www.vivo-book.com
42
– Ölənin bədənində odlu silahdan açılmış iki yara var,
– o qısaca Çijova məlumat verdi, – güllənin biri ürəyi,
digərisə ağ ciyəri dəlib. Mənim fikrimcə, atəş açanlar
peşəkarlar olublar. Əlbəttə ki, səsboğucudan da istifadə
olunub. Yoxsa atəş səsləri bütün dəhliz boyu eşidilərdi.
Görünür, qəfildən hücum ediblər. Hərçənd, qatil tək
olmalıydı, çünki bu axşam iki nəfəri ümumiyyətlə,
görməyiblər. Mənim uşaqlarım dünənki növbətçiləri bir
daha sorğu-sual edəcəklər. Bundan başqa, aşağıda mağazalar
da var. Bəlkə satıcı qızlar nəsə görüblər.
– Onun əşyalarına baxmısınız? – Çijov soruşdu.
– Onun iki çamadanı olub, – Mixeyev izah etdi, –
kilidləri də çox qəlizdir. Həm açarla bağlanır, həm də kodu
var. Fransız çamadanı olan “Delsey”dir. Mən onları qırmaq
istəmirəm. Onları özümlə götürmək fikrindəyəm. Orda
ehtiyatla açıb içindəkilərə baxarıq.
– Hə, – Çijov razılaşdı, – belə daha düzgün olar.
– Gedək, – Mixeyev təklif etdi, – mənim uşaqlarım
hadisə yerinə baxış protokollarını sənədləşdirəcəklər. Onsuz
da ölənin əl izlərindən başqa heç bir iz yoxdur. Özüm şəxsən
www.vivo-book.com
43
baxmışam. Peşəkarların işidir. Bəlkə hətta sifarişli qətldir.
Hərçənd, öldürülən kommersant olub. Çətin ki qapını kimə
gəldi açardı.
– Bəlkə o, qapını, ümumiyyətlə, bağlamayıb? –
Çijov ehtimal etdi.
– Dəqiq bağlayıb, – Mixeyev izah etdi, – özüm
yoxlamışam. Burda dilcik pərçimlənir. Qapını azca örtən
kimi kilid avtomatik bağlanır. Deməli, öz qatilinə və ya
qatillərinə qapını Moseşvili özü açıb. Bu isə çox vacibdir.
Bəlkə onun tanışı olub, bəlkə də dostları. Bu versiyanı da
yoxlamaq lazım gələcək. Onu mehmanxanaya kimin qəbul
etdiyini öyrəndin? – Mixeyev Steklovdan soruşdu.
– Hələ yox, – baş leytenant bir qədər
günahkarcasına cavab verdi, – orda hələ hamı yatır.
– Belə olmaz, – Mixeyev başını buladı, – belə
hallarda cəld işləmək lazımdır. Burda qətllər hər gün baş
vermir. Yuxulu adamların başı yaxşı işləmir, nəyisə
gizlətmək onlara çətin olur. Anlayırsan?
– Hə, – Steklov gülümsədi, – hər şeyi başa
düşdüm.
www.vivo-book.com
44
– Özün də gülümsəmə. Gör nə gülərüzdür. İkinci
gecədir yatmır, amma hələ də gülümsəyir. Dünən bir dəstəni
tutmuşuq, – o, Çijova izah etdi, – əməkdaşımız Petya
Varlamovu ağır yaralayıblar. Bu gün növbədə o olmalıydı.
Ona görə Viktor onun yerinə işləyir.
– Mən heç nə bilmirdim, – Çijov təəccübləndi.
– Belə də olmalıdır, – Mixeyev qeyd etdi, – boşuna
hay-küy salmaq lazım deyil. Dünən prokuror sənin
raportunu alıb. Narahat olma, kağızlarla bağlı bizdə hər şey
qaydasındadır. Sadəcə olaraq mən fikir vermişəm,
hazırlanan hücum haqda məndən və uşaqlarımdan başqa,
kimsə biləndə, xəbər mütləq qırağa sızır. İncimə, əlbəttə ki,
mən səni nəzərdə tutmuram. Ona görə bir qədər mövhumatçı
olmuşam, əməliyyatın nə vaxt başlayacağını yalnız özüm
bilirəm. Belə daha etibarlıdır, inan mənə.
Dəhlizə çıxıb liftə tərəf getdilər. Orda artıq onları
saçlarını sarı rəngə boyamış, qırx beş yaşlarında növbətçi
qadın gözləyirdi.
– Dəhşət! – o, yalandan gözlərini yumaraq dedi.
www.vivo-book.com
45
– Vətəndaş, bu dəhşət deyil. Bu, adi cinayətdir, –
Mixeyev quru tərzdə qeyd etdi, – amma sizin
mehmanxananızda baş verənlər doğrudan da dəhşətdir.
– Mənim bu işə nə dəxlim var? – növbətçi dərhal
mərhumu unutdu.
– Heç bir. Elə-belə, sözgəlişi dedim. Yeri
gəlmişkən, Lenanı mehmanxanada işləməyə axı siz
gətirmisiniz.
– Bunu sizə kim deyib? – növbətçi qadın hirsləndi. –
O yaramaz?
– Kim lazımdır, o deyib. Sizsə vətəndaş Semyonova,
bəsdir kələk gəldiniz. Burda bazar açmaq lazım deyil, –
Mixeyev ciddi tərzdə qeyd etdi, – bir də belə şey görsəm,
müdiriyyət qarşısında məsələ qaldıracağam.
– Mən heç nə bilmirəm, – qadın ağladı, – mənim
bura nə dəxlim var? Mən Moseşvilinin yanına kimin
getdiyini heç görməmişəm. Düzünü deyirəm, görməmişəm.
– Bəs əvvəllər kimin gəldiyini öyrənə bilərsiniz? –
Mixeyev soruşdu.
www.vivo-book.com
46
– Məncə, hə, – qadın cəld cavab verdi, – onun
dostlarının çoxunu üzdən tanıyıram. O, tez-tez bizdə qalırdı.
– Sabah Daxili İşlər İdarəsinə gələrsiniz. Harada
olduğunu bilirsiniz?
– Əlbəttə, bilirəm.
Mixeyev daha heç bir kəlmə kəsmədən liftə daxil
oldu. Çijov da onun ardınca girdi. Mixeyevin daha bir
əməkdaşı iki çamadanı daşıyırdı.
– Ciddi adamsınız, Konstantin İqnatyeviç, – Çijov
başını buladı.
– Burda ciddi olmalısan, – Mixeyev donquldandı, – o,
varlı müştərilərə qız tapır. Birinə artıq hansısa yoluxucu
xəstəlik keçirib. Bunlarınsa heç nə vecinə deyil, təki pul
olsun.
Onlar boş vestibüldən çıxıb küçəyə çıxdılar.
– Çamadanları maşına yüklə, – Mixeyev əlini yellədi.
– Bizimlə gedəcəksən? – o, Çijovdan soruşdu.
– Əlbəttə.
Dostları ilə paylaş: |