14
Əslində biz şlyapadan çıxarılan ağ dovşanıq. Onunla bizim aramızda
yeganə fərq odur ki, dovşan bunun bir sehrbazlıq nömrəsində baş
verdiyini başa düşmür. Bizsə əksinə. Nəsə sirli-sehrli bir işin bir parçası
olduğumuzu hiss edirik və bütün bunların necə baş verdiyini bilmək
istəyirik.
P.S. Əslində dovşanı kainatla müqayisə etmək daha yaxşı olardı. Biz
dovşanın kürkündə tüklərin arasında yaşayan mikroskopik varlıqlarıq.
Filosoflar isə daim çalışırlar ki, bu tüklərin yuxarısına dırmaşsınlar və
sehrbazın düz gözlərinin içinə baxsınlar.
Oradasan, Sofi? Davamı olacaq...”
Sofi özündən getmişdi. Orada olmaq?! O, bu kağızları birnəfəsə
oxumuşdu!
Kim gətirmişdi bu məktubu? Hilde Moller Knaqa ad günü açıqcası
göndərən adam ola bilməzdi, çünki o açıqcada həm marka, həm də poçt
möhürü vardı. Qəhvəyi zərf isə əvvəlki iki ağ məktub kimi Sofinin poçt
qutusuna qeyri-rəsmi salınmışdı.
Sofi qolundakı saata baxdı. Üçə on beş dəqiqə qalırdı. Anası işdəydi,
hələ iki saat, hətta ondan bir az da çox evdə olmayacaqdı. O, sürünə-
sürünə yenidən bağa çıxdı, poçt qutusuna tərəf qaçdı. Yəqin bir məktub
da gəlib.
Doğrudan da üzərində öz adı yazılmış daha bir qəhvəyi zərf tapdı.
Bu dəfə Sofi çevrilib dörd bir yanını gözdən keçirdi. Heç kəs gözə
dəymirdi. Sofi meşənin kənarına yüyürdü, cığır boyu baxdı. Orada da
heç kəs yox idi. Birdən ona elə gəldi ki, meşənin dərinliyindən xəfif
çaqqıltı eşitdi. Amma tam əmin deyildi. Əmin olsaydı belə, qətiyyətlə
getməyə köklənmiş bir adamın dalınca düşmək mənasız hərəkət olardı.
Sofi evə qayıtdı. Pilləkənlə otağına qalxdı, içində qəşəng daşlar olan
böyük qənddanı əlinə aldı, daşları onun içindən götürüb yerə qoydu,
qabı boşaltdı, iri zərflərin ikisini də qabın içinə qoydu. Qabı ikiəlli
möhkəm tutub bağa tələsdi. Amma
getməzdən qabaq Şerekan üçün bir az yemək qoyub onu səslədi: “Piş-
piş-piş!”
Xəlvəti guşəsinə qayıdan kimi ikinci qəhvəyi zərfi açdı, içindən yeni
downloaded from KitabYurdu.org
15
vərəqləri çəkib çıxardı. Oxudu:
“Qəribə varlıq
Bir də salam! Gördüyün kimi, bu qısa fəlsəfə kursu sənin əlinə rahat
hissələr şəklində gəlir. Burada giriş üçün bir neçə qeyd var.
Deyəsən bayaq yazmışdım ki, yaxşı filosof olmaq üçün bizə lazım
olan heyrətlənmək qabiliyyətidir. Yazmamışdımsa, indi yazıram:
YAXŞI FİLOSOF OLMAQ ÜÇÜN BİZƏ HEYRƏTLƏNMƏK
QABİLİYYƏTİ LAZIMDIR.
Belə bir heyrət uşaqlarda olur. Bu, adi təəccüblənmək deyil. Bir neçə
ay ana bətnində qalandan sonra onlar tamamilə ayrı aləmə düşürlər.
Lakin onlar böyüdükcə heyrətlənmək qabiliyyətləri azalır. Niyə belə
olur? Bilmirsən?
Təzə doğulmuş körpə danışa bilsəydi, çox güman ki, o, necə
fövqəladə bir aləmə düşdüyünü deyərdi. Körpələrin ətrafa
necə baxdıqlarını və hər şeyə böyük maraqla əl uzatdıqlarını görmüşük.
Vaxt keçdikcə sözlər öyrəndiyindən, uşaq həmişə it görəndə deyir:
“ham-ham”. Uşaq o yana qaçır, bu yana qaçır, əl-qolunu oynadır,
dombalaq aşır... Biz uşaqlardan böyük və ağıllı olduğumuzdan bəzən
onların coşqusundan özümüzü yorğun hiss edirik. Biganə bir səslə “hə,
düzdü-düzdü, bu ham- hamdı, otur bir az”, - deyirik. İti görəndə
təsirlənmirik, onu əvvəllər də görmüşük.
İtin, yaxud filin, mamontun qeyri-adi görünüşü dəfələrlə
təkrarlanmalıdır ki, uşaq onu daha hayıl-mayıl olmadan qarşılasın.
Amma uşaq gərəkincə danışmağı və fəlsəfi düşünməyi öyrənməzdən
çox-çox əvvəl dünya adiləşir.
Məndən soruşsan, deyərəm ki, buna təəssüflənirəm.
Məncə, sən dünyanı asanlıqla qəbul edən o adamlardan biri kimi
olacaqsansa, böyümə, əziz Sofi.
Buna əmin olmaq üçün indi biz kursa başlamazdan əvvəl fikrən bir
neçə eksperiment edəcəyik.
Fərz elə ki, bir gün meşəyə gəzməyə çıxmısan. Qəfildən qarşındakı
cığırda balaca kosmik gəmi görürsən. Balaca Martin bu kosmik
gəmidən çıxır və başlayır sənə baxmağa.
downloaded from KitabYurdu.org
16
Nə düşünərdin? Eybi yox, vacib deyil. Amma heç ağlına gəlibmi ki,
Martin sən özünsən?
Əlbəttə, sənin nə vaxtsa yadplanetli bir varlıqla qarşı- qarşıya
gələcəyin inandırıcı deyil. Hətta yad planetlərdə həyat olub-olmadığını
bilmirik. Lakin sən bir gün qəfildən, eynilə belə bir meşə gəzintisində
özünlə rastlaşa bilərsən. Qəfildən ayaq saxlaya və özünü tam ayrı, yeni
bir bucaqdan görə bilərsən. Təsəvvür elə ki, fövqəladə varlıq, sehrli bir
məxluqsan. Səndə elə hissiyyat yaranır ki, ovsunlu bir röyada gəzirsən.
Mən kiməm? - soruş. Düşün ki, kainatda planetlərin ətrafında süzürsən.
Bəs kainat nədir? Özünə bu gözlə baxsan, bayaq haqqında söz
açdığımız sirli Martini anlayacaqsan. Onda sən təkcə kosmosdan olan
bir varlıq görməyəcəksən. Dərk edəcəksən ki, sən özün də fövqəladə
bir varlıqsan.
Fikrimi tutursanmı, Sofi? Gəl, başqa bir fikri eksperiment edək.
Bir səhər ana, ata, iki-üç yaşlı balaca Tomas mətbəxdə səhər yeməyi
yeyirlər.
Bir azdan Ana qalxıb mətbəx çanağının qarşısına keçir,
Ata isə, bəli, Ata, qalxır, tavanın altında süzməyə başlayır, Tomas isə
sadəcə oturub baxır. Səncə, Tomas nə deyəcək? Çox güman ki,
barmağıyla atasını göstərib deyəcək: “Ata uçur!” Tomas əlbəttə ki,
heyrətlənəcək. Zatən o, tez-tez heyrətlənir. Ata gündə elə qəribə şeylər
edir ki, yemək masasının üzərində bu kiçik uçma əhvalatı da Tomas
üçün onlardan biridir. Ata hər gün üzünü qəribə maşınla qırxır, bəzən
o, dama dırmaşır və antenanı fırladır, yaxud başını maşının altına salır
və üzü qara- qura vəziyyətdə evə qayıdır.
İndi Ananın növbəsidir. O, Tomasın nəsə dediyini eşidib çevrilir.
Səncə, o, Atanın biganəliklə mətbəx masasının üzərində süzməsinə
necə reaksiya verəcək?
Hə, o, qorxudan qışqırır və cem şüşəsi əlindən döşəməyə düşür. Ata
öz stuluna qayıdıb əyləşənə qədər (o, indiyəcən masa etiketini yaxşıca
öyrənmiş olmalıydı!) hətta Anaya təcili
yardım lazım ola bilər. Səncə, nəyə görə Tomas və onun anası belə
fərqli reaksiyalar verirlər?
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |