Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında Azərbaycan Respublikasının Qanunu I fəsil. Ümumi müddəalar



Yüklə 291,36 Kb.
Pdf görüntüsü
tarix08.09.2018
ölçüsü291,36 Kb.
#67002


Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi 

vəziyyəti haqqında 

Azərbaycan Respublikasının Qanunu 

I fəsil. Ümumi müddəalar 

Maddə 1. Qanunun məqsədi  

Bu Qanun Azərbaycan Respublikasında əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin 

hüquqi vəziyyəti ilə bağlı ictimai münasibətləri tənzimləyir. 

Maddə 2. Əsas anlayışlar  

Əcnəbilər — Azərbaycan Respublikasının vətəndaşı olmayan və başqa dövlətin 

vətəndaşlığına mənsub olan şəxslərdir. 

Vətəndaşlığı olmayan şəxslər — Azərbaycan Respublikasının vətəndaşı olmayan və 

başqa dövlətin vətəndaşlığına mənsub olmayan şəxslərdir. 

İmmiqrasiya — «İmmiqrasiya haqqında» Azərbaycan Respublikasının Qanunu ilə 

müəyyən edilmiş qaydada əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin Azərbaycan 

Respublikasına müvəqqəti və ya daimi yaşamağa gəlməsi. 

İmmiqrant — «İmmiqrasiya haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən 

edilmiş qaydada Azərbaycan Respublikasına gələn əcnəbilər və ya vətəndaşlığı olmayan 

şəxslər. 

Azərbaycan Respublikasına digər qanuni əsaslarla (turizm, şəxsi işi ilə bağlı, xidməti 

ezamiyyətə gəlmiş və sair bu kimi müvəqqəti xarakter daşıyan hallarla əlaqədar gəlmiş, 

immiqrant statusu olmayan) gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan 

Respublikasında müvəqqəti olan hesab edilirlər. 



Maddə 3. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında 

qanunvericilik  

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti Azərbaycan 

Respublikasının Konstitusiyası, bu Qanun, «Ölkədən getmək, ölkəyə gəlmək və 

pasportlar haqqında» Azərbaycan Respublikasının Qanunu, «İmmiqrasiya haqqında» 



Azərbaycan Respublikasının Qanunu və bu Qanunlara müvafiq qəbul edilən Azərbaycan 

Respublikasının digər qanunvericilik aktları, habelə Azərbaycan Respublikasının iştirakçı 

olduğu beynəlxalq müqavilələri ilə müəyyən edilir. 

Maddə 4. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyətinin 

əsasları  

Azərbaycan Respublikasının Konstitusiyası, bu Qanun, Azərbaycan Respublikasının 

digər qanunları və Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq 

müqavilələri ilə digər qaydalar müəyyən edilməyibsə, əcnəbilər və vətəndaşlığı olmayan 




şəxslər Azərbaycan Respublikası vətəndaşları ilə bərabər bütün hüquqlardan və 

azadlıqlardan istifadə edirlər və bütün vəzifələri yerinə yetirirlər. 

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqlarının həyata keçirilməsi 

Azərbaycan Respublikasının milli mənafeyinə zidd olmamalıdır. Əcnəbilər və 

vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının, Konstitusiyasının, 

Azərbaycan Respublikasının qanunlarının və digər qanunvericilik aktlarının tələblərinə 

riayət etməli, Azərbaycan xalqının adət və ənənələrinə hörmət etməlidirlər. 

Xarici dövlət onun ərazisində Azərbaycan Respublikası vətəndaşlarının hüquq və 

azadlıqlarının həyata keçirilməsinə məhdudiyyət qoyduqda Azərbaycan Respublikasının 

qanunu ilə Azərbaycan Respublikasının ərazisində eyni məhdudiyyətlər həmin dövlətin 

vətəndaşları üçün müəyyən edilə bilər. Belə qanun onun qəbul edilməsinə əsas olan hallar 

aradan qaldırıldıqda ləğv olunur. 

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər onların sosial və əmlak vəziyyəti, irqi və milli 

mənsubiyyəti, cinsi, dili, dinə münasibəti, fəaliyyətinin növü və xarakterindən və digər 

hallardan asılı olmayaraq Azərbaycan Respublikasında qanun və məhkəmə qarşısında 

bərabərdirlər. 

Azərbaycan Respublikası ərazisindəki əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin 

hüquq və azadlıqları yalnız Azərbaycan Respublikası Konstitusiyasının 69-cu maddəsinin 

2-ci hissəsində müəyyən edilmiş qaydada məhdudlaşdırıla bilər. 

Maddə 5. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası 

ərazisində müvəqqəti və ya daimi yaşamaları və müvəqqəti olmaları  

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər immiqrasiya kvotalarına riayət olunmaqla 

«İmmiqrasiya haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş 

qaydada immiqrasiyaya icazə aldıqda Azərbaycan Respublikasına daimi və ya müvəqqəti 

yaşamağa gələ bilərlər və bu halda immiqrant statusu alırlar. 

Kvotadan kənar immiqrant statusu aşağıdakı şəxslərə verilə bilər: 

 

Azərbaycan Respublikasının vətəndaşları ilə yaxın qohumluğu olduqda;  



 

Azərbaycan Respublikasında daimi yaşayan şəxslə nigahda olduqda;  

 

Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda.  



İmmiqranta müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun statusunu təsdiq edən sənəd 

verilir. 

Azərbaycan Respublikasına yaşamağa gələn immiqrant (onun ailə üzvləri) Azərbaycan 

Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada qeydiyyata alınır. 

Digər qanuni əsaslarla Azərbaycan Respublikasının ərazisində olan əcnəbilər və 

vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında müvəqqəti olan hesab 

edilirlər. 

Azərbaycan Respublikası ərazisində müvəqqəti olan əcnəblər və vətəndaşlığı olmayan 

şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada qeydiyyata alınmalıdır və onlar üçün 

müəyyən olunmuş müddətlər qurtardıqdan sonra Azərbaycan Respublikasını tərk 

etməlidirlər. 




Şəxsiyyətini müəyyən etmək mümkün olmayan əcnəbi və ya vətəndaşlığı olmayan insan 

alveri qurbanlarına Azərbaycan Respublikasında yaşamaq hüququ verilə bilməz. Belə 

şəxslərin Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada 

çıxarılması üçün tədbirlər görülür. 

Maddə 6. Siyasi sığınacaq verilməsi  

Azərbaycan Respublikasının Konstitusiyasına və qanunvericiliyinə müvafiq olaraq 

Azərbaycan Respublikası əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə siyasi sığınacaq 

verir. 


Maddə 7. Qaçqın statusu verilməsi  

Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə «Qaçqınların və məcburi köçkünlərin ölkə 



daxilində köçürülmüş şəxslərin statusu haqqında» Azərbaycan Respublikası Qanunu və 

Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq müqavilələri ilə müəyyən 

olunmuş qaydada qaçqın statusu verilə bilər. 

Maddə 8. Azərbaycan Respublikası vətəndaşlığının əldə edilməsi  

Azərbaycan Respublikasının Konstitusiyası və «Azərbaycan Respublikasının vətəndaşlığı 

haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada əcnəbilər 

və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikası vətəndaşlığı əldə edə bilərlər. 



II fəsil. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin 

hüquqları, azadlıqları və vəzifələri 

Maddə 9. Toxunulmazlıq hüququ  

Azərbaycan Respublikası ərazisində olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin 

Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının digər 

qanunvericilik aktlarına müvafiq olaraq şəxsi toxunulmazlıq və mənzil toxunulmazlığı 

hüquqları vardır. 

Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada tutulmuş, yaxud 

həbs olunmuş əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə bu hərəkətlərə səbəb olan 

hallar və onların hüquqları haqqında dərhal məlumat verilməlidir. 

Əcnəbini və Azərbaycan Respublikasında müvəqqəti olan vətəndaşlığı olmayan şəxsi 

tutmuş, yaxud həbs etmiş orqan və vəzifəli şəxs bu haqda dərhal Azərbaycan 

Respublikasının Xarici İşlər Nazirliyinə məlumat verməlidir. 

Maddə 10. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası 

ərazisində hərəkət etmək və yaşayış yeri seçmək hüququ  

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi 

ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının ərazisində hərəkət edə və 

yaşayış yeri seçə bilərlər. 




Hərəkət etməyə və yaşayış yeri seçməyə məhdudiyyətlərə ancaq Azərbaycan 

Respublikasının qanunları ilə müəyyən olunmuş qaydada yol verilir. 



Maddə 11. Əmək hüququ  

Azərbaycan Respublikasının qanunvericiliyi və Azərbaycan Respublikasının iştirakçısı 

olduğu beynəlxalq müqavilələri ilə digər qaydalar müəyyən olunmayıbsa, əcnəbilər və 

vətəndaşlığı olmayan şəxslər əmək münasibətlərində Azərbaycan Respublikasının 

vətəndaşları ilə eyni hüquqlardan istifadə edir və eyni vəzifələri daşıyırlar. 

Azərbaycan Respublikasına müəyyən müddət əmək fəaliyyəti ilə məşğul olmaq üçün 

gəlmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər əmək fəaliyyəti ilə müəyyən olunmuş 

qaydada məşğul ola bilərlər. 

Müəyyən vəzifələr tutmaq, yaxud müəyyən fəaliyyət növləri ilə məşğul olmaq 

Azərbaycan Respublikası vətəndaşlığı ilə şərtləndirildiyi hallarda əcnəbilər və 

vətəndaşlığı olmayan şəxslər belə vəzifələr tuta və belə fəaliyyətlə məşğul ola bilməzlər. 

Maddə 12. İnvestisiya və sahibkarlıq fəaliyyəti hüququ  

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi 

ilə nəzərdə tutulmuş qaydada investisiya və sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilərlər. 

Bu halda onlar, Azərbaycan Respublikası qanunları ilə digər qaydalar nəzərdə 

tutulmayıbsa, Azərbaycan Respublikasının vətəndaşları üçün müəyyən olunmuş 

hüquqlardan istifadə edirlər və vəzifələri daşıyırlar. 



Maddə13. Nigah hüququ və ailə münasibətləri  

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikası vətəndaşları və digər 

şəxslərlə nigah bağlaya və bağladıqları nigahı ləğv edə bilərlər. 

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər nigah və ailə münasibətlərində Azərbaycan 

Respublikası vətəndaşları ilə eyni hüquqlara malikdirlər və eyni vəzifələri daşıyırlar. 

Maddə 14. İstirahət hüququ  

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikası vətəndaşları ilə eyni 

əsaslarla istirahət hüququndan istifadə edirlər. 

Maddə 15. Sağlamlığın qorunması hüququ  

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının 

qanunvericiliyi və Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq 

müqavilələri ilə nəzərdə tutulmuş qaydada sağlamlığın qorunması hüququ vardır. 



Maddə 16. Sosial təminat hüququ  

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi 

və Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq müqavilələri ilə nəzərdə 

tutulmuş qaydada sosial təminat hüququndan istifadə edirlər. 




Pensiya təyin edilməsi üçün müəyyən iş stajı tələb olunduqda əcnəbilərin və vətəndaşlığı 

olmayan şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi və Azərbaycan 

Respublikasının iştirakçısı olduğu beynəlxalq müqavilələri ilə nəzərdə tutulmuş qaydada 

xaricdəki fəaliyyətləri iş stajına hesab edilə bilər. 



Maddə 17. Mənzil hüququ  

Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan 

şəxslərin Azərbaycan Respublikasının qanunları ilə digər qaydada müəyyən edilməyibsə, 

Azərbaycan Respublikasının vətəndaşları üçün müəyyən edilmiş əsaslarla və qaydada 

dövlət, idarə və ictimai fondlarından mənzil almaq hüququ vardır. 

Maddə 18. Vicdan azadlığı  

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının vətəndaşları 

ilə eyni əsaslarla vicdan azadlığı təmin edilir. 

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən dini təbliğat aparılması qadağandır. 



Maddə 19. Təhsil hüququ  

Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 

Azərbaycan Respublikasının vətəndaşları ilə eyni əsaslarla təhsil hüququna malikdirlər. 

Başqa əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün, Azərbaycan Respublikasının 

qanunları ilə və Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq müqavilələri 

ilə başqa qaydalar nəzərdə tutulmayıbsa, təhsil (icbari ümumi orta təhsil istisna olmaqla) 

pulludur. 

Maddə 20. İctimai birliklərdə iştirak etmək hüququ  

Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan 

şəxslərin, Azərbaycan Respublikasının qanunları ilə və müvafiq birliklərin nizamnaməsi 

ilə digər qaydalar nəzərdə tutulmayıbsa, ictimai birliklərə Azərbaycan Respublikasının 

vətəndaşları ilə eyni əsaslarla daxil olmaq hüququ vardır. 

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının siyasi 

partiyalarının üzvü ola bilməzlər. 

Maddə 21. Seçkilərə və ümumxalq səsvermələrinə (referendumlara) münasibət  

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının 

qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, aktiv və passiv seçki 

hüququna malik deyillər.

Maddə 22. Hərbi mükəlləfiyyətə münasibət  

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər hərbi mükəlləfiyyət daşımırlar. 



Maddə 23. Əcnəbilərdən və vətəndaşlığı olmayan şəxslərdən vergi və rüsum 

tutulması  


Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərdən vergi və rüsumlar tutulması Azərbaycan 

Respublikasının qanunları və Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq 

müqavilələri əsasında həyata keçirilir. 

III fəsil. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin 

məsuliyyəti 

Maddə 24. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin məsuliyyətinin əsasları  

Azərbaycan Respublikası ərazisində cinayət, ictimai və digər hüquqpozma törətmiş 

əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə 

nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. 



Maddə 25. Azərbaycan Respublikasında olma və tranzit keçidi qaydalarının 

pozulmasına görə məsuliyyət  

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olma qaydalarını 

pozduqları hallarda: 

 

Azərbaycan Respublikasında yaşama hüququ verən sənədlər olmadan yaşadıqda ;  



 

Azərbaycan Respublikasında etibarsız sənədlər əsasında yaşadıqda;  

 

qanunvericiliklə müəyyən edilmiş bir yerdən başqa yerə getmə, yaşayış yeri 



seçmə və qeydiyyat və ya yazılma qaydalarına riayət etmədikdə;  

 

işə düzələrkən müəyyən edilmiş qaydaları pozduqda;  



 

olma müddəti qurtardıqdan sonra Azərbaycan Respublikası ərazisini vaxtında tərk 

etmədikdə;  

 

Azərbaycan Respublikası ərazisindən tranzit keçidi qaydalarına əməl etmədikdə 



— Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada 

məsuliyyət daşıyırlar.  



Maddə 26. Azərbaycan Respublikasında əcnəbilərin vətəndaşlığı olmayan şəxslərin 

olma müddətlərinin qısaldılması  

Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini pozan əcnəbilərin və vətəndaşlığı 

olmayan şəxslərin Azərbaycan Respublikasında olma müddətləri qısaldıla bilər. 

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında daimi olma 

müddətlərinin qısaldılması haqqında qərarı müvafiq dövlət orqanları qəbul edir. 

Maddə 27. İmmiqrant statusu olmayan əcnəbilərin və vətəndaşlığı olmayan 

şəxslərin Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması  

Milli təhlükəsizliyin təmin olunması, ictimai asayişin mühafizəsi, əhalinin səhhəti, 

hüquqları və mənafelərinin qorunması zəruriliyi olduqda və həmçinin Azərbaycan 

Respublikasının immiqrant statusu olmayan əcnəbilərin və vətəndaşlığı olmayan 

şəxslərin hüquqi vəziyyəti haqqında qanunvericiliyinin tələbləri kobud surətdə 

pozulduqda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər qanunvericilikdə müəyyən edilmiş 



qaydada müvafiq məhkəmənin (hakimin) qərarına əsasən Azərbaycan Respublikası 

hüdudlarından kənara çıxarıla bilər. 




İmmiqrant statusu olmayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan 

Respublikasının hüdudlarından kənara çıxarılması Azərbaycan Respublikasının 

qanunvericiliyində müəyyən edilmiş qaydada həyata keçirilir. 

İmmiqrant statusu olmayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan 

Respublikasının hüdudlarından kənara çıxarılması haqqında qərarda müəyyən olunmuş 

müddətdə Azərbaycan Respublikasının ərazisini tərk etməlidirlər. Azərbaycan 

Respublikası ərazisini tərk etməkdən boyun qaçıran immiqrant statusu olmayan əcnəbi və 

vətəndaşlığı olmayan şəxs, müvafiq məhkəmənin (hakimin) qərarı əsasında tutulur və 

məcburi qaydada Azərbaycan Respublikası hüdudlarından kənara çıxarılır. İmmiqrant 



statusu olmayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan 

Respublikasının hüdudlarından kənara çıxarılması haqqında qərardan məhkəməyə 

şikayət verilə bilər. Şikayət verilməsi qərarın icrasını dayandırmır. 

Müəyyən edilmiş qaydalara əsasən Azərbaycan Respublikası hüdudlarından kənara 

çıxarılmalı olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər məcburi dövlət daktiloskopik 

qeydiyyatından keçməlidirlər. 

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-ci maddəsinə müvafiq olaraq 

əcnəbi və vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikasının hüdudlarından kənara 

məcburi çıxarıla bilər. 

İmmiqrant statusu olmayan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs insan alverindən 

zərər çəkmiş şəxs hesab olunduqda, onun barəsində 1 il müddətində Azərbaycan 

Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxartma tətbiq edilmir. Bu 

müddət başa çatdıqda, lakin əcnəbi və ya vətəndaşlığı olmayan şəxs insan alveri ilə bağlı 

cinayət işləri üzrə cinayət təqibi orqanlarına yardım göstərdikdə, həmin şəxs barəsində 

Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxartma cinayət 

təqibi başa çatanadək tətbiq olunmur. İnsan alverinin qurbanı olan uşaqlar barəsində 

Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxartma tətbiq 

olunmur. 

Maddə 27-1. İmmiqrantın Azərbaycan Respublikasının hüdudlarından kənara 

çıxarılması  

İmmiqrantın Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması 

«İmmiqrasiya haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş 

qaydada həyata keçirilir. 

IV fəsil. Yekun müddəaları 

Maddə 28. Beynəlxalq müqavilələr  

Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq müqavilələrdə bu Qanunda 

müəyyən edilmiş qaydalardan fərqli qaydalar müəyyən edildikdə beynəlxalq 

müqavilələrin qaydaları tətbiq edilir. 



Maddə 29. Diplomatik immunitetə və imtiyazlara malik olan şəxslər barəsində bu 

Qanunun tətbiqi  


Bu Qanun Azərbaycan Respublikası qanunları və iştirakçısı olduğu beynəlxalq 

müqavilələri əsasında diplomatik immunitetə və imtiyazlara malik olan şəxslərin 



hüquqlarına toxunmur. 

Azərbaycan Respublikasının Prezidenti 

Heydər ƏLİYEV 

Bakı şəhəri, 13 mart 1996-cı il 

№ 41-IQ 

Azərbaycan Respublikasının Qanunvericilik Toplusunda dərc edilmişdir (31 iyul 1997-

ci il, № 1, maddə 19) («VES Consultancy» LLC). 

5 oktyabr 2001-ci il tarixli, 183-IIQD nömrəli; 12 oktyabr 2001-ci il tarixli, 203-IIQD 

nömrəli; 12 oktyabr 2001-ci il tarixli, 207-IIQD nömrəli; 26 aprel 2002-ci il tarixli, 

313-IIQD nömrəli; 4 iyun 2002-ci il tarixli, 339-IIQD nömrəli; 30 dekabr 2003-cü il 

tarixli, 568-IIQD nömrəli; 30 dekabr 2003-cü il tarixli, 569-IIQD nömrəli; 30 dekabr 

2005-ci il tarixli, 51-IIIQD nömrəli; 27 fevral 2007-ci il tarixli, 251-IIIQD nömrəli 

qanunlara əsasən dəyişikliklər və əlavələrlə («VES Consultancy» LLC). 

© VES Consultancy LLC 

 

Yüklə 291,36 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə