Ə. B. Nəcəfov



Yüklə 18,94 Kb.
Pdf görüntüsü
səhifə34/42
tarix03.10.2017
ölçüsü18,94 Kb.
#3103
1   ...   30   31   32   33   34   35   36   37   ...   42

Əzizağa Nəcəfov 
 
 
102
 
Füzuli yaradıcılığında təzad poetik fiquru  
(antiteza və əks analogiya) 
 
 
Hələ eramızdan öncəki dönəmlərdə müxtəlif filosof və din 
xadimləri dünyadakı  əkslikləri mövcudiyyətin mənbəyi saymış, 
predmet, hadisə və varlıqların əksliklərdən ibarət olub, bu bir-birinə 
zidd şəkildə təşkil olunan strukturun daxilində gedən əbədi mübari-
zənin daimi inkişafına hərəkətverici qüvvə, stimullaşdırıcı impuls 
olduğunu sübuta yetirməyə çalışmışlar. 
Məlumdur ki, öz ilkin təsəvvürlərini bir çox psixoloji aktlarla 
bərabər, analogiya və antitezalar üzərində quran insan varlıqları, 
onu əhatə edən mühiti ondakı ziddiyyətləri qarşı-qarşıya qoymaqla 
sanki özü üçün kəşf edir, müşkülləri müqayisədə aydınlaşdırır. 
Deməli, təbiətdəki əkslik “eyniyyət” fəlsəfi kateqoriyası kimi öyrə-
nilən predmetin dərkinə yönələn anlamanın ilkin zəruri momenti 
kimi çıxış edir. Əgər insan şüuru varlığı söylənilən psixoloji 
proseslərdə  dərk edirsə, sözsüz ki, hər hansı bir hadisəni, mövcud 
predmeti, başqası üçün hələ mücərrəd olan anlamı müsahibə 
çatdıranda da eyni şüur aktına söykənmiş olur. Adresant timsalında 
bədii  ədəbiyyatın yaradıcısını götürsək, o zaman şair və ya yazıçı 
düşündüyünü adresata çatdırarkən analogiyaya söykəndikdə bənzət-
mə poetik fiqurundan, antitezaya əsaslandıqda isə təzaddan istifadə 
etməli olur. Müasir fəlsəfədə  təfəkkürün mənbəyi adlandırılan 
əkslik anlayışı iki mənada – ziddiyyətin tərəflərini (məsələn: mənfi 
və müsbət, köhnə  və yeni və s. kimi) və ziddiyyətin yüksək 
dərəcədə kəskinləşməsini ifadə etmək üçün işlədilir. Məlumdur ki, 
eyni bir zamanda, eyni bir məkan trayektoriyasında mövcud olan 
hər hansı bir şey haqqında eyni münasibətdə bir-birinə zidd iki fikir 
söyləmək olmaz. Lakin bu heç də o demək deyil ki, bir-birini inkar 
edən qarşılıqlı ziddiyyətli cəhətlər, xassələr yanaşı mövcud ola 
bilməz, eyni bir zamanda eyni bir predmeti təşkil edən vahidlər kimi 
qəbul edilə bilməz. Bu, təbiətin struktur elementasiyası olduğundan 


Füzuli – şairin yaradıcılıq psixologiyası 
 
 
103 
dilin də  əsas təşkiledici amilidir. Şeirlərindəki orijinal məntiqi ilə 
seçilən  İmadəddin Nəsimi təbiətdəki bu əksliklərin bir varlıqda 
cəmlənməsini, fəlsəfi dillə desək,  əksliklərin vəhdətini bədii dildə 
belə ifadə edir: 
Arısı yalandır, saqın, dadlısına aldanma kim, 
Acıdır anın şəkkəri; ağı qatılmış balına. (51, 31) 
Deməli,  əkslik inkişafa səbəb olduğu kimi, harmoniyaya da 
şərait yarada bilir. Lakin onun əsas funksiyası qarşılığını inkar 
etməklə mövcudiyyəti dəyişməkdir. Füzuli yazır: 
Can çıxır təndən, könül, zikri-ləbi-yar eyləgəc, 
Tən bulur can yengidən, ol ləfzi təkrar eyləgəc. (39, 71) 
Burada dini əfsanə ilə (insanın ölümdən sonra qiyamət günü 
dirilməsi) sevgilinin ziddiyyətli münasibəti arasında analogiya apa-
ran şair iki əks hadisəni qarşı-qarşıya qoyaraq, əksliyin dəyişikliyə 
səbəb olmasına gözəl bədii nümunə yaratmış olur. 
Hələ antik fəlsəfədə Aristotel tərəfindən müəyyənləşdirilən 
məntiqin ziddiyyət qanununa uyğun olaraq, iki bir-birinə  əks 
cümlənin həqiqi olmasının qeyri-mümkünlüyü aydınlaşdırılmışdır. 
Əslində, təbiətdə birgə mövcudiyyəti mümkün olmayan anlayışların 
bir fikrin təzahürü olan nitq vahidində  işlədilməsi qarışıqlıq yarat-
malı olduğu halda, onların mahir sənətkarın qələmindən çıxan kamil 
təzadlarda müvaziliyinin mümkünlüyü bədii  ədəbiyyatımızın  əksər 
korifeylərinin yaradıcılığında sübuta yetirilmişdir. Beləliklə,  əgər 
adi nitqdə bu müvazilik qarışıqlıq yaradır, fikrin ardıcıllığında 
qeyri-səlisliyə  səbəb olursa, poetik dildə,  əksinə, təzad mücərrəd 
ideya axarını belə, ona əks analogiyaları qurmaqla aydınlaşdırır, 
abstraksiyaya bir açıqlama verir. 
Söylənilən fikrin təsir gücünü artıran, ondakı  məna yükünü 
qüvvətləndirən bədii vasitələrdən biri də haqqında danışdığımız əks-
lik anlayışı üzərində qurulan təzad poetik fiqurudur. Dilçilikdə anti-
teza adlandırılan bu üslubi-poetik vasitə bir çox nəzəri mənbələrdə 
həm leksik, həm də leksik-semantik üslubi fiqur kimi xarakterizə 
edilmiş, onun ayrı-ayrı mürəkkəb sintaktik bütöv sərhədlərində təza-
hür edən növləri müəyyənləşdirilmişdir. Aydındır ki, təzad iki qar-


Əzizağa Nəcəfov 
 
 
104
şılaşdırılan, müxtəlif qütblərdə yerləşən əks məzmunlu sözlərin, ifadə 
və söyləmlərin müqayisəsində həqiqəti aşkarlamağa xidmət edir. 
Bu qarşılaşdırılan vahidlər isə dilin müxtəlif yaruslarında, 
onun leksik, morfoloji və sintaktik qatında özünü göstərir ki, bu da 
antitezanın leksik vasitə olan antonimlərdən daha geniş  məzmun 
daşıdığını aydınlaşdırır. Beləliklə, təsvir edilən predmetin xarakte-
ristikası, ideologiyalar, münasibətlər, hadisə və anlayışlar arasındakı 
ziddiyyətin təsviri üçün dilin hər üç qatında  əks olunan təzadın 
tətbiqi, Füzuli yaradıcılığı da daxil olmaqla, klassik ədəbi irsimizdə 
əlverişli üslubi priyom olaraq bədiiyyata geniş şərait yaratmış olur. 
“Azərbaycan bədii dilinin üslubiyyatı” kitabında xüsusi başlıq 
altında tədqiq olunan antonimlər ədəbi dilin bədii təsvir vasitələrin-
dən biri kimi şərh olunur. Sözün, ifadə olunan fikrin mənasını 
dəqiqləşdirməyə yönələn antonimləri,  əslində, xüsusi poetik fiqur 
kimi ayırmaq düzgün deyil. Çünki antonimlər onların bir-birinə 
zidd mənasını əks etdirən xarakterik kontekstdə işləndikdə bədii təs-
virə xidmət edir. Bu isə antiteza, klassik Şərq poetikası tələblərinə 
əsaslansaq, təzaddır. Antonimlər, dilin insan şüurundakı inkişafının 
ilk dönəmlərinə aid mərhələlərdə müəyyənləşən zidd məfhumların 
ifadəçisi olan bu iki əks mənalı sözlər mütləq təzadın yaradıcısıdır. 
Ədəbi dilimizdə, xüsusilə  də, bədii üslubda müşahidə olunan 
antonimiya onun iki növünü fərqləndirməyə imkan verir: mütləq və 
kontekstual antonimlər. Yəni mütləq antitezadan fərqli olaraq, bəzi 
bədii parçadan kənarda kontrast yaratmayan söz cütlükləri mətn 
daxilində qarşılaşdırıldıqda əks mövqedə dayanırsa, təzad kimi çıxış 
edir və bu zaman antonimin xüsusi bir növü - kontekstual antonim 
formalaşır. Fikrimizi dəqiqləşdirmək üçün Füzulidən təzada dair iki 
müxtəlif növ misal gətirək: 
Rəhm et, ey şəh, məni-dərviş çəkən ahlərə 
Ki, gəda ahı əsər eylər olur şahlərə. (39, 203) 
Yaxud: 
Mənə derlərdi əvvəl bir mələkdir sevgilin, hala 
Görənlər, sən fəqirə göydən enmiş bir bəla, derlər. (39, 104) 


Yüklə 18,94 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə