Əbədiyaşar şair Bəxtiyar Vahabzadə



Yüklə 141,44 Kb.
tarix18.06.2018
ölçüsü141,44 Kb.
#49808



Gəncə şəhər Mədəniyyət və Turizm idarəsi

Mərkəzləşdirilmiş Kitaxana sisteminin

Metodika şöbəsi

Milli iftixarımız – Şair Bəxtiyarımız”


/Bəxtiyar Vahabzadənin 85 – illiyi/


Gəncə - 2010

Tərtib edən: Rüstəmova Rəqibə

Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana

Sisteminin Metodiki İşlərin Təşkili şöbəsinin

metodisti.
Rəy verən:
1.Qədimova Fəridə - Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana

Sisteminin direktor müavini.


2. Abbasova İradə - Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Metodiki işlərin təşkili şöbəsinin müdiri.

Kompyuterdə yığan :


Rüstəmova Rəqibə - metodist.

Kompyuter dizayneri:


Abbasova Leyla – biblioqraf.

Əbədiyaşar şair Bəxtiyar Vahabzadə.
Azərbaycan poeziyası bəşər tarixində ən qədim, ən cavan poeziyadır. Ondakı fikir zənginliyi və müdrikliyi, ondakı təravət və hərarət, ondakı coşqunluq və səmimiyyət bütün dünyada məşhurdur. O, uzaq əsrlər arxasından uzaq sabaha gedən poeziyadır. Çünki insani mehribanlıqdan, nəcabətdən doğan poeziya həmişə bəşəri poeziya olmuşdur.

Belə bir sənət tarixində şair olmaq böyük şərəfdir. Xalq şairi çağrılmaq isə ikiqat şərəfdir.

Bəxtiyar Vahabzadə belə sənətkarlarımızdandır. O, hələ rəsmi xalq şairi adı almamışdan da xalqının əziz, sevimli şairi idi. Bəxtiyar Vahabzadəni təbiət şair yaradıb. Poeziya elə bil onunçün, o da poeziya üçün doğulub.

Nəsimidən, Nizamidən, Fizulidən, Sabirdən və başqalarından mənəvi qidasını alan Bəxtiyar Vahabzadə müəllimi Səməd Vurğun poeziyasına sığınaraq özünün qayəsini həyata, sənətə fəlsəfi görüş və baxışlarını təşkil edən Azərbaycan fəlsəfi şeirini daha yüksək zirvələrə qaldırıb.

Özünün hərtərəfli parlaq yaradıcılığı ilə xalqımızın dərin məhəbbətini qazanmış Bəxtiyar Vahabzadə yaradıcılığının şirəsini el ədəbiyyatından, ətrini vətən torpağından, ruhunu xalqın ürəyindən gələn doğma ana dilindən almış, həyatın bütün sahələrinə, insan qəlbinin ən incə, dərin guşələrinə aid əsərlər yazmışdır. Elə əsərlər ki, onlarda keçmişimiz də, bu günümüz, gələcəyimiz də, sevincimiz, kədərimiz də, zaman da, səma da, həqiqət də, xəyal da əks olunub, məhəbbət poeziya


qanadı taxıb, yaşıl çöllər, göy dənizlər, uca dağlar şer məskəninə çevrilib.

Müasir Azərbaycan ədəbiyyatinin ən parlaq simalarından olan Bəxtiyar Vahabzadə öz yaradıcılığı ilə bədii fikrimizin zənginləşməsində mühüm rol oynamışdır. Böyük söz ustası xalqımızın yüzillər boyu təşəkkül tapmış yüksək milli mənəvi dəyərlərinin qorunması, adət-ənənələrimizin yaşadılması naminə altmış ildən artıq bir müddət ərzində yorulmadan yazıb yaratmışdır.O azərbaycançılıq məfkurəsi ilə dərindən bağlı olan və özünüdərkə çağiran çoxsaylı əsərləri ilə ədəbiyyatımızın inkişafına töhfələr vermişdir.Azərbaycan xalqının tarixinin qədim dövrlərdən bəri müxtəlif mərhələlərində baş vermiş hadisələr, böyük şəxsiyyətlərin parlaq simaları ustad sənətkarın



diqqət mərkəzində dayanırdı.

Şair millətin sevgi və ehtirama layiq olduğunu, bunlara ehtiyacı olduğunu və ona, hər şeydən əvvəl, sabahına inamını olmasını duyur, “bütün ömrü boyu ciyəri ilə yox, ancaq inamı ilə nəfəs aldığını” car çəkir, düşməninə üzünü tutub deyir.


Demə ki, dəryayam dənizdir təkim,

Vallah quruyursan sən damla-damla

İnamdır əqidəm, gücüm, məsləkim,

Qələbə mənimdir bu inamımla!


Şair hamıdan şox bilirdi ki, birlik və bərabərlikdən qüvvə, güc doğar. Müasir adamın təfəkkürü getdikcə daha çox fəlsəfi məzmun daşıyır. Bəxtiyar poeziyası, hər şeydən əvvəl həyatın ziddiyyətlərini görmək, hadisələrin rəngarəngliyi arxasında onların daxili mahiyyətini seçmək, bir sözlə, dialektikcəsinə, məntiqə uyğun olaraq düşünmək, duymaq bacarığına malik olmağı öyrədir.

Bəxtiyar Vahabzadənin şeir dünyasına baş vurdunsa, həyat sənin üçün cansıxıcı, mənasız ola bilməz. Çünki, Bəxtiyar ürəyinə yatdığı dünyanın qiymətli hər şeyini-həyatdakı bütün yenini və köhnəni, bütün ümidləri, itkiləri, bəşəriyyətin qələbələrini, onun bütün zəkasını, ağrı-acısını oxucusu ilə bölüşür, onu sevir, ona ürək-dirək verir, onu yaşadır.

Haqsızlığa qarşı üsyan Bəxtiyar şeirinin əsas leytmotivlərindəndir. O, nifrəti, kini ilə ədalətsiz adamları lənətləyir və onların şərəfsiz mövqeyini qamçılayır.

Bəxtiyar öz oxucularını, əslində millətinn məhəbbətinə ləyaqətini təsdiq etmək üçün ziddiyyətlər içində keçən həyatının bütün cəfalarına çəkinmədən tab gətirmiş, heç bir zaman sarsılmamışdır. Elə buna görədir ki, şeirin Bəxtiyarı Azərbaycanın Bəxtiyarı olaraq qəlblərə girdi.

Azərbaycan poeziyasında vətəndaşlıq ruhunun qüvvətlənməsində və sənətkarlıq imkanlarının genişlənməsində Bəxtiyar Vahabzadənin müstəsna xidmətləri vardır. Dilimizin poetiq imkanlarından məharətlə bəhrələnən şair fəlsəfi məzmunlu lirikanın gözəl nümunələrini yaratmağa müvəffəq olmuşdur. Mənəvi ucalıq, dünya və zaman, təbiət və insan həyatının mənası haqqında düşüncələrlə zəngin poeziyası ictimaiyyət tərəfindən daim rəğbətlə qarşılanmışdır.Şairin dərin lirizmi ilə səciyyələnən sözlərinə çoxsaylı mahnılar bəstələnmişdir.

Bəxtiyar Vahabzadənin tariximizin bir çox hadisələrini canlandıran dram əsərlərinin gənc nəslin tərbiyəsində böyük rolu olmuşdur. Müasir həyatdakı ziddiyyətlərin, qarşıdurmaların və mənəvi sarsıntıların təsviri ilə yanaşı yüksək, pak və ülvi hisslərin tərənnümü Vahabzadə dramaturgiyasında böyük mərhələ təcəssümünü tapmışdır. Onun pyesləri Azərbaycan və eləcə də xarici ölkə teatrlarının səhnələrində uğurla tamaşaya qoyulmuş, müəllifinə geniş şöhrət gətirmişdir.

Bəxtiyar Vahabzadə həm də alim kimi Azərbaycan elmi qarşısında xidmətlər göstərmişdir. Şifahi ədəbi irsimizin, klassik və müasir Azərbaycan ədəbiyyatının öyrənilməsi sahəsində axtarışlarının bəhrəsi olan əsərlərini elmi ictimaiyyət həmişə dərin maraqla qarşılamışdır. Azərbaycan dilinin saflığı, təmizliyi və zənginləşməsi uğrunda mübarizə Bəxtiyar Vahabzadə yaradıcılığının mühüm istiqamətlərindən birini təşkil etmişdir.

Azərbaycanın Xalq şairi Bəxtiyar Mahmudoğlu Vahabzadənin adı təkcə respublikamızda deyil, onun sərhədlərindən çox-çox uzaqlarda mütəffəkir şair, lirik dramaturq, istedadlı alim və publisist, qeyrətli və cəsarətli ictimai xadim, sadə və səmimi insan kimi məşhurdur. Təsadüfi deyil ki, onun əsərləri – şer kitabları, dramları və publisist yazıları dünyanın çox dillərində, o cümlədən ingilis, fransız, alman, fars, türk, polyak, ispan, macar və keçmiş sovet birliyinə daxil olan bir çox xalqların dillərinə tərcümə edilmiş və bu əsərlər çox böyük maraq və sevgi ilə qarşılanmışdır. Onun bədii tərcümələri sayəsində isə Azərbaycan oxucusu dünya poeziyasının nümunələri ilə yaxından tanış olmaq imkanı əldə etmişdir.

Bəxtiyar Vahabzadə respublikamızın hüdudlarından uzaqlarda ölkəmizi layiqincə təmsil edərək, milli mədəniyyətimizin təbliği və ədəbi irsimizin dünyada tanıdılması naminə qüvvə və bacarığını əsirgəməmişdir.

Bəxtiyar Vahabzadə ədəbi və elmi yaradıcılğı pedoqoji fəaliyyətlə uğurla əlaqələndirərək, uzun illər Bakı Dövlət Universitetinin professoru kimi Azərbaycanda yüksək ixtisaslı kadrların hazırlanmasına töhfələr vermişdir.

Bəxtiyar Vahabzadənin ictimai-siyasi fəaliyyəti də zəngin və təqdirə-layiq olmuşdur. Bir neçə çağırış Azərbaycan Respublikası Ali Sovetinin və Milli Məclisinin deputatı seçilmiş Bəxtiyar Vahabzadə xalqımızın həyatının ən çətin və mürəkkəb anlarında baş verən taleyüklü hadisələrə münasibətdə əsl vətənpərvər ziyalı mövqeyi nümayiş etdirmişdir.

Bəxtiyar Vahabzadənin ədəbi-elmi və ictimai fəaliyyəti yüksək qiymətləndirilmişdir. O, bir sıra orden və medallara, o cümlədən Azərbaycan Respublikasının ali dövlət təltifi olan “İstiqlal” ordeninə layiq görülmüşdür.


Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığının əsas tarixləri.
1925 ci il - avqust ayının 16-da Şəki şəhərində anadan olmuşdur.

1934 - Ailəsi ilə bərabər Bakıya köçmüşdür.

1942 - Orta məktəbi bitirib, Bakı Dövlət Univeristetinin Filologiya fakültəsinə daxil olmuş.

1943 - “Ana və şəkil” adlı ilk şerini çap etdirmişdir.

1945 - Yazıçılar İttifaqının üzvlüyünə qəbul olunmuşdur.

1947 - Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirmişdir.

1951 - “Səməd Vurğunun lirikası” mövzusunda namizədlik

1964 - “Səməd Vurğunun həyat və yaradıcılığı” mövzusunda doktorluq işini müdafiə edib, filoloji elmlər doktoru alimlik dərəcəsini almışdır.

1950 - 1990 - Azərbaycan Dövlət Univeristetində Müasir Azərbaycan ədəbiyyatı kafedrasının professoru vəzifəsində çalışmışdır.

1990 - Təqaüdə çıxmışdır.

1960-2003 - “İkinci səs”, “Vicdan”, “Yağışdan sonra”, “Yollara iz düşür”, “Fəryad” və “Hara gedir bu dünya”, “Özümüzü kəsən qılınc”, “Cəzasız günah”, “Dar ağacı”, “Rəqabət” pyesləri Azərbaycan Dövlət Akademik Milli Dram teatrında tamaşaya qoyulmuşdur.

1974 - Azərbaycan əməkdar İncəsənət xadimi.

1975 - Respublika Mükafatı laureatı adına layiq görülmüşdür.

1976 - “Leninlə söhbət”, “Muğam” poemalarına görə Azərbaycan Dövlət mükafatına layiq görülmüşdür.

1980 – ci il – Azərbaycan MEA – müxbir üzvi

1981 – SSRİ Yazıçılarının VII qurultayında SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin üzvü seçilmişdir.

1984 – cü il – SSRİ Dövlət Mükafatı Laureatı.

1985“Xalq şairi” adı verilmişdir.

1988 – M.F.Axundov adına ədəbi mükafatın laureatı

1990 – Azərbaycan Respublikası Ali Sovetinin deputatı

1991 – Azərbaycan Yazıçılar Birliyi Ağsaqqallar Şurasının üzvü seçilmişdir.

1995 – Azərbaycan xalqının milli azadlıq uğrunda mübarizəsində xüsusi xidmətlərinə görə “İstiqlal” ordeni ilə təltif edilmişdir.

1995 - 2000 – Millət vəkili

2000 - Azərbaycan MEA nın həqiqi üzvü

2009 - cu il fevral ayının 13-də 84 yaşında vəfat etmişdir.

Görkəmli şəxsiyyətlərin

Bəxtiyar Vahabzadə haqqında fikirləri.
...Bəxtiyar Vahabzadə... fitri şairlik istedadı sayəsində hələ gənc yaşlarından oxucuların sevməyə başladığı, həmişə diqqətlə izlədiyi və böyük ümid bəslədiyi xoşbəxt sənətkarlardandır...

“ Bəxtiyar Vahabzadənin qəhrəmanı ilə özü arasında ziddiyyət yoxdur”.



Mehdi Hüseyn.
“Vahabzadənin poeziyası müasir Azərbaycan ədəbiyyatının maraqlı hadisələrindəndir”.

Rəsul Rza.
Vahabzadə şeirimizin Fizuli, Vaqif, Sabir, S.Vurğun, Aşıq Ələsgər, Şəhriyar bulağından su içmişdir. O, sözü elə gözəl oynadır, elə parlaq təzadlar yaradır, fikri gözlənilmədən elə döndərir, elə dərinləşdirir və fəlsəfi ümumiləşdirmələr səviyyəsinə elə qaldırır ki, oxuyanda valeh olursan, hədsiz sevinc və mənəvi estetik ləzzət duyursan.

Mirzə İbrahimov.
“Bəxtiyar ona görə bəxtiyardır ki, onu xalq sevir; xalqı da ona görə bəxtiyardır ki, onun Bəxtiyarı var”.

Niyazi.
“Bəxtiyar xalqının, vətəninin sevgisini, qayğısını qazanmış bir şairdir. Bu isə yaradıcı insan üçün ən böyük bir səadətdir”.

Balaş Azəroğlu.
“Bəxtiyar hər nə yazırsa, ürəkdən yazır, təbii yazır, təmənnasız yazır. Biz onun lirikasının avazında saxta notlar hiss etmirik”.

İlyas Əfəndiyev.

“...Bəxtiyar Vahabzadənin özü, onun poeziyası, siyasi, elmi təfəkkürü, həyat, cəmiyyət hadisələrinə münasibəti, sözün əsl mənasında, möcüzədir”.



Teymur Xəlilov.
“Bəxtiyar öz lirikasında lirik olduğu qədər də filosofdur”.

Yeqor İsayev.
“Bizi əhatə edən aləmdə hər nə varsa, şairi dərindən – dərinə düşündürür, xeyir və şəri, gözəlliklə eybəcərliyi, böyüklüklə kiçikliyi, bir sözlə, insan ruhunun ali və xırda duyğularını poeziya səviyyəsinə qaldırmaq ehtirası Bəxtiyarın fitrətindəndir”.

“Lirizm və vətəndaşlıq Bəxtiyarın yaradıcılığında ayrılmaz qoşa cümlədir. Bəxtiyar vətənpərvərdir, aqildir, sözün yaxşı mənasında nəsihətverən, yolgöstərən sənətkardır”



Çingiz Aytmatov.
“Bəxtiyar Vahabzadə bütün ölkədə tanınan və sevilən şairdir... Onun poeziyasında şərqə məxsus bütün gözəl keyfiyyətlər əksini tapıb”...

Oljas Süleymanov.
“Bəxyiyar Vahabzadə bizə öyrətdi ki, hər bir millətin ana dili o millətin namusu və vicdanıdır. O, nəsillərin bir-birinə ötürdüyü ən qiymətli mirasdır”.

Əhməd Bican Ercilasin.
“Türk ədəbiyyatı üçün Mehmet Akif, Yəhya Kamal, Nəcib Fazil nə isə, Azərbaycan ədəbiyyatı üçün də Bəxtiyar Vahabzadə odur. Bu baxımdan, yeni Azərbaycan Cümhuriyyətinin yaranmasında onun hayqıran yaradıcılığının mühüm bir payı vardır”.

Yavuz Bülənt Bakilər.

“Bəxtiyar Vahabzadənin poeziyası briliyant kimi bir şeirdir”.



Mehmet Kaplan

Bəxtiyar Vahabzadə ədəbi irsinin

kitabxanalarda təbliği.

Bəxtiyar Vahabzadənin anadan olmasının 85- illiyi münasibəti ilə bütün mədəni-maarif müəssisələrində, o cümlədən kitabxanalarda kütləvi tədbirlər hazırlanmaqdadır. Kitabxanalarda çoxsaylı oxucu kütləsinin sorğularını ödəmək məqsədi ilə kitabxanaçılar Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığına dair ədəbiyyatdan geniş istifadə etməlidirlər.

Qeyd etdiyimiz kimi, Bəxtiyar Vahabzadə ədəbi irsinin kitabxanalarda təbliği üçün keçirilən tədbirlər planı geniş olmalıdır.Kitabxanalar əyani və təbliğatın-kitab sərgiləri, məruzə, mühazirə, söhbət, biblioqrafik icmal, oxucu konfransları, şeir gecəsi, ədəbi-bədii gecə və s. kimi forma və üsullardan geniş şəkildə istifadə etməlidirlər. Çünki bu tədbirlərin keçirilməsi Bəxtiyar Vahabzadə və onun yaradıcılğı haqqında oxucuların daha geniş məlumat almalarına imkan yaradır.

Şairin yaradıcılığını təbliğ etmək məqsədi ilə kitabxanaçılar ilk növbədə kitab sərgisi təşkil etməlidirlər. Ümumiyyətlə, hər hansı bir tədbir keçirdikdə sərginin hökmən təşkili vacibdir. Çünki, sərgilər bir qayda olaraq keçirilən tədbiri tamamlayır.Sərginintəşkili zamanı oxucularda Bəxtiyar Vahabzadənin yaradıcılığı haqqında geniş təsəvvür yaradılmalıdır. Sərgilər “Bəxtiyar Vahabzadə-85”, “İstiqlal şairimiz”, “Türk dünyasının Bəxtiyarı”, “Azərbaycanın Bəxtiyarı” və s. başlıqlarla tərtib olunmalıdır. Sərgidə dövri mətbuatda dərc olunmuş qəzet və jurnal məqalələrinin fotosurətlərindən də istifadə etmək olar.Həmçinin sərginin daha dolğun görünməsi və bədii tərtibat cəhətdən diqqəti cəlb etməsilə onun şeirlərindən parçaları, görkəmli adamların şair haqqında deyilmiş sitatları vermək olar. Aşağıda yubileylə bağlı sərgi nümunəsi təqdim edirik.



1.

----------------



2. 3. 4.

--------- ---------- -----------



5. 6. 7. 8. 9.

-------- -------- -------- ------ -------



10. 11. 12. 13 14.

-------- -------- -------- -------- ------



15. 16. 17.

------------- ------------ -------------




Başdıq – Bəxtiyar Vahabzadə-85.
1 - Bəxtiyar Vahabzadənin şəkli.

2 - Vahabzadə B. Əsərləri Vc.

3 - Türk dünyasının Bəxtiyarı.

4 - Vahabzadə B. Şənbə gecəsinə gedən yol.

5 - Vahabzadə B. Fəryad.

6 - Sitat.

7 - Vahabzadə B. İstiqlal.

8 - Sitat.

9 - Vahabzadə B. Bir ömür yolu.

10 - Azərbaycanın Bəxtiyarı.

11- Vahabzadə B. Seçilmiş əsərləri c.1.

12 - Şeir.

13 - Vahabzadə B. Seçilmiş əsərləri c.1.

14 - Vahabzadə B. Gəlin açıq danışaq.

15 - Вагабзаде Б. Мы в одном корабле.

16 - Vahabzadə Б – Foto kitab.

17 – Ванабзаде Б – Рука в руке.

Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığı haqqında oxucuların daha geniş məlumat almalarına imkan yaratmaq üçün sual-cavab gecələrinin keçirilməsi də məqsədə uyğundur. Sual-cavab gecələri kitabxanalarda keçirilən kütləvi tədbirlərin ən canlı və maraqlı formalarından biridir.

Sual-cavab gecələri bir-birindən fərqli keçirilməlidir. Sual-cavab gecəsi üçün 1 aydan artıq vaxt ayırmaq lazımdır. Həmin dövrdə oxuculara kitabxanaçı tərəfindən hazırlanmış suallar verilməli və suala hazırlaşmaq üçün vaxt təyin edilməlidir. Suallar elə tərtib edilməlidir ki, müəllifin həyat və yaradıcılığı haqqında oxucularda düzgün və geniş təsəvvür yaransın. Nümunə olaraq ”Bəxtiyar Vahabzadə yaradıcılığı ilə bizim tanışlığımız" başlığı altında təxminən aşağıdakı şəkildə tərtib olunmalıdır.

1. Bəxtiyar Vahabzadə nə vaxt anadan olmuşdur?

2. İlk təhsilini harada almışdır?

3. Bədii yaradıcılığa nə zaman, hansı əsərlə başlamışdır?

4. Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığı haqqında nə bilirsiniz?

5. Şairin şeirlərində hansı mövzular aparıcı yer tutur?

6. Hansı poemaları vardır?

7. “Gülüstan” poeması hansı mövzuda yazılıb?

8. Bəxtiyar Vahabzadə hansı dram əsərlərinin müəllifidir?

9. Hansı əsərləri tamaşaya qoyulmuşdur?

10. Bəxtiyar Vahabzadə hansı fəxri adlara və mükafatlara layiq görülüb?

11. Neçənci ildə vəfat edib?

Bəxtiyar Vahabzadənin yubiley tədbirləri ilə təşkil olunacaq tədbirlərdən biri də oxucularla aparılan söhbətlərdir. Təşkil olunacaq kitab sərgisinin qarşısında orta yaşlı oxucularla Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığından bəhs edən “Şair qəlbinin hərarəti” adlı söhbətlər aparmaq olar. Söhbətlər maraqlı fakt və hadisələrlə zəngin olmalıdır.

Bəxtiyar Vahabzadənin zəngin ədəbi irsinin təbliği üçün daha böyük vaxt tələb edən tədbirlərdən – oxucu konfranslarından da istifadə etmək olar. Oxucu konfransları geniş oxucu kütləsinin dərin marağına səbəb olan tədbirlərdəndir. Yubilyarın ayrı-ayrı əsərlərinə, eləcə də ümumi mövzu altında oxucu konfranslarının keçirilməsi mümkündür. Məsələn: “Bəxtiyar Vahabzadənin əsərlərində azadlığın tərənnümü”, “Şairin məhəbbət lirikası”, “Gülüstan poeması”, “Bəxtiyar Vahabzadənin dramaturgiyası” və s. Oxucu konfranslarının keçirilməsinə 1,5-2 ay qalmış mövzu seçilməli, hazırlıq işləri görülməlidir. Ümumiyyətlə, kitabxanaçı konfransda çıxış edəcək hər bir oxucunu ədəbiyyatla təmin etməlidir, konfransa hazırlaşan oxucularla əlaqəyə girib onların çıxışlarının nə vaxt hazır olduqları günü də müəyyənləşdirməlidir. Yalnız bundan sonra konfransı keçirmək üçünvaxtı təyin edib, elan yazmaq olar.

Yubiley münasibətilə kitabxanalarda keçirilən tədbirlərdən biri də ədəbi-bədii gecələrdir. Bu həm də yekun tədbiri ola bilər. Bəxtiyar Vahabzadənin ədəbi irsinin təbliği üçün ədəbi-bədii gecənin keçirilməsi daha vacibdir.

Adından göründüyü kimi, ədəbi-bədii gecə iki hissəyə bölünür. Birinci hissədə Vahabzadənin həyat və yaradıcılığına dair çıxışlar olmalı və məlumatlar verilməlidir. İkinci hissədə isə yubilyarın əsərlərindən parçalar söylənilməli, imkan daxilində şairin dram əsərlərindən səhnəciklər göstərilməli, şeirlərinə bəstələnmiş mahnılar səslənməlidir. Bütün bu deyilənlər, qabaqcadan tərtib olunmuş ssenari əsasında aparılmalıdır. Ədəbi-bədii gecənin məzmunlu və maraqlı olması məqsədi ilə 1,5 aya yaxın hazırlıq işləri aparılmalıdır. Ədəbi-bədii gecələr bir neçə icraçı tərəfindən aparılır. “Şairin səsi, xalqın səsi” adlı ədəbi-bədii gecənin senarisini veririk.

Səhnədə Bəxtiyar Vahabzadənin portreti asılıb. Kitablarından ibarət sərgi təşkil olunub.

Sözləri: Bəxtiyar Vahabzadə. Musiqisi: Şəfiqə Axundova.


“Bu torpağa borcluyam” mahnısı səsləndirilir. Aparıcılar səhnədə görünürlər.
I Aparıcı:- Şair - fikirlərin çırpınan seli,

Şair – həqiqətin müğənnisidir.

Şair – təbiətin danışan dili,

Şair – cəmiyyətin üsyan səsidir.


II Aparıcı:- Şair – zəmanənin, əsrin vicdanı,

Şair – tarixlərin şərəfi, şanı,

Şair – bu dünyaya zamanın sözü,

Şair – həqiqətin, haqqın güzgüsü!


I Aparıcı:- Azərbaycan xalqı həqiqətən şair xalqdır. Azərbaycanın şairi də çoxdur. Lakin bunların içərisində Bəxtiyar Vahabzadə şeiriyyətinin özünəməxsus yeri var.

II Aparıcı:- Nəsimidən, Nizamidən, Fizulidən, Sabirdən və başqalarından mənəvi qidasını alan Bəxtiyar Vahabzadə müəllimi Səməd Vurğun poeziyasına sığınaraq özünün qayəsini həyata, sənətə fəlsəfi görüş və baxışlarını təşkil edən Azərbaycan fəlsəfi şeirini daha yüksək zirvələrə qaldırıb.

Oxucu: Mənim şeirim.
Əbədi bir od kimi öz içindən közərib

Hey yanır şeirim mənim.

Bu günümdən sabaha

Boylanır şeirim mənim.

Gəzib dildə, dodaqda,

Uçur, uçur həmişə özümdən də qabaqda.

İdrakımın gözləri,

Əqidəmin ən təmiz, ən mənalı sözləri,

Duyan ürəyi şeirim,

Bütün diləklərimin ən saf diləyi şeirim.

Sən ayın, ulduzların nurundan yoğrulmusan,

Batan gecələrimin açılan səhərlərə

salamı sən olmusan.

İstərəm sətirlərin bu günümdən səs alan

əks-sədaya dönsün.

Əsrimizin nəbzi də ahəngində döyünsün.

İstəmirəm ki, şeirim nərmənazik qızların

saçında ətir olsun.

İstərəm gün altında pambıq yığan qızların

başında çətir olsun.

Can vermə hər ötərgi dərd-qəmə, şeirim mənim,

Əzmə-büzmə gözələ bənzəmə, şeirim mənim.



I Aparıcı:- Bəxtiyar Vahabzadənin sənətə baxışı geniş və çoxcəhətlidir.

O, təkcə şeirdən, nəsrdən yox, yeri gəldikcə, buna xüsusi

mənəvi ehtiyac hiss etdikdə musiqidən və ifaçılıq sənətin-dən də yazır.
Sözləri: Bəxtiyar Vahabzadənin.

Musiqisi: Şəmsi Kərimovun.

“Qəlbi dolu gecələr” mahnısı səsləndirilir.
II Aparıcı:- Dil yalnız ünsiyyət vasitəsi yox, millətin varlığını şərtləndirən həlledici amildir. Dil yoxdursa, millətin varlığından danışmaq əbəsdir.

Aparıcı:- Bəxtiyar Vahabzadənin sənətkar kimi təqdirəlayiq cəhətlərindən biri də onun şeir dili və doğma Azərbaycan dilinə münasibətidir. Onun poeziyasında doğma ana dilinə dərin bir məhəbbət duyulur.

Oxucu:- Ana dili.

Dil açanda ilk dəfə ana söyləyərik biz,

“Ana dili” adlanır bizim ilk dərsliyimiz.

İlk mahnımız laylanı anamız öz südüylə

İçirir ruhumuza bu dildə gilə-gilə.
Bu dil,-bizim ruhumuz, eşqimiz, canımızdır,

Bu dil,- bir-birimizə əhdi-peymanımızdır.

Bu dil,- tanıtmış bizə bu dünyada hər şeyi.

Bu dil,-əcdadımızın bizə qoyub getdiyi

Ən qiymətli mirasdır, onu gözlərimiz tək

Qoruyub nəsillərə biz də hədiyyə verək.


I Aparıcı:- Bəxtiyar Vahabzadə yerliçilik meyillərindən uzaq olub. Təsadüfi deyildir ki, bununla bağlı deyir.
II Aparıcı:- Mən həm bakılıyam, həm də lənkəranlı,

Gəncəli, qubalı, həm naxçıvanlı.

Şəkili, şirvanlı, qarabağlıyam,

Bütöv Vətənimə, bütöv bağlıyam.



I Aparıcı:- Bir dəfə “Özünüz şəkili olduğunuz halda hələ Şəkiyə bir şeir həsr etməmisiniz”məzmunlu oxucu məktubuna yazdığı “Şəki” şeirində belə cavab verir:

Oxucu:- “Şəki”.
Bir nəğmə qoşmadım hələ mən sənə,

Dağlar bunu mənə kəsir sanmasın.

Mən dedim, vurğunam Azərbaycana,

Deyirəm, heç zaman xırdalanmasın

Könlimdən ucalan bu avaz, bu səs.

Böyükdür, ucadır məsləkim mənim.

Bala anasına “sevirəm” deməz,

Mən də deməmişəm, a Şəkim, mənim.


II Aparıcı:- Xalqımızın istiqlal mübarizəsi tarixinə “qanlı şənbə” kimi daxil olmuş 1990-cı il 20 yanvar qırğını şairin yaradıcılığında öz dolğun poetik ifadəsini tapmışdır. Bu baxımdan on yeddi şeirdən ibarət olan və vahid sujet ətrafında birləşən “Şəhidlər” poeması ayrıca qeyd edilməlidir.
Oxucu:- “Şəhidlər”.

Qatil gülləsinə qurban gedirkən,

Gözünü sabaha dikdi şəhidlər.

Üçrəngli bayrağı öz qanlarıyla

Vətən torpağına çəkdi şəhidlər.

Zalım öyünməsin zülümləriylə,

Min bir böhtanıyla, min bir şəriylə.

Həqiqət uğrunda ğlümləriylə

Ölümü kamına çəkdi şəhidlər.

O şənbə gecəsi, o qətl günü,-

Mümkünə döndərdik çox namümkünü.

Xalqın qəlbindəki qorxu mülkünü,

O gecə dağıdıb sökdü şəhidlər.`
I Aparıcı:- Şair “Şəhidlər” poemasını cəmi dörd aya, özü də əvvəldən axıradək göz yaşı ilə yazıb. Başqa cür ola bilməzdi. Ona görə ki, şairin müşahidə etdiyi səhnələrin hamısı dəhşətlidir, qan, barıt qoxuludur, ağbirçək nənələrimizin naləsi, ana və bacılarımızın göz yaşıdır, nişanlı qızlarımızın fəryadı, vaxtsız ağarmış telidir, körpələrimizin güllələnmiş gülüşüdür, sevincidir.

Oxucu:- “Şəhidlər”

Tarixi yaşadıb diləyimizdə,

Bir yumruğa döndük o gecə biz də.

Yıxıb köləliyi ürəyimizdə

Cəsarət mülkünü tikdi şəhidlər.

Onlar susdurulan haqqı dindirər,

Qaraca torpağı qiymətləndirər.

Donan vicdanları qeyrətləndirər,

Axı, el qeyrəti çəkdi şəhidlər.

Dözdü hər zillətə, dözdü hər şeyə,

“Dünyada mənim də haqqım var”,- deyə.

Kütləni xalq edən müqaviləyə

Qanıyla qolunu çəkdi şəhidlər.

İnsan insan olur öz hünəriylə,

Millət millət olur xeyri, şəriylə.

Torpağın bağrına cəsədləriylə,

Azadlıq tumunu əkdi şəhidlər.
II Aparıcı:- Bəxtiyar Vahabzadə güclü yaradıcılıq ehtirasına, qüvvətli təfəkkürə sahib, dərin xalq məhəbbəti qazanmış şairlərimizdəndir. Bir çox ictimai-siyasi, fəlsəfi şeirləri, poemaları onun həqiqi vətəndaş şair kimi rəğbət qazanmasəna səbəb olmuşdur.

I Aparıcı:- Bəxtiyar Vahabzadənin hər bir əsəri əks-səda doğurmuş – şıdırğı bir sürətlə oxucular arasında yayılmışdır. Çünki, bu poeziya Azərbaycan adlı Ananın südündən, isti nəfəsindən yoğrulmuş müdrik poeziyadır:
Oxucu:- Azərbaycan, adın atəş,

Özün işıq,

sözün işıq,

Alovlardan yaranmısan

Biz adınla tanınmışıq.

Sən dosta dost

Düşmənimə göz dağısan.

Alnın açıq,

Üzün ağdır –

Yenilməzlik bayrağısan.


II Aparıcı:- Xalq şairi Bəxtiyar Vahabzadənin zəngin poeziyası neçə-neçə bəstəkar ilhamına qol-qanad vermiş, bütöv bir «mahnı çələngi» nin yaranmasına səbəb olmuşdur.

I Aparıcı:- Şairin gözəl musiqi zövqü, mahnıların lad əsasını – muğamları dərindən duymaq qabiliyyəti, musiqi haqqında ətraflı təsəvvürü var.

Sözləri:- Bəxtiyar Vahabzadə.

Musiqisi:- Şahid Əbdülkərimovun.

“Gecələr, ay gecələr” mahnısı səslənir.



II Aparıcı- Ömrümüz boyu muğamlara qulaq asmışıq. Yanıqlı səslər, şikayət dolu nalələr bizi gözlə görünə bilməyən sehrlər dünyasına aparmış, qəlbimizi qəribə fikirlərin qoynuna atmış, bizi düşündürmüş, düşündürmüşdür. Ömründə alnını qırışdırmayan, dünyaya nə üçün gəldiyinin fərqinə varmayan, mühitə mədəsinin gözü ilə baxan adamcığazlar belə bu sehrli səslərin dalğaları üstündə üzməyə-düşünməyə məcbur olur.

Oxucu:- Muğam.
Daş ürəklərdə yanıb daşları sındırdı muğam.

Haqqa düşmən olanı haqqa tapındırdı muğam.


Nə güman eyləmisən ondakı tilsimləri sən,

“Kürü ahıyla qurutdu”, “Salı yandırdı” muğam.


Onun hər guşəsi bir xatirə, bir canlı kitab,

Keçilən yolları hərdən bizə andırdı muğam.


Su çilər kinli ürəklərdə qəzəb tonqalına,

Neçə qəsdin önünü kəsdi, dayandırdı muğam.


O, ürək yanğısı, göz yaşları, bir çəngə bulud,

Oyadıb yaddaşı, vicdanı utandırdı muğam.


Dəfn edin siz məni Zabul segahın mayəsinə,

Deyirəm, bəlkə, məni bir gün oyandırdı muğam.


Çox kitablar oxudum, zənn elədim bəxtiyaram,

Mənə çox mətləbi ahəstə qandırdı muğam.


II Aparıcı:-Bəxtiyar Vahabzadənin şeirlərində doğma vətən torpağı, onun təbii gözəllikləri böyük məhəbbətlə tərənnüm edilir. Bu torpaqda boy atan şairin şeirləri torpaq ətirlidir. Bu şeirlərbizi qurmağa, yaratmağa, daha böyük işlər görməyə ruhlandırır, qəlbimizdə müqəddəs duyğular oyadır.

IAparıcı:-O, şeirin sözlü rübabını coşqun sinəsinə basıb Odlar Yurdunun oğul-qızlarının alovlu hisslərindən söhbət açır, onların pak məhəbbətinin qüdrətini tərənnüm edir. O, gözəl, xeyirxah məhəbbətin fədaisidir.

Oxucu:- Bir salama dəymədi.
Bu gün mən səni gördüm,

Salam vermək istədim,

Üzünü yana tutdun.

Söylə, illərdən bəri

Qəlbimizin bir duyub

Bir vurduğu illəri,

Axı, nə tez unutdun?

Beş ildə gözümüzdən axan o qanlı sellər,

Bir salama dəymədi?

Həyəcanla, fərəhlə, qəmlə dolu o illər

Bir salama dəymədi?

Heç üzümə baxmadan yanımdan necə keçdin?

Sən eşqin salamını qorxuyamı dəyişdin?

Yoxsa sən öz əhdinə, ilqarına ağ oldun?

O qədər yaxın ikən, bu qədər uzaq oldun.

Şirin gülüşlərimiz, acı fəğanlarımız

Bir salama dəymədi?

Sən neylədin, bir düşün!

Yalnız indi anladım: ah, sən daha mənimçün

Əlçatmaz bir çiçəksən,

Yaşanmış günlərim tək geri dönməyəcəksən!...

Qop, ey tufan, əs, ey yel! Xəzəl olum tökülüm

Düz beş il ürəyimdə

Bəslədiyim məhəbbət, bir salama dəymədi.

Bir günlük həsrətimə dözə bilməyən, gülüm,

Bəs nə oldu? Bu həsrət bir salama dəymədi?


I Aparıcı: Azərbaycanın Xalq şairi Bəxtiyar Mahmudoğlu Vahabzadənin adı təkcə respublikamızda deyil, onun sərhədlərindən çox-çox uzaqlarda mütəfəkkir şair, lirik dramaturq, istedadlı alim və publisist, qeyrətli və cəsarətli ictimai xadim, sadə və səmimi insan kimi məşhurdur. Təsadüfi deyil ki, onun əsərləri-şeir kitabları, dramları və publisist yazıları dünyanın çox dillərində, o cümlədən ingilis, fransız, alman, fars, türk, polyak, ispan, macar və keçmiş sovet birliyinə daxil olan bir çox xalqların dillərinə tərcümə edilmiş və bu əsərlər çox böyük maraq və sevgi ilə qarşılanmışdır.

II Aparıcı: Bəxtiyar Vahabzadə həm xalq şairi, həm də xalqın şairi idi. Onun xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O, yeri gələndə ictimai ədalətsizliyə qarşı vulkan kimi püskürməyi, zamanından və şəraitindən asılı olmayaraq haqq səsini ucaltmağı da bacarırdı.

I Aparıcı: Şairin yaradıcılığı keçmiş Sovetlər məkanında da layiqincə qiymətləndirilmişdi. O, keçmiş SSSRİ-nin Dövlət Mükafatına da layiq görülmüşdü. Onun yaradıcılığı Türkiyədə də, həmçinin türkdilli ölkələrin hamısında da sevilir və yüksək qiymətləndirilir.

II Aparıcı: Təsadüfi deyil ki, Bəxtiyar Vahabzadə təkcə Azərbaycan xalqının deyil, bütün türk dünyasının böyük, sevimli və əbədi-yaşar şairidir.
Sözləri: Bəxtiyar Vahabzadə.

Musiqisi: Cavanşir Quliyev.

Azərbaycan-Türkiyə mahnısı səslənir.
I Aparıcı: Şairin yaradıcılıq palitrası çox zəngin və rəngarəng olub. Xalqı, cəmiyyətin mənafeyini düşündürən hər bir məsələ onun şeirlərinin başlıca mövzusu olub.

II Aparıcı: Görkəmli ədib, mahir pedaqoq, tanınmış ictimai xadim və səmimi insan Bəxtiyar Vahabzadənin xatirəsi xalqımızın qəlbində həmişə yaşayacaqdır.

I Aparıcı: Şair yaratdığı ədəbi nümunələrlə əbədi dünyamıza nadir nümunələrini həkk etdi.

II Aparıcı: “Qoy, Bəxtiyar Vahabzadənin şahin şahpərli, qartal qanadlı şeri Yer kürəsinin hər tərəfinə yayılsın”.

İstifadə olunan ədəbiyyat:
1.Vahabzadə B. Seçilmiş əsərləri. 2-cilddə.1-ci c.-B.: Azərnəşr, 1974.-383 s.

2. Vahabzadə B. Seçilmiş əsərləri. 2-cilddə. 2-ci c.-B.:Azərnəşr, 1974.-251 s.

3. Vahabzadə B. Bir ömür yuxu.- B.:Azərnəşr, 1998.-189 s.

4. Vahabzadə B. Fəryad: Dram və poemalaar.-B.:”Azərbaycan” nəşriyyatı, 1995.-352 s.

5. Vahabzadə B.Əsərləri.- “Çaşıoğlu” nəşriyyatı, 2002.-504 s.

6. Vahabzadə B.İstiqlal. Bakı. Gənclik, 1999.-496 s.

7. Vahabzadə B. Hər çiçəkdən bir ləçək. Şerlər, tərcümələr.-B.: Yazıçı, 1982.-247 s.

8. Vahabzadə B. Gəlin açıq danışaq...(Məqalələr toplusu). B.:Azərnəşr, 1989.-222 s.

9. Vahabzadə B. Şənbə gecəsinə gedən yol. B.: Azərnəşr, 1991.- 334 s.

10. Vahabzadə B. Sənətkar və zaman: Ədəbiyyat və sənət, həyat və zaman haqqında düşüncələr.-B.: Gənclik, 1975.-



Haqqında:
!. Azərbaycanın Bəxtiyarı: Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığı və ictimai fəaliyyəti haqqında məqalələr toplusu.- B.: Azərnəşr, 1995.-400 s.

2. Vahabzadə B. Foto-kitab-Bakı, “Azərbaycan” nəşriyyatı, 1995.-128 s.

3. Türk dünyasının Bəxtiyarı. (Bəxtiyar Vahabzadənin həyat, yaradıcılığı və ictimai fəaliyyəti haqqında məqalələr toplusu) I hissə. Azərb.dilində. B.: “Təfəkkür” NPM, 2002. 364 s.

4. Rza X Ulutürk. Ustadı Bəxtiyar Vahabzadə haqqında.- Bakı, “Azərbaycan” nəşriyyatı, 1999.- 128 s.


Dövri mətbuat:
1. Milli ruhun poetik ensiklopediyası. Bəxtiyar Vahabzadə əsərlərinin 11cildliyi haqqında.-2007.//Ədəbiyyat.-2007.-26 yanvar.-s.2.

2. Zümrüd

Çağdaş poeziyamızda milli hiss, dil, azadlıq və vətən sevgisi (Xalq Şairi Vahabzadə) // Səs.-2009.-18 fevral.-№31.-s.12.

3. Ramazan Qafarlı.

Türk dünyasının Bəxtiyarı: (Ustad şairin son günləri və şeirləri) //Xalq qəzeti, Kaspi.-2009.-19 fevral.-№39,32.-s.7,12-13.

4. Hüseynoğlu S.

Türk dünyasının Bəxtiyarı: (Bəxtiyar Vahabzadə) //Ədəbiyyat qəzeti.-2009.-6 mart.-№ 9.-s 4.

5. abbasov İlham.

Əbədiyaşar şair Bəxtiyar Vahabzadə.// Palitra.-2009.-3 aprel.-№34.-s.11.

6. Fərrufə.

Bəxtiyarın Bəxtiyarlılığı: (Xalq şairi Bəxtiyar Vahabzadə) // Gəncənin səsi.-2009.20 may.-№ 16.-s.4.

7. Xəlilzadə Flora.

Zamanla birgə.//Azərbaycan.-2009.-15 avqust.-№179.-s.5.-Qeyd: Şair Bəxtiyar Vahabzadə haqqında.

8. Əliyev Yaşar.

İstiqlal carçısı //Respublika.-2009.-16 avqust.-№180.-s.3.-Qeyd: Şair Bəxtiyar Vahabzadənin əziz xatirəsinə.

9. Maarif Teymur.

Sizə vətən salamı //Azad Azərbaycan.-2010.-10 fevral.-№ 20.-s.7.

10. Mədətoğlu Əbülfət.

Ölümsüz şair //Ədalət.-2010.-11 fevral.-№ 25.-s.6.

11. Dəmirli Mail.

O, həm də görkəmli dramaturq idi.- //Azərbaycan.-2010.-13 fevral.-№34.-s.11. Qeyd: Bəxtiyar Vahabzadə-85.

12. Feyziyev Cavanşir.

Türk dünyasının böyük söz ustadı. //Xalq qəzeti.-2010.-14 fevral.-№ 35.-s.6. Qeyd: Bəxtiyar Vahabzadə.

13. Əliyeva Mehparə.

Millətin Bəxtiyarı. //Respublika.-2010.-14 fevral.-№ 34.-s.3. Qeyd: Xalq şairi Bəxtiyar Vahabzadə haqqında.

14. Bəxtiyar Vahabzadə-85 //Səs.-2010.-№ 16.-s.12.



İnternet saytı : www.google.az


Yüklə 141,44 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə