Ədəbi tələffüz üzrə işin təşkili Lüğət üzrə işin təşkili


Ədəbi tələffüz üzrə işin təşkili



Yüklə 50,67 Kb.
səhifə2/3
tarix10.01.2023
ölçüsü50,67 Kb.
#98406
növüMühazirə
1   2   3
adtm 2Mühazirə 29 2b2aa710874b32ebb6574ae7fd937cba

29.2 Ədəbi tələffüz üzrə işin təşkili.
Ədəbi dilin saflığı onun tələffüz normalarına necə əməl olunmasından da çox asılıdır. Fikrin dinləyiciyə dəqiq çatdırılması, həmçinin eşidilməsinin aydın başa düşülməsi çox vaxt tələffüzün aydınlığı ilə bağlı olur. Geniş mənada tələffüz dedikdə, dilimizin ümumi normalarına uyğun danışmaq nəzərdə tutulur. Bu mənada tələffüz həm ədəbi tələffüzü, dialekt tələffüzünü, məhəlli tələffüzü, həm də adi danışıq tələffüzünü əhatə edir. Bu termin konkretləşdirilmiş, dar mənada “ədəbi tələffüz” şəklində işlənir. Ədəbi tələffüz ədəbi dilin normalarını gözləməklə danışmağı, ayrı-ayrı sözlərin, hətta nitq səslərinin tələffüzü qaydalarına əməl olunmasını tələb edir. Bu qaydaların məcmusu orfoepik normalar adlanır.
Əlifba təlimi dövründən tədricən şagirdlərə başa salmaq lazımdır ki, nitqdə olan bütün səsləri yazıda eyni ilə vermək mümkün deyil, çünki bəzən dilimizdəki səslərlə hərflər uyğun gəlmir. Bu səbəbdən də sözləri həmişə yazıldığı kimi tələffüz etmək və tələffüz edildiyi kimi yazmaq olmaz!
Sözlərin bir cür tələffüz olunub, başqa cür yazılması heç də orfoqrafiya ilə orfoepiya arasında köklü fərq olduğunu göstərmir. Əksinə, orfoqrafiya və orfoepiya ədəbi dilin bir-biri ilə sıx bağlı olan iki cəhətidir. Orfoepiya və orfoqrafiyanın vəzifəsi nitqin bütün fərqli xüsusiyyətlərini rədd edərək dili daha geniş ünsiyyət vasitəsinə çevirməkdən ibarətdir.
Orfoqrafiya ədəbi dilimizin yazılı qolunu normalaşdırır. Dövlət tərəfindən təsdiq olunmuş, ölçülüb-biçilmiş bu vahid normalar cəmiyyətin bütün üzvləri üçün məcburi hesab olunur. Bu ümumicbari qaydalara riayət edilmədikdə, insanlar arasında yazılı ünsiyyət çətinləşir, savadlılıq təmin olunmur. Orfoqrafiya yazılı nitq üçün nədirsə, orfoepiya şifahi nitq üçün eyni əhəmiyyət kəsb edir.
Tələffüz qaydalarının məcmusu olan orfoepiya dilimizin şifahi qolunu, yəni şifahi nitqi normalaşdırır. Adətən, şifahi nitqi eşidərkən diqqətimizi onun səs cəhətinə, sözlərin fonetik tərkibinə yönəltmir, bütövlükdə mənanı qavramağa çalışırıq. Rəsmi yığıncaqlarda, radio və televiziya verilişlərində çıxış edənlərin orfoepik normaları gözləməmələri üzündən tələffüzdəki nöqsanlar istər-istəməz diqqətimizi yayındırır, onların tələffüzü xoşagəlməz təsir bağışlayır, bəzən hətta anlaşılmır.
Qarşıya belə bir sual çıxır: “Yazıldığı kimi danışmaq olmazmı?”. Belələri orfoqrafiya ilə orfoepiya arasında sərhədi silməklə işi “asanlaşdırmağa” çalışırlar. Yazıldığı kimi oxumaq, danışmaq, başqa sözlə, “kitab tələffüzü”, “orfoqrafik tələffüz” tərəfdarları bu zaman tələffüzün nə qədər süni, ağır, gülünc şəkil alacağını nəzərdən qaçırırlar. Bəziləri isə əksinə, sözləri tələffüz olunduğu kimi yazmağı, orfoqrafiyanı tələffüzə tabe etməyi məsləhət görürlər. Belələri isə unudurlar ki, yazıda tələffüz əsas götürülərsə, hər kəs yaşadığı dil mühitində alışdığı tələffüzə, dialekt tələffüzünə müvafiq yazar. Beləliklə, dildə tam dərəbəylik yaranar və savadsızlıq hökm sürər.
Dilimizdə sözlərin bir qisminin tələffüzü ilə yazılışı eynidir. Məsələn: ana, ata, dəniz, səma, bal, səhər və s. Digər qisminin tələffüzü isə yazılışından fərqlənir. Məsələn: [qəhraman], [dəfdər], [sakqal], [ambar], [dosluq], [sənnən], [alacam], [alırsız], [işliyir], [ayilə] və s. şəklində tələffüz edilən sözlər yazılışca orfoqrafik qaydalara uyğun şəkildə yazılmalıdır.
Bütün bunları nəzərə alaraq Azərbaycan dili dərslərində Azərbaycan dili orfoepiyasının əsasları I sinifdən etibarən praktik şəkildə öyrədilməli, digər dərslərdə də, sinifdənxaric tədbirlərdə də şagirdlərin tələffüzünə ciddi nəzarət edilməlidir. Şagirdlərin düzgün orfoepiya vərdişinə yiyələnmələri üçün qrammatikanın rəhbərlik etdiyi təcrübə lazımdır. Qrammatik qaydaların bir çoxu eyni zamanda ədəbi tələffüz normaları olduğundan iş xeyli asanlaşır. Bununla belə elə qaydalar var ki, uyğun gəlmir. Məsələn, feilin gələcək zaman şəkilçiləri -ac, -əc, -yac, -yəc şəklində [alacam], [gələcəm], [işliyəcəm] işlənir və yaxud; axırı n, m samitləri ilə bitən sözlər çıxışlıq halda -nan, -nən şəklində işlənir. Məsələn, [odunnan], [onnan], [anamnan], [sözümnən], [sənnən] və s.
Qrammatikaya istinadın əhəmiyyəti ondadır ki, hər bir qayda ümumiləşdirilir. Bir qayda mənimsənildikdən sonra şagirdlər onu yüzlərlə sözə aid edə bilərlər. Məhz ona görə də Azərbaycan dili dərslərində şagirdlərə sadə orfoepik məlumatın verilməsi zəruridir.
Dilimizin orfoepik normaları çox və rəngarəngdir. Onlardan ibtidai siniflərin hər biri üçün müvafiq, uyğun olanlarını seçməyi bacarmaq lazımdır. Əvvəlcə şifahi nitqimizdə çox işlənən və tələffüzü nisbətən asan sözlərdən başlanmalı, sonrakı siniflərdə əvvəllər öyrənilənlər təkrarlanmalıdır.
Bəzi qrammatik formaların tələffüzü.

  1. II şəxsin cəminin xəbər şəkilçisi 2 cür işlənir, yəni tələffüz edilir: həm -sınız , – siniz, -sunuz, -sünüz, həm də -sız, -siz, -suz, -süz şəklində. Məsələn, [alırsınız-alırsız], [gülürsünüz -gülürsüz] və s.

  2. Saitlə bitən feillərə qeyri-müəyyən gələcək zaman şəkilçisi bitişdirildikdə şəkilçinin saiti düşməklə sözün bir neçə hecası ixtisar olunur. Məsələn, [söyləyir-söylər], [işləyərəmişlərəm] və s.

  3. Feilin xəbər formasının müəyyən gələcək zamanın I şəxsinin təki 2 cür işlənir və belə tələffüz olunur. Məsələn, [alacağam-alacam], [gələcəyəm-gələcəm] və s.

  4. Nəqli keçmiş zaman şəkilçilərindən sonra II şəxsin xəbərlik şəkilçisi gəldikdə şəkilçidəki ş samiti tələffüz zamanı ixtisar olunur. Məsələn, [gəlmişsən-gəlmisən], [görmüşsünüzgörmüsünüz-görmüsüz] və s.

  5. İsmin çıxışlıq hal şəkilçiləri olan -dan, -dən, burun samitləri (n, m) ilə bitən sözlərdən sonra –nan, -nən şəklində tələffüz olunur. Məsələn, xırmandan-[xırmannan], səndən[sənnən], anamdan-[anamnan], damdan-[damnan].

Bu yığcam material tədris prosesində şagirdlərin tez-tez rastlaşdıqları hallardır. Odur ki, müəllim yalnız ana dili dərslərində yox, hər bir dərsdə, hər bir tədbirdə ədəbi tələffüz normalarının pozulmasına qarşı mübarizə aparmalıdır.
Orfoepik normalar üzrə iş apararkən elə qaydalar seçmək lazımdır ki, onların mənimsənilməsi şagirdlərin nitqindəki dialektizmlərin aradan qaldırılmasına kömək göstərsin. Orfoepik normaları əzbərləmək heç bir şey vermir. Hər məşğələ üçün tematik lüğət minimumunun bir qaydasına aid 3-4 söz götürülməlidir. Əvvəlcə şagirdlərin öz nitqi üzərində müşahidələr təşkil olunmalı, ədəbi tələffüzlə müqayisəyə imkan yaradılmalıdır.
Öyrənilmiş hər bir qayda rəngarəng çalışmaların köməyi ilə möhkəmləndirilməlidir.

  1. Şagirdlərin dinləmə və eşitmə qabiliyyətinin inkişaf etdirilməsi;

  2. Şagirdlərin maqnitofonun köməyi ilə öz tələffüzləri üzərində müşahidə etmələri və ona nəzarət etmələri;

  3. Şagirdlərin yoldaşlarının tələffüzünə nəzarət etmələri və düzəliş vermələri;

  4. Məktəbdə orfoepik rejimin yaradılması;

  5. Orfoepik-orfoqrafik cədvəllərdən istifadə olunması; (Belə deyilir-Belə yazılır).

  6. Görkəmli aktyorların, diktorların, söz ustalarının səsi yazılmış qrammafon valları və maqnitofon lentlərinin səsləndirilməsi;

  7. Müəllim və ya yaxşı oxuyan şagird tərəfindən bədii parçaların ifadəli oxunması;

  8. Dərslikdəki ədəbi parçalarda orfoepik normalara uyğun işlənmiş sözlərin seçilməsi (Quşlar, neçin gedirsiz? Bəlkə də seyr edirsiz?);

  9. Müəllim tərəfindən verilmiş sözlərin tələffüz qaydasının şagirdlər tərəfindən yazılması;

  10. Şagirdlərə əşya şəkilləri (pomidor, qanad, qarpız, 4, 7, 8, 9 rəqəmi, lampa, zənbil, sünbül, kitab, çəkic, ulduz, corab və s.) verib, adlarını yazmağı tələb etmək;

  11. Müəllimin kitab tələffüzü ilə oxusuna düzəlişin verilməsi;

  12. Sözlərin fonetik, qrammatik və leksik təhlilinin keçirilməsi;

  13. Ədəbi tələffüzə dair maqnitofon yazısının səslənməsi ilə nöqsanlı tələffüzə əsasən yazılmış mətnin səslənməsinin müqayisə edilməsi;

  14. Radio və televiziyada uşaqlar üçün verilişlər dinlədikdən sonra ədəbi tələffüz baxımından təhlil edilməsi;

  15. Dialekt nitqində orfoepik normalara uyğun gələn halların (məsələn, atdar, odunnuq, qarrı, sənnən) tapılması;

  16. Ədəbi parçaların orfoepik normalara uyğun oxunması (Ayrılarmı könül cannan, Azərbaycan, Azərbaycan!);

  17. Orfoepik normaların gözlənilməsi baxımından zəngin mətnin şagirdlər tərəfindən tapılması;

  18. Orfoepiya üzrə kommentarili yazıların yazılması.

Orfoepiya üzrə iş Azərbaycan dili tədrisinin bütün sahələri ilə üzvi əlaqədə aparılmalıdır.

Yüklə 50,67 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə