Əkrəm Əylisli Daş yuxular (roman-rekviyem)


O müsibəti Saday Sadıqlının anası da gözlərilə görmüşdü



Yüklə 490,66 Kb.
səhifə5/9
tarix26.09.2017
ölçüsü490,66 Kb.
#1481
1   2   3   4   5   6   7   8   9

O müsibəti Saday Sadıqlının anası da gözlərilə görmüşdü.

Və o “barışığa” uşaqla gələn qız-gəlindən danışanda heç vaxt gözlərinin yaşını saxlaya bilmirdi:

“Əlehsanın qızı Hayranik bir cüt Ay parçası kimi balasının birinin əlindən yapışıb, o birini qucağına almışdı. Özgə vaxtlarAllah adı dilindən düşməyən Mustafa çovuş bircə dəyqənin içində elə bil cəllada döndü. Hayranikin körpəcə balaların əlindən alıb, Allah, Allah, necə yerə çırpdı!.. İnsafsızlar 100 yaşlı qoca-qarıya da rəhm eləmədi. Hamısın qanına qəltan eləyib, sonra tökülüşüb ev-eşiklərin də nə ki var, talan elədilər. Sonra Nügədehin, Qafanın, Qacaranın müsəlmanları qarğa-quzğun kimi hər yerdən bura axışdı. Əylisin padişah sarayı kimi imarətlərinin divarına mal təzəyi yapdılar. Ayna kimi tərtəmiz küçələri küllüyə, zibilliyə döndərdilər. Erməninin təndirin, ambarın özlərinə tövlə elədilər...”

Saday Sadıqlı Əylisdə o qırğın barəsində kiminsə yaxşı bir söz dediyni heç vaxt eşitməmişdi.

Abadlığına, insanı heyran qoyan təmizliyinə, səliqə-sahmanına görə bir zaman “Bala Paris”, “Bala İstanbul” deyilən Əylisin böyük tarixi keçmişi və bu xırdaca coğrafi məkanda insanın öz ağlı və əməyilə yaratdığı bənzərsiz sivilizasiyanın həqiqi dəyərini artist doktor Abasəliyevlə tanışlıqdan sonra həqiqətən anlamağa başlamışdı... Doktor Abasəliyev, elə özü demişkən, təkcə “Əylis dəlisi” deyildi. O, Əylisin həm tarixçisi, həm psixoloqu, həm də özünəməxsus filosofuydu. Erməni əlifbasını yaradan keşiş Mesrop Maştosun Əylisdə olduğunu da, məşhur yazıçı Raffinin bir vaxt Əylis məktəbində müəllimlik elədiyini də Saday Sadıqlı məhz doktor Abasəliyevin sayəsində bilmişdi.

Doktor Abasəliyevin dediyinə görə, 18-19-cu illərin qlobal qırğınından canın qurtara bilmiş bir erməni qızı Fransada təzə bir gül yetişdirib, adını Aqulis (Əylis) qoymuşdu. Tiflisdə indi də yaşayan Hayane Xaçatiryan adlı bir erməni rəssam qadın, hələ 9-10 yaşından başlayaraq, bütün ömrü boyu yalnız Əylis kilsələrinin şəklini çəkirdi... Bir sözlə, doktor Abasəliyevdən ötrü elə “Əylis” sözünün özü sanki Allahın 1001 adının biriydi. Onun Əylisə vurğunluğunun, bəlkə də, nə erməniyə, nə müsəlmana dəxli vardı. İnsanın haqqa-həqiqətə sadiqliyinin bu da belə bir ali - və ağayana - təzahürüydü.

O Nubar elə qızlığında da çox ağıllıydı, hələ gedib İstanbulda dərs oxumuş Mirzə Vahabdan ərəb əlifbası ilə yazıb-oxumaq da öyrənirdi”.

Doktor Abasəliyev bu sözləri Nubarın evindən çıxandan bir xeyli sonra, olduqca kədərli bir səslə, sanki öz-özünə dedi. Nubarın həyətinə girməyinə, deyəsən, peşman olmuşdu. Onun hədsiz səmimiyyətindən, ya nədənsə möhkəmcə sarsılmışdı. Əgər onlar az sonra Zöhrə arvadla görüşməsəydilər, yəqin ki, doktor Abasəliyev elə o ovqatda da evinə gedəcəkdi.

Zöhrə arvad, görünür, küçədən keçənləri görmək üçün ikitaylı darvaza qapısının bir tayını açıq qoyub, həyətdən eyvana qalxan pilləkənlərin üstündə kəmali-səliqə ilə əyləşib, buğlana-buğlana çay içirdi. Darvazanın ağzından ta o pilləkənlərin yanınacan həyətin qabağı tərtəmiz sulanıb süpürülmüşdü. Uzun xiyaban boyunca əkilmiş növbənöv gül-çiçəyin dibinə həyətdən keçən arxdan azca su gedirdi. Zöhrə arvadın həyəti hər cəhətdən göz oxşayırdı. Üstəlik, eyvanın qabağında arxın qırağına düzülmüş - bir-birindən gözəl - limon ağacları da həyətə xüsusi yaraşıq verirdi.

O limon ağacları Haykanuşun ağaclarıydı, o ağacları Saday çoxdan və yaxşı tanıyırdı. Ancaq qəribə burasındadır ki, o dibçək limonlarının Haykanuşun limonları olduğunu doktor Abasəliyev də tanıya bilmişdi.

-Haykanuşun limonların bura niyə yığmısan, ay qız? – Doktor Abasəliyev hələ içəri keçməmiş darvazanın yanında dedi və sonra içəri keçib, o limon ağaclarına heyran-heyran tamaşa eləməyə başladı.

-Nooldu? Lumunu görən kimi ağzın əyildi. Gözün mən boyda gözəli yenə görmədi?

-Gözəlliyin qalıb ki, görələr? Tamam haphaplamısan, canım Zöhrə.

Onların arasında, görünür, əvvəldən də çox məhrəm münasibət olmuşdu. Elə görüşən kimi ərklə zarafata başladılar.

-Sənə nə olub ki? Qanfet kimi oğlansan. – Zöhrə arvad eyvandan üç dənə köhnə kətil gətirib, arxın qırağında limon ağaclarının yanına qoydu. – Gəlin, oturun. Sizə yaxşı çay verəcəyəm – indeyski. Bu istidə belə hardan gəlirsiz? – Zöhrə arvad iki stəkan çay gətirib, kətillərdən birinin üstünə qoydu. Əlini uzadıb, ağacdan bir saz limon dərdi və limonu bıçaqla doğraya-doğraya soruşdu: - Arvadını niyə gətirməmisən?

-Özü gəlmədi. – Doktor Abasəliyev çayı nəlbəkiyə töküb üfürə-üfürə ləzzətlə içirdi. – Arvadın ürəyində bir az nasazlıq var, Zöhrə. Uzaq yol getməkdən ehtiyat eləyir.

-Qızın da, deyirlər, diş həkimi olacaq. Olsun, olsun. Sənin həkimliyindən bizə fayda olmadı. Bəlkə, qızın təzə diş salar ağzımıza. – Zöhrə arvad dişsiz damaqlarını üstdən aşağı sığallaya-sığallaya dedi.

Doktor Abasəliyevin kefi yavaş-yavaş düzəlirdi.

-Bəs o Xankişini neylədin? Çərlədib öldürdün yazığı?

-Görüm, o Xankişini elə yazıq ilan vuraydı, a Zülfü! Məni saxladı ki, köpəyoğlu! Üç il kef elədi mənnən, görmədiyi günnər gördü.Sonra boşadı məni. Dedi ki, uşaq doğmayan arvad mənə lazım deyil. Mənnən sonra ikisini də aldı, mürtəd oğlu mürtəd, heç birindən uşaq olmadı. Bilindi ki, elə öz toxumu zay toxummuş. – Zöhrə arvad doktor Abasəliyevin kürəyini ərklə sığalladı. –Neynim, almadın da məni. Getdin, bakılı qızı aldın.

Hazırcavablıqda ad çıxardan doktor Abasəliyev bu yerdə nədənsə birdən-birə pul kimi qızardı və düşdüyü vəziyyətdən çıxmaq üçün söhbəti tezcə dəyişdi:

-Axı padruqan da, deyəsən, atıb gedib səni, ay gözəllər gözəli? Bu limonlar axı tanış gəlir mənə.

-Haykanuşundu da, kənddə belə limon kimdə olub ki! –Zöhrə arvad stəkanlara çay süzə-süzə dedi. – Hə, doxtur, getdi Haykanuş. Elə ötən payız yığışıb oğlu Joranın yanına getdi. Haykanuşun özünə qalsaydı, min il qala burdan heç yana getməzdi. Oğlu Jora çox bənd oldu. Burdan gedəndə elə bil havalanmışdı Haykanuş. Həyət-bacasından ayrılammırdı. Dəli kimi ağac-budağının başına dolanırdı. Eyvanın çürümüş dirəklərin də qucaqlayıb marçamarç öpürdü. Yola çıxanda gəlib burda lumularının qabağında bir ağladı ki, görən deyərdi, bu adam bu həyətdə lumu-zad qoyub getmir, yeddicə əziz balasın qoyub gedir. Dam-daşına da o vaxtdan mən baxıram. Lumuları bu il yaxşı gətirmişdi. Bir yekəcə vedrə dərib göndərdim özünə. Yerevana burdan ilboyu alverə gedənlər olur, verdim, aparıb verdilər. – Zöhrə arvad limon ağaclarının yamyaşıl yarpaqlarının arasında orda-burda sapsarı saralan limonlardan ikisini də dərib, kətilin üstünə qoydu. – Hərənizə biri düşür. Evdə çay içərsiz. Hər ağacda 3-4 dənəsin elə sizin kimi əziz qonaqlar üçün saxlamışam.

Çay içib rahatlanmış doktor Abasəliyev gözünü limon ağaclarından ayırmadan oturub öz-özünə hallı-hallı gülümsəyirdi.

Elə-belə sözgəlişi “Bəs Haykanuşu səni Yerevana qonaq çağırmır?” dedi.

- Çağırır. Orda bazarda oturan Əylis adamlarıynan neçə dəfə sifariş göndərib ki, bacıma deyin, gəlsin burda 5-10 gün qalsın yanımda. – Zöhrə arvad gülə-gülə həkimə göz vurdu. – Deyirsən, gedim, bu kaftar vaxtımda olan-qalan müsəlmançılığımı da batırım erməni evində?

-Oturduğun ev nədi ki, bəyəm erməni evi deyil?

Zöhrə arvad üzünü Sadaya tutub:

-Bu köhnə kələkbazı görüsən də? – dedi.- Dəli doxturunda bundan artıq ağıl olmaz ki! – Sonra yarızarafat, yarıciddi barmağını doktor Abasəliyevin üstünə silkələdi. - Bu evi dədəm Məşdəli Hərtünün əmisi Samveldən 15 tümən qızıl pula alıb.Guya sən bilmirsən bunu?

-Bilirəm. Mən o mənada demədim axı.

Zöhrə arvad bir müddət ürəyində nəyisə götür-qoy elədi və birdən tam ciddiləşib pıçıltılı-həyəcanlı səslə dilləndi:

-Sən mənim dədəmi də söysən, incimərəm. Ancaq sən o Azadənin canı, Zülfü, o qəssab Məmmədağanın adın bir də heç yerdə hallandırma. Onun o vələdüzna törəməsi özündən də betər əzazildi. Cingöz Şabanı deyirəm, Zülfü. O günlərdə sənə də, deyirlər, bərk sataşıb. Baş qoşma, o nəsildən nə desən, çıxar.

Doktor Abasəliyev qəflətən sarsıldı elə bil. Nəhayətsiz təəccüblə: -Bunu sən hardan bilirsən? – dedi və pərt halda başını aşağı saldı.

-Yəni, deyirsən, bu kənddə sirr saxlamaq da olar?.. Sizin məhlənin arvadları o gün çeşmədə danışırdılar. Deyir, bir köhnə kəllə tapıb, aparıb divarın dalından atıb sizin həyətə. Kəllənin içinə qoyduğu kağızda da yazıb ki, “Erməni şpionu Zülfü Abasəliyevin keşiş Mkırtıç dayısı”. - Zöhrə arvad həkimin pərt olduğunu görüb söhbəti xırpadan kəsdi.

O kəllə əhvalatını Saday elə o gün ilk dəfə Zöhrə arvaddan eşidirdi. Ancaq kənddə o Cingöz Şaban qədər xatakar və əzazil ikinci bir adamın olmamağı Sadaya çoxdan məlum idi. Aralarındakı yaş fərqi bir elə çox deyildi. Cingöz Şaban Sadaydan, çox olsa, 5-6 yaş böyük olardı. Və hələ 10-11 yaşından cibində qəssab bıçağı, çiynində ov tüfəngi gəzdirən o Şabanın bir yaz haradansa gəlib Əylisə çıxmış bir körpəcə tülkü balasını Daş - kilsənin çeşməsinin qabağındakı divarın üstündə tüfənglə vurmağın o zaman 4, ya 5 yaşı olan - Saday sonralar illər boyunca dönə-dönə yuxusunda görmüşdü və Şabanın tüfəngindən açılan o güllənin səsinə dəfələrlə diksinib yuxudan ayılmışdı. O körpəcə tülkü balasının o divardan axan alqırmızı qanını dünyanın qar-yağışı çoxdan yuyub aparsa da, Saday Sadıqlıdan ötrü o qanın alqırmızı ləkəsi orada həmişəlik qalmışdı.

İndi o kəlləni o həyətə atmağını da, o kağızda hansı sözləri yazdığını da, çox güman ki, kənd içində elə o vələdüzna Şabanın özü yaymışdı. Ancaq doktor Abasəliyev Məmmədağa törəməsinin bu iyrənc əməlini sonralar da heç vaxt dilinə gətirmədi.

Haykanuş Sadayın uşaqlıqda tez-tez gördüyü və az-çox yaxından tanıdğı iki erməninin biriydi.

Əylisdə erməni millətindən olan 3-4 nəfər digər qadın da vardı. Ancaq o qadınların heç biri Əylisin müsəlman arvadlarından heç nə ilə seçilmirdi və məhz buna görə Sadayın uşaqlıq yaddaşında onlardan heç bir əsaslı iz-soraq qalmamışdı.

Sadayın Bakıda oxudğu və yayda kəndə gəldiyi ilk illər o Haykanuş hələ Əylisdəydi. Qocalıqdan və öz həyət-bacasında günuzunu əlləşməkdən bel-buxunu tamam bükülsə də, hələ özü öz həyatını təmin eləyə bilirdi. Çayın qırağındakı xırdaca həyətini özü belləyib orada, özü üçün lobya, kartof, xiyar, pomidor, göy-göyərti becərirdi. Özünün bütün kənddə adla deyilən 7 dibçək limonuna qulluq eləyirdi. Həyətinin meyvəsindən – armudundan, şaftalısından, cevizindən - alana, miyampur, sucuq düzəldib Yerevana – Joranın evinə göndərirdi. Erməninin müqəddəs saydığı günlərdə gedib Vang kilsəsinin başına dolanıb, saatlarla dua edib xaç çevirirdi. Və yorulub əldən düşəndə çıxıb küçə qapısının qabağında oturub, yaxın qonşusu və köhnə dostu Zöhrə arvadla söhbət eləyirdi.

Haykanuşun evi Vang kilsəsindən xeyli aşağıda - Əylisin müsəlman məhəlləsinə yaxın olan çuxur yerdə - çayın qırağındaydı. Ancaq o Vang kilsəsi Haykanuş qarının sanki ikinci eviydi. Vang kilsəsinin topdağıtmaz uca darvazasından içəri girib, o kilsəni hər dəfə görəndə Haykanuş sanki havalanırdı. Bir müddət dəli kimi dörd bir yandan kilsənin başına dolanırdı. Sonra o bucaqdan bu bucağa kilsənin daş divarlarını öpdükcə öpürdü və öpdüyü hər daşın qabağında dayanıb xaç çevirirdi. Axırda Haykanuş qarı qayıdıb, kilsənin qapısının qabağında dururdu. O qapının başındakı Əylisin müsəlman camaatının “çalmalı arvad” dediyi qucağıuşaqlı daş şəklin qarşısında da 3-4 dəfə xaç çevirib, özünün bütöv bir tamaşa təsiri bağışlayan ibadətini axır ki bitirirdi.

Hələ lap kiçik yaşlarında Saday Haykanuşun Yerevanda olan oğlu Joranı Əylisdə bir neçə dəfə görmüşdü. O Joranın qızı - Lüsik bir yay Yerevandan Əylisə yay tətilinə gələndə isə Sadayın artıq 11-12 yaşı və həmişə bir yerdə gəzib-dolandığı yaxın dostları, yoldaşları vardı –bir sinifdə oxuyan, bir küçədə yaşayan 3 dost:

Sarı Saday.

Bomba Babaş.

Cambul Camal.

Taxılı biçilmiş kolxoz zəmilərində sünbül yığmağa da, dağı-daşı əldən-ayaqdan salıb, sıldırım qayaların arasında kəklik balası, kəklik yumurtası axtarmağa da o 3 dost həmişə bir yerdə gedərdi. Məktəbdə dərs, xırmanda iş olmayanda, küçədə aşıq oynamaqdan, dağlarda kəklik qovmaqdan bezəndə onlar kənddəki kilsələrin canına daraşardılar. Daş Kilsənin həyətindəki mərmər heykəllərin burnunu, qulağını - sirimsəmiş çay daşı ilə - qırıb-qopartmağa çalışardılar. Vang kilsəsinin divarlarındakı xaç nişanlarını sındırıb dağıtmaq üçün heydən düşənəcən əlləşərdilər. Vurağırd kilsəsinin hündür damına çıxıb, kəndi yuxarıdan aşağı, fitə basardılar. Mirəli kişinin Vang kilsəsinin həyətində becərdiyi noxuda, paxlaya, qarğıdalıya və Anığın (Anikonun) əkdiyi rəngbərəng gül-çiçəyə amansız divan tutardılar. Və çayın yatağından tapıb həmişə ciblərində gəzdirdikləri ucubiz, iti daşlarla kənddəki kilsələrin hər birinin divarında öz adlarını həkk etmək üçün bəzən saatlarla dəridən-qabıqdan çıxardılar:

“Sarı Saday!”

“Bomba Babaş!”

“Cambul Camal!”

Sarışınlıq Sadayın ata nəslində hələ əyyami-qədimdən həmişə olmuşdu. Babaşa “Bomba” ləqəbini ötkəmliyinə, çevikliyinə, bir də, yəqin ki, buz baltası kimi sağlam və güclü olduğuna görə vermişdilər. Amma Camalın o “Cambul” ləqəbinin xüsusi mənası və çox qəmli tarixçəsi vardı.

Onların hər üçü müharibənin başlanmağından bir-iki il əvvəl doğulub, müharibə qurtarandan sonra atasız qalan uşaqlardılar. Ancaq müharibənin qurtarmağından 3-4 il keçmiş bir gün xəbər çıxdı ki, bəs Camalın atası Sümük Səfi sağdır. Özü də arvadı Dilrubaya məktub yazıb göndərib ki, Qazağıstan adlı bir mahalın Cambul deyilən şəhərində yaşayıram. Özüm də burda evlənmişəm, hələ təzə arvadımdan uşağım da var. Yazıb ki, daha mən heç vaxt o Əylisə gələn deyiləm, əgər istəyirsə, qoy oğlum Camal mənim yanıma gəlsin.

O məktubun gəldiyi gün, gecənin bir aləmində, Camalın ana nənəsi Əzra qarının vay-şivəninə Əylisin arvad-uşağı nə ki var, Camalgilin həyətinə doluşdu. Məlum oldu ki, Dilruba bir banka kerosini başına töküb, özünü yandırmaq istəyirmiş.



Bu hadisədən sonra Camalın anası bir də özünə gələ bilmədi.

Nə bir tikə çörək yeyirdi, nə bir damcı su içirdi, nə bir işdən yapışırdı, nə ev-eşik tanıyırdı. Elə hey yola düzəlib, dünyanın “Cambul” deyilən o xaraba qalmışında guya əri Səfini tapıb tənbeh eləməyə gedirdi. Və Camalın anasının meyidi günlərin bir günündə Əylisdən 30-40 kilometr aralıdakı bir maşın yolunun qırağında tapıldı. Və atasının o məktubu göndərdiyi yerin adı - elə o zamandan -Camalın ləqəbi oldu.

O Camalı Saday Sadıqlı, Bakıda olduğu uzun illər boyunca, həmişə xatırlamışdı. Və onu hər dəfə yadına salanda artist eyni vaxtda həmin o Vang kilsəsini, o kilsənin həyətini, o həyətdə qələmə kimi dikinə uzanıb gedən gilası, bir də belinə şal bağlamış Haykanuşun, qollarını dirsəkdən yuxarı çırmalayıb, heyrətindən az qala ağlaya-ağlaya Camalın bit basmış başını necə bir ürək yanğısı ilə sabunlayıb yumağını gözünün qabağına gətirmişdi. Onların hər üçü o səhər kilsənin həyətindəki uca gilas ağacının başına dırmaşmışdı. Yay idi. Gilas yetişmişdi. İstilər çoxdan düşmüşdü. Ancaq Camalın kirli kepkası hələ də başındaydı. O kepkaya görə Camal məktəbdə bütün qışı axırıncı partada oturmalı olmuşdu. Onların sinif rəhbəri Müleyli müəllimə - o ilin yay tətili başlananacan - öz dərslərinin çoxunu o kepkanın müzakirəsinə həsr eləmişdi. O qış, nənəsi Əzranın gözləri tutulandan sonra Camaln başına su dəymədiyini, görəsən, Müleyli müəllimə bilmirdimi?

Amma bunu Haykanuş qarı, sən demə, hamıdan yaxşı bilirmiş. Üstəlik, o səhər Cambul Camalın məhz o kilsənin həyətində və o uca gilas ağacının başında olmağı da, deməli, o Haykanuş qarıya haradansa məlum imiş.

Hələ onlar ağacda ikən, Haykanuş o ağacın dibindəcə ocaq çatıb, bir böyük mis qazanda su qızdırırdı. Evindən sabun, dəsmal, dolça gətirmişdi. Və bir yarımkiloluq bankada - qətran kimi qapqara - palçıqfason bir şey də gətirmişdi ki, onu Haykanuş qarı bir azdan Camalın başına yaxacaqdı.

Haykanuş qarının o kepkanı Camalın başından çıxarmağı ilə Babaşın bayaqdan qarnına doldurduğu gilası elə o ağacın yanındaca nə ki var, qusub-qaytarmağı bir oldu. Saday gözlərini yumub, üzünü yana çevirdi. Haykanuş ilan vurmuş adam kimi “vay” deyib, ikiəlli başını tutdu... Camalın başının hər yerinə elə bil kərmə yaxmışdılar və o kərmənin içindəki bitin sayı qarışqa yuvasındakı qarışqanın sayından, bəlkə, çox idi ki, az deyildi.

Haykanuş qarı Camalı ocağın qırağında bir yastı daşın üstündə oturtmuşdu. Saday qazan dolusu isti sudan dolça-dolça doldurub tökürdü və Haykanuş Camalın başına suvanmış o bitli kərməni sabunlayırdı, dırnağıyla qaşıyıb qanadırdı, qanadıb bir də sabunlayıb, bir də yuyurdu.

-Can bala. Yazıq bala. Yetim bala!.. –Əylisdəki o kilsənin həyətində Haykanuş naləli-sızıltılı səslə elə bircə bu sözləri deyirdi.Və Bakıda xəstəxana koykasında huşsuz uzanmış Saday Sadıqlı Haykanuşun səsini o qədər yaxından, o qədər aydın və səlis eşidirdi ki, əgər Haykanuş qarı o sözləri indi bu xəstəxana palatasında , artistn lap yanındaca desəydi, qarının səsindəki sızıltını artist bu qədər aydın və olduğu kimi eşidə bilməzdi.



(Bizə bu dünyada huşsuz görünənlərin Allahın başqa bir dünyasında hər şeyi bizdən yaxşı görüb-eşitməyinə heç vaxt şübhəniz olmasın.)

Haykanuş qarı Camalın başını yuyub dərmanlayıb, tənziflə sarıyandan sonra -yaxındakı evlərdən - birdən-birə vay-şivənlə kilsənin həyətinə doluşan arvadların səsini də indi Saday Sadıqlı çox yaxından və lap aydınca eşidirdi:

“-Kül bizim müsəlman başımıza, bir yetimin başın yumağa da qeyrətimiz çatmadı.

-Yuyub da, erməni olanda nə olar. Haykanuş göydən gəlməyib ki! O da bu kəndin adamıdı.

-Səni Allah heç vaxt darda qoymasın, Hayqanuş bacı! Elə sən biz müsəlmana həmişə yaxşı olmusan.

-Bilsəydk, bz də yuyardıq da! Biz hardan biləydik ki, yazıq uşağın başına keçəl düşüb.

-Bəyəm görmürdün ki, papağın başından çıxartmır. Başının keçəli olmasaydı, bu havada kim papaqlı gəzərdi?

-Allah sənin Yerevandakı o bircə oğlunu saxlasın, a Hayqanuş. Sən bizim hamımızdan insaflısan.

-Sən, Hayqanuş, Allah adamısan, erməni olanda nə olar...”

Əllərini-qollarını sabunlayıb, yaxşı-yaxşı yuyandan sonra Haykanuş çoxdan bükülmüş belini ovxalayıb sığallaya-sığallaya azca dikələ bildi. Arvadlar yavaş-yavaş dağılışıb getdi. Və o arvadların haray-həşiri kəsilən kimi Haykanuş qollarını açıb, yenə o kilsənin üstünə elə bir şövqlə yeridi ki, elə bil o xırdaca, arıq canıyla o boyda kilsəni, bir körpə uşaq kimi qucaqlayıb, bağrına basacaqdı.



O gün o Haykanuş qarı o qucağıuşaqlı “çalmalı arvadın” qarşısında xaç çevirəndə başına ağappaq tənzif sarınmış Camal kilsə qapısının divarı dibində dinməz-söyləməz oturmuşdu.

Bayaqdan kilsə qapısının bir küncünə qısılıb, nənəsinin baş yumağına qorxu-vahimə içində tamaşa eləyən Lüsik indi kilsə qapısından xeyli o yandakı, qələmə kimi dikinə uzanıb gedən o gilas ağacının gövdəsinə söykənib, elə bil xəlvətcə ağlayırdı. Başının biti, sirkəsi tərtəmiz yuyulandan sonra Camalın gözlərinin içi də dumduru durulmuşdu. Və Camal o dumduru gözlərini gen-gen açıb, sanki indiyəcən görmədiyi təzə bir dünyaya heyranlıqla tamaşa eləyirdi. Babaş Camalın yanında başını aşağı salıb, hərəkətsiz dayanmışdı və bayaq, özünü saxlaya bilməyib, o təhər öyüyüb-qusmağının xəcalətini, deyəsən, indi çəkirdi.

O gün Haykanuş da elə - qocalmış, beli bükümüş - həmişəki Haykanuş idi: kilsənin qapısı qabağında həmişə durduğu yerdə durub, həmişəki kimi duasını eləyib, xaçını çevirirdi. Bəs o gün, görəsən, bu dünyada birdən-birə hansı möcüzə baş vermişdi ki, ermənicə bir kəlmə bilməyən Saday - Haykanuşun kilsə qapısının üstündəki o - “çalmalı arvad”a lap astadan, az qala, ürəyində dediyi sözlərin hər birini aydınca eşidirdi və yüz faiz başa düşürdü?.. Bəlkə, yuxuydu bu?.. Yaratdığı və adını insan qoyduğu hər kəsə bir ömürdə heç olmasa bircə dəfə möcüzə göstərməyi lazım bilən uca Allahın Sadayın qismətinə yazdığı mistik ruhi-səmavi pay idi?.. Görəsən, o kilsənin qapısı başından bu dünyaya həmişə ölü, daş gözlərilə baxan o “çalmalı” daş arvad özünün daş olduğunu unudub, o gün, doğrudanmı Sadayın üzünə o təhər mehribanca gülümsəmişdi?.. O arvadın qucağnda tutduğu o uşaq da birdən-birə canlanmışdı – boynunu, başını, əlini, ayağını tərpətmişdi. Üstəlik, o uşağın gözlərini açıb, kiməsə gülə-gülə göz vurduğunu da o gün Saday öz gözlərilə görmüşdü. Bəs bu necə sirr idi ki, Pərvərdigara, o uşağın göz vuran gözləri eynilə Cambul Camalın gözləriydi?.. Və tutaq ki, bütün bunlar hallüsinasiya idi – yuxu, ya qarabasmaydı. Onda bəs o səs nə səs idi? Evi kilsənin lap yanında olan Cinni Səkinənin ortancıl qızı Çolaq Çimnazın bədheybət səsi:

“ORA BAX, E!.. ONA BAX, SARI SADAY ERMƏNİ KİMİ XAÇ ÇEVİRİR!”

Və o başdanxarab Çimnazın bu sözlərin dalınca ucadan və avazla oxuduğu “folklor nümunəsi”:

“Erməni hay, erməni,

Dağda döyər xərməni.

Bir oğlu var, bir qızı,

Götünə dana buynuzu”.

Hələ o işıq!

Sadayın Haykanuş qarının o dualı sözlərini anlayıb başa düşdüyü və ömründə ilk dəfə sanki özündən də xəbərsiz xaç çevirdiyi o gün özgə vaxtlar yalnız o kilsənin günbəzində və o günbəzdən xeyli o yandakı dağın təpəsində, Allahın gözünün işığı kimi, xəfifcə parıldayan o sarımtıl-çəhrayı işıq axı necə olmuşdu ki, birdən-birə hər tərəfə yayılıb, düzü-dünyanı ağzına almışdı?.. Bu dünyanın o cür inanılmaz dərəcədə gur işığa qərq olduğunu sonralar Saday Sadıqlı heç vaxt görməmişdi. O işığın az və ya çox miqdarda Əylisdə həmişə olmağı isə Saday Sadıqlıdan ötrü adi reallıq, sadə bir həqiqət idi. (Axı Yuxarı Əylisin eniylə uzunu vur-tut 6-7 kilometrdən çox deyildi. Üç yandan qupquru boz dağlarla əhatə olunmuş bu daşlı-çınqıllı xırdaca ərazidə 12 kilsə ucaldıb, hər kilsənin ətrafında bir böyük cənnət yaradan insanlardan əgər burada işıq da qalmasaydı, onda Allahın olub, ya olmamağı kimə və nəyə lazım idi?)

Ancaq özgə vaxtlar yalnız kilsənin günbəzndə və qarşıdakı uca dağın təpəsində ara-sıra peyda olub, sonra sönüb gedən o sarımtıl-çəhrayı işığın o gün birdən-birə çoxalıb, Əylisin hər yerinə yayıldığını, görəsən, Sadaydan savayı da kimsə görmüşdümü?.. Və bunu elə o gün, o kilsənin həyətindəcə kimsədən soruşmağa görən Saday niyə cəsarət eləməmişdi?.. İndi bunu Saday Sadıqlı bu Bakı şəhərində yalnız Babaşdan soruşa bilərdi. Ancaq necə? Hansı Babaşdan?.. İndiki Babaş Ziyadovdan o işığın barəsində söz soruşmaq elə, bir növ, gedib JEK-in müdirindən Allahın ünvanını soruşmaq qədərində gülünc və mənasız iş olardı.

O yay Bomba Babaş özünü Məcnunluğa vurub, Haykanuşun Yerevandan gəlmiş nəvəsi Lüsikin başına min cür oyun açdı.

Gah kilsənin həyətindəki ən uca ağacların təpəsinə dırmaşıb, xoruz kimi banlayıb, qarğa kimi qarıldayırdı. Gah kolların içində gizlənib, kəklik, turac səsi çıxarırdı. O kilsənin yan-yörəsində Babaş qoyun kimi mələyirdi, qurd kimi ulayırdı. Ayaqlarını yuxarı qaldırıb, ikicə əlinin üstündə, gündə bir neçə dəfə kilsənin başına dolanırdı. “Es kes sürümem!”, “Es kes sürümem!” deyə-deyə gah divarın dalından, gah kilsənin damından guya ermənicə Lüsikə eşq elan eləyirdi.

Ancaq bir suyumu elə o Haykanuşun özünə bənzəyən arıq, qarabəniz, balacaboy Lüsikdə doğrudan da böyük hövsələ vardı: Babaşı saymırdı, adam yerinə qoymurdu, onun cürbəcür hoqqalarını guya heç görmürdü də. Lüsik - heç nəyi və heç kəsi saya salmadan - o kilsənin həyətində bütün günü cani-dildən öz fırçası, boyası ilə əlləşirdi.

O il birinci dəfə yay tətilini Əylisdə keçirməyə gələn 13-14 yaşlı qız nəvəsinin kənddə keçən hər gününə görə Haykanuş qarı, əlbəttə, cavabdeh idi. Buna görə də Haykanuş gündə, heç olmasa, bir dəfə o kilsənin həyətində Lüsikə baş çəkirdi. Nəvəsinə termosda çay gətirirdi, çölməkdə isti xörək gətirirdi. Amma o Lüsik Babaşın əməlləri barədə Haykanuş qarıya nədənsə heç nə demək istəmirdi.

Bir gün Haykanuş qarının özü Babaşın əməllərindən xəbər tutdu. Bir gecə Babaşgilin evinə gedib, onun ata babası çayçı Ziyada nəvəsininn “şuluq elədiyini” xəbər verdi. Bundan sonra Babaş bir müddət Lüsikdən əl çəkdi. Ancaq əsas həngamə, sən demə, qabaqdaymış.

Hələ o yay tətili qurtarmamış bir gün kənddə xəbər yayıldı ki, gecənin bir vədəsində bir adam Haykanuşun həyətinə girib, onun dibçəkdə becərdiyi 7 limon ağacının hərəsindən düz bir dənə limon qoparıb. Bu, əlbəttə, elə bir ciddi oğurluq deyildi, adama sataşmaq idi. Bu işdə hamıdan çox Babaşdan şübhələnsə də, Haykanuş heç yerə şikayətə getmədi. Bundan bir-iki gün sonra yenə Babaş gecəynən Haykanuşun həyətinə girib, bu dəfə Lüsikin şəriddən asılmış trusikini götürdü. Və o gecənin səhəri onların neçə illik ayrılmaz dostluğunun son səhəri və bəlkə də, o işıqlı-günəşli uşaqlığın son günü oldu.

Məscidin qabağındakı meydançada – Əylis uşaqlarının ən çox toplaşdığı yerdə- o gün Saday hamıdan güclü, hamıdan zorba Babaşı, heç özü də bilmədi ki, bircə yumruqla necə vurub yerə sərdi. Babaşın əlində yellədə-yellədə uşaqlara göstərdiyi trusiki onun əlindən alıb, bir dəli ehtirasla bar-bar bağıra-bağıra:

-Bu, Lüsikin trusiki deyil! – dedi. – Babaşın bacısı Rasimənin trusikidi... Ay alan, trusik satıram, - deyib var səsilə aləmə car çəkdi.

O hadisədən sonra bir sinifdə otura-otura, bir il, ilyarım onlar bir-birinə heç salam da vermədi.Sonra guya barışdılar. Ancaq o soyuqluq getmədi, qurtarmadı. Bakıda institutda oxuyanda bir-birlərini axtarıb tapmağa heç vaxt cəhd göstərmədilər. Və hələ institutda oxuya-oxuya Komsomolun Mərkəzi Komitəsndə işə düzələn Babaşın sonralar vəzifə pillələrilə yavaş-yavaş yuxarı dırmaşdığını hər dəfə eşitdikcə Saday Sadıqlı o kilsəni, o Lüski, məscidin qabağındakı o meydançanı və orada Lüsikin trusikini əlində bayraq kimi yellədən Babaşı yadına saldı. Və onun vəzifə hərisliyinin o Lüsiklə, o trusiklə və məscidin qabağındakı o gözlənilməz məğlubiyyətlə nəsə mistik və müəmmalı bir əlaqəsi olduğunu düşündü.

O “trusik” əhvalatının elə ertəsi günü Haykanuş qarı Lüsiki Ordubadın dəmiryol vağzalında qatara mindirib Yerevana göndərdi.

Və Haykanuşun nəvəsi Lüsik ondan sonra bir də heç vaxt Əylisə gəlmədi.


Yüklə 490,66 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə