Ədəbiyyat, sənət və fikir dərgisi


OZAN  DÜNYASI                                                                № 3(6), 2011



Yüklə 5,1 Kb.
Pdf görüntüsü
səhifə32/32
tarix21.03.2018
ölçüsü5,1 Kb.
#32692
1   ...   24   25   26   27   28   29   30   31   32

 OZAN  DÜNYASI                                                                № 3(6), 2011 
 
108 
Öpmək məndə, qucmaq məndə, üz məndə,  
Gəl alma qızımı, sarıdır, sarı.  
 
Aldı qız:  
Matəm yerdə söhbət olmaz, saz olmaz,  
Bir gülünən bahar olmaz, yaz olmaz.  
Günü keçmiş qarı gəlib qız olmaz, 
Gəl alma anamı, qarıdır, qarı.  
 
Qurbani bunları aldatdı ki:  
- Mən gələndə həyətinizdə bir ağ daş görmüşəm. Onu mənə kim tez 
gətirsə onunla yatacağam.  
Bu  sözü  eşidən  kimi  qarı  ilə  qızı  bir-birinə  toxuna-toxuna  bayıra 
çıxdılar. Qurbani isə qapını arxadan bağlayıb, özü tək o gecə orada qaldı, 
sabah açılan kimi qapını açıb onlardan soruşdu:  
- Bu şəhərdə sazbənd yoxdumu, mən orada sazımı düzəldəm?  
Qurbani  bilirdi  ki,  saz  qayıranlar  aşıqlara  yaxın  olur  və  bunun 
vasitəsilə  Pəri  xanımın  yerini  bilmək  olar.  Bunlar  sazbəndin  evini 
göstərdilər. Qurbani ora getdi, sazbənddən soruşdu:  
Usta, sizin yerdən gözəl qız sevdim,  
Cəm gözəllər onun səbəbkarıdı.  
Alma yanaqlıdı, laçın caynaqlı, 
Şirin can şikarı, şirin sözlüdü.  
 
Sazbənd dedi:  
- Bəlkə, belə gözəl qız səni sevmədi?  
Aldı Qurbani:  
Canan bilsə gəldiyimi can eylər, 
Canımı canına ərmağan eylər.  
Qəzəbkardı qəmzələri, qan eylər, 
Mələklər şahidi, sitəmkarıdı.  
 
Qurbani belə deyəndə sazbənd dedi:  
- O gözəlin adı nədi?  
Aldı Qurbani:  
 
Alagözlü Pərim zülfü şeydadır, 
Quranda oxunan əlif, beydadır.  
Desələr: Qurbani, bu nə sevdadır, 
Alagöz Pərimin yadigarıdı.  


 OZAN  DÜNYASI                                                                № 3(6), 2011 
 
109 
 
Sazbənd dedi ki:  
- Oğlan, bəlkə Abdulla xanın bacısı qızı Pəri xanımı deyirsən?   
Qurbani dedi:  
- Bəli, onu deyirəm.  
Sazbənd dedi:  
- Sən onda gecikmisən. Qızı üç gündən sonra verirlər Qara Vəzirin 
oğluna.  
Qurbani soruşdu:  
- Pəri xanım bu saat harada olar?   
Sazbənd dedi:  
- Bir saat bundan qabaq qırx nəfər qızla hamama getdilər.  
Bu xəbərdən sonra Qurbani getdi, hamamın elə bir yerində gizləndi 
ki,  hamamdan çıxan adam  Qurbanini görə bilməzdi,  amma Qurbani  hər 
kəs hamamdan çıxsa idi görə bilərdi. Qurbani burda bir az gizləndikdən 
sonra gördü ki, yuxuda gördüyü qız telin darıya-darıya hamamdan çıxır. 
Bu zaman Qurbani cuşa gəlib ona belə dedi:  
 
Sallana-sallana çıxdı hamamdan,  
Asta yeri gözəl sənə göz dəyər.  
Seryağublar tənə-tənə sözləri,  
Yayın bədnəzərdən sənə göz dəyər.  
 
Bu  sözü  eşitdikdə  Pəri  xanım  başını  salıb  aşağı  tez-tez  getməkdə 
oldu. Bunun zirək getməsinə Qurbani belə dedi:  
 
Yavaş get, yavaş get kimin yarısan?  
Hansı bəxtəvərin xiridarısan?  
Kölgədə bəslənmiş quzey qarısan, 
Sabahın yelləri tez dəyər sənə.  
 
Pəri xanım bu sözləri eşidib karıxıq girdi kəcavəyə ki, baxsın görək 
bu sözləri atan kimdi? Bu zaman karıxdığından saçının bir hissəsi qaldı 
çöldə. Bunu görən Qurbani belə dedi:   
 
Qurbani der: heç kəs yarın öyməsin,  
Açılmasın çarın-çarpaz düyməsin.  
Dəstələ telini yerə dəyməsin,  
Yer elə tozlanar, toz dəyər sənə.  
 


 OZAN  DÜNYASI                                                                № 3(6), 2011 
 
110 
Qurbani adını eşitcək Pəri xanım tez başını kəcavədən çıxarıb ona 
sarı  baxdı  və  gördü  ki,  yuxuda  gördüyü  oğlan  bu  sözləri  deyir.  Pəri 
xanım düşündü ki, “görən bu Qurbani qorxmur, bu toy qabağı mənə söz 
atır?” Pəri xanım özlüyündə Qurbanidən küsən kimi oldu.  
Aldı Qurbani:  
 
Durum dolanım başına, 
Aşığından küsən dilbər!  
Ləblərini sal ağzıma, 
Qoy bir alım busan, dilbər! 
 
İtirmişəm maralımı, 
Dərd çəkməyən saralarmı?!  
Gündüz kəsən qərarımı, 
Gecə yuxum kəsən dilbər.  
 
Qurbaninin  fikrinə  gəldi  ki,  bəlkə  bu  xan  nəslindəndi  ki,  məni 
eşitmək istəmir. 
Aldı Qurbani:  
 
Qurbani özü də bəydi
Naz-qəmzən canıma dəydi.  
Nə dedim xətrinə dəydi, 
Bu mən dilbər, o sən dilbər.  
 
Qurbani Pəri xanımla görüşdü. Pəri xanım dedi:  
- Qurbani,  bu şəhərdə  mənim adımı  çəkmə! Səni öldürərlər.  Lakin 
üç gündən sonra gələrsən darvazanın ağzına, ora saman səpəcəyəm.  
Pəri  xanımla  Qurbani  ayrıldılar.  Qurbani  şəhərə  gəzərkən  Pəri 
xanımın  qardaşı  Abdulla  xan  və  Qara  Vəzir  Qurbaniyə  rast  gəldilər. 
Bunlar  dedilər  ki,  bu  aşıq  təzə  aşıqdı,  bunu  oxudaq,  əgər  yaxşı  oxusa 
uşaqların toyunu elə bu edər. Onlar Qurbanini çağırdılar yanlarına və ona 
dedilər ki:  
- Aşıq, bizim üçün bir az oxu.  
Qurbani hamamda Pəri xanımla görüşməyini bunlara belə dedi:  
 
Bu gün bir gözəlin seyrinə vardım, 
Əlində şanəsi tel kənarında.  
Həlqə-həlqə, qıvrım-qıvrım, çinbəçin,  
On dörd hörük gördüm bel kənarında.  


 OZAN  DÜNYASI                                                                № 3(6), 2011 
 
111 
 
Qapıya gəlmişəm, sayılam, sayıl, 
Haq verən paylara olaram qayıl.  
Pərimin boynunda heykəl-hamayıl, 
Ləl bazubənd düzüb qol kənarında.  
 
Qurbani der: mənim sözüm düzgündü, 
Yar əlindən yazıq canım üzgündü. 
Baxdım yarın gözü mənə süzgündü,  
Bir cüt öpüş aldım yol kənarında.  
 
Bu sözləri eşidən Qara Vəzir xənçəlini çıxarıb Qurbanini öldürmək 
istədi.  Ancaq  Abdulla  xan  işi  başa  düşüb  qoymadı.  Onlar  Qurbanini 
götürüb Quru bağa gəldilər. Bu zaman Quru bağda qırx nəfər şagirdi olan 
Aşıq Heydər Qurbaniyə sual verdi:  
- Bala, sən də şagird olmağa gəlmisən?  
Qurbani dedi:  
- Mən özüm şagird axtarıram, ona dərs deyəm.  
Bunların sözü bir-birinə xoş gəlmədiyi üçün deyişməyə başladılar.  
Aşıq Heydər dedi:  
 
Səndən xəbər alım, ay bala aşıq,  
O nədi ki, göydən haça gəlibdi?  
Yüz iyirmi dörd min peyğəmbər haqdı dünyada, 
Əfzəli içində neçə gəlibdi?  
 
Aldı Qurbani:  
 
Al cavabın deyim, ey böyük aşıq,  
O qələmdi, göydən haça gəlibdi.  
Yüz iyirmi dörd min peyğəmbər haqdı dünyada, 
Əfzəli yeddidi, neçə gəlibdi.  
 
Aldı Heydər:  
 
O kim idi ərşdə qızdırdı tası, 
O kimdi Turda qaldı əsası. 
İsmayıla gələn qoçun anası, 
Hansı ayda, gündə qoça gəlibdi?  
 


 OZAN  DÜNYASI                                                                № 3(6), 2011 
 
112 
Aldı Qurbani:  
 
Həzrət Əli ərşdə qızdırdı tası, 
Musa idi Turda qaldı əsası.  
İsmayıla gələn qoçun anası, 
Çərşənbə günündə qoça gəlibdi.  
 
Aşıq Heydərin sözü olmadı. Sazın təhvil verdi Qurbaniyə. Abdulla 
xan Qurbaninin yaxşı aşıq olduğunu görüb ona belə dedi:  
- Üç gündən sonra mənim bacım Pəri xanımın toyudu, gələrsən ora, 
toy məclisində oxuyarsan və çoxlu da məmər yığarsan.  
Hər ikisi razılaşıb ayrıldılar. Qurbani gəldi Pəri xanım olan yerə və 
üç  gün  burada  Pəri  xanımla  söhbət  elədilər.  Üçüncü  gün  Qurbani  Pəri 
xanıma dedi:  
-  Sənin  qardaşın  Abdulla  xan  məni  sənin  toyunu  eləməkçün  toy 
məclisinə çağırıb mən gedirəm ora.  
Qurbani  toy  məclisinə  getməkdə  olsun,  Pəri  xanım  öz  qulluqçusu 
Şah-Xubana dedi:  
- Get, qardaşım Abdulla xandan icazə al, mən də gedim o məclisdə 
olan yeni aşığa qulaq asım.  
Şah-Xuban Abdulla xandan icazə aldıqdan sonra Pəri xanım getdi 
toy məclisinə.  
Qurbani Pəri xanım toy məclisinə gircək ona belə dedi:  
 
İftidadə qədəm basdı məclisə,  
Ustadlar ustadı görüm handadı?  
O qızın dərd-səri çoxdu canımda, 
Göhərli sözlərim hələ kandadı.  
 
Bu  vaxt  Qara  Vəzir  Qurbanini  öldürmək  istədisə  də  camaat 
qoymadı.  
Aldı Qurbani:  
 
Həzrət Əli mənə verdi badəni, 
Canıma saldılar qovğanı, qanı.  
Qurbaninin fikri, zikri, xəyalı,  
Deyə bilməm yenə Pəri xandadır.  
 
Bu  sözləri  eşidən  kimi  Qara  Vəzir  lap  acıqlandı  və  onu  öldürmək 
istədi. Abdulla xan onu sakitləşdirib Qurbanidən soruşdu: 


 OZAN  DÜNYASI                                                                № 3(6), 2011 
 
113 
- Qurbani, açıq de görək, bu şəhərə nədən ötrü gəlmisən?  
Qurbani cavab verdi:  
- Abdulla xan, and iç ki, nəyə gəldiyimi verəcəksən, deyim.  
Abdulla xan and içdi ki: 
- Nədən ötəri gəlmisən verəcəyəm aparasan.  
Görək Qurbani nədən ötəri gəlib:  
 
Başına döndüyüm, ey Abdulla xan!  
Mətləb budu: Pərim üçün gəlmişəm.  
Namiyəm, nadanam, həm də cavanam,  
Mətləb budu: Pərim üçün gəlmişəm.  
 
Abdulla xan dedi:  
- Mənim bacımın bir gizli adı var, onu desən Pərini aparacaqsan.  
Aldı Qurbani:  
 
Əyninə geyibdi püst ilə dəri, 
Qurbani yolunda qoyub can, səri.  
Gizlini Nigardı, aşkarı Pəri, 
Mətləb budu: Pərim üçün gəlmişəm.  
 
Bu sözlərə Abdulla xan razı olsa da, Qara Vəzir razı olmadı. Qara 
Vəzir dedi:  
- Qurbanini mən özüm imtahana çəkəcəyəm.  
Məclisdəki adamlar dağılıb evlərinə gedərkən Abdulla xan düşündü 
ki,  Qurbanini  kimə  qonaq  versə  Qara  Vəzir  onu  öldürəcək,  ona  görə  də 
belə  fikrə  gəldi  ki,  onu  Qara  Vəzirin  özünə  qonaq  versin.  Qara  Vəzir 
Qurbanini qonaq saxlamaq əvəzinə onu saldı zindana, qapısına da gözətçi 
qoydu. Pəri xanım Qurbanin vəziyyətini öyrənmək üçün  Şah-Xubanı ora 
göndərdi.  Şah-Xuban  gəlib  gördü  ki,  Qurbanini  salıblar  zindana  və 
qapısında da gözətçi qoyublar. Qurbani Şah-Xubandan Pəri xanıma belə 
bir namə yazdı, göndərdi:  
 
Ay Şah-Xuban, mənim ərzi-halımı, 
Gedər olsan, nazlı yara deyərsən.  
Xəstə qaldım, yandım onun küyündə,  
Üzü dönmüş beiqrarə deyərsən.  
 
Axıb-axıb dəryalara dolmuşam,  
Saralıban gül rəngi tək solmuşam.  


 OZAN  DÜNYASI                                                                № 3(6), 2011 
 
114 
Qurbaniyəm, indi dustaq olmuşam,  
Üzü dönmüş xoş Nigara deyərsən.  
 
Məktubu  Şah-Xuban  gətirib  Pəri  xanıma  verəndə  o,  məktubu  tez 
açıb  oxudu.  Pəri  xanım  Qurbanini  qurtarmaq  üçün  bir  neçə  havla 
hazırladı,  bu  havlaların  yarısına  behuşedici  qatdı  və  Şah-Xubana  verib 
dedi:  
-  Apar  bu  behuşdarı  olmayan  havlaları  ver  Qurbaniyə,  behuşdarı 
olanları da keşikçilərə. keşikçilər yeyib bihuş olan kimi Qurbanini oradan 
çıxart, gətir mənim yanıma.  
Şah-Xuban elə də etdi.  
Sabah tezdən qara Vəzir baxıb  gördü ki,  Qurbani zindanda  yoxdu. 
Qara  Vəzir  tez  axtarmağa  başladı,  axır  gəlib  onu  Pəri  xanımın  yanında 
tapdı. Qurbani Qara Vəzirə orada belə dedi:  
 
Səni görüm, Qara Vəzir, 
Haq işini bitirməsin.  
Göydən min bir bəla gəlsə,  
Birin səndən ötürməsin.  
 
Beş barmağın bıçaq olsun!  
Gözlərinə sancaq olsun! 
Balaların qaçaq olsun! 
Qapında itin hürməsin!  
 
Qara Vəzir dedi:  
- Bunun özünə bax, Pəri xanımla bir yerdə oturmasına bax!  
Aldı Qurbani:  
 
Qurbani də çıxdı taxta, 
Qan qusasan laxta-laxta.  
Əzrayıl gələn vaxtda,  
Üstündə Quran olmasın.  
 
Qara  Vəzirin  acığı  tutub  şəhər  əhalisini  ora  topladı  və  başladı 
Qurbanini imtahan etməyə. Qara Vəzir Qurbaniyə dedi:  
-  Sənin  gözlərini  bağlayacağam,  Pəri  xanımı  da  üç  qızla  sənin 
gözünün  qabağından  keçirdəcəyəm.  Əgər  onların  içində  Pəri  xanımı 
tanısan, bil ki, Pəri xanım sənindi.  


 OZAN  DÜNYASI                                                                № 3(6), 2011 
 
115 
Qurbani razı oldu. Onun gözlərini bağladılar. Qara Vəzir öz qızını, 
axsaq  Şah-Xubanı  və  Pəri  xanımı  eyni  paltarda  Qurbaninin  yanına 
gətirdi. Birinci dəfə öz qızını Qurbaninin gözünün qabağından keçirtdi.  
Aldı Qurbani:  
  
Əyninə geyib qırmızı, 
O gündən yandırır bizi. 
Bu gələn Vəzirin qızı, 
Bundan sonra Pərim gəlsin!  
 
Vəzirin  qızından  sonra  axsaq  Şah-Xuban  gəlib  Qurbaniyə 
yaxınlaşanda belə dedi:  
 
Dağlar başı oldu duman, 
Münkürdən heç getməz güman. 
Bu gələn şah-Xuban,  
Qoyun gəlsin, Pərim gəlsin!  
 
Axırda Pəri xanım üzünü tutub Qurbaninin yanına gələndə Qurbani 
dedi:  
 
Bir quş gəlir zarı, zarı,  
Çıxın yollarından barı.  
Bu gələn Qurbaninin yarı,  
Qoyun gəlsin, Pərim gəlsin!  
 
Belə  bir  işdən  sonra  camaat  tələb  elədi  ki,  Pəri  xanımı  versinlər 
Qurbaniyə.  Qurbani  Pəri  xanımı  da  götürüb  yola  düşdü.  Bir  az  vaxtdan 
sonra  Məhəmməd  xan  gəlib  çıxdı  Gəncə  şəhərinə.  Qara  Vəzir  tez 
Məhəmməd xanın yanına qaçıb Abdulla xandan şikayət etdi və dedi:  
-  Abdulla  xan  mənim  oğlumun  toyunu  yarımçıq  qoyub  nişanlısını 
verdi başqa yerdən gəlmiş bir oğlana.  
Məhəmməd xan bir neçə atlı düzəldib Qara Vəzir də içlərində Pəri 
xanımı qaytarmağa getdilər. Onlar gəlib Qurbangilə çatdılar. Pəri xanımı 
zorla geri qaytardılar. Qurbani buna dözməyib dedi:  
 
 
Başına döndüyüm, alagöz Pəri,  
Əlim ətəyindən üzmə sən barı.  
Görüm ki, olasan imama zavvar


 OZAN  DÜNYASI                                                                № 3(6), 2011 
 
116 
Əlim ətəyindən üzmə sən barı.  
 
Dirili Qurbani sən də sal yada, 
Əməyini vermə, amandır bada.  
Hər ikimiz gəl şərt qoyaq arada,  
Əlim ətəyindən üzmə sən barı.  
 
Bu  sözlərə  baxmadılar,  Pəri  xanımı  qaytardılar  geri.  Qurbani  Pəri 
xanım gözdən itdikdən sonra Allaha belə yalvardı:  
 
Qadir Allah, səndən budur diləyim,  
Aman, Allah, imdad eylə bu işə!   
Səndən başqa yoxdur mənim köməyim,  
Aman, Allah, imdad eylə bu işə!   
  
Bismillah elədim, girdim meydana, 
Ümidim bağladım Şahi-Mərdana.  
Məcnun kimi məni qoyma divana
Aman, Allah, imdad eylə bu işə!   
 
Qurbani der: əslim Qaradağlıdı,  
Yar üzündən ürək düyün-dağlıdı.  
Zülm eyləyən vəzir namərd oğludu, 
Aman, Allah, imdad eylə bu işə!   
  
Rəvayətə  görə,  Qurbani  burada  yatır,  bir  vədə  oyanır,  görür  ki, 
Mazannənə  pirindədi.  Bu  işə  Qurbani  çox  təəccüb  eləyir,  az  qalır  ki, 
bağrı  çatlasın.  Bu  zaman  onu  bir  də  yuxu  aparır.  Ona  yuxuda  deyirlər: 
“Qurbani,  sən  gəl  Şıx  oğlu  Şah  Abbasın  yanına  get,  vəziyyətini  ona 
söylə. O sənə köməklik edər”.  
Qurbani yuxudan ayılan kimi Xudafərin körpüsündən adlayıb gedir 
Şıx oğlu Şah Abbasın yanına. Vəziyyətini ona belə deyir:  
 
Mürşüdi kamilim, Şıx oğlu Şahım!  
Bir ərzim var, qulluğuna, şah, mənim.  
Oxu ərizəmi, bil sən dərdimi, 
Dərdimdən olgunan bir agah mənim.  
 
Şah Abbas deyir:  


 OZAN  DÜNYASI                                                                № 3(6), 2011 
 
117 
-  Ay  oğul,  sənə  hələ  cavansan,  axı  sənin  dərdin  nə  ola  bilər?  De 
görüm, sən haralısan?  
Aldı Qurbani:  
 
Bir ah çəkdim, gəldi ahim dərindən,  
Ağlım, huşum oynar keçər sərimdən.  
Körpü düşdü, keçdim Xudafərindən,  
Mürşüdümsən, yetir dərmana məni.  
 
Şah Abbas dedi:  
- Ay bala, sənə kim zülm eyləyib onu mənə de!  
Aldı Qurbani:  
 
Qış gedibsən, yaz ayları gələndə,  
Dağlar damanından qar istər könül.  
Hüri, Pəri, mələkləri görəndə,  
Xəstəyəm, onlardan nar istər könül.  
 
Yay olanda gün əritməz qarımı, 
Mən sənə bağladım ümidvarımı. 
Əlimdən aldılar Pəri yarımı,  
Mürşüdümsən, yetir yarıma məni! 
 
Qurbani  sonra  ətraflı  başına  gələn  vəziyyətlərin  hamısını  Şah 
Abbasa  söylədi.  Şah  Abbas  Məhəmməd  xanın  və  Abdulla  xanın  üstünə 
bir  məktub  yazdı  ki,  Pəri  xanımı  tez  bir  zamanda  gətirib  Mazannənə 
pirində versinlər Qurbaniyə. Şah Abbas Qurbaniyə dedi:  
-  Get,  Mazannənə  pirində  öz  yarını  gözlə.  Gətirib  onu  orada 
verəcəklər sənə.  
Qurbani  tez  yığışıb  gəldi  Mazannənə  pirinə.  Bir  müddətdən  sonra 
baxıb  gördü  ki,  Soltanlı  kəndindən  Diri  dağına  bir  dəstə  atlı  gəlir,  Pəri 
xanım  da  bunların  içindədi.  Qurbani  bir  qənşər  yerə  çıxıb  onları 
qarşılamaq  istədi.  Bu  zaman  Qurbanini  ilan  vurdu.  Qurbani  ağır 
xəstələndi  və  su  içmək  istədi.  O  belə  fikirləşdi  ki,  əgər  suya  getsə  gəlib 
onu tapmayacaqlar.  Qurbani  sazını Mazannənə pirində qoydu və  sazdan 
başlayıb daş düzə-düzə suya getdi ki, daşın izi ilə gəlib onu tapsınlar.  
Pəri xanımı atlılar gətirib Mazannənə pirində qoydular, Qurbaninin 
sazını orda gördülər, dedilər ki, indi bu saat onun özü də gələcək. Atlılar 
qayıdıb  getdilər  Gəncə  şəhərinə.  Pəri  xanım  tək  Mazannənə  pirində 
Qurbanini  gözlədi,  gözlədi,  gəlmədi.  Sonra  baxıb  gördü  ki,  sazdan 


 OZAN  DÜNYASI                                                                № 3(6), 2011 
 
118 
başlayıb  daş  düzə-düzə  gediblər.  Pəri  xanım  bu  iz  ilə  gəlib  gördü  ki, 
Qurbani  suyun  kənarında  ölüb.  Pəri  xanım  tez  Qurbaninin  başını  aldı 
qucağına və başladı ağlamağa. Pəri ağlaya-ağlaya belə dedi:  
 
Mən aşiqəm, sal yana, 
Dara zülfün sal yana!  
Necəsən bir ah çəkim,  
Kür quruya, sal yana.  
 
Mən aşiq, Gəncəm haray!  
Tiflisdən gencəm haray!  
Qurbani öldü, getdi, 
Mənə bir əncam, haray!  
 
Pəri xanım ağladı, ağladı, axırda bağrı çatlayıb öldü.  
Xalq  Mazannənə  pirində  iki  qəbir  qazıb,  bu  sevgililərin  hərəsini 
birində dəfn elədi.  
 
 


 OZAN  DÜNYASI                                                                № 3(6), 2011 
 
119 
Mündəricat 
 
Z.Yaqub. Göyçədən Gələn səslər (poema) .......................... 3  
A.Vəfadağlı. Aşıq Nəcəf və Aşıq Əsədin 
 Şəmşəddin elinə səfəri ......................................................... 31   
Z.Yaqub. Ustadıma məhəbbətlə  .......................................... 37  
H.Arif. Şeirlər  ...................................................................... 41   
Rafiq Yusifoğlu. Aşıq Ələsgər poeziyasında  
peyzaj və portret sənətkarlığı  ............................................... 45 
Qənirə PaĢayeva. İlahi səsin möcüzəsi  ............................... 49 
AĢıq Əkbər Cəfərov. Şeirlər.  .............................................. 55 
ġurəddin Məmmədli. Borçalının türk dünyasına  
bəxş etdiyi ünlü Aşıq Şenlik  .............................................. 59  
M.Məmmədoğlu. Nağıl kimi bir söhbət  ............................ 72  
Seyfəddin Qəniyev . Sazın-sözün şərbəti  ............................ 81 
Müsahibə - Aşıq İsfəndiyar Rüstəmovla  .............................. 85 
Araz Yaquboğlu. El şairi qəmgin Fəzi  ............................... 89  
Qəmgin Fəzi. Şeirlər ............................................................ 93  
Musa Nəbioğlu. Sazbənd Bafəli .......................................... 96 
Bəfali Adıgözəlov. Şeirlər  ..................................................  98 
Ozan dünyasından soraqlar  .............................................. 101 
Qurbani dastanı ................................................................... 102 
 


 OZAN  DÜNYASI                                                                № 3(6), 2011 
 
120 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Няшриййатын директору: профессор Н.Б.Мяммядли 
 
 
 
 
Texniki redaktor: ElĢad ÇOBANLI 
 
Йыьылмаьа верилмиш 10.09.2011 
Чапа имзаланмыш 24.09.2011  
Шярти чап вяряги 7,5. Сифариш № 382. 
Каьыз форматы 70х100 1/16. Тираj 1200     
 
Jurnal  «Нурлан» няшриййат-полиграфийа мцяссисясиндя  
щазыр диапозитивлярдян чап олунмушдур.  
Цнван: Бакы, İчяришящяр, 3-ъц Магомайев дюнэяси 8/4. 
 Qiyməti müqavilə ilə. 

Yüklə 5,1 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə