Əkrəm Əylisli Daş yuxular (roman-rekviyem)


Yay idi, yayn əvvəlləriydi. 1952-ci ilin iyun ayı



Yüklə 490,66 Kb.
səhifə4/9
tarix26.09.2017
ölçüsü490,66 Kb.
#1481
1   2   3   4   5   6   7   8   9

Yay idi, yayn əvvəlləriydi. 1952-ci ilin iyun ayı.

Pişpişələr çoxdan sovuşmuşdu. İydənin, yasəmənin, akasiyanın salxım-salxım çiçəyi hələ ağacların üstündəydi. Bir də Əylisdə hamının“Anıx” dediyi Aniko arvadın o kilsənin qabağındakı uzun xiyaban boyunca əkdiyi rəngbərəng, cürbəcür çiçəklər ... Bir də - o kilsənin yaxınlığında yaşayan (kilsəyə ot yığan, saman yığan, odun yığan) Mirəli kişinin kilsə həyətində əkdiyi, hələ təzə-təzə gül açan günəbaxanlarn ürəyə işıq salan sarısı. Hələ dən tutmamış noxudunun, lobyasının, qağıdalısının ürəyi yerindən oynadan tərtəmiz, səpsərin yaşıllığı...

Bir uca kilsənin günbəzindəki o sarımtıl-çəhrayı işıq özü kimi uca dağlara yenə bu dünyanın bir zamankı təmizliyindən və gözəlliyindən danışırdı. O gün o Lüsik də yenə orda - kilsələr gözəli Vang kilsəsinin həyətindəydi. Haykanuşun nəvəsi 13-14 yaşlı rəssam Lüsik. O Lüsik o yay birinci dəfəydi ki, özünün yay tətilini keçirmək üçün Yerevandan Əylisə gəlmişdi və elə gəldiyi ilk gündəcə kilsənin həyətindən çııxmaq bilmirdi. Bir kilsənin şəklini axı neçə dəfə çəkmək olardı?.. Bəlkə, kilsə bəhanəydi. Kilsənin uca günbəzində və qarşıdakı uca dağın döşündə səhərdən-səhərə, axşamdan-axşama peyda olan o çəhrayı işığı elə o Lüsik də bəlkə Allahın təbəssümünə bənzədirdi və Allahın təbəssümünün də şəklini çəkməyin mümkün olduğuna inandığına görə kilsənin həyətində lövbər salıb bütün günü şəkil çəkirdi?.. O kilsənin Eçmiədzin kilsəsinin “eynilə kopyası” olduğunu bəlkə Lüsik elə o vaxtlar da bilirdi. Ancaq Sadayın bunu bilməyinə hələ çox qalırdı.

Onda Saday öz gələcək qayınatasının heç adını da eşitməmişdi.



Doktor Abasəliyevin - uzun illərdən sonra - bir yay qızı Azadə ilə Əylisdə görünməyi kənddə böyük hadisə oldu. 60-cı illərin əvvəliydi, Saday institutda oxuyurdu.

Zülfü Abasəliyevin atası Hacı Həsən İranda, İraqda, Anadoluda neçə illər tacirlik eləmişdi və onun Əylisdə də özünə görə torpağı, təsərrüfatı, mal-mülkü olmuşdu.

Əylisdəki erməni-müsəlman davasından, deyilənə görə, Hacı Həsən İsfahanda xəbər tutmuşdu və elə o İsfahandan qayıdan kimi də evinin ən dəyərli əşyalarını götürüb, ailəliklə həmişəlik Bakıya köçmüşdü.

Doktor Abasəliyev Əylisə gələndə onların müsəlman məhəlləsindəki ikimərtəbəli evlərinin üst mərtəbəsi, demək olar ki, tamam uçub-dağılmışdı. Alt mərtəbədə bir-iki nisbətən salamat otaq qalmışdı. Zülfü Abasəliyev o otaqların birini sahmana salıb, orada qızı ilə otura-otura o həyətin başqa bir yerində özünə - birotaqlı, birdəhlizli - xırdaca bir təzə ev də tikdirməyə başladı və kənd camaatının fəal köməyilə bəlkə heç bir ay da keçməmiş tikintini başa çatdırıb, hələ evin damına (o vaxt Əylisin heç bir damında olmayan) şifer də saldıra bildi.

Elə o evi tikdirə-tikdirə doktor Abasəliyev gəzməyindən, istirahətindən də qalmırdı. Hər səhər hələ gün çıxmamış evindən Vang kilsəsinəcən uzun bir yol gedirdi. Gedib orda kilsənin həyətindəki çeşmənin göz giləsi kimi dumduru sərin suyunda əl-üzünü yuyurdu, o sudan acqarına bir stəkan içirdi və Bakıdan gətirdiyi termosuna da su doldurub, evdə də içməyə aparırdı.

Abasəliyevlərin Əylisdə nəsilliklə böyük hörməti vardı. Bu hörməti doktor Abasəliyev hər an, hər addımda görürdü. Buna, söz yox ki, çox sevinirdi. Və bu hörmət və ehtiram o yay onun kənddə keçirdiyi günlərin ləzzətini bir az da artırırdı, kənddəki rahatlığına, sərbəstliyinə geniş şərait yaradırdı və üstəlik, məşhur həkimin kəndin camaatı ilə ünsiyyətini sadələşdirir və asanlaşdırırdı.

Doktor Abasəliyev istədiyi evin qapısını açıb ev yiyəsilə rahatca söhbət edə bilirdi. Darvazasının ağzını süpürməyən və çayın qırağına zibil tökən arvadları ərklə danlayırdı. Xəstələrə ürək-dirək verirdi. Kasıb-kusuba imkanı daxilində əl tuturdu... Vang kilsəsini özü üçün anbara döndərən Mirəli kişiyə bircə dəfə təpinməklə doktor Abasəliyev erməni Anikonun həmin o Mirəli kişi ilə illərdən bəri döydüyü davaya da, nəhayət, son qoya bilmişdi: Mirəli kişi bircə günün içində həm o kilsəni boşaltmışdı, həm də onu yaxşıca sildirib-süpürtdürüb, açarını öz əlilə Anikoya təhvil vermişdi.

Doktor Abasəliyevin dediyinə görə, Əylisdə bir zamanlar 12 kilsə olmuşdu.

Saday Sadıqlı o kilsələrin 8-nin yerini tanıyırdı. O biri 4 kilsənin yeri-yurdu heç doktor Abasəliyevin özünə də məlum deyildi. Və əslinə qalsa, o 8 kilsənin də hamısına kilsə demək mümkün deyildi, çünki o kilsələrin indi yalnız uçuq divarları qalmışdı.

O uçuq kilsələrin ən qədiminin adına Əylisin müsəlman camaatı “İstazın” deyirdi. (Elə indinin özündə də Əylisdə az adamı inandırmaq olar ki, o sözün əsil adı “İstazın” deyil, “Astvasadun”dur, yəni ermənicə Allah Evi deməkdir və indi bir-iki zirzəmisi və bir-iki divarı salamat qalmış bu xarabazar bir vaxt bütün erməni millətinin Məkkəsi-Mədinəsi olub.)

Kənddən xeyli aralıda – ağacsız, kölgəsiz çöl-biyabanda isti yay günləri torpağı, daşı-çınqılı təndir içi kimi qızarıb ətrafa od-alov püskürən o “erməni Məkkəsi”nin salamat qalmış zirzəmiləri indi mal-davarın yataq yeriydi və o zirzəmilərin üstündəki uzun-uzun uçuq divarlarınsa bu saat, olsa-olsa, Allahın öz evinin də puç və fani bir şey olduğunu insanlara anlatmaq qədərində mənası, məzmunu vardı.

Uçmağının vaxt-vədəsi Əylisdə heç kimə məlum olmayan digər 3 kilsə - “Ağ kilsə”, “Yetim kilsə” və “Meydan kilsəsi” idi. Abad qalan “Vurağırd”, “Vang”, “Daş kilsə” və “Dop” kilsələri isə özlərinin möhtəşəm daş varlığını, allahsız, yiyəsiz də olsa, hələ ki yaşatmaqdaydı. Hər birinin arxasında, sözün hərfi mənasında, bir uca dağ dayanan bu 4 abad kilsənin hansının haçan tikildiyni Əylisin müsəlman camaatı, söz yox ki, görməmişdi. Ancaq bu kilsələrin hər birinin özünə yaxın olan bir dağla harmonik vəhdət təşkil etdiyni görmək üçün nə erməni olmağa, nə də tarixi bilməyə ehtiyac vardı. Çünki hər kilsənin rəngi eynilə ona yaxın olan dağın rəngindəydi. O kilsələri yaxındakı dağların sanki özündəncə qoparıb, yaxşıca yonub-yonqarlayıb, gətirib o dağın yaxınlığında (münasib bildikləri yerdə) necə deyərlər, Allahın düz gözünün qabağına qoymuşdular. Və o kilsələrə bir az uzaqdan baxanda adama elə gəlirdi ki, onların hər biri bir dağın əziz balası, doğmaca övladıdır.

“Vang” sözünün ermənicə “monastır” demək olduğunu da o yay Saday Sadıqlıya doktor Abasəliyev demişdi. Öz gələcək qayınatasını da Saday ilk dəfə məhz o Vang kilsəsinin həyətində görmüşdü. Sözləri tutmuşdu, söhbətləri alınmışdı. Və elə o gündən bir-birinə mehr salıb tədricən dostlaşmışdılar.

O yay onlar (hərdən ikilikdə, hərdən Azadə də onlara qoşulanda) hər üçü bir yerdə Əylisi bağ-bağ, çeşmə-çeşmə, kilsə-kilsə gəzib dolanmışdılar. Dağlara, təpələrə çıxmışdılar. Hətta hərdən, havalar nisbətən sərin olanda, yaxın dağları aşıb, qonşu kəndlərə də birlikdə gəzməyə getmişdilər.

Çox vaxt axşamdan şərtləşib, etəsi gün təyin etdikləri yerdə görüşürdülər. Hərdən doktor Abasəliyevin özü sübh tezdən Sadaygilin qapısını kəsdirib, yola çıxmağa tələsdirirdi: “Tez ol, növcavan, günün çıxmağına az qalır”, “Sabahın xeyir, növcavan, başmaqseyrinə hazırsan?..”, “Toqqanın altın yaxşı bərkit, növcavan, bu gün uzağa gedəcəyik...” (Doktor Abasəliyev o zamandan bəri Sadaya həmişə “növcavan” deyirdi).

O yay doktor Abasəliyevlə Əylisdə keçirdiyi günlərin hər birini sonralar Saday Sadıqlı illərboyu əsil bayram kimi xatırlamışdı. O günlər təkcə doktor Abasəliyevin Əylis barədəki biri-birindən maraqlı söhbətlərilə deyil, həm də havasının ləzzətli, qupquru istisi, otunun-yarpağının rəngi, suyunun sərinliyi və insanlarının xüsusi mehribanlığı ilə Sadayın yaddaşına həmişəlik həkk olunmuşdu.

Bir dəfə yenə axşamdan şərtləşib, Əylisin ən uzaq məhəlləsi Vurağırddan da çox-çox uzaqdakı çoban obalarına ikilikdə pay-piyada getməyi qərarlaşdırmışdılar. O çoban yaylaqlarını heç olmasa bircə dəfə görməyi elə əvvəllər də Saday, kəndə yay tətilinə gələndə, həmişə arzulamışdı. (Sadayın uşaqlıq dostu, onunla 7 il bir sinifdə oxuyan Camal, elə o 7-ci sinfi bitirdiyi il, bir yaşlı çobana qoşulub, dağlarda kolxozun davarını otarırdı. Camal yay vədəsi heç vaxt kənddə tapılmırdı. Gedib onu o dağlarda axtarmaq isə tək adamın işi deyildi).

Onlar Vang kilsəsinin yanınacan rahat yolla gedib, oradan çaya enib üzüyuxarı yola düzəldilər. Əylisin xırdaca dağ çayında, ilin o vədələri, olsa-olsa bir çeşmənin suyu qədər su olurdu. O su çeşmə suyu qədər sərin olmasa da, çeşmə suyu kimi dumduruydu. Və o uzaq yolda o su, yorulub heydən düşəndə, onların dadına çatırdı. Buna baxmayaraq, onlar yalnız çayın dəhnəsinəcən gedib çıxa bildilər. O yolu bələdçisiz, atsız-ulaqsız ordan o yana getməyin mümkün olmadığını görüb, dağlarda çobanların saldığı dar cığırlarla birtəhər geri dönüb, günortaya bir az qalmış gəlib Əylisin ən uca yerində - dağın döşündə salınmış Vurağırd kilsəsinin yanına yetişdilər.

O kilsəni Saday əvvəllər də çox görmüşdü, çox gəzmişdi. İçində saysız-hesabsız göyərçin yaşayan o kilsənin bir adı da “Göyərçin bazarı”ydı. Ancaq onlar o kilsəyə girəndə göyərçinlər çöl-bayırda, bağ-bağçada, dəni-suyu bol olan yerlərdəydilər. Və o kilsənin qalın, uca divarlarının arasında bu dünyaya heç bir dəxli olmayan ayrıca bir dünya özünün səssiz, sakit, kimsəsiz və zamansız həyatını yaşayırdı.

O kilsənin içindəki hava dünyadakı havaya bənzəmirdi. Günbəzdəki 4 bacadan içəriyə düşən uzunsov, kvadratşəkilli işıq da sanki Əylisin çöldəki işığı deyildi, hansısa uzaq və məchul bir dünyanın işığıydı. Və o günbəzdən azca aşağıda – kilsənin divarında təzəlikcə əmələ gəlmiş çatdan süzülən işıq da içəridə nəsə özgə bir dünyaya məxsus mistik və vahiməli ovqat yaradırdı.

Aşağıdan – çayın yatağından üzü yuxarı o kilsəyə tərəf uzanıb gedən daş pillələr, o pillələrin altındakı daşdöşəli meydan və oradan üzüaşağı çayın dikinəcən uzanan daşdöşəli dar küçə hələ lap kiçik yaşlarında da Sadayın tez-tez yuxusuna girmişdi. Ancaq doktor Abasəliyevlə uzaq gəzintiyə çıxdığı o gün o kilsəni də, o kilsəyə qalxan daş yolları, daş divarları da, Vurağırd məhəlləsinin yeganə küçəsi olan o qədim, qəribə küçəni də sanki Saday ömründə ilk dəfə görürdü. Əylisin o ucqar Vurağırd məhəlləsində o gün Sadayın o vaxtacan heç vaxt görmədiyi yuxuvari, nağılvari bir mənzərə vardı və Vurağırdın məşhur sakini Pesmis (pessimist) Qulunun öz qapısının qabağında öz-özünə ucadan danışa-danışa, gəzinməyi o mistik ab-havanı bir az da qatılaşdırırdı.

O Qulu həmişə beləydi.

İldə bir neçə dəfə tutması tuturdu və hər dəfə tutması tutanda evindən çıxıb küçədə - öz qapısının qabağında fırfıra kimi fırlanırdı və bir ucdan, ağzı köpüklənə-köpüklənə səhərdən axşamacan dayanmadan danışırdı. Pesmis Qulunun həyətinə gedən arx suyuna guya kimsə hər gün zəhərli dərman tökürdü. Və o “ziyanxor” adamları Qulu söyüb-yamanlayırdı. Həyətinə daş atan, damına-divarına dırmaşan uşaqları pis-pis qarğıyırdı. Evindəki qozbel arvadını və qarımış xəstə qızlarını guya pis yola çəkmək istəyən cavanları, kişiləri uzaqdan-uzağa bərk-bərk hədələyirdi...

Doktor Abasəliyev cibindən pul çıxardıb, Qulunun cibinə qoydu və Qulu səsini kəsib, bir müddət heyrət içində doktor Abasəliyevin üzünə baxdı.

-Ə, Qulu, məni tanımadın? – Doktor Abasəliyev soruşdu.

Pesmis Qulu bir az fikirləşdi və birdən əlini doktorun çiyninə vurub:

-Zülfüsən də, Zülfü deyilsən? – dedi. – Yanındakını da yaxşı tanıyıram. Uşaq vaxtı avara-avara sülənərdi buralarda. – Sonra doktorun çiynini bərk-bərk silkələdi.

–Ə, Zülfü, sən buralarda nə gəzirsən?

- Gəldim, görüm, sən burda cinnərnən necə yola gedirsən. – Doktor Abasəliyev Sadaya altdan-altdan göz vurdu. - Ə, Pesmis, o cinnər yenə nə deyir ki, sənə? Elə gecələr gəlirlər, yoxsa gündüzlər də gəlib səni incidirlər?

-Sən də söz tapdın danışmağa! – Pesmis Qulu hirsli-hirsi dedi. –Adını doxtur qoymusan. Ancaq iki kor eşşəyin arpasını böləmmirsən.

-Demək, cinnərnən haqq-hesabı çürütmüsən. Bəs bu həyətdə-zadda bir şey əkmisən bu il?

-Əkmişəm, niyə əkmirəm! – Pesmis Qulu ürəkli-ürəkli bəyan elədi. Ancaq tez də sözünü dəyişdi. – Əclaflar qoyur ki, həyətdə bir şey əkəsən.

-Bəs deyirsən cinnərin day sənnən işi yoxdu.

-Var, niyə yoxdu! Ancaq bu məhlənin adamı cinnən də beşbetərdi. – Pesmis Qulu həyətinin qapısını təpiklə vurub açdı. – Bax da, özün bax. Gör, əclaflar suyuma zəhər qatıb, ağac-budağımı necə qurudub.

Saday boylanıb həyətə baxdı: beş-altı ərik, dörd-beş alma-armud, bir neçə badam və şaftalı ağacıydı. Əmcəkləri dizindən aşağı sallanan bir keçini gilas ağacının gövdəsinə bağlamışdılar. Divarın dibindəki fındıq kollarının arasında beş-altı toyuq-cücə eşələnirdi. Həyətdə heç nə əkilməmişdi. Ancaq ağac-budağın da heç biri quruyana oxşamırdı.



-Bilirsən də, köhnə psixlərdəndi.

Doktor Abasəliyev Qulunun qapısından azca aralanandan sonra dedi. Və ətrafdakı ev-eşikdən, həyət-bacadan gözünü çəkmədən o daşdöşəli qədim küçə ilə üzüaşağı gedə-gedə, Saday üçün son dərəcə gözlənilməz, bir qorxunc və qəribə söhbət başladı.

-Sənə bir şey deyəcəm, növcavan, ancaq qorxuram ki, məni də psix hesab eləyəsən. Bu Əylisdə, həqiqətən, cin çoxdu. “Cin” deyəndə mən ruhları nəzərdə tuturam. O Qulunun olduğu ev bilirsən, kimin evidi? Minas adlı bir daşyonan çəpgöz erməni vardı. Elə dədə-babası da əyyami-qədimdən daşyonan olmuşdu. Bax, o kilsədə də indi nə qədər daş görürsən, hamısı o Minasın ulu dədə-babasının işidi. O çəpgöz Minas da gözünü açandan daş yonurdu – qəbir daşı, dübək daşı, dəyirman, dəstar daşı... O psix Qulunun dədəsi Abdulla da elə özü kimi avaranın, heyvərənin biriydi. Bazarda ona-buna hamballıq eləyib, çeşmədən çayçı dükanına su daşıyıb, qəpikdən-quruşdan qazanıb birtəhər başını girləyirdi. Sən şeytanın kələyinə bax ki, Ədif bəy Əylisdə erməni qırğınına fərman verəndə o çaqqal Abdulla da birdən qeyrətə gəlir. Gedib öz evindən bir balta da götürüb Minasın evinə hücum çəkir. Oturub daş yonduğu yerdəcə Minasın başını bədənindən ayırıb, yazığın arvad-uşağını da qanına qəltan eləyir. İndi sən de: belə şeydən sonra o Minasın evində insan necə rahat yaşaya bilər? Yaşayammaz, vallah, yaşayammaz! Zülmlə öldürülən o adamların ruhu o evlərdə heç kəsi rahat yaşamağa qoymaz, növcavan. Sən Allahı o qədər də avam hesab eləmə.

Vurağırd”ın o mistik mənzərəsi, deyəsən, doktor Abasəliyevi də o gün, həqiqətən, tutmuşdu.

Getdiy yerdə birdən dayanırdı, ayağının altındakı yola döşənmiş minillik hamar çay daşlarına heyran-heyran tamaşa eləyirdi. Dağılmış və dağılmaqda olan köhnə evlərə hədsiz heyrətlə baxırdı, ətrafdakı həyət-bacadan, ağac-budaqdan bir an da gözünü çəkə bilmirdi. Və bəlkə də elə o gün və elə o Pesmis Qulu ilə söhbət əsnasında birdən-birə beyninə yerləşmiş son dərəcə qəliz bir məsələni – ola bilər ki, - elə özü üçün də - o gün ilk dəfə və əsil psixoloq ehtirası ilə araşdırıb, əsaslandırmağa çalışırdı:

-Bu Əylisdə qan töküb, eməni evi tutan adamların hər birinin ailəsində ruhi xəstələr var. Mən bunu sənə həkim kimi deyirəm. O evlərin hansında rahatlıq görmüsən? Bircə ev göstərə bilərsən? İnanmırsan, gəl, bu Vurağırddan aşağı bir-bir sayaq evləri. Bax, elə o Daş kilsənin yanındakı evdən başlayaq – Mırıq Müzəffərin* evindən. Onun nə özündə psixi xəstəlik vardı, nə arvadında. Çünki onlar orda – erməninin evində doğulmamışdılar. İndi Mırıq Müzəffərin orda doğulan övlad-uşağına bax: hamısında bu və ya digər dərəcədə psixi anormallıq var. Özü də klassik şizofreniya formasında. O Müzəffərin iki qızını mən o vaxt xəstəxanaya götürmüşdüm. Müalicəni də, necə lazımdı, eləmişdik. İndi çeşmədə, küçədə-zadda sən də görürsən o qızları. Qızdırmalı qoyun kimi gəzirlər. Nə bir adama salam verirlər, nə bir adamın salamını alırlar. Çünki bu xəstəlik keçəri xəstəlik deyil. Buna bəlkə xəstəlik də demək düz deyil. Ruhi xəstəlik Allahın insana verdiyi cəzaların bəlkə də ən ağırıdır...Mırıq Müzəffərin evindən bir az aşağıdakı Qaban Qulamın evidi. O Qulamın bir nəvəsi görürsən də nə gündədi. Daun xəstəsidir, əməli ağlına tabe deyil. Həyətin divarına dırmaşıb, küçədən gəlib-gedəni daşa basır. Ondan aşağıdakı evləri də bir-bir gözünün qabağına gətir. O Bəyazın oğlu Qafil üzdən baxanda normal adama oxşayır. Amma o da şizikdi. Vallah, şizikdi. O gün küçədə qabağımı kəsib, Məhəmmədin bir qara ata minib Sinay dağında Allahla görüşə getməyindən düz bir saat mənə nağıl danışdı. Rəhmətlik Cəlil “Dəli yığıncağı” pyesini* nahaq yerə yazmayıb. O kişi bu dəlixananı hamıdan yaxşı görüb. Ancaq ruhi xəstələri qoyaq bir tərəfə. Erməniyə zülm eləyib özünə gün ağlayan Əylis adamının heç birinin evində rahatlıq deyilən şey yoxdur. Özün də görürsən, bilirsən. Muqdisi* Əlehsanın evinə yiyələnən Qəzənfərin o iki gədəsinin çığır-bağırını da hər gecə eşidirsən. İki qardaş, az qalır, bir-birinin qanını içsin.Erməniyə zülm edənin cəzasını övladı-uşağı çəkir. Bizdən əzab görənlərin ruhu bizi əzabsız yaşamağa qoymur. Eşitmiş olarsan, burda Məmmədağa adlı bir qəssab vardı. O Məmmədağa keşiş Mkrtıçın 3 yaşlı körpəcə qız balasını küçədə xəncərinən şaqqalamışdı. Mən onun qocalığın görməmişdim. Amma Bakıya gələnlərdən eşitmişdim ki, öləndə it kimi ölüb. Əvvəl gözləri kor olubmuş, sonra insultdan ağzı gedib qulağının dibinəcən çatıbmış. Üstəlik, qarnının zaporundan da hər gün əzab çəkirmiş. Ayaqyolunda oturub gücənəndə zarıltısı gedib Zəngəzura çıxırmış. Lap bu saat get o Məmmədağanı kimdən soruşursan, soruş, ağzın açan o əclafın cəmdəyinə tüpürəcək. Bir sözlə, növcavan, bu kəndin yaxşı günü olacağına mən heç inana bilmirəm. Heç burda yaşayanların özü də buna inanmır, görürəm.

--------------

*Romandakı real adların bir qismi etik mülahizəyə görə dəyişdirilib – müəllif.)

*Cəlil Məmmədquluzadənin məşhur pyesindən söhbət gedir.

*Muqdisi – Maxtesi, Yerusəlimdə İsanın qəbrini ziyarət edən erməni möminləri belə adlanır.



Qulunun qapısından bir az aralanandan sonra doktor Abasəliyev qabağına çıxan birinci evin qapısını açıb həyətə girdi.

Ev sahibi Nubar qarı eyvanda oturub, yun didə-didə kifayət qədər uca səslə öz-özünə danışırdı. Gələnləri ürəkdən sevinə-sevinə qarşıladı.

-Gəlin, gəlin, - dedi, - xoş gəlmisiz! Nə əcəb məni də yada salmısan, doxtur. Deyirlər, bir aydı burdasan, üzünü indi görürəm.

-Günah səndədi də, məndə deyil ki. Evindən çıxırsan ki, adam-zad da görəsən. – Doktor həyətə göz gəzdirdi. – Maşallah, həyət-bacan çox qəşəngdi. Suyun-zadın da boldu, deyəsən.

-Qəşəng günün olsun, Zülfü qardaş. Nə qədər gücüm çatır, baxıram həyət-bacaya. Su da, sənin baxtından, boldu bu il. Özgə illərdəkindən şox yaxşıdı... Gətirim, samovarı salım, bir çay verim sizə.

-Yox, əziyyət çəkmə, gedirik. Girdim, sənnən atüstü hal-əhval tutum. Elə təksən bu evdə?

-Təkəm, doxtur, təkəm. – Nubar qarı çox yanıqlı-yanıqlı dedi. – Qızlarımın biri qız ikən getdi əlimdən. Bilmədim, hansı tünbətünün uşağına aşıq oldu. Eşqindən neft töküb yandırdı özün. Qızlarımın ikisi yuxarı kətdə ərdədi. Oğlum da gedib rus qız alıb, day gəlmir buralara.

-Bu evin ermənisi yadındadı?

Nubar qarı əməllicə təəccübləndi:

-Arakel idi də, məndən yaxşı bilirsən. Arvadı Esxinin özünü dağdan atmağı da, elə bilirəm, lap dünən idi. Çox qəşəng gəlin idi. Yadındadı da, toylarda gözəl mahnılar oxuyardı. Öz toylarında da, bizim müsəlman toylarında da... Allah o Ədif bəyin, görüm, tifağını dağıtsın. Onun qoşunu Əylisə girəndə yazıq Esxinin, bircə günün içində başına hava gəldi. Yadındadı da, hər axşam gün batan kimi gedib Xışkeşində qayanın başına çıxıb, ağlaya-ağlaya oxuyurdu:

“Amandı, Ədif bəy, öldümə bizi,

Əylisin gülüyux, soldurma bizi.”

-Arakeli bu evdə kim öldürdü? – Doktor Abasəliyev inamsız, qətiyyətsiz səslə soruşdu.

Həkimin bu sözləri Nubar qarını daha çox təəccübləndirdi.

-Arakeli evdə öldürmədilər axı, doxtur. Arakeli çaylaqdakı bağında ilantutan Əbdüləlinin oğlu Cəmşid öldürdü. Mən bilirəm, sən sözü hara çəkirsən. Bu evdə qan tökülməyib, Zülfü qardaş.

Doktor xeyli fikirləşəndən sonra:

-Ola bilər, - dedi. - Ola bilər ki, mənim yadımda ayrı cür qalıb... İndi biz həyətə girəndə sən orda kimnən danışırdın?

-Mənim kimim var ki, danışam! – Nubar qarının gözləri yaşla doldu. – Danışanda elə özümnən danışıram.

Nubar qarının ağlamağı doktor Abasəliyevi də açıq-aşkar qəhərləndirdi.

-Ruha inanırsan, Nubar? – Doktor Abasəliyev ağlamsınan, titrək səslə soruşdu.

-İnanıram, doxtur, necə ki, Allaha, Peyğəmbərə inanıram! Bizi bu günə qoyan elə o ruhlardı da, dərdin mənə gəlsin, a Zülfü. O marağalı iranlı yadındadı? Hələ erməni-müsəlman davasından qabaq gətirib buralarda xurma, saqqız, zəncəfil-zad satırdı. O kişi bura axır gəlişində nə demişdi?.. Demişdi ki, hələ ki gec deyil, bu kənddən çıxın gedin. Bir yerdə ki, bu qədər qəbiristanlıq ola, orda insan yaşayışı olmaz. – Nubar qarı yaşlı gözlərilə yazıq-yazıq gülümsədi və birdən elə bir ah çəkdi ki, sinəsi xır-xır xırıldadı. – Ancaq, vallah, Zülfü qadaş, Əylisin müsəlmanı, min il qala, erməniyə o zülmü eləməzdi. O şümür Ədif bəyin fitvasından sonra bizimkiləri tamah güclədi. Dədən Hacı Həsən o vaxtlar bu kənddə olsaydı, bəlkə, ondan həya eləyib, heç o talana da gedən olmazdı. Erməninin mal-mülkündə çoxdan gözü olan beş-altı acgöz bimürvət o var-dövlətdən yana burdakı müsəlmanın da əlini erməninin qanına batırdı. Sən özün hamıdan yaxşı bilirsən, hələ Ədif bəyin qoşunu Əylisə girməmişdən general Andronik gəlib öz qoşunuynan Əylis düzündə durmuşdu. Əylisin başbilən ermənilərini – Stepanı, Hovanesi, usta Minası, keşiş Firumu – hamısını yanına çağırıb demişdi ki, mən Allahımdan keçib Əylisdə güllə ata bilmərəm. Əgər Əylisin də müsəlmanı burda şələşurluğa başlasa, gərək bu işə özünüz əncam çəkəsiz. O başbilən ermənilər də hamısı bir ağızdan Andronikə demişdilər ki, sən bizdən nigaran olma, rahatca çıx-get yolunu, Əylisin müsəlmanı bizə əl qaldırmağa cürət eləməz. O Andronik də qoşununu çəkib qalxmışdı Qafan tərəfə. Elə Əylisdəki qırğından da, deyirlər, orda xəbər tutmuşdu. O da orda Qafanın, Qacaranın müsəlman əhalisinə qan uddurmuşdu. Qırdığını qırmışdı, qırmadığını da qovub, yer-yurdundan didərgin salmışdı.

Doktor Abasəliyev Nubar qarının dediklərinə elə diqqətlə qulaq asırdı ki, elə bil o söhbəti ömründə birinci dəfə eşidirdi. Halbuki Andronik əhvalatını cəmi bir neçə gün əvvəl elə o Nubar arvadın danışdığı kimi özü Sadaya danışmışdı.

Nubar qarı Əylisin köhnə adamlarından idi. Ancaq Osmanlı ordusunun Əylis ermənilərinin başına açdığı müsibəti öz gözülə görən ortayaşlı adamlar da o zaman Əylisdə nə qədər desən, vardı.

O qırğının barəsində hər kəs öz insafına və insanlığına uyğun şəkildə danışırdı. Ancaq o qırğının canlı şahidi olmuş adamların heç biri gördüyünü danmırdı. O müsibətin necə başlanıb, necə qurtarmağı barədə, demək olar ki, hamı faktik və obyektiv təsəvvürə malik idi.

Hadisə, deyilənə görə, 1918-ci ilin axırlarında olmuşdu. Əylisin erməni əhalisini əvvəldən duyuq salmamağı lazım bilən Ədif bəyin 30-40 əsgəri bir səhər sübh tezdən Əylisi at belində qapı-qapı gəzib, ermənili-müsəlmanlı bütün əhaliyə xəbər vermişdi ki, bəs bu gün barışıq elan olunacaq və bu münasibətlə hamı təcili filan yerə, filan erməninin həyətinə toplaşmalıdır. Camaat ora yığışandan sonra türk əsgərləri həyətin bir tərəfində müsəlmanları, başqa tərəfində erməniləri cərgəyə düzmüşdü. Birdən kimsə hardasa “Atəş!” deyib ucadan komanda vermişdi və o həyəti dörd bir yandan dövrəyə almış türk əsgərləri gülləni yağış kimi ermənilərin başına yağdırmışdı. Qırılanlar qırılmışdı, sağ qalanlar son nəfərəcən xəncərdən, süngüdən keçirilmişdi. Basdıra bildiklərini elə yerindəcə - həyət-bacada xəndək qazıb basdırmışdılar. Basdıra bilmədiklərini yaxındakı evlərin tövlələrinə, zirzəmilərinə doldurub ağlasığmaz vəhşiliklə yandırmışdılar. Və o gün heç evdən eşiyə çıxmağa cürət eləməyən müsəlman arvadları da o qırğını bir qədər obrazlı şəkildə, demək olar ki, eyni sözlərlə təsvir eləyirdi:

“Bütün çeşmələrin suyu bir həftə qan kimi qıpqırmızı axdı”.

“Ədif bəyin bir zilqara atı vardı. Atın belində küçədə, qapının ağzında durmuşdu. Birdən “atəş” deyib, ata qamçı vurub, çapıb getdi. Birdən elə bir güllə yağışı başlandı ki, görən deyərdi ki, göydən yerə od tökülür, köz ələnir. O həyətdə bir vay-şivən qopdu ki, o cür vay-şivəni yerüzü xəlq olunandan heç kəs eşitməmişdi. Bütün itlər həyətlərdə səs-səs verib hürüşürdü. Qarğalar ağaclarn başında qarhaqar qarıldayırdı. Sağsağanlar, göyərçinlər qorxudan qaçıb dağların dalına doluşmuşdu. Elə bir cəhənnəm müsibətiydi ki, deyərdin, günəş göydən qopub, indicə yerə düşəcək...”


Yüklə 490,66 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə