1
Dünyaya həqiqəti çatdırmaq istəyən
tənha insan - Cek London
Görkəmli Amerika yazıçısı Cek Londonun 140 illik
yubileyinə həsr olunmuş metodik vəsait
Bakı - 2016
2
Tərtibçi:
Təranə Hacıyeva
Redaktor və buraxılışa məsul: Zahirə Dadaşova
Dünyaya həqiqəti çatdırmaq istəyən tənha insan – Cek
London: Cek Londonun 140 illik yubileyinə həsr olunmuş
metodik vəsait / tərt. ed. T.Hacıyeva; red. və bur. məs.
Z.Dadaşova; F.Köçərli adına Respublika Uşaq Kitabxanası.
– Bakı, 2016. – 23s.
3
Tərtibçidən:
Bu vəsait görkəmli Amerika yazıçısı Cek Londonun
140 illik yubileyi münasibətilə F.Köçərli adına Respublika
Uşaq Kitabxanası tərəfindən hazırlanmışdır.
Cek London çox maraqlı, macəra dolu həyat sürmüş,
şəxsiyyəti və əsərləri ilə bu gün də geniş oxucu kütləsi
tərəfindən sevilən bir yazıçıdır. O, hələ dünyaya
gəlməmişdən taleyinə qalmaqallı məşhurluq yazılmışdı.
Belə ki, 1875-ci ilin iyununda San-Fransisko sakinləri
qəzetdə belə bir məlumat oxudular: “hamilə gənc qadın odlu
silahdan gicgahına atəş açaraq intihara cəhd etmişdir”. Buna
səbəb isə uşağın atasının hələ dünyaya gəlməmiş körpəni
məhv etmək tələbi idi. Bu qalmaqalın qəhrəmanları gələcək
yazıçının anası və atası Flora Uellman və astroloq professor
Çeni idilər. Lakin xoşbəxtlikdən bu hadisə faciə ilə
nəticələnmir, balaca Cek dünyaya gəlir. Atası isə ömrünün
sonuna qədər Cekin atası olduğunu qəbul etmir. London
soyadını isə ona atalığı Con London verir.
Cek
London
yaradıcılığa
erkən
yaşlardan
başlamışdır. Onun yaradıcılığının erkən dövrlərində qələmə
aldığı əsərləri (“Şimal Odisseyası”, “Cənub dənizlərinin
nağılları”) təbiətə sevgi ilə, macəraçı romantika ilə diqqəti
cəlb edir. Onun həmin dövrlərdə yazdığı əsərlərinin
qəhrəmanları şəhərdən uzaqda yaşayan enerjili, dostluğa
sadiq insanlardır. Onun bir şox əsərlərində (“Bəyaz Diş”,
“Əcdadların harayı”, “Maykl, Cerrinin qardaşı”) heyvanlar
dərin bilgi və sevgi ilə təsvir olunur.
C.London siyasi görüşlərinə görə bir sosialist idi. O,
həqiqi azadlığa qovuşmağın yolunu ictimai ədalətsizliyə
4
qarşı mübarizədə görürdü. Yazıçı 1907-ci ildə qələmə aldığı
“Dəmir daban” əsərində bu fikirlərini inkişaf etdirmişdir.
200-dən çox hekayə, 20 roman və 3 pyesin müəllifi
olan Cek Londonun yaradıcılığı orijinallığı, zəngin
təxəyyülü, gözlənilməz gedişləri və cəsarəti ilə seçilir. Çox
qısa, cəmi qırx il ömür sürsə də, yazıçı və onun insan
iradəsinin sarsılmazlığını, insanın məğlubedilməzliyini,
cəsarətini tərənnüm edən əsərləri hər zaman insanlarda
maraq doğurmaqdadır. Bu əsərlər heç şübhəsiz ki, gələcək
nəsillərin də sevərək oxuyacağı əsərlər olmaqda davam
edəcək.
Bu vəsaitin yazılmasında məqsəd dahi yazıçının 140
illiyi münasibətilə məktəbli və yeniyetmələrdə, gənclərdə
onun haqqında olan məlumatı genişləndirmək,
təhsil,
mədəniyyət müəssisələrində keçiriləcək tədbirlərə köməklik
göstərməkdən ibarətdir.
I Hissə
Həyatı və yaradıcılığı
Görkəmli Amerika yazıçısı, ictimai xadim, əsasən
macəra romanları və hekayələrinin müəllifi kimi şöhrət
tapmış Cek London (Con Qriffit Çeyni) 12 yanvar 1876-cı
ildə San-Fransiskoda anadan olmuşdur. Onun anası Flora
Vellman musiqi müəllimi, atası Vilyam Çeyni astroloq
olmuşdur. Lakin V.Çeyni ömrünün sonuna kimi Cekin atası
olduğunu qəbul etməmişdir. 1876-cı ildə Flora Vellman
Vətəndaş müharibəsi veteranı olan Con London adlı şəxslə
5
ailə qurur. C.London gələcəyin yazıçısını oğulluğa götürür
və ona öz adını və soyadını verir (Cek Con adının
qısaldılmış formasıdır). Həmin illərdə ABŞ-da güclü iqtisadi
böhran yaşanırdı, minlərlə insan öz iş yerlərini itirirdi. Cekin
ailəsi daim ehtiyac içərisində yaşayırdı, tez-tez yaşayış
yerini dəyişməyə məcbur idi. Nəhayət, Londonlar ailəsi
San-Fransisko
yaxınlığındakı
Oklend
şəhərində
məskunlaşırlar və balaca Cek burada ibtidai sinifi başa vura
bilir.
Cek London erkən yaşda əmək fəaliyyətinə
başlamışdır. O, təhsilini davam etdirməklə yanaşı, qəzet
satır, parkda pivə pavilyonlarında xadimə işləyir. On dörd
yaşında məktəbi bitirən Cek London konserv fabrikinə fəhlə
işinə qəbul olur. Lakin burada iş ağır olduğundan Cek
tezliklə işdən çıxır və müstəqil şəkildə balıq, ilbiz tutmaqla
məşğul olur. “Balıqçı gözətçisinin hekayələri” yazıçının
həyatının bu dövrünə həsr olunmuşdur.
C.London 1893-cü ildə Yaponiya sahillərinə və
Berinq dənizinə üzən sənaye gəmisinə matros düzəlir. Bu
səfər yazıçıya çoxlu təəssürat qazandırır və bu təəssüratlar
onun bir çox hekayə və romanlarının əsasını təşkil edir
(“Dəniz qurdu” və s.). Dənizçilikdən sonra Cek London bir
müddət fabrikdə, daha sonra camaşırxanada ütüləyici,
yanğınsöndürən işləyir (“Martin İden” əsəri bu illərdə
qələmə alınmışdır).
Yazıçının “Yaponiya sahillərində tayfun” adlı ilk
oçerki 12 noyabr 1893-cü ildə San-Fransisko qəzetlərindən
birində nəşr olunur. Onun ilk dəfə mükafata layiq görülən
bu oçerki ədəbi karyerasının da əsasını qoyur.
6
1894-cü ildə Vaşinqtonda işsizlərin yürüşündə iştirak
edən C.London həbs olunur və bir ay həbsxanada qalır.
Fiziki əməklə həyatda nəyəsə nail olmağın mümkünsüz
olması qənaətinə gələn C.London yazıçı olmaq gərarına
gəlir. Yürüş zamanı o, ilk dəfə sosialist ideyaları ilə tanış
olur. Bu ideyalar ona çox böyük təsir göstərir. 1895-ci ildə
Amerika Sosialist Əmək partiyasına daxil olan C.London
1900-cü ildən Amerika Sosialist Partiyasının üzvü olur.
Lakin 1914-cü ildə partiyadan xaric olur.
Bütün bu macəralardan sonra evə qayıdan Cek
təhsilini davam etdirməyə qərar verir. Lakin təhsilin
tempindən narazı olduğundan məktəbi tərk edir və özü
müstəqil şəkildə universitetə hazırlaşır. İmtahanları uğurla
verən C.London Kaliforniya universitetinə daxil olur, amma
təhsilini davam etdirməyə maddi vəsaiti olmadığından
üçüncü semestrdən universiteti tərk edir.
1897-ci ildə əksər insanlar kimi “qızıl qızdırması”nın
təsirinə məruz qalan C.London Alyaskaya gedir. O, burada
qızıl tapmasa da, gələcək yaradıcılığı üçün çoxlu personajlar
qazanır. Şimal qışının bütün çətinliklərini dadmış Cek 1898-
ci ildə San-Fransiskoya qayıdır. Alyaskadan qayıtdıqdan
sonra, 23 yaşında ciddi ədəbi yaradıcılıqla məşğul olmağa
başlayan C.Londonun ilk şimal hekayələri toplusu “Canavar
oğlu” 1900-cü ildə çapdan çıxır. Bu kitabın ardınca
yazıçının yeni kitabları işıq üzü görür: “Atalarının Tanrısı”
(1901), “Şaxtanın övladları” (1902), “İnsana inam” (1904),
“Ay üzlü” (1906), “İtirilmiş üz” (1910) hekayə topluları,
“Qarlar qızı” (1902), “Dəniz canavarı” (1904) hekayə
topluları və yazıçıya böyük şöhrət gətirmiş “Martin İden”
(1909) romanı. Yazıçı çox məhsuldar, gündə 15-17 saat
7
işləyirdi. O, özünün çox da uzun olmayan yazıçılıq həyatı
boyunca 40 kitab ərsəyə gətirmişdi.
Cek Londonun yaradıcılıq metodu əsasən onun
insanı çətin həyati vəziyyətlərdə, taleyin sınadığı anlarda
göstərmək cəhdindən ibarətdir. Onun əsərlərində şəraitin
realist təsviri romantika və macəra ruhu ilə uzlaşır.
C.London öz üslubunu “insana və onun arzularına inamla
dolu ilhamlı realizm” adlandırırdı. Onun əsərləri üçün
xüsusi, özünəməxsus poetik dil səciyyəvidir. Yazıçı
R.Stivenson və R.Kiplinqi özünün ədəbi müəllimləri hesab
edirdi. Onun həyat fəlsəfəsinin formalaşmasına isə
Q.Spenser,
Ç.Darvin, K.Marks, F.Engels, müəyyən
dərəcədə F.Nitsşe böyük təsir göstərmişlər.
1907-ci ildə yazıçı “Snark” gəmisi ilə dünya
səyahətinə çıxır. Bu səyahət 7 il müddətinə nəzərdə
tutulmuşdu. Lakin yazıçının xəstəliyi səbəbindən 1909-cu
ildə səyahət yarıda kəsilir. Səyahət müddətində “Snarkın
səyahəti”, “Cənub dənizlərinin hekayələri”, “Günəşin oğlu”
kitabları üçün zəngin material toplayır. Yazdığı əsərlər Cek
Londona böyük sərvət qazandırır. Onun bir kitab üçün
qonorarı 50 min dollara çatırdı, bu isə o dövr üçün çox
böyük məbləğ idi.
C.Londonun çoxcəhətli istedadı onun elmi-fantastik
hekayələr yazmasında da özünü göstərir. “Qoliaf”, “Bütün
dünyanın düşməni”, “Al-qırmızı taun”, “Dünya gənc olan
zaman” və digər əsərlər üslub orijinallığı, təxəyyül
zənginliyi, gözlənilməz gedişləri ilə seçilir.
1905-ci ildə ranço satın alan C.London kənd
təsərrüfatı ilə məşğul olmağa başlayır. Lakin bu iş sonda
onun çoxlu borca girməsinə səbəb olur.
8
Yazıçı ömrünün son illərində yaradıcılıq böhranı
keçirir, buna görə o hətta alkoqoldan hədsiz istifadə etməyə
başlayır.
Cek London 22 noyabr 1916-cı ildə vəfat edir. O,
böyrək xəstəliyindən əziyyət çəkirdi və ağrılarıının
sakitləşməsi üçün ona yazılmış morfidən zəhərlənərək
ölmüşdür. Lakin intihar versiyası da geniş yayılmışdır.
Cek Londonun əsərlərinin motivləri əsasında çoxlu
sayda filmlər çəkilmişdir. Ümumilikdə onun əsərlərinin
yüzdən çox ekran nümunəsi mövcuddur.
Görkəmli şəxsiyyətlər Cek London
haqqında:
Mən Cek Londonda sakit gücü, möhkəm və aydın ağılı,
məğrur cəsarəti sevirəm.
Leonid Andreyev
yazıçı
Mən Cek London nəsrinin əsas məziyyətini aydınlığında,
vəhşi və özünəməxsus poeziyasında, ifadə gözəlliyində və
xüsusi, özünəməxsus cəlbediciliyində görürəm.
Aleksandr Kuprin
yazıçı
O – iradənin yaradıcı gücünü yaxşı görən, dərindən hiss
edən və iradəli insanları təsvir etməyi bacaran yazıçıdır.
M.Qorki
yazıçı
9
Cek Londonun bəzi povestləri, xüsusilə “Dəmir daban” əsəri
əsl sosialist ədəbiyyatına aid olunmalı ilk əsərlərdəndir. Mən
onun yaradıcılığını çox yüksək qiymətləndirirəm.
A.V.Lunaçarski
dövlət xadimi, yazıçı, tənqidçi
II Bölmə
Yubiley tədbirlərinin keçirilməsi
Bu il XX əsrin əvvəlləri Amerika realist
ədəbiyyatının görkəmli nümayəndəsi Cek Londonun 140
illik yubileyidir. Yazıçının 140 illik yubileyi münasibətilə
kitabxanalarda maraqlı tədbirlərin keçirilməsi nəzərdə
tutulmalıdır. Belə tədbirlərdən biri kitab sərgisi ola bilər.
Kitab sərgisi müxtəlif başlıqlar altında təşkil oluna bilər:
“Cek London – 140”, “Toz olmaqdansa, kül olmağı üstün
tutan dahi yazıçı”, “XX əsr dünya ədəbiyyatının
əvəzolunmaz siması”, “Azad ənginliklərin insanı”,
“Fərdiliyin faciəsi”, “Əfsanəyə dönmüş ömür”, “Cek
London: istedadın nəhəngliyi və taleyin ziddiyyətləri” və s.
Kitab sərgisində yazıçının həm Azərbaycan, həm də rus
dillərində çapdan çıxmış kitablarından istifadə etmək
vacibdir.
“Cek London -140” adlı sərginin nümunəsi aşağıdakı
kimi ola bilər:
1.
Başlıq: “Cek London – 140”
2.
Cek Londonun portreti
3.
Kitablarının nümayişi
10
4.
Görkəmli şəxsiyyətlərin Cek London haqqında
fikirləri
Yazıçının özünün sitatlarından və aforizmlərindən də
sərgidə istifadə etmək olar. Aşağıda belə sitatlardan
nümunələr veririk:
Əgər siz aydın düşünsəniz, aydın da yazacaqsınız,
Əgər sizin fikriniz qiymətlidirsə, əsəriniz də qiymətli
olacaq.
İnsanın əsl təyinatı mövcud olmaq deyil,
yaşamaqdır.
Həyat hər zaman insana onun tələb etdiyindən daha
azını verir.
İnsan özünü həqiqi görkəmdə görməməlidir, o
zaman həyat dözülməz olur.
İtə atılmış sümük mərhəmət deyil. Mərhəmət – sənin
də onun qədər ac olduğun zaman onunla sümüyünü
bölüşməyindir.
Qadın məğlub olduğu zaman qalib gəlir.
Qadının hücumu gözlənilməz və anlaşılmaz
davranışlardan ibarətdir.
Tanış olmadığın oyunu oynadığın zaman heç zaman
birinci gedişi etmə.
Qorxmazlıq gücün ifadəsi deyil, təcrübə və biliyin
məhsuludur.
Nəhayətdə insana yalnız bircə həyat verilib, nə üçün
o, lazımınca yaşamasın?
Məhəbbət aclıqdan daha sərt və qəddar bir hissdir.
11
Foto Sərgi
Cek London gölü, Maqadan vilayəti, Rusiya
12
Kitablarının nümayişi:
Kitabxanada keçirilən ənənəvi tədbirlərdən biri kitab
müzakirəsidir. Kitab müzakirəsində təcrübəli kitabxanaçı və
orta və yuxarı siniflərdə təhsil alan şagirdlər iştirak edirlər.
Oxuculara ünvanlanacaq sualları kitabxanaçı öncədən
hazırlamalıdır. Suallar hazırlanan zaman əsərin bu suallar
13
vasitəsilə mümkün qədər çox açılmasına, əhatə olunmasına
çalışmaq lazımdır.
Cek Londonun “Bəyaz Diş” kitabı üzrə keçiriləcək sual-
cavabın (viktorinanın) nümunəsini təqdim edirik:
Sual: Bəyaz Diş haqqında povestin müəllifinin əsl
adını deyin.
cavab: Con Qriffit London
Sual: “Bəyaz Diş” povesti neçənci ildə yazılmışdır?
cavab: Povest 1906-cı ildə yazılmışdır.
Sual: Ev itlərinin uzaq qohumu hansı heyvanlar
hesab olunur?
cavab: İtlər canavarlardan törəmişlər.
Sual: Canavar balasına Bəyaz Diş adını kim və nə
üçün verir?
cavab: Hindu Boz Qunduz ağappaq dişlərinə görə
ona bu adı verir.
Sual: Bəyaz Diş və buldoq Çeroki arasındakı döyüş
nə ilə nəticələnir?
cavab: Çeroki adlı buldoq Bəyaz Dişin boğazından
yapışır və az qala onu boğur. Uidon Skott onu xilas edir və
Smitdən satın alır.
Sual : Uidon Skotla görüşənə qədər Bəyaz Dişə
hansı hiss tanış deyildi?
cavab: Bəyaz Diş Uidon Skottla görüşdükdən sonra
onda sahibinə sevgi və onun üçün darıxmaq kimi hisslər
yaşadı.
Sual: Hansı hadisələr Bəyaz Dişi hürməyə vadar
etdi?
14
cavab: Birinci dəfə o, at sahibinə tabe olmayanda,
daha sonra isə sahibinin ayağı sınarkən kömək çağırmaq
lazım olanda hürür.
Sual: Şəhərdəki həyat Bəyaz Dişdən hansı
keyfiyyətlərə yiyələnməyi tələb edirdi?
cavab: Sahibinə tabe olmaq. O, özünü əzizləməyə və
tumarlamağa icazə verir və onun başqa itlərə hücum etməsi
və ov etməsi qadağan idi.
Sual: Uidon Skott Bəyaz Dişdə inam hissini necə
yaradır?
cavab: Bəyaz Diş onu dişləsə də, Uidon Skott onu
döymür və onu əlindən ət yeməyə öyrədir, onu tumarlayır.
Sual: Bəyaz Dişin sahibinə olan sevgisi necə təzahür
edir?
cavab: O, başını sahibinə söykəyir, sevindiyi zaman
quyruğunu bulayır.
Sual: Uidon Skottun arvadı Bəyaz Dişə hansı adı
verir?
cavab: Uidon Skottun arvadı ona Çox qiymətli
Canavar adı verir, çünki Bəyaz Diş onları qaçqın cinayətkar
Cim Xollun hücumundan xilas edir.
Sual-cavab gecəsinin sonunda kitabxanaçı əsərlə
bağlı nəticə çıxara bilər. Belə nəticəyə gəlmək olar ki,
yazıçının qəhrəmanları həyatın və ölümün, dostluğun və
xəyanətin, alicənablığın və əclaflığın qiymətini bilirlər.
Onlar çətin anda nə etmək lazım olduğunu bilirlər, onlar çox
danışmırlar, lakin onların əvəzinə işləri və əməlləri, bəzən
isə şücaətləri danışır.
15
Kitabxanada psixoloji diskussiya təşkil etmək olar.
Cek Londonun yaradıcılığı əsasında təşkil olunmuş belə
diskussiyanı “Zəifi sıxışdır və güclüyə tabe ol! – həyatın
qanunu
budurmu?”
başlığı
altında
keçirmək
məqsədəuyğundur. Belə tədbirin təşkili zamanı bir neçə
şair, yazıçı, ədəbiyyatşünas, o cümlədən psixoloq dəvət
etmək olar. Bu diskussiya üçün yazıçının müəyyən qədər
avtobioqrafik olan “Martin İden” əsərini seçmək daha doğru
olar. Öncə aparıcı çıxış üçün dəvət olunmuş qonaqları və
oxucuları salamlayır. Yazıçının həyat və yaradıcılığı, 140
illik yubileyi ilə əlaqədar kitabxanada keçirilən tədbirlər
haqqında qısa məlumat verdikdən sonra yazarlardan birini
və ya ədəbiyyatşünas alimi əsər haqqında danışmağa dəvət
edir.
Məruzəçi: Cek Londonun “Martin İden” əsərinin əsas
mövzusu poetik, mənfəət güdməyən şəxsiyyətin hər şeyin
pulu həll etdiyi cəmiyyətlə bir arada ola bilməməsidir.
Romanda hadisələr iki bir-biri ilə qarşılıqlı şəkildə bağlı
istiqamətdə inkişaf edir: Martinin Rufa olan məhəbbəti və
Martinin cəmiyyətdə yer tutmaq, cəmiyyətin onun yazıçı
kimi istedadını qəbul etməsi uğrunda mübarizəsi. Həm də
Martin İden tərəfindən bu mübarizə “zanbaq kimi solğun
simalı qız –Ruf” uğrunda aparılır. Martinin dərin, həssas
ruhu məhz Rufun obrazında “uğrunda yaşamalı, nələrəsə
nail olmalı, mübarizə aparmalı və ölməli...” bir obyekti
görürdü. Əgər Martin ilk baxışdan Rufa vurulursa, Ruf da
bu gəncin qeyri-adi şəxsiyyətinin cazibəsinə düşür. Martin
başa düşürdü ki, onunla, sadə matrosla imkanlı ailənin qızı
olan Ruf arasında uçurum var. Lakin Martin qəti şəkildə bu
uçurumu keçmək qərarına gəlir. Bunun üçün o, öz üzərində
16
çox çalışır, müstəqil şəkildə təhsilini artırır və sonda gərgin
zəhmətdən sonra uğur Martinin üzünə gülür. O, yazıçılıq
fəaliyyəti ilə məşğul olur və onun əsərləri tədricən uğur və
gəlir gətirməyə başlayır. Sanki indi o, istədiyi hər şeyə nail
olub. Lakin Martinin ruhu bundan heç bir məmnunluq əldə
etmir. Onun fikirlərini indi yalnız bir şey məşğul edir – onun
həyatında nə baş verib, ümumiyyətlə, insan həyatında nə baş
verir? Martin heç cür özündə nəyin dəyişdiyini izah edə
bilmir. O anlaya bilmir ki, niyə indi, məşhur və zəngin
olduqdan sonra bütün varlı, adlı-sanlı insanlar onu nahara
dəvət edir, onunla ünsiyyətə can atır.
Sonda
Martin
anlayır
ki,
insanların
ona
münasibətinin dəyişməsinin yeganə səbəbi – bank
hesabındakı pulun miqdarıdır. Bunu dərk etdikdən sonra o,
belə cəmiyyətdən cənub dənizlərindəki adalara qaçmağa
qərar verir. Lakin onun üzdüyü gəmidə də hamı ona, bu
məşhur şəxsə baxır. “Həyat parlaq işığın xəstə gözlərə təsiri
kimi əzablı olmuşdu. Bu işıq onun gözləri qarşısında
parlayır və göy qurşağının bütün rənglərini əks etdirirdi. Bu,
onu
çox
ağrıdırdı”.
Martin
gəminin
kayutunun
illüminatorundan özünü okeanın dərinliklərinə buraxır və
həyatla bütün haqq-hesablara son qoyur.
Sonra söz psixoloqa verilir.
O, çıxışında bu əsəri çox sevərək oxuduğunu qeyd edir və
hamını onu oxumağa dəvət edir. Sonra isə əsərdəki bir çox
psixoloji nüanslara toxunur: Əsər haqqında kifayət qədər
ətraflı məlumat verildi. Mən əsərdə sual doğuran bir sıra
məsələlərə toxunmaq istəyirəm. Niyə əsərin qəhrəmanı
Martin İden öz qələbəsinin ən yüksək pilləsində olduğu
zaman könüllü şəkildə həyatdan getməyə qərar verir?
17
Martinə qadına olan məhəbbət hissi irəli getməyə təkan
verirdi. O elə hesab edirdi ki, Ruf onun hisslərinə qarşılıqlı
cavab verir. Əslində isə Rufun Martinə olan hissləri heç
zaman birmənalı olmamışdı. Ruf heç cür onun səylərini
bölüşmürdü, onun yazıçı olmaqla bağlı daxili tələbatını
anlamırdı. Rufla özünün həyata bu qədər fərqli baxışlarının
olduğunu Martin çox gec başa düşür. Məhz pul, şöhrət və
məşhurluq Martini Rufun gözündə gülməli pərəstişkardan
evlənmək üçün ciddi namizədə çevirir.
Lakin Martinin həyatı faciəvi sonluqla bitir. Martin
İdenin okeanın qoynuna atılması tamamilə təbii, sadə bir
hərəkət kimi təsvir olunur. O, varlıları əyləndirən təlxəyə
çevrilmək istəmir. Xilas olmağın başqa yolunu isə o,
görmür. Onun faciəsi də məhz bundadır.
Tədbirin sonunda oxucular, şagirdlər əsərlə bağlı
onları
maraqlandıran
sualları
görüş
iştirakçılarına
ünvanlayırlar.
Kitabxanada yazıçıya həsr olunmuş ədəbi-bədii
gecənin keçirilməsi də məqsədəuyğundur. Tədbir iki
hissədən ibarət olur. Tədbirə qələm əhli, ədəbiyyatşünas
alimlər, ədəbiyyat müəllimləri, məktəblilər, oxucular dəvət
olunurlar. Tədbirin birinci hissəsi yazıçının yaradıcılığı
ətrafında çıxışlardan ibarət olur. İkinci hissədə isə yazıçının
qələmə aldığı roman, povest və pyeslərdən parçalar
səsləndirilir.
“Həyata məhəbbət dolu cəsur insan” adlı ədəbi-
bədii gecənin ssenarisi nümunə üçün təqdim olunur.
Tədbirin keçiriləcəyi zalın səhnəsindən Cek Londonun
portreti asılır. Yazıçının aforizmlərindən biri portretin
18
altından asıla bilər. Məsələn, “İnsanın əsl təyinatı mövcud
olmaq deyil, yaşamaqdır!”.
Aparıcılar səhnəyə daxil olur:
I Aparıcı: XX əsr Amerika realist ədəbiyyatının görkəmli
nümayəndəsi Cek Londonun əsərləri olmadan həmin
yüzilliyin ədəbiyyatını təsəvvür etmək çətindir. O,
ədəbiyyatda öz sözünü demiş elə yazıçılardandır ki, zaman
onun əsərlərinin üzərində öz hökmünü itirir. Onun yazdığı
əsərlər həm müasirləri, həm də gələcək nəsillər tərəfindən
qəbul olunmuş, sevə-sevə oxunmuşdur. Təsadüfi deyil ki,
onun kitabları yeniyetmə və gənclər tərəfindən ən çox
oxunan, kitabxanalarda ən çox tələb görən kitablar olmuşdur
və bu gün də bu tendensiya dəyişmir. Lakin müəyyən yaşa
dolduqdan, həyat təcrübəsi qazandıqdan sonra da biz
oxucular yenidən bu əsərlərə qayıdırıq, çünki Cek London
qələminin bizdə oyatdığı və zamanla müəyyən qədər
kəskinliyini itirən hissləri – həyata romantik baxışı
canlandırmaq ehtiyacı duyuruq. O, öz kitabları ilə hər dəfə
sübut edir ki, insan ən ağır vəziyyətlərdə belə köməksiz
deyil, hər şeyi onun mənəvi keyfiyyətləri, mövqeyi, iradəli
və ya iradəsiz olması həll edir.
II Aparıcı: Cek Londonun həyatı cəmi qırx il, yaradıcılığı
isə iki onillikdən də azdır. Lakin bu qədər qısa müddətdə
onun yaratmağa imkan tapdığı əsərlərə baxdıqda, bunun
necə gərgin bir əmək nəticəsində mümkün olduğu insanı
heyrətə gətirir. Burada məsələ yalnız onun kitablarının
sayında deyil, halbuki bu da çox mühüm göstəricidir. Belə
ki, yazıçının hələ sağlığında 50, ölümündən sonra isə daha 7
kitabı çapdan çıxmışdı. Məsələ, hər şeydən əvvəl Cek
Londonun yaradıcılıq axtarışlarının özünəməxsusluğundadır
19
ki, bu özünəməxsusluq da onun yazıçılığının, bədii
yaradıcılıq qabiliyyətinin mahiyyəti və mənası idi. Onun
yazıçı kimi yüksəlişi, məşhurluğu o qədər sürətli, o qədər
parlaq bir hadisəyə çevrilmişdi ki, bu çox zaman onun
müasirlərində həsəd hissi doğururdu. Lakin bu yüksəliş
yazıçıya hər bir insanın qatlaşa bilməyəcəyi əziyyətlər,
gərgin zəhmət, iradə bahasına başa gəlmişdi.
I Aparıcı: Məlumdur ki, Cek London yaradıcılığa şimal
hekayələri ilə başlamışdır. Qızılaxtaranlara qoşularaq
Alyaskaya gedən gənc Cek burada Şimal qışının bütün sərt
gözəlliyini və hədsiz çətinliyini bilavasitə yaşamışdır. Onun
burada yaşadıqları sözə çevrilərək ilk hekayələrinin
meydana çıxmasına səbəb olmuşdur. Məhz bu hekayələr də
Londonu geniş oxucu kütləsinə tanıdır və sevdirir.
Oxucuları bu əsərlərin yeniliyi, bədii dünyagörüşünün qeyri-
adiliyi cəlb edir. Onun ilk hekayələri 1899-cu ildə nəşr
olunur. 1900-cü ildə isə ilk hekayələr toplusu olan “Canavar
oğlu” çapdan çıxır. Sonrakı illərdə bir-birinin ardınca onun
yeni hekayə topluları “Atalarının Tanrısı”, “Şaxtanın
övladları”, “İnsana inam” və digərləri, həmçinin “Qarlar
qızı”, “Dəniz canavarı”, “Dəmir Daban”, “Martin İden”
romanları çap olunur.
II Aparıcı: Cek London həm də novator yazıçı idi. Onun ilk
kitablarının ən qiymətli uğuru lirik dolğunluğu və
miqyaslılığıdır. Bu hekayələr bu gün də yeni poetikanın
həqiqi novatorluq nümunələri kimi qəbul olunur. Onun
əsərlərinin daha bir diqqətəlayiq cəhəti ondan ibarətdir ki,
bu əsərlərdə nəql olunanlar xüsusi sərrastlıq, itiliklə oxucuya
çatdırılır, müəllif özünün nə simpatiyasını, nə də
antipatiyasını bildirmir, ümumiləşdirmələr aparmır.
20
I Aparıcı: Yazıçı ömrünün son illərində böyrək
xəstəliyindən əziyyət çəkirdi. Ağrılarının sakitləşməsi üçün
həkimlər ona morfi təyin etmişdilər. 1916-cı il noyabrın 22-
si gecəsi yazıçının ağrıları hədsiz güclənir. Buna görə o,
lazım olduğundan artıq morfi qəbul edir. Səhər onu ümidsiz
vəziyyətdə, otağında iki boş dərman şüşəsi ilə tapırlar.
Bunun nəticəsində yazıçının intihar etməsi haqqında söz-
söhbətlər yaranır. Bu məsələ indiyə qədər tam
aydınlaşmamışdır, mübahisəli olaraq qalmaqda davam edir.
Lakin yazıçının istedadının pərəstişkarları o zaman da, indi
də bu mübariz, iradəli insanın intihar etməsini qəbul
etmirlər.
II Aparıcı: Cek London çox gənc yaşlarında yazıçı kimi
şöhrətin elə zirvəsinə yüksəlmişdi ki, artıq həyatının son
illərində ondan yeni, əvvəlkindən daha qüdrətli əsərlər
gözləyən oxucularının tələblərinə qarşı bir qədər
laqeydləşmişdi. Artıq yazıçı daha az yazırdı, bədii yaradıcılq
onu əvvəlki kimi cəlb etmirdi. Lakin yazıçılığının ən
məhsuldar dövründə Cek London həm həcm baxımından,
həm də bədii dəyərinə görə o qədər intensiv işləmişdi ki, bu
əsərlər nə qədər onilliklər keçsə də onun ədəbiyyat
tarixindəki möhtəşəm yerini əbədiləşdirmişdir.
Tədbirin sonunda şagirdlər yazıçının “Həyat eşqi”
hekayəsini bədii qiraət şəklində təqdim edirlər.
SON
21
İnternetdə istifadə olunmuş saytlar:
1.
www. google.ru
2.
https://ru.wikipedia.org/
3.
www.londonjack.net.ru/
Ədəbiyyat siyahısı:
Əsərləri
Azərbaycan dilində:
1.
Bəyaz Diş: povest. – Bakı : Altun Kitab, 2012. –
112 s.
2.
Hekayələr. – Bakı : Qanun, 2011. – 120 s. – (Dünya
uşaq ədəbiyyatı)
3.
Martin İden: roman. – Bakı : Şərq-Qərb, 2009. – 399
s. – (Dünya ədəbiyyatı klassikləri). – Kitab Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin “Dünya
ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin
Azərbaycan dilində nəşr edilməsi haqqında” 2007-ci il 24
avqust tarixli sərəncamı ilə nəşr olunub
4.
Seçilmiş hekayələri: Nəsr. – Bakı : Altun Kitab,
2013. – 224 s. - (Hekayə ustaları)
5.
Seçilmiş əsərləri: Povestlər və hekayələr. – Bakı :
Öndər nəşriyyat, 2005. – 512 s.
22
Rus dilində:
6.
Белый Клык: Повесть. – Москва: ОНИКС, 2006. – 208 с.
ил. – ( Золотая библиотека)
7.
Маленькая хозяйка большого дома: Роман. – Москва:
АСТ, 2004. – 509 с.
8.
Мятеж на «Эльсиноре»: роман. – Москва: Дом, 1993. –
576 с. – (Звезда приключений)
9.
Сердца трех: Роман. – Москва: АСТ: Астрель: АСТ
МОСКВА. – 414[2] с. – (Внеклассное чтение)
23
Dünyaya həqiqəti çatdırmaq istəyən tənha insan - Cek
London. Görkəmli Amerika yazıçısı Cek Londonun 140
illik yubileyinə həsr olunmuş metodik vəsait
Kompyuter yığımı Təranə Hacıyeva
və dizayn:
Ünvan:AZ-1022 Bakı şəh.,S.Vurğun küç.88;
E-mail: childlibbaku@yahoo.com
URL:www.clb.az
F.Köçərli adına Respublika
Uşaq Kitabxanasında
çap olunmuşdur.
Sifariş:
Çapa imzalanmışdır:
Tirajı:
Pulsuz
Dostları ilə paylaş: |