Əhməd Ağaoğlu Sərbəst İnsanlar Ölkəsində



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə2/21
tarix23.08.2018
ölçüsü1,05 Mb.
#63891
1   2   3   4   5   6   7   8   9   ...   21

kənarlaşacaq, deməli, inkişaf olmayacaq, xalq, millət başqa xalqlardan, millətlərdən geri qalacaq, kasıblığa, dilənçiliyə

məhkum olacaq.

Bunları başa düşən Əhməd bəy acı təbəssümlə etiraf edirdi ki: "...qonşularımız yanı - başımızda günü-gündən tərəqqi 

və təali edir, ermənilərin, gürcülərin, musəvilərin (yəhudilərin), baxüsus rusların təmimi-maarifə himmət-güzar olan 

cəmiyyətləri sayəsində ziyayi-maarif  köylərdəki gülbənişin köylülərin pəncərələrindən içəri girdiyi ruzi-rövşəndə, 

bizim köylülərimiz də, şəhərnişinlərimiz də məsəlli bir zülməti-əbədiyi-cəhl aləmində məhv olub gedirdi".

Bu mətnin bir çox sözlərini başa düşməsən də ( müəllimin  kömək edə bilər), çox güman ki, mənası sənə aydındır. Yəni 

başqa millətlər inkişafda, maarifdə olduğu halda, bizləri cəhalət bürüyüb, zülmətdən xilas ola bilmirik.

Əhməd bəy Sabir kimi, Mirzə Cəlil kimi, başqa xadimlərimiz kimi "Oyanın, oyanın, ey qəflət yuxusunda uyuyanlar!" 

deyə xalqa  üz tuturdu.

Bu, müraciət də deyildi, çağırış idi. Bu, çağırışdan da güclü idi. Bu, həyəcan təbili idi. Bu fəryad idi. Bu "zülməti-

əbədiyi-cəhl"ə qarşı üsyan idi.

Əhməd bəy, elə bil, bizlərə deyirdi ki, daha bəsdir, yetər, daha barama kimi öz qınına qapanıb yaşamaq olmaz, daha 

letargiya yuxusuna qərq olmaq dəhşətlidir. Azərbaycanın o vaxtkı müdrikləri ("Sərbəst insanlar ölkəsində" bu 

müdriklərə pirlər deyilir) xalqı buna səsləyirdilər. Bu amallar uğrunda vuruşurdular.

Əhməd bəyin maneələri də bu idi, keçilməz görünən divarları da, yüzbaşlı divə bənzər "düşməni" də. Bütün həyatının 

məqsədi, amalı, mənası da həmin "divlə" mübarizə idi.

Bu məqsəd, bu amal olmasaydı, Əhməd bəy başqa cür yaşaya bilərdi. Daha sakit, daha firavan. Maneələrsiz, 

zərbələrsiz, hücumlarsız.

Parisdə olarkən, Fransa alimləri, fransız müdrikləri Əhməd bəyin hazırlıqlığını, biliyini görərək ona Parisdə qalmağı 

təklif etdilər. O zaman olduqca məşhur olan Ernst Renan Əhməd bəyə üz tutub söyləmişdi:

- Sən dünya miqyasında alim olacaq səviyyədə bir insansan, məmləkətinə getmə, Şərq səni udar.

Əhməd bəy isə cavabında demişdi ki:

- Şərqin də oxumuş insanlara ehtiyacı var, sizdən öyrəndiklərimi məmləkətimdəki vətəndaşlarıma öyrədəcəyəm.

(Səncə haqlı idi Əhməd bəy, yoxsa Renanın təklifini qəbul etməli idi? İndinin özündə belə əhvalat mümkündürmü? 

Mümkünsə necə həll olunmalıdır? Doğrudanmı Şərq ağıllı adamları "uda bilər"? Bəlkə sinifdəki dostlarınla bu 

mövzuda diskussiya aparasan).

Əhməd bəy olduqca ağıllı və gözüaçıq adam idi. O, yaxşı bilirdi ki, tam olmasa da, Renanın sözlərində bir həqiqət var. 

Artıq bəşəriyyət XVIII yüzildən başlayaraq Maarifçilik dövrünü yaşayırdı. Fransa İnqilabından sonra dünyada 

"Azadlıq. Bərabərlik. Qardaşlıq" şüarı yayılmışdı, insanlar bərabərhüquqlu olduqlarını anlamışdılar. Amerika Birləşmiş 

Ştatlarında "İstiqlal Bəyannaməsi" elan edilmiş və demokratik inkişaf başlamışdı. Hollandiya və İngiltərədəki sənaye 

inqilabından sonra bəşəriyyət elmi-texniki tərəqqi dövrünü yaşayırdı. Başqa ölkələr, başqa xalqlar da bu yolu seçməkdə

idilər. Əhməd bəyin, başqa müdriklərimizin, başqa pirlərimizin istəyi bu idi ki, Azərbaycan da, azərbaycanlılar da bu 

yolun yolçusu olsung

... Və Əhməd bəy onu da başa düşürdü ki, bu yolla getmək üçün "azadlıq" yolunu seçmək lazımdır. Axı insanlar 

"sərbəst" olmalıdırlar. Əhməd bəy ömrünün ilk çağlarında da bu inamla yaşadı, ömrünün son çağında da bu fikri 

təsdiqlədi və  bu inamı gələcək nəsillərə aşılamağı özünə borc bildi.

Parisdə Əhməd bəy bir səhnənin şahidi olub: 1889-cu ildə Böyük Fransa İnqilabının 100-cü ildönümü qeyd edilirdi. 

Qonaqlar arasında İran şahı Nəsrəddin Mirzə də var idi. Əhməd bəy, görün, o hadisəni sonralar necə təsvir edir:

"Şahın tacındakı brilyantlar göz qamaşdırırdı. Köksü də daş-qaşla dolu idi. İri gözləri, qalın, çatma qaşları, dik başı 

təsviri mümkün olmayan bir qürur və özündənrazılıq ifadə edirdi. Sidi Karnakın (Fransanın baş naziri) sadə, qara 



redinqtonu (o vaxtın fraka bənzər geyimi), dik yaxalıqlı bəyaz köynəyi, təvazökar davranışı bu qürur və əda ilə tam 

ziddiyyət meydana gətirirdi. Mən ilk dəfə azad və sərbəst bir milləti təmsil edən baş nazirlə yersiz əzəmət və

qürurlanmanı təmsil edən müstəbidi yan-yana gördüm.

... Gecə idi. Yenə xalqın iki səfi arasından keçirdilər. Şah nə səbəbdənsə çiynindəki kürkü çiyninin ani hərəkəti ilə yerə

atdı və arxasınca gələn sədrəzəmə "Götür!" əmrini verdi. Zavallı sədrəzəm dərhal bütün qələbəliyin gözü önündə yerə

qədər əyildi, kürkü qaldırdı və sanki uşağı götürürmüş kimi məhəbbətlə qolu üzərinə alaraq yürüdü. Şahın bu ədası və

sədrəzəmin bu acizliyi Şərq istibdadının mahiyyətini göstərən aşkar nümunələrdəndir".

Əhməd bəy demokratiyanı, azadlığı, insanın sərbəstliyini seçdi. Bu məqsədlə ömrünün qürub çağında "Sərbəst insanlar 

ölkəsində" kitabını yazdı və yetmiş ildən sonra olsa da, bu kitab Azərbaycan gəncini tapdı. Əhməd bəy "Ön söz" də

yazır ki, anlaşıqlı və çatımlı olması üçün bu kitabda hekayət üslubunu seçib: istibdaddan, şəxsi hakimiyyətdən 

qurtulmuş bir gənc azad və sərbəst ölkəyə düşür, bu ölkənin yaşayışı, düşüncələri, qanunlarıyla tanış olur və bunlara 

alışmağa çalışır...

Əslində, bu hekayət sənin üçün, sənin həmyaşıdların üçün bir düşüncə oyunu olmalıdır. Yaşlılar da bəzən bu oyun 

üslubundan istifadə edir, adını da elə "işgüzar oyun" qoyurlar. Bu teatra bənzər oyun ehtimal olunan şərtləri yoxlamağa 

kömək edir.

Sən də yoldaşlarınla birgə, Əhməd bəyin kitabını oxuya-oxuya, "düşüncə oyununa" qatıla bilərsən. Yəni oyunun 

qaydalarını müəyyənləşdirərək, şərtləşə və "deyək ki" istibdad ölkəsindən gələ bilərsən. Əhməd bəyin sözləri ilə desək: 

o ölkədən ki "xalq- tək şəxsin şıltaq və həvəsinə tabe olduğundan, milyonlarca insan bu şıltaqlıq və həvəsə itaət 

edir".Başqa biriniz, yenə də Əhməd bəyin sözləri ilə desək, tutalım, elə bir ölkədən olar   ki,bu ölkədə "əhalidən hər 

kəsin idarəçiliyə qatılmaq haqqı var və milyonlarca insan bu idarəçiliyə qatılır".

Bu "deyək ki" üsulu ilə iki qütbə bölüşərək bir-birinizə qulaq asa bilsəniz (yəni oyunun qaydalarına əməl etsəniz), yəni 

qeyri-ixtiyari yaranmış hay-küy müzakirəyə çevrilsə, ciddi diskussiya başlanacaq. Çox güman, biriniz deyəcəksiniz ki, 

bizdə istibdad yoxdur, o biriniz deyəcək - var, biriniz deyəcəksiniz ki, insanlar heç vaxt, heç bir ölkədə idarəçiliyə

qatılmır, bu bir yalandır, bu bir xülyadır, o biriniz razılaşmayacaq ki, yox, bu mümkündür, sadəcə olaraq insanlar 

dilənçi kökündə yaşamamalıdır, insanların ləyaqəti olmalıdır, onda onlar idarəçiliyə qatılacaq. Biriniz deyəcəksiniz ki, 

insan heç vaxt azad olmur, sərbəst olmur, həmişə tabeçilikdə yaşayır, evdə də elədir, məktəbdə də. Digəriniz razı 

olmayıb deyəcək ki, azadlığın da, sərbəstliyin də hüdudları olur, amma əsas odur ki, azad, sərbəst olmaq fikrinə

gələsən, kölə olmaq istəməyəsən.

Gümanlarımızı bitirək. Sənə və yoldaşlarına zorla öz fikrimizi yeritmək istəməzdik.. Ola bilsin ki, sizin müzakirə

tamam başqa səmt alsın, amma bütün hallarda Əhməd bəyin istəyi o olub ki, siz bu "oyuna" qoşulasınız. Axı məhz bu 

"oyunda" tədricən sərbəst olmağa alışırsan.

İndi isə "Sərbəst insanlar ölkəsində"n Əhməd bəyin bir neçə kəlamını yada salmaq istəyirik. Bəlkə "düşüncə oyununda" 

sizə kömək etdi:

"Azadlıq doğruya və cəsarətə söykənir"...

"Azadlıq nədir? Sərbəst düşünmək və düşündüyünü sərbəst və səmimi söyləmək deyilmi?"..

"Biliksiz və səysiz azadlıq tam sayılmaz. Belə azadlıq şikəst azadlıqdır"...

"Azad insan ac qalmamalı, dilənçi olmamalıdır. Dilənçilik həm vətəndən, həm də vətəndaşlıqdan ötrü bir ləkədir"...

"Azad olmaqdan ötrü güclü, qoçaq, inadlı olmalısan".

"Xoşbəxt o yerlərdir ki, həm azaddır, həm də özü düşünüb yaradır"...

"Aman Tanrım, bu azadlıq deyilən dirilik suyu nə qədər bərəkətli və hərəkətlidir"...




Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə