Ədəbi tələffüz üzrə işin təşkili Lüğət üzrə işin təşkili



Yüklə 50,67 Kb.
səhifə1/3
tarix10.01.2023
ölçüsü50,67 Kb.
#98406
növüMühazirə
  1   2   3
adtm 2Mühazirə 29 2b2aa710874b32ebb6574ae7fd937cba


Mühazirə 29. Şagirdlərin şifahi və yazılı nitqinin inkişaf etdirilməsi Plan:
1)Şagirdlərin nitqinin inkişaf etdirilməsi üzrə işin məqsəd və vəzifələri
2)Ədəbi tələffüz üzrə işin təşkili
3)Lüğət üzrə işin təşkili
29.1 Şagirdlərin nitqinin inkişaf etdirilməsi üzrə işin məqsəd və vəzifələri
İnsanın mədəni yetkinliyinin, cəmiyyət üçün faydalı bir şəxsiyyət kimi formalaşmasının meyarlarından biri onun nitq mədəniyyətinə yiyələnməsidir. Bu, məktəbin qarşısında duran ən mühüm ümumpedaqoji problemlərdən biridir.
Nitq inkişafı üzrə işin vəzifəsi dil və təfəkkürün vəhdəti haqqında təlimdən irəli gəlir. Uşaqların təfəkkürünü inkişaf etdirməklə biz, şübhəsiz, onların nitqinə təsir göstərir, nitqini inkişaf etdirməklə təfəkkürünün inkişafına təkan veririk.
Nitq insanın əqli fəaliyyətinin yaranmasında bilavasitə iştirak edir və onun əsası olur. Şagirdlər mükəmməl nitqə yiyələnməklə xarici aləmdəki hadisə və əşyalar haqqında biliklərə yiyələnirlər.
Altıyaşlıların nitqi üzərində aparılan müşahidələr göstərir ki, onlar məktəbə gələnədək dilimizin qrammatik quruluşuna yiyələnir və ətrafdakılarla ünsiyyət bağlamaq tələbinə müvafiq müəyyən söz ehtiyatına malik olur, başqalarının nitqini başa düşür, öz fikrini ifadə etməyi bacarırlar. Bununla belə, müşahidələr göstərir ki, I sinfə gələn uşaqların nitqi bəzən yeni anlayışları, fikirləri, hissləri ifadə etməyə imkan vermir. Bu, hər şeydən əvvəl, uşağın lüğət ehtiyatının kasıblığı ilə izah olunmalıdır. Buna görə də məktəbdə uşağın nitqi üzərində planlı iş aparılır. Təsadüfi deyildir ki, ibtidai siniflər üçün ana dili proqramında nitq inkişafı ana dili tədrisinin başlıca prinsipi olduğu qeyd edilir. Deməli, ibtidai siniflərdə ana dili üzrə məşğələlərin əsas məqsədi şagirdlərin şifahi və yazılı nitqini inkişaf etdirməkdir. İbtidai siniflərdə şagirdlərin nitqinin inkişafı üzrə iş hansı istiqamətdə getməlidir?
Nitq mədəniyyətinin yüksək səviyyəsi yalnız onun dilin bütün cəhətləri (fonetika, leksika, morfologiya, orfoepiya, söz yaradıcılığı, orfoqrafiya, sintaksis, üslubiyyat) ilə təbii surətdə birləşdirilməsi şəraitində təmin edilə bilər.
Nitqdə təbiilik, düzgünlük, məntiqilik, təmizlik, müyəssərlik, məqsədyönlülük, zənginlik, aydınlıq, sadəlik, səlislik, yığcamlıq, ifadəlilik, çılğınlıq, obrazlılıq, emosionallıq, gözəllik, incəlik, ardıcıllıq, nəzakətlilik kimi normalar gözlənilməlidir.
Azərbaycan dilinin şirinliyi, gözəlliyi ünsiyyət prosesində meydana çıxır. Şagirdlərdə nitq mədəniyyətinin formalaşmasında ana dilinin bir fənn kimi əhəmiyyəti böyükdür. Onu da qeyd qeyd etmək lazımdır ki, ana dilinin məqsədi olan nitq mədəniyyətinin formalaşdırılması digər fənlər üçün də əsasdır, çünki bütün dərslərdə şagird danışır, fikrini ifadə edir, münasibət bildirir. Odur ki, bünövrə düzgün qoyulursa, uşaqlar səlis, aydın nitqə, mədəni davranışa malik olarlar.
Məktəb təlimi uşaqların nitq inkişafının mənbələrini və imkanlarını artırır. Uşaqlar təbiət və insanların əməyi üzərində müşahidə aparır, yoldaşları ilə, ətrafdakılarla ünsiyyət saxlayır, kitab oxuyur, çıxış edir və s. Bu prosesdə şagirdin nitqi inkişaf edir. Çalışmaq lazımdır ki, şagirdlər müşahidə etdikləri varlıq haqqında fikirlərini daha dəqiq və düzgün əks etdirə bilsinlər, onların nitqdə işlətdikləri sözlər ifadə etdikləri anlayışlara, fikirlərə uyğun gəlsin. İbtidai siniflərdə şagirdlərin öz nitqlərinə və başqalarının nitqinə şüurlu yanaşmalarına nail olmaq lazımdır.
Nitqə yiyələnmək öz fikir və hisslərini sözlərin köməyi ilə verməyi bacarmaq deməkdir.
Ana dili tədrisinin başlıca məqsədi olan şifahi və yazılı nitq nəinki ibtidai, hətta yuxarı siniflərdə də eyni səviyyədə inkişaf etmir. Belə ki, uşaqların bir qrupu çox yaxşı şifahi nitqə malik olduqları halda, fikrini yazılı şəkildə ifadə etməkdə çətinlik çəkir. Digər qrupu isə, əksinə, ifadə və inşa yazarkən müvəffəqiyyət qazandıqları halda, şifahi nitqləri anlaşılmaz, darıxdırıcı, sönük olur. Az da olsa, nitqin hər iki cəhətinə eyni səviyyədə yiyələnən uşaqlara rast gəlmək mümkündür.
Şagirdlərin şifahi və yazılı nitqi
Uşaq xalqın öz tarixi boyu gündəlik həyatında müəyyənləşdirdiyi ümumi normalardan ibarət olan dili mənimsəyir, beləliklə də, onun nitqi formalaşır. İnsanlar nitq vasitəsilə bir-biri ilə ünsiyyət saxlayırlar. Dilin normalarının mənimsənilməsindən o zaman danışmaq olar ki, şagirdlər bu normalardan düzgün istifadə edə bilsinlər. Dilin normaları dedikdə, fonetik, orfoepik, lüğəvi və ya leksik, morfoloji, orfoqrafik, sintaktik, punktuasiya və üslubi qaydalar və qanunlar nəzərdə tutulur.
Şagirdlərin aşağı siniflərdən lüğət üzrə və ya leksik bilik və bacarıqlara yiyələnmələri zərurəti özünü göstərir. Ətrafdakılarla ünsiyyət, oxu, müşahidələr və praktik işlər şagirdlərin lüğət ehtiyatını yeni sözlər və terminlərlə zənginləşdirir. Bu prosesdə onların nitqi həm kəmiyyət, həm də keyfiyyətcə zənginləşir. Hər bir söz get-gedə yeni məna qazanır.
Sintaksis, əsasən, qrammatikanın tərkib hissəsi hesab edilsə də, əslində şagirdlərin nitq inkişafı baxımından da mühüm əhəmiyyətə malikdir. Uşaqlar məna vahidlərindən ibarət sözlərin köməyi ilə söz birləşmələri qurmaqla yanaşma, uzlaşma və idarə əlaqələrini başa düsürlər.
Cümlənin qrammatik quruluşu intonasiya (səsin qalxması və alçalması, fasilə, cümlənin gücü və tembri) ilə sıx əlaqədardır. Ona görə də şagirdlərə ifadəli oxumağı və danışmağı öyrətmək lazımdır. Şagirdlər cümlənin tərkibi, baş və ikinci dərəcəli uzvləri və s. haqqında biliklərə yiyələnməklə müxtəlif tərkibli, müxtəlif növ cümlə qurmağı, öz fikirlərini ifadə etməyi öyrənirlər. Cümlənin qurulmasında sözlərin sırası mühüm rol oynayir. Cümlədə sözlərin sırasını dilimizə müvafiq şəkildə gözləyə bilmək bacarığına yiyələnməyən şagirdlər öz fikirlərini müsahibinə düzgün çatdıra bilmirlər.
Bu sahədə mühüm vərdişin yaranması üçün cümlənin təhlili və tərkibi son dərəcə vacibdir. Şagird cümlənin formasını və məzmununu əvvəlcədən düşünməyi bacarmalıdır. Bu isə nəticə etibarilə onu rabitəli, kontekstli nitq qurmağa gətirib çıxarır. Nitqin bu formasından istifadə etmək-inşa qurmaq üçün ayrı-ayrı cümlələr arasında məna əlaqəsi yaratmağı, onları bir məna ətrafında birləşdirməyi bacarmaq lazımdır. İnşa qurmaq üçün şagirdlərə plan üzrə danışmağı və yazmağı ğyrətmək lazımdır.
Nitq yalnız fikirlərin ifadə vasitəsi deyil, həm də onların yaranması silahıdır. Ona görə də müəllim nitqin inkişafı ilə birlikdə şagirdlərin təfəkkürünü də inkişaf etdirməlidir. K.D.Uşinskinin göstərdiyi kimi, uşaqların dil sahəsindəki qabiliyyətini inkişaf etdirmək üçün, hər şeydən əvvəl, onlarda düzgün fikirləşmək qabiliyyətini inkişaf etdirmək lazımdır.
İbtidai sinif şagirdləri qrammatik normaları öyrənməklə şifahi və yazılı nitqin bir çox sirlərinə bələd olurlar. Bununla yanaşı, uşaqların nitqinin zənginləşdirilməsi, düzgün qurulması üzrə məqsədyönlü iş aparılmalıdır. Şagirdlərin nitqi praktik şəkildə mənimsəmələri üzrə iş bütün fənlərin tədrisində, həmçinin tənəffüslərdə, sinifdənxaric məşğələlərdə, ictimaifaydalı işlərdə, əmək prosesində, evdə getməlidir. Uşaqlara düzgün danışmağı öyrətmək üçün müəllim hər hansı məşğələ prosesində onun sözləri necə tələffüz etməsinə, vurğunu necə işlətməsinə, fikri düzgün və dəqiq ifadə etmək üçün söz və ifadələri necə seçməsinə, intonasiyaya, sürətə və s. fikir verməli, müşahidə etdiyi nöqsanları ehtiyatla düzəltməlidir.
Şifahi və yazılı nitq insanların bir-biri ilə dil vasitəsilə ünsiyyətinin iki formasıdır. Şifahi nitqin əsasında nitq orqanlarından gələn eşitmə duyğusu, yazılı nitqin əsasında isə həm də görmə və yazan əlin hərəkətlərindən ibarət hərəki duyğular durur. Deməli, şifahi nitq eşitmə qavrayışı üçün müəyyənləşdirilmiş səsli nitq, yazılı nitq görmə qavrayışı üçün müəyyənləşdirilmiş qrafik nitqdir. Bu duyğular şagirdlərin oxumaq, yazmaq, düzgün danışmaq bacarığının inkişafı üçün böyük əhəmiyyətə malikdir.
Yazılı nitq üzrə işin başlıca məqsədi şagirdlərin gördükləri, eşitdikləri, oxuduqları, düşündükləri haqqında hamının başa düşəcəyi şəkildə aydın, dəqiq, mükəmməl, ifadəli yazmalarına nail olmaqdır. İbtidai siniflərdə proqram həcmində belə vərdişə yiyələnməyən şagirdlər yuxarı siniflərdə ifadə və inşa, məruzə, divar qəzetinə məqalə, müəyyən tədbirlə əlaqədar məlumat yazmaqda çətinlik çəkirlər.
Yazılı nitqə yiyələnmək uşaqlar üçün daha çətindir, çünki onlar məktəbə gələnədək bu sahədə heç bir vərdiş əldə etmirlər. Yalnız məktəbdə qrammatikanı, yazı qaydalarını mənimsəməklə onlarda yazılı nitq vərdişləri yaranır. Yazılı nitqdə sözləri diqqətlə seçmək, lazım gəldikdə, jestləri, mimikanı və intonasiyanı da sözlərlə ifadə etməyə çalışmaq lazımdır.
Şifahi nitq yazılı nitqə nisbətən daha ifadəlidir. Bu, onun dinləyicilər tərəfindən düzgün
başa düşülməsinin mühüm şərtlərindən biridir. Şifahi nitqdə ifadəliliyin müxtəlif vasitələrindən istifadə olunur, məsələn, səsin qaldırılması və aşağı salınması, sürət, vurğu, lazımi söz və ifadənin səslə ayrılması, mimika, jest və s. Bütün bunlar şifahi nitqi ifadəli etməklə yanaşı, həm də dinləyicidə inam, əqidə yaratmağın mühüm vasitəsidir. Yazılı nitq isə belə yardımcı vasitələrdən məhrumdur. Ona görə də bir çox hallarda yazılı nitqin məzmununu başa düşmək çətin olur. Bu fikri belə bir həqiqət təsdiq edir ki, bəzən müəyyən mətni ucadan oxuyana nisbətən onu dinləyənlər daha yaxşı başa düşürlər, lakin yazılı nitq hissələrə, abzaslara, paraqraflara ayrılır. Kursiv, dırnaq, sual və nida işarələri, çox nöqtə diqqəti lazımi sözə, başlıcanı ayırmağa, yazılı mətnin məzmununu daha dəqiq verməyə şərait yaradır.
Şifahi nitq insanların fərdi xüsusiyyətlərini nəzərə almaq üçün müəyyən imkanlara malikdir. Müsahibin sözü necə deməsindən, səsin tonundan, intonasiya çalarlarından, gözlərindəki mənadan, mimikasından asılı olaraq lazımi söz, ifadə, ton seçmək mümkündür. Dinləyicilərin tərkibindən, səviyyəsindən asılı olaraq danışan eyni fikri müxtəlif cür çatdıra bilər.
Sifahi və yazılı nitq istifadə etdiyi dil materialına görə də fərqlənir. Sərbəst nitq olan şifahi nitqdə biz danışıq dilinin leksik, qrammatik və üslubi vasitələrindən istifadə edirik. Şifahi nitq şagirdlərdən sözlərin orfoepik normalara müvafiq tələffüzünü, nitq formalarının düzgünlüyünü tələb edir.
Şifahi nitq öz sintetik quruluşuna görə sadədir. Bu nitqdə adətən, sadə, qısa cümlələrdən istifadə olunur. Şifahi nitq tələffüzün fizioloji və psixoloji şəraiti ilə əlaqədardır. Biz hər bir fikri bir dəfə nəfəs alıb-verməklə tələffüz etməyə çalışırıq.
Yazılı nitq isə müxtəlif mürəkkəb cümlələrlə ifadə olunmaqla kitab vasitələrinə əsaslanır. Qrammatik normalarla ifadə olunan bu nitq daha çox normalaşdırılmış, davamlı nitqdir. Yazı zamanı bu və ya digər sözün çətinlik dərəcəsinin, orfoqrafik cəhətdən savadlılığın nəzərə alınması və fikrin rabitəli şəkildə ifadə olunması mühüm şərtdir.
Şagirdlər şifahi və yazılı nitq arasındakı qarşılıqlı əlaqəni dərk etməli, nitqin şifahi formasından yazılı formasına və əksinə keçməyi bacarmalıdırlar.
Şifahi nitq təsadüfdən-təsadüfə, yazılı nitq isə həmişə monolojidir.
Şifahi nitq öz quruluşu və sözlərin seçilməsi cəhətdən sərbəst olduğundan danışan kitab cümlələrindən, çətin termin və ifadələrdən, mürəkkəb konstruksiyalardan qaçır, sözləri asan tələffüz etməyə çalışır, cümlədə istədiyi sözün üzərinə məntiqi vurğunu salmaqla fikrin dinləyiciyə daha dəqiq, aydın çatmasına nail olur.
Adətən, ibtidai siniflərdə şagirdlərin şifahi nitqi onların yazılı nitqindən zəngin olmaqla təlim prosesində mühüm yer tutur. Şagirdlər yeni biliklərə məhz şifahi nitq vasitəsilə yiyələnirlər və şifahi nitq tədricən yazılı nitq üçün möhkəm əsas yaradır. Şagirdin şifahi nitqi nə qədər inkişaf edərsə, onun yazılı nitqi də o qədər yüksək olar. Yazılı nitqin inkişafı isə öz növbəsində şifahi nitqin zənginləşməsinə təsir göstərir.
Yazılı nitqə yiyələnmək çox çətin olduğundan I sinifdə dərs ilinin axırlarından şagirdlərə öz şifahi fikirlərini yazılı şəkildə ifadə etmək qaydasını öyrətmək lazımdır. Onlar eyni bir fikri daha yığcam, daha dəqiq, daha gözəl sözlərlə, ifadəli verməyi öyrənməli, ifadə və inşadakı səhvlərini görməyi və düzəltməyi bacarmalıdırlar.
Şifahi və yazılı nitq xarici nitq adlanır. Bundan əlavə daxili (səssiz) nitq də mövcuddur. Fikir o vaxt tam dəqiq olur ki, insan onu daxilən nizama salır, formalaşdırır.
Daxili nitq xarici nitqə, xarici nitq isə daxili nitqə təsir göstərir. Biri digərini qaydaya salır. “Düşün, sonra danış”, “Yüz ölç, bir biç” ifadələri göstərir ki, ağıllı söz yalnız daxili nitqin məhsulu ola bilər. I sinifdən etibarən daxili nitqin inkişafı üzrə aparılan sistemli iş şagirdlərin şifahi və yazılı nitqinin normal inkişafı üçün möhkəm zəmin yaradır.
Nitq inkişafı ibtidai siniflərdə dil üzrə hər bir məşğələnin ana xəttidir. Ana dilinin tədrisində son məqsəd məhz şagirdlərə əldə etdikləri bilikləri savadlı şəkildə düzgün, rabitəli və məzmunlu ifadə etməyi öyrətməkdir. Ana dilindən sinfin hazırlığı, müəllimin fəaliyyətinin nəticəsi, məhz şagirdlərin rabitəli nitqə yiyələnmələri ilə ölçülməlidir.
Ona görə də müəllim öz sualları, söhbətləri, oxuduğu bədii parçaların təsiri, təbiət və ətraf aləm üzərində müşahidələri, insanların əməyi ilə tanışlıq və s. əsasında şagirdlərin rabitəli nitqinin məzmunluluğunun qayğısına qalmalıdır. Əgər uşağın müşahidəsi diqqətin müəyyən əşya və hadisə üzərində toplandığı, təhliledici bir proses şəklində gedərsə, şagird müşahidə prosesində oxşar və fərqli cəhətləri tapıb tutuşdurarsa, onların hər birini aydın başa düşməyə çalışarsa, onun nitqi məzmunlu olar.
İnsanlar nitq vasitəsilə bir-birilə ünsiyyət saxlayırlar. Dilin normalarının mənimsənilməsindən o zaman danışmaq olar ki, şagirdlər bu normalardan düzgün istifadə edə bilsinlər. Dilin normaları dedikdə, fonetik, orfoepik, lüğəvi və ya leksik, morfoloji, orfoqrafik, sintaktik, punktuasiya və üslubi qaydalar və qanunlar nəzərdə tutulur.
Uşağın şifahi və yazılı nitqi bir sıra pedaqoji tələblərə cavab verməlidir:

  1. Nitq dərin məzmunlu olmalıdır.

  2. Nitq məntiqi olmalıdır.

  3. Nitq aydın, dinləyici və oxucu üçün anlaşıqlı olmalıdır.

  4. Nitq dəqiq olmalıdır.

  5. Nitq ifadəli olmalıdır.

  6. Nitq düzgün olmalıdır.

  7. Nitq təmiz olmalıdır.

Nitqin səs mədəniyyəti üzərində işin təşkili
Kiçikyaşlı məktəblilərin psixoloji və yaş xüsusiyyətləri nitq inkişafı prosesində onlarda nitqin səs mədəniyyətinə diqqəti artırmağı tələb edir. Nitq mədəniyyətinin tərkib hissəsi olan səs mədəniyyətinə səslənən nitqi xarakterizə edən xüsusi tələffüz keyfiyyətləri (səs tələffüzü, orfoepiya, diksiya və s.); səs ifadəliliyinin elementləri (intonasiya, sürət və s.); nitqin ünsiyyət mədəniyyəti elementləri (nitqin ümumi tonallığı və s.); həmçinin uşaqlarda nitqi eşitmə qabiliyyəti və onların artikulyasiya aparatının inkişaf etdirilməsi daxildir. Məktəbə uşaq bağçalarından, xüsusilə birbaşa evdən gələn altıyaşlıların əksəriyyətinin nitqinin səs mədəniyyəti nöqsanlı olduğundan müəllimin üzərinə bu sahədə ciddi və ağır yük düşür.
Nitqin səs mədəniyyəti üzrə işə səthi münasibət, onu təqlidin ixtiyarına buraxmaq kobud səhv olmaqla sonralar, xüsusilə savad təlimi dövründə böyük çətinliklərə gətirib çıxarır, ayrıayrı nitq səslərini düzgün tələffüz etməmək, sözdə səs və hecaları buraxmaq, onları əvəzləndirmək, tələsik və dumanlı, həddindən artıq ləng danışmaq halları savad təlimi dövründə müəllimin işini ağırlaşdırır. Bir çox hallarda belə nöqsanlar uşaqların qaradinməz, hövsələsiz, sərt, laqeyd, əqli cəhətdən geriləyənlər kimi formalaşmalarına aparıb çıxarır. Belə hallarda onlarla işləmək üçün xüsusi yollar araşdırmaq, dərsin böyük hissəsini bir-iki belə şagirdə həsr etmək lazım gəlir.
I sinifdə nitqi eşitmə üzrə iş böyük əhəmiyyət kəsb edir. Müəllim ilk gündən şagirdlərin fonematik eşitmə qabiliyyətinin inkişafı qayğısına qalmalı, onların ana dilinin bütün səslərini düzgün eşitmələri, səslənməsinə görə yaxın olan səs və sözləri fərqləndirə bilmələrini müəyyənləşdirməlidir. Bu dövrdə şagirdlər müxtəlif tərkibli sözlərdə səslərin sayını və ardıcıllığını müəyyənləşdirməyi bacarmalıdırlar.
Bir sözlə, nitq eşitmə vərdişi nitqi qavrama bacarığına yiyələnməyin əsasıdır. Bu vərdişin zəif olduğu şagirdlərlə xüsusi məşğələlər təşkil etmək, getdikcə aşağı səslə danışıb, nə dediyini xəbər almaq, didaktik oyunlar keçirmək məsləhət görülür. Uşaqların r-s, b-p, d-t, s-ş, v-f, c-ç səslərini qarışdırdıqlarını nəzərə alaraq əz-əs, zal-sal, qab-qap, baxır-paxır, bozpoz, don-ton, dər-tər, yad-yat, sal-şal, as-aş, səhər-şəhər, ov-of, sac-saç, ac-aç, uc-uç və s. kimi sözləri aramla tələffüz edərək fərqlənən səsi tapmağı tapşırmaq olar.
Nitq səslərinin aydın tələffüzü onları əmələ gətirən artikulyasiya orqanlarının (dodaqlar, dil, dişlər, burun, alt çənə, üst çənə, yumşaq damaq, yuvaq, kiçik dilçək, qırtlaq, nəfəs borusu, ağ ciyərlər) vəziyyətinin və hərəkətinin düzgünlüyündən asılıdır. Ciyərlərdən gələn hava axını dodaqlardan bayıra çıxanadək artikulyasiya orqanlarından keçərək bir sıra maneələrə uğrayır.
Rəqslənmə nəticəsində ağız boşluğunda nitq səsləri əmələ gəlir.
I sinifdə dil və dodaq əzələlərinin inkişafında yamsılama xarakterli oyunlardan, hekayə və şeirlərin oxunmasından istifadə etmək məsləhət görülür. Səs təqlidi üzrə məşğələlərdə artikulyasiya hərəkətlərinin çətinlik dərəcəsi tədricən artırılmalıdır. Belə tədbirlər fayda vermədikdə loqopedik xarakterli tədbirlərin həyata keçirilməsi mümkündür. Nitq prosesində tənəffüsün düzgünlüyü böyük əhəmiyyət kəsb edir. Adi hallara nəfəsalma və nəfəsvermənin uzunluğu təxminən eyni ritmlə burun vasitəsilə yerinə yetirilir. Nitq prosesində nəfəsalma sürətlə, nəfəsvermə isə yavaş-yavaş, qənaətlə baş verir. Nitqdə fasilənin dəqiq gözlənilməsi, nitqin axıcı və ifadəli olması nəfəsalmanın nə qədər düzgün təşkil edilməsindən asılıdır.
Nitqin səs mədəniyyəti səsin yüksəkliyi üzərində işləməyi də tələb edir. Səsin yüksəkliyi bir dəqiqədə səs tonunun qalxması və aşağı düşməsinin (rəqslənməsinin) tezliyi ilə ifadə olunur. Bundan asılı olaraq nitq səsləri gah ucadan, gah normal, gah da zəif tələffüz edilir. Danışarkən səsin cingiltili, tutqun, titrək, kar və s. olması səsin tembri adlanır. Gücü eyni olan səslər tembrə görə fərqlənir. Səsdən düzgün istifadə edə bilməmək, səs tellərini gərgin vəziyyətdə saxlamaq, onu soyuqdan qorumamaq səsin pozulması ilə nəticələnir. Güclü səs uşağın əsəb sisteminə mənfi təsir göstərir, onun eşitmə qabiliyyətinin kəskinliyini azaldır, yorğunluğuna səbəb olur. Nitq səslərinin düzgün tələffüzü düzgün nitqin təmin edilməsinin mühüm şərtlərindən biridir.
Fonematik eşitmə uşağın nitq səslərini düz fərqləndirməsi, tələffüz edə bilməsi, savad təliminin normal keçməsinə zəmin yaradır. Savad təliminə hazırlıq dövründə müəllim fonematik çalışmalara geniş yer verməlidir. Bu dövrdə səsin müxtəlif sözlərdə, sözün ayrıayrı yerlərində işlədilməsi onun səslənməsindəki incəlikləri praktik şəkildə dərk etməyə imkan verir.
Nitqin səs mədəniyyəti şagirdlərin yaxşı diksiyaya yiyələnmələrini də tələb edir. Diksiya nitqin mühüm keyfiyyətlərindən biridir. Bəzən dodaqlar və dilin ləng hərəkət etməsi, alt çənənin çevik olmaması, nitqi eşitmə bacarığının inkişaf etməməsi, diqqətin davamsızlığı, uşağın öz səsini idarə edə bilməməsi üzündən I sinif şagirdləri sözün axırını tələffüz etmir, aydın danışa bilmirlər.
Uşaqların normal diksiyaya yiyələnmələrinə yamsılama da təsir göstərə bilər. Normal diksiyanın təmin edilməsi üçün müəllimin nümunəvi nitqi zəruridir. Odur ki, müəllim nitqində səsini bacarıqla idarə etməyi, normal diksiyasını nümayiş etdirməyi, nitqində intonasiyanın əsas elementlərinə əməl etməyi və kiçikyaşlı məktəblilərə aşılamağı bacarmalıdır.

Yüklə 50,67 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə