Əgər qorilla yoxa çıxıbsa



Yüklə 13,54 Kb.
tarix27.10.2017
ölçüsü13,54 Kb.
#6987

Əgər qorilla yoxa çıxıbsa...

Gecənin narahat yuxusundan oyanıb elə yatağınızdaca düşünmüsüz ki, nəsə yerində deyil? Bizə nəyisə yalan danışırlar, nələrisə bizdən gizlədirlər. Əslində olmalı olduğumuz yerdə, olmalı olduğumuz zamanda deyilik. Və daha dəhşətlisi: əslində tamamən başqa kəs olmalıymışıq...

Aleks Proyasın rejissoru olduğu “Qaranlıq şəhər” filminin qəhrəmanı şans əsəri yaşadığı şəhərdə gecələr baş verənləri – kulisi görür. Anlayır ki, şəhər yadplanetlilər tərəfindən ələ keçirilib və hamının taleyini, yaşamını, ümumilikdə həyatını onların hər gecə apardıqları təcrübələr – tale yaratmaları təyin edir.

Bu mənada Daniel Kuinin “İsmayıl” romanını hamımızın içindəki potensial zamzaçı “mən”in aşkara çıxmasında, “gecənin narahat yuxusundan” oyanmasında baza kimi götürmək olar. Nədir bizi yuxudan oyadan, nədir bizi həşərata çevirən? Əslində sözügedən əsərin Kafkanın “Çevrilmə”silə yaxından uzaqdan əlaqəsi olmasa belə, həm də müəyyən toqquşan nöqtələr var; yerinə oturmayan daşlar və gündəlik yaşamın, cəmiyyətin, ümumilikdə kütlənin əsirinə çevrilən, axına düşən adamların, fərdlərin faciəsi... Amma Kuin bir qədər də irəli gedərək fərd-cəmiyyət münasibətlərini daha çox qabardıb, uduzan tərəfin təkcə fərd deyil, bütövlükdə bəşəriyyət olduğunu tutarlı dəlillərlə əsaslandırıb.

Bəs "əgər insan yoxa çıxıbsa, qorilla üçün ümid varmı?!" Əsər adı bircə dəfə də çəkilməyən qəhrəmanımızın İsmayıl adlı meymunun şagirdi olmasına razılıq verməsilə başlayır. Əlbəttə, təxminən yarımtonluq qorillanı sinif otağında burnunun üstünə sürüşdürdüyü eynəyinin şüşəsi altından dərsə gəlməyənləri axtarıb onlara “qaib” yazdığını təsəvvür etmək bir qədər çətindir. Heç romanda belə, bu situasiyaya dair kiçicik də olsa işarə vurulmur. Qorilla-İsmayıl dərsini telepatiya vasitəsilə gerçəkləşdirir. Əsər boyu qəhrəmanımızla telepatik bağların köməyilə kaintın yaradılış tarixini incələyir.

Əksəriyyətimizə məlum zamanın və eləcə də sivilizasiyanın tarixinə alternativ, qərəzsiz baxış ortaya qoyur. Minillər boyu öyrəndiklərimizin, altını cızdıqlarımızın üstündən xətt çəkir. Tamamilə yeni, hətta ilk baxışda absurd görünəcək tezislər irəli sürür. Mədəniyyət Ana adı verdiyi sivil cəmiyyətin əslində insanları robota çevirən, illuziyaya inandıran sistem olduğunu sarsıdıcı faktlarla ortaya qoyur. İnsanmərkəzçiliyin, yermərkəzçiliyin doğurduğu acı nəticələrə diqqət çəkməyə çalışır. Hamımız tərəfindən həqiqət qəbul edilən “insan ali varlıqdır” fikrini təkzibedilməz dəlillərlə sarsıdır. Əslində bütün bunların dünyaya, bəşəriyyətə, ümumilikdə yaradılışa zidd olduğunu anladır. Bu kimi yanlış yanaşmalar nəticəsində Yer kürəsinin düşdüyü acınacaqlı duruma işıq tutur. İnsanlığın təxminən 3 milyon illik tarixinin assimilyasiya nəticəsində necə heçə çevrildiyini göz önünə sərir.

Təkamülün heç də insanda bitmədiyini deyən müəllif bunu maraqlı ədəbi priyomlarla, özünəməxsus ustalıqla oxucuya ötürür. Əsəri oxuyan hər kəs obyektiv kameradan nəyin necə baş verdiyini və nəyin əslində harada olmalı oldğunu görür, qarışmış kartlar sıralanır, pazlın tamamlanması nəticəsində görüntü aydınlaşaraq müəyyən təsvir halına gəlir. İlkin sivilizasiyalardan bəri etdiyimiz səhvləri bütün çılpaqlığı ilə nümayiş etdirir. Hadisələrə elmi və dini nöqteyi-nəzərdən yanaşaraq oxucuda suala yer qoymur.

Bununla yanaşı, əslində əsər elə sual vermək, sorğulamaq üçün yazılıb. Yerində olmayan nədir? Niyə 3 milyon illik insan tarixində pazl yerinə oturmamışdı, niyə kartlar qarışdırılmışdı? Niyə sivilizasiyalar ard-arda məhvə doğru gedir? İnsan niyə başqa canlılardan üstün tutulur? Və bu əslində niyə avantaj yox, dezavantaj rolunda çıxış edir.

Kafka məktublarının birində yazır: “Əgər oxuduğun kitab səni yumruq yemiş kimi sərsəmlədib, nə etdiyinin fərqində olmadan özünü küçəyə atmağına səbəb olursa, bax o oxunmağa dəyəcək kitablardandır”. Pamukvari desək, bir gün bir kitab oxudum, təsiri qorilla zərbəsinə bərabər...

Kuin insanları iki cəbhəyə ayırır Razılar və Narazılar. Birinci qisim bizik. Sivilizasiyanı təmsil edən adamlar... Razılar dünyanı fəth etmək adı ilə özləri də bilmədən ekosistemi sıradan çıxarmaq, planetin dəngəsini pozmaq, onun məhvini yaxınlaşdırmaq, razılaşmayan, qarşı gələn hər kəs və hər şeyi məhv etməklə məşğuldurlar. Bunu şüursuz şəkildə inkişaf, tərəqqi ilə qarışdırır, beton səddə doğu istiqamət götürən avtomobilin əyləci basmayan, yaxud sükanı döndərməyən sürücüsü kimi təəccüb doğururlar. Telepat-qorilla Razıları, sivilizasiya qurmağa çalışan bu toplululuqları aerodinamika qanunlarından xəbərsiz olan, amma aeroplanla uçmağa çalışan pilota bənzədir. Pedalları nə qədər iti hərləsə də labüd toqquşmadan qaça bilməyəcəklər.

İkinci qisim – Narazılarsa sivilizasiya qurmaq haqqında düşünmür, təbiətin qoyduğu qaydaları pozmur, istehsaldan daha çox istehlakla məşğul olurlar. Onların say və arealları təbiət tərəfindən tənzimlənir. Özlərini seçilmiş varlıq, Yer kürəsini isə kainatın mərkəzi kimi görmür, Razılardan fərqli olaraq tanrılar üçün nəzərdə tutulmuş yasaq meyvəyə tamah salmırlar. O meyvə ki əvvəlcə Habilin, daha sonra milyonların ölümünə bais olacaq...

***


Daniel Kuin 1935-ci ildə Nebraska ştatının Omaha şəhərində doğulub. Yazıçıya ən böyük şöhrəti və “Turner Tomorrow Fellowship Award” mükafatını 1992-ci ildə yazdığı “İsmayıl” romanı gətirib. Əsər haqqında danışan Kuin “10 ildən artıq müddət ərzində mən də daxil heç kimin “İsmayıl”ın nə haqqında olduğunu soruşanlara verə biləcəyi yetərli cavabı olmadı” – deyir. Həqiqətən əsər o qədər çoxşaxəli və o qədər qəribə struktura malikdir ki, təhlil etməyə çalışarkən tam şəkildə əhatə etmək demək olar, mümkünsüzdür.

Əminəm ki, əsəri oxuduqca telepat-qorilla sizinlə də danışacaq. Və beyninizin hansısa hissəsində adamlara sülh və xilas təlimi keçən əhliləşdirilmiş primat öz gəzintisinə başlayacaq.



"Əgər qorilla yoxa çıxıbsa, insan üçün ümid varmı?"

Cavid QƏDİR
Yüklə 13,54 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə