Əkrəm Əylisli Daş yuxular (roman-rekviyem)


Bunu artist düz görmüşdü: Doktor Fərzaninin halı birdən-birə, həqiqətən, dəyişmişdi



Yüklə 490,66 Kb.
səhifə3/9
tarix26.09.2017
ölçüsü490,66 Kb.
#1481
1   2   3   4   5   6   7   8   9

Bunu artist düz görmüşdü: Doktor Fərzaninin halı birdən-birə, həqiqətən, dəyişmişdi.

Və ona görə yox ki, həkimə birdən-birə yorğunluq zor gəlmişdi və yaxud artistin danışdığı əhvalat hansı səbəbdənsə onu açmamışdı. Ona görə ki, indicə artistdən eşitdiyi o sözləri bir vaxt həkim eynilə öz arvadının dilindən eşitmişdi: “SİZİN PEYĞƏMBƏRİNİZ YƏNİ ALLAHDAN DA AĞILLIDIR!” (“Ваш пророк умнее Бога, что ли?”) Bu sözlər Fərid Fərzanini bir vaxt dəhşətə gətirmişdi. Bu sözlərə görə onun Moskvada gül kimi ailəsi dağılmışdı. Və sinninin bu vaxtında onu bu qorxunc, yad şəhərə gətirib çıxaran da, əslində, indi doktor Fərzani üçün büsbütün yeni bir məna kəsb etmiş bu xətalı-bəlalı sözlər olmuşdu.

Dünyanın qəribə işləri var: rus qızı ilə evlənən və Moskva mühitində illər boyu heç bir psixoloji disharmoniya hiss etmədən asudə həyat keçirən bir qız atası Fərid Fərzani, ailəsində bir oğlan uşağı da dünyaya gələndən sonra özündəki ruhi sabitliyi və psixi tarazlığı sanki özündən də xəbərsiz itirməyə başladı. Oğlunun sünnət məsələsi, hələ uşaq körpə ikən, ata üçün ciddi problemə çevrildi. Bu problem uşaq böyüdükcə böyüdü. Və iş gəlib o yerə çatdı ki, bu çarəsiz narahatlığın işıqsız ovqatında doktor əvvəllər heç vaxt görmədiyi qorxulu yuxular görməyə başladı. Və oğlu 12 yaşa çatanda bir səhər Fərid Fərzani öz qəti qərarını arvadına kəskin şəkildə bəyan elədi: “Bu bizim Peyğəmbərin qoyduğu qanundu, - dedi, - mən öz peyğəmbərimin qoyduğu qanunu pozammaram”. Və o gün arvadının dilindən o sözləri eşidəndə həkim hirsindən az qaldı ki, başını divara vursun: “Sizin peyğəmbəriniz yəni Allahdan da ağıllıdı?”

O gün arvadı işə, qızı məktəbə gedəndən sonra doktor Fərzani uşağı yola gətirib, Peyğəmbərin vacib buyurduğu o işi 10-15 dəqiqədəcə asanca yoluna qoydu. Sklifasovsi xəstəxanasının təcrübəli cərrahı üçün su içmək qədərində asan olan bu kiçik əməliyyatdan hər hansı bir fəsad törənəcəyi barədə, söz yox ki, heç düşünməyə də dəyməzdi. Ancaq qorxduğundan, ya nədənsə uşağın hərarəti axşama yaxın 40 dərəcəyə qalxdı. Və doktor Fərzaninin işdən qayıdan arvadı uşağı o halda görəndə heyrətindən bir müddət heç dilini tərpədib danışa da bilmədi. O, nə ərinə bir söz dedi, nə uşağın hərarətini salmaq üçün hər hansı bir səy göstərdi. Dayanıb heyrət və dəhşət içində uşağa tamaşa elədi. Sonra vanna otağına cumub, qapını içəridən bağladı və o bağlı qapının dalından, bəlkə bir saatdan çox, onun hönkürtüsü, hıçqırtısı eşidildi.

Rusun sevgisi-sədaqəti də, sən demə, üzü dönənəcənmiş. Elə ertsəi gün uşaq yatağından durub, evdə rahatca gəzib-dolansa da, Fərzaninin arvadı bu hadisədən sonra ərini bilmərrə insan yerinə qoymadı. Boşanmaq üçün məhkəməyə dərhal ərizə verdi. Moskvanın mərkəzindəki üçotaqlı mənzillərini şəhərin - mərkəzindən uzaq - ayrı-ayrı yerlərində iki ikiotaqlı mənzilə dəyişdirdi. Ailə dağıldı. Moskvada bir neçə il ailəsiz yaşayan Fərid Fərzani 1986-cı ildə Moskvadakı evini bir nəfər bakılı rusla dəyişdirib, Bakıya köçdü və elə köçdüyü gündən öz həyatında necə böyük və bağışlanmaz səhvə yol verdiyini başa düşdü. (Allahın çox səhvini düzəltmək olar, ancaq peyğəmbərin bircə səhvini düzəlt, görüm necə düzəldirsən.)

İnd Fərzaninin oğlu 20 yaşın içindəydi. Ancaq atası üçün hələ də 12 yaşda qalırdı. O 12 yaşlı uşağın günahsız, çaşqın gözləri doktor Fərzanini neçə illərdən bəri qarabaqara izləyirdi. Çünki sünnət edildiyi vaxt bir dəfə də cınqırını çıxarmayan uşaq, atası o işi qurtarandan sonra gözlərini gen-gen açıb atasına elə bir sifətdə baxmışdı ki, o sifəti unutmaq ata ürəyinin qüvvəsi xaricindəydi. Uşağın bu əməli ona heç vaxt bağışlamayacağını doktor Fərzani elə o səhər oğlunun gözlərində -, bütün mümkün çılpaqlığı ilə, açıq-aşkar görmüşdü. Ancaq öz günahının mahiyyətcə nədən ibarət olduğunu həkim sonralar dərk etməyə başladı. Anladı ki, o gün oğlunun bir zərrə dərisini yox, bütövcə barmağını kəssəydi, bunun uşaqdan ötrü heç bir fərqi olmayacaqdı, çünki atasının bu əməlinin nə üçün və nəyin xatirinə edildiyini anlamaq Moskva mühitində böyüyən uşaq üçün mümkün olası iş deyildi. Uşaq, atasının əməlini, sadəcə, özünə qarşı fiziki zorakılıq, heç bir faktiki mənası olmayan qəddarlıq və vəhşilik kimi qəbul eləmişdi. Bu vəhşiliyin məhz onun atası tərəfindən edildiyinə əvvəl son dərəcə təəccüblənmiş, sonra öz uşaq aləmində -, kimsədən xəbərsiz , xəlvətcə sarsılmış və möhkəm təhqir olunmuşdu. İllərboyu oxşayıb-əzizlədiyi sevimli oğul balasının nəzərində özünün birdən-birə necə bir yad məxluqa çevrildiyini o gün həkim uşağın gözlərində açıq-aşkar görmüşdü. Bu yadlığın bir vaxt ötüb-keçəcəyinə ümid bəsləməklə doktor Fərzani özünə boş yerə təskinlik vermişdi. O yadlığı aradan götürməyə atanın zoru çatmamışdı, oğul isə buna heç vaxt cəhd göstərməmişdi. Doktor Fərzaninin Bakıda yaşadığı dövrdə qızı iki dəfə Bakıya gəlmişdi. İndi, heç olmasa, həftədə bir dəfə Moskvadan zəng eləyib, atasının halını xəbər alırdı. Oğlu isə nə bir dəfə Bakıya ayaq qoymuşdu, nə də bircə dəfə Bakıya zəng eləyib atasının kefini soruşmuşdu. (İndi siz də inandınızmı ki, bir uşağın sınmış ürəyini almaq Allahın səhvini düzəltməkdən çox-çox çətin imiş!)



Oğlu doktor Fərzaninin zəif yeriydi.

Və indi artistdən eşitdikləri həkimin bu zəif yerini, deyəsən, bərk tərpətmişdi. Tərpədib böyütmüşdü, böyüdüb, gücləndirb üzə çıxarmışdı. Bu saat həkim, təbiətinə yaraşmayan, bir qəribə mistik-melanxolik ovqat içindəydi. Və bu ovqatdan çıxmaq üçün var gücünü səfərbər etməyə çalışırdı:

-Bu elə anadangəlmə Don Kixotdu ki! – Ovqatındakı dəyişikliyi artistin də hiss etdiyini görən həkim əvvəlki xoş ovqatı qaytarmğa tələsdi. – O Don Kixot elə bunun malıdı ki, var. Sağalanda özünə də deyəcəyəm. – Həkim gülümsəməyə çalışdı. – Necə deyirsən, deyim, deməyim?

Artist heyrətli bir maraqla həkimin üzünə baxdı, çünki “Don Kixot” Saday Sadıqlının ən çox sevdiyi əsər idi və həkimin bu söhbəti salmağı artistdən ötrü tamamilə gözlənilməzdi.

-Deyin, niyə demirsiz? – Yenidən həyəcanlanmış artist əlini cibinə salıb yenə siqaret qutusunu əlləşdirməyə başladı. – Saday Sadıqlı o “Don Kixot”u, bəlkə, 10 dəfə oxuyub. O əsəri yazan Servantes bunun ən sevimli yazıçısıdı. Bizim yazıçılardan Mirzə Fətəli Axundovu hamıdan üstün tutur. Artistlərdən Abbas Mirzəni, Ülvi Rəcəbi, bir də kəttisi Kazım Ziyanı özünə müəllim sayır. Həyatda da, doktor, bircə kumiri var bunun: qayınatası doktor Abasəliyev, bir də kəndlərində bir erməni arvadı olub – Haykanuş adında. O arvaddan da həmişə böyük məhəbbətlə danışır. – Nüvariş Qarabağlı bunları birnəfəsə dedi və əlini cibindən çıxarıb, olduca məzlum bir görkəmdə həkimin üzünə baxdı.

Doktor Fərzani də “Don Kixot”u oxumuşdu. Mirzə Fətəli Axundovun adını eşitmişdi. Artistlərdən heç birinin heç adını da eşitməmişdi. O Haykanuşu da həkim, söz yox ki, tanıya bilməzdi. Ancaq doktor Abasəliyevi çox yaxşı tanıyırdı. Moskvada, Leninqradda, Praqada, Varşavada - müxtəlif tibbi simpioziumlarda bir vaxt onlar dönə-dönə görüşmüşdülər.

-Doktor Abasəliyevin qızı harda işləyir?

-Əvvəl leçkomissiyada işləyirdi, doktor. İndi Neftçilər prospektində bir təzə diş poliklinikası açılıb, iki aydı orda işləyir. – Artist saatına baxdı. – Ancaq indi işdə olmaz, doktor. Evdə olar.

-Axı deyirdin ki, bu günlər evdə olmur. Mərdəkana atasının yanına gedir.

-Gedir, bəli... – Artistin beyninin içinə sanki birdən-birə işıq doldu. – Bu gün bazardı da, hə, doktor?! Kül mənim gic başıma, bayaqdan canımı dərd alıb ki, gedib Azadə xanıma nə deyəcəyəm. Bu lap əla iş oldu. Qoy Azadə xanım hələlik heç nə bilməsin. Sabah, inşallah, halı bir az düzələr, huşu yerinə gələr, Azadə xanım üçün də bir o qədər ağır olmaz ərini görmək. Elə bir-birilərin də bunnar həddən ziyadə çox istəyir. Sonsuz olduqlarına görə bir-birlərin olmayan uşağın əvəzinə, hələ bir az da artıq istəyirlər. – Artist söhbətini bitirib gözucu stolun üstünə baxdı. –İcazə verin, yığışdırım buranı.

-Narahat olma, gəlib yığışdıracaqlar. – Həkim yarısınacan boşalmış qrafini götürüb soyuducuya qoydu. – Səndə Azadə xanımın telefonu var?

-İş yerininki yoxdu, ancaq evlərinin telefonu var məndə.

-Onu yaz, qoy bura. Yəqin doktor Abasəliyevin də bağda telefonu olmamış olmaz.

-Olmağına var, doktor. Ancaq mən o telefonun nömrəsini bilmirəm.

Doktor Fərzani əl tutub artistlə vidalaşdı:

-Sən get, yaxşı-yaxşı dincəl bu gecə. Hələ mənim işim çoxdu.

Nüvariş Qarabağlı:

-Doktor! – dedi və elə bir məzlum sifətdə həkimin üzünə baxdı ki, onun nə demək istədiyni həkim sözsüz də anlaya bildi.

-Palataya getməyəcəyik, - dedi. – Mənası yoxdur. Hər şey qaydasındadı, qorxma. Bir şey olsaydı, mənə deyərdilər. Xəstəni əla palataya yerləşdirmişəm, sonra gəlib görəcəksən. Telefonu, televizoru – palata deyil, xan sarayıdı. – Artistin yazıb stolun üstünə qoyduğu telefon nömrəsinə baxdı.- Ailəsiynən də əlaqə saxlayacağam, - dedi. – Sən qətiyyən narahat olma.

Xəstəxana binasından çıxanda Nüvariş Qarabağlının beyninə yeləşən birinci bu oldu ki, gedib Parapet bağının yanındakı fontanlı hovuza baxsın.

Görsün, o qoca erməninin ölüsünü o hovuzdan çıxarıblar, yoxsa o ölü o soyuq suyun içində hələ də qalır?

O ölünün o suda qalıb-qalmamağının onu nəyə görə maraqlandırdığını, söz yox ki, Nüvariş Qarabağlının heç özü də bilmirdi. Ancaq o suyun soyuqluğunu artist sanki öz canında hiss eləyirdi. Və nə qədər qəribə olsa da, artistə elə gəlird ki, əgər o qoca erməninin meyidi bu gecəni o soyuq suda qalsa, bu dünyanın onsuz da pozulmuş nizamı bu hesaba bir az da artıq dərəcədə pozula bilər.

O hovuza yaxın düşməyə Nüvariş Qarabağlının cəsarəti çatmadı. Hələ gedib, Parapet bağına yetişməmiş bir qəribə köməksizlik və çarəsizlik, bir qara zülmət kimi, onun içinə doldu.



Gecəydi: 1989-cu ilin soyuq dekabr gecəsi.

Və 1989-cu ilin o soyuq dekabr gecəsi Nüvariş Qarabağlı öz evinə getməkdən yenə yaman qorxurdu. Artistin qəlbində, ruhunda köməksizlik, çarəsizlik ovqatını törədən də elə o qorxu idi.

Qınayan olmasaydı, təzədən xəstəxanaya qayıdardı. Gedib, doktor Fərzaniyə yalvarıb, o xəstəxanada bircə gecəliyə də olsa, özünə yer istəyərdi: bircə xəstəxana koykası – hansı palatada olur-olsun... Və xəstəxanadan uzaqlaşdıqca artist öz tənhalığının fiziki ağrısını get-gedə daha artıq dərəcədə hiss etməyə başlayırdı və doktor Fərzani ilə bir yerdə keçirdiyi o axşam ondan ötrü - elə indidəncə bir uzaq və xoş xatirəyə çevrilirdi.

Xüsusi palatada yerləşdirdiyi Saday Sadıqlının yanında oturmağı doktor Fərzani gündüz əməliyyatda iştirak edən ahıl qadına – yaşı 70-i ötmüş, stajlı və təcrübəli tibb bacısı Münəvvər xanıma tapşırmışdı.

Ömrünün 50 ildən çoxunu elə bu xəstəxanadaca yola vermiş Münəvvər xanıma xəstəxananın köhnə işçiləri “Mira xanım” deyirdilər. Ona “Mina xanım” deyənlər də vardı. Doktor Fərzaniyə gəldikdə, bu işbilən, üzüyola köhnə tibb bacısını hansı vaxt, hansı formada çağırmaq həkimin ovqatının necə olmağından asılıydı. Təxminən, özü yaşda olan bu ağbirçək qadına - kefinin adi vaxtlarında - həkim ya sadəcə “Münəvvər”, ya da ərklə “bacı” deyirdi. Ancaq özünün rəhbərlik elədiyi Travmatologiya və cərrahiyyə şöbəsinin bu əvəzsiz işçisinə kefinin saz vaxtlarında onun hərdənbir “Minaşa” deməyi də olurdu. Və bu sözü həkimin dilindən bircə dəfə eşitmək Münəvvər xanımın xoşbaxtlığı üçün xeyli vaxt bəs eləyirdi.

Hər bir cərrahiyyə əməliyyatından sonra öz kabinetinə çəkilib bir-iki qədəh araq içmək doktor Fərzaninin dəyişməz adətiydi. Heç cərrahiyyə işi olmayanda da həmişə axşamtərəfi həkim kabinetinin qapısını içəridən bağlayıb, özünü bir müddət xəstəxana həyatından təcrid eləyirdi. O arağı da həkim həmişə tək içirdi. Ancaq bu gün ilk dəfəydi ki, doktor Fərzani öz kabinetində tək deyildi. Və buna görə tibb bacısı dərin narahatlıq keçirirdi: bir tərəfdən bu gün həkimin həmişəki normasından artıq içəcəyindən qorxurdu, o biri tərəfdən də təkliyini yalnız onunla bölüşən doktor Fərzaninin öz kabinetində kiminləsə bir yerdə olmağına ürəyində əməllicə qısqanırdı. Üstəlik, Fərid Fərzaninin xəstəni yuxarı nomenklatur üçün nəzərdə tutulan və bilavasitə Baş həkimin nəzarətində olan bu palataya bəlkə Baş həkimdən icazəsiz yerləşdirməyi də vasvası və qanunpərəst Münəvvər xanıma əlavə narahatlıq gətirirdi.

-Bu da mən, Minaşa! – Xalatını çiyninə salmış doktor Fərzani, palataya daxil olan kimi, qocaman tibb bacısını bu sözlərlə salamladı.

“Minaşa” sözünün istisi-işığı yenə yağ kimi Münəvvər xanımın ruhi varlığının bütün hüceyrələrinə yayıldı. Fikirləşdi ki, yəqin, Maşa Moskvadan zəng eləyib, çünki qızı Məryəmin o, hər telefon zəngindən sonra o, doktor Fərzanini həmişə sevinən, fərəhlənən görmüşdü.

-Bizim bu artlst qardaş, deyəsən, o dünyadan qayıtmaq istəmir axı. – Həkim Saday Sadıqlının nəbzini yoxlaya-yoxlaya dedi. – Amma ürək də ürəkdi ha, Minaşa. Canında salamat yer qalmayıb, ancaq ürək saat kimi vurur.

-Mən bunun elə vaxtlarını görmüşəm ki, Fərid Qasanoviç! – Tibb bacısı xəyallı-həyəcanlı, yanıqlı səslə dedi. – Vaxt vardı, bunun rollarna görə camaat axın-axın teatra axışardı. Bunun Aydını oynamağın kaş Siz də görəydiz, doktor. O rolu elə qəşəng oynayırdı ki, zalda kişilərin də gözündən yaş tökülürdü. – Qəhərlənmiş tibb bacısı gözlərinin yaşını zorla saxlayırdı. –Görürsüz də, sifətindən işıq yağır. Bu qədər əzabdan sonra, doktor! Bayaqdan yanında oturmuşam, üzünə baxmaqdan doyammıram.

Həkim:


-Hə, zor adamdı, - dedi. –Dostundan da çox xoşum gəldi. Ağlından da, elə vurmağından da. – Barmaqlarını Saday Sadıqlının sarışın saçlarının arasında gəzdirib, xəstənin baş nahiyəsndə şiş, ya sınıq yeri axtara-axtara davam elədi: - Bu igidin də vaveyla günləri varmış, Münəvvər! Bala Artist (həkim Nüvariş Qarabağlının boyunun balacalığını nəzərdə tuturdu) bayaqdan danışırdı mənə. Deyir, heç Heydər Əliyevi də saymırmış. Kefinin saz vaxtlarında hələ Peyğəmbərin də hərdənbir gorun qurdalayırmış.

Ancaq Münəvvər xanım hələ də özünün bayaqkı aləmindəydi, həkimin sözlərinə qulaq asmırdı.

-Biz həmişə beləyik də, doktor. Yaxşı insanlarımızın sağlığında qədrini bilmirik.

Həkim xəstənin çarpayısından aralanıb pəncərəyə yaxınlaşdı. Oradan alaqaranlıq, boş və kimsəsiz küçəyə baxıb, qayıdıb Münəvvər xanımın yanında kresloda əyləşdi.

-Xəstəmiz Zülfü Abasəliyevin kürəkəniymiş, Minaşa, - dedi. -Zülfünü tanımamış olmazsan. Qızı da stamatoloqdu. Adı Azadə xanımdı. Zülfünün özü bağda qalır – Mərdəkanda. Qızı bu bazar günləri həmişə ora gedir – atasına baş çəkməyə. Deməli, o Azadə xanım bu gün Mərdəkanda olmalıdı. Ordan da, bala artistin dediyinə görə, sabah işə gedəcək. Evlərinin telefonunu aldım. Ancaq o Azadə xanımı sabah iş yerində tapaq gərək.

-Taparıq. Doktor Abasəliyevin qızını bu şəhərdə tapmağa nə var. – Tibb bacısının səsi dəyişdi. - Ancaq, doktor, bura xəstə yerləşdirməyimizi bəlkə Baş həkimə deyəydiniz. Etika xatirinə. Birdən inciyər, deyirəm. Aranızda narazılıq olar.

-Demişəm... – Həkim könülsüz dilləndi və oturduğu kreslodan qalxıb yenə pəncərəyə yaxınlaşdı.

Tibb bacısının çiynindən sanki dağ götürüdü. Cəld hərəkətlə ayağa durub, sevinə-sevinə qapıya tərəf getdi.

-Gedim, kabinetə əl gəzdirim, - dedi və qapıdan çıxandan sonra bir də geri dönüb soruşdu. – Çayınızı bura gətirim?

-Bura gətir. Ancaq baş həkimdən icazə al, sonra. – Doktor Fərzani zarafatından qalmadı.



Tibb bacısı palatadan çıxandan sonra yenə həkim pəncərəyə yaxınlaşdı.

Bu xasiyyət onda son vaxtlar peyda olmuşdu: gecələr pəncərənin qabağında dayanıb, şəhərin boş küçələrinə heç olmasa 5-10 dəqiqə mütləq tamaşa eləyirdi.Xüsusən yağışlı-çüskinli havalarda xəyalında doktor Fərzani Bakının küçələrini Moskvanın küçələrinə asanca oxşada bilirdi. Ömrünün ən rahat, ən xoşbəxt çağlarında hər gecə yatmazdan qabaq bir-iki saat ləzzətlə gəzib-dolandığı bir sakit Moskva küçəsinin oksigen və ümid dolu havasında sanki yenidən nəfəs alırdı. O küçənin indi də orada öz yerində olduğunu düşünüb, bundan özü üçün bir qəribə - şirin həsrət dolu - təskinlik tapırdı. Qəribə burasındaydı ki, hələ 5-6 yaşda ikən İranda – gözəl Urmiyə şəhərinin, Sır dağına bitişik, səfalı bir guşəsində həmişəlik qoyub gəldiyi dədə-baba evlərini də doktor Fərzani məhz bu son vaxtlarda daha tez-tez yuxuda görməyə başlamışdı. Urmiyədəki o ikimərtəbəli, eyvanlı, aynabəndli evin cənnət kimi gözəl həyəti, o həyətdəki əriyin, almanın, şaftalının yazda çiçəyinin, yayda meyvəsinin al-əlvan boyalar-rənglər dünyası, xüsusilə də həyətin lap qabağında budaqları hər yandan eyvana sallanan qocaman tut ağacının payız yarpaqlarının kəhrəba sarısı son zamanlar doktor Fərzaninin az qala, hər gecə yuxusuna girirdi... Bakının pəncərədən görünən boş küçələrilə doktor Fərzaninin xəyalı nədənsə yalnız geriyə - ömrünün yaşanmış, bitib-tükənmiş çağlarına doğru yol tapıb gedə bilirdi. Bu küçələrlə irəliyə, qabağa, gələcəyə getmək üçün sanki yol yox idi.

Qəribəydi, artıq bir neçə aydı ki, nəinki gecələr, hətta gündüzlər də Bakının küçələrində tək-tək, yaxud cüt-cüt gəzən adamlar heç yerdə gözə dəymirdi. İndi bu şəhərdə insanlar sürü-sürü, dəstə-dəstə gəzirdilər. Və danışmağın, söz deməyin külli-ixtiyarı da sanki yalnız sürü-sürü, dəstə-dəstə gəzən bu insanlara verilmişdi. Sanki bu şəhərdə daha heç kəs özü deyildi. Elə bil 5-10 nəfər ürəksiz, beyinsiz, allahsız və şəxsiyyətsizin minlərlə nüsxəsini çıxarıb, şəhərin canına buraxmışdılar və maraqlı burasıydı ki, bu adamların gecəli-gündüzlü bağıra-bağıra dediyi sözlərin miqdarı da, təxminən, ibtidai insanların ov vaxtı işlətdiyi sözlərin sayı qədərindəydi:

A-zad-lıq!

İs-te-fa!

Qa-ra-bağ!

..................

Və lap bu son günlərdə bu adamlar üç kəlmə sözün hesabına öz dillərinin lüğət fondunu bir qədər zənginləşdirə bilmişdilər:

Er-mə-ni-sən!

Öl-mə-li-sən!

Vəs-sa-lam!

Doktor Fərzani ürəyində iki dəfə “Vəssalam! Vəssalam”” deyib pəncərədən aralandı.

Deyəsən, xəstənin gözündən bir damcı yaş çıxmışdı. Və o bir damcı göz yaşının axdığı yer artistin sifətində bir dümdüz xətt boyunca aydınca ağarırdı.

İkinci fəsil
Allah, aman Allah, de görüm,

Sən Əylisi yaratmısan,

yoxsa Əylis səni yarardıb?

Bura haraydı, Allah!

Çayın dikindən üzüyuxarı dağın döşünəcən uzanıb gedən bu nəhayətsiz pillələr-səkilər dünyası, görən, doğrudanmı, Əylisdə idi?... Bu necə Əylis idi ki, onun bircə dar dərəsi birdən-birə böyüyüb dünyanın özü boyda olmuşdu. Görəsən, Əylismi bu qədər böyümüşdü, yoxsa dünyanın daşdanhörmə nə qədər pilləsi var, hamısını hər yerdən köçürüb, Əylisin bircə dar dərəsində - göz işlədikcə - eninə-uzununa düzmüşdülər.

Bura haraydı, Allah!

Bəlkə Mesopotamiyadakı Babilim Allahının daş darvazası idi? Bəlkə, Akropoldu bura?... Bu pillələr, səkilər bəlkə altdan-yuxarı - birbaşa Parfenon məbədinə tərəf gedirdi və bu qövsşəkilli pillələr, görəsən, Dionis teatrının daş oturacaqlarına niyə bu qədər oxşayırdı?...

Əylisin “Vurağırd”* deyilən yuxarı məhəlləsindəki bu daş dünyanın adına bəlkə HARMONİYA da demək olardı. Ancaq bunu demək hələ ki, mümkün deyildi. Çünki Saday Sadıqlının dayandığı o daş səkinin üstündən Əylisin “Vurağırd” deyilən yuxarı məhəlləsindəki daş kilsənin hələ ki, bir daşı da görünmürdü. Bir də artist o mistik-möcüzəli daşlar dünyasına axı məhz o harmoniyanı axtara-axtara gəlib çıxmışdı və əgər artistin gördüyü o harmoniyanın özüydüsə, daha bundan sonra onun yol getməyinin nə mənası vardı?... Görməyə can atdığı o yeri heç olmasa uzaqdan-uzağa görmək üçün o daş pillələrlə artist hələ uzun müddət sürünə-sürünə üzüyuxarı dırmaşmalıydı, çünki onun ayaqları yerimirdi, qolları sözünə baxmırdı, başının ağırlığı bədəninin hərəkətinə mane olurdu. Bircə pillə yuxarı qalxan kimi artistin var qüvvəsi tükənirdi. Və Saday Sadıqlı o sonsuz-nəhayətsiz pillələr-səkilər dünyasının bir soyuq daş səkisinin üstündə halsız-heysiz uzanıb, bir azca özünə gəlirdi və hələ bir daşı da görünməyən o daş kilsəyə doğru yenidən yol başlayırdı. Və artist hər dəfə hərəkət elədikcə üstündə uzandığı səkilər yerindən tərpənirdi. Çayın dikindən göyün ətəyinəcən uzanıb gedən o pilləli daş dünyada aramsız zəlzələlər baş verirdi – səkilər çalxalanırdı, silkələnirdi və çalxanıb-silkələnən o daş dünya ilə birgə Saday Sadıqlı da yenə harada olduğunu və nəyi axtardığını büsbütün yaddan çıxarıb yoxluğun və heçliyin qatı qaranlıqlarna gömülürdü.

______


*Vurağırt, yaxud Vurağırd – ermənicə Vardakert yer adının təhrif edilmiş deyilişi)
Öz huşsuz dünyasında artist huşunu itirəndən bəri bu halı yaşamaqdaydı.

Bu gün səhər sat 11-lə 12 arasında evdən çıxıb ümidsiz və ölgün bir vəziyyətdə Parapet bağına sarı yol gedəndə hansısa sirli-sehrli bir qüvvə Saday Sadıqlının xəyalını yenə çəkib Eçmiədzinə aparmışdı. Eçmiədzini Saday Sadıqlı həyatda heç vaxt görməmişdi. Ancaq bu son bir neçə günün içində az qala hər gecə yuxusnda hansısa sərt daşların arası ilə Eçmiədzin yolu gemişdi və bu yuxuların birində məhz “Vurağırd” kilsəsinə gedən o yolun ortasında haçansa kitablarda, kinolarda gördüyü saysız-hesabsız pillələrin-səkilərin arasında çaşıb qalmışdı.

Eçmiədzinə gedib şəxsən Katalikosun xeyir-duası ilə xristianlığı qəbul eləmək və orada ömürlük rahib olub, Allahdan öz millətinə rəhm diləmək arzusu Saday Sadıqlının ürəyində Sumqayıtdakı erməni qırğınından bir müddət sonra, elə gecələrin birində qəflətən baş qaldırmışdı. Özünün bu arzuya yuxuda, ya oyaq ikən düşdüyünü sonralar Saday Sadıqlı anlayıb ayırd edə bilməmişdi. Ancaq o gecənin səhəri artist heyrətamiz bir xoşbəxtlik içində yataqdan qalxmışdı, əl-üzünü sevinə-sevinə yumuşdu, çörəyini iştahla yeyib, çayını ləzzətlə içmişdi. Və özünü saxlaya bilməyib, ağlına təzəcə yerləşən bu fantastik niyyəti arvadına elə bir coşqun təblə bildirmişdi ki, ərinin ruhi vəziyyətinə görə son vaxtlar onsuz da ciddi narahatlıq keçirən Azadə xanım o gün işdə bütün günü özünə yer tapmamışdı və axşam Mərdəkana zəng eləyib bu təzə əhvalatı, az qala ağlaya-ağlaya, atasına da xəbər vermişdi.

Həkimliklə birdəfəlik vidalaşıb, hələ tələbəlik dövründən yığıb- topladığı cürbəcür mənbələrdən inanılmaz bir həvəslə Əylisn tarixinə dair faktlar axtarmaqla məşğul olan doktor Abasəliyev kürəkəninin psixi vəziyyətinə diaqnoz qoymaqda çətinlik çəkməmişdi. “Maniakal depressiv sindrom” demişdi və sanki bu sözlərin pedantik ciddiliyindən xəcalət çəkdiyinə görə, elə o saatca da gülüb zarafat keçmişdi:

-Olmaya Katalikosu sünnət eləməyə gedir? – demişdi. - Qoy getsin, yoldan saxlama. Bərk getsə, gedib Vurağırda çıxacaq. – Sonra mövzunu dəyişib, 15-20 yaşlı cavan oğlan kimi, öz yeni məşğuliyyətilə öyünməyə başlamışdı. – O eməni tacirin gündəliyin dünən bir kitabın arasından tapdım, Asya!... O Zakari – Zəkəriyyə bir elə savadlı adam olmayıb. Yaxşı tacir olub. Gündəliyi də yalnız bu məqsədlə yazıb ki, özündən sonrakı tacirlər də əsas ticarət yollarını tanıyıb bilsin. Ancaq oxuyuram, başımdan tüstü çıxır, Asya, bu adam Əylisi necə sevirmiş!... Mat qalıram, Əylis nəymiş axı o ermənilər üçün? Daşının-çınqılının miqdarı suyundan, torpağından milyon dəfə çox olan o qurdulayan, ilanmələyən quru dağların arasında o cənnəti yaratmaq bunnarın nəyinə lazımmış? Dünyada yermi qəhətmiş erməni üçün?.. O Eçmiədzin nə hesaba o cür ad qazanıb, deyə bilmərəm. Mən orda 3-4 dəfə olmuşam. Ancaq bu yaşımda hələ indi-indi baxıb görürəm ki, Allahın əsil evi Əylisdəymiş. O Eçmiədzin Əylisin yanında malakasosdu, burnufırtıqlı uşaqdı. Sadaya de ki, Eçmiədzin Katalikosundan ona müəllim çıxmaz. Gəlsin bura, özüm dərsini verim.

O gün doktor Abasəliyev telefonda Əylisin barəsində qızına az qala bir saat mühazirə oxumuşdu. Və o telefon söhbətindən sonra toxtayib-sakitləşmək əvəzinə Azadə xanım bir az da artıq dərəcədə bədbinləşib, büsbütün məyus olmuşdu: ona elə gəlmişdi ki, məmləkətin bütün kişiləri bir ucdan dəli olmağa başlayır.

Bizim bu Vang kilsəsi ki var, Eçmiədzindəki kilsənin eynilə kopyasıdır”.

Bu sözləri doktor Abasəliyev öz gələcək kürəkəninə bir vaxt elə o kilsənin həyətində demişdi. Bəs Eçmiədzinə gedən o uzun, uzaq yollardan birinin də məhz Əylisin Vang kilsəsindən keçdiyini görən artist hardan və nədən bilirdi?..

Hər halda, onun min bir müsibətlə, santim-santim, qarış-qarış üzüyuxarı dırmaşdığı Vurağırda bənzər o səkili-pilləkənli daş dünya artıq arxada qalmışdı.

Bu ki Vang kilsəsiydi, Allah...

Günəşin sarımtıl-çəhrayı işığı - qələmə kimi dikinə uzanıb gedən - uca gilas ağacının baş budaqlarının arasından o kilsənin daş günbəzinin düz ortasına düşmüşdü və günbəzdən xeyli o yandakı dağın təpəsində də eynən o rəngdə, o biçimdə sarımtıl-çəhrayı işıq görünürdü. O gümbəzin üstündə və o dağın təpəsində hərdənbir peyda olub, sonra yavaş-yavaş sönüb gedən o işığı, günlərin bir xoş günü, Saday Sadıqlı ALLAHIN TƏBƏSSÜMÜNƏ, Tanrının gözünün işığına bənzətmişdi. Bunu Allahın özü də çoxdan bilirdi. Və əgər Allahın rizası olmasaydı, indi Bakıda xəstəxana koykasında huşsuz uzanmış Saday Sadıqlı Əylisin o Vang kilsəsini, kilsənin günbəzindəki sarımtıl-çəhrayı işığı, o həyəti, bağ-bağçanı və qələmə kimi dikinə uzanıb gedən o uca gilas ağacını bu qədər yaxından, bu qədər diri və canlı şəkildə necə görə bilərdi!..


Yüklə 490,66 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə