Ədəbiyyat, sənət və fikir dərgisi


OZAN  DÜNYASI                                                                № 3(6), 2011



Yüklə 5,1 Kb.
Pdf görüntüsü
səhifə14/32
tarix21.03.2018
ölçüsü5,1 Kb.
#32692
1   ...   10   11   12   13   14   15   16   17   ...   32

 OZAN  DÜNYASI                                                                № 3(6), 2011 
 
52 
O,  doğrudan  da  el  aşığı  idi!  Sazı-sözü  ilə  elin  sevincinə  sevinir, 
kədərinə  ağlayırdı.  Böyük  ustad  öz  şeirlərində  və  çıxışlarında  aşıqları 
böyük saz-söz sənəti ilə elin arxasında, elin yanında olmağa çağırırdı. 
Sazdan  əvvəl  balabanda,  zurnada,  tütəkdə  əksər  aşıq  havalarını,  el 
havalarını məharətlə ifa edən Aşıq Əkbər böyük ustad Mikayıl Azaflı və 
Yusif  Yusifovun  təkidi  ilə  cavanlığından  sırf  aşıqlığa  keçərək,  könlünü 
həmişəlik  saza-sözə  bağlayır.  Allah  bu  böyük  sənətkarlara  da  rəhmət 
etsin  ki,  uzun  illər  təkcə  xalqımızın  deyil,  Aşıq  Əkbəri  dinləyən  bütün 
insanların  bu  büllur  səsin  sehrinə  düşməsinə,  saz-söz  sənətində  Əkbər 
adlı  bir  zirvənin  yaranmasına  təkan  vermişlər.  Aşıq  Mikayıl  Azaflı 
deyərmiş ki, “Aşıq Əsədlə Aşıq Mirzədən sonra Əkbərlə İmran bu sənətə 
gəlməsəydi,  aşıqlıq  cılızlar  və  ilhamı  sönüklər  tərəfindən  tamam  məhv 
edilərdi”.  Bu, böyük ustad tərəfindən  aşıq  Əkbərə  verilən böyük qiymət 
idi.  
 
Əkbər, sazı yaşatmağa, 
Yatanları oyatmağa, 
Bu sənəti ucaltmağa
Can qoymusan, bilir ellər.  
 
Bu səs təkcə Azərbaycan xalqını deyil, onun hüdudlarından kənarda 
bu  səsi  eşidən  hər  kəsi  sehrləyirdi.  Aşıqlar  adətən  zil,  orta  və  bəm 
köklərdən  birində  oxuya  bilirlər.  Aşıq  Əkbər  isə  hər  üç  kökdə  böyük 
ustalıq və məharətlə oxuya bilirdi. El ona “Zilxan” təxəllüsünü boş yerə 
verməmişdi.  Nadir  qabiliyyətə  malik  olduğunu  özü  də  bilirdi  və  bir 
şeirində bunu belə dilə gətirmişdi:  
 
Görən mənim kimi zil kökün üstə, 
“Misri”ni oxuyub çalan olarmı?  
 
Gözəl saz çalmaq, dastanlar söyləməklə yanaşı, (yeri gəlmişkən, o 
həm də “Leyli və Məftun” dastanının müəllifidir) Aşıq Əkbər öz şeirləri 
ilə  də  ad-san  qazandı.  O,  gəraylı,  qoşma,  təcnis,  cığalı  təcnis, 
dodaqdəyməz  təcnis  və  divanilərində  insanı  zəhmətə,  haqqa,  ədalətə, 
halallığa, zəkaya, hünərə, birliyə, vətənə və torpağa sevgiyə səsləmişdir.  
Əkbərin  əsas  özəlliklərindən  biri  də  ondan  ibarət  idi  ki,  aşıq 
musiqisi  ilə  yanaşı,  muğam  və  təsniflərimizi  də    gözəl  ifa  edirdi. 
Oxuduğu “Heyratı”, “Mənsuriyyə”, “Dilkeş”, “Zabul segah”ı ilə hər kəsi 
heyrətləndirərdi.  Bənzərsiz  improvizə  istedadına  malik  olan  aşığın 
ifasında  xalq  musiqisi  olan  sazla  mürəkkəb  quruluşlu  muğam  kimi 


 OZAN  DÜNYASI                                                                № 3(6), 2011 
 
53 
professional musiqi bir-birinə elə calanır, bir-birinin içində elə əriyirdi ki, 
sanki  başdan-binadan  bir  vəhdətdəydi.  Ümumiyyətlə,  o,  Tovuz  aşıqları 
içərisində  muğam  və  təsnifləri  olduqca  gözəl  ifa  edən  yeganə  şəxs  idi. 
Təsadüfi  deyil  ki,  böyük  ustadlarımız  onun  sənətinə  həmişə  yüksək 
qiymət vermişlər.  
Bu görkəmli sənətkarın adı ilə yanaşı çəkilməyə layiq olan ən gözəl 
sözlərdən  biri  zəhmətdir.  Gecə-gündüz  yorulmadan  öyrənməyə,  öz 
üzərində  daim  işləməyə  böyük  önəm  verən  ustad  insanı  zəhmətin 
ucaltdığını öz şeirlərində daim vurğulamaqla, özünün də Əkbər zirvəsinə 
çox böyük zəhmət hesabına ucaldığını qeyd edib:  
 
Sənətdə yer tutmaq üçün,  
Ustadlığa çatmaq üçün, 
Ürəklərə yatmaq üçün, 
Zəhmət çəkib, tər tökürəm
Hələ ki, mən yol gedirəm.  
 
Əkbərin  bir  çox  aşıqların  yetişməsində,  ümumiyyətlə,  aşıq 
sənətinin, sazın-sözün ölkəmizdə və onun hüdudlarından kənarda yüksək 
səviyyədə  tanınması  və  təmsil  olunmasında  böyük  əməyi  olmuşdur.  O, 
gözəl  bir  müəllim  kimi  neçə-neçə  şagirdlər  yetişdirmişdir.  Paxıllıq, 
qısqanclıq  nədir,  bilməzdi.  İstedadlı  gənc  aşıqların  uğurlarına  sevinib, 
daim onlara dəstək olub bu böyük ustad! 
Aşıq Əkbər vətənə, millətə, torpağa çox bağlı bir insan idi. “Vətən 
deyib  dil-dil  ötən,  gümüş  telli  bir  sazım  var”,  –  deyən  ustadın 
yaradıcılığında  vətənə  məhəbbət,  torpağa  bağlılıq,  millətə  sədaqət  ön 
planda olub.  
 
Canımdan əzizdir Vətən torpağı, 
“Bu dünya durduqca o da var olsun”.  
Günəş gülsün bu torpağın üzünə, 
Həmişə gül açan ilk bahar olsun. 
 
Tarixi  ata-baba  torpaqlarımız  olan  indiki  Ermənistan  ərazisindən 
soydaşlarımızın zorla qovulub didərgin salınması Azərbaycanın ayrılmaz 
parçası  olan  Qarabağa,  Aşıq  Əkbərin  doğulub  boya-başa  çatdığı  Tovuz 
rayonu  da  daxil  olmaqla  ölkəmizin  bir  çox  sərhəd  bölgələrinə  qarı 
düşmənin hücumları onu çox narahat edir, ağrıdırdı. O, sazını və sözünü 
silaha çevirib düşmənlə savaşırdı. Həm səngərlərdə torpağımızı qoruyan 


 OZAN  DÜNYASI                                                                № 3(6), 2011 
 
54 
könüllü  müdafiə  dəstələri  qarşısındakı  çıxışlarla,  həm  də  vətən,  torpaq 
hayqıran şeirləri ilə...  
 
Naxışları ilmə-ilmə toxunan, 
Yurdumuzun xalçasıdı Qarabağ.  
 
-  deyən  aşıq  Qarabağ  dərdinə  dözə  bilmədi.  1990-cı  il  avqustun  24-də 
ürəyi dayandı və əbədiyyətə qovuşdu. İmanında kamil, sevgisində bütöv 
olan,  milləti  və  vətəni  üçün  yorulmadan  çalışan,  ömrü  boyu  yaxşı 
əməllərə can atan insanların  yeri Cənnətdir və böyük ustad Aşıq  Əkbər 
də  cənnətməkanlar  sırasındadır.  O,  bir  insan  kimi  mərd,  təmiz  ürəkli, 
təvazökar,  xeyirxah  idi  və  müsbət  insani  keyfiyyətlərin  hamısı  onda 
cəmlənmişdi.  İnsani  dəyərə  xüsusi  önəm  verər,  insanları  gözəl  əməllərə 
səsləyərdi:  
 
Allahın, bəndənin, haqqın gözündə,  
Təmiz ürək bir sərvətdi, əzizim.  
İstər varlı, istər kasıb sözündə, 
Mərdin adı elə mərddi, əzizim.  
 
O,  xalqın  tükənməz  sevgi  və  rəğbətini  qazanmış  gözəl  insan  və 
ustad  aşıq  idi.  Dünyadan  köçməsindən  20  ilə  yaxın  vaxt  keçməsinə 
baxmayaraq,  ona  qarşı  sevgi  azalmır.  O,  bir  zirvədir  və  ondan 
uzaqlaşdıqca böyüklüyünü daha çox hiss edirik. O, saz-söz sənəti tarixinə 
qızıl hərflərlə yazılmış bir sənətkardır.  
Böyük  ustad!  Səni  bu  dünyada  görməsələr  də,  yeni  aşıqlığa 
başlayan  gənclərin  bir  çoxu  sənin  ifaçılıq  yolunu  seçir,  sənə  oxşamağa 
çalışırlar.  Sənsiz,  sənin  bir  məktəbin  formalaşıb:  Aşıq  Əkbər  məktəbi... 
Çoxlu davamçıların var. Nə qədər Azərbaycan və azərbaycanlılar var, sən 
həmişə  bizimləsən!  Nə  qədər  böyük  türk  milləti  var,  nə  qədər  saz-söz 
sənəti yaşayır, sən də yaşayacaqsan! Necə ki, özün demişdin:                
   
Gələcəyi fikirləşən, uzaqgörən insanın,  
Vətən üçün gecə-gündüz sinə gərən insanın,  
Əkbər, vətən, xalq yolunsa canın verən insanın,  
Özü köçsə bu dünyadan, adı qalar – deyərlər.  
 


Yüklə 5,1 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə