Eas-ın Uşağın Müdafiəsi üzrə Siyasəti Siyasətin Məqsədi



Yüklə 88,74 Kb.
tarix08.09.2018
ölçüsü88,74 Kb.
#66862

EAS-ın Uşağın Müdafiəsi üzrə Siyasəti

1.Siyasətin Məqsədi



  • EAS-a və onun məzmununa uyğun olan Uşağın Müdafiəsi üzrə Sənədləri təmin etmək;

  • istismar/ laqeydlik vəziyyətlərinin dəqiq müəyyən edilməsi və tanınması üçün lazımi anlayışları və qiymətləndirmə vasitələrini təmin etmək;

  • EAS-da uşağın müdafiəsinin nümunəvi standartını təmin etmək;

  • xüsusi qayğı və müdafiəyə ehtiyacı olan uşağa tez və lazımi yardımın göstərilməsini təmin etmək;

  • işçi heyəti üçün prosedurları müəyyənləşdirmək və aydın məlumat vermə (bildirmə) qaydaları və mexanizmləri yaratmaq;

  • EAS üçün yerli icma və uşağın müdafiəsinə dəstək verən qurumlar ilə əlaqə qurulması üzrə konkret proses və protokolların konturlarını müəyyən etmək. Bu sənəd EAS-ın uşağın təhlükəsizliyinin təmin edilməsi və müdafiəsi üzrə siyasətini əks etdirir. Bu, könüllülər də daxil olmaqla məktəbdə və ya məktəbin adından fəaliyyət göstərən bütün yetkin şəxslərə şamil edilir.

1.1. Siyasətin konkret məqsədləri
Aşağıdakılar vasitəsilə EAS icmasının bütün üzvlərinin uşaqların və gənclərin təhlükəsiz saxlanılmasına kömək etməsini təmin etmək:

  • uşaqlar və gənclər üçün təhlükəsiz təlim mühitinin təmin olunmasına şərait yaratmaq;

  • onların Məktəbdə təhlükəsiz saxlanılmasını təmin etmək məqsədi ilə müvafiq tədbirlər görmək;

  • nəzərəçarpacaq zərər çəkən və ya zərər çəkməsi ehtimal edilən uşaqları və gəncləri müəyyən etmək;

  • uşaqların təhlükəsizliyinin təmin edilməsi üzrə bizim öhdəliyimizi Məktəbə və daha geniş ictimaiyyətə çatdırmaq.

Bu siyasətdə EAS-ın aşağıdakı fəaliyyətləri necə həyata keçirəcəyinin ümumi təsviri verilir:

  • valideynlər, işçi heyəti və şagirdlərdə uşaq istismarı (fiziki, cinsi, emosional ) və laqeydliyi haqqında yaşa uyğun ümumi anlayış və təsəvvürlər yaratmaq [Əlavə 1 və 2-yə baxın];

  • uşaq və gənclərin özünü təhlükəsiz hiss etdiyi, fikirlərinin dəyərləndirilməsinə nail olduğu, danışmağa həvəsləndirildiyi və dinlənildiyi mühit yaratmaq;

  • sağlamlıq imkanları məhdud olan və öyrənmə ehtiyacı olan uşaqlara xüsusi qayğı göstərməklə, işçi heyətinin işinin bütün sahələrində şagirdlərin rifahının (sağlamlığı) müdafiəsi zərurəti və istismarın müəyyən olunmasında onların məsuliyyəti haqqında məlumatlılığın artırılmasına davam etmək;

  • bütün işçi heyətinin məktəb daxilində istiqamətləndirmə prosedurları və uşağın müdafiəsi üzrə əməkdaşlar haqqında məlumatlı olmasını təmin etmək;

  • “müdafiəyə ehtiyacı olan” kimi müəyyən edilən bütün şagirdlərin sistemli monitorinqi vasitələrinin olmasını təmin etmək;

  • kənar qurumların müvafiq hallarda iştirakını təmin etmək.

  • müdafiənin təmin edilməsinin əsas anlayışlarının kurikuluma inteqrasiya edilməsini təmin etmək;

  • uşaqların narahat olduqda məktəbdə yaxınlaşa biləcəyi yetkin şəxslərin olduğunu bilməsini təmin etmək;

  • valideynlərə / qayğı göstərənlərə bu siyasətlə müəyyən edilmiş prosedurları təsvir edən məlumatların verilməsini təmin etmək.

  • uşaqlarla işləyən bütün işçilərin və könüllülərin uyğunluğunu yoxlamaq üçün təhlükəsiz işəgötürmə təcrübəsindən istifadəni təmin etmək.

1.2. Siyasətin əhatə dairəsi
Bu siyasət EAS icmasının bütün üzvlərinə - işçi heyəti, şagirdlər, valideynlər və məktəbə gələn şəxslərə tətbiq edilir.

1.3. Siyasət haqqında məlumat


Uşaq istismarı və laqeydliyi bütün dünyada qurbanlar üçün qısa və uzunmüddətli ciddi psixoloji və fiziki təsirləri ola bilən problemlərdir. Uşaq istismarı və laqeydliyi uşağın insan hüquqlarının pozulmasıdır və onun təhsilinə, həmçinin fiziki, emosional və mənəvi inkişafına maneədir.
Avropa Azərbaycan Məktəbi Azərbaycanın imzaladığı BMT-nin Uşaq Hüquqları Konvensiyasını (1989-cu il) dəstəkləyir. Məktəblər uşaqların müdafiəçisi kimi cəmiyyətdə xüsusi institusional rol oynayır. Məktəblər, öz qayğılarında olan bütün uşaqların həm məktəbdə, həm də məktəbdən kənarda böyüməsi və inkişaf etməsi üçün təhlükəsiz mühitin yaradılmasını təmin etməlidir. Müəyyən müddət ərzində uşaqları müşahidə etmək və onlarla əlaqə qurmaq imkanı olan müəllimlər kömək və müdafiəyə ehtiyacı olan uşaqları müəyyənləşdirmək üçün nadir imkana malik vəziyyətdədirlər.
Beləliklə, müəllimlər yardım və müdafiəyə ehtiyacı olan uşaqları müəyyən etmək, uşaq və ailənin uşaq istismarı və laqeydliyi olan istənilən vəziyyəti düzəltmək məqsədilə lazımi xidmətlərdən yararlanmasını təmin etmək üçün tədbir görmək üzrə peşəkar və etik öhdəliyə malikdirlər. EAS-da işləyən bütün işçilər uşağın istismar və laqeydliyə məruz qalması və ya məruz qalmaq riskində olması barədə əsaslı səbəb olduqda, uşaq istismarı və laqeydliyi olması ehtimal edilən bütün hadisələr haqqında məlumat verməlidirlər (bildirməlidirlər).
Uşaq istismarı və laqeydliyi olması ehtimal edilən bütün hadisələrin bildirilməsi və təqibi bu siyasətə uyğun inzibati qaydalar əsasında həyata keçirilir.

Bundan əlavə, uşaq istismarı və ya laqeydliyi olması ehtimal edilən hallar ölkədə müvafiq uşaq müdafiəsi qurumuna və / və ya yerli hakimiyyət orqanlarına bildirilə bilər. EAS, həyatlarının hər hansı bir sahəsində istismar və ya laqeydliyə məruz qalan bütün şagirdlər üçün təhlükəsiz sığınacaq olmağa çalışır.


1.4. Qorxutma (hədə-qorxu gəlmə, hədələmə)


Uşaqlar arasında qorxutmanın istismar və laqeydliyin ayrı bir kateqoriyası olmamasına baxmayaraq, bu, böyük narahatlıq və sıxıntı yarada biləcək çox ciddi bir problemdir. Özünün ən ciddi səviyyəsində qorxutmanın hər il 12 uşaq intiharına səbəb olduğu düşünülür. Bütün qorxutma hadisələri bildirilməlidir və bizim qorxutmaya qarşı proseduralarımız vasitəsilə idarə olunmalıdır. Şagird və valideynlərə məktəbə qəbul olunarkən zorakılığa qarşı proseduralarımızın surəti verilir və qorxutma mövzusuna bizim PSHE (şəxsi, sosial və sağlamlıq təhsili) kurikulumunda müntəzəm intervallarla yer ayrılır. Əgər qorxutma, xüsusilə, ciddi olarsa və ya qorxutmaya qarşı prosedurlar səmərəsiz sayılarsa, DLO uşağın müdafiəsi üzrə prosedurların tətbiqini nəzərdən keçirir.

1.5 E-Təhlükəsizlik


Uşaqlarımızın əksəriyyəti nə vaxtsa mobil telefon və kompüterdən istifadə edir. Onlar zarafat, əyləncə, ünsiyyət və təhsil mənbəyidir. Ancaq bilirik ki, bəzi kişilər, qadınlar, gənclər və hətta şagird yoldaşlar bu texnologiyadan uşaqlara zərər vermək üçün istifadə edirlər. Zərər incidici və təhqiramiz mətnlər və e-poçt məktubları göndərməkdən, uşaqları seksual zərərli söhbətlər, veb-kamera pornografiyası və ya üz-üzə görüşlərə cəlb etməyə tovlamağadək ola bilər. Məktəbin e-təhlükəsizlik siyasətində uşaqları məktəbdə təhlükəsiz saxlamaq üçün bizim hansı tədbirləri gördüyümüz açıqlanır. Mətnlər və e-poçt məktubları vasitəsilə uşaqlar tərəfindən törədilən kiber gorxutmya hər hansı digər qorxutma növü kimi ciddi münasibət göstərilir və qorxutmaya qarşı prosedurlar vasitəsilə idarə olunur. İnternetdə söhbət otağı və sosial şəbəkə saytları qeyri-müvafiq (nalayiq) və zərərli davranışın ən açıq mənbələridir və uşaqlara məktəbdə olduqları müddətdə bu saytlara daxil olmağa icazə verilmir.

EAS, bu siyasətin surətini hər il bütün valideynlərə və məktəbə qəbul olunmaq üçün ərizə verənlərə paylayır, bu siyasət haqqında şagirdlərə məlumat verir, bütün işçi heyətinə təlim keçirilməsini təşkil edir, uşaqların təhlükəsizliyini təmin etmək üçün işəgötürmə təcrübələrini tətbiq etməyə hər cür səy göstərir, uyğunluğu və effektivliyini təmin etmək üçün hər il bu siyasətə yenidən baxir. Heyət üzvü iddia edilən cinayətkar kimi bildirildiyi halda EAS uşağın təhlükəsizliyini ən yüksək prioritet hesab edərək hərtərəfli işlənib hazırlanmış lazımi hüquqi prosedura uyğun şəkildə tam təhqiqat aparir.

2.Prosedurlar

2.1 Məlumat vermə (bildirmə)

Fiziki və ya psixoloji zorakılıq, təcavüz, bezdirmə (təngə gətirmə), fiziki və ya cinsi istismar hadisələrini və ya narahatlıqlarını bildirmək ya fərd, ya da təşkilatın üzvü kimi müəllimlər, işçi heyəti və rəhbər işçilər üçün hüquqi bir öhdəlikdir.
Məlumat vermə növbəti dərs günü, yaxud ən çox 48 saat ərzində Məktəbin uşağın müdafiəsi üzrə əməkdaşına, yəni Məktəbin müvafiq binasında şagirdin rifahı üzrə məktəb müdirinin müavininə edilməlidir. O, olmadıqda, narahatlıq məktəb psixoloquna, məktəb müdirinə və məktəb direktoruna bildirilməlidir. Məlumat vermə hər zaman edilə bilər və iş saatları ilə məhdudlaşmır.



  • Məktəbin uşağın müdafiəsi üzrə əməkdaşı (İbtidai məktəb):



2.2. Uşağın açıqlamasına cavab vermə
Addım 1
İstismarın baş verməsinə və ya baş verdiyinə inanmaq üçün əsaslı səbəbə malik olan istənilən heyət üzvü bu məlumatı Rifah Qrupunun hər hansı bir üzvünə bildirməlidir. Rifah Qrupunun bu üzvü öz növbəsində onu uşağın müdafiəsi üzrə əməkdaşa (o, olmadıqda, Hadisəyə Nəzarət Qrupunun hər hansı üzvünə) çatdırır. Sonuncu isə, Hadisəyə Nəzarət Qrupunun iclasını çağırmalı olan məktəb direktoru və məktəb müdiri ilə əlaqə saxlayır.

Addım 2
Hadisəyə Nəzarət Qrupu bildirilmiş hadisə haqqında və ehtimal edilən fiziki, emosional, cinsi istismar və / və ya laqeydlik hallarında məlumat toplayır.

Addım 3

Bütün hallarda, sonrakı tədbirlər məlumatın faktiki olaraq sənədləşdirilməsini və məxfiliyin saxlanılmasını təmin etməklə aparılır. Aşağıdakı prosedurdan istifadə olunur:



  • Lazım olduqda, heyət üzvləri ilə söhbət aparmaq və işə aid məlumatları sənədləşdirmək.

  • Uşağın Məktəbdə oxuma tarixini təhlil etmək üçün məktəbin əməkdaşları ilə məsləhətləşmək.

  • Sonrakı tədbirlərinin gedişini müəyyən etmək [Əlavə 4-ə baxın].

Addım 4

Tədbirin Əlavə 4-də göstərildiyi kimi yerinə yetirilməsi.

Addım 5

Yuxarıda təsvir edilən proses zamanı və ondan sonra işçi heyəti, şagirdlər və ailələrin iştirak etdiyi emosional dəstəyə ehtiyac ola bilər. Bu, Rifah qrupu tərəfindən təmin edilir. Təhqiqatın bütün sənədlərinin məxfiliyi təmin edilir və Uşağın Müdafiəsi üzrə Əməkdaşın nəzarəti altında bunun üçün xüsusi olaraq nəzərdə tutulmuş kilidli bir məkanda saxlanılir.



Hadisəyə Nəzarət Qrupu tərəfindən istifadə olunan standart məlumat vermə formasına aşağıdakılar daxil olur:

  • Məlumat vermənin tarixi şəraiti;

  • Uşağın adı, doğum tarixi, doğulduğu yer, cinsi, milliyyəti, danışdığı dillər;

  • Ünvanı, sinfi, davamiyyəti, bacı-qardaşları;

  • Valideynlərın / qəyyumların adı, vətəndaşlığı, peşəsi, telefonu haqqında məlumat;

  • Xüsusi məlumatın xarakteri və məlumat verilmiş zərərin/ pis rəftarın dərəcəsi haqqında məlumat; məlumat verən şəxsin necə xəbərdar olması (ilk mənbə);

  • görülən tədbirlərin təsviri (əgər varsa);

  • faydalı ola biləcək digər məlumatlar.
    Bu, “X məlumat verdi ki, ...” , “Y dedi ki,” kimi ifadələrdən istifadə edərək, təsviri qeyri-mühakiməedici tərzdə yazılır. Əgər, işin yerli hakimiyyət orqanlarına və ya qurumlara məlumat verilməsinə əsasın olduğu müəyyən edilərsə, bu məlumat müvafiq formalardan istifadə etməklə sənədləşdirilməlidir.

2.3. Əsas Rifah Qrupları

2.3.1. Rifah Qrupları

Həm ibtidai, həm də orta məktəbdə rifah qrupları məktəbdə rifahın davamlı dəstəklənməsi və monitorinqi üçün məsuliyyət daşıyır. Rifah qrupunun bəzi üzvləri (mütləq deyil hamısı) Hadisəyə Nəzarət Qrupunun üzvü olur (aşağıya baxın).

2.3.2. Uşağın Müdafiəsi üzrə Rəhbərlik Qrupu (Bütün Məktəb səviyyəsində)

Bu Qrup bütün məktəbdə uşağın müdafiəsinin təmin olunmasına nəzarəti və strateji rəhbərliyi həyata keçirir. Buna uşağın müdafiəsi üzrə əməkdaşlar rəhbərlik edir, Məktəb direktoruna hesabat verir və aşağıdakılar da daxil olmaqla EAS-da uşağın müdafiəsi vəziyyətinin davamlı olaraq monitorinqi, təhlili və təkmilləşdirilməsi üçün məsuliyyət daşıyır:


  • dərs ili üzrə dərslər və digər uşaq müdafiəsi vəzifələri üçün cədvəlin müəyyən edilməsi;

  • icbari təlim tələblərinin müəyyən edilməsi ( ildə bir dəfə təlim);

  • tədbirlərin təmin edilməsinin tədqiqat və mövcud ən yaxşı təcrübələrə uyğun olmasını təmin etmək;

  • müəllimləri dəstəkləmək üçün ehtimal edilən pis davranış üzrə narahatlıqların müzakirə edilə/qiymətləndirilə biləcəyi qrupu və yeri təmin etmək;

  • işin səmərəli təşkilinə olan maneələrin aradan qaldırılması, məsələn müəllimin məlumat verməyə könülsüzlüyü;

  • Fövqəladə vəziyyətlərdə/iş günündən sonrakı əlaqə nöqtələrini təmin etmək;

  • Yerli sosial / tibbi / hüquqi xidmətlər və ekspertlər ilə birgə işləmək;

  • Hər il siyasət və prosedurların uyğunluğu və keyfiyyətinin / effektivliyinin illik yoxlama və daxili auditinin və hər iki ildən bir təhlilinin (məktəbin idarə heyətinin illik təhlili daxil olmaqla) keçirilməsi;

  • Davam edən tədqiqatlar üçün hər bir işin qısa təsvirini toplamaq və müqayisə etmək

  • İcmada, Bakı ərazisində və kənarda (ehtimal ki, qrupda olmayan heyət üzvləri vasitəsi ilə) resurslara çıxışı təmin etmək:

  • Hüquqi / sosial xidmətlər, yerli polisin əlaqə məlumatı, məktəb və digər, məsələn, uşaqların sağlamlığı üzrə hüquqşünasların milli assosasiyası;

  • uşaqların sağlamlığı üzrə ixtisaslaşmış kənar tibbi / psixoloji məsləhətçilər / psixiatrlar / terapevtlər / həkimlər; məktəbin yerli tibb bacısı; yerli birliklər
    uşaq istismarı və istismar qurbanları üzrə ixtisaslaşmış yerli assosasiyalar.

2.3.3. Hadisəyə Nəzarət Qrupu
Uşağın müdafiəsi üzrə narahatlıq (problem) haqqında məlumat alındıqda, təhsil bölməsi müdirinin rifah üzrə müavini məktəb direktoruna və təhsil bölməsinin müdirinə məlumat verir və Hadisəyə Nəzarət Qrupu çağrılır. Bu Qrupa uşağın müdafiəsi üzrə əməkdaş (yəni, təhsil bölməsi müdirinin rifah üzrə müavini) rəhbərlik edir və ona məktəb psixoloqu, məktəb tibb bacısı, müvafiq sinif rəhbəri və təhsil bölməsi müdirinin müavini daxildir. İbtidai məktəbdə bu qrupa, həmçinin Fiziki Tərbiyyə Kafedrasının müdiri də daxil olur.

3. Məlumatlandırma (maarifləndirmə), təlim və qarşısın alma (qabaqlayıcı tədbirlər) üzrə təlimatlar


3.1 Valideynlərin / icmanın məlumatlandırılması (maarifləndirilməsi)
Məktəbin bütün şagirdlərinin təhlükəsizliyinin təmin edilməsi və müdafiəsi üzrə mümkün ən yüksək standartlara sadiqliyi (bağlılığı) Məktəblə təmasda olan müxtəlif aidiyyəti tərəflərə açıq şəkildə çatdırılmalıdır.

  • Məktəbin təhlükəsizliyə dair məqsəd və vəzifələri müntəzəm olaraq bütün valideynlərə çatdırılır.

  • Uşaqların Müdafiəsi üzrə Siyasət və Prosedurlar (Qaydalar) tələb olunduqda əldə oluna bilir.

  • Məktəbin uşaqların müdafiəsinə sadiqliyi məktəbin marketinq və əlaqə materiallarında, məsələn Məktəbin veb səhifəsində (www.eas.az) aydın şəkildə ifadə edilir.

  • Yeni valideynlər, “Yeni Valideyn Oriyentasiyası” çərçivəsində Məktəbin siyasət və prosedurları ilə bağlı xüsusi məlumat alırlar.

  • Niyyət bəyanatı və əməl olunacaq prosedurlar şagird / valideyn kitabçasına daxil edilir.

  • Şagirdlərin təhlükəsizliyi məsələləri və valideynlərin uşaqları ilə necə danışmalı olması üzrə təlimat və resursları məktəbin psixoloqundan və təhsil bölməsi müdirinin şagirdlərin rifahı üzrə müavinindən və müntəzəm olaraq keçirilən şagird məlumat axşamları vasitəsilə əldə etmək olar.

3.2 İşçi heyəti üzrə tələblər
Məktəb bütün tədris və qeyri-tədris işçi heyətinin təhlükəsiz seçilməsi və işə götürülməsini təmin etmək üçün prosedurları həyata keçirmək öhdəliyini öz üzərinə götürür.

3.2.1 Ərizəçilər üçün məlumat


Aşağıdakılar da daxil olmaqla məktəbin bütün işəgötürmə məlumatlarında uşağın müdafiəsinə dair aydın şəkildə göstərilən öhdəlik olacaq:

  • Məktəbin veb səhifəsi

  • İş elanları

  • Fərdi ərizəçilərə göndərilən məlumat sənədləri

3.2.2 Skrininq (axtariş) və cinayət tarixçəsinin (məhkəməyə düşüb-düşməməsinin, cinayət təqibinin) olub-olmamasının) yoxlanılması
Uşaq istismarının qarşısını almaq üçün effektiv vasitə potensial istismar törədənlərin məktəbə gəlməzdən əvvəl kənarlaşdırılmasıdır (rədd edilməsidir). Potensial işi və ya könüllülük xidməti uşaqlala birbaşa əlaqəli olan və / və ya uşaqlara nəzarət olunmayan potensial çıxış imkanı olan bütün personal, heyət üzvləri, müəllimlər, könüllülər və icmanın digər üzvlərinin (uşaqlara müntəzəm olaraq daşınma xidməti göstərən istənilən şəxs daxil olmaqla), təqdim olunan zəmanət məktublarının yoxlaması aparılmalı və cinayət tarixçəsinin olub olmaması dərindən yoxlanılmalıdır. İnsan resursları şöbəsi, vəzifə üçün müraciət edənlərin (namizədlərin) dəyərləndirilməsini aparmaq üçün məsuliyyət daşıyır. Qısamüddətli /daimi / yarım ştat /tam ştat olmasından asılı olmayaraq bütün vəzifələr üçün tərçünmeyi-halın yoxlanılması tələb olunur. Tərcümeyi-halın hərtərəfli yoxlamasının elementləri aşağıdakılardan ibarətdir:

  • yazılı ərizə və “ vəzifəyə uyğunluq məlumatı” (məsələn, qoşma məktub)

  • ərizəçidən ona uşaqlarla təhlükəsiz işləməyə maneə olacaq heç bir səbəbi və ya əvvəlki halı olmadığını bildirən bir sənəd üzərində imza tələbi

  • aşağıdakılar barəsində sualların daxil edildiyi fərdi söhbət (müsahibə): peşə səlahiyyətlərinin hüdudlarından məlumatlı olma və onlara əməl etmə; uşaqlarla əlaqələrinin uyğunluğu; uşaqları müdafiə etmək üçün tədbirlər görmək öhdəliyi və sübutları.

  • Aşağıdakılarla bağlı tələb edilən təminatlar da daxil olmaqla diplomlarının yoxlanılması: peşə səlahiyyətlərinin hüdudlarından məlumatlı olma və onlara əməl etmə; uşaqlarla əlaqələrin uyğunluğu; uşaqları müdafiə etmək üçün tədbirlər görmək öhdəliyi və sübutları; Bütün yerli müəllimlər üçün ərizə vermə mərhələsində cinayət tarixçəsinin yoxlanılması təmin edilməlidir. CIS, Search or ISS kimi böyük təşkilatlardan biri vasitəsilə işə götürülmüş xarici müəllimlər onların ərizələrinin bir hissəsi kimi artıq bu cinayət tarixçəsi yoxlamalarına malik olacaqlar. Bu təşkilatlardan hər hansı biri vasitəsilə işə götürülməmiş xarici müəllimlər məktəblərindən təmiz bir tarixçəyə (təmiz dosyeyə) malik olduqlarını ifadə edən imzalı arayış almalıdırlar.

  • Tərçünmeyi-halın yoxlanılması 5 illik dövrdən sonra yenidən edilir və bir illik və ya daha artıq müddət davam edən elmi iş üçün olan məzuniyyət və ya uzunmüddətli məzuniyyətdən dönən bütün işçi heyəti üçün tətbiq edilir.

  • Şikayət prosesinin (narazılıq səbəbi, əmək münaqişəsi) təsviri də daxil olmaqla, cinayət keçmişinə dair məlumatların necə və kim tərəfindən araşdırılacağı və dəyərləndiriləcəyi ilə (diskvalifikasiya meyarları ilə) əlaqədar dərc edilmiş proseduralar.

  • Təşkilat tərəfindən və ya onun adından həyata keçirilən bütün tərcümeyi-hal məlumatları yoxlamalarının (axtarışının, skrininqinin) müvafiq məxfilik qanunlarına uyğun olmasına dair məlumat. Bütün ərizəçilərə aydınlaşdırılır ki, ərizəçinin təqdim etdiyi məlumatlarda hər hansı yanlış təqdimat, saxtakarlıq və ya material çatışmazlığı aşkar edildikdə, bu, təşkilatdan kənarlaşdırma (diskvolofikasiya), ya da təşkilatda işə və ya könüllü xidmətə xitam verilməsi ilə nəticələnə bilər. Tərcümeyi-hal yoxlaması ilə bağlı bütün işəgötürmə və işə uyğunluq təcrübələri Azərbaycan qanunvericiliyinə uyğun aparılır.

3.2.3 Davranış Qaydaları
Skrininq və tərcümeyi hal yoxlamaları ilə yanaşı, yeni təyin olunmuş bütün işçilərdən bir nüsxəsi ( Azərbaycan və ingilis dillərində) onlara verilən “Davranış Qaydalarına” riayət etmək barədə razılıq tələb olunur. Bu sənəd çərçivəsində aşağıdakı məlumat daxil edilir:

Bütün heyət üzvləri hər zaman şagirdlərin təhlükəsizliyinin təmin edilməsi və müdafiəsi üçün məsuliyyət daşıyır. Tədris heyətinin vəzifələrinin əhatə dairəsi (uşaqları müşayiət edən və ya onlara nəzarət edən digər işçilər də daxil olmaqla). İbtidai məktəb müəllimləri uşaqları heç vaxt nəzarətsiz tək buraxmamaldırlar. Günün sonunda növbətçi müəllimlər inzibati heyət üzvlərinə məktəbi tərk etməmiş hər hansı bir uşaqla məşğul olmaq tapşırığı verilməsini təmin etməlidirlər. V sinifdə olan uşaqlara, valideynlərinin imzaladığı icazə kağızı ilə günün sonunda bacı və ya qardaşları ilə məktəbdən ayrılmağa icazə verilir. Uşaqlar heç vaxt qardaşı və bacısı ilə deyil, yalnız valideyn, qəyyum və ya onların nümayəndəsi ilə buraxılır.


V, VI, VII, VIII, IX və X siniflərdə orta məktəb şagirdlərinə valideynlərin əvvəlcədən razılığı əsasında məktəbdən ayrılmağa icazə verilməsi üçün icazə kağızını özlərinin imzalamasına icazə verilir. Əgər valideynlər belə bir razılıq verməyibsə, müəllimlər inzibati heyətin günün sonunda məktəbi tərk etməyən şagirdlərdən hər biri ilə məşğul olmasını təmin etməlidir.

Pedagoji heyət, inzibati heyət və rəhbərlik üçün fiziki və ya psixoloji zorakılıq, təcavüz, bezdirmə və fiziki və ya cinsi istismara aid hadisələri və ya bunlarla bağlı narahatlıqlarını dərhal növbəti dərs günündə, yaxud ən çox 48 saat ərzində məktəbin uşağın müdafiəsi üzrə əməkdaşına çatdırmaq vacibdir.

3.2.4 Podratçılar və xidmət təminatçıları (provayderləri)
Məktəbin iş saatları zamanı məktəbdə fəaliyyət göstərən podratçılar, təchizatçılar və xidmət təminatçılarına şagirdlər olan otaqlara nəzarətsiz giriş imkanı verilmir.

Bundan əlavə, EAS kənar təşkilatlarla kənar təşkilat yetkinlik yaşına çatmayan uşaqları öz əmlakına (məsələn, meydançalar, təhsil mərkəzləri və idman obyektləri kimi) gətirən bir müqavilə imzaladıqda, bu təşkilatlardan yetkinlik yaşına çatmayanları müşayiət edən yetkin şəxslərin mümkün olduqda müvafiq tərcümeyi-hal və cinayət tarixçəsi yoxlamasından keçməsi haqqında dəlilləri əvvəlcədən təqdim etməsi tələb olunur.

3.3 İşçi heyəti üçün təlimlər
İşçi heyətinin uşağın müdafiəsinin bütün sahələri: maarifləndirmə, zorakılığın və istismarın növləri, işarələri / əlamətləri, qarşısının alınması, siyasət və qanunları, məlumatvermə (bildirmə) prosesi, uşaqların tədris proqramları, yerli hakimiyyət orqanlarının dəstəyi və mövcud resursları barədə əmin olması üçün onlara mütəmadi olaraq təlimlər keçirilir.

Xüsusilə:


● Yeni heyət üzvlərinə bu sahələr üzrə “Yeni işçi heyətinin orientasiyası” çərçivəsində uşağın müdafiəsinə dair təlim keçirilir.
● Uşağın müdafiəsi prosedurları ilə bağlı aydın gözləntilər və həddləri müəyyən etmək üçün “İşçi heyətin Davranış Qaydaları” (Əlavə 3-ə baxın ) hər il bütün işçi heyəti üzvlərinə verilir. Bu prosedurlar ümumiləşdirilmiş formada, həmçinin İşçi heyətinin məlumat kitabçasına da daxil edilir.
● İdarə heyətinin üzvləri də daxil olmaqla bütün işçilərə ildə bir dəfə uşağın müdafiəsi üzrə əməkdaş və ya dəvət olunmuş mütəxəssis tərəfindən narahatlıq indikatorları, seks cinayətkarlarının necə fəaliyyət göstərməsi və məktəb daxilində uşağın müdafiəsi prosedurlarını müəyyən edən yarım günlük təlim keçirilir. Uşağın Müdafiəsi üzrə Rəhbərlik Qrupu tərəfindən uşağın müdafiəsi üzrə əməkdaşlar, Hadisəyə Nəzarət Qrupuna cəlb olunmuş heyət üzvləri və Fiziki Tərbiyyə kafedrasının üzvləri kimi şəxslərin mövcud təlim ehtiyacları müəyyən edilir və qarşılanır. Təhsil bölməsinin müdiri heyət üzvünə qarşı iddia halında işçi heyətinə məlumat verir və insan resursları şöbəsi təhqiqat prosedurlarını müəyyənləşdirir. Bu təhqiqat məktəb direktoru və Uşağın Müdafiəsi üzrə Rəhbərlik Qrupu tərəfindən aparılır.

3.4. Şagirdlərin Məlumatlandırılması (maarifləndirilməsi)


Şagirdlərin şəxsi təhlükəsizliyinə mənfi təsir edən məsələlər (istismar da daxil olmaqla ) və çətin vəziyyətlərin öhdəsindən gəlmək üzrə strategiyalar haqqında onların özlərinin məlumatlı olması vacibdir. EAS-da şagirdlər aşağıdakılardan xəbərdar edilir:
● Qorxutma da daxil olmaqla şagird-şagirdə zorakılıq siyasəti açıqlanır və həyata keçirilir.
● Əsas elementlərə və təcrübədə rast gəlinən sübutlara əsaslanan yaşa uyğun kurikulum
hazırlanır və hər il şagirdlərə tədris olunur. Bu, V və VI siniflərdə Şəxsi və Sosial Təhsil (PSE) kurikulumu çərçivəsində və XI və XII siniflərdə məsləhət qruplarında təmin edilir.
Buna aşağıdakılar daxildir:

  • Uşaqların müdafiəsi məsələləri ilə bağlı şagirdlərin hüquq və vəzifələri

  • Uygunsuz (nalayiq) davranışları tanımaq, belə davranışlara iddialı cavab vermək və hadisəni Məktəbin əməkdaşları və/ və ya ailə üzvlərinə bildirmək üçün strategiyalar.

  • Niyyət bəyanatı və əməl olunacaq prosedurlar şagirdlər / valideynlər üçün məlumat kitabçasına daxil edilir.

3.5. Binalar və Təhlükəsizlik
Məktəb rəhbərliyi, hər 5 ildən bir baxış və yoxlamalar aparır və bütün binaların Azərbaycan qanunvericiliyinə uyğun olaraq şagirdlərin təhlükəsizliyinə və rifahına şərait yaradılması üçün təhlükəsiz və uyğun olmasını təmin edir. Məsləhət və müalicə otaqları istisna olmaqla şagirdlərin daxil olmasına icazə verilən bütün otaqların, qapısında pəncərə var. Məktəbin açılış saatlarından əvvəl şagirdlərə məktəbin kampusuna daxil olmağa icazə verilmir. Günün sonunda binalarda heç bir şagirdin qalmamasını təmin etmək üçün heyət üzvləri tərəfindən binaya hərtərəfli baxış (yoxlama) keçirilir. Binadan kənar obyektlər təhlükəsizlik və mühafizə baxımından mütəmadi olaraq yoxlanılır. Böhran prosedurları (kilidlənmə, evakuasiya, bomba / terror hücumları, yanğın) hər il nəzərdən keçirilir və mütəmadi olaraq təlimlər təmin edilir. Məktəbin hər iki kampusunda məktəb qapılarında və girişlərində mühafizə işçiləri vardır. Mühafizə işçilərindən məktəb binalarında və onların birbaşa ətrafında müntəzəm olaraq hərtərəfli gündəlik baxışın keçirilməsi tələb edilir.

ƏLAVƏ 1
Terminologiya


Uşağın müdafiəsi
... uşaqları həm qərəzli, həm də istənilmədən vurulan zərərdən qorumaq üçün fəlsəfə, siyasət, standart, təlimat və prosedurların təsvir edilməsi məqsədi ilə istifadə olunan geniş bir termindir. Bu sənəddə “uşağın müdafiəsi” termini EAS-də uşaqların müdafiəsinə aiddir.

Uşağın Müdafiəsi üzrə Siyasət


Şagirdləri zərərdən (özünə və başqalarından) müdafiə etmək üçün öhdəlik nümayiş etdirən və şagirdlərin müdafiəsi ilə əlaqədar nələrin tələb olunduğunu hamıya açıq şəkildə göstərən bir niyyət bəyanatıdır. Bu, uşaqlar üçün təhlükəsiz və müsbət mühit yaratmağa və məktəbin öz vəzifə və məsuliyyətinə ciddi şəkildə yanaşdığını göstərməyə xidmət edir. Bu məlumat kitabçasında uşaq istismarının qarşısının alınmasını başa düşmək bacarığını artırmaq üçün EAS-ın yaxşı hazırlanmış kurikulum ilə dəstəklənən müvafiq uşaq təhlükəsizliyi dərslərini təmin edəcəyi nəzərdə tutulur.

Uşağın müdafiəsi üzrə narahatlıq


... məktəb daxilində və məktəbdən kənarda uşaqla əlaqəli istənilən şəxs tərəfindən törədildiyi güman edilən, iddia edilən, özü açılmış və və ya şahidlik edilən, təhqiqatı aparılmalı və müvafiq tədbirlər görülməli olan uşaq istismarıdır.

Uşaq istismarı


Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən, uşaq istismarı “məsuliyyət, inam və ya hakimiyyət əlaqələri kontekstində uşağın sağlamlığına, sağ qalmasına, inkişafına və ləyaqətinə faktiki və potensial zərərlə nəticələnən fiziki və / və ya emosional pis rəftar, cinsi istismar, laqeydlik və ya laqeyd rəftar və ya kommersiya məqsədli və ya digər istismarın bütün formalarını təşkil edir.”
Şəxs zərər verərək və ya zərərin qarşısını almaq üçün hərəkət etməyərək uşağı istismar edə bilər. Uşaqlar ailə və ya institusional (məsələn, məktəb) və ya icma şəraitində istismar edilə bilər; uşaqlar özlərinin tanıdıqları və ya daha nadir hallarda yad adam tərəfindən istismar edilə bilər. Uşaqlar eyni zamanda istismarın bir çox formalarında istismar edilə bilərlər ki, bu da problemin daha da mürəkkəbləşməsinə səbəb ola bilər. Uşaq istismarı hallarının çoxu uşağın bildiyi, hörmət etdiyi və ya inandığı şəxs tərəfindən törədilir. Beynəlxalq məktəb icmasının, uşaqlarımızın ətrafında olan fərdlər baxımından məktəbin işçi heyətinin bilməli olması lazım olan xüsusiyyətləri olur. Məktəbin işçi heyəti uşaqların məruz qalmış olduqları hər hansı bir təqib (viktimizasiya, təhqir,) barədə danışa bilməməsinin potensial səbəbləri haqqında xəbərdar olmalıdır.

EAS icmasının məlumatlılığını artırmaq üçün bu məlumat kitabçasında istismarın dörd əsas kateqoriyasına (növünə) diqqət verilir və hər bir növ ilə əlaqəli fiziki və davranış əlamətləri haqqında əsas məlumat verilir.

Fiziki istismar (uşaq təhlükədədir)
...vurma, yumruqla zərbə vurma, silkələmə, tullama, zəhərləmə, dişləmə, yandırma, qaynar maye tökərək yandırma, boğma və ya başqa bir şəkildə uşağa qəsdən vurulan fiziki xəsarətə səbəb ola bilər. (Bu simptomlara özünə xəsarət vurma da daxil ola bilər, məsələn, kəsmə və intihar düşüncəsi).

Emosional istismar (uşaq təhlükədədir)

... uşağın emosional inkişafına ciddi və mənfi təsirə səbəb olmaq üçün uşaqla davamlı olaraq emosional baxımdan pis rəftardır. Bu, aşağıdakıları əhatə edə bilər: uşalara: onların dəyərsiz və ya sevilməyən olması; qeyri-adekvat olması və ya başqa şəxsin ehtiyaclarına cavab verdikləri təqdirdə dəyərli olmasını çatdırmaq; uşaqların üzərinə yaşlarına və ya inkişaflarına uyğun olmayan gözləntilər (tələblər) qoymaq; uşaqlarda tez-tez qorxu hissi yaratmaq; və ya uşaqları istismara və ya korrupsiyaya uğratmaq. Emosional istismarın bəzi səviyyəsi uşaqla qəddar rəftarın bütün növlərində ola bilər, baxmayaraq ki, bu, təklikdə də baş verə bilər.

Cinsi istismar və zorakılıq (uşaq təhlükədədir)


... uşağı, baş verən hadisələrdən xəbərdar olub olmasından asılı olmayaraq, cinsi fəaliyyətdə iştirak etməyə zorla məcbur etmək və ya cəlb etmək. Fəaliyyətlər daxilə keçən ( zorlama) və ya daxilə keçməyən aktlar daxil olmaqla fiziki təması əhatə edə bilər. Onlara uşaqların pornoqrafik materialların istehsalına və ya baxışına cəlb edilməsi və ya uşaqların cinsi cəhətdən uyğun olmayan yollarla davranmağa təşviq edilməsi kimi fiziki təmas tələb etməyən fəaliyyətlər də daxil ola bilər. Kommersiya məqsədli seks xidmətlərinə cəlb edilən uşaqlar, özlərinini zərər çəkmiş kimi qəbul edib-etməməsindən asılı olmayaraq, cinsi istismar qurbanıdırlar.

Laqeydlik (uşaq risk altındadır)


... uşağın sağlamlıq və ya inkişafının ciddi şəkildə pozulmasına gətirib çıxaran uşağın əsas fiziki və ya fizioloji ehtiyaclarınının davamlı olaraq qarşılanmamasıdır.

Əlavə 2


Təhsil işçilərini təhlükə haqqında xəbər edəcək əlamətlər
Bu, narahatlıq doğura biləcək istismar və laqeydlik əlamətlərinin siyahısıdır. Uşaqlar bu əlamətlərin bir və ya daha çoxunu göstərə bilər. Bu potensial istismar əlamətlərinə laqeyd yanaşmamaqla yanaşı, onların əksəriyyətinin bir çox digər kontekstlərdə də göstərildiyini nəzərə almalıyıq. Təhsil işçiləri olaraq, bizim qayğımızda olan uşaqların davranışında tədricən və ya birdən-birə baş verən dəyişikliklər barədə diqqətli olmalıyıq.


  • əhval-ruhiyyədə dəyişikliklər

  • ağır və ya tez-tez baş verən həyəcanlılıq (əndişə)

  • izahedilə bilməyən qorxular

  • diqqəti cəlb edən davranışlar

  • qəfildən nailiyyətin aşağı səviyədə olaması və ya diqqəti cəmləyə bilməmə

  • passivlik və ya təcavüzkarlığın ifrat dərəcəsi

  • fiziki və ya emosional əlaqədən geri-çəkilmə (yadlara, həmçinin, yad olmayan şəxslərə münasibətdə)

  • lallıq (sakitlik)

  • yuxu sistemində dəyişikliklər

  • ola bilsin ki, tibbi yardım göstərilməmiş izah edilə bilməyən fiziki zədələnmələr (travmalar) (məsələn, göylər (qançır), qırıq sümüklər, yanıqlar, yaralar, dişləmələr, cızıqlar (cırmaq yerləri)

  • valideynlərin / qəyyumların / şagirdlərin gətirdiyi ağlasığmaz bəhanələr və ya qeyri-müəyyənlik, ya da zədələri müzakirə etməkdən imtina

  • məktəbdə olmama nümunələri

  • qolların və qıçların isti havalarda örtülü saxlanılması

  • hovuza getməkdən imtina

  • fiziki, zehni və emosional inkişafda geri qalmalar

  • ağrılı vəziyyətlərə uyğunsuz emosional reaksiya vermə

  • davamlı yorğunluq

  • genital bölgədə tibbi baxımdan izah edilə bilməyən ağrı və ya qıcıqlanma kimi fiziki narahatlıqlar

  • cinsi yolla ötürülən infeksiyalar

  • reqresiv (geriyə doğru gedən) davranışlar, yatağını islatmalar

  • enurez (gecələr qeyri-iradi sidik ifrazı) və enkoprez (qeyri-iradi nəcis ifrazı)

  • yaşa uyğun olmayan cinsi (seksual) davranış və ya danışıq

  • inkişafına uyğun olmayan cinsi (seksual) məzmunlu rəsmlər

  • qarın ağrısı və ya gəzinti və ya oturma zamanı narahatlıq

  • yetkin bir şəxsdən xüsusi diqqət aldığını və ya yetkin bir şəxs və ya gənclə yeni “gizli” dostluğu haqqında danışmaq

  • tibbi ehtiyacların ödənilməməsi

  • nəzarətin olmaması

  • davamlı aclıq

  • uyğun olmayan paltar

  • zəif gigiyena

  • yetərincə olmayan qidalanma

  • özünə zərər verən davranışlar və intihar düşüncələri və / və ya cəhdləri

  • sevgiyə hədsiz ehtiyac

  • məktəbdə tez-tez gecikmə və ya iştirak etməmə

  • zəif sosial əlaqələr

  • davranış pozğunluğu, vandalizm, oğurluq, başqalarına qarşı təcavüzkar davranışlar

  • məcburi yalanlar

  • narkotik və ya spirtli içkidən istifadə.

Viktizasiyanın əlamətlərini bilməklə yanaşı, potensial cinayətkarlarla ehtiyyatlı olmaq üçün bəzi erkən xəbərdarlıq əlamətləri aşağıda verilir:

Cinayətkarların əlamətləri (şagirdlər)




  • seksə qeyri-adi maraq, cansız obyektlərin və fəaliyyətlərin seksualizasiyası (cinsi əlaqələndirilməsi)

  • dayandırılması deyildiyi zaman cinsi yanlış davranışını dayandırmama

  • sosial vəziyyətlərdə güc və zor tətbiq etmə

  • seks və seksuallığı müzakirə edərkən qeyri-adi intensivlik

  • daha kiçik olan uşaqlarla ünsiyyət qurma

  • hədiyyələr vermə, əlaqələrində gizlilik tələb etmə

Cinayətkarların əlamətləri (yetkin şəxslər)


  • “sevimli” şagirdi və ya uşağı olur

  • uşaqlarla tək qalmaq üçün yollar tapmağa çalışır

  • şagirdər / uşaqlar haqqında qeyri-münasib danışıq, zarafatlar və müzakirələr

  • şagirdlər və uşaqların yanında seksual məzmunlu söhbət

  • gizli hədiyyələr verir və ya sosial mediada / internetdə gizli söhbətlər edir.

Əlavə 3
EAS-də uşaqların müdafiəsi: müəllimlər üçün əlavə təlimat
Bunlar uşaqları istismar və laqeydlikdən müdafiə etmək üçün prosedurlardır. Uşağın müdafiəsi narahatlıqlarına uşağın güman edilən, iddia edilən, özü açılmış və və ya şahidlik edilən, təhqiqatı aparılmalı və müvafiq tədbirlər görülməli olan istismarı və ya laqeydliyi daxildir.

İstismarın növləri


Fiziki istismar, psixoloji istismar, cinsi istismar və laqeydlik.

  • Hazır olma
    Şagirdlərə kurikulum çərçivəsində uşaqların müdafiəsi ilə əlaqədar biliklər inkişafa (yaşa) uyğun bir şəkildə tədris edililir. Onlar uygun olmayan (nalayiq) davranışları tanımaq, belə davranışlara iddialı cavab vermək və hadisəni məktəbin əməkdaşları və/ və ya ailə üzvlərinə bildirmək üçün strategiyaları öyrənirlər.

    Əgər şagird sizə inanırsa,:




  • Uşaq sizə bir şey söyləməzdən əvvəl gizli saxlamaq üçün sizə and içdirməyinə icazə verməyin. Sizə bu barədə məlumat vermək lazım gələ bilər ki, bunu da uşaq sizə olan inamının pozulması kimi qiymətləndirər.

  • Siz uşağı verdiyi məlumatlarla həssas davranılacağına və lazım gələrsə, məxfi saxlanılacağına inandira bilərsiniz.

  • Sagird ilə söhbət edə biləcək digər şəxslərin olduğunu və onlara kömək etmək üçün bu şəxslərin daha uyğun vəzifədə olduğunu təklif edə bilərsiniz. Lakin, uşağın özünü rədd edilmiş (hüquqsuz, məzlum) hiss etməməsi vacibdir.

  • Əgər uşaq sizinlə danışmaq istəsə, sakit və bir neçə fasilə edə biləcəyiniz bir mühit tapmağa çalışın.

  • Uşağı danışarkən yönəltməyin. Yalnız onu dinləyin, öz sözləri ilə izah etməsinə imkan verin.

  • Çox müfəssəl danışması üçün təzyiq etməyin.

  • Sakit və birbaşa cavab verin. Uşağın sizə xəbər verdiyi hadisəni eşitmək çətin olsa belə, nifrət və ya təlaş göstərməmək vacibdir.

  • İstismar edən şəxs haqqında mühakimə edici və aşağılayıcı şərhlər etməyin, bu çox vaxt uşağın sevdiyi və yaxın olduğu şəxsdir.

  • Uşağa məsələnin daha yaxşı hala gələcəyinə dair söz verməyin.

  • İstismar edən şəxlə üzləşməyin.

  • Əgər uşaq evə getmək istəmirsə, bu, fövqəladə vəziyyət hesab edilməlidir. Rifah qrupunun üzvü ilə əlaqə quraraq dərhal məlumat verin və problemi həll edin. Uşağı özünüzlə evə aparmayın!

  • Kömək almaq üçün Rifah Qrupu üzvünə xəbər verməli olduğunuzu uşağa izah edin.

  • Uşağa başqasının da onunla danışmalı olmasını bildirməyə və bunun nə üçün ediləcəyini izah etməyə çalışın.

  • Şagirdə prosesdə iştirak etməsinə imkan verməklə, onu mümkün qədər səlahiyyət verin. Əgər şübhəniz varsa, amma uşağınız sizə inanmırsa, Rifah Qrupunun üzvü ilə əlaqə saxlayın.

Özünü həssas vəziyyətə düşməkdən müdafiə etmə

EAS-də böyüklər və şagirdlər arasındakı qarşılıqlı münasibətlər həmişə uyğun olmalıdır və onları yalan iddialarından qorumaq üçün böyüklər hər zaman aşağıdakı kimi olmalarını təmin edilməlidirlər:



  • Uşaqla tək qalmaqdan çəkin. Buna, uşağı avtomobilinizdə tək aparmamağınız da daxildir. Uşaqla fərdi danışmaq lazım olanda, söhbətiniz üçün eşitmə məsafəsindən uzaq olan, lakin başqalarının sizi görə bilcəyi yer tapın.

  • Tualetdən istifadə edərkən, duş və paltar dəyişdirmə kimi hallarda uşaqların məxfiliyinə hörmət edilməlidir.

  • Minimal fiziki təmaslardan yalnız aşağıdakı hallarda istifadə olunmalıdır: zədələnmənin qarşısını almaq və ya müalicə etmək; təhlükəsizliyi təmin etmək; təlimat vasitəsi olaraq; idman tələblərini yerinə yetirmək; şagird sıxıntıda olarkən ona təsəlli vermək üçün.

  • Heç bir formada cismani cəzadan istifadə etməyin.

  • Seksual məzmunlu zarafatlar, şəxsi cinsi təbiəti haqqında şərhlər, yersiz fiziki təmaslar, seksual masajlar və ya seksual jestlər işçi heyəinin yetkin üzvünə və ya könüllüyə uyğun davranış deyildir.

  • Gecə fəaliyyətinə nəzarət etmək üçün könüllü olduqda, yetkin şəxslər özününkü olmayan uşaqlardan başqa qalan uşaqlar ilə bir otaqda yata bilməzlər.

  • Sosial media / online: Şəxsi online profillərdə öz məxfi mühitinizi qoruyun və şagirdlərlə sosial media və oyun kimi online forumlarda əlaqə saxlamayın. Hədləri müəyyənləşdirmək və buna hörmət etmək həmişə yetkin şəxslərin məsuliyyətidir. Bir uşaq, yetkin şəxsi hər hansı qeyri-müvafiq davranışa cəlb etməyə çalışarsa, yetkin şəxs bu təklifi rədd etməlidir və hadisə haqqında uşağın müdafiəsi üzrə əməkdaşı məlumatlandırmalıdır.

Şagird haqqında və ya digər açıqlamalar və narahatlıqlar haqqında məlumat vermə
Pedaqoji heyət, işçi heyəti və inzibati heyət üçün ya fərd, ya da təşkilatın üzvü kimi fiziki və ya psixoloji zorakılıq, təcavüz, bezdirmə, fiziki və ya cinsi istismar hadisələri və ya narahatlıqları haqqında məlumat vermək hüquqi bir öhdəlikdir.

Bu, növbəti dərs günündə və ya ən çox 48 saat ərzində məktəbin uşağın müdafiəsi üzrə əməkdaşına, yəni məktəbin müvafiq hissəsində şagirdlərin rifahı üzrə təhsil bölməsinin müavininə bildirilməlidir. O, işdə olmadığı təqdirdə, narahatlıq məktəb psixoloqu, məktəb müdiri və ya məktəb direktoruna bildirilməlidir. Əlaqə istənilə zaman qurula bilər və iş saatları ilə məhdudlaşmır.


Uşaqların müdafiəsi üzrə əməkdaş,
məktəb psixoloqu, tibb bacısı və yuxarı səviyyədəki rəhbərlik

İBTİDAİ TƏHSİL BÖLMƏSİ

Həkim (İbtidai məktəb)

Məktəb psixoloqu

Həkim (Orta Məktəb )

İbtidai məktəbin müdiri

Məktəb direktoru

Şagirdlərin Rifahı üzrə müdir müavini

Orta Məktəb

Orta təhsil bölməsi üzrə müdir

Zöhra xanlım

Şagirdlərin Rifahı üzrə təhsil bölməsi müdirinin müavini

Hadisəyə Nəzarət Qrupu

Uşağın müdafiəsi üzrə narahatlıq haqqında məlumat alındıqda, təhsi bölməsi müdirinin müavini Məktəb direktoruna və təhsil bölməsinin müdirinə məlumat verir və Hadisəyə Nəzarət Qrupunu cağırır. Bu qrupa uşağın müdafiəsi üzrə əməkdaş (Rifah üzrə təhsil bölməsi müdirinin müavini) tərəfindən rəhbərlik edilir və məktəbin psixoloqu, məktəbin tibb bacısı, müvafiq sinif rəhbəri və təhsil bölməsi müdirinin müavini daxildir. İbtidai məktəbdə bu qrupa, həmçinin Fiziki tərbiyyə kafedrasının müdiri də daxildir. Bundan əlavə, daha ətraflı təlimat burada EAS-ın Uşağın Müdafiəsi üzrə Siyasəti və Prosedurlarında mövcuddur.


Əlavə 4
Hadisəyə Nəzarət Qrupunun Qeydiyyat Forması


Məlumatın tarixi: Formanı dolduran şəxs:
Hadisəyə Nəzarət Qrupunun üzvləri:

Hadisəyə Nəzarət Qrupunun Qeydiyyat Forması

Məlumatın tarixi
Formanı dolduran şəxs


Əsas Suallar

Cavab

Şagirdin adı, cinsi, yaşı





Valideynlərin/ qəyyumların adları





Məlumat verən şəxsin adı və şagirdlə əlaqəsi





Məlumat verən şəxs hadisə haqqında necə və harada xəbərdar olub
(ilk mənbə).
Açıqlamanın şəraitinin qısa təsvirini yazın.





Cinayətkarın adı və
şagirdlə əlaqəsi (əgər məlumdursa,):





Şagirdlə bağlı hər hansı əvvəlki narahatlıqlar:





Hər hansı digər uyğun
məlumat:





Davamı
(məsələn, Uşağın Müdafiəsi üzrə qrup ilə görüş, görülən gələcək tədbirlər və ya gözlənilən tədbirlər və s.)

Əlavə 5


EAS-ın Tualetdən istifadəyə kömək və Məktəbəqər təhsil sinifləri üzrə Qaydaları

Bu Qaydalar EAS-ın şagirdlə yaxın qayğı şəraitində olan istənilən heyət üzvünə (məsələn, məktəbəqədər təhsil siniflərinin müəllimləri, məktəbin tibb bacısı, Fiziki Tərbiyyə müəllimləri, sahə səfərləri müəllimlərinə) aiddir.


İntim qayğı digər şəxsə qayğı göstərmək üçün intim qayğı sahələrinə yuyulma, toxunma və ya razılaşdırılmış prosedurları icra etməyi nəzərdə tutan hər hansı bir qayğı kimi müəyyən edilə bilər. İntim qayğı vəzifələri, cinsiyyət orqanlarına birbaşa və ya dolaysı yolla təmaslar və ya onların üstünün açılmasını əhatə edir və bədən funksiyaları, bədən məhsulları və şəxsi gigiyena ilə əlaqədardır. Bütün intim qayğı uşaq və ya gəncin ləyaqətini və inamını qoruyan bir şəkildə təmin olunur. Uşaq və ya gəncə narahatlığı, xəcalətini və ya ağrılarını aradan qaldırmaq üçün qayğı göstərilir. EAS-da məktəbə qədər təhsil siniflərinə qəbul olunmaq üçün bütün şagirdlərin tualetdən istifadə üzrə təlim keçmiş olması və tualetə müstəqil şəkildə getməyi bacarması gözləntidir.

Şagirdin tualetdən istifadə üzrə təlim keçmiş olmaması və ya qeriləməsi halında dərhal valideynlə əlaqə saxlamağınız xahiş olunur. Heyət üzvləri, uşağın ehtiyaclarını (məsələn, onun müntəzəm məktəb rejiminə nə vaxt reinteqrasiya edə bilməsini) müzakirə etmək üçün uşağın və ya gəncin valideynləri və ya qayğı göstərənləri ilə birgə işləməlidirlər. Uşağa tualetdən istifadə edərkən və ya altını islatdığı zaman yardıma ehtiyacı olduğunda, uşaqla olduğunuz barədə başqa bir işçini xəbərdar edin. Həmişə, mümkün olduqda, tualet qapılarını açıq tutun və görünən qalmağınızı təmin edin. Şagirdi müstəqil olmağa və bacardığı qədər hər şeyi özünün edə bilməsi üçün təşviq edin ... “Tualet kağızı götürüb və altını təmizləyə bilərsənmi”.

Mümkünsə, xüsusilə uşaq xəstələndiyi /altını islatdığı zaman, uşağı təmizləməyə çalışarkən əlcək və döşlükdən istifadə edin. Çirklənmiş paltarları iki qat plastik torbada evə göndərmək lazım gələrsə, əlavə dəstək (məsələn, məktəb tibb bacısı, xadimələr və / və ya digər işçi heyəti) isteyin. Ehtiyat paltarları tibb bacısının otağında tapa bilərsiniz. Uşağın / uşaqların qapalı və ya bağlanmış kabinə və ya vanna otağında olduğu halda, orada olduğunuzu uşağa bildirmək üçün qapını döyün. Uşağa geyinməsini və qapını açmasını deyin. Uşaq imtina etdiyi halda, ondan bunun səbəbini izah etməsini xahiş edin. Əgər uşaq danışmırsa, onun vəziyyətini yoxlamaq üçün qapını açmağa kimi isə çağırmalı olacağınızı bildirin.

Səfərlərdə və üzgüçülükdə, bir qapalı kabinədə / vanna otağında yalnız bir uşağın olmasına icazə verilir. Kameralar və qeyd etmə cihazları heç vaxt vanna otağına aparılmır. Mümkün olduqda, eyni cinsdən olan heyət üzvü uşağa qayğı göstərməlidir.

Məktəb tibb bacısı: Məktəbin hər iki binasında məktəb tibb bacılarının şagirdləri, işçiləri və valideynləri qəbul etdikləri tibb otaqları vardır. Məxfilik səbəbindən onlar qapı və pərdəni bağlaya bilərlər. Məktəb tibb bacıları valideynlərin / qəyyumların razılığı ilə dərman vermək və müalicə etmək hüququna malikdir. Bu, şagirdlərin bədən hissələrinə toxunma (məsələn mazları sürtərkən, buz paketləri qoyarkən) və ya yaralanmış və ya zədələnmiş bədən hissələrini göstərmək üçün soyunmağı xahiş etməni zəruri edə bilər. Bu halda tibb bacıları həmişə şagirdin icazə verib verməməsini soruşur və nə isə etməzdən əvvəl ona nə edəcəklərini izah edirlər. Tibb bacıları, həmçinin nə etdikləri barədə həmişə valideynlərə də məlumat verirlər.

Əlavə 6
Uşaq istismarı və laqeydliyi haqqında geniş yayılmış miflər və gerçəklər

Mif: Uşaq istismarı yadlar tərəfindən törədilir.
Fakt: İstismarın 90% ailə daxili (ev içi) səbəblərdəndir və uşağa tanış olan şəxslər tərəfindən törədilir. Beynəlxalq məktəb icmalarına çox vaxt qeydiyyatda olduqları evdən köçmüş və geniş ailələrindən ayrılmış ailələr daxildir.
Mif: Uşaqların müdafiəsi haqqında öyrənmək uşaqlarınız üçün zərərlidir.
Fakt: İnkişafa (yaşa) uyğun təhsil uşaqları təhlükəli hallara qarşı daha inamlı edir və dərhal cavab verməyi bacarmağı öyrədir. Müəyyən bir əhali kontekstindən istifadə edərək öyrətmək qoruyucu davranışı artırır.
Mif: İstismar haqqında təhsil cinsi təhsildir.

Fakt: Tədqiqat əsaslı proqramlar şagirdləri özlərini cinayətkarlardan və qorxutma, bezdirmə və istismarın digər formalarını əhatə edən davranışlardan təhlükəsiz saxlamaq üçün bacarıq və münasibətləri inkişaf etdirməyə hazırlayır.


Mif: İstismar mədəniyyət məsələsidir; fiziki və ya cinsi istismar bəzi mədəniyyətlərin normaları daxilindədir və qəbul edilir.
Fakt: Reallıq isə ondan ibarərdir ki, uşaq istismarı üçün bəhanə yoxdur! Heç bir mədəniyyət uşaqlara zərər verməyi dəstəkləmir.
Mif: Uşaq istismarı yoxsulluğun nəticəsidir və aşağı sosial-iqtisadi şəraitdə baş verir.
Fakt: Uşaq istismarı cəmiyyətin bütün irqi, etnik, sosial-iqtisadi və mədəni sahələrində baş verir. İstismarçı ailənin ümumi xüsusiyyəti, beynəlxalq məktəb ailələrinin bəzilərində geniş yayılmış təcriddir.

ƏLAVƏ 7
Akkreditasiya orqanları qarşısında məsuliyyət


Uşağın Müdafiəsi üzrə Siyasət Beynəlxalq Məktəblər Şurasının (CIS) proqram və qabaqcıl təcrübə standartlarına cavab verməli və Yeni İngiltərə Məktəblər və Kolleclər Assosasiyası (NEASC) ilə yanaşı, Azərbaycan qanunlarına da uyğun olmalıdır. EAS üçün akkreditasiya standartlarında dəyişikliklərə dair məlumatlı olmaq və onlara cavab vermək vacibdir. Beynəlxalq Məktəblər Şurası akkreditasiya standartlarının ən son nəşrlərinə Uşağın Müdafiəsi üzrə Proqramlarla bağlı xüsusi standartları da əlavə etmişdir. Bu standartlar EAS-a öz icması üçün Uşağın Müdafiəsi üzrə Proqramının hazırlanmasında çox faydalı olacaq.

Yerli və beynəlxalq qanunlar və agentliklər qarşısında məsuliyyətlər


Yuxarıda göstərilən standartlara əlavə olaraq, uşaqların müdafiəsi ilə bağlı yerli, milli və beynəlxalq öhdəliklər vardır. BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyası (1989-cu il) və Avropa İttifaqının Uşaq Hüquqları üzrə Proqramı (2011-ci il) ilə yanaşı, bu sənəd uşaq istismarı və laqeydliyi ilə əlaqədar əhəmiyyətli məsələləri həll etmək və uşaqları onun müxtəlif formalardan müdafiə etmək üzrə üzv dövlətlərin məsuliyyətini müəyyən edir.

Əlavə 8
Büdcə


EAS, Uşağın Müdafiəsi üzrə Proqramının müvəffəqiyyətli olması üçün kifayət qədər insan və vaxt resursları və maliyyə dəstəyini təmin edir. Məktəbin direktoru, rəhbərlik qrupları və büdcə xətti üzrə idarəçiləri yaxşı maliyyələşdirilən və mükəmməl şəkildə dəstəklənən Uşağın Müdafiəsi üzrə Proqrama nəzarət etmək üçün Uşağın Müdafiəsi üzrə Qrupa lazım olan dəstəyin verilməsini təmin edirlər. Bəzi mümkün mülahizələrə aşağıdakılar daxildir:

Başlanğıc xərcləri





  • İnsan resursları – Uşağın Müdafiəsi üzrə Qrupu formalaşdırmaq; qrup üzvləri üçün vəzifə təlimatlarını hazırlamaq və ümumi fəaliyyət çərçivəsində əhatə dairəsi və ya hər bir şəxsin vəzifə məsuliyyəti daxilində kifayət qədər vaxt ayırmaq.

  • Vaxt resurları – tədbirlərin rəsmi məktəb təqvimini qəbul etmək; Vəzifələri yerinə yetirmək üçün Uşağın Müdafiəsi üzrə Qrupa vaxt ayırmaq.



Cari (dövri) xərclər

  • İnsan resursları - məktəbin Uşağın Müdafiəsi üzrə Qrupun vaxt tələblərini daxil etmək üçün monitorinq və tənzimləmə; iclaslar və ya ictimai və hüquqi qurumlara səfərlər üçün lazım ola bilən vaxtı ayırmaq

  • Proqram ehtiyacları üçün materialları təmin etmək

  • İşçi heyətinin təlimlərinin davam etdirilməsinə dəstəyi təmin etmək

  • Digər qurumlardan və ya təşkilatlardan olan qrup üzvləri üçün dəstəyi təmin etmək,
    məsələn görüşlərin keçirilməsi, nəqliyyat xərcləri, ola bilsin ki, kiçik minnətdarlıq tədbirləri

  • Məsləhətçi xidmətləri üçün dəstəyi təmin etmək.

Yüklə 88,74 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə