Dünyada ən uca zirvədir Ana



Yüklə 20,08 Kb.
tarix12.10.2018
ölçüsü20,08 Kb.
#73776

Dünyada ən uca zirvədir Ana

 Ulu öndər Heydər Əliyevin Azərbaycan qadını ilə bağlı fikirləri olduqca qiymətlidir: "Azərbaycan xalqı həmişə qadına, onun cəmiyyətin həyatında oynadığı rola, tutduğu yüksək mövqeyə böyük hörmətlə yanaşmışdır. Xalqın ən əziz, qiymətli və müqəddəs hesab etdiyi Vətən, torpaq, dil anlayışları ana adı ilə bərabər tutulmuşdur. Qadın adına göstərilən dərin ehtiram, sonsuz ana məhəbbəti söz və sənət abidələrimizdə öz parlaq təcəssümünü tapmışdır. Ədəbiyyatımızın və mədəniyyətimizin görkəmli nümayəndələri öz əsərlərində Azərbaycan qadınının mərdliyini, gözəlliyini, mənəvi saflığını vəsf etmişlər".

Könlümün nuru, canım ana,

Böyütdün sən məni yana-yana.

Odlusan gün kimi, bir qaynar həyat kimi,

Borcluyam mən sənə, sənə bir övlad kimi,

Əziz ana.

Ana! Bu sözdə nə qədər dərin məna, nə qədər böyük hikmət var. Ana! Bu üç hərfdən ibarət sözdə nə qədər məhəbbət, nə qədər qayğı,sevgi cəmləşib. Ana kimdir? Ana-bu gün həyatda yaşamağımız üçün ona borclu olduğumuz, südüylə dil açdığımız zərif bir varlıqdır. O, elə bir varlıqdır ki, dünyanın bütün dahiləri, cahangirləri onun qarşısında diz çökmüşdür. İnsan qanı tökməkdən yorulmayan cəllad da, həyat eşqi ilə coşan yeniyetmə də, dünyanın hər üzünü görmüş ağsaçlı qocalar da bu ada sitayiş edir.

Ana! Ana!.. O adın qarşısında bir qultək

Həmişə səcdədə olmaq mənə fəxarətdir;

Onun əliylə bəla bəhrinə yuvarlansam,

Genə xəyal edərəm bəzmi-istirahətdir.

Ana! Yaratmaq, yaşatmaq rəmzi olan müqəddəs varlıq, nadir insan, müqayisəsiz şəxsiyyət bildiyimiz ana! Belə bir insan qədər qiymətli nə ola bilər? Yalnız hamının müqəddəs sandığı, öz canından çox sevdiyi ana ola bilər, ana!

İnsan analıq, övladlıq duyğularını dərk edən vaxtdan ana varlığı, “ana” sözü onun ülviyyəti olmuşdur. Bəşəriyyətin yaratdığı bütün xariqələr, öz gücünü, mayasını, ilk sıçrayış nöqtəsini, istinadgahını, ana qucağından götürür. Hər şeyin əvvəli anadan başlayır. Əlifbadakı ilk hərfin də “a” ilə başlaması təsadüfü deyil. Biz dilimizi də “ana dili” adlandırırıq. Çünkü bizə ilk dəfə doğma dilimizi də öyrədən ananın özüdür.

Savadsızdır mənim anam

Ancaq mənə say öyrədib

Al öyrədib

İl öyrədib

Ən vacibi dil öyrədib mənim anam.

Mən bu dildə hiss etmişəm,

Həm sevinci, həm də qəmi.

Bu dil ilə yaratmışam,

Hər şerimi, hər nəğməmi.

Yox, mən heçəm

Mən yalanam,

Kitab-kitab sözlərimin

Müəllifi- mənim anam.

Ana qucağı! O ən müqəddəs, ən pak, ən qərəzsiz və ən təhlükəsiz isti yuvadır. Orada insan dünyanın bütün dərdlərindən, bəlalarından uzaqdır. Biz bütün gücümüzü, qüdrətimizi oradan götürürük. Ana qucağı vətəndir, doğma torpaqdır, təsadüfi deyil ki, bizim dilimizdə “ana” sözü ilə “vətən” sözü sinonimdir. Bütün böyük şəxsiyyətləri böyüdən, onları dahiliyə qaldıran da ana nəğməsidir, ana südüdür, ananın danışdığı nağıllardır. Böyük ingilis filosofu Q.Bokl çox gözəl demişdir: “Maraqlıdır ki, böyük dahilərin əksəriyyətinin gözəl anaları olmuşdur. Dahilər atalarından çox, analarından öyrənmiş, ana tərbiyəsi ilə yüksəlmişlər.”

Ana, ana!..B kəlmənin vurğunuyam əzəldən,

Onu gözəl anlatmaz düşündüyüm satırlar;

Ana olmaz bizə hər bir “yavrum” deyən gözəldən,

Çünki onun xilqətində ayrıca bir füsün var.

Məhəmməd peyğəmbərin ən gözəl kəlamlarından birini xatırlayaq: “Cənnət anaların ayaqları altındadır”. Dünyanı cənnətə və cəhənnəmə çevirənləri dünyaya gətirən də analardır, hamıdan çox sarsılan, sevinən də analardır. Məhəbbəti, fədakarlığı, sədaqəti ilə qadın ana olmaq səadətini ən ali, ən müqəddəs borc bilir.

Qədim söz abidəmiz olan “Kitabi-Dədə Qorqud”da ana Allahla eyniləşdirilir. Çünki ana da Allah kimi yaradıcıdır. “Dədə Qorqud” qəhrəmanlarından Uruz ana haqqını, “tanrı haqqı” adlandırır. Qazan xan, var-dövlətindən də, arvadından da, oğlundan da anasını üstün tutur. O, düşməndən yalnız qoca anasını istəyir. Demək olar ki, “Kitabi-Dədə Qorqud” boyları ana və analıq haqqında dərin və mənalı, müdrik və əzəmətli nəğmələrdir.

Əsrlərdən bəridir anaların isti, doğma nəfəsiylə nəsillər yetişir. Ömrümüz boyu anaya, Vətənə özümüzü borclu bilirik. Analar insanları sülhə, sədaqətə, xoşbəxtliyə səsləyirlər.

Gözəlliyin və zərifliyin simvolu-Qadın, Ana.

Adın şərəflidir sənin, ey qadın!

Dahilər anası çağrılır adın.

Qadın ilahi qüvvə, ulu varlıqdı. Alilik, adillik timsalıdı. Yaradan, yaşadan, qoruyan, saxlayandı. El anasıdı, dünyalar dünyasıdı. Bəşərə zinət, insanlığa şöhrətdi. Qadın ucalıq, ülvilik timsalıdı. Gözlərə işıq, qəlblərə yaraşıqdı. Ana vətəndi, vətən də ana...

Dünyaya Nizami, Nəsimi, Füzuli və neçə-neçə dahilər bəxş edən şərq anaları öz əcdadları ilə fəxr edə bilərlər. Söz sərraflarımız qadın gözəlliyini, qadın məhəbbətini vəsf etməklə, həyatın mənasını, dəyərini məhz bu mənəvi xəzinədə axtarıblar. Dünyanı fəth edən sərkərdələrin bəzən qadın qəlbini özünə ram etməyə gücü, qüdrəti çatmayaraq acizləşib. Qadın iradəsi, sədaqəti tükənməzdir. Onun iki damla göz yaşı kimi təmiz, səmimi etirafı qarşısında ən ali qanunlar belə gücsüzdür.

Azərbaycan qadının həyatı bir örnəkdir, nümunədir. Məlumdur ki, qadınlar dünya tarixinin hər bir dövründə sülhün, əmin-amanlığın təminatçısı olmuşdur. Onlar gələcək nəsillərin maraqlarının müdafiəsi ilə daim məşğuldurlar, ölkələrin və mədəniyyətlərin bir-birini daha yaxşı tanımaları üçün qüvvələrini səfərbər edirlər. Azərbaycan tarixi qəhrəman qadınlarımızın şücaəti ilə zəngindir. Onların arasında diplomatlar, hökmdarlar, hətta sərkərdələr də olub. Bu gün artıq alim, mühəndis, həkim, müəllimlər içərisində qadınlar böyük əksəriyyət təşkil edir. Bütün bunlarla yanaşı, Azərbaycan qadını ailə dəyərlərinin qorunub saxlanması kimi mühüm bir sahədə də öz layiqli töhfəsini vermişdir.

Qadın-günəş, cocuq-ay... nuru ay günəşdən alır.

Qadınsız ölkə çapuq məhv olur, zavallı qalır.

Qadınlar cəmiyyətin bəzəyi, gözəlliyidir. Azərbaycan qadınları öz ağıl və zəkalarına, bilik və istedadlarına, eyni zamanda gözəlliklərinə görə dünya qadınları içərisində çox yüksək yer tuturlar. Azərbaycan tarixinin elə bir dövrü olmayıb ki, Azərbaycan qadını öz zəkası, hünər, qeyrəti ilə həmin dövrün rəmzi kimi parlayıb bu günə işıq saçmasın. Azərbaycanın Tomris, Sara xatun, Burla xatun, Məhsəti Gəncəvi, Natavan,Tutu Bikə kimi görkəmli şəxsiyyətləri olub.

Bizim aqil babalarımız ömür yoldaşlarına arxa kimi, məslək yoldaşı kimi baxmış, onları özlərinə silahdaş bilmişlər. Koroğlunun Nigarı, Nəbinin Həcəri öz ərlərinə yalnız qadın olmamış, həm də məsləkdaş olmuş, onlarla çiyin-çiyinə vuruşmuş, onların yolunda ölümə getmişlər.

Təqvimin səhifələrində əlamətdar günlər, tarixi bayramlar çoxdur. Lakin həmin günlər, bayramlar içərisində eləsi də var ki, həmin gün üçün biz nənə və analarımız, bacılarımız üçün ən gözəl hədiyyə hazırlayırıq. Həmin əlamətdar gün 8 Mart- dünya qadınlarının bayramı günüdür.

8 Mart- qadın və gözəllik bayramı kimi qeyd olunur. 8 martın Beynəlxalq Qadınlar Günü kimi qeyd olunması tarixi inqilabçı Klara Setkinin adı ilə bağlıdır. 1977-ci ildə BMT 8 martı “Beynəlxalq Qadınlar Günü” kimi elan etdi və bu bayram sevgi, diqqət bayramı kimi tarixə düşdü. Bu gün qadınlar gül-çiçək, müxtəlif hədiyyələr, həmçinin gözəl sözlərlə mükafatlandırılır. Bahar ətirli, bu gündə yaşından asılı olmayaraq bütün qadınlar özlərini hamıdan xoşbəxt, gözəl və ən əsası arzulanan qadın kimi hiss edir.

Qadın gülərsə şu issız mühitimiz güləcək

Bəşəriyyət qadınla yüksələcək.

Bu gün ilə bağlı qadınlar çalışan təşkilatlarda bu bayram geniş qeyd olunur. Bu bayram ilə əlaqədar bir sıra tədbirlər planı hazırlanır. Kitabxanalarda sərgilər tərtib olunur, söhbət, səhərcik və ədəbi-bədii gecələr təşkil olunur. Sərgi müxtəlif başlıqlarla tərtib olunmalıdır.

Sərgidən nümunələr :

1. “Həyatımızın bəzəyi Qadınlar”.

2. “Gözəlliyin və zərifliyin təccəsümü”.

3. “Bəşəriyyətin əbədi tacı –Ana”.və s.

Sərgidə kitab, qəzet, jurnal materiallarından istifadə olunur.

Tədbirlər:

1. “Qadınlar-kainatın günəşi”.



2. “Həyatımızın bəzəyi qadınlar”.

3. “Qadınlar-kainatın günəşi” və s.
Yüklə 20,08 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə