Ə. B. Nəcəfov


Füzuli – şairin yaradıcılıq psixologiyası



Yüklə 18,94 Kb.
Pdf görüntüsü
səhifə35/42
tarix03.10.2017
ölçüsü18,94 Kb.
#3103
1   ...   31   32   33   34   35   36   37   38   ...   42

Füzuli – şairin yaradıcılıq psixologiyası 
 
 
105 
Göründüyü kimi, birinci nümunədə beytin ilk misrasında qarşı 
duran “şəh” və “dərviş” kəlmələri mütləq antonim deyillərsə, onun 
ikinci misrasındakı “gəda” və “şəh” sözləri antonimiya təşkil edib, 
tam əks mövqedə işlənir. Füzulidən gətirdiyimiz ikinci misalda isə 
beyt daxilində müxtəlif misralarda işlədilən “mələk” və “bəla” 
sözləri qarşılaşdırılaraq bədii mətn daxilində antonim kimi çıxış 
edir, kontekstual antonimiya yaradır. 
Ümumiyyətlə, dilçilikdə antiteza adlandırılan poetik priyom 
ədəbi dilimizdə  ən geniş  tətbiq olunan bədii vasitə olduğundan və 
həyatımızın müxtəlif sferalarında bizi əhatə edən ətraf aləmdə qarşı 
duran varlıqların dualizmi hökm sürdüyündən klassik ədəbiyyatı-
mızda və Füzuli yaradıcılığında da təzad çox müxtəlif çalarlıqda 
özünü büruzə  verir.  Onun  Füzuli  ədəbi irsində  bədii mətnin tərki-
bində  işlədilmə özəlliklərindən asılı olaraq müəyyənləşdirdiyimiz 
leksik, məntiqi, morfoloji, sintaktik və mətni təzad kimi növ rənga-
rəngliyi vardır. 
1.  Leksik təzad. Bu təzad növündə mikromətn, yəni misra, 
beyt və ya bənd sərhədləri daxilində əks mənalı sözlər qarşılaşdırıla-
raq antiteza yaradır. Füzuli ədəbi irsində geniş  tətbiq olunan bu 
təzad növünə  şairin bütün əsərlərində rast gəlmək mümkündür. 
Məsələn, “Leyli və Məcnun” poemasında: 
Həm dostum olmaya mənə yar, 
Həm düşmən ola nə dust kim var. (40, 97) 
Bu beytdə  həm misra boyunca, həm də ümumilikdə beyt 
daxilində leksik təzadın işlədilməsinin gözəl nümunəsi yaradılır. 
Şairin qəzəllərində: 
Gər çox istərsən, Füzuli, izzətin, az et sözü 
Kim, çox olmaqdan qılıbdır çox əzizi xar söz. (39, 112) 
Yaxud: 
Var fikrin, yox qəmin çəkmək nədir, bir cam ilə 
Bixəbər qıl kim, mənə bir ola yoxluq, varlıq. (39, 135) 
Verilən nümunələrdən də aydındır ki, Füzulidə misra daxilində 
özünü göstərən bu təzad növlərində qarşılaşdırılan sözlər arasında 
əkslik olsa da, əksər hallarda onlar məzmunun qarşıdurmasına səbəb 


Əzizağa Nəcəfov 
 
 
106
olmur. Sonuncu nümunədə olduğu kimi, beytin ikinci misrasında 
həmcinslik təşkil edən antonim sözlər,  əksinə, təzaddan çox eyni-
ləşdirmə poetik fiquruna zəmin yaradır. Məsələn, “Leyli və Məcnun” 
poemasının “Əsərin yazılma səbəbi” bölməsində şair iki əks mənalı 
sözü – “əvvəl” və “son” antonimlərini bir misra daxilində  işlədirsə 
də, tam məntiqi təzad alınmır, onlar müəyyən mənada eyniləşir: 
Bir bəzmi-müsibəti-fənadır 
Kim, əvvəli qəm, sonu fənadır. (40, 31) 
Füzuli bu beytdə tam mütləq təzadı  əldə etmək istəsəydi, o 
zaman “qəm” və “şad” sözlərini də qarşılaşdırmalı idi. Necə ki, eyni 
əsərdə bu qarşıdurma özünü aşağıdakı kimi göstərir: 
Əvvəl nə idi bu aşinalıq? 
Axır niyə eylədin cüdalıq? (40, 51) 
Bu beytdə “aşinalıq” və “cüdalıq” kontekstual antonimləri 
sayəsində beytdə  iştirak edən “əvvəl” və “axır” sözləri tam təzad 
mövqeyində tətbiq olunur. Ədəbi dil tariximizdə Füzuliyə qədər də 
geniş  tətbiq olunan bəzi leksik vahidlərin  şairin irsində  işlədilmə 
özəlliklərinə baxaq. Məsələn “var” və “yox” sözləri ilə; 
Nəsimidə: 
Aləmdə bu gün sənciləyin yar kimin var? 
Gər var desən, yox deməzəm, var, kimin var? (50, 279) 
Füzulidə: 
Bilməz idim, bilmək ağzın sirrini düşvar imiş, 
Ağzını derlərdi yox, dediklərincə var imiş. (39, 35) 
Yaxud “vüsal” (vəsl) və “hicran” (hicr) sözləri ilə: 
Nəsimidə: 
Mana sənsiz cahanü can gərəkməz, 
Vüsalın var ikən hicran gərəkməz. (40, 91) 
Xətaidə: 
Xeyli müddətdir cahanda firqətinlə həmdəməm, 
Hicr ilən ömrüm tükəndi, heç vüsalın görməzəm. (99, 226) 
Füzulidə: 
Vəsl əyyami rəvan yarə fəda eyləmədin, 
Ey Füzuli, qəmi-hicran ilə çıxsın canın. (39, 191) və s. 


Füzuli – şairin yaradıcılıq psixologiyası 
 
 
107 
2.  Məntiqi təzad. Tam şərti olaraq müəyyənləşdirdiyimiz bu 
təzad növündə qarşılaşdırılan məfhumların ifadəçisi olan sözlər 
dildə antonimlik funksiyası daşımır, yalnız bədii mətn kontekstində 
antiteza mövqeyində çıxış edir. İstər şifahi, yaxud yazılı, istərsə də 
klassik və müasir ədəbi irsimizdə geniş tətbiq olunan bu təzad növü 
dilçilikdə kontekstual antonimiya, yaxud kontekstual antiteza da 
adlandırılır. Fikrimizi aydınlaşdırmaq üçün Füzulinin bütövlükdə 
təzad poetik fiquru üzərində qurulan “Dostum, aləm səninçin gər 
olur düşmən mana” misrası ilə başlanan qəzəlinin bəzi beytlərinə 
nəzər salaq: 
Vəsl qədrin bilmədim hicran bəlasın çəkmədən, 
Zülməti-hicr etdi çox mübhəm işi rövşən mana. 
Dudü əxgərdir mana sərv ilə gül, ey bağiban, 
Neylərəm mən gülşəni, gülşən sana, külxən mana. 
Qəmzə tiğin çəkdi ol mah, olma qafil, ey könül! 
Kim, müqərrə edir bu gün ölmək sana, şivən mana. (39, 55) 
Əgər verdiyimiz nümunədəki beytlərin  şərhinə  nəzər salsaq, 
burada qarşılaşdırılan  əksər leksik vahidlərin mətndən kənarda 
antonimiya təşkil etmədiyini görərik. Məsələn, birinci beytin ilk 
misrasında “vəsl” və “hicran” sözləri mütləq antonimlik yaradırsa, 
həmin beytin növbəti misrasındakı “mübhəm”, yəni qeyri-müəyyən, 
aydın olmayan fikir anlamına gələn sözlə “rövşən” – işıqlı sözləri 
antonimlik yaratmasa da, burada məntiqi təzad yaradan əsas 
komponent kimi çıxış edir, “mübhəm” sözü qaranlıq  mənasında 
işlədilir və “rövşən” sözü ilə asanlıqla qarşılaşır. Eynilə  də ikinci 
beytdə “gülşən” və “külxən” kəlmələri qarşılaşdırılarkən ikinci 
komponent “xaraba” mənasına gəlir.  Ən  əsası isə üçüncü beytdə 
“ölmək” və  “şivən” sözləri qarşılaşdırılaraq yaxın mənalı sözlər 
kimi deyil, kontekst daxilində təzadı formalaşdıran amillər kimi çı-
xış edir. Sevgilisini, məşuqəni aya bənzədən lirik qəhrəman könlünə 
etinasız olmamağı  məsləhət görür, çünki o öləcək,  şair isə  şivən 
qoparacaq. O ölüb canını qurtaracaq, şivən, ah-vay eləmək isə aşi-
qin payına düşür, bu da dirilik, hər bir ağrı-acını hiss etməkdir.  


Yüklə 18,94 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə