Əhməd Ağaoğlu Sərbəst İnsanlar Ölkəsində



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə8/21
tarix23.08.2018
ölçüsü1,05 Mb.
#63891
1   ...   4   5   6   7   8   9   10   11   ...   21

bənzəyirlər. Halqalardan hər hansı birinə yoluxan bəla dərhal digərlərinə də keçər, onlara da acı çəkdirər, onların da 

rahatlığını pozar və o bəla aradan qalxmayınca bu ümumi və ortaq rahatsızlıq bitmək bilməz.

Burada hər kəs hər kəsin haqq, şərəf, ləyaqət borcunu üstünə götürüb. "Mənə nə?", "Gör, özünü görməzliyə vur", "Bu 

sürüyə intizam dərsi vermək sənəmi qalıb?" kimi ötkəm qaydaların bu şəhərdə kökü kəsilib.

- Ah, ustad! Sizi ləzzətlə, həyəcanla dinləyirəm. Amma nə yazıq ki, indiyədək bütün bu adət-ənənələrin tam tərsinə

alışmışam. Mən özümü necə dəyişdirməliyəm?! Doğrudan da, azad olmaq necə çətinmiş!

- Elədir, oğlum. Azad olmaq asan deyil. Köləlik daha asandır. Kölə özünü başqasının iradəsinə tapşırar, bununla da iş 

bitər. Azad adam isə, əksinə, başqasını düşünməklə üstünə yük götürər. Yadındamı, qala keşikçilərinin ilk sualı -

"Başqalarını sevirsənmi?" oldu. Başqasını sevmək onun yolunda rahatsızlığa, əzab-əziyyətə qatlaşmaq deməkdir. 

Vətəndaş həm özünü, həm də başqasını zülmdən qurtarmaq istəyirsə, yalnız bu yola üz tutmalıdır.

Sən isə indiyə qədər başqa yola alışdın. Öz rahatlığını və qurtuluşunu cəmiyyətdən qıraqda aradın. Təkcə öz ləyaqətini 

düşündün. Bu üzdən həmişə geriyə qaldın, həmişə alçaldın, həmişə rahatsızlıq içində yaşadın. İndi sən azad olmağa 

qərar vermisən. Deməli, özünü tərbiyə etməyə və sərbəst ölkənin qaydalarına alışmağa çalışmalısan.

İçində yaşadığın cəmiyyətin taleyinə biganə qalmamalısan, onun haqqını, hüququnu, çıxarını, şərəf və ləyaqətini 

qorumalısan, onun yoxsullarını, uşaqlarını, avamlarını düşünməlisən. Bundan ötrü qurulmuş yardım, qoruma, oxutma 

və sair qurumlara yazılmalısan. Bu şəhərdə bircə adam da tapılmaz ki, heç olmasa 5-6 ictimai bağla bağlanmış olmasın! 

O üzdən, bu bağların bircəciyinə toxununca, o birilərinin də hamısı tərpənir və bütün cəmiyyət bir tək adam kimi 

hərəkətə başlayır.

- Necə xoşbəxt cəmiyyətdir!

XALQIN YÖNƏLTDİYİ DÖVLƏT!

- İndi mümkünsə, 11-ci maddənin mənasını açıqlayın. Bu maddədə deyilir ki, "Şəhər işləri ilə məşğul olmaq üçün 

yetkin olmaq, yetki qazanmaq şərtdir".

- Oğlum! Bu üsul şəhərin xoşbəxtliyi üçün əsasdır. Azad olmayan ölkələri tək bir şəxs idarə edir. Hökmdar deyilən bu 

adamın iradəsi hakimdir. Hamı ona baş əyməyə borcludur. Belə ölkələrdə vətəndaşların dolanışıq və səadətindən çox, 

həmin şəxsin şıltaqlarının yerinə yetirilməsinə diqqət yetirilir. Buna görə də o adam, səlahiyyəti - yetkisi oldu-olmadı, 

istədiyi şəxsi işə götürə, yaxud işdən azad edə bilər. Belə yerlər işbilməzlər üçün daha sərfəlidir. Axı səriştəyə yox, 

özünü hakim şəxsə bəyəndirə bilmək keyfiyyətinə dəyər verilir. Ara qızışdırmaq, öz xeyrini güdərək ona-buna 

yarınmaq, gözə girmək, hiylə və yalan həmin keyfiyyətin tərkib hissələridir. Beləcə, təkcə ölkənin işləri səriştəsizlərin 

əlində qalmır, həm də hamının əxlaqı pozulur. Gənc nəsil uğur yolunu axtararkən, bilik və ləyaqət örnəyi 

görmədiyindən, elmə, texnikaya, ciddiliyə, çalışqanlığa, doğruçuluğa qiymət verə bilmir və tanışlıqla iş aşırmağa, öz 

xeyri üçün ona-buna yarınmağa, kələkbazlığa, hiylə və yalana meyl salır. İstər adamlar, istərsə dövlət get-gedə alçalır 

və axırda tamam pozulur. İstibdadın idarə etdiyi bütün ölkələrin sonu bu deyilmi? Belə yerlərdə ölkəni uçuruma aparan 

amil əslində istibdadın özü yox, istibdad quruluşunun işıqlı adamları mənən əzib korlamasıdır.

Amma o yerdə ki hakimiyyət xalqın əlindədir, ölkəni xalqın öz arasından seçdiyi adamlar idarə edir. Seçki, təbiəti 

baxımından əxlaqa, ləyaqətə, səriştə və ixtisasa söykənir. Bununla yanaşı bilməlisən ki, istibdad hökm sürən zaman 

dövlət elə də çox işlərə qarışmır, əsgərlik, xarici dövlətlərlə münasibətlər, ölkə içində inzibatçılıqla məşğul olur. Axı 

belə işlər həm məşhurluq gətirir, həm də hakimi əzəmətli göstərir. Ölkənin digər işlərinə ya heç baxılmır, ya da bunlar 

ikinci dərəcəli sayılır. Tutalım, maariflə, ticarətlə, kənd təsərrüfatı ilə, yol çəkilməsi ilə, sənaye ilə istibdad özünü çox 

da yormur. Hamının sağlamlığını və sosial ödənc kimi işləri isə əsla düşünmür. Halbuki millətlər öz talelərini öz 

əllərinə aldıqları zamandan başlayaraq məhz bu işlər dövlət fəaliyyətinin başlıca sahələri olur. Məhz həmin işlər birbaşa 

millətin həyatı ilə bağlıdır. Ancaq sadalanan işləri görmək asan deyil. Səriştəsiz adam onların altından çıxa bilməz. 

Çünki çıxmağa baş istəyir, bilik istəyir. Eyni zamanda dövlət fəaliyyətinin bu cür artması hər bir ölkədə vergiləri 

çoxaldır, ağırlaşdırır, büdcələri şişirdir. Əhalidən yığılan milyonlarca para həmin işlərə xərclənməkdən ötrü beş-on 

adama tapşırılır. Deməli, həmin adamların özünə inamlı və bacarıqlı olmaları təməl şərt olur. Xalq dişindən-

dırnağından kəsib, millət işinə sərf edilmək üçün verdiyi xeyli pulun etibarlı əllərdə olduğuna və səmərə verəcək bir 

tərzdə xərclənəcəyinə inanmalıdır!




Bax, buna görə də xalqın yönəltdiyi dövlət istibdad quruluşunda olduğu kimi, səriştəsizlərin əlində təcrübə taxtası ola 

bilməz. Elə xalq idarəsi ilə istibdad arasındakı əsas fərqlərdən biri də budur ki, istibdadda dövlət adamlarının və

məmurların arxalandıqları güc hökmdarın yaxşılıq və qayğısıdır. Halbuki xalqın yönəltdiyi dövlətdə həmin adamlar 

yalnız xalqın inamına söykənə bilərlər. Bu inam tükənən kimi hökumət və idarəçilik lap təməlindən yıxılmış sayılır. 

Aydın məsələdir ki, xalqın inamını yalnız gözəl əxlaqla, səriştə və ləyaqətlə qazanmaq mümkündür. Yəqin görürsən ki, 

idarə əxlaqı yerində olan, təcrübə və ixtisas sahibi sayılan adamların etdiyi sərbəst ölkələr gündən-günə yüksəlir və

bunun tərsini edən - tək bir şəxsin yönəltdiyi ölkələr hər gün bir az da geriləyir.

- Anladım, ustad! Bu, dəfələrlə sınaqdan keçmiş və təsdiqlənmiş həqiqətdir. Bəs belə olan halda qanunun II maddəsinə

gərək qalırmı?

- Sualınızı anlamadım.

- Demək istəyirəm ki, idarəedənlər bu qədər ehtiyatla seçiləndən sonra onları sınamağa ehtiyac qalırmı ki, bir də II 

maddədə hər vətəndaşın üzərinə bu məmurları nəzarət borcu yüklənir?

- İndi anladım. Bilməlisən ki, sərbəst şəhərdə nəzarət əsasdır. Elə başqa üsullarla sərbəst idarə üsulu arasındakı ən açıq 

və ən köklü fərq də budur.

Azadlıq nəzarətlə varlığını qoruyur. Azadlıq demək - nəzarət deməkdir. Nəzarət olmayan yerdə azadlıq olmaz və ola 

bilməz! Bax buna görə də sərbəst ölkədə nəzarətdən keçirmək vətəndaşların həm haqqıdır, həm borcu. Bu üzdən 

haqqdır ki, onların həyatlarına, müqəddəratlarına aid bir işdir. Ona görə borcdur ki, bu işi görməmək vətəndaşın təməl 

haqqından vaz keçməkdir.

Sərbəst ölkəyə gəlincə, düzdür, ölkədə məmurlar diqqətlə, ciddi şəkildə seçilirlər. Ancaq unutmaq lazım deyil ki, 

hökumət və güc pozucu amillərdir. Budda öz ləyaqətini hamıya göstərmək istədiyi zaman ilk işi o oldu ki, hökumətdən 

çıxdı. İnsanlara hökm etmək ən sayqılı və ən seçmə ruhlarda da hakimlik həvəsi oyadır. Hökumət sürənlər qıraqdan 

baxan, görən və lazım olduğu zaman tənqidə tutub qınayan gözlərin olduğunu bilməzlərsə, özləri fərqində olmasalar 

belə, bu həvəslərini artırar və axırda zorakılıq yoluna düşərlər. O səbəbdən idarə edənlərin öz şərəfləri üçün də

nəzarətin olması lazımdır. Məhz nəzarət onlara daim borclarını xatırladar, bəlli hüdudları aşmamağa çağırar. Nəzarətsiz 

ölkələrdə məmur istərsə çalışar, istərsə çalışmaz, kefinə düşərsə qanuna baxar, düşməzsə baxmaz. Başlıcası odur ki, 

hökmdar ondan razı qalsın! Bax o üzdən belə ölkələrdə məmurların çoxu çalışmaz, qanuna baxmaz, həddini aşar və

nəticədə dövlət fəaliyyətinin faydası heçə enər. Nəzarət olan ölkələrdə isə vəziyyət bambaşqadır!

SƏRBƏST ÖLKƏDƏ NƏZARƏT İŞİ

...Ancaq bunu da unutma ki, nəzarət etmək azad olmaq qədər çətindir. Nəzarət heç də hər kəsin ağzına gələni söyləməsi 

və haqlı-haqsız başqalarını pisləməsi demək deyil. Belə nəzarət nəzarətsizlik qədər iyrənc və zərərlidir. Şəxsiyyəti 

alçaldan böhtan və şayiədən ibarət olan nəzarətə bizdə əsla yol verilmir və buna cəsarət edən hər bir vətəndaş dərhal 

şəhərdən çıxarılır.

Bu şəhərdə nəzarət şərəfli və şərəfin qiymətini bilən insanlara layiq şəkildə, kübarcasına aparılır. Danışığında nəzakət 

gözləmək, tənqid və qınaqlarında şəxsiyyəti alçaltmamaq və əsas məsələdən yayınmamaq burada bir qaydadır. Bu 

qaydadan çıxmamaq şərti ilə sərbəst şəhərdə nəzarət vətəndaşların həm haqqı, həm də borcudur. Bu haqq və borcu 

söylənən kimi ödəməyən bir vətəndaş, yəni hər hansı məmurun işə baxmadığını və ya işindən sui-istifadə etdiyini bilsə

də ona qarşı tədbir görməyən vətəndaş, həmin məmur kimi cəzalandırılır.

- Ustad, çox ağır cəza deyilmi? Özünüz öncə söylədiniz ki, çuğulçuluq suç bilindiyindən cəzalandırılır. Burada isə, onu 

ləyaqət sayırsınız.

- Oğlum! İki şeyi qarışdırırsan. Çuğulçuluq başqa, nəzarət başqa anlayışdır. Çuğulçuluq özünü qoruyaraq iftira və dedi-

qoduya söykənməklə başqasını ləkələməkdir. Nəzarət isə məsələni öyrənərək bəlli qənaətə gələndən sonra mərd və açıq 

şəkildə meydana atılmaqdır; çuğulçunun məqsədi vətəndaşı ləkələmək, faydalandığı vasitə - iftira və şayiədir. 

Nəzarətçinin amacı hamının haqqını qorumaq, faydalandığı vasitə həqiqətdir.

- Fərqi anladım, ustad! Sizi yorduğuma görə üzr istəyirəm. Mümkünsə, 13-cü maddəni də açıqlayın.




Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə