Dünyada ən güclü canlı



Yüklə 53,11 Kb.

tarix21.06.2018
ölçüsü53,11 Kb.


 

 

Dünyada ən güclü canlı 

 Biri var idi, biri yox idi Rəvan adında bir balaca oğlan var idi. Rəvan hər şeylə 

maraqlanır, atasına cürbəcür maraqlı suallar verirdi. Atası da bunların birinə cavab 

tapır, beşinə cavab tapmırdı. Buna görə də onu aparıb Piri baba adlı, nurani bir 

qocanın yanına qoydu ki, oğlu ondan hər şeyi öyrənsin.  

Piri baba Rəvana hər şeyi öyrədir, başa salırdı. Bir gün Rəvan Piri babaya çoxlu 

suallar verdi, Piri baba da səbrlə onun bütün suallarına cavab verməyə çalışdı:  

-Piri baba, Allahın yaratdığı sıldırım qayalardan möhkəm şey varmı?  




-Hə, mənim balam, Allahın yaratdığı sıldırım qayalardan möhkəm dəmir vardır. 

Çünki dəmir qayanı qıra bilir. 

-Baba, bəs dəmirdən qüvvətlisi necə, varmı?  

-Hə, mənim ağıllı oğlum, var. Od dəmirdən güclüdür, çünki, onu əridir.  

-Deməli, baba, oddan güclüsü yoxdur.  

-Var Rəvan bala, oddan da güclüsü var. O sudur. Çünki su odu söndürür.  

-Onda Piri baba, deməli, su hər şeydən güclüdür.  

-Yox mənim balam. Suyu insan içir və çox qüvvətli olur. Dünyada ən güclü 

insandır. 

Bunu eşidəndə Rəvanı od götürdü. Rəvan qoca müəllimi ilə razılaşmadı, onunla 

höcətləşdi:  

-Sən mənə hər şeyi tərsinə başa salırsan, dünyada ən güclü necə insan ola bilər? 

Məgər ayı istəsə bir pəncəsi ilə adamı vurub nəfəsini kəsə bilməz? Məgər pələng 

bir anda adamı parça-parça eləyə bilməz? Heç fili demirəm, onun ayağı altda bir 

dəfəyə iki adam qalıb ölə bilməz? İlan, bəs zəhərli ilan necə, o da adamlar üçün 

qorxulu deyil? 

Rəvan çox danışdı, çox heyvanlar saydı, Piri baba inadkar oğlanı güclə 

sakitləşdirdi. Piri baba oğlanın tərs xasiyyətlərindən bezmişdi.  

Ona axıra qədər qulaq asıb dedi: 

- Belə görürəm, mən səni sözümlə inandıra bilməyəcəyəm. Ona görə də sehr 

oxuyub, səni heyvana döndərəcəyəm və onların yanına göndərəcəyəm ki, onlarla 

yaşayasan və biləsən ki, kim daha çox güclüdür.  

-Mən adam, onlar heyvan. Mən onlarla nə cür bir yerdə yaşaya bilərəm ki? - deyə 

Rəvan maraqla soruşdu. 

Onda Piri baba dedi: 

-Sən bilirsən ki, mən sehr bilirəm. Saqqalımdan bir ağ tük çəkib vuracağam sənin 

başına. Həmin tükü başına vuran kimi sən gözəgörünməz olacaqsan və bir az 

keçəndən sonra balaca bir qarışqaya çevriləcəksən. Bir gün qarışqa kimi 

yaşayandan sonra çevrilib ondan böyük heyvan olacaqsan. Belə-belə böyüyərək, 

bütün heyvanlara dönəcəksən. Qorxmursansa, get, bütün heyvanlar kimi yaşa, 

ondan sonra görəcəksən ki, ən güclü məxluq kimdir.  



Rəvan üçün bu çox maraqlı idi. Düzdür, bir az qorxurdu ki, şirin, pələngin əlinə 

keçər, amma o müəlliminə sübut eləmək istəyirdi ki, adamdan çox-çox güclü 

heyvanlar var. Buna görə də fikirləşmədən razılıq verdi. 

Piri baba saqqalından bir uzun, ağ tük dartıb istədi vursun Rəvanın başına. Rəvan 

onun əlini dayandırıb dedi: 

-Qoy özümlə heç olmasa bıçaq götürüm. Bəs mən özümü heyvanlardan necə 

qoruyacağam? 

Piri baba onun sözünə gülüb dedi: 

-Məgər qarışqa özündən böyük və ağır bıçağı apara bilər? 

-Niyə sən məni pələngə, ayıya yox, məhz qarışqaya döndərirsən? 

-Çünki, qarışqanın da öz gücü var, bəzən qarışqa girir fil kimi nəhəng bir heyvanın 

qulağına, onu kar edir. Bir də dünyada ən ağır yük qaldıran heyvan qarışqadır. Heç 

bir heyvan özündən üç-dörd dəfə böyük yükü qaldıra bilmir, amma qarışqa 

qaldırır. Özü də mənim sehrimə görə sən əvvəlcə qarışqadan başlamalısan, filə 

qədər böyüməlisən. 

Rəvan naəlac qalıb razılaşdı. Piri baba saqqalından dartdığı tükü verdi ona. Oğlan 

tükü əlinə alıb başına vurdu. Piri baba oğlanı görmədi. Onu çağırdı. Gördü yerdə 

balaca bir qarışqa var, o tərəf bu tərəfə gedib gəlir. Onu götürüdü əlinə, çıxartdı 

qoydu həyətdəki qarışqaların yanına.  

Nabələd qarışqa görən kimi, qarışqalar onu yanlarından qovmaq istədilər. Amma 

bir azdan başları işə qarışdığından daha ona fikir vermədilər. Rəvan da qarışdı o 

biri qarışqalara. Qarışqalar bütün günü işlədilər. Rəvan onlardan seçilməmək üçün 

onlarla bir işləməyə çalışırdı. Amma yenə də onların tənbehindən qurtarmırdı.  

Birdən Rəvan gördü ki, qaçhaqaç düşdü. Fikir verib gördü bir qarışqayeyən 

qarışqaları bir-bir atır ağzına, ləzzətlə yeyir. Bir də gözünü açdı ki, qarışqayeyənin 

əlindədir. Tez Piri babanın saqqalının tükü yadına düşdü. Çıxartdı vurdu başına ki, 

başqa heyvana dönsün. Amma nə qədər vurdusa bir sehr olmadı ki, olmadı. Piri 

babanın ona dedikləri yadına düşdü. Piri baba ona demişdi ki, hansı heyvana 

dönsən, bir gün o heyvan kimi yaşamalısan.  

Qarışqa cildində olan Rəvan bilmədi neyləsin. Elə qarışqayeyən istədi onu ağzına 

atsın, Rəvan əlindəki tükü qarışqayeyənin ağzına soxdu. Qarışqayeyən boğulub, 

əlindəki qarışqanı yerə atdı. Rəvan, «asta qaçan namərddir» deyib, götürüldü sağ 

qalan qarışqaların yanına. Qarışqalar isə heç nə olmayıbmış kimi yuvalarına yenə 

də nə isə daşıyırdılar. Rəvan əlacsız qalıb yenə də qoşuldu onlara, başladı 

işləməyə. O, heç nə anlamırdı. Nə daşıyırdılar, niyə daşıyırdılar, hara daşıyırlar, nə 



vaxta qədər daşıyacaqlar.O, heç nə bilmirdi, amma daşıyırdı. Yanındakı qarışqanı 

dayandırıb soruşdu: 

-Bilmirsən, bu nədir belə biz daşıyırıq, hara daşıyırıq, nə üçün daşıyırıq? 

Qarışqa onun sualına əməlli cavab verə bilməyib dedi: 

-Mən özüm doğulan gündən işləyirəm, amma nə daşıdığımı, hara daşıdığımı hələ 

bilmirəm.  

Beləcə qarışqa cildində olan Rəvan bütün günü yatmadan, dincəlmədən, dayanıb 

durmadan daşıdı. Onun qolları az qala sınır, ayaqlarının altı sızıldayırdı. Bir günün 

tamam olmağını, bu zalım həyatın başa çatmağını o, səbirsizliklə gözləyirdi. Eli ki, 

qarışqa olmağının bir günü tamam oldu, o, sevincək tükü vurmaq istədi başına . 

Amma o qədər işləmişdi ki, qolu qalxmırdı ki, tükü başına vursun. Bir təhər, güclə 

tükü qaldırıb başına vurdu.  

Rəvan tükü başına vuran kimi çevrilib oldu balaca, yaşıl bir kərtənkələ. Kərtənkələ 

görkəmində olan oğlan hələ özünə gəlməmiş gördü ki, ilanlar onu əhatəyə alıb, 

mübahisə edirlər. Biri deyir mən udmalıyam kərtənkələni, bir başqası deyir yox, 

mən çox acam, şikar mənimdir. Möhkəm dava düşür. Kərtənkələ bundan istifadə 

edib, aradan çıxır. Amma yazıq kərtənkələ bununla canını qurtara bilmir. Sən 

demə, heyvanlar aləmində kərtənkələ çox dadlı yemək sayılırmış. Hara gedirsə, 

heyvanlar onu görən kimi yeməyə cumurlar.  

Kərtənkələ yaxşı ki, cəld heyvandır. Yoxsa kərtənkələ cildində olan Rəvan ilanın, 

qartalın demək olar ki, hər hansı bir heyvanın ləzzətli yeməyinə çevrilərdi. 

Beləliklə, kərtənkələ bütün gün ərzində ancaq canını qorumağa çalışırdı.  

Kərtənkələ bütün günü gəzib acmışdı. Yadına düşdü ki, iki gündür ağzına yemək 

dəymir. Gördü kolluqda bir-iki kərtənkələ var, nə isə tapıb iştaha ilə yeyirlər. 

Cumdu onların yanına. Gördü hərəsi bir yaşıl ağac qurdu tapıblar, onu ləzzətlə 

dartışdırırlar.  

Rəvan oradan aralanıb getdi , ağacın altından bir-iki meyvə qurusu tapdı, istədi 

onları yesin, gördü arxadan bir çaqqal cumdu onun üstünə. Çaqqal kərtənkələni 

qovur , o da qaçıb canını qurtarmaq istəyirdi. Çaqqal asanlıqla kərtənkələdən əl 

çəkmək istəmirdi. Kərtənkələnin artıq qaçmağa heyi qalmamışdı. Nəhəyət ki, gün 

tamam oldu. Kərtənkələ təngənəfəs tükü başına vurdu.  

Çaqqalın gözü qabağında kərtənkələ dönüb oldu bir ağ ilan. Çaqqal ilanı görən 

kimi qaçıb getdi. İlan cildində sürünən Rəvanın, torpaqda sürünməkdən heç xoşu 

gəlmədi, amma hiss eləyəndə ki, dişlərinin dibi zəhərlə doludur, özünü hamıdan 

güclü saydı. Bu lovğalıq, ilan özündən böyük, qapqara bir ilana rast gələnə qədər 

davam elədi. 




Əjdahaya oxşar qara ilan Rəvanın üstünə gələndə isə o, artıq ölümünün 

yaxınlaşdığını hiss elədi. Gücü bircə ona çatdı ki, tükü başına vursun. Amma çox 

heyf ki, başqa heyvana çevrilmək vaxtına hələ çox qalmışdı. hələ heç olmasa yarım 

gün keçməliydi ki, Rəvan ilan cildindən çıxıb böyük heyvana çevriləydi. Yazıq 

oğlan bir də gözünü açdı ki, qaranlıq bir yerdə- qara ilanın qarnındadır. Elə oradaca 

da Rəvan həyatının belə tez qurtarmağına görə ağlamağa başladı. Ürəyində Piri 

babanı qınadı. Əgər Piri baba onu şirə, pələngə, yaxud da ayıya döndərsəydi, 

Rəvan heç vaxt belə nakam ölməzdi.  

İlanlar həmişə yemlərini udar və həmin yem onların qarnında yalnız bir iki gündən 

sonra əzilib xırdalanar. Buna görə də Rəvan ilan cildində qara ilanın qarnında sağ-

salamat oturub, nə vaxt öləcəyini gözləyirdi. Birdən qara ilanın qarnı bərkdən 

partladı. Sən demə, ilan cildində olan Rəvan cildini dəyişib tülküyə çevrilmişdi 

deyə, onun yeri darısqal olmuş, qara ilanın qarnı dözə bilməyib partlamışdı. Yaxşı 

ki, ağıllı oğlan qara ilanı görən kimi vaxtında tükü başına vurmuşdu. Yoxsa bu 

nəhəng ilandan canını qurtara bilməyəcəkdi.  

Tülkü cildində Rəvan ac qalmırdı. O özündən kiçik bütün heyvanları aldadır, 

onların yemini əlindən alıb yeyirdi. O qədər qurd-quş oğurlayıb yemişdi ki, qarnı 

az qalırdı partlasın.  

Beləliklə tülkü canavara rast gələnə qədər kef elədi. O, həyatda ən çox qorxduğu 

heyvanı- canavarı görən kimi aradan çıxmaq istədi. Amma cəld canavar buna 

imkan verməyib, onun boğazından yapışdı. İstədi elə tapan kimi boğazını üzüb 

yesin, bu vaxt başqa bir canavar şikara şərik çıxaraq cumdu həmin canavarın 

üstünə. Onlar o vaxta qədər bir-birlərini şil-küt elədilər ki, Rəvanın tülkü cildində 

olmağının günü tamam oldu. Tülkü dırnaqları arasında gizlətdiyi tükü götürüb, 

başına vurdu. Elə həmin vaxtda da çevrildi böyük bir pələngə. Canavarlar pələngi 

görən kimi elə tez aradan çıxdılar ki, elə bil yox oldular.  

Bunu görən Rəvan gülməkdən uğunub getdi. Doyunca güləndən sonra gedib bir 

gölməçədə öz əksinə baxdı. Pələng olmaq ona necə də yaraşırdı. Boylu-buxunlu, 

qamətli, özü də güclü. Ürəyində öz-özünə fikirləşdi ki, bəlkə heç tükü başına 

vurmasın, həmişəlik pələng qalsın? Heç adamların yanına da qayıtmasın. Hərə 

adama bir göstəriş verir. Burada qalıb ürəyi istəyəni eləsin. Bu fikirlərlə başladı o 

meşədə gəzməyə.  

Amma meşədə pələng olmaq doğrudan da çox yaxşıdır. Meşədə elə heyvan yoxdur 

ki, səndən qorxmasın. Bütün heyvanlar sənə hörmət edirlər. Əllərinə düşən dadlı 

şeyi qorxudan gətirib sənə verirlər. 

Beləcə günün çoxunu pələng şah kimi gəzdi. Fikirləşdi ki, Piri babaya sübut 

edəcək ki, ən güclü məxluq pələngdir. Elə bu fikirdə idi ki, özündən çox böyük 

şirlə rastlaşdı.  




Şir onu görən kimi gözlərini nifrətlə bərəltdi. Elə şahlıq iddiasında olan pələngin 

fikirlərini oxuyurdu. Qəzəbindən nərə çəkdi. Öz səsindən özü vəhşiləşdi. Qəfilədən 

dayandığı yerdən pələngin üstünə cumub, onun boğazından elə yapışdı ki, pələng 

boğazını onun iti dişləri arasından güclə qopartdı. Qanlı bir əlbəyaxa başlandı. 

Pələng qanına qaltan olmuşdu. Şir iri, bıçaq kimi dişlərini bir dəfə də ona 

batırsaydı, yəqin ki, pələngi oturub iştahla yeyə biləcəkdi. Pələngin var qüvvəsi ilə 

vuruşmasına baxmayaraq, şirin heç bir yeri də qanamamışdı. Pələng vuruşa-vuruşa 

günün batmasını gözləyirdi ki, tükü başına vursun. Günəş də batmırdı ki, batmırdı. 

Axır ki, pələngin son nəfəsində nəhayət ki, istənilən vaxt gəlib çatdı. Günəş 

batmağa başladı. Pələng qanlı pəncəsi ilə dırnaqlarının arasında gizlətdiyi tükü çox 

böyük əziyyətlə qaldırıb başına vurdu və huşunu itirdi.  

Rəvan hannan-gecdən özünə gəldi. Düzdür, heç bir yeri ağrımasa da, ürəyi hələ də 

qorxudan əsirdi. O bir gölməçə axtarıb tapdı ki, bir qurtum su içsin. Elə başını 

təzəcə əymişdi ki su içsin, uzun eybəcər qulaqlarının əksini suda gördü. O nəyə 

dönsə idi yaxşı idi, boz bir eşşəyə. Bəli, Rəvan doğrudan da eşşəyə dönmüşdü. 

Rəvanın özündən zəhləsi getdi. Yaraşıqlı bir pələng olandan sonra eybəcər bir 

eşşək olmaq onun heç ürəyindən deyildi. Amma neyləyə bilərdi? Bir gün 

gözləməli idi. Bir də fikirləşdi ki, qoy görüm eşşəyin həyatı necə olur? O ev 

heyvanıdır, yəqin meşədəki vəhşi heyvanlardan fərqli olaraq, onun güzəranı yaxşı 

olar. Düşməni də olmaz.  

Eybəcər bir eşşək libasında olan Rəvan, bir az yaşıl meşədə gəzişib, ləzzətli 

otlardan yeyəndən sonra uzanıb özünü günə verməyə başladı. Birdən bir qoca 

arvad gəldi onu döyə-döyə çıxartdı düz dağın başına. O eşşəyi çırpa-çırpa hələ 

üstəlik deyinirdi də: 

-Mənim eşşəyimi oğurlayıblar, mən də kimin eşşəyi olsa tutub işlədəcəyəm. 

Rəvan arvadın ürəkdən çırpdığı qamçıların ağrısına dözə bilməyib dedi: 

-Ay arvad, bir insafın olsun. Hara deyirsən, ora da gedirəm. Axı məni niyə bu 

qədər çırpırsan? Bir de görüm, mənim günahım nədir?  

Deyingən arvad eşşəyin anqırtısından savayı, heç nə başa düşməyib, onun üstünə 

qışqırdı: 

-Anqırma, başım ağrıyır, eşşəyin biri eşşək!  

Bunu deyib, üstəlik bir-ikisini də çırpdı Rəvana. Sonra yığdığı üç eşşəyin odununu 

yığdı onun belinə. Eşşəyin yükü çox ağır olduğundan, beli əyilmişdi. Onun beli 

ağrıyır, yükü güclə çəkirdi. Bir az yavaş yeriyəndə isə arvad tikanlı çubuqla elə 

çırpırdı eşşəyin yanlarından ki, Rəvanın gözlərindən od çıxırdı. Rəvan buna dözə 

bilmir, nə isə demək istəyəndə isə arvad tikanlı çubuqla onu daha da bərkdən vurub 

deyirdi: 



-Demədim sənə anqırma, başım ağrıyır? 

Bunun bir axırı olmalıydı. Amma arvad bütün günü eşşəyi işlədir, onu dincəlməyə 

qoymurdu. Beləcə eşşək, boynuna qoşulmuş araba ilə deyingən arvad üçün iki gün 

işlədi. Araba eşşəyə elə qoşulmuşdu ki, eşşək əlini qaldırıb başına apara bilmirdi 

ki, tükü başına vurub eşşəklikdən canını qurtarsın.  

Səhərisi gün yenə arvad səhərdən gün batana qədər eşşəyi meşədə işlətdi. Evə 

yorğun qayıdan eşşək, sevindi ki, indi yükü boşaldacaqlar, onun da canı 

qurtaracaq. Təəsüf ki, belə olmadı. Arvad sərin su ilə əl-üzünü yudu, çay-çörəyini 

yeyib qurtarandan, hələ bir xeyli də yatıb dincələndən sonra, durub eşşəyin yükünü 

boşaltdı.  

Eşşəyin isə az qala bağrı çatlayırdı. Elə ki, onun əlləri açıldı, Piri babanın ona 

verdiyi saqqal tükünü tez başına vurdu. O saatca çevrildi gözəl, qamətli bir ağ ata.  

-Bax bu başqa məsələ, - deyə at, - yəni Rəvan, öz-özünə dedi.  

Arvad eşşəyin səmtinə baxanda gördü ki, onun yerində gözəl bir at var. Tez atı 

həyətdən saldı bayıra. Belə gözəl atlar həmişə ya qazinin olur, ya da kəndin 

mollasının. Qorxdu ki, görələr onun həyətində belə at var, deyərlər oğurlayıb.  

At isə bir az kəndin içi ilə gedən kimi kəndin cavanları onu aparıb saldılar cıdır 

yarışmasına. Yarışmada hamıdan gec qaçan ağ at, hamının zəhləsini tökdü. 

Başladılar ona daş, kəsək atmağa. At qaçıb meşənin qaranlıq bir yerində gizləndi. 

Vaxtın tamam olmağını gözləyən Rəvanın, at olmaqdan da zəhləsi getdi. Tükü 

vurub başına, ağrılar içində yuxuya getdi. 

Ayılında isə özünü ayı cildində görüb, çox sevindi. Ayı bütün günü meşədə 

istədiyini yeyir, doyanda da yıxılıb yatırdı. Özünü meşədə sultan sayırdı. Heç 

nədən qorxmurdu.  

Bu sultanlıq yalnız ovçular meşəyə gələnə qədər davam elədi. Elə ki, ovçular gəldi, 

gələn kimi də ayını gördülər. Ayı cildində olan Rəvan adamların əlindən yanıqlı 

idi. Bir nərə çəkib onların üstünə cumdu ki, onlardan heç olmasa birini parçalasın. 

Amma qoşalülənin qulaqbatırıcı səsi onun hirsini soyutdu. Qaçıb tüfəngdən canını 

qurtarmaq istəyirdi ki, düşdü ovçular düzəldən tələyə.  

Tələ ayı üçün çox darısqal olduğundan, ayı tərpənə bilmirdi. Tələnin divarlarını bir 

az qazmağa başladı ki, tələdən çıxsın, bu vaxt ovçular tələyə yaxınlaşdılar. Ayının 

tələyə düşdüyünə çox sevindilər. Onlardan ayıya oxşayanın biri dedi: 

-Tələni mən düzəltmişəm, ona görə də ayı mənim olmalıdır.  

Üç ovçu arasında ayının üstündə dava düşdü. Bir xeyli dava edəndən sonra 

razılaşdılar ki, onlardan biri ayını camaatın qabağında oynatsın, nə qədər pul 



yığılsa, onu yarı bölsünlər. Taxtadan qəfəs düzəldib ayını saldılar ora. Apardılar 

evlərinə.  

Bütün günü qəfəsdə qalan ac ayını səhər açılan kimi apardılar meydana. Onun 

boynunu zəncirlə bağlayıb, zəncirin ucunu əllərində tutdular. Ayını meydanda 

fırladaraq çubuqla vurur, onu cürbəcür oyunlar çıxarmağa məcbur edirdilər. Ayı 

camaat istədiyini edir, bunun əvəzində isə kimsə ona bir parça şirni verir, ya da bir 

parça çörək atırdı. Yazıq gündə olan ayı isə bunları sevincək yeyirdi.  

Rəvan ayı da olsa öz gününə acıdı. Yenə yazıq-yazıq başını qaldırıb günəşə baxdı 

ki, vaxtı tamam olanda tükü başına vursun. Vaxta isə hələ xeyli qalırdı.  

Camaat dağılışdı. Kimisi günorta namazına, kimisi isə günorta yeməyinə getdi. 

Ayının yiyəsi onu bağladı yoğun gövdəli bir qoz ağacına. Özü də bir az aralıda 

uzanıb yatdı. Gün batana qədər burada bağlı qalan ayının ciyəri susuzluqdan alışıb 

yanırdı. O bir-iki dəfə istədi zəncirini qırsın, gücü çatmadı. Bir müddət bağlı 

qalandan sonra nəhayət ki, günəşə baxanda vaxtın tamam olduğunu bildi. Tükü 

vurdu başına.  

Rəvan axır ki, arzusuna çatdı. O fil olmağı səbirsizliklə gözləmişdi. Rəvan elə 

bilirdi ki, fil olarsa, dünyanın ən nəhəng və qüdrətli bir canlısı olar. Onu heç bir 

canlı incitməz. Ona heç kəsin gücü çatmaz. O, meşədə dərdsiz-sərsiz gəzməyə 

başladı. Özünü elə qüdrətli hesab edirdi ki, ayağının altında qalan heyvanları görsə 

də, onlara əhəmiyyət vermir, güya ki, onların qışqırtısını eşitmirdi. O, böyük 

ilanları təpiklə vurub bir tərəfə atır, heyvanların yuvasını dağıda-dağıda gəzirdi. 

Rastına adam da çıxanda xortumu ilə vurub bir tərəfə tullayırdı. O həm də Piri 

babaya danışmaq istəyirdi ki, fil olanda heyvanların və adamların başına nə oyun 

açıb.  


Camaatın arasına səs-küy düşdü ki, haradansa meşəyə vəhşi bir fil gəlib, hər şeyi 

dağıdır. Hamı yığışdı bir yerə ki, filin vəhşiliyinin qarşısını almaq üçün bir şey 

fikirləşib tapsınlar. Onlar əvvəlcə böyük bir çala qazdılar. 

Fil cildinə girmiş Rəvan belə tələlərdən çox görmüşdü deyə, tələnin üstündən 

üsulluca keçdi. Heyvan olandan bəri camaat onu nə qədər incitmişdisə, Rəvan 

istəyirdi ki, fil cildində olarkən onlardan qisasını alsın. Bu fikirlə də o, kəndə tərəf 

gedirdi ki, kənddəki evləri dağıtsın, adamlar ondan qorxsun.  

Fil elə bilirdi ki, böyük heyvanları ancaq yerdə qazılmış tələ ilə tuta bilərlər. Ona 

görə də o ancaq yerə diqqətlə baxırdı ki, adamlar qazdıqları tələyə düşməsin. 

Birdən filin heç gözləmədiyi bir iş baş verdi. Onun dörd ayağının dördü də 

zəncirlərə dolaşdı və o, dörd ağaca böyük halqalı zəncirlərlə bağlanmış «zəncir 

tələsinə» düşdü. Nəhəng filin ayaqları göydə, başı yerdə, belə vəziyyətdə, dörd 

ağacın arasında asılı vəziyyətdə qaldı. Neçə vaxtı belə qaldı, neçə gün belə qaldı, 

yadında deyil, bir də onu gördü ki, on-on beş adam çaydan su daşıyıb onun üstünə 

tökür ki, ayılsın. Onlardan biri, sümükləri arıqlıqdan çıxmış bir qoca deyirdi: 



-Axı belə güclü, qüdrətli bir heyvanı niyə öldürürsünüz? Ona azca bulur otunun 

dəmlənmişindən verin içsin, görün necə sakitləşir. Sonra onunla odun daşıyın, neçə 

nəfər istəyirsiniz minin onun üstünə, sizi hara istəyirsiniz aparsın. Özü də canı bərk 

heyvandır, az yesə, çox yesə ona kar eləməz, nə qədər işlədirsən işlət, at kimi, 

eşşək kimi tez yorulan heyvan deyil.  

Hamı qoca ilə razılaşdı. Getdilər bulur otu dəmləyib gətirsinlər, içirtsinlər filə, fil 

tez yekə dırnaqlarının arasında gizlətdiyi tükü götürüb vurdu başına. Nəhayət ki, o, 

əvvəlki kimi yaraşıqlı oğlana çevrildi.  

Rəvan Piri babanı görən qaçıb onu qucaqladı və dedi: 

-Baba, sənin dediklərini eşitmədiyimə görə məni bağışla. Başıma gələn 

müsibətlərdən sonra mən əmin oldum ki, dünyada ən güclü, ağıllı canlı məxluq 

adamdır. Heç bir güclü heyvan adama qalib gələ bilməz. Çünki adam öz ağlı ilə 

hamıdan güclüdür.  

Piri baba Rəvanın alnından öpdü. Belə az bir müddətdə hər şeyi dərk edib, başa 

düşməsindən razı qaldı.  

Rəvan başına gələnləri danışandan sonra Piri baba uşağın sağ qalmağına sevindi. 

Bundan sonra Rəvan böyüyüb ağıllı və güclü bir cavan oldu.  

Nağılımız da burada axıra çatdı. Göydən ikicə alma düşdü. Biri qırmızı, biri sarı. 



Sarı alma mənim, sən deyəsən qırmızı alma xoşlamırsan, onda, o da nağıl deyənin. 

 



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə