ƏhaliNİn təBİİ artimina gender disproporsiYASINIn təSİRİ



Yüklə 54,31 Kb.
tarix29.10.2017
ölçüsü54,31 Kb.
#7218


ƏHALİNİN TƏBİİ ARTIMINA GENDER

DİSPROPORSİYASININ TƏSİRİ
Təmraz Təmrazov

Biologiya üzrə fəlsəfə doktoru, dosent

Demoqrafik siyasət  əhalinin təkrar istehsalı proseslərinin tənzimlənməsi sferasında dövlət orqanlarının və digər sosial institutların məqsədyönlü siyasətidir. Ölkədə demoqrafik siyasət əhali artımının təmin edilməsinə yönəlmiş iqtisadi, sosial və hüquqi tədbirlər sistemindən ibarətdir. Ailə-nikah, doğum, ölüm, əhalinin sağlamlığının mühafizəsi və möhkəmləndirilməsi, əməkqabiliyyətli əhalinin məşğulluğu və həyat səviyyəsinin yaxşılaşdırılması, miqrasiyası və s. bu kimi prosesləri özündə birləşdirən demoqrafik siyasətdə başlıca məqsəd, demoqrafik hadisələrə təsir göstərən ən mühüm amilləri nəzərə alaraq, cəmiyyətin və onun hər bir üzvünün mənafeyinə uyğun olan, əhalinin normal təkrar istehsalı prosesini təmin edən şəraitin yaradılmasına nail olmaqdır.

Dünyada gedən demoqrafik proseslərin ölkəmizdən də təsirsiz keçməyəcəyini nəzərə alsaq, o zaman respublikamızda demoqrafik vəziyyəti təhlil edərək bu sahədə bəzi tendensiyalara nəzər yetirmək məqsədəuyğundur.

Doğulacaq uşağın cinsinə görə seçimlə bağlı 1829 saylı AŞPA Qətnaməsi (2011) Azərbaycan da daxil olmaqla bir sıra ölkələri hədəfə alaraq, bu ölkələrdə doğulan uşaqların cinsə görə nisbətinin pozulmasının “narahatlıq doğuran səviyyəyə çatmasını” qeyd etmişdir. Azərbaycanda doğulan uşaqların cins nisbətinin pozulmasına zəmin yaradan mexanizmlərin keyfiyyət və kəmiyyət əsaslı tədqiqatı BMT-nin Əhali Fondu ilə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi tərəfindən 2012-ci ildə keçirilmişdir. Sözügedən tədqiqatda doğulan uşaqların cins nisbətinin pozulmasına dair müvafiq dövlət müdaxiləsinin edilməsi üçün bir sıra tövsiyələr də təqdim edilmişdir [4].

Bir sıra elmlər üçün sosial-iqtisadi və təbiət hadisələrinin öyrənilməsində ümumi olan kəmiyyət metodlarından fərqli olaraq, demoqrafik metodların əsasını demoqrafik yekunların əhalinin təkrar istehsalına tətbiqində əhalinin sayını, yaxud koqortanı artıran (doğum, nikah) və onu azaldan (ölüm, boşanma) demoqrafik hadisələrə görə öyrənilməsi üsulları təşkil edir. Demoqrafik hadisələr fasiləsiz baş verir və onların intensivliyinə koqortanın yaş funksiyası və ya demoqrafik funksiya kimi baxılır 5;7.

Bəzi ekspertlərin fikrinə görə dünya ölkələri üzrə əhalinin əsas tərkibi 25-64 yaş qrupuna aid edilir. Bununla yanaşı, hazırda dünya ölkələri üzrə orta ömür uzunluğu 68 yaş təşkil edir.

Aparılan tədqiqatlara əsasən qeyd etmək olar ki, hazırda dünyanın 20 ölkəsinin əhalisi azalmaqda davam edir və verilən proqnozlara görə bu rəqəm getdikcə daha da arta bilər. Azərbaycanda ölkə əhalisinin yaş qrupları üzrə bölgüsü aşağıdakı şəkildə verilmişdir.



Şəkil 1. Ölkə üzrə, şəhər və kənd yerlərində yaşayan əhalinin yaş qruplarına görə nisbi göstəriciləri

Buna uyğun olaraq, qeyd etmək olar ki, Azərbaycanda yaşayan əhalinin 72%-i 16-64 yaşda, 5,7%-i 65 yaşdan yuxarı, 22,3%-i isə 15 yaşdan aşağı yaşdadır. Bu göstəricilər onu qeyd etməyə əsas verir ki, ölkədə yaşayan əhalinin ən çox hissəsini 16-64 yaş arasında olanlar təşkil edir.

Müxtəlif mənbələrə əsasən qeyd etmək olar ki, hazırda Azərbaycanda ölümün səviyyəsi dünya ölkələri ilə müqayisədə nisbətən aşağı və sabit səviyyə ilə xarakterizə olunur. Lakin müəyyən demoqrafik göstəricilər üzrə qismən narahatedici əlamətlər mövcuddur. Bu narahatlıq nəzərə alınmazsa və ya qabaqlayıcı hər hansı tədbir görülməzsə, doğulan uşaqların sayında cins nisbətinin pozulması (gender disproporsiyası) baş verə bilər.

Beləliklə, respublikada demoqrafik göstəricilərin müxtəlif illər üzrə və bir neçə əsas parametrə görə təhlilini nəzərdən keçirək.

İlk növbədə 2015-ci ildə respublika əhalisinin cins bölgüsünə görə təbii artımı, doğulanların və ölənlərin nisbi göstəriciləri şəkil 2-də verilmişdir.



Şəkil 2. Respublika üzrə cins bölgüsündə əhali artımı (nisbi göstərici)

(istifadə olunan rəqəmlər "Azərbaycan əhalisi-2016" statistik bülletenindən götürülmüşdür)

Şəkildən aydın olur ki, əhalinin təbii artımında kişilər 53,2%, qadınlar isə 46,8%; doğulanların ümumi sayında nisbi göstərici kişilər üçün 53,2%, qadınlar üçün isə 46,8%; müvafiq olaraq ölüm göstəricisi kişilər üçün 53,3%, qadınlar üçün isə 46,7% təşkil etmişdir.

Göstərilənlərə uyğun olaraq qeyd etmək olar ki, əhalinin təbii artımında cinslər arasındakı fərq də azalmağa başlayır.

Ölkə üzrə doğulanda gözlənilən ömür uzunluğunun dinamikası şəkil 3-də verilmişdir. Verilmiş dinamik sırada 1990-cı, 2000-ci, 2010-cu və 2015-ci illər üzrə ölkə əhalisinin doğulanda gözlənilən ömür uzunluğu göstəricisi cins bölgüsü üzrə qiymətləndirilmişdir1.

Şəkil 3. Doğulanda gözlənilən ömür uzunluğu (yaş sayı)

(məlumat "Azərbaycan əhalisi-2016" statistik bülletenindən götürülmüşdür)

Göründüyü kimi, 1990-cı ildə hər iki cins üzrə doğulanda gözlənilən orta ömür uzunluğu 71,1 yaş, qadınların doğulanda gözlənilən orta ömür uzunluğu 74,8 yaş, kişilərin isə 67,0 yaş sayına bərabər olmuşdur.

2000-ci ildə isə əvvəlki illərdən fərqli olaraq hər iki cins üzrə doğulanda gözlənilən orta ömür uzunluğu 71,8 yaş, qadınlarda 75,1 yaş, kişilərdə isə 68,6 yaş sayına bərabər olmuşdur.

Nəhayət, 2015-ci il üzrə bu göstərici hər iki cins üzrə doğulanda gözlənilən orta ömür uzunluğu 75,2 yaş, qadınların doğulanda gözlənilən orta ömür uzunluğu 77,6 yaş, kişilərin isə 72,7 yaş sayına bərabər olmuşdur.

Beləliklə, aparılan təhlillərə əsasən qeyd etmək olar ki, doğulanda gözlənilən orta ömür uzunluğu artır və buna uyğun olaraq hər iki cins üzrə artım dinamikası müşahidə olunur.

Aparılan araşdırmalar göstərir ki, bütün canlılarda və ya bioloji varlıqlarda olduğu kimi, insanlarda da genetik xüsusiyyətlərin də öz rolu vardır. Aparılan bir sıra genetik araşdırmaların nəticələrinə əsaslanaraq, qeyd etmək olar ki, qadınlar kişilərə nisbətən uzunömürlü sayılırlar.

Bundan əlavə şəkil 4-də 1926-cı ildən 2016-cı ilə qədər ölkə əhalisinin cins üzrə say dinamikası əks olunmuşdur.



Şəkil 4. Əhalinin cins üzrə say dinamikası (min nəfər)

(istifadə olunan rəqəmlər "Azərbaycan əhalisi-2016 " statistik bülletenindən götürülmüşdür)

Dinamikadan aydın görünür ki, əhalinin ümumi sayı 1926-cı ildə 2313,7 min nəfər, 2016-cı ildə isə bu göstərici 9705,6 min nəfər təşkil etmişdir. Bu da böyük artım deməkdir 1; 2.

Digər göstəricilərə nəzərən qeyd edək ki, kişilərin sayı müxtəlif illər üzrə dəyişir. Qadınların isə kişilərə nəzərən artımı daha çox müşahidə olunmuşdur.

Statistikaya görə hazırda Azərbaycanda 116 oğlan uşağına 100 qız uşağı düşür. Onu da qeyd edək ki, respublikada 1975-1980-ci illərdə yeni doğulan uşaqların cins nisbəti pozulmamışdır. 1990-cı ildən başlayaraq cins nisbətində pozulma müşahidə olunmuşdur, 1998-ci ildən isə cins nisbətinin pozulması halları artmışdır.

Dünyada baş verən demoqrafik proseslərin ölkəmizə də müəyyən təsirlərinin olacağı səbəbindən respublikamızdakı bu prosesləri təhlil etməmişdən öncə inkişaf etmiş və ya inkişaf etməkdə olan dünya ölkələrində baş verən demoqrafik tarazlıq nisbətinə nəzər salaq. Şəkil 5-də müxtəlif ölkələr üzrə doğulan uşaqlar arasında cins nisbəti verilmişdir.

Şəkil 5. Müxtəlif ölkələr üzrə doğulan uşaqlar arasında cins nisbəti

Şəkildə göstərilən ölkələr arasında doğulan uşaqların cins nisbəti üzrə ən yüksək göstərici Çində, ən aşağı göstərici isə Hindistanda müşahidə olunur. Təhlillərə istinadən qeyd etmək olar ki, Azərbaycan 116/100 nisbətində olmaqla doğulan uşaqların cins nisbətinə görə dünyada Çin Respublikasından sonra ikinci yerdədir 2.

Doğulan uşaqların cins nisbətinin pozulmasının qarşısı alınmazsa, gələcəkdə qadınların sayının daha da azalmasına səbəb olacaq və bu da nəticədə gender disproporsiyasına gətirib çıxaracaq.

Azərbaycanda müxtəlif illərə görə doğulanlar arasında cins nisbəti göstəricisinin dinamikası şəkil 6-da verilmişdir.

Şəkildən göründüyü kimi, 1975-1980-ci illərdə respublikada doğulan uşaqların cinsə görə nisbəti 107/100, 1998-ci ildə 118/100, 2010-cu ildə 117/100, 2011-2014-cü illərdə 116/100, 2015-ci ildə isə 114/100 nisbətində olmuşdur 1; 2.




Şəkil 6. Müxtəlif illər üzrə Azərbaycanda doğulan uşaqların cins nisbəti

Bu dinamikaya əsasən qeyd etmək olar ki, 1998-ci ildən 2010-cu ilədək doğulan uşaqlar arasında cins nisbətinin artımı müşahidə edilmişdir. 2015-ci ildən isə bu göstəricinin qismən azalması müşahidə olunur.

2013-2058-ci illər üçün Azərbaycan Respublikası əhalisinin gözlənilən (proqnoz) sayında 5 illik yaş qrupları üzrə koqort-komponent üsulu ilə aparılmış hesablamalara görə 5 illiklər ərzində doğulacaq uşaqların proqnoz sayı aşağıdakı kimi gözlənilir (Şəkil 7).



Şəkil 7. 2013-2058-ci illərdə 5 illiklər üzrə cinsə görə doğulacaq uşaqların proqnoz sayı

Şəkildən aydın görünür ki, 2018-2033-cü illərdə (5 illiklər üzrə) cinsə görə doğulan uşaqların proqnoz sayı tədricən azalır, lakin doğulacaq uşaqlar arasında oğlan uşaqlarının sayı yenə üstünlük təşkil edəcək. 2033-2043-cü illərdə isə doğum sayında artım qeydə alınacaq. 2043-2058-ci illərdə yenidən doğum sayında tədricən azalma gözlənilir.

2018-2058-ci illərdə dogulan uşaqların cins nisbəti 117/100 kimi gözlənilir.

Belə hesab etmək olar ki, əhali arasında cins nisbətinin pozulmasının qarşısını almaq üçün respublikada cavabdeh qurumlar bu problemin həllinə cəlb olunmalıdır. Bir sözlə, bu problemi dövlət strukturları, kütləvi informasiya vasitələri və cəmiyyət birgə həll etməlidir. Qeyd olunduğu kimi, bu, çox ciddi hal aldığından, müəyyən tələblərin qarşıya qoyulması bu məsələnin tam həlli demək deyil. Ona görə də, bu məsələyə birmənalı yanaşmanın dəyişməsi üçün yeganə yol əhali arasında maarifləndirici tədbirlərin aparılmasıdır.

Əhalinin təbii artımında nəsilvermə əmsalı böyük əhəmiyyət kəsb edir. Müxtəlif illərə görə nəsilvermə əmsalının göstəricisi şəkil 8-də verilmişdir.



Şəkil 8. Müxtəlif illər üzrə ümumi nəsilvermə əmsalı

Aparılan tədqiqatlara əsasən qeyd etmək olar ki, ötən 50 il ərzində ölkədə nəsilvermə əmsalı kəskin şəkildə tənəzzülə uğramışdır. Şəkildən göründüyü kimi, ümumi nəsilvermə əmsalı (hər qadına düşən doğulan uşaqların orta sayı) 1961-ci ildə 5,6 olmuş və bu əmsal azalaraq 2001-ci ildə minimum səviyyəyə  1,8-ə enmişdir. 2010-cu ildə isə bu əmsal artaraq 2,3-ə yüksəlmişdir. Hazırda ümumi nəsilvermə əmsalı 2,1-ə bərabərdir. Nəsilvermədə olan regional fərqlərə əsasən ən aşağı göstəricilər Bakıda (1,8), ən yuxarı göstəricilər isə Yuxarı Qarabağ bölgəsində (2,6) müşahidə olunmuşdur 4.

Nəticə olaraq qeyd etmək olar ki, nəsilvermə əmsalı ilə qadınların təhsil səviyyəsi və maliyyə imkanları arasında elə də əhəmiyyətli əlaqələr müşahidə olunmur.

Digər tərəfdən maarifləndirici tədbirlər kimi, xüsusilə, gender bərabərliyi, qadınların cəmiyyətin inkişafında rolu barəsində geniş təbliğat xarakterli layihələrin həyata keçirilməsi vacibdir. Həmçinin qız uşaqlarının doğulmasını stimullaşdırmaq məqsədilə sosialyönümlü tədbirlərin həyata keçirilməsi, maddi müavinətlərin ödənilməsi müsbət təsir göstərə bilər.

Aparılan tədqiqatlar nəticəsində müşahidə edilmişdir ki, əsasən doğulan uşaqların cins nisbətinin pozulması demoqrafik tarazlığın dəyişməsinə doğru apara bilər. Bu haqda tam məlumatın əldə edilməsi üçün şəkil 9-da verilmiş dinamikaya nəzər salaq.



Şəkil 9. 2005-2015 illər üzrə cins bölgüsünə görə doğulan uşaqların nisbi göstəricisi

(istifadə olunan rəqəmlər "Azərbaycan əhalisi-2016" statistik bülletenindən götürülmüşdür)

Şəkildə 2005-2015-ci illər üzrə cins bölgüsünə görə doğulan uşaqların nisbi göstəriciləri verilmişdir. Dinamikadan aydın olur ki, 2005-2014-cü illərdə doğulan oğlan uşaqlarının nisbi göstəricilərində artım, müvafiq olaraq qızlarda isə bu göstəricinin azalması müşahidə olunmuşdur. 2014-cü ildən başlayaraq isə oğlanların sayında qismən azalma, qızların sayında isə artım qeydə alınmışdır.

Araşdırmalar göstərir ki, doğulanlar arasında oğlanların qızlara nisbətən çoxluq təşkil etməsində müasir tibbi vasitələrin daha çox rolu vardır. Qeyd edək ki, ultrasəs müayinəsi nəticəsində bəzi valideynlər qız övladının doğulmasının qarşısını alırlar. Məhz bu səbəbdən hazırda dünyanın bir çox ölkələrində dünyaya gələcək övladın cinsiyyəti ilə bağlı valideynlərə məlumat verilməsi qadağan edilib. Yalnız uşağın doğulması ananın həyatına təhlükə törədəcəyi təqdirdə dölün məhv edilməsinə icazə verilir.

Müxtəlif tərkibli ailələrdə hamiləliyin süni şəkildə pozulmasının aşkar edilməsi üçün aparılan araşdırmanın nəticəsi aşağıdakı dinamikada öz əksini tapmışdır.



Şəkil 10. Hamiləliyin süni şəkildə pozulması

Şəkil 10-da verilmiş diaqramdan görünür ki, hamiləliyin süni şəkildə pozulması övladsız ailələrdə 3,3%, 1 oğlan övladlı ailələrdə 25%, 1 qız övladlı ailələrdə 23%, 2 oğlan övladı olan ailələrdə 59,1%, 2 qız övladlı ailələrdə 54,1%, 1 qız 1 oğlan övladlı ailələrdə 65,7%, 3 oğlan övladlı ailələrdə 70,9%, 3 qız övladlı ailələrdə 75,9%, 2 oğlan 1 qız övladlı ailələrdə 80,9%, 1 oğlan 2 qız övladlı ailələrdə 74,6% və nəhayət, 2 oğlan 2 qız övladlı ailələrdə 73,6% olmuşdur 2;4.

Ailədəki uşaqların cinsinə görə süni abortların təşkil etdiyi faizlərin tədqiqi maraqlı məqamı üzə çıxarır. Dinamikadan göründüyü kimi, iki oğlan uşağı olan qadınlar arasında hamiləliyin dayandırılması iki qız uşağı olan qadınlara nisbətən üstünlük təşkil edir. Digər tərəfdən isə üç oğlan uşağı olan qadınlara nisbətən üç qız uşağı olan qadınlar arasında hamiləliyin dayandırılması halları üstünlük təşkil edir. Bu onu göstərir ki, belə ailələrdə oğlan uşaqlarının doğulması üçün ultrasəs müayinəsi ilə müəyyən olunmuş qız uşaqlarına görə hamiləliyin dayandırılması düşünülmüş şəkildə atılan bir addımdır.

Bununla yanaşı, abort vaxtı qadınların yaş xüsusiyyətləri mühüm rol oynayır. Ona görə də abort məsələsinin əhalinin təbii artımına ciddi təsir etdiyini nəzərə alaraq, bu sahədə də elmi-statistik araşdırma aparılmışdır. Aparılan araşdırmanın nəticəsinə görə 20 yaşdan kiçik yaşda abort etdirən qadınlar 8,7%, 20-24 yaş arasında 21,4%, 25-34 yaş arasında olan qadınlar 44,3%, 35-44 yaş arasında olanlar 73,4% və 45-49 yaş intervalında olan qadınlar isə 85,7% təşkil edir. Müxtəlif yaş həddində fərqli nəticələr əldə olunmuşdur. Maksimal göstərici isə 45-49 yaş həddində müşahidə edilmişdir.

Əhali statistikasında ümumi nəsilvermə (fertillik) əmsalı adlanan göstərici mövcuddur. Bu göstərici, əsasən, dünyaya uşaq gətirmək qabiliyyətində olan qadınlara orta hesabla neçə uşaq düşdüyünü müəyyənləşdirmək üçündür: əgər bu göstərici ikidən kiçik olarsa, deməli, həmin ölkənin əhalisi demoqrafik problemlə üzləşə bilər. Yəni, qadın 2-dən az uşaq dünyaya gətirərsə, təhlükəli tendensiya sayılır. Mövcud durumun stabil olması üçün toplam doğum əmsalı 2-yə bərabər və ya 2-dən böyük olmalıdır.

Əhalinin təbii artımına təsir edən amillərdən digəri nikahla bağlıdır. Əgər nikah səviyyəsi aşağıdırsa, bu əhalinin artımında dövriliyin təmin olunmasına əks təsir göstərə bilər. Ümumiyyətlə, dünyanın əksər ölkələrində doğum səviyyəsinin stimullaşdırılması üçün demoqrafik siyasət həyata keçirilir. Əksər hallarda bir çox dövlətlərdə üçüncü və dördüncü uşağın doğulmasını stimullaşdırmaq məqsədilə müvafiq proqramlar gerçəkləşdirilir. Bu proqramda, əsasən, çoxuşaqlılığı deyil, üçüncü uşağın dünyaya gəlməsini stimullaşdırmaq üçün müəyyən tədbirlər nəzərdə tutulur. Lakin burada bir məqamı da vurğulamaq olar ki, bizim ölkəmizdə həmişə oğlanların "xüsusi" statusu olub. Əvvəllər oğlan övladı istəyən ailələr hətta dördüncü, beşinci uşaq qız olduqda belə, oğlan arzusu ilə növbəti uşağın dünyaya gəlməsinə razı olurdular. Amma indi vəziyyət tamamilə dəyişib və yuxarıda qeyd olunduğu kimi, müasir texnologiyanın tətbiqi nəticəsində valideynlər əvvəlcədən dölün cinsini ultrasəs müayinəsi vasitəsilə müəyyənləşdirirlər. Nəticəsindən asılı olaraq, atılan müvafiq addımlar isə demoqrafik balansın təbii formada tənzimlənməsinə maneçilik törədir. Yaranan problemin mənbəyi aparılan selektiv abortlarda deyil, cəmiyyətdə və ailədə qadına olan münasibətdədir.

Qanunvericilikdə qadın hüquqları, bərabər hüquq məsələsi öz əksini tapsa da, qadınların fəaliyyətinin stimullaşdırılması, dəstəklənməsi, irəli çəkilməsi, təhsildə və işdə qadın əməyinin layiqincə qiymətləndirilməsi tam olaraq həyata keçirilmir. Bu münasibət dəyişməyənə qədər, qız uşaqlarının dünyaya gəlməsinin arzu olunmaması gündəmdə qalacaqdır. Yəni yaranmış vəziyyətin fəsadlarının nə olacağı qarşıdakı illərdə daha kəskin hiss ediləcək. Ona görə də qeyd olunan aktual məsələnin üzərində ciddi şəkildə işlənilməlidir.

Ümumiyyətlə, bu cins nisbətində balansı qorumaq üçün ilk növbədə mövcud problemi yaradan səbəblər müəyyənləşdirilməlidir. Yəni, təbii olaraq demoqrafik vəziyyətin tənzimlənməsi üçün şərait yaradılmalıdır. Burada əsas qabaqlayıcı tədbir maarifləndirmə və təbliğat işinin güclü olmasıdır. Əsas məqsəd də ölkədə çoxuşaqlı ailələrin sayını artırmaqdan ibarətdir. Ailədə uşaqların sayının çox olduğu təqdirdə, oğlan və qız uşaqlarının balansı pozulmur və bu da sonda ölkədə əhalinin ümumi sayına təsir etməklə yanaşı, ümumilikdə cinslər arasındakı nisbətin saxlanılmasına gətirib çıxarır. Aparılan müxtəlif istiqamətli tədqiqatlar nəticəsində müşahidə edilmişdir ki, əsasən doğulan uşaqların cins nisbətinin pozulması demoqrafik tarazlığın dəyişməsinə doğru apara bilər.


Nəticə və təkliflər

  • Doğulan uşaqlar arasında cins nisbətinin pozulması hallarının qarşısının alınması məqsədilə ölkə üçün Fəaliyyət Planının hazırlanması, hamiləliyin sonrakı dövrlərində ana və ya uşağın sağlamlığı üçün təhlükə olmadığı hallarda hamiləliyin pozulması üçün aparılan süni müdaxilələrə (abortlara) məhdudiyyətlərin qoyulması, bu sahədə çalışan həkimlərin məsuliyyətinin artırılması, qanunvericiliyin sərtləşdirilməsi, kontraseptiv vasitələrdən istifadə səviyyəsinin artırılması və s. istiqamətlərdə geniş ictimai maarifləndirmə tədbirlərinin həyata keçirilməsi vacibdir.

  • Qız uşaqları olan ailələrlə bağlı əlavə sosial proqramların hazırlanması, qadınların cəmiyyətdəki rolunun artırılması, onların kişilərdən iqtisadi asılılığının azaldılması, məşğulluğunun artırılması, sosial və iqtisadi mövqelərinin gücləndirilməsi üçün tədbirlərin görülməsi məqsədəuyğundur.

  • Ölkədə əhalinin sosial-iqtisadi vəziyyəti ilə nəsilvermə xüsusiyyətləri arasında möhkəm əlaqələrin olduğunu nəzərə alaraq, ailə-uşaq imtiyazları və sosial yardım proqramlarının hazırlanması faydalı olardı.

  • Gender bərabərliyi üzrə maarifləndirmə proqramlarının tətbiq edilməsi istiqamətində tədbirlərin, qadınların cəmiyyətin inkişafında rolu barəsində ailələr arasında geniş təbliğat xarakterli layihələrin həyata keçirilməsi vacibdir.

  • Əhali artımının təmin edilməsində ilk növbədə ölkənin səhiyyə və məşğulluq xidmətlərinin düzgün təşkil olunması üçün müasir tələbləri ödəyən təkliflərin hazırlanmasında, müvafiq şöbələr üçün informasiya monitorinqi sisteminin və innovasiya mexanizminin yaradılması, əsas sosial-iqtisadi problemləri, bir sözlə demoqrafiya sahəsində statistik göstəricilərin daha dərindən araşdırılması son dərəcə vacib və aktual məsələdir.


Ədəbiyyat


  1. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi, Azərbaycan əhalisi, Bakı-2016.

  2. Azərbaycanda doğulan uşaqların cins nisbətinin pozulmasına zəmin yaradan mexanizmlər: keyfiyyət və kəmiyyət əsaslı tədqiqat. Bakı-2014.

  3. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi, Azərbaycanda qadınlar və kişilər - 2013, Bakı, səh.96.

  4. Demoqrafik proqnozlar, 2014-2050: Azərbaycanda doğulan uşaqların cins nisbətinin müxtəlif ssenariləri. Bakı-2015.

  5. Səlim Müslümov. "Demoqrafiyanın statistik göstəriciləri: təhlillər və proqnozlar" “Statistika xəbərləri” elmi-praktik jurnal-2015/1, səh 22-26.

  6. "China`s Gender imbalance and its Economic Performance", Jane GOLLEY (Centre for China in the World Australian National University).

  7. "Gender disproportion and society integration", Anita Kleinberga Secretariat of Special Assignment Minister for Society İntegration Latvia.



Yüklə 54,31 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə