ƏDƏBİ MÜbahiSƏLƏR



Yüklə 100,79 Kb.
tarix04.11.2017
ölçüsü100,79 Kb.
#8305
növüYazı

www.cafarcabbarli.org



ƏDƏBİ MÜBAHİSƏLƏR
6 haziran tarixli "Kommunist"də möhtərəm Kazımoğlu deyir ki, "Vaxtilə məhəlli mətbuatda yazılan bir çox yazılar istər Cavidin, istərsə əsərlərinin mahiyyətini meydana qaymamadadırlar", Bu fikir doğrudur. Səbəbi də Cavidin əsərləri səhnəyə çıxalı mətbuatın, siyasi məsələlər ilə məşğul olub, ictimai və ədəbi mübahisələrin mətbuatda yer bulmamasıdır. Yalnız Azərbaycanda deyil, bəlkə bütün Zaqafqaziya ölkələri arasında ilk olaraq tənqidlər yazmış, tənqidçiliyi ilə məruf olmuş, möhtərəm münəqqidimiz Kazımoğlunun da bu vaxta qədər susduqları bunun nəticəsi olsa gərəkdir. Həm də bizdə bir hal vardır, adətən türklük heyəti ümumiyyəsilə tənqidə dayanmıyor ki, burası, bizdə milli bir xüsusiyyət halına gəlmişdir. Əh doğru və səmimi, bitərəfanə tənqid çox vaxt çəkilmədiyindən qərəz kimi tələqqi edilərək haqsız etirazlara səbəb olur ki, bu da tənqid həvəskarlarımızın bir dürlü ciddiyyətini qırır. Halbuki, həyatın hər qismində sənət və ədəbiyyatda da “ tənqid təkamülün babasıdır" deyilsə yanlış olmaz. Bu hər yerdə belə düşünülür, bizdə isə ədəbiyyat “ədəbiyyatımız var" deyiləcək qədər təkamül etmədiyi kimi, yazıçılarımız da tənqidin əhəmiyyətini bir dürlü təfriq edəmirlər, hər halda bizdə tənqidçilik xüsusundakı bir qaç kəlmədən sonra möhtərəm Kazımoğlu tərəfindən atılmış mübahisədə ötədənbəri mətbuat mübahisəçilərindən biri olub bu xüsusdakı yazüarla iştirak etdiyimiz üçün bu dəfə də irəlidə təsadüf edəcəyimiz istər şəxslərinə, istərsə də qələmlərinə böyük hörmət və ehtiram bəslədiyimiz qələm arkadaşlarımızın əfvlərinə məqrurən, ümumən ədəbiyyat və sənət, xüsusən bizdə Cavid və onun əsərləri xüsusunda bir qaç kəlmə yazmaq istəriz.

Möhtərəm Kazımoğlu ədəbiyyat tarixində ötədənbəri böyük filosofların mövzu bəhsi olub bu vaxta qədər aydınlaşmayan, "Sənət sənət üçündür", "sənət həyat üçündür" prinsiplərini meydana sürür və ikincisinin daha doğru olduğunu təsdiqlə bu nöqteyi-nəzərdən "Uçurum"un "Sənan"dan daha həyati binaənəleyh, daha dəyərli olduğunu iddia edir. Əvvəla, biz möhtərəm Kazımoğlunun bu iki prinsipini nasıl izah etdiyini bir dürlü kəsdirə bilmirik. Ehtimal ki, möhtərəm Kazımoğlu "Sənət həyat üçündür" - şüarında "sənət", "həyat" sözlərinin bir araya toplanması ilə onu “sənət həyatdan olmalıdır" kimi tələqqi etmişdir ki, bunun üzərinə ən gözəl əsər, sənət həyatdan götürülmüşlər, həyata yaxın olanlardır kimi bir məna çıxarır və "realist" "Uçurum"un romantik "Sənan"dan daha həyati olması hesabilə daha dəyərlidir deyir. Bizcə, burada bir yanlışlıq vardır. “Sənət həyat üçündür" prinsipi qətiyyən göstərilən mənanı ifadə etmir. Həm də belə olsaydı, ikinci prinsip nə demək olurdu. Əcəba? Biz şəxsən bu iki prinsipi belə anlayırıq.

"Sənət həyat üçündür" - sənət həyati tərbiyə etmək məqsədini təqib etməli, sənət həyata yol göstərməlidir. Mövzular bir fikrin təbliği üçün intixab olunmalı və ən böyük diqqət də təbliğat cəhətinə verilməlidir və ən gözəl əsər sənətdə böyük fikirlər ifadə edənlər, insanlığı tərbiyə məqsədilə yazılanlardır. Binaənəleyh oxuculara, seyrçilərə, dinləyənlərə bir dərsi-ibrət verməyən əsərlər əsəri-sənət olmazlar. Beləliklə, “sənət həyat üçündür" prinsipi tərəfdarı olan Kazımoğlunun şüarını belə bir məna ifadə etməsi üzərinə nasıl olur da "Uçurum"u “Sənan"dan dəyərli gördüyünü anlamayırıq.

"Sənan" yeni də olmasa, hər halda ötəndənbəri söylənmiş bir çox əhəmiyyətli, əsaslı fikirləri toplayıb yeni kimi meydana çıxarır. O dinlərin bir ixtilaf qaynağı, mənbəyi olduğunu iddia edir. Allah da, Kəbə də, həp gözəllik eşq və sevgi olduğunu anladır, əlavə islam ruhanilərinin və xristian papaslarının fəsadlarını və bunların nəticələrini mey­dana çıxarır və yeri gəldikcə, daha bir taqım ibrətamiz fikirlər ifadə edir. "Uçurum"da nə var, əcəba! Hər halda bunların heç birisi bəlkə də bir taqım şeylər söylənmək istənilmiş də məəttəəssüf ifadə edilmişdir ki, bu xüsusda irəlidə söyləyəcəyik. Deməli, Kazımoğlunun tərəfdar bulunduğu şüar nöqteyi-nəzərilə "Uçurum" “Sənan"dan dəyərli olmayır.

İndi keçəlim ikinci "sənət sənət üçündür" prinsipinə. Burası gələcək yazımızla əlaqədar olduğu üçün üzərində bir qədər durmaq istərdim. Bizcə, bu şüar belə izah edilməlidir. Sənət ibrət və dərs vermək, yol göstərmək və ümumən bir şey öyrətmək vəzifəsini daşıyırsa, sənət dərsi ibrətverici, öyrədici əsərlər o zaman fəna bir natiqin mitinqlərdə söylədiyi ibrətamiz və doğru sözlər, o zaman bir müəllimin sinifdə verdiyi riyaziyyat dərsi ən böyük bir əsər sənət olmasın, halbuki, onlar fəhvasiz və müəmmasız açıq-açığına öyrədirlər. Digər tərəfdən, bir Rafaelin, ya başqa bir rəssamın Cakondaları, madonnaları, bir Bethovenin musiqiləri kimsəyə bir şey öyrətmirlər. Eyni halda kimsə onların bir əsər sənət olduqlarını inkara cəsarət edəməz, bu vaxtadək etməmiş də. Bunun üzərinə yerli olaraq iddia edirlər ki, bir əsər bir fikir ifadəsi üçün yazılırsa o artıq sənət və ədəbiyyat deyil, bəlkə də fəlsəfədir.

Sənət və ədəbiyyat dəftərçələrindən ayrılıb fəlsəfə kitablarına girməlidir. Sənət isə bir ibrət üçün olmayıb, bəlkə sənət üçün olmalıdır. Bu qənaətdə olanlar deyirlər: mən fəlsəfə dərsi, ibrət-filan bilməm, gördüyüm şey məni mütəəssir edirsə, həmin firçamı alır, olduğu kimi təsvir edərəm. Canlı olaraq yaradaram.

Zatən ədəbi əsərlər də firçası qələm olmuş rəsmlər deyillərmi? İşdə burada da de Monassan kimi yazıçılar çıxıb deyirlər: mən həyatdan bir parça alıb bütün çılpaqlığı ilə, bütün mənfi və müsbət cəhətləri ilə, bütün qəhqəhə və göz yaşları ilə, fəlakət və dəhşətləri ilə, gözəllik və sevincləri ilə olduğu kimi təsvir edəcək, yaradacaq və bütün üryanlığı ilə canlı, diri həyatı oxuculara təqdim edəcəyəm.

Oradan bir fikir çıxdımı? Çıxmadımı? İbrət alındımı, yoxmu? Borcum deyildir. Bir fikir doğurursa, yaxşı, doğurmursa daha yaxşı (təbiidir ki, həyatı bütün üryanhğı ilə görən bir oxucu onun bütün müsbət cəhət­ləri o gözəl nəticələri ilə bərabər, fəna hərəkətləri öz fəlakətli nəticələri ilə görən oxucu düşünürsə, orada ibrət də, dərs də ala bilər, fikir də bula bilər).

Fəqət bir fərq var ki, burada bir fikir üçün bir həyat çox vaxtda süni, qeyri-təbii bir həyat yaradılmayıb, bəlkə yaranmış bir həyatdan, təbii və açıq bir həqiqətdən bir fikir alınır.

Burada əsas fikir və ibrət dərsi olmayıb, bəlkə əsas sənətdir. İştə bu nöqteyi-nəzərlə yazan de Mopassanların bu gün Qərb ədəbiyyatında sənətkarlıqlarını kimsə inkar edə bilmir və hər kəs də onun sənət və dühasını təqdir edər. Başqa cür ola bilməz, çünki bu adamın əsərini oxuduqca, göz önündə bir həyat zahiri əhvali-ruhiyyəsi, iztirabları bütün incəliklərinədək təbii və həyati təsvir edilmiş, yaradılmış canlı adamlar zahir olurlar ki, bu təbiilikdən, bu sənətdən insan zövq almaya bilməz. Oxucu vəqədən o qədər mütəəssir olur ki, gah gülür, gah da yeri gəldikcə, kəndisi bilmədən belə, bilaixtiyar göz yaşları tökür, oxucuda bu, ya digər hal vücuda gəlir bir həyəcan doğur.

Bizcə, ən gözəl əsər, sənət oxucularda, seyirçilərdə, dinləyicilərdə hər həyəcan- bədii oyandıra bilən əsərlərdir.
II
Burada bir şəxsiyyət və qeyri-şəxsiyyət məsələsi də vardır ki, bizcə, yuxarıdakı iki prinsipin mübarizəsi zamanı doğmuşdur. Bir yazıçı öz əsərlərində görünməlidirmi? Bu ya digər qəbrəmanı müdafiə ilə müəyyən bir fikir söyləməlidirmi? “Sənət sənət üçündür" vəsilər tərəfindən bu da rədd olunur. Yazıçı öz əsərlərində qətiyyən görünməməlidir... O oxucuların əhvali-ruhiyyələrinə, fikirlərinə, mühakimələrinə bu ya digər fikri tərvic, bu ya digər qəhrəmanı haqlı göstərmək üzrə təsir etməməlidir. Onlarca: sadəcə həyat yazılmalıdır. Yazılmış həqiqətlərdən kim nə anlayirsa özü bilsin, hansı qəhrəmanı haqlı, ya haqsız bulursa, yenə özü bilər. İştə timsal üçün gətirdiyimiz de Mopassan da, həmçinin Flober və başqa böyük yazıçılar da yalın həyat göstərir. İnsan acı həqiqətləri görər, nöqsanları duyar, ağlar, gülər. Fəqət heç bir yerdə yazıçını görə bilməz. Əsərin bir yazıçı tərəfindən yazıldığı belə hiss edilməz. O, yaratdığı canlı həyatın, acı həqiqətlərin dumanlıqlarında, kölgəliklərində itər, gedər. Bunlar həp möhtərəm Kazımoğlunun rəyinə istinad etdiyi Tenin “ədəbiyyat cəmiyyətləri ifadeyi-hal və keyfiyyətidir" təbiri də bu nöqteyi-nəzərdən yaklaşmaq istərik- Ten yuxarıdakı cümləsində nə demək istəyir? O deyir ki, ədəbiyyat ətrafındakı həyatı, cəmiyyətin nasıl yaşadiığını, nə fikir daşıdığını, ətrafdakı insanların, xalqın, cəmiyyətin adətlərini, ənənəatını, xüsusiyyətlərini, əhvali-ruhiyyəsini olduğu kimi təsvir və ifadə etməli, bir kəlmə bütün mühit dəftərlərə köçürülməli və nəticə etibsrilə "ədəbiyyat cəmiyyətlərin ifadeyi-hal və keyfiyyati" olmalıdır. Belə olmalıdır ki, Qafqaziyada bir nəfər Floberin “Madam Bovari"sini oxucuya əvət Fransada belə bir həyat vardır, - deməyə haqlı olub, Fransa həyatı xüsusunda, oradakı cəmiyyətin və ondakı qaim fikirlər, insanların məişəti, əhvali-ruhiyyələri xüsusiyyətləri barəsində qəti bir fikir hasil edə bilsin. İştə bizcə, Ten yuxarıdakı təriflə göstərdiyimiz mənanı ifadə etmək istəyir. Biz bu təbirin mükəmməl olub-olmaması xüsusunda məqaləmiz üçün ehtiyac görmədiyimizdən durmaq istəməyirik. Çünki bir cəmiyyəti deyil, aynca təbiəti, bir gözəl yaşıl təpəni, bir firtınalı dənizi təsvir edən, ya təbiətin bu ya digər gözəlliklərini ifadə edən bir əsər sənəti deyildir, denilməz. Nə isə burasında bəhsə lüzum verməyib Tenin təbirini qəbul ilə mətləbə keçəlim. İndi biz bu nöqteyi-nəzərdən Cavidin əsərlərinə yanaşalım.

Əcəba Cavidin hanki bir əsəri yaşadığı mühitin, içində dolandığı xalqın, cəmiyyətin, xüsusilə Azərbaycan türk xalqının ifadeyi-hal və keyfiyyətidir. Qoy bir nəfər çrxsın və barmağını uzadaraq tərəddüdsüz, Cavidin filan yazısı cəmiyyətimizin ifadə, hal və keyfiyyətidir, söyləsin. Bunu kimsə deyə bilməz. Biz "Zəhmət'dəki tənqidin bir çox yerləri ilə şərik deyiliksə də, “Cavidin yazdığı əsərlər get-gedə həyatdan uzaq olmağa başlamışdır" deməsini də bu nöqteyi-nəzərlə olduğunu etimal ilə sabit edirik. Yaşadığımız aləm həyatın ən parlaq bir məkəsidir.

Belə olunca ən yaxın aləm, həyati-xaricdən almacaq təəssürat qaynağma ən yaxın ətrafındaki mühit deyilmidir?

İtə bu nöqteyi-nəzərlə Cavidə yanaşınca elə təsir bağışlayır ki, guya Cavid heç bir vaxt içində yaşadığı mühitdən maraqlanmamiş, ölkəmizin, xalqımızm rəngarəng həyat və məişəti onu heç bir vaxt mütəəssir etməmişdir. Biz onun heç bir vaxt xalqımızın fəryadları ilə inlədiyini, xalqımızın sevincləri ilə güldüyünü görə bilmirik.

Zatən bir şair də xarici təəssüratı yaşadığı mühitdən deyilsə, nərədən ala bilər, əcəba?

Gözünün önündə xalqımız bir çox mübarizə dövrləri keçirmiş, məhkumluqda xırpalandığı, hüququ tapdandığı vaxtlar olmuş, fəqət buna qarşı Cavidin "burak məni hayqırayım" - deyə coşduğunu, sızladığını, ağladığını görə bilmərik. Xalqımızm bir çox matəmləri, bir çox bayramları olmuş və olurkən Cavid bunların həpsinə soyuqqanlılıqla baxır, heç qımıldanmır da. Yalnız harada isə xəyali bir afət bulur, onu bulvarlarda öpüşdürür. İştə bu qədər...

O zaman nəyə lazım bir şairin atəşlər yağdırmağa müqtədir qələmi? Bizcə, xalqımız sənətxanələrdə, dəzgahlar önündə çalışarkən, ocaqlar qabağında ağır çəkiclərini zindanlara çırpırkən Cavidi yanında görməli və "Yan ocağım, can göstər" deməsilə şirin-şirin oxşayışlarından qüvvət almalıdır. Xalqımız qanlı cəbhələrdə haqq, hüquq mübarizəsi aparırkən Cavidi yanında görməli və dadlı oxşayışlarından qüvvət və cəsarət almalıdır. Xalqımız yas günlərində əsirliyə, əzilməyə məhkum qalır. Səssiz-sözsüz ağlayırkən və ümumi fəlakət və haqsızhq sükutu içindən Cavidin “Bir vulkan kimi partlayib”, "burax məni haykırayım" - deyə qopardığı fəryadları ilə öz kədərini əks etdirməli, hal və keyfiyyətini anlatmalıdır.

Halbuki, bunlar Caviddə yox. Əcəba, bütün dühasının əsası həssaslıq olan bir şair duyğusu yox - söylənilməz, nə olur əcəba? Nə olursa-olsun, hər halda Cavid burada, Azərbaycanda yoxdur.

Türkiyənin ziyalı olaraq, daha doğrusu, planetlərin birindən əsərləri üçün mövzu arayır. Ona Azərbaycan mövzuları əl vermir. Halbuki, söylədiyimiz kimi ən gözəl əsər mühitin, cəmiyyətin hal və keyfiyyətini bəyan edənlərdir.
III
Burada deyə bilərlər və deyirlər də ki, pəki Cavid Azərbaycan məişətini yazmayır, İstambul həyatını təsvir edir. "Uçurum və sairədəki vəqələr də İstambulda cərəyan edir. Bəlkə də oranın bəyan hal keyfiyyətidir.

İştə ən mühüm məsələ də burasıdır. Cavid kəndisi azərbaycanlı ikən, Azərbaycanda yaşayırkən, burada təsvir üçün bir həyat, ya bir tip bulmayırmı? Azərbaycan həyatından bir mövzu götürə bilmirmi? Nəhayət, Azərbaycanda həyat yoxmudur? Bizcə, bunların heç birisi deyildir. Cavidin Azərbaycanda oturub İstambuldan yazıyoram deməsinə iki səbəb ola bilər. Ya Cavid həyatı olduğu kimi götürəmiyor və ya da bütün əsərlərini bir fikir, bir fəlsəfə xatırəsi üçün quraşdırıyor ki, yaradacağı süni həyat üzərinə "azərbaycanlılar Türkiyəni bilmiyorlar, bəlkə də orada həyat belədir" - deyə susacaqları fikrilə mən Türkiyədən yazıram deyə, bizdə belə həyat yoxdur, deyən xalqdan yaxa qurtarmaq istəyir və yaxud İstambulda oturub da dövrəsindəki həyata göz yumub düxtəri-hindu, Atilla və sair əsərləri ilə Hindistanı, Avstriyanı, daha bilməm nərələri təsvir edən yazıçıları təqlid etmək, ediyor və hələ də onların təsirindən yaxa qurtara bilməmişdir.

Göz önündə hər gün gördüyü tatyanaları buraxıb da, Fransadan, bilməm İtaliyadan bir taqım şeylər yazan yazıçılar rus ədəbiyyatında da ümumən hər millətin ədəbiyyat tarixində yox deyildir. Fəqət bu yazılar bir Tatyana, bir Onegin qədər yaşayamayırlar. Biz Lermontovu götürsək ki, hər yerə getmişsə bulunduğu mühiti təsvir etmişdir ki, ona görə də çox zaman Qafqaziyada bulunduğu üçün oradan aldığı təəssürat üzərinə yazdığı əsərləri oxuyanlar Qafqaziya xalqı, onun həyat və məişətini, adət və ənənələri xüsusində Cavid oxucularından daha çox və daha doğru məlumat və təəssürat ala bilərlər.

Burada başqa bir etiraz da ola bilər. Deyərlər ki, neçün sən bu qədər dar bir Azərbaycan çərçivəsinə soxulmuş da, kənara çıxmaq istəməyir və Cavidi də kəndin ilə bərabər o çərçivə arasında boğmaq istəyirsən. Cavid 70-80 milyonluq türk dünyasını təsvir etmək və ya bəşəri simaları yaratmağa çalışır. Ona görə də onun yazıları da Azərbaycan həyatını təsvir etməyə bilər, bu bir nöqsan da olmaz. Belə olsaydı, biz bu fikir ilə şərik olardıq. Xüsusən nə Türkiyəyi, nə Türküstanı və başqa türk ölkələrini şəxsən görmədiyimiz və ancaq uzaqdan-uzağa xüsuslarından məlumat aldığımız üçün "Əvət ola bilər Cavidin təsvir etdiyi həyat Türkiyədə, ya Qırğızıstanda vardır, ola bilər. Cavid bəşəri əsərlər yazmaq istəyir də, ona görə dar Azərbay­can çərçivəsində yaşaya bilmir. Onun fikir dühası daha geniş fəzaları qucmaq, əhatə etmək istiyor" deyə susardıq. Fəqət müttəəssifanə bunu da qəbul etməyəcəyik. Çünki Cavidin əsərlərində adətən həyat olmadığı kimi, elə nöqtələri də vardır ki, bizi belə düşünmək imkanından məhrum buraxır. Biz Cavidin mümkün olursa bütün əsərlərini məhdud qüvvəmiz daxilində ayrı-ayrı təhlil etmək istəyirik. Fəqət burada yeri gəlmişkən yuxarıda söylədiyimiz məsələ ətrafında Cavi­din bütün əsərlərində mövcud və hamısı üçün ümumi olan bir neçə nöqtə göstərəcəyik ki, bu nöqsanların olması ilə Cavid həyatın, ya tiplərinin heç bir yerdə, xüsusilə, nə Türkiyədə, nə də başqa bir türk ölkəsində mövcud olduğunu qəbul etmək olmaz.

Cavid türklük əhvali-ruhiyyəsini, onun xüsusiyyətlərini adət və ənənatını deyil, olduğu kimi təsvir etmir. Hətta çox vaxt bu həqiqətlərin xilafına yazır ki, bunun üzərinə bəzən türkliyə həddindən ziyadə yaxşılıq, bəzən də bir türkün qətiyyən yapamayacağı hərəkətlər vücuda gətirir ki, bir çoxları türklərdə belə şey olmaz - deyə haqlı olaraq etirazdan kəndilərini alamıyorlar. Bunu isbat üçün biz Cavidin əsərlərindən bir qaç timsal göstərmək istəyirik. Fəqət bundan əvvəl məram aydın olmaq üçün ufaq bir timsalla məsələyi izah edəlim.

Bəlli şeydir ki, hər şəxsin olduğu kimi, hər millətin, hər qövm və irqin də kəndisinə məxsus xüsusiyyəti vardır ki, bu xüsusiyyət heyət ümumiyyəsilə onlarda bulunur və o millətdən bir nümayəndə təsvir edərkən götürülən tip bu xüsusiyyətlərə müxtəlif hərəkətlər də bulundurularss, o yazıçı, o milləti anlamamış deməkdir. Məsələn, həbəşlərdə xüsusi, təbii bir hal vardır. Onlar müəyyən bir dərəcəyə qədər hətta avropalıdan daha çox istedad göstərərək oxuyub öyrənirlər. Fəqət müəyyən bir hüduda varınca durur, öldürsələr də, bir kəlmə artıq öyrənəməz, bir addım irəliləməzlər.

Başqa daha yaxın bir timsal: hər kəsə bəllidir ki, türk xilqətən, ruhən igid, alıciı bir əsgərdilər. Fransadamı, Türkiyədəmi, Türküstandamı bir kəlmə, nərədə olursa olsun, igid bir əsgərdir. Bəlkə də türk ordusunda bir-iki, beş-on qorxaq bulunur. Fəqət türk ordusu təsvir edilərkən bunlar nümunə götürülməzlər. İstisnalar bir tip olmaz, tiplər heyəti-ümumiyyənin nümayəndəsi olmalıdırlar. İndi bir yazıçı türk ordusundan təsvir etdiyi bir əsgəri qorxaq yaradırsa və Türküstanda türk əsgəri belədir - deyirsə, mən Türküstanı görmədiyim halda onun dediklərini qəbul etməm və kəmali-cəsarət və qeyrətlə: "sən türklüyü anlamayırsan" - söyləyərəm. Çünki igidlik, igid və fədakar bir əsgər olmaq türkün əsas sifəti, xüsusiyyətidir. Sənin yaratdığın hər halda türk deyildir. Burada daha aydınlıq üçün Şekspirdən ufaq bir timsal ilə Cavidin əsərlərinə keçəlim. Hər şeydən əvvəl söyləyəlim ki, bir rəssam, bir yazıçı təsvir etdiyi bir şeyin əvvəlcə əsas sifətlərini, xütut əsasıyyəsini götürməli və onun ətrafında ufaq xətlərini çəkməlidir. Möhtərəm Kazımoğlunun xüsusi mübahisəmiz zamanı söylədikləri bir sir çəkmək istəyən bir rəssam ilk əvvəl onun xütut əsasiyyəsini bulmalı, məsələn, əli, qüvvətli bir köks, qalın biləklər, iti xonxar dişlər, müdhiş və yırtıcı caynağını, əzici, mühib gözlərini xütut əsasiyyə olmaq üzrə qeyd edər və bunun ilə də əsasən rəsmin mühüm qismi bitmiş olur. Sonradan bunun ətrafında ufaq xətlərini çəkər. Ədəbiyyatda da belə olmalıdır.
IV
Götürəlim Şekspirin işbu halda gözəl timsal ola biləcək “Otello"sunu. Orada Şekspir bir Mavr yaratmışdır. Ona mənsub bulunduğu qövmin əsas sifətlərini və xüsusiyyətlərini vermişdir. O dost sandıqlarına bütün səmimiyyətlə inanar, hətta namusunu, ürəyinin bir parçası olan Dezdemonanı belə ona etibar edər, tapşırar. O, bəyəndiyini bütün varlığı ilə, bir çocuq səmimiyyəti ilə sevər, uğrunda həyatını əsirgəməz. Şübhələndiyi adamın isə həyatına təhəmmül edəməz. Cigərinin yarısı belə olsa onu canavar kimi, yırtıcı kimi didər, xirpalar, məhv edər.

Hərbdə dünyadan ayrılmış bir əsgərdir. Evdə dünyadan ayrılmış bir ər, onun üçün orta yoxdur. İştə mədəni, binaənəleyh, fikri təkamülün ədəm mövcudiyyətindən, səmimiyyəti pozulmamış sadədil həbəşilik ilə cəngavər ərəbliyin qatışmasında vücuda gəlmiş bir Mavr ki, bunun üzərinə Otellonun kim olduğu bilinməsə belə, hanki qövmə mənsub bulunduğu təxmin edilə bilər. Çünki belə adamlar mavrlarda hər addımda bulunur.

Götürəlim Yaqonu, Şekspir özü ingilis olduğu halda, ingilis adi ilə yaratdığı Yaqoya kəndi sənəti xatırəsi üçün bilatərəddüd ingilisliyin əsası sifətlərini vermişdir. Hiyləgər, dəssas, görənə bir tor qurar. Ən yaxın bir dostunu öz hiylələri üçün vasitə yapıb oyuncaq kimi oynatmaqdan çəkinməz. Təqsirsiz, günahsız insanları çaşdırıb çarpışmalarından, tökdükləri qanlardan istifadə edər. Öz hərəmi, öz namusu üçün birinin əlilə başqasından intiqam almaq istərkən arada altun qazanmağı da unutmaz.

İştə tam mənası ilə bitərəfanə və sənətkaranə yaradılmış bir ingilis bu əsas sifətlərdən sonra Şekspir onun ətrafında fırçası ilə ufaq xətləri çəkmişdir. Həmçinin Dezdemona sadədil, hər şeyə aldanan, heç bir şeydən fənalıq hiss etməyən, bütün səmimiyyətlə sevməyə və sevgisinə bütün səadətini, adını belə fəda etməyə müstəid venetsiyalı bir qadın, eyni halda Radriko oyuncaq kimi əldə oynayan sadədilliyi qismən sərsəmliyədək varan Dezdemona ilə bir çox yerdə ümumi xüsusiyyətlərə malik ikinci bir venetsiyalı. iştə sənətkarlıq. Şekspir bəşəri miqyasda yazdığı əsərində ingilis adı ilə sadədil bir oyuncaq təqdim etsəydi, Şekspir olmazdı, bəlkə də ingilislərdə belə sadədillər yüzlərcə bulunur; fəqət bunlar ümumiyyət üçün bir timsal, bir tip ola bilməzlər.

Burada Şekspir də İngiltərədən çıxır, Venetsiyaya gedir. Fəqət əvvəla qəhrəmanlarının heç birisi ingilis mühitinin təsirindən yaxa qurtarmamışlar, həm də heç bir şeyi, heç bir şəxs öz vəsf əsasını qayıb etməmişdir. Burada sənət bütün mənası ilə arada, sənət bütün gözəlliyi ilə gülümsəyir. Burada həyat təsvir olunur, həm də o, nə göylərdən götürülmüş, nə də fotoqraf şişlərindən çıxarılmışdır. Yazıçı həyatı təbii, özü hiss etdiyi, anladığı kimi yazmış, onun vəsfi-əsasını qeyd etmiş, həm də oxucuda, ya seyrçidə bir həzzi-mənəvi, bir həyəcani-bədi təmin edir. Həm də əlavə olaraq bir hüsn əxlaq da təbliğ edir". Bu da bir məziyyətdir ki, burada sənət sənət üçün olmaqla bərabər, sənət həyat üçün olmuş olur ki, ən böyük sənətkarlıq burası və ən böyük qiymət də burasındadır.

Şimdi bu nöqteyi-nəzərlə Cavidin tiplərinə yanaşalım. İlk əvvəl onun türklərini götürəlim. Cəlalı timsal intixab edək. Zatən bu adam keçmişi dumanlı, qırıq, yarımcan bir simadır. Fəqət buraların o cür ruha və onun tiplərinə yanaşacağımız zamana buraxıb indilik, onun xasiyyətindən ayrı-ayrı timsallar götürürük. Cəlal Anjeli sevir, onu evində saxlayiır. Heç bir vəchlə ondan ayriılmayacağını bildirir. Fəqət bir qədər sevdiyi acız bir qızı, gücsüz bir mələyi bir fransız təhdid edirkən və himayəsinə tapındığı dilbərin qorxduğunu götürkən, Cəlal buna qarşı "tədbir etmək lazımdir" - deyir və susur. Bu hal bir türkə yaraşırmı? Nerədədir ümumən Şərqin, xüsusilə türklüyün coşqun qanı, nerədədir namus və silahından başqa bir şey görməyən türklük?! Bir türk, xüsusən Cəlal kimi əsəbi bir türk sevdiyini təhdid edən bir fransiza qarşı tədbir üçün heç düşünə bilərmi? Düşünməyə vaxt bulurmu? Həmin ardınca fırlayıb yaxalamaz, yaxasını əzməzmi? Heç olmazsa bir ziyalı qovqasına da olsa, duelə də olsa dəvət etməzmi? Belə bir yerdə fransız bəlkə də tədbir arar, bir ingilis bəlkə də hiylələrə çalışar. Fəqət bir türk düşünə bilməz. Bu hələ azdır. Cəlalın şəri hərəminə, öz gözü önündə izhar təəşşük, hətta hərəmi də başqalarla sevişir. Cəlal bunu görür. Fəqət bir neçə saçma sapandan başqa bir şey yapmıyor. Bu nə deməkdir? İnsanın çıldıracağı gəlir, bir fransız hərcayisinin müaşiqəsinə qızan Cəlal öz şəri hərəminin xəyalına qarşı susur. Halbuki, bir filosof da deyildir. Qisqancdır, qadınların ümumiləşməsi tərəfdarı da deyildir. Acığı gəlir, amma susur. Tühaf deyilmi? Bu hal, qısqanc, coşqun bu kimi ittifaqlarda adətən bir yırtıcı kəsilən türklüyün xüsusiyyətlərinə zidd deyilmidir? İldırımı götürək. O, öz namusunu belə özünə tapşıran Cəlalın evində onun namusuna toxunur. Hərəmi kimi satilan Anjeli sevir və əvvəldən tanıdığı xeyirxahlıq bəha-nəsilə alır, qaçır, türklər daha fəna işlər görə bilərlər. Fəqət yoldaşa xəyanət etməzlər...


V
Göyərçinə gələlim. Birinci pərdədə ərinin xəyanətini görməmişkən belə ərinin ardınca tökdüyü göz yaşları qurumamışkən, əri küçə qapısından hələ çıxmaməş başqaları ilə sevişməyə başlayır.

Birinci pərdədə bunu sözlə deməsə də bir kəlmə Əkrəm deməsi izhari-təəşşüq olub, çocuğu qoynunda olmazsa, Əkrəmin ağuşuna atılacağını bildirir. Belə bir vəziyyət alır. Həm də bu bir həqiqətdir ki, gələcəkdə də isbat olunur. Ərli bir qadınkən əri üçün ağlayaraq sevişir. Yavrusu üçün ağlayaraq sevişir. Möhtərəm Kazımoğlu bunu bir ümid, həyat tələqqi etsələr də, biz yavrusu üçün çıldırmış məngənələrdən yavrusunu istəyən bir qadının ümid, həyat olaraq yeni bir eşq intixab edilə biləcəyini, yeni bir əl aranılacağını heç bir vəchlə qəbul etmək istəmərik. Göyərçin sevişir, Afət də elə görəni sevər, tində öpüşər, bulvarda öpüşər.

Nəhayət türklükdə saf əxlaqlı bir qadın yoxmu? Halbuki türk qadını dağlarda qoyun otarar, təkbaşına evdə qonaq qəbul edər, əsgərlər arasında çalışar... fəqət uyuyurkən namusu qoynunda olur. Bəlkə bir fəlsəfə ilə bunun bir namus olmaması iddia olunur. Bəlkə Cəlal üçün iddia etdiyimiz qısqanclıq mənfi bir sifət ədd edilər? Fəqət bu türklük­də bir etiqad, bir xüsusiyyətdir ki, onun ilə hesablaşmalıdır.

Cavidin Edmon adlı bir fransızı vardır. Təbiətinin, mühitinin, tərbiyəsinin xilafına olaraq ona verilmiş sərtlik, cəngavərlik, qısqanclıq kəndisini aldadan, kəndisini sevməyən bir qadını öldürməklə də iktifa etməyib, canavar kimi bir dəqiqədə bir öldürməyə hazır olmaq xassəsi Cəlala (bu türkə) daha uyğun, bir fransıza heç də yakışmaz bir şey olduğu etiraf olunmazmı? Bu nöqtələr həm bir türkün, həm də bir fransızın əsas sifətlərinə təzad, onların xüsusiyyətlərini düz təsvir etmək deyilmidir?

"Afət'dən Ərtoğrulu götürəlim. "Afət" Cavidin son əsəridir. Ona görə timsallarımızın çoxusunu oradan alınq. Bunun ilə bərabər bizcə "Afət" bir əsər, sənət olmaqdan daha ziyadə bir şaşqınlıqdır.

Mövzu aranmış, bulunmamış da, bir "Afət" ixtira edilmişdir ki, bu xüsusdan ayrıca söyləməyi daha müvafiq buluyoruz. Ərtoğrul kəndisindən xoşlanmadığı Qaratayı öz evində təhqir edir... Nerədə qaldı, əcəba türklüyün bütün dünyada şöhrət qazanmış qonaqsevərliyi? Bir türk adam öldürər, cinayət yapar, nə söyləsəniz edə bilər. Fəqət öz evindəki qonağı təhqir etməz.

Ərtoğrul, Qaratay, Afət, Altunsaç bəlkə də başqa qadınları da aldadıb namuslarını çeynədiyi üçün, söyə də bilər, döyə də bilər, öldürə də bilər. Fəqət hər halda sakın, bunu öz evində icra edə bilməz. Bu türklüyün ənənatına, xilqətinə ziddir ki! Bunun üzərinə hər bir türkün öz izzət-nəfsi təhqir edilmiş sanıb. Xeyr bu yalandır, türk öz evində qardaşının qatilini belə görürsə, evində olmaq hissilə, ona əl açmaz onu təhqir etməz - deməyə haqqı vardır. Haqqı vardır iddia etsək ki, bir türk anası kəndisinə pənah gətirmiş oğlunun qatilini onu təqib edən düşmənə təslim etməz. Binaənəleyh, kəndisi ilə çəkişənlərdən intiqam almağa kəndisinə tapınanları əfv etməyə müstəidçilik, iradəli, xəfif, incə hissli geniş, bağışlayıcı ürəyə malik türk qadınları Cavidin uçurumuna yuvarlansa da kəndisinə tapınan Cəlalı bağışlamaya bilməz. Çünki bu onun təbiəti, bu onun xüsusiyyəti, bu onun əsas sifətidir. Bəlkə də bu xassəyə malik adamlardan türklük də buluna bilər, fəqət bunlar tip götürülə bilməzlər.

Azərbaycanda hər gün, hər ay yüzlərcə adamlar öldürülür və həpsi unudulurkən bilməm qaç illər bundan əvvəl bir novxanılının öz evin­də belə deyil, təkcə kəndlərində qonaq olan bir nəfərə təcavüz etməsi heç bir dürlü unudulmur. İndi də hərdəm "qonaq kəsən novxanılılar" -deyə xalq həm istehza, həm nifrət edir. Xalqımızın bu əhvali-ruhiyyəsi, hər kəsdən əvvəl bir psixoloq olması icab edən Cavid tərəfindən nədənsə heç görülməyir, hiss edilmir.

Beləliklə, şimdi bizdə Afət həyatı yoxsa da, get-gedə həyat tərəqqi edüb qadınlarımız açılınca 50 ildən sonra Afət həyatı vücuda gələ bilər. Cəlal bizdə yoxsa da bəlkə Türkiyədə buluna bilər deyənlərə də cavab verilmiş olur və yuxarıda bəzi timsallarını göstərdiyimiz səbəblərə görə də biz deyirik ki, qirx il də, əlli il də bundan sonra Azərbaycan ya türklüyün başqa bir ölkəsi, həmçinin Türkiyə Afət həyatı ilə yaşaya bilməyəcəkdir, çünki tip əsasən xüsusiyyətlərinə adi bir surətdə təsvir edilmişdir.

Gənc həvəskarlarımızda yanlış bir zehniyyət vardır. "Həyatımızda və yaxud həyatda belə şey, elə bir şəxs yoxdur" -deyincə "vallah filan adamın başına gəlmiş bir qəziyədir. Gözümlə görmüşəm və eynilə yazmışam" - deyə and içməyə başlayırlar.

Bu yanlış bir zehniyyətdir. Bir dəfə bilməlidir ki, müstəsna vəqələr və şəxslər nə mövzu götürə bilərlər, nə tip. Götürülən mövzu yüzlərcə vaqe olan adəti, vəqələrin parçalarından, tiplər də bu xalqın ümumiyyətindən parça-parça götürülüb onun ümumi həyat və məişətini, onun adət və ənənatını, milli etiqadını, psixolojisini təsvir etməli; canlandırmalıdır ki, hər kəs səhnədə bir nəfəri görüncə həmin yüzlərcə elə adamlar tanıdığı xatırinə gəlsin.

Cavidin əsərləri oxuculara, xüsusən tamaşaçılara lazımı təsir bağışlaya bilmirlər.

Görürsən, Arif çoxdan bəri axtardığı qardaşını qətl edir, ötədə də bir qaç cənazələr yıkılmışdır. Ölülər rəqs edir. Mənzərə o qədər də müdhiş təsvir olunmuş ki, Arifin gözündə hətta ölülər belə rəqs edir. Burada bizcə tamaşaçıların da ruhu, hissiyyati Vasifin cənazəsi ilə bərabər rəqs etməliydi. Halbuki, həqiqət belə deyildir. Burada ancaq əvvəli Vasif başını qaldırir, rəqs edir, tamaşaçılar isə lazımi qədər mütəəssir edilmədiklərindən, ruhları rəqsə hazırlanmadığından bir dürlü rəqs edə bilmir, hətta Vasifin də rəqsinə gülmələri gəlir. Halbuki əsl məqsəd də tamaşaçıların ruhunu həmin rəqsə iştirak etdirməkdir. Sənət də, sənətkarlıq da həp burasıdır. Məharətli bir yazıçı bu mənzə-rəyə tamaşaçıları iştirak etdirə bilərdi. "İblis”də isə bu yoxdur.
VI
"Uçurum"da Göyərçin pək sevdiyi əri tərəfindən rədd edilir, yeganə mədər təsəllisi olan məngəşəsini Bosfora düşürür, tamaşaçıların ruhu qımıldanmır. Göyərçin solğun çiçəkləri bağrına basıb da münəqqişəsini oxşayır. Seyrçi laqeyddir. Halbuki, burada Göyərçinlə bərabər seyrçilər də çıldırmalıdırlar. Bu yoxdur. Bu mənzərə ancaq Cəlala təsir ilə uçuruma sövq edir. Seyrçilər isə burasında belə bitərəfdirlər. Balasını itirmiş bir ananın məlalını xəyallarında bir dürlü təsəvvür edirlər. Amma əsərdən belə təəssürat almadıqları üçün xəyalları, təsəvvürləri də belə xəyal olaraq qalır. Onlar Cəlaliı uçuruma sövq edən həyəcanı ala bilməyirlər. Halbuki, əsl məqsəd burası, sənətkarlığı, məharəti də həp elə burası olurdu.

Afət Özdəmiri zəhərləyir, maraqlanan yox. Ərtoğrul rədd edilir, əsəbiləşir, çıldırır, mütəəssir olan yox, Afət Qaratay tərəfindən rədd edilir, anlayan yox. Qaratay öldürülür, sevinən yox. Afət intihar edir, mütəəssir olan yox. Bir kəlmə, Cavidin yazılarında tamaşaçılar səhnədəki həyatla yaşamayırlar. Onlarda Cavidin təsəvvür etdiyi əhvali-ruhiyyə, lazımi həyəcani-bədii vücudə gəlməyir. Lazımı həzzi-mənəvi təmin edilməyir ki, əsərin əsl qiyməti də burasmdadir.

Belə hallarda tamaşaçıların əhvali-ruhiyyəsini təhlil edə biləcək bir psixoloq olursa, bəlkə də bunun səbəbini anlaya bilər. Biz şəxsən hissiyyatımızı təhlil edərkən belə bir nəticəyə gəlirik. Tamaşaçının bir ya digər hiss ilə məhsus olması bu ya digər hala girməsi üçün Arif ağlayan yerdə ağlamaq, Göyərçin çıldıran yerdə onun ilə iştirak etməsi üçün lazımı şərait vücuda gətirilməyir. Tamaşaçıların ruhu bu ya digər vəqədən lazımı dərəcədə mütəəssir ola biləcək qədər hazırlaşdırıllmayır.

Halbuki, həyəcani-bədiiyə səbəb olan həzzi-mənəviyyəyi təmin edən şeylərdə həp bu təəssüflər, bu sevinclər və bu kimi tamaşaçını adi halından çıxıb, qeyri-adi bir hala girməsinə səbəb olan şeylərdir.

Turgenev "Peqaz", ya "Mumu" adlı yazılarında bir itin keyfiyyətini onun gənclikdən ayrılıb da qocalması ilə sükutunu o qədər məharətlə təsvir edir, oxucuları o qədər hazırlayır, o qədər mütəəssir edir ki, adətən bütün oxucular sanki Peqaz ilə bərabər qocalırlar. Bütün oxucular Gerasimdən əvvəl üsyan etmək dərəcəsinə gəlirlər.

Deyə bilərlər ki, pəki həyatı yaz deyirdin. Cavid də yazmış. Tamaşaçılar mütəəssiz olmuyursa, Cavidə nə borcdur.

İştə biz bu yerə gəlib çatmağı gözləyir və bu məsələni söylərkən qəsdən burasını sükut ilə keçmişdik.

Biz Cavidin yaratdığı həyat təbii olmayıb, süni olduğunu və şəxsiyyətlərin əhvali-ruhiyyəsindəki incəliklərin və mühüm nöqtələrin meydana gəlməsi üçün lazımı şərait vücuda gətirilmədiyini bir yana buraxıb da ümumən söyləmək istərik. Həyatı olduğu kimi təsvir etmək istəyənlər heç bir vaxt fotoqraf olmaq istəməzlər.

Əvvəla onlar adi halları deyil, kəndilərini mütəəssir edən hallar götürürlər. Biz hər bir halın, hər bir yazıçıya ruhuna görə başqa-başqa təsir bağışlayacağı məsələsində durmaq istəyirik.

Hər bir mənbəi-təsir hər bir yazıçıya onun həyat ümumiyyəsi, xatiratı, əhvali-ruhiyyəsi, məslək və əqidəsi üzərində başqa-başqa təsir edə bilər.

Məsələn, bir məzarıstanı eyni vaxtda bir qaç yazıçı seyr edərsə, biri onun görünüşündən kədərlənir, digəri bir zövq duyar, xülasə, hər kəs gözləri ilə baxar və bir dürlü görə bilər. Bir şəxsi hər kəs öz qüvvəsinə görə öz istedadı ilə bir cür görə bilər. Biri onu aşiq, biri filosof, biri də sadəcə dəli görə bilər. Hər halda götürülüb mütəəssir olunandan sonra yazıçı olan aldığı təəssüratı və öz hissiyyatını təhlil edər...

Həmin təəssüratda bu ya digər hissi təhrik edən nöqtələri bulur. Seyrçilərə, oxuculara kəndi duyduğunu olduğu kimi verə bilmək üçün lazım olmayan yerlərini atar, çatışmayan yerlər varsa, həyatın başqa bir yerindən bir parça əlavə edər və bu şeyləri kəndi süzgəcindən keçirib, xüsusən canalıcı nöqtələrini, əsas cəhətlərini elə bir halda meydana atar ki, həm həyat olduğu kimi təbii halında təsvir olunar, həm yazıçı fotoqraf olmaz və beləliklə əvvəldə dediyimiz kimi, bu ya digər qəhrəmanı müdafiə, bu ya digər fikri tərvic məqsədilə əsərlərinin arasından pırtayıb çıxmaz.

Tamaşaçılar bu yardıma, daha doğrusu bu vüzulluğa ehtiyac görmədən özlərini həmin əsas nöqtələr, həmin təsir üzrə mühakimə edər, bu ya digərini müqəssir tapar, bu ya digərinə acıyar. Bu, ya digər halda ya ağlar, ya gülər. Bu, ya digər fikri çıxarır. Caviddə isə belə deyildir. O heç bir vaxt canalıcı, psixoloji halları lazımı qədər təhlil edib tamaşaçıların ürəklərini acılayır. Tamaşaçının hissi, qəlbi susur, Ancaq yeni paltara geyindirilmiş əsgi fikirləri əzbərləyərək evlərinə gedir. Qəlb susur, fikir çapalayır. Halbuki, belə birtərəfli əsərlərə əsər, sənət deyilməz. Keçək üçüncü cəhətə: Cavidin əsərlərinin quruluşu pək pozğundur. Məsələn, baxınca, ya oxuyunca insan bir çox neçinlər arasında boğulub qalır.
VII
Şəxslərin keçmişləri, kim və nəçi olduqları, ümumən mahiyyətləri bəlli olmadığı kimi, tiplər bir qaç əsas təriflə də olsa təkmil edilməyib, qırıq və natamam qaldıqlarını və hər kəs əsərdə bir (?) təşkil etdiyi kimi hərəkətlərinin də səbəbləri birər müəmmadan ibarət olub qalır ki, nəticə etibarilə tamaşaçı bir çox neçinlər arasında boğulub qalır. Bütün ötələr, adətən, otel şəklini daşıyır. Bir taqım adamlar gəlirlər, gedirlər. Neçin? Bilinmir. Bir taqım adamlar qonuşuyor, çox vaxt kimlikləri də anlaşılmayır. Gecikmiş Qaratayı maarif müdiri buraxıb içməyə gedir. Afət ilə söhbət bitincə gəlib qonağı evə dəvət edir?!

Yıldırım, Əkrəm hər daim birər məhrəm kimi Cəlalın evində fırlanırlar. Bunları məhrəm edən nədir, bilinmir. Anjel Fransadan gəlib

qəbul otağında ufaq bir sevişmədən sonra atasının evidirmiş kimi, ötəki otağa keçir. Ora getmək lazım olduğunu nerədən bilirmiş əcəba? İnsanlar hərə birini sevir, başqasını alırlar. (Ərtoğrul - Alagöz). Birini sevirkən başqasına gedirlər (Göyərçin - Cəlal). Bir yığın adam həpsi Fransaya göndərilir. Oradan geri həpsi İstanbulda bir saatda xəbərləşmişlər kimi bir otağa doldurulur. Burada da həpsi sürü ilə çıldırıb bir göyə toplanırlar. Hətta Yıldırım da Anjeli qaçırıb ora gəlir. Bunlar (zakaznoy) kimi təsir bağışlayır. Adamlar təbiilik istədiyi kimi deyil, Cavidin arzu etdiyi yerdə bu, ya digər hərəkəti icra edirlər. Səbəbləri isə bəlli deyildir.

Neçin? Neçin? Neçin? Səbəb yox, cavab yox. Halbuki, təbii əsərlərdə hər hərəkət bir səbəb arxasında olmalıdır. Cavid isə adətən bu cəhətləri unudur. Çox vaxt “İblis"də olduğu kimi, bir yığın əlaqəsiz vəqələr və ümumən olduğu kimi bir yığın keçmişi, kimliyi mübhəm adamların bir araya toplanmasından bütün dünyanı, həyatı və təbiiliyi unudaraq əsər vücuda gətirir ki, bu da arzu edilməyən bir haldır.

Deyə bilərlər ki, bir realizm arşını alıb da romantizmdən yaxa qurtarmamış Cavidi ölçmək doğru olmaz. Müəyyən məktəb, ədiblər vardır ki, hər millətin tarix, ədəbiyyatında olduğu kimi, bizimkindən də təkrar edilməlidir.

Əvvəla, Cavid sırf romantik bir yazıçı deyildir. O gah romantik, gah idealist, gah realist kimi sentimentalistdir. Fəqət Cavid kim olursa, hanki məktəbə mənsub bulunarsa həmin məktəblər üsulu ilə yazdıqlarına müvəffəq olmuşsa-olmamışsa fərq etməz. Şimdi Cavid var. Yazıyor. Ən doğru məktəbi-ədəbi indilik realizmidir və biz də hər kəsi bu arşına ölçər və yazıçılarımızın da bu münval ilə yazmalarını arzu edərik. Keçmiş şairlərimiz başqa! "Məktəblər bizdə təkrar etməlidir" nəzəriyyəsini də qəbul etmirik. Çünki bunsuz da mümkündür. Bizdə lojno klassik dövrü gedirkən Sabir birdən-birə realizmə atıla bilmiş. Nərimanov öz "Pir"ini realizm ilə yaza bilmiş, müvəffəq də olmuşdur. Bu nəzəriyyə millətlər arasında əlaqə, güc olduğu zamanlar doğru olsa da, indiki əlaqə ilə başqa millətlərin ədəbiyyatından təcrübə almaq mümkün olduğu bir zamanda onu iddia etmək yersiz, bəlkə də gülüncdür.



Cavidin təqdim ediləcək müsbət cəhətləri də yox deyildir ki, bunları qeyd etməməklə həm yazdıqlarımız birtərəfli olur, həm də Cavidin haqqını inkar etmiş olurduq.

  1. Caviddə su kimi duru, almas kimi saf, parlaq və oynaq bir lisan vardır ki, bu islahına çalışan lisanımızın təkamül özülü ola biləcəkdir zənnindəyik. Zatən, bir millət üçün lisanı onun şairləri, ədibləri yaradırlar ki, Cavid də bu cəhətdən qiymətlidir. Bizcə, Cavidin orta bir yol götürmüş lisanı Azərbaycanda tətbiq ediləcəyi kimi, ərəbləşmiş Fikrət və Hamid lisanlarını da meydandan sıxıb çıxaracaqdır.

  2. Caviddə hər kəsi məftun və əsir edəcək bir qüvvəyi-şeriyyə vardır. Zatən, əsərlərinin ən böyük gözəlliyi və qüvvəti də burasındadır. Bizcə, "Afət'in bu qədər zəifliyi nəsr olmasındadır. Tamaşaçılar adətən səhnəyi unudur. Cavidin şeirlərindəki gözəlliklə əylənirlər. Biz bu şeir və lisanı ümumtürk aləmi-ədəbiyyat səhnəsinə xüsusi malımız kimi çıxara bilərik.

  3. Caviddə bir də bir fəlsəfə vardır ki, bu, ədəbiyyatda bir əsas olmasa da, hər halda bir məziyyət kimi götürülərsə, əsərlərinin qüvvətlənməsinə yardım edir. Bu fəlsəfələrin həpsi yeni olmasa da, hər halda yeni və gözəl bir şəkildə meydana çıxarılır ki, bu da bir fəzilət və məziyyətdir.

  4. Hər halda bu fəlsəfələr müxtəlif əsərlərdə bir-birinə təzad təşkil etsələr də, Cavidin əsərləri fikir və fəlsəfə cəhətincə bir-birinin mütəmmimi olsalar da, olmasalar da, bizcə, Cavid üçün bir nöqsan olmazlar.

Nə isə, bu qədər yazdığımız müsbət və mənfi cəhətləri belə bir cümlə ilə nəticələndirmək istəyirik. Ümumiyyətlə, Cavidin şeirləri, lisanı və fəlsəfəsi, səhnə əsərlərində yarpaqdan məhrum bir ağaca sancılmiş allı-yaşıllı çiçəklərə bənzəyirlər, bu ağacın yarpaqlanmasını və təbii bir hal, gözəl bir görünüş almasını arzu və ümidlə bərabər məqaləmizin ümumi qismini bitirirkən, istər ümumən sənət və ədəbiyyat, istərsə Cavid və onun əsərləri xüsusunda yeri gəldikcə, parça-parça, dağınıq bir halda fikirləri aşağıdakı bir qaç sətirdə toplayır və xülasə edirik.

  1. Sənət oxuculara, seyrçilərə və dinləyicilərə həzzi-mənəvi həyəcani-bədii təmin etməkdir.

  2. "Sənət sənət üçündür" mücərrəd deyil, eyni halda həyat üçün də olursa, həyatda xidmət edə bilərsə, daha gözəl və mükəmməl olmuş olur.

  3. Fəlsəfə sənət üçün bir əsas deyil, bir məziyyət ola bilər ki, belə oluncs fəlsəfələr köhnəlsə də, əsərin əbədiliyinə ziyan toxunmaz.

  4. "Ədəbiyyat" cəmiyyətlərin ifadeyi-hal və keyfiyyətidir" cümləsini mükəmməl görmür və onu təbiət və sairəni də nəzərə alaraq,

ədəbiyyat mühit və cəmiyyətlərin ifadeyi-hal və keyfiyyətidir" şəklində söyləyirik.

  1. Sənətkar mühit və həyati əhvali-ruhiyyəsi və qüvvəsi ilə əlaqədar olaraq götürdüyü kimi, təsirat və hissiyyatını təhlil edib vəsf-asasisini bulunca həyəcani-bədii oyandırıcı bir tərzdə nəql etmək ilə iktifa etməlidir.

  2. Şair yaşadığımız aləmi-həyatın parlaq bir mükkisidir. Xüsusilə Cavidə gəlincə:

  3. Bir şair kimi Cavid daxili, mənəvi həyati ilə məşğul olub, xarici həyatımıza, mühitimizə və xüsusən xalqımız ilə yaşamayır ki, bu, birtərəflilik və nöqsandır.

  4. Cavidin əsərləri mühit və cəmiyyətimizin ifadeyi-hal və keyfiyyəti deyildir.

9. Cavidin tipləri mənsub bulduqları cəmiyyət və millətlərin vəsafi-əsasinə, xüsusiyyətlərinə zidd nöqtələri havidirlər ki, bu xüsusiyyətlər mənfi də, müsbət də olsa, onlarla hesablaşmalıdır.

Cavid hal-hazırda ədəbiyyatımızın yoxsulluğu içində böyük bir mövqe tutur. Onun "Sənan", "Uçurum", “İblis" və "Afət" olmaq üzrə əsərlərində görünən eniş pilləsi "Sənan"dan sonra son əsəri olan "Afət'ədək varmış süqutu H.H. kimi bir çoxlarını da görülən təşvişə hələlik ehtiyac hiss etdirmiyor.



Bir yazıçının həyatında bilə hallar ola bilər. Biz burasını bir ziqzaq enişi kimi görmək istərik. Biz burasını daha müdhiş, daha qüvvətli yeni hücum üçün sahildən uzaqlaşan dalğaların ricətinə bənzətmək istərdik. Biz Cavidin kəndisində bulunduğuna şübhə etmədiyimiz istedad dənizlərinin dərinliklərindən yeni qüvvət alıb hücum edəcək və xalqımıza mühit və həyatımızın qoynundan doğmuş bir və dilbər-ədəbi təqdim edəcəyini ümid və arzu edərik.





Yüklə 100,79 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə