Ədəbi tələffüz üzrə işin təşkili Lüğət üzrə işin təşkili



Yüklə 50,67 Kb.
səhifə3/3
tarix10.01.2023
ölçüsü50,67 Kb.
#98406
növüMühazirə
1   2   3
adtm 2Mühazirə 29 2b2aa710874b32ebb6574ae7fd937cba

29.3 Lüğət üzrə işin təşkili.
Lüğət üzrə işin vəzifələri. Lüğət üzrə iş nitq inkişafı üzrə iş sistemində mərkəzi yer tutur. Lüğət işi dedikdə, şagirdlərin lüğət ehtiyatının xüsusiyyətlərinin öyrənilməsi, zənginləşdirilməsi, dəqiqləşdirilməsi, təmizliyi, fəallaşdırılması məsələləri nəzərdə tutulur.
Bir çox hallarda şagirdlərin nitq mədəniyyəti dilimizin leksik zənginliklərinə onların necə yiyələnmələrindən, şəxsi lüğət ehtiyatının həcmindən və keyfiyyətindən asılı olur.
Dilin elə bir sahəsi yoxdur ki, sözlə bağlı olmasın. Söz üzərində işi düzgün və səmərəli təşkil etmək üçün onun xarakteristikasını bilmək lazımdır. Sözün səslərdən ibarət olması onu fonetika ilə; varlığın hər hansı hadisəsini, əşyasını adlandırması, başqa sözlə, müəyyən məna kəsb etməsi onu leksika ilə; müəyyən qrammatik formada olması onu qrammatika ilə əlaqələndirir.
Sözün ən mühüm xüsusiyyətlərindən biri onun leksik və qrammatik mənasının vəhdətdə olmasıdır. Sözün dildən kənardakı reallığı ifadə etmək qabiliyyəti onun leksik mənası adlanır. Sözün mahiyyəti səs obrazının və onda möhkəmlənmiş məzmunun vəhdəti kimi başa düşülməlidir. Sözün məzmununun (anlayışının) mənimsənilməsi mühüm məsələdir.
Ünsiyyət prosesində sözün leksik mənası saxlanmaqla müxtəlif şəkillərə salınır (hər cür konkretlikdən məhrum olan ümumiləşmiş məna kəsb edir, başqa sözlə, hallanır, kəmiyyətə, şəxsə, zamana görə dəyişir).
Söz ehtiyatı zəngin olan, hər bir sözün mənasını bilən və onlardan yerli-yerində, dəqiq istifadə etməyi bacaran adamın nitqi aydın, cazibədar və təsirli olur. Belə adamların nitqində söz çox elastik olmaqla sehirli bir aləm yaradır.
Şagirdlərin lüğət ehtiyatının xüsusiyyətləri. Məktəbdə lüğət üzrə işi normal təşkil etmək üçün ilk növbədə şagirdlərin lüğət ehtiyatının xüsusiyyətlərini öyrənmək, məktəbə yenicə gəlmiş uşaqların bu sahədəki nöqsanlarını və onların başvermə səbəblərini aşkara çıxarmaq lazımdır. Bu fikir L.S.Vıqotskinin konsepsiyasına tamamilə uyğun gəlir: “Uşaqdan nə tələb etmək lazım olduğunu bilmək üçün onun nəyi bacardığını bilmək lazımdir”.
Kiçikyaşlı məktəblilərin nitqi öyrənildikdə məlum olur ki, onların hər birinin öz lüğət ehtiyatı, öz təsəvvürü, aləmi var. Ona görə də müəllim bu və ya digər sözün hər bir uşaq tərəfindən işlədilmə xüsusiyyətini aşkara çıxarmağa çalışmalıdır. Bu zaman o, həmin şagirdlərlə nə kimi lüğət işi aparacağını müəyyənləşdirə bilər. Yalnız belə öyrənmə nəticəsində ayrı-ayrı siniflər üçün təxmini də olsa, lüğət minimum hazırlamaq mümkündür.
Uşağın öz fikrini ifadə etmək üçün işlətdiyi sözlər onun fəal lüğətinin həcmini göstərir. Fəal lüğət ilk növbədə şagirdlərin nitqdə işlətdikləri məişət lüğəti, hamı tərəfindən işlənən sözlər təşkil etdiyi halda, qeyri-fəal lüğətə onların mənasını başa düşdükləri, lakin nitqdə çox işlətmədikləri sözlər, o cümlədən arxaizmlər, neologizmlər, peşə terminləri, dialektizmlər və s. daxil olur. Fəal lüğətə daxil olan sözləri şagird istədiyi vaxt kommunikativ məqsədlər üçün səfərbər edir. Qeyri-fəal lüğətə daxil olan sözləri isə eşitdikdə, oxuduqda tez yada salır. Ona görə də həmin sözlər fəal lüğət ehtiyatı üçün mənbə rolunu oynayır.
Şagirdlərin lüğət ehtiyatının həcmi onların ümumi hazırlığından, məşğələnin dairəsindən, gündəlik nitq praktikasının forma və məzmunundan asılıdır.
Şagirdlərin lüğət ehtiyatının zənginliyini yalnız onların nitqindəki sözlərin sayı ilə müəyyənləşdirmək olmaz. Həmin sözlərin mənasının şagirdlər tərəfindən necə başa düşülməsi, sözlərin məna çalarlarından nitq praktikasında necə istifadə olunması da nəzərə alınmalıdır.
İbtidai siniflərdə şagirdlərin lüğətinin mühüm xüsusiyyətlərindən biri ümumiləşdirmə ilə təsnifetmə arasındakı fərqdir. Hər bir söz ümumiləşdirici rola malik olduğundan onda çoxlu müşahidələr, təcrübələr, müqayisələr özünü göstərir. Söz ümumiləşdirici siqnal olmaqla uşağa onun üçün yeni əşyalardan həmin keyfiyyəti və onun variantını görməyə imkan verir. Şagird şəffaf sözünün mənasını suya əsasən öyrənir, sonra onu şüşəyə, buza və başqa əşyalara aid edir. Dərketmə fəaliyyətinin obyekti konkret əşya deyil, onu ifadə edən söz olduqda onlar müqayisə, tutuşdurma, ümumiləşdirmə, qruplaşdırma apara bilmirlər. Şagirdlər, adətən cins və növ anlayışlarını fərqləndirməkdə çətinlik çəkirlər. Onlar üçün ağac-ağcaqayın, çiçəkbənövşə, vəhşi-pələng, paltar-papaq, mebel-şkaf bərabərhəcmli sözlərdir. Bəzən onlar vəhşi quşlar-ev quşları, meyvə-tərəvəz kimi cinsləri də qarışdırırlar. Həşərat, giləmeyvə, tərəvəz, yırtıcı sözlərini nitqlərində işlətdikləri halda, onların həcminini və məzmununu başa düşmürlər.
Şagirdlərin nitqindəki leksik nöqsanlar. İbtidai sinif şagirdlərinin nitqindəki leksik nöqsanları üç qrupa ayırmaq olar: 1)leksik-semantik; 2)leksik-qrammatik; 3) leksik üslubi.
1. Leksik-semantik nöqsanlar:

  • sözü başa düşməmək;

  • sözün mənasını genişləndirmək (traktor, buldozer, kombayn və ekskavatoru traktor adlandırmaq);

  • sözün mənasını daraltmaq (vəhşi heyvanlar adı altında yalnız yırtıcıları nəzərdə tutmaq);

  • sözü həmin kontekstə uyğun gəlməyən mənada işlətmək (üç dənə adam);

  • sözün çoxmənalılığını başa düşməmək;

  • omonim mənanı başa düşməmək;

  • paronimləri qarışdırmaq (mətin-mətn, əsir-əsr, həyət-həyat);

  • tavtoloji nöqsanlar;

  • yaxınmənalı anlayışları qarışdırmaq (kürək-bel, dirrik-bostan, dairə-çevrə, dibçəkgüldan);

  • həm səslənməsinə, həm də mənasına görə yaxın sözləri qarışdırmaq (vərəqə-vərəq, hərəkət-hərəkat);

  • cinslə növü qarışdırmaq (bülbül-quş);

  • dilimizdə müvafiq qarşılığı olduğuna baxmayaraq, rus sözləri işlətmək (şofer, ostanovka, ruçka);

  • kobud, qeyri-ədəbi sözlər, jarqonlar işlətmək (qaçdı-əvəzinə qaza basdı, vızdı, cırdı, əkildi).

2. Leksik-qrammatik nöqsanlar:

  • bir nitq hissəsinin başqası ilə qarışdırılması (gözəl sifətinin təsiri ilə gözəllik isminin və gözəlləşir feilinin sifət hesab edilməsi);

  • ədəbi dildə qəbul olunmamış formanın işlənməsi (tezinnən, tezdənnən, hər kəsən);

  • yanaşma, idarə və uzlaşma əlaqələrinin pozulması.

3. Leksik-üslubi nöqsanlar:

  • danışıq üslubundan rəsmi-işgüzar üslub kimi istifadə edilməsi;

  • söz birləşmələri və cümlələrdə fikrin düzgün idarə olunmaması (yarım çörək əvəzinə yarım dənə çörək);

  • ifadə vasitələrinin (üslubi məcazların) düzgün seçilməməsi;

  • leksik-məntiqi nöqsanlar (dünyanın qlobusu, qoyun çobanı);

  • sözün bir işlənmə dairəsindən digərinə keçirilməsi (arxalıq əvəzinə plaş, muzdur əvəzinə nökər).

Doğrudur, bəzi nöqsanları bir növdə sabitləşdirmək mümkün olmur: məsələn, qondarma sözyaradıcılığı bir halda leksik-semantik, digər halda isə leksik-qrammatik nöqsan hesab edilməlidir. Sinonimlərin düzgün seçilməməsi və kontekstdə düzgün işlənməməsi bəzən leksik-semantik (məsələn, gözəl-qəşəng), bəzən isə leksik-üslubi nöqsanlara yol açır.
Şagirdlərin lüğət ehtiyatlarının zənginləşdirilməsi.
Uşaq məktəbə gələnədək təlim əməyi ilə məşğul olmaq üçün kifayət qədər söz ehtiyatına yiyələnməlidir. Təəssüf ki, müşahidələr bunun heç də həmişə belə olduğunu təsdiq etmir. Bu isə təlim prosesini çətinləşdirir. Bəzən nəinki təlim prosesi, hətta müəllimlə şagird arasında anlaşma da baş tutmur. Ona görə də uşaqlar məktəbə gələndən sonra müəllim ilk növbədə onların lüğətinin xüsusiyyətlərini, yol verilən nöqsanları, həmin nöqsanların başvermə səbəblərini diqqətlə öyrənməli, nələrin hesabına və necə zənginləşdirilməsi yollarını müəyyənləşdirməlidir.
Lüğət ehtiyatının zənginləşdirilməsi dedikdə, şagirdlərin söz ehtiyatının mənası onlara məlum olmayan, yeni sözlərin mənimsədilməsi hesabına artırılması nəzərdə tutulur. Sözün ictimaiyyət tərəfindən işlənən, artıq şifahi nitqdə möhkəmlənmiş dairəsinin (anlayışların məzmununun) uşaqlar tərəfindən mənimsənilməsi lüğət işinin mərkəzi həlqəsini təşkil edir.
Dilin lüğət tərkibi əsas və əlavə olmaqla iki hissədən ibarətdir. Əsas lüğət fondu onun maddi hissəsidir. Onun özəyini söz kökləri təşkil edir. Şagirdin fəal lüğət ehtiyatı hamı tərəfindən anlaşılan bu sözlər hesabına zənginləşir. Şagirdin həmin sözlərdən necə istifadə etməsindən asılı olaraq onun nitqi zənginləşir. Fəal lüğətə gündəlik həyatda, məişətdə işlənən sözlər, ailədə, uşağı əhatə edən mikromühitdəki sözlər daxil olur. Onlarsız fəal ünsiyyətə qoşulmaq, təhsil almaq olmaz.
Şagirdin danışığında müntəzəm istifadə etdiyi sözlərdən əlavə mənasını bildiyi, lakin nitqində işlətmədiyi sözlər də var. Belə sözlər onun qeyri-fəal lüğətini təşkil edir. Qeyri-fəal lüğətdəki sözlərin sayı fəal lüğətdəkindən çox olur. Şagird danışarkən bəzən onları yada sala bilməsə də, işlətməsə də başqasından eşitdikdə mənasını başa düşür. Qeyri-fəal lüğətə daxil olan sözlərin bir qismini şagird eşidib yadda saxlayırsa da, mənalarını bilmir. Yaşı, biliyi, təcrübəsi artdıqca həmin sözlərin mənalarını bilir və onları nitqində işlədir. Beləliklə, fəal lüğət qeyri-fəal lüğətin hesabına zənginləşir.
Şagirdlərin lüğət ehtiyatının zənginləşdirilməsinin mənbələri müxtəlifdir: onların oyun və əyləncələri, ailə həyatı, küçə, ictimai yerlər, məktəb, canlı və cansız təbiətdəki əşya və hadisələr, insanların məişət və əməyi və s.
Təlim prosesində şagirdlərin lüğət ehtiyatı, əsasən, oxu və Azərbaycan dili dərslərində zənginləşir. Oxu dərslərində çoxlu yeni, arxaik söz və ifadələr şagirdlərin lüğətinə daxil olur. Azərbaycan dili dərslərində isə isim, sifət, feil və başqa nitq hissələri ilə əlaqədar rəngarəng leksik çalışmalar təşkil edilir. Tədqiqatlar göstərir ki, şagirdlərin lüğət ehtiyatındakı sözlərin 50 faizdən artığı isim, 28 faizə qədəri feil, 10-12 faizi sifətdir. Nitqin canlılığını, obrazlılığını, ifadəliliyini təmin etmək üçün müəllim sifətdən daha çox istifadə olunmasına diqqət yetirməlidir.
Lüğət üzrə işi sistemlə və məzmunlu təşkil etmək üçün üzərində işin aparılacağı sözü düzgün seçmək vacibdir. Bunun üçün müəllim şagirdlərin lüğət ehtiyatına bələd olmalı, mövzu ilə əlaqədar onların lüğətinə daxil edilməli, yeni sözləri müəyyənləşdirməlidir.
Fikri dəqiq ifadə etmək üçün söz seçmək o qədər də asan məsələ deyil. Bunun üçün şagird bir çox hallarda düşünür, söz tapa bilmir. Bu, bir tərəfdən onun lüğət ehtiyatının kasıblığı ilə izah olunursa, digər tərəfdən qeyri-fəal lüğətdəki müvafiq sözün mənasını bilməməklə, onu fəal lüğətə, daxili nitqdən xarici nitqə köçürməyi bacarmamaqla, nəhayət, fəal lüğətdəki sözlərdən hansının daha münasib olduğunu bilməməklə bağlıdır.
Adətən, şagirdlər vəfa, arzu, dilək, düşüncə, hiss, iftixar, həsrət, xəyal, fərəh kimi sözlərin mənasını ya başa düşmür, ya da onları düzgün olmayan təsəvvürlərə birləşdirirlər.
Hazırda uşağın nitqinə ətrafdakı fəal nitq mühiti, qəzet, radio, televiziyanın təsiri ilə çoxlu yeni sözlər daxil olur. Mənasını başa düşmədiyi bu sözlərdən uşaq yerli-yersiz istifadə edir. Bir müddət yarışüuri, hətta şüursuz işlətdiyi həmin sözlərin mənası onun həyat təcrübəsi, biliyi artdıqca dəqiqləşir, dolğunlaşır.
Şagirdlərin lüğətinin dəqiqləşdirilməsi. Nitqin dəqiqliyi düzgün təfəkkürün əsas xüsusiyyətlərindən biri olmaqla fikri daha müvafiq sözlə ifadə etmək bacarığından asılıdır.
Hər hansı əşya və hadisə haqqında düzgün mühakimə yürütmək üçün fikir dəqiq olmalıdır. Əgər təfəkkürün belə bir xassəsi olmazsa, o hər cür mənasını itirə bilər və ətraf aləmi dərketmə silahı vəzifəsini daşımaz. İnsanlar öz fikirlərini qeyri-müəyyən, dumanlı ifadə etməklə bir-birini başa düşməzlər.
Nitqin dəqiqliyini inkişaf etdirməyin əsasını şagirdlərin fəal lüğətində söz ehtiyatının çoxluğu, bu sözlərin mənasının başa düşülməsi və fikrin ifadəliliyini artırmaq üçün dəqiq dil vasitələri seçə bilmək bacarığı təşkil edir.
Dilimizdə bir sıra sözlər öz ilk mənalarından əlavə həmin məna ilə bağlı olan başqa mənalara da malikdir. Dilin bu hadisəsi polisemiya (çoxmənalılıq) adlanır. Çoxmənalı sözlərdə məcazi məna konkret əşya, hadisə, proses deyil, onların əlamətlərinin tutuşdurulmasına əsaslandığından bir əşyanın xassəsi digərinə köçürülür. Şagirdlər ilk növbədə sözü müstəqil mənada başa düşürlər. Söz sadə nominativ mənaya malik olmayanda, keçici məna daşıyanda şagird üçün anlaşılmaz olur. Çoxmənalı sözlər bir sözün sonrakı inkişafının nəticəsi olmaqla dilimizin üslubi ehtiyatını artıran, onu zənginləşdirən, ifadəli edən, ona rəngarənglik və gözəllik gətirən ən mühüm mənbələrdən biridir. Çoxmənalı sözlərin bütün məna çalarlığı eyni hüquqa malik deyil. Bu mənalardan biri həmin sözün törəmə, məcazi mənasıdır. Yer sözü planet, vətən, sahə, torpaq, həcm, oturacaq, dərəcə mənalarında işlənir.
Çoxmənalı sözlərin üzərində iş aparılarkən çalışmaq lazımdır ki, uşaqlar yeni mənanı məlum kimi qavramasınlar, sözü öz əsas mənasında işlətməsinlər. Bununla əlaqədar ilk çalışmalar sözün çoxmənalılığı üzərində müşahidələrə həsr olunmalıdır.
İbtidai siniflərdə şagirdlər omonimləri çoxmənalı sözlərlə qarışdırırlar. Təcrübə göstərir ki, omonimlər haqqında təsəvvürü praktik yolla yaratmaq mümkündür. II sinifdən etibarən mətndən omonim sözlərin seçilməsi və mənalarının izah edilməsi üzrə iş aparmaq olar. Onlar mətndən tərkibində omonim sözlərin olduğu birləşmələri (qaz şəkli çəkmək-otağa qaz çəkmək; yer tutmaq-kələmi duza tutmaq, casusu tutmaq və s.) müqayisə edir, müəllimin köməyi ilə mənalarını aydınlaşdırırlar.
Dilin sinonim vasitələrini mənimsəmədən onun leksik zənginliyini təmin etmək çətindir. Bunun üçün sinonimlərin məna çalarlılığı və üslubi xassələrini bilmək lazımdır. Sinonimlər nitqin daha aydın, dəqiq, rəngarəng, obrazlı olmasını təmin edir, eyni sözün təkrarlanmaması üçün şərait yaradır, şagirdlərin əqli qabiliyyətini və nitqini zənginləşdirir, eyni əşya və hadisə haqqında fikri müxtəlif şəkildə ifadə etmək imkanı verir. Siniflər üzrə iş apararkən müəllim onların yaranma mənbələrini nəzərə almalıdır. Yaxşı olar ki, əvvəlcə əsl Azərbaycan sözlərindən (kiçik-balaca, iri-yekə, qoçaq-igid, qanmaq-başa düşmək və s.), sonra Azərbaycan sözləri ilə alınma sözlərin (ürək-qəlb, təmiz-saf, igid-cəsur, dəniz-dərya və s.), daha sonra yalnız alınma sözlərdən ibarət (eynək-çeşmək, səcdə-sitayiş və s.) sinonimlər üzrə iş aparsın.
Lüğət ehtiyatının zənginləşdirilməsində antonimlər də mühüm rol oynayır. Antonimlər əks mənalı, lakin bir-biri ilə münasibətdə olan sözlər olmaqla zidd hadisələri qarşı-qarşıya qoymağa, tutuşdurmağa, bununla da nitqin ifadəliliyini artırmağa xidmət edir.
Antonimlərin üzrə işə eyniköklü antonimlərdən başlamaq məsləhət görülür. Belə sözlərdə əkslik şəkilçilərin köməyi ilə yaranır: ağıllı-ağılsız, duzlu-duzsuz və s. Şagirdlər antonimlər arasındakı bu cür fərqi tez mənimsəyirlər.
Antonimlər əsasında qurulmuş atalar sözləri və məsəllər müşahidə üçün daha əlverişlidir: “Ana bala ucadan canını oda yaxar”, “Hər gecənin bir gündüzü var”, “Çox istəyən azdan da olar”, “Toxun acdan xəbəri olmaz”, “Nə əkərsən onu da biç ərsən”, “Dost yüz olsa azdır, düşmən bir olsa çoxdur”, “Qurunun oduna yaş da yanar”, “Qocanın biliyi, cavanın biləyi” və s. Bir cümlə daxilində antonimlərin işləndiyi belə misallar maraqlı olmaqla, oxu materialı ilə dilin tədrisi arasında əlaqə yaradır. Antonimlərin hansı nitq hissəsi olduğunu araşdırmaq qrammatik məlumatın möhkəmlənməsinə xidmət edir.
Lüğətin dəqiqləşdirilməsində sözün mənasının izahı mühüm əhəmiyyət kəsb edir. Sözün mənasını aça bilməmək, onun qəlbinə baxmağı bacarmamaq nitq inkişafı sahəsində başlıca nöqsandır.
Bəzən müəllimlər lüğət üzrə işi birtərəfli aparırlar. Onlar sözün mənasını izah etməklə kifayətlənir, məzmunun obrazlı mənumsənilməsi qaydasına qalmırlar. Ona görə də şagirdlər çox vaxt müəllifin əhvali-ruhiyyəsinə laqeyd yanaşır, sözün emosional üslubi rənginə əhəmiyyət vermirlər. Onlar eyni fikri bir neçə cür ifadə etməkdə çətinlik çəkirlər.
Yüklə 50,67 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə