Əhməd Ağaoğlu Sərbəst İnsanlar Ölkəsində



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə6/21
tarix23.08.2018
ölçüsü1,05 Mb.
#63891
1   2   3   4   5   6   7   8   9   ...   21

- Anlayıram ki, bu sənədin qaydaları sizin kimi istibdad adətinə alışmış insanlara qəribə görünür. Bir şey soruşum: Sən 

azad və sərbəst olmağa qəti qərar vermisən?

- Söz yox.

- Bu halda özün dəyişməlisən. Axı bütün o saydığın şeylər sənin kölə və əsir olduğun zamanlara aiddir. İndi ki 

zəncirlərini qırmısan, sərbəst olmağa qərar vermisən, bilməlisən ki, yaltaqlıq kölələrin, əsirlərin işidir, ruhun 

alçaqlığına, zəlil və miskin olduğuna dəlildir. Yaltaq adamda şərəf və sayqı-sevgi olmaz. Bu cür adam söz dediyi insanı 

da pozar, onda qürur, təkəbbür, həqiqətə, haqqa dözümsüzlük kimi pis sifətlərin oyanmasına səbəb olar.

İndiyədək Şərq cəmiyyətlərini içindən yeyib gəmirən xəstəliklər arasında bu öygü və yaltaqlıq ən qorxuncu və ən 

pozucusudur. İlan zəhəri kimi beynin və qəlbin lap dərinliyinəcən işləyir, bədəni çürüdüb iflic edir.

Şərq qəsidəxanları - öygü şairləri bilməyib fərqinə varmamaqdan millətlərinə ən çox pislik etmiş insanlardır. Yazdıqları 

parlaq olsa da, o biri yandan mənəvi pozuntulara yol açıblar. Onlar həm də cazibəli olduqlarından, təqlidçilər və

ardıcıllar doğurublar.

Qəribədir ki, bu qəsidələr azad olmaq istəyən eynidurumlu cəmiyyətlərin məktəblərində hələ də ədəbi örnək sayılaraq 

oxutdurulur. Yəni bunların törətdikləri eybəcərliyin fərqində deyillər? Yəni bilmirlər ki, gənclərin qəlbinə, gənclərin 

beyninə şerin, musiqinin təsiri böyükdür?

Nə olur-olsun, azad olmaq istəyən bir cəmiyyətin bu hərəkəti, əkini əkib üzərinə kükürd səpən bir əkinçinin 

hərəkətindən fərqli sayılmaz. İngilis qanunu hələ XV əsrdə kralın öyülməsini onun qınanması qədər yasaq hesab edib. 

Bax budur azad olmaq istəyən bir millətin hərəkəti!!!...

AZADLIQ VƏ ÇUĞULÇULUQ!

- Amma ustad, böyük adamlara sayqı göstərmək haqq və hüquqları tanıyanların vəzifəsi deyilmi?

- Şübhəsiz! Ancaq gerçək sayqı göstərməklə, baş əyməklə yarınmaq və yaltaqlıq tam başqa-başqa şeylərdir.

- Necə yəni başqadır?

- Ç ünki gerçək sayqı və sevgi doğruçuluq və səmimiyyət istəyir. Doğruçuluq və səmimiyyətin şərti də düşünülən fikri

duyulan hissi olduğu kimi söyləməkdir.  Ü rəkdən sevdiyiniz bir adamın, tutalım, oğlunuzun, qardaşınızın, əziz bir 

dostunuzun çatışmazlıqlarını söyləməyi, yalnışlıqlarını düzəltmələri üçün öyüd verməyi özünüzə borc bilməzsiniz

yəni? Millətin yetişdirdiyi böyük adamlar oğuldan, qardaşdan daha əziz, daha qiymətlidir axı.

Axı bunlar ümumi və ortaq səadət və bəxtiyarlığın qaynağıdırlar. Deməli, onlara qarşı daha səmimi, daha doğrucul 

olmaq daha əsaslı bir borc sayılmalıdır. İkiüzlü və yaltaq adamlarsa bunun tam tərsini edirlər.

Böyük adamlara daşımadıqları sifət və qabiliyyətləri də verir, çatışmazlıq və yanlışlıqlarını üstünlük kimi göstərirlər. 

Doğrunu, həqiqəti onlardan gizləyir, onları daim əyri yollara çəkirlər. Bütün bunlar sırf şəxsi mənfəətləri üçün edilir.

Əsasən öz xeyrini güdən və yaltaq adam doğru sözdən qaçar və dost olmaz. Doğruculluq və dostluq kimi yüksək 

sifətlər ruhca kasıb adamların işi deyil. Tale üzünü böyük adamlardan çevirincə, ruhən yoxsullar da həmin adamlara 

arxalarını çevirirlər: yəni onları ələ salır, söyür, onlara hücum çəkir və yenə də qüvvətli tərəfin - yüksək vəzifə əldə

etmiş yeni adamın yan-yörəsində yer tuturlar.

- Çox haqlısınız, ustad! Belə faciəli xəyanətlərin acı mənzərələrinə neçə dəfə şahid olmuşam. O zamanlar vətəndən 

usanmamaq və vətəndaşlardan iyrənməmək üçün özüm-özümlə nə qədər mübarizə aparmışam.

- Elədir! Öz xeyrini güdmək və yaltaqlıq hər hansı cəmiyyəti alçaldan ən qorxunc yollardır.

- Elə isə, ustad, insanlar bundan niyə xoşlanırlar?




- Zəifliklərinə görə! Ancaq bu zaman ən böyük suçu cəmiyyət işlədir. Axı cəmiyyət pis sifətlərin yayılmasına meydan 

verməməlidir. Ç ünki sonda ən çox zərəri də cəmiyyət görəcək.

- Anlamadım, ustad...

- İndi anladaram. Bir ağac üçün çiçək və meyvə nədirsə, bir cəmiyyət üçün də böyük adamlar odur. Məlumdur ki, 

ağacın cinsini yaşadan, onun varlığını göstərən həmin ağacın çiçək və meyvələridir. Cəmiyyətləri də yetişdirdikləri 

böyük adamlar yaşadır, varlığını qoruyur və bu cəmiyyətlərin yüksəlişi üçün yol göstərir.

Doğrudan da, hər hansı cəmiyyətin varlıq qüvvəsi fikir, sənət, elm, hərb və sair sahələrdə yetişdirdiyi böyük adamların 

alışqanlıq və qiymətləri ilə ölçülə bilər. Bu baxımdan böyük adamların yetişdirilməsi, onların qorunması cəmiyyət üçün 

ölüm-qalım məsələsidir. Böyük adamların yetişdiyi zamanlarda ağlı başında olan bir cəmiyyət onlardan bacardıqca çox 

faydalanmağa çalışar, həyatlarının hər dəqiqəsindən bəhrələnməyi özünə məqsəd bilər, onların əməyinin boşa 

çıxmasına və pozulmalarına isə heç dözməz. Axı böyük adamlar hər gün və hər zaman yetişmir. Bəzən bir millət 

əsrlərcə hamilə olduqdan sonra onlardan birini həyata yetirir. Bəzən də bu doğuş əməliyyatı çox çətin və qorxunc olur. 

O səbəbdən ağlı başında olan cəmiyyət elə övladını göz bəbəyi kimi qoruyur və onlardan bacardıqca çox faydalanmağa 

çalışır! Bax, buna görə azad ölkədə öz xeyrini güdüb yarınmaq və yaltaqlanmaq daşlanmaq kimi ağır bir cəza ilə

cəzalanır. Axı o cür pis sifətlər pozucu amillər arasında ən qorxuncudur!

- Anladım, ustad! Bu açıqlamanız keçmişin bir çox qaranlıq və acı tərəflərini aydınlaşdırdı. İndi də, lütfən, 

Nizamnamənin dördüncü maddəsini izah edin.

- Böyük həvəslə. Həmin maddədə deyilir ki: "Xəbərçilik edənlər sərbəst ölkənin vətəndaşı ola bilməzlər".

Bilməlisən ki, azadlıq və çuğulçuluğun yan-yana yaşaması mümkün deyil. Çuğulçuluq olan yerdə azadlıq olmaz, 

azadlıq olan yerdə də ondan-bundan çuğulluq etmək. Təsadüfi deyil ki, istibdadın istifadə etdiyi ən təsirli vasitə

çuğulçuluqdur. İstibdadın ilkin istəyi odur ki, vətəndaşlar arasında tərəddüd və şübhə toxumları səpsin, onların bir-

birinə inam və arxayınçılığına yol verməsin. Bu səbəbdən istibdad quruluşları çuğullamalara böyük önəm verir, gizli 

xəbərçiliyi ən qüdrətli vasitə sayır.

Çuğulçuluğun çiçəkləndiyi yerdə kimsə kimsəyə inanmaz. Hər kəs hər kəsdən hürkər. Doğruçuluq və açıqlıq aradan 

qalxar. Yalan və ikiüzlülük onların yerinə keçər. Birlikdə iş görmək mümkün olmaz. Bu hala düşən cəmiyyətlər sapı 

çürüyüb sökülmüş parçaya bənzəyir, hər cür müqavimət qabiliyyətini itirər və nə zorakılığa qarşı dayanar, nə də elm, 

sənət, ticarət və s. sahələrdə birgə irəliləyə bilər.

Təbii ki, azad ölkə bu qədər zərərli bir şeyə dözməz. Biz vətəndaşlarımızın ruhunda ta uşaqlıqdan bu qorxunc bəlaya 

qarşı nifrət və iyrənmə duyğusu tərbiyə edirik.

Uşaqlarımızın bir-birindən gileylənməsinə pis baxırıq. Bir-birinə böhtan yağdıranlara və bütün günahları bir-birinin 

boynuna atanlara şiddətli cəza veririk. Başqalarına ibrət olmaq üçün yoldaşının hər hansı bir işini xəbər verən uşağı hər 

kəsə göstərir, pis əmələ qurşandığını hamıya bildiririk. Qısası, çuğulçuluğun iyrənc bir bəla olduğunu işimiz və

sözümüzlə uşaqlara aşılayırıq ki, böyüdükdən sonra onlar qanunu güdsün. Beləcə, ölkədə çuğulçuluq aradan qalxır.

- Ustad! Verdiyiniz izahat bütün varlığımı alt-üst etdi. Bir az tək qalmaq, düşünmək istəyirəm. Etiraz etmirsinizsə, bu 

günlük bu qədərlə kifayətlənək.

- Lap yaxşı! İki gündən sonra yenə gələrik, - deyər əlimi sıxıb otaqdan çıxdılar.

BİR MİTİNQ: NATİQLƏRİN SÖZLƏRİ

Ah, bu necə ölkədir?! Sərbəst olmaq nə qədər çətin bir iş imiş!.. Görəsən, alışa biləcəyəmmi? Görəsən, azad ola 

biləcəyəmmi? Əvvəlcə bu iş necə asan gəlirdi! Sən demə, əsl çətinliklər sonra olacaqmış. İnsan ruhu tarixin elə izlərini 

yaşadır ki, adamı da məhz onlar əsirə çevirir. İndi bu izləri bircə-bircə silib-itirmək gərəkdir. Yalan söyləməmək, yalnız 

öz xeyrini güdməmək, qoçaq olmaq, haqqı qorumaq, qorxmamaq, doğru danışmaq... Nə ağır şərtlərdir!

Vəzifə və güc sahibi olan şəxsin yanında necə qorxmayasan, necə doğru danışasan, nə cür yaltaqlıq etməyəsən axı. 

Həmin şəxsi görən kimi, adam öz ödünü udur, başı əsir, boynu öz-özünə əyilir və dili başlayır tərif yağdırmağa!..



Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə