Dövrün tələbi elektron idarəetmə



Yüklə 59,94 Kb.
tarix21.06.2018
ölçüsü59,94 Kb.
#50717

http://modern.az/articles/43377/1/

Dövrün tələbi - elektron idarəetmə

 22.08.2013, 14:38




http://www.mincom.gov.az/assets/e-hokumet.jpg
Dövlət idarələrinin qarşısı... Növbə... Bürokrat məmurlar... Süründürməçilik... Günlərlə, aylarla itirilən vaxt... Artıq bütün bunlar tarixə qovuşur. Özü də informasiya texnologiyları sayəsində. İndi hər hansı dövlət qurumuna müraciət etmək üçün həmin ünvana getməyə ehtiyac qalmır. Vətəndaşa lazım olan məlumat və sənədlər hər kəs üçün açıq olan internet şəbəkədə yerləşdirilir. Getdikcə məmurla vətəndaş arasında birbaşa təmas aradan qalxır və elektron resurslar bu münasibətlərdə ən effektiv vasitəyə çevrilir. Bununla da, idarəetmənin yeni modeli - elektron hökumət yaranır.

"Elektron hökumət" nədir?

Elektron hökumət - dövlət qurumlarının vətəndaşlara və biznes qurumlarına informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə xidmət göstərməsidir. Başlıca məqsəd dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılması, operativliyin yüksəldilməsi və vətəndaşlarla, biznes qurumları ilə, həmçinin öz aralarındakı münasibətlərin daha asan, sadə və şəffaf formada həyata keçirilməsinə nail olmaqdır. Başqa sözlə, müasir dövrdə "elektron hökumət" idarəetmə sisteminin təkmilləşməsinin ən etibarlı üsüludur. «Elektron hökumət» şəffaflıq, dövlət büdcəsinin qorunması və korrupsiyaya qarşı ən effektiv mübarizə vasitəsidir.

«Elektron hökumət” anlayışı ötən əsrin 90-cı illərində Qərbdə meydana çıxıb. Hazırda bu mexanizm dünyanın inkişaf etmiş ölkələrində uğurla tətbiq olunur. "Elektron hökumət" texnologiyalarından istifadəyə görə Cənubi Koreya, Sinqapur, ABŞ, Avropada aparıcı iqtisadiyyata malik olan Niderland, Böyük Britaniya və Danimarka lider ölkələr siyahısındadır. Həmin ölkələr  idarəetməni internet üzərindən həyata keçirməklə bu sahədə qısa vaxtda böyük inkişaf əldə ediblər. Bu uğurlu beynəlxalq təcrübə Azərbaycana da gətirilib. Azərbaycan MDB məkanında "elektron hökumət" layihəsinə start verən ilk ölkələrdəndir.

"Elektron Azərbaycan"

Azərbaycanda “Elektron hökumət” qurulur. İdarəetmənin elektron modeli yaradılır. Ölkədə bu istiqamətdə maraqlı proqramlar yerinə yetirilir və bu proqramlar hesabına dövlət, hakimiyyət orqanlarının gördüyü işlər tədricən Azərbaycan vətəndaşları üçün açılır. Vətəndaşlar istədiyi məlumatı konkret hökumət qurumunun veb saytından götürə bilir, həmin idarələrə getmək, məktub yazmaq, öz problemlərilə bağlı əvvəlki dövrdə qapılar arxasında dayanmaq, növbədə durmaq və sairə kimi çox vaxt tələb edən prosedurların əvəzinə birbaşa evində oturub həmin problemlərin həlli istiqamətində müraciət edə bilir.

Bu fəaliyyətin əsası 2003-2012-ci illəri əhatə edən «Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə" Milli Strategiyanın qəbulu ilə qoyulub. Bundan sonra 2005-2008 və 2010-2012-ci illər “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə "Elektron Azərbaycan" Dövlət Proqramları qəbul olunub. «2010-2011-ci illərdə «Elektron hökumət»in formalaşdırılması üzrə Fəaliyyət Proqramı» təsdiqlənib. "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli Prezident Fərmanı və digər normativ-hüquqi aktlar prosesi bir qədər də sürətləndirib. Əsas hədəf bütün sahələrdə informasiya-kommunikasiya texnologiyalarının səmərəli tətbiqinin genişləndirilməsi və “Elektron hökumət” quruculuğuna nail olunmasıdır.

Əsas komponentlər

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi bu sahədə görülən işlərin əlaqələndiricisi kimi "elektron hökumət”in formalaşdırılması üzrə digər dövlət orqanları ilə sıx əməkdaşlıq edir və müvafiq infrastrukturun yaradılması istiqamətində fəaliyyət göstərir. Artıq ölkədə "elektron hökumət"in işlək mexanizmə çevrilməsi üçün demək olar ki, lazım olan əsas komponentlər yaradılıb. 2008-ci ildə ilk onlayn ödəmə sistemi istifadəyə verilib. Dövlət orqanlarının vahid şəbəkə infrastrukturu formalaşıb. Elektron imzanın istifadəsi üzrə Açıq Açar İnfrastrukturu qurulub və Milli Sertifikat Xidmətləri Mərkəzi yaradılaraq 2011-ci ilin sentyabrından işə salınıb. Elektron imza xidmətindən istifadə məqsədilə müraciət edən dövlət hakimiyyəti orqanlarına, hüquqi və fiziki şəxslərə ümumilikdə 15 mindən çox elektron imza sertifikatı verilib. Eyni zamanda dövlət informasiya ehtiyatlarının və fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrləri yaradılıb. Elektron sənəd dövriyyəsi tətbiq olunur. Elektron hökumət verilənlər mərkəzi - data-center fəaliyyət göstərir. 2012-ci ilin aprel ayında dövlət orqanlarının informasiya sistemləri ilə inteqrasiya olunmuş vahid «elektron hökumət portalı» və şlüzü yaradılaraq istifadəyə verilib. Dövlət orqanlarının göstərməli olduğu elektron xidmətlərin siyahısı müəyyənləşib.



www.e-gov.az

«Bir pəncərə» prinsipi əsasında fəaliyyət göstərən «Elektron hökumət» portalı vətəndaşların asanlıqla informasiya əldə etməsi üçündür. İndi vətəndaşın müxtəlif xidmətlər üçün ayrı-ayrı dövlət qurumlarının internet saytlarına daxil olmasına ehtiyac yoxdur. 43 dövlət qurumunun 238 elektron xidməti bir məkanda - "Elektron hökumət» portalında birləşib. Bu internet resursdan istifadə etməklə dövlət qulluğu, məşğulluq, pensiya və sosial müavinət, əmlak və vergi münasibətləri, gömrük işi, torpaq kadastrı, hüquq mühafizə, tələbə qəbulu, turizm, nəqliyyat, rabitə, səhiyyə, ticarət, statistika, təhsil və sairə xidmətləri elektron şəkildə əldə etmək mümkündür.

Artıq www.e-gov.az dövlət orqanlarının elektron xidmətlərə keçidi və onlar arasında operativ əlaqənin yaradılmasını təmin edən universal ünsiyyət vasitəsinə çevrilir. Məsələn, bu sistem tətbiq olunduqdan sonra vətəndaşın hansısa quruma sənəd verərkən, əvvəlki kimi alt sənədləri toplamasına ehtiyac qalmır. Dövlət qurumlarında vətəndaş haqqında yığılmış hər hansı məlumat mövcuddursa, təqdim edilən sənədlər digər aidiyyatı qurumlara da çatdırılır. Bu da vətəndaşı əlavə sənədlər yığmaqdan, başqa dövlət qurumlarına müraciət etməkdən azad edir. Göstərilən xidmətlər internet üzərindən həyata keçirildiyi üçün zaman və məkan anlayışı aradan qalxır. Misalçün, bəzən vətəndaşlar paytaxta - hansısa səlahiyyətli şəxsin qəbuluna uzaq kəndlərdən gəlməli olurlar. Bununla bir neçə gün vaxt itirməklə yanaşı, ən azı yol və mehmanxanaya xeyli pul xərcləyirlər. "Elektron hökumət" portalı bütün bu halları aradan qaldırmaqla yanaşı, fiziki cəhətdən məhdud imkanları olan vətəndaşların da dövlət xidmətlərindən asan, rahat, şəffaf və səmərəli şəkildə yararlanmasına şərait yaradır. Bunun üçün isə vətəndaş təbii ki, elektron hökumət portalına müraciət etməli, www.e-gov.az saytına daxil olaraq qeydiyyatdan keçməlidir. Onu da deyək ki, elektron xidmətlər üçün dövlət qurumları tərəfindən hər hansı bir vergi, rüsum ödənilməsi nəzərdə tutulmayıbsa, “Elektron hökumət” portalı üzərindən istifadə edilən xidmətlər üçün heç bir əlavə haqq tələb olunmur.

"Elektron hökumət" portalına müraciət edənlərin sayı getdikcə artır. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən hazırlanmış “Elektron hökumət” bülletenlərində yer alan məlumatlara görə, 20.11.2012 - 20.12.2012-ci il tarixində “Elektron hökumət” portalı vasitəsilə 28 dövlət qurumunun 174 xidmətindən 8 min nəfər istifadə etmişdisə, 2013-cü ilin iyul ayı ərzində 43 dövlət qurumunun 130 elektron xidmətindən yararlananların sayı 74 min nəfər olub.

Ən çox istifadə olunan elektron xidmətlərə gəlincə, bunlar telefon nömrəsi üzrə axtarış (Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi), Sığorta edənin uçot nömrəsinin öyrənilməsi, Məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlər və ödənilmiş məcburi dövlət sosial sığorta haqqı barədə məlumatın əldə edilməsi, pensiya kapitalı barədə məlumat, pensiya kalkulyatoru (Dövlət Sosial Müdafiə Fondu),  Azərbaycan adlarının mənası barədə məlumatın verilməsi (Ədliyyə Nazirliyi), yol hərəkəti qaydalarının pozuntusu ilə əlaqədar tətbiq edilən cərimələr və cərimə balları barədə məlumatlar, PİN-ə görə fərdi məlumatların axtarışı (Daxili İşlər Nazirliyi) və VÖEN-ə görə ödəyicinin  axtarılması (Vergilər Nazirliyi) olub. Onu da deyək ki, ilk mərhələdə dövlət qurumları tərəfindən göstərilən xidmət növlərinin sayının 417-yə çatdırılması qərara alınıb. İndi "Elektron hökumət" portalının mobil versiyası da mövcuddur. Beləliklə, alınmasına saatlar, həftələr və aylar sərf olunan sənəd elektron sənəd dövriyyəsinin tətbiqi ilə, sorğu verən şəxsin identifikasiyasından sonra bir neçə saniyə içərisində əldə edilir. Vətəndaşın kimliyi isə onun elektron imzası ilə müəyyənləşir.

e-imza

Elektron imza hər bir vətəndaşın fərdi imzasını əvəz edən hüquqi vasitədir. 2013-cü il avqustun 1-nə olan məlumata görə, Azərbaycanda dövlət qurumlarına 11 min 483, hüquqi şəxlərə 304, vətəndaşlara 3 min 210 elektron imza vəsiqələri verilib. 3 illik elektron imzanın qiyməti dövlət qurumları üçün 80 manat, hüquqi və fiziki şəxslər üçün 168 manat, əhali üçünsə 30 manatdır. Elektron imzanı "Elektron hökumət" portalından elektron şəkildə, həmçinin bütün poçt şöbələrindən əldə etmək mümkündür.

Elektron imzanın tətbiqinin elektron hökumət quruculuğu və vətəndaşların dövlət qurumlarına müraciətini asanlaşdırması baxımından önəmi böyükdür. Deyək ki, uzaq rayonda yaşayan Azərbaycan vətəndaşı "elektron imza" kartını əldə etməklə, öz evində oturub istənilən dövlət qurumuna elektron şəkildə müraciət edə, məktub, təklif və şikayət yaza bilər. Həmçinin vətəndaş bununla ərizəsinə qanunauyğun şəkildə müəyyənləşdirilmiş vaxt ərzində baxılmasına nəzarət də edə bilir. Yəni, istənilən vaxt sistemə daxil olaraq ərizəsinin hazırda hansı instansiyada baxıldığını müəyyənləşdirir. Artıq Azərbaycanda mobil elektron imza da istifadəyə verilib.

Elektron imza sadə vətəndaşlara yüzlərlə elektron dövlət xidmətindən yararlanmağa imkan verirsə, biznes sektoru üçün daha geniş imkanlar açır. Belə ki, biznes subyektləri - sahibkarlar elektron imza vasitəsilə dövlət qurumlarında qeydiyyatdan keçir, həm yerli, həm də xarici tərəfdaşları ilə ticarət əlaqələri qura, sənədləşmə işlərini rahat və asan şəkildə həyata keçirə bilirlər. Bununla da həm vaxtlarına, həm də maliyyə vəsaitlərinə qənaət etmiş olurlar. Beləliklə, elektron imza və elektron ödəmə sisteminin mövcudluğu Azərbaycanda "elektron hökumət"in prioritetlərindən olan "elektron ticarət"in genişlənməsinə yol açır.



"Elektron ticarət"

Azərbaycanda “Elektron ticarət haqqında” qanun 2005-ci ildə qəbul olunub. Amma o zaman internet üzərindən ödəmə sistemi olmadığından, ölkədə bu sahədə ilk addımlar 2008-ci ildə atılıb. Hazırda Azərbaycanda 2 internet ödəmə şirkəti fəaliyyət göstərir. İndiyədək sistemə 300-ə yaxın şirkət və müəssisə qoşulub. Onların arasında kommunal xidmətlər göstərən qurumlar, telefon, kompüter, parfümeriya, turizm, avia və sığorta şirkətləri, kinoteatr və teatrlar var. Son illər Azərbaycanda internet üzərindən alqı-satqı edənlərin sayında artım olsa da, hələlik bu proses qənaətbəxş səviyyədə deyil. İnternet ödəmə şirkətinin məlumatına görə, hazırda Azərbaycanda hər ay 5-6 milyon manatlıq elektron ödəmə həyata keçirilir. İnternet üzərində ödəmələrin 60 faizini kommunal xidmətlər - işıq, qaz, su pulu, 30 faizini mobil operatorlar və internet provayderlərə,  qalanını isə banklara edilən ödənişlər təşkil edir.

Onu da deyək ki, Azərbaycanda pərakəndə ticarət şəbəkələrində elektron ticarətin rəsmi statistikası 2012-ci ilin yanvar ayından aparılır. Dövlət Statistika Komitəsinin məlumatına görə, internet üzərindən satılan məhsulların 93 faizdən çoxunu qeyri-ərzaq malları təşkil edir. Elektron şəkildə alınan mallar əsasən telefon, suvenir, gül, parfümeriya və sairədir. Adətən internet üzərindən avtomobil, bahalı geyim və əşya alınmır. Ekspertlər dünyanın hər yerində belə olduğunu deyir və bunu onlayn ödəmə sisteminin təhlükəsizliyinə sonadək inamın olmaması ilə izah edirlər. Məsələn, indiyə qədər Azərbaycanda internet vasitəsilə alınan ən bahalı məhsulun qiyməti 2000 manatdan bir qədər çox olub ki, bu məbləğ də səyahət paketi üçün ödənilib.

Azərbaycanda son dövrlərdə mal və xidmətləri internet üzərindən təklif edən resurslar olsa da, xeyli sayda istifadəçilər var ki, xaricdən - "e-bay", "amazon" kimi xarici internet mağazalarından mal alırlar. Bu üzdən həmin pulun ölkə daxilində qalması üçün Azərbaycanda elektron ödəniş sisteminin inkişaf etdirilməsi, başqa sözlə, nağdsız hesablaşmaların həcminin artırılmasına ehtiyac var.



nağdsız ödəniş

Azərbaycanda nağdsız hesablaşmalarla bağlı prosesə Milli Ödəniş Sisteminin inkişafı üzrə 2005-2007-ci illər üçün Dövlət Proqramının təsdiqlənməsilə start verilib. 2005-ci ildən sonra əmək haqları, pensiyalar və sosial müavinətlərin plastik kartlarla verilməsi, prosesi sürətləndirib. 2006-cı ildən satış nöqtələrində pos-terminallar quraşdırılır. Hazırda Azərbaycanda 5 milyondan çox plastik kart, 2 min 500-ə yaxın bankomat, 37 mindən çox pos- terminal var. Ölkədə 5 prosessinq mərkəzi fəaliyyət göstərir, yeni ödəniş sistemləri tətbiq edilir. Bütün bunlara baxmayaraq, hazırda Azərbacanda nağdsız hesablaşma pul dövriyyəsinin cəmi 6-7 faizini təşkil edir. Kart sahiblərinin böyük qismi hələ də alış-verişi nağd pulla edirlər. Plastik kartlardan isə daha çox pensiya, əmək haqqı və sosial müavinətlərin alınması, yəni nağd pul çıxarılması məqsədilə istifadə olunur. Bunu nəzərə alan Mərkəzi Bank, Vergilər Nazirliyi və digər müvafiq qurumlar ölkədə nağsız ödənişlərin sayını artırmaq üçün fəaliyyətlərini genişləndiriblər. Nağdsız hesablaşmaların inkişaf etdirilməsi üzrə növbəti dövlət proqramı hazırlanıb, banklar kart müştərilərini kartdan istifadəyə stimullaşdırmaq üçün müxtəlif tədbirlər görür, bonus paketləri üzərində işləyir. Son vaxtlar Azərbaycanda bankların əhaliyə güzəştli şərtlərlə xeyli sayda onlayn alış üçün kredit kartları verməsinin prosesə müsbət təsiri olub, onlayn ticarət üzrə dövriyyə artıb.

Amma prosesə ən böyük təkan verə biləcək amil onlayn ödəmələrlə bağlı vergi güzəştlərinin tətbiqi ola bilər. Beynəlxalq təcrübəyə uyğun olaraq Azərbaycanda mal və xidmətlərin alınması üçün onlayn ödənişlərin Əlavə Dəyər Vergisindən azad edilməsi elektron mağazaların müştərilərini kütləvi şəkildə artırmaqla yanaşı, internet üzərindən təqdim olunan mal və məhsulların qiymətini ucuzlaşdırar. Ona görə də Vergilər Nazirliyi tərəfindən bu istiqamətdə hazırlanan təkliflərin tezliklə reallaşması arzuolunandır.

mobil cüzdan

Prosesi sürətləndirən daha bir vasitə Azərbaycanda mobil ödəmə sisteminin tətbiqi olardı. Belə olarsa, artıq vətəndaşların üzərində pul, kredit kartları, müxtəlif sənəd və vəsiqələr gəzdirməsinə ehtiyac qalmaz. Təkcə mobil telefonun olması kifayət edər. Təsəvvür edin, telefona kart taxmaqla metroda, avtobusda, restoranda mobil telefonunuzu xüsusi qurğuya yaxınlaşdırıb ödəniş edə bilərsiniz. Hətta yol polisi avtomobilinizi saxladıqda mobil telefon sizin sürücülük vəsiqənizi əvəz edə bilər. Bir sözlə, mobil telefon sizin pul cüzdanınıza çevrilər. Beynəlxalq təcrübədə yenilik olan və inkişaf etmiş ölkələrdə uğurla tətbiq olunan mobil ödəmə sisteminin Azərbaycana gətirilməsi və təkcə metro və avtobus üzrə gediş haqlarının bu sistemə qoşulması onlayn ödəmə dövriyyəsinin yüz dəfələrlə artmasına səbəb ola bilər. 

Ümumilikdə, nağdsız hesablaşmaların genişlənməsi vergidən yayınma hallarının qarşısını almaqla bərabər, həm də şəffaflığın artırılmasına və korrupsiyaya qarşı effektiv mübarizə aparılmasına kömək edər. Dövlət rusumlarının nağdsız - plastik kartlarla ödənişi bu kimi neqativ halların qarşısını almaq üçün ən etibarlı vasitələrdən biri sayıla bilər. Bu mənada Azərbaycanda yeni yaradılan ASAN Xidmət mərkəzlərində vətəndaşla dövlət qulluqçusu arasında heç bir ödənişin həyata keçirilməməsi, bütün ödəmələrin elektron qaydada bank vasitəsilə aparılması müsbət təcrübədir.

E-ASAN

“ASAN xidmət” mərkəzləri Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində ölkə Prezidentinin 2012-ci il 13 iyul tarixli fərmanına əsasən yaradılıb. Vəndaşlara göstərilən xidmətin operativliyini, keyfiyyət və şəffaflığını artırmaq məqsədi daşıyan mexanizm müasir informasiya-kommunikasiya texnologiyalarına əsaslanır. Bu mərkəzlər dövlət orqanları tərəfindən göstərilən xidmətlərin vahid və əlaqələndirilmiş formada həyata keçirilməsini təmin edir. İndi 9 dövlət qurumunun təqdim etdiyi 23 xidməti bir ünvandan almaq mümkündür. Burada doğum, ölüm, nikah və sairə proseslərin qeydə alınması, şəxsiyyət vəsiqələri, ümumvətəndaş pasportlarının verilməsi, sürücülük vəsiqəsinin dəyişdirilməsi, şəhadətnamələrin, arayışların, çıxarışların verilməsi, əmək pensiyalarının təyin edilməsi, notarius xidmətləri və vətəndaşlara lazım olan digər əməliyyatlar həyata keçirilir. Asan Xidmət Mərkəzlərinin xidmətlərindən vətəndaşlar həmçinin telefon və ya internet vasitəsilə ünvanladığı müraciətlər əsasında istifadə edə bilirlər. E-Asan vasitəsilə əhaliyə bir sıra elektron xidmətlərin göstərilməsi təmin edilir. Hazırda Bakı şəhərində 2, Sumqayıt şəhərində 1 Asan Xidmət Mərkəzi açılıb, eyni zamanda "ASAN xidmət" şəbəkəsinin ölkənin bütün ərazisini əhatə etməsi məqsədilə avtomobil və iritutumlu avtobuslar vasitəsilə müxtəlif rayonların sakinlərinə “Səyyar xidmət” göstərilir. Perspektivdə Asan Xidmət Mərkəzlərinin sayının artırılması nəzərdə tutulur. Mərkəzlərin sayının artırılması dövlət xidmətlərinin vətəndaşlar üçün əlçatanlığının təmin ediməsi baxımından əhəmiyyətli olmaqla yanaşı, bir sıra vacib xidmətlərin "ASAN"a gətirilməsi və ya onlayn təqdim olunması məqsədəuyğun sayılır. Bunlardan biri daşınmaz əmlaklara "küpça"nın verilməsidirsə, digəri avtomobillərə dövlət nömrə nişanlarının alınmasıdır. Məsələn, ABŞ-da avtomobilə nömrə almaq üçün Motorlu Vasitələr Departamentinə getmək şərt deyil. Internet üzərindən müraciət edib dövlət rüsumu ödədikdən sonra, nömrələr poçt vasitəsilə 4 gün ərzində evinizə gətirilir.



Problemlər

Bütün dövlət qurumlarının hələ də sonadək bu prosesə qoşulmaması və zəruri xidmətlərin hamısının "Elektron hökumət portalı"na inteqrasiya olunmaması e-hökumət quruculuğunu ləngidən amillərdən sayılır. Eyni zamanda geniş əhali təbəqəsinin proses barədə tam məlumatlı olmaması, e-hökumətin gətirdiyi yeni ixtisaslar üzrə peşəkar kadr çatışmazlığı, bir sıra rayonlarda "e-hökumət"in tətbiqinin gecikməsi, bəzi dövlət strukturlarının "e-hökumət"ə biganə yanaşması, bəzən elektron informasiyaların zənginləşdirirlməməsi və yenilənməməsi, korrupsiyaya meyl göstərən bəzi şəxslərin e-hökümətin tətbiqi ilə bağlı prosesdən yayınmağa cəhd göstərməsi, elektron idarəetmədə hələ də bürokratik sənədlərin mövcud olması bu sıraya aiddir.

Azərbaycanda "E-hökumət" quruculuğuna bu maneələri də sadalamaq mümkündür: elektron bank xidmətlərinin kifayət qədər inkişaf etməməsi, kartla deyil, nağd pulla alış-verişin hakim olması, bir sıra qurumların onlayn ödəmə sisteminə qoşulmaması, dövlət qulluqçularının müəyyən kəsiminin yuxarı yaşda olması səbəbilə İnformasiya Kommunikasiya Texnologiyalarından istifadə etməməsi və xidmətin tətbiqində elektron vasitələrə meyl göstərməməsi.

İnformasiya Kommunikasiya Texnologiyaları

Bəs, bu gün əhalinin informasiya-kommunikasiya texnologiyalarından istifadə səviyyəsi və internetə çıxış imkanı «elektron hökumət» layihəsinin sürətlə həyata keçirilməsinə imkan verirmi?

Harvard Universitetinin Beynəlxalq İnkişaf Mərkəzinin (The Center for International Development - CID) BMT-nin 2000-ci ildə sifarişi üzrə apardığı tədqiqatda belə bir nəticəyə gəlinmişdi ki, aşağıdaki faktorların varlığı inkişaf etmiş e-hökümət üçün şərtdir:

- tələb olunan fiziki infrastruktur (geniş zolaqlı internet xətləri, əlçatımlı qiymətlər);

- biznes sektorunun, hökümətin, QHT-lərin İKT texnologiyaları və İKT sektoru ilə inteqrasiya etmiş olması;

- İKT-nin məktəblərdə öyrədilməsi, gündəlik həyatda geniş tətbiq olunması;

- Telekommunikasiya sektorunun müstəqil qaydada tənzimlənməsi və sektorda sağlam rəqabət;

Bütün bu şərtlərin ödənməsi üçün İKT texnologiyaları gündəlik həyatın zəruri bir parçası halına gəlməlidir. Bu isə ilk növbədə ölkədə sürətli, keyfiyyətli və ucuz internetin olmasını şərtləndirir. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin məlumatına görə, hazırda Azərbaycanda hər 100 nəfərə 56 kompüter, 110 mobil telefon düşür. Əhalinin 70 faizə yaxınının internetdən yararlanmaq  imkanı olsa da, onların yalnız yarısı geniş zolaqlı internet istifadəçisidir.



geniş zolaqlı internet

Bu baxımdan ölkədə "rəqəmli fərqliliyin” azaldılması və genişzolaqlı internetin tətbiqinin genişlənməsinə zərurət duyulur. Sadə vətəndaşların «elektron hökumət»in xidmətindən tam yararlanması üçün əhalinin informasiya texnologiyları sahəsində bilik və təcrübəsinin artırılmasına ehtiyac var. Bu sahədə bölgələlərə xüsusi diqqət yetirilməsi böyük əhəmiyyət daşıyır.

Rəsmi məlumatlara görə, Azərbaycanın bütün ərazisində yüksək sürətli və keyfiyyətli geniş zolaqlı internetdən istifadənin genişləndirilməsi planlaşdırılır. Belə ki, 2013-2015-ci illəri əhatə edən fəaliyyət proqramına əsasən, "Hər evə optika" prinsipi üzrə bütün şəhər və rayonların rabitə şəbəkəsi optik kabellə təmin olunacaq.  Bununla da, nəinki paytaxtda, hətta ölkənin ən ucqar nöqtəsində belə saniyədə 100 meqabitə qədər sürətli internetdən istifadə etmək mümkün olacaq.  Əsas hədəf 2017-ci ilə qədər ölkədə genişzolaqlı internet istifadəçilərinin sayını 85 faizə çatdırmaqdır ki, bu da həmin vaxt üçün inkişaf etmiş ölkələrin səviyyəsinə bərabər olacaq.

Azərbaycanda eyni zamanda kosmik sənaye yaradılır. Prezident İlham Əliyev tərəfindən 2013-cü ilin «İKT ili» elan olunması bu sahədə işlərin daha sürətlə həyata keçirilməsinə təkan verib. 2013-cü il fevralın 8-də Azərbaycan orbitə ilk süni peykini buraxaraq az sayda olan kosmik ölkələr sırasına qoşulub. Telekommuniksiya peykimiz artıq istismara verilib. Gözləntilərə görə, peykin fəaliyyəti ölkədə müasir informasiya-kommunikasiya və rabitə sisteminin daha sürətli inkişafını təmin edərək, respublikanın bütün ərazisini yüksək keyfiyyətli internet və televiziya yayımı ilə əhatə edəcək.



prosesin sürətlənməsi üçün...

Azərbaycanda e-hökumət quruculuğunu sürətləndirmək, prosesin inkişafına nail olmaq üçün bir sıra əlavə tədbirlər görülə bilər. Dövlət qurumları ilə yanaşı, özəl sektor, QHT və bələdiyyələrin də "Elektron hökumət"də təmsilçiliyinin genişləndirilməsi müsbət addım olardı. Digər tərəfdən, bəzi xidmətlər müqabilində müəyyən bir məbləğin ödənilməsi şərti olduğundan, onlayn qaydada dövlət rüsumlarının ödənməsi sistemi işlək olmalı və buna dair məlumat ortaq elektron məlumat bazasına daxil edilməlidir.

Məsələn, Danimarkanın “e-Hökumət” portalı - dövlət qurumları, sahibkarlar və əhalini bir şəbəkədə birləşdirən və müxtəlif e-xidmətləri təqdim edən, ölkə üzrə bütün pul köçürmələrini təmin edən mərkəzdir. Hesabatlara əsasən, elektron bank hesabları vasitəsilə aparılan pul köçürmələri hər il vətəndaşların 150 milyon, biznes sektorunun isə 50 milyon avroya qənaət etməsinə səbəb olur. Hər bir danimarkalı “E-Box” - şəxsi elektron poçtuna malikdir və bütün dövlət idarələrindən, krallığın şirkətlərindən gələn məktublar həmin ünvana daxil olur. Danimarkanın "elektron hökumət" portalının xidmətləri arasında tələbə kreditləri, dövlət pensiyasının idarə olunması, gəlirlərin qeydiyyatı və sairə bu kimi xidmətlər də var.

Bundan başqa, dövlət qurumlarının arasında ortaq və bir-birilə əlaqəli məlumat bazasının olması şərtdir. Məsələn, Səhiyyə Nazirliyinin apardığı yoxlama və analizlər Daxili İşlər Nazirliyinin əməkdaşı üçün çatımlı olarsa, polis əməkdaşının vətəndaşdan sürücülük vəsiqəsi almağa yararlı olub-olmaması barədə arayış istəməsinə ehtiyac qalmaz. Çünki o, bu məlumatı onlayn şəkildə görə bilər.

Ümumilikdə, "Elektron hökumət"in inkişafı ilə bağlı atılan addımların effektivliyini təmin etmək üçün dövlət orqanları tərəfindən elektron xidmətlərin geniş tətbiqi, onların sayının və keyfiyyətinin artırılması, vətəndaşların xidmətlərdən məmnunluğunun yüksəldilməsi olduqca vacibdir.

"Elektron hökumət" portalından istifadə edənlərin sayını artırmaq üçünsə zənnimizcə, bu sahədə maarifləndirmə işləri genişləndirilməli, sosial şəbəkələrdə təmsilçilik müxtəlif maraqlı təqdimatlarla yüksəldilməli, regionlarda görüşlər keçirilməli, bukletlər paylanmalı, KİV-də məlumatlandırıcı yazıların və televiziya verilişlərin sayı artırılmalıdır.



ən son mərhələ - e-səsvermə

Dünyada e-hökümət quruculuğunun ən son mərhələsi internet üzərindən səsvermə kimi demokratik vasitənin tətbiqidir. Müasir dövrdə e-nəslin formalaşması artıq bütün xidmət və fəaliyyətlərin internet üzərindən təqdim olunmasına zərurət yaradır. Məsələn, Avropa Birliyinə üzvü olan bəzi ölkələrdə gənclərin seçkilərdə aşağı iştirak faizini müasir media, informasiya texnologiyaları vasitəsilə artırmaq mümkün olub. Hər seçicinin səsinin əhəmiyyətli olması, seçkinin vətəndaşlara qərarvermə prosesində dolayısı ilə iştirak etmək üçün şərait yaratması, namizədlər barəsində obyektiv məlumatların çatdırılması baxımından e-səsvermə və e-seçkinin tətbiqinin rolu əvəzsiz sayılır. Artıq bir neçə Avropa ölkəsində e-seçki sistemi uğurla tətbiq olunaraq, səsvermə mobil telefon vasitəsilə həyata keçirilir. E-seçki sisteminin daha ucuz, asan, az bürokratik, müdaxilə oluna bilməyən, seçkisonrası verilən səsin yoxlanmasına şərait yaradan yenilik olması e-demokratiyanın bərqərar olması baxımından "e-hökumət" layihəsinin əhəmiyyətini ölçüyəgəlməz edir.

Azərbaycan hökumətinin bütün mütərəqqi yeniliklərə açıq olması, beynəlxalq təcrübədə uğurla tətbiq olunan mexanizmlərin ölkəyə gətirilməsi və həyata keçirilməsində siyasi iradə nümayiş etdirməsi yaxın illərdə "elektron hökumət" layihəsinin uğurla yekunlaşacağını söyləməyə əsas verir. Bu baxımdan hazırlanmaqda olan 2016-cı ilədək "Elektron hökumət"in inkişafı üzrə yeni dövlət proqramından gözləntilər böyükdür.

Yekun

Sonda onu demək olar ki, müasir dövrdə informasiya-kommunikasiya texnologiyalarının durmadan inkişafı onun həyatımızdakı rolunu daha da artırır. Artıq günümüzün bir parçasına çevrilən yeni texnologiyaları bilməmək, onunla ayaqlaşmamaq mümkün deyil. Təsadüfi deyil ki, hazırda informasiya texnologiyalarından istifadə səviyyəsi cəmiyyətin inkişaf parametrlərindən sayılır. Bu texnologiyalar isə insan hüquq və azadlıqlarının reallaşmasında mühüm bir vasitəyə çevrilib. Ona görə də, yeniliklərə yiyələnin ki, hüquqlarınızdan daha geniş istifadə edə biləsiniz.



Zahir Hətəmov

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Respublikada «Elektron hökumət »: mövcud vəziyyət, problemlər, perspektiv və gözləntilər» mövzusunda elan etdiyi müsabiqə üçün













 
Yüklə 59,94 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə