacı Xəlifə (1608-1670) "Kəlamın təcridi" əsərinin orta əsrlərdə filosofların və

mütəfəkkirlərin hədsiz marağına səbəb olduğunu, ona çoxlu sayda şərhlər, haşiyələr və izahatlar qələmə alındığını

göstərmişdir.  Hacı Xəlifənin  yazdığı bir  fakt  xüsusilə  diqqətəlayiqdir  ki,  bu  da  "Kəlamın  təcridi"  əsərini  ilk  şərh

edənin şeyx Əllamə Hillinin olmasını qeyd etməsidir (8, 249).

Mənbələrin  bir  qismində  şərhin  adı  "Əqidələrin  təcridinin  şərhi"  ("Şərh  Təcrid  əl-əqaid")  göstərilsə  də,

Əllamə  Hilli  "Etiqadın  təcridi"  başlığını  seçib  öz  şərhini  belə  adlandırmışdır:  "Etiqadın  təcridinə  dair  Muradın

açıqlanması" ("Kəşf əl-Murad fi şərh Təcrid əl-etiqad") (6, 92).

Mütəfəkkir  sələflərindən  biri  olan  Nəcməddin  Qəzvininin  də  yaradıcılığı  ilə  maraqlanmış  və  onun  irsi  ilə

yaxından  tanış  olmuşdur.  Əllamə  Hilli  Nəcməddin  Qəzvininin  "Məntiqin  qaydalarına  dair  Şəmsəddin  traktatı"

("ər-Risalə  əş-Şəmsiyyə  fi-l-qəvaid  əl-məntiqiyyə")  əsərinə  və  "Mahiyyət  hikməti"  ("Hikmət  əl-ayn")  kitabına

şərhlər yazmışdır. Mənbələrdə onun "Mahiyyət hikməti" kitabı əsasında qələmə aldığı şərh "Əsasların Mahiyyətinin

hikmətindən məqsədlərin izahı" ("İzah əl-məqasid min Hikmət əl-ayn qəvaid") adlandırılmışdır.

Əllamə Hilli orta əsr mənbələrində və əksər tədqiqatlarda böyük ilahiyyatçı alim kimi məşhurdur. Təsadüfi

deyildir  ki,  İran  alimi  Müdərris  Rizəvi  mütəfəkkir  haqqında  belə  yazmışdır:  "Əllamə  Hilli  bütün  elmlərdə

müasirlərini ötüb keçmiş və öz dövründə imamiyyə firqəsinin başçısına çevrilmişdir" (9, 78).

Şeyxülislam Allahşükür Paşazadə "Qafqazda İslam" əsərində yazır ki, Əllamə Hilli Nəsirəddin Tusi ilə birgə

ilahiyyat təliminin hazırlanmasında iştirak etmişdir: "Nəsirəddin ət-Tusi və onun şagirdi Əllamə əl-Hillinin - Allah

onların hər ikisindən razı olsun! - səyləri sayəsində İslamın beş əsas müddəasına və eləcə də on iki imam əqidəsinə

əsaslanan ilahiyyat elmi qəti bərqərar oldu" (10, 92).

Əllamə  Hilli  Nəsirəddin  Tusinin  fəlsəfi  məktəbinin  nümayəndəsi  kimi  Şərq  peripatetizmi  ilə  də  məşğul

olmuşdur. Filosof mühüm fəlsəfi məsələlərin qoyuluşunda və həllində öz sələflərinin mövqeyini əsas götürmüşdür.

Əllamə  Hilli  Nəsirəddin  Tusiyə  dərin  rəğbət  bəsləmiş,  onun  ideyalarını  ardıcıl  şəkildə  tədqiq  və  təbliğ

etmişdir. Müəlliminə bəslədiyi hörmət filosofun yaxınlarına, davamçılarına da təsir göstərmiş, onlar da Nəsirəddin

Tusini böyük nüfuz sahibi kimi qəbul etmişlər. Bu onun oğlunun, bacısı oğlu Abdulla ibn Xəlil Əmidinin və şagirdi

Rüknəddin Məhəmməd ibn Əli Cürcaninin yaradıcılıqlarında parlaq şəkildə əksini tapmışdır.

Beləliklə, ensiklopedik alim Marağa rəsədxanasının nəzdindəki məktəbdə müəllimlik fəaliyyətinə görə böyük




uğurlar qazanmışdır. Nəcməddin Qəzvini, Qütbəddin Şirazi və Əllamə Hilli kimi mütəfəkkirlər Nəsirəddin Tusinin

fəlsəfi məktəbinin məşhur nümayəndələrindəndir.



ƏDƏBİYYAT

1. Məmmədbəyli H.C. Nəsirəddin Tusi. Bakı, 1968.

2. Məmmədov Zakir. Bəhmənyarın fəlsəfəsi. Bakı, 1983.

3. Məmmədov Zakir. Şihabəddin Yəhya Sührəvərdi (həyatı, yaradıcılığı və dünyagörüşü). Bakı, 2009.

4. Məmmədov Zakir. Azərbaycan fəlsəfəsi tarixi. Bakı, 1994.

5. Məmmədova Aytək. Nəsirəddin Tusi məktəbinin məntiqçi alimi. "Dirçəliş XXI əsr" jurnalı, oktyabr 2002, s.

162-167.

6. Məmmədova A.Z. Nəsirəddin Tusinin dünyagörüşü. Bakı, "Elm", 2000.

7. Ülken Hilmi Ziya. İslam felsefesi kaynakları ve tesirleri. Ankara, 1967.

8. Hacı Xəlifə. Kəşf əz-zünun ən əsami əl-kütub və-l-fünun. I c., Dər-Səadət, 1310.

9. Müdərris  Rəzəvi.  Nəsirəddin  Tusinin  həyatı  və  əsərləri.  Fars  dilindən  tərcümə  edənlər:  Məsiağa

Məhəmmədi və Vidadi Mustafayev. Bakı, 2002.

10. Paşazadə Şeyxülislam Allahşükür. Qafqazda İslam. Bakı, 1992.

Айтек Мамедова 

О философской школе Насиреддина Туси

РЕЗЮМЕ

В представленной статье отмечается значительная роль в обогащении миро вой науки и философии,

принадлежащая ученому энциклопедического склада Насиреддину Мухаммеду Туси (1201-1274). В данном

контексте рассматривается со оружение под его руководством в 1259 году обсерватории в Мараге, ставшее

зна менательным событием не только для Азербайджана, но и для всего мусульманского Востока. Наряду с

этим указывается и об основании азербайджанским философом школы на базе Марагинской обсерватории,

о  преподавании  им  боль шинству  работников  обсерватории, таким  как  Наджмеддин  Газвини  (1203-1277),

Гутбеддин  Ширази  (1236-1311),  Джемаледдин  Хасан  Хилли  (1250-1326)  и  другим  последователям

философской школы Насиреддина Туси, обладавшими также энцикчопедическими знаниями, проявившими

себя в таких областях, как математи ка, природоведение, медицина и др., явившись авторами трактатов по

фило софской теории и практике.

Aytek Mammadova 

About Nasiraddin Tıısi's philosophical school

SUMMARY

It is noted in the article that the encyclopaedic scientist Nasiraddin Mohammed Tu si's (1201-1274) played

an  important  role  in  enrichment  of  world  science  and  philo sophy.  It  is  informed  that  the  observatory  which

constructed in Maragha in 1259 under his observation was great scientific-cultural event not only in Azerbaijan, but

also in all Eastern Moslem countries. In the article it is also stated that Azerbaijan philosopher fo unded the school

attached to Maragha observatory, the graduates of which were Najmaddin Gazvini (1203-1277), Gutbaddin Shirazi

(1236-1311),  Jamaladdin  Hasan  Hil li  (1250-1326)  and  others  who  had  encyclopedic  creative  heritage  like

Nasiraddin Tusi.



Yüklə 188,88 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə