Əl-maiDƏ (SÜFRƏ)


(5.76) “De: “Doğrudanmı siz Allahın yerinə, sizə nə zərər, nə də xeyir ver­məyə qadir olmayana ibadət edəcəksiniz? Allah – Eşidəndir və Biləndir”



Yüklə 2,81 Mb.
səhifə9/37
tarix26.03.2018
ölçüsü2,81 Mb.
#34299
1   ...   5   6   7   8   9   10   11   12   ...   37

(5.76) “De: “Doğrudanmı siz Allahın yerinə, sizə nə zərər, nə də xeyir ver­məyə qadir olmayana ibadət edəcəksiniz? Allah – Eşidəndir və Biləndir”.
Fövqəluca Allah Öz Elçisinə (ona Allahın salavatı və salamı olsun!) əmr edir ki, insanlara desin: “Doğrudanmı siz, sizə nə zərər, nə də xeyir verə bilməyən məxluqlara ibadət edəcəksiniz? Doğrudanmı siz, sizə fayda verən və zərər vuran, nemət əta edən, mərhəmətindən məhrum edən Tək Allaha ibadət etməkdən boyun qaçıracaqsınız? O, Ona müxtəlif dillərdə cürbəcür xahişlərlə müraciət edənlərin hamısının səsini eşidir. O, aşkar və gizli, aydın və batin, keçmişdə və gələcəkdə olan nə varsa, bilir. Tək O, bu kamil sifətlərə malikdir və bu o deməkdir ki, təkcə O, ibadətə və səmimi qulluğa layiqdir.
                       
(5.77) «De: “Ey Kitab əhli! Dininizdə haqqın əleyhinə olaraq həddi aşmayın və hələ əvvəllər yolunu azmış, başqalarını da azdıraraq düz yoldan çıxarmış insanların istəklərinə uymayın”.
Fövqəluca Allah Öz Elçisinə (ona Allahın salavatı və salamı olsun!) əmr edir ki, insanlara desin: “Dininizdə ifrata varmayın, halalın həddini aşmayın və gerçəkliyi yalanla dəyişdirməyin. Məsihi və sözlərinə qulaq asdığınız başçılarınızı həddən artıq yüksəltməyin. Yolundan azaraq çoxlu başqa insanları da dallarıyca aparıb öz dinlərinə salanların istəklərinə tabe olmayın. Bu insanlar özləri azmışlar və ətraflarındakıları da yoldan çıxarırlar. Onlar – azğınlıq təbliğatçılarıdır və insanlar onlardan, onların zərərli arzularından və yanlış baxışlarından qorunmalıdırlar.


                 
(5.78) “İsrailin kafir oğulları Davudun və Məryəm oğlu İsanın dili ilə lənət­lən­mişdilər. Çünki onlar itaətsizlik etmiş və həddi aşmışdılar”.
Kafir israillilər Davud peyğəmbərin (ə) və İsa peyğəmbərin (ə) dili ilə lənətlənmiş və Allahın mərhəmətindən məhrum edilmişdilər. Onlar, haqq israillilərə bəyan edildikdən sonra sonuncuların ona inadkarlıqla müqavimət göstərdiklərinin şahidləri idilər. Bu kafirlik və lənətlənmə onların itaətsizliyinin və halalın sərhədlərini aşmalarının nəticəsiydi. Onlar Allahın hökmlərini yerinə yetirmir və Onun qulları ilə zalımcasına davranırdılar. Günahlar və zalımlıq həmişə cəzalandırılmağa səbəb olduğu üçün onlar kafir oldular və Allahın lütfündən məhrum edildilər.
          

(5.79) “Onlar bir-birilərini törətdikləri qınanmalı əməl­lərdən çəkindirmirdi­lər. Onların törətdikləri necə də çirkin idi!”
Allahın israillilərə cəza verməsinə səbəb yeni bir günah oldu. Bu isə, onların bir-birini qəbahətli hərəkətlərdən çəkindirmə­məkləri idi. Onlar çirkin işlər görür və bir-birilərini bundan saqındırmırdılar və bunun günahı nəinki onu bilavasitə törədənə, habelə onun hərəkətinin qarşısını almaq imkanı olduğu halda, onu səssizcə müşahidə edənə də düşürdü.

Bütün bunlar ona dəlalət edir ki, İsrail oğulları Allahın hökmlərinə laqeyd yanaşır və itaətsizliyi əhəmiyyətsiz bir hərəkət sayırdılar. Əgər onlar Ona hörmətlə yanaşsaydılar, onda qadağan olunmuş əməllərdən qeyrətlə çəkinər və Onun qəzəbinə səbəb ola bilən hər şeyə qəzəblənərdilər. Onlar insanları cinayətlərdən saxlaya biləcəkləri halda, dinməməyi daha üstün tuturdular. Belə rəftar onları amansızcasına cəzalandırılmağa məhkum etdi, çünki o, öz ardınca həmişə bir sıra tələfedici nəticələrə gətirib çıxarır.

Birincisi, əgər insan günah törədənləri sakitcə müşahidə edirsə, onda o, bu əməllərin işlədilməsində hətta iştirakçı deyilsə də, artıq Allaha itaətsizlik edir, çünki iman sahibi təkcə itaətsizlikdən çəkinməklə qane olmamalı, həm də belə hərəkət edənləri qınamalıdır.

İkincisi, artıq qeyd etdiyimiz kimi, belə rəftar Allahın qoyduğu haramlara etina­sızlıq göstərməyə və itaətsizliyə laqeyd yanaşmağa sübutdur.

Üçüncüsü, əgər insanlar günahkarları itaətsizlikdən çəkindirmirlərsə, bu onlara daha tez-tez belə cinayətlər törətməyə imkan verir. Bunun nəticəsində isə, cinayətlər artır, insanlar daha böyük mənəvi və dünyəvi problemlərlə rastlaşır, fasiqlər isə hakimiyyət və qüvvət əldə edirlər. Zaman keçdikcə, möminlər öz təsir gücünü itirir və onlara qarşı müqavimət göstərmək və əvvəllər etdiklərini yenə etmək imkanından məhrum olurlar.

Dördüncüsü, qınanılmalı olan hərəkətlərin tənqidindən boyun qaçırmaq, biliklərin yox olmasına və nadanlığın yayılmasına yol açır, çünki əgər insanların əksəriyyəti günah işlərə qurşanmağa başladıqda din xadimləri və alimləri onları bu əməllərdən çəkin­dirmirlərsə, onda insanlar həmin əməlləri artıq itaətsizlik hesab etməməyə alışırlar və hətta cahillərdən bəziləri elə qərara gələ bilərlər ki, onlar arzuedilən ibadət hərəkətləri – ayinləridir. Dünya insanların nəzərində o dərəcədə tərsinə çevrilir ki, onlar Allahın haram etdiyini – halal, yalanı – həqiqət sayırlar. Gördüyümüz kimi, bundan da pis vəziyyət necə ola bilər?!

Beşincisi, günahları sakitcə müşahidə etmək ona gətirib çıxarır ki, onlar insanların gözünə gözəl və düzgün əməllər kimi görünür və məhz onda onlar bir-birindən nümunə götürməyə başlayırlar. İnsanları əhatə edənləri və onlara bənzəyənləri təqlid etmək, insanlara, ümumiyyətlə, xas olan keyfiyyətlərdəndir.

Günahları sakitcə müşahidə etməyin ziyanlı nəticələrini yenə də çox və uzun-uzadı sadalamaq olar və buna görə də Fövqəluca Allah xəbər verir ki, bu böyük günah, İsrailin kafir oğullarının itaətsizlikləri və zalımlıqların görə lənətlənmə­sinin bir təzahürü idi.
                   

(5.80) “Sən görürsən ki, onların əksəriyyəti kafirlərlə dostluq edir. Nəfsləri­nin onlar üçün hazırladığı necə də yamandır! Məhz buna görə Allah onlara qəzəblənmişdir. Onlar əbədi məşəqqət içində olacaqlar”.
Onlar kafirləri sevir, onlarla dostluq edir və onlara yardım göstərirlər. Onlar işə getməyən mal almışlar və faydasız müqavilə bağlamışlar. Onlar özlərinə Allahın qəzəbini və onunla bərabər bütün məxluqların qəzəbini cəlb etmiş və özlərini əbədi və dəhşətli cəzaya uğratmışlar. Onlar özləri üçün bu yaman qisməti hazırlayarkən özlərinə zalımlıq etmişlər. Onlar özlərini əbədi səadətdən məhrum etməklə özlərinə qarşı zalımlıq törətmişlər.
               
(5.81) “Əgər onlar Allaha, Peyğəmbərə və ona nazil edilənə iman gətirsəydi­lər, kafirləri özlərinə köməkçi və dost götürməzdilər. Lakin onların əksəriyyəti fasiqlərdir”.
Allaha, Onun Peyğəmbərinə (ona Allahın salavatı və salamı olsun!) və ona (ona Allahın salavatı və salamı olsun!) nazil edilənə iman, qulu Allahı sevməyi, Onun sevimli qulları ilə dostluq etməyi və Ona iman gətirməkdən boyun qaçıran, Onunla düşmənçilik edən və günaha batanların hamısı ilə düşmənçilik etməyi zəruriləşdirir. Allahın düşmənləri ilə dostluğu rədd etmək, Ona məhəbbətin və Ona imanın labüd tələblərindəndir. Fasiqlər isə bu tələbləri yerinə yetirmirlər və bu o deməkdir ki, onlar Allaha inanmırlar. Onların əksəriyyəti Allaha itaətdən yayınırlar, Ona və Onun Peyğəmbərinə (ona Allahın salavatı və salamı olsun!) iman gətirmək istəmirlər. Allahın düşmənləri ilə dostluq isə onların fasiqliyi və günahkarlığının ancaq bir təzahürüdür.
                                                                 
(5.82) “Sən hökmən yəhudiləri və müşrikləri möminlərin ən qatı düşmənləri kimi görəcəksən. Sən həm də mütləq görəcəksən ki, möminlərə məhəbbət bəslə­yən­lər arasında ən yaxın olanlar: “Biz xristianlarıq” – deyənlərdir. Bu ona görə belədir ki, onların təkəbbürlülük göstərməyən və Allahı sevən keşişləri və rahibləri vardır”.

(5.83) “Onlar Elçiyə nazil ediləni eşidərkən sən onların gözlərinin yaşla dolduğunu görərsən. Bu, onların haqqı tanıdıqlarına görədir. Onlar deyirlər: “Ey Rəbbimiz! Biz iman gətirdik. Bizi şahidlərlə birlikdə yaz”.

(5.84) “Biz niyə də Allaha və bizə gələn haqqa iman gətirməyək? Axı istədi­yimiz Rəbbimizin bizi mömin insanlarla birlikdə Cənnətə daxil etməsidir”.
Fövqəluca Allah insanlardan müsəlmanlara daha yaxın olanların kimlər olduğunu və onlarla daha tez dostluq etməyə və onları sevməyə hazır olduqlarını və kimlərin də bundan uzaq olduqlarını izah edir. Yəhudilər və müşriklər İslamın və müsəlmanların ən qatı düşmənləridir və onlar müsəlmanlara hamıdan çox ziyan vurmağa can atırlar. Bunun səbəbi onların müsəlmanlara bəslədikləri nifrətdə, özlərinin zalımlığında, paxıllığında, inadkarlığında və kafirliyindədir. Müsəlmanlara daha yaxın olanlar isə özlərini xristian adlandıranlardır. Fövqəluca Allah bunun bir sıra səbəblərini bildirir.

Birincisi, keşişlərin və rahiblərin, yəni onların alimlərinin və tərkidünya həyat tərzi sürən adamlarının arasında hücrə və monastırlarda özlərini ibadətə həsr edənlər vardır. Biliklər, tərkidünyalıq və ibadət insanın qəlbini yumşaldır və xeyirxah edir və həm də onu kobudluqdan və amansızlıqdan xilas edir. Buna görə keşişlərə və rahiblərə yəhudilərin kobudluğu və müşriklərin rəhmsizliyi xas olan sifət deyil.

İkincisi, onlar haqq qarşısında təkəbbürlük etmirlər və öz dikbaşlıqları üzündən haqqa itaətdən yayınmırlar. Bu keyfiyyətlər onları müsəlmanlarla yaxınlaşdırır və onlara bir-biri ilə tez dostlaşmağa imkan verir. Həqiqətən, təvazökar insan xeyirxahlığa təkəb­bürlü lovğadan həmişə yaxındır.

Üçüncüsü, Muhəmməd Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) nazil edilən vəhylər onlara elə təsir göstərir ki, onlar o ayələrin qarşısında mütiləşir və gözləri yaşla dolur. Onlar qəti əmin olduqları haqqı eşidərək ona iman gətirir və onu qəbul edirlər. Onlar Allaha dua edirlər ki, onları da şəhadət verənlər kimi qəbul etsin.

Bu şahidlər – Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) ardıcıllarıdır. Onlar Allahın Vahidliyi və Onun bütün elçilərinin peyğəmbərliyinə şəhadət gətirirlər. Onlar elçilərin gətirdiklərinin hamısının doğru olduğunu təsdiq edir və əvvəlki xalqların lehinə və ya əleyhinə şahidlik edirlər. Onlar, şahidlikləri qəbul edilən ədalətli insanlardır. Fövqəluca Allah buyurur: “Biz sizi orta yolu tutan ümmət etdik ki, bütün bəşəriyyətə şahidlik edəsiniz, Elçi isə sizə şahidlik etsin...” (Bəqərə, 2/143).

Onlar sanki ləngimədən iman gətirdiklərinə görə onları qınayanların ittihamına cavab verərək, belə deyirlər: “Bizə Rəbbimizdən şübhə edilməsi mümkün olmayan haqq gəldiyi zaman Allaha iman gətirməyimizə nə mane olur ki? Biz iman gətirdik, haqqa itaət edirik və Allaha dua edirik ki, bizi möminlərlə birlikdə Cənnət bağlarına daxil etsin. Niyə biz bunu etməməliyik? Məgər bizdə kifayət qədər səbəblər yoxdurmu ki, ləngimədən iman gətirək və hamısından geriyə qalmayaq?”
              

(5.85) “Allah dedikləri sözlər xatirinə onları əbədi qalacaqları və altından çaylar axan Cənnətlə mükafatlandırdı. Budur yaxşılıq edənlərə verilən əvəz”.
Allah onları həqiqi imana aid sözlər dediklərinə və haqqı qəbul etdiklərinə görə altından çaylar axan Cənnət bağları ilə mükafatlandırdı. Onlar orada əbədi olaraq qalacaqlar, çünki yaxşılıq edənlər ancaq belə əvəzə layiqdirlər.

Bu və bundan əvvəlki ayələr Muhəmməd Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) iman gətirmiş xristianlar haqqında nazil edilmişdir. Həbəşistan nequsu da və bir çox başqaları da belə etmişdilər. Bu günə qədər də xristianların arasında elələri tapılır ki, dünyabaxışlarındakı yanlışlıq onlara aydın olanda İslama üstünlük verirlər. Şübhəsiz ki, bu onu göstərir ki, onlar İslama yəhudilərdən və müşriklərdən daha yaxındırlar.
       
(5.86) “İman gətirməyərək ayələrimizi yalan sayanlar isə Cəhənnəm sakin­ləridir”.
Xeyirxah möminlərin mükafatlandırılmasını xatırlatdıqdan sonra Allah günahkar­ları gözləyən cəza haqqında xəbər verir. Onlar iman gətirməkdən boyun qaçırır və Allahın həqiqəti işıqlandıran ayələrini inkar edirlər və buna görə də onlar Cəhənnəm odunun sakinləri olacaqlar.
                 
(5.87) «Ey iman gətirmişlər! Allahın sizə halal etdiyi nemətləri haram etməyin və həddi aşmayın. Həqiqətən, həddi aşanları sevmir”.
Möminlər Allahın onlar üçün halal etdiyi faydalı yeməkləri və içkiləri haram saymamalıdırlar. Allah onlara lütfkarlıq göstərmişdir və buna görə onlar Ona həməd etməli və Ona minnətdar olmalıdırlar. Onlar naşükürlük göstərməklə Allahın mərhə­mətini rədd etmək, onu qəbul etməyib haram saymaq haqqına malik deyillər. Əgər onlar belə davransalar, əgər onlar Allaha iftira atsalar, nankorluq etsələr və halal və faydalı nemətlərin haram və pis olduğunu bəyan etsələr, yol verilən hədləri aşmış olarlar. Allah insanlara bu hüdudları keçməyi qadağan etmişdir. Bundan başqa, hədlərin aşılması Onun nifrətinə səbəb olur və belələri Onun cəzasına layiq görüləcəklər.
            

(5.88) “Allahın sizə nəsib etdiyi halal və yaxşı şeylərdən yeyin və iman gətir­di­yiniz Allahdan qorxun!”
Allah, Özünün halal bəyan etdiklərindən bəzilərini özləri özlərinə haram edən müşriklərə oxşamamağı əmr etmişdir. O, qullarına, Onun sayəsində öz zəhməti ilə əldə etdikləri halal məhsulları yeməyi buyurmuşdur. Bu o deməkdir ki, yeyilən şey oğurluqla əldə edilməməli, kimdənsə zorla alınmamalı və ya qanunsuz yolla qazanılmış vəsaitlər hesabına satın alınmamalıdır. Bununla yanaşı, o təmiz və faydalı olmalıdır, çünki yırtıcı heyvanların ətini və yaxud natəmiz məhsulları yemək olmaz. Müsəlmanlar Allahın hökmlərini yerinə yetirərkən və Onun haramlarından çəkinərkən, əgər həqiqətən də Ona iman gətiriblərsə, onda Allahdan qorxmalıdırlar. Məhz Ona iman gətirilməsi onları təqvalı etiqadına malik olmağı və Onun hüzurunda öz vəzifələrini yerinə yetirməyi zəruri edir, çünki ancaq bu halda təqvalılıq kamilləşmiş olur.

Bu kəramətli ayədən aydın olur ki, əgər insan halal qidanı yeməyi, halal içkini içməyi və yaxud əsir götürülmüş qadınla və ya kölə qadınla intim əlaqəyə girməyi özünə haram edirsə də, bu əməl ona haram olmur. Lakin əgər o, verdiyi vədini pozursa, bu əməlinə görə, andlarını pozanların verdiyi kimi kəffarə verməlidir. Fövqəluca Allah buyurur: “Ey Peyğəmbər! Zövcələrinin səndən razı qalmasını diləyərək Allahın sənə halal etdiyi şeyi niyə özünə haram edirsən? Allah Bağışlayandır və Rəhmlidir. Həqiqətən, Allah andlarınızı geri götürməyi vacib etmişdir. Allah sizin Haminizdir. O – Biləndir və Müdrikdir!” (Təhrim, 66/1-2).

Yox, əgər insan öz zövcəsi ilə intim əlaqəyə girməyi özünə qadağan etmişsə, onda o, zihar adlanan zövcələrindən imtina etmək kimi cahillik dövrü ənənəsinə görə kəffarə verməlidir.

Bu ayədən həm də aydın olur ki, insan ona icazə verilmiş nemətlərdən və zövqü-səfadan çəkinməməli və onları özünə haram etməməlidir. Əksinə, o, onlardan ləzzət almalı və onlardan Rəbbinə itaət etmək xatirinə istifadə etməlidir.
                                             
(5.89) “Qəsdsiz içdiyiniz andlarınıza görə Allah sizi tənbeh etməz, lakin qəs­dən and içməyinizə görə cəzalandırar. Bunun kəffarəsi kimi öz ailənizə yedirdiyiniz yeməyin orta əmsalı ilə on nəfər kasıbı yedizdirin və ya geyindirin və yaxud da bir kölə azad edin. Kim bunu edə bilmirsə, üç gün ərzində oruc tutmalıdır. Budur and içib yerinə yetirmədiyinizin kəffarəsi. Andlarınızı qoruyun. Allah ayələrini sizə bu tərzdə bəyan edir ki, bəlkə Ona minnətdar olasınız”.
Allah insanları qərəzsiz və fikirləşmədən içdikləri anda görə cəzalandırmır. Belə andlara, insan onu içərkən dediyinin doğru olduğunu zənn etdiyi, amma sonra yanıldığını başa düşdüyü, andlar daxildir. Lakin Allah insanları düşünərəkdən və qəti niyyətlə verdikləri andlara görə cəzalandırır. Oxşar bir ayədə deyilir: “Allah sizi qərəzsiz içdiyiniz andlarınıza görə cəzalan­dırmaz, lakin O, sizi qəlbinizin qərəzinə (qəsdən içdiyiniz andlara) görə cəzalandıracaqdır...” (Bəqərə, 2/225).

Əgər insan qəti niyyətlə içdiyi andını pozarsa, o, bunun kəffarəsi olaraq on nəfər kasıbı, adətən, ailəsini yedirtdiyi kimi, yedirtməli və ya on nəfər kasıbı onların namaz qılması üçün kafi olan geyimlə təmin etməli və yaxud bir dindar köləni azad etməlidir. İmanlı kölənin azad edilməsi Quranın digər bir ayəsində xatırlanır. Əgər andını pozan bu üç vacib əməldən birini edərsə, o, andını pozmağa görə cinayətinin əvəzini ödəmiş olur. Əgər o, bunu etmək imkanına malik olmazsa, onda ona üç gün ərzində oruc tutmaq əmr edilir. Təkcə bu yolla törədilmiş günahları təmizləmək və yumaq mümkündür.

Müsəlmanlar öz andlarına sadiq qalmalı, Allaha yalandan and içməkdən çəkin­məli, lazım olmadıqca sağa-sola and içməməli və verdiyi andları pozmamalıdır. Ancaq bir halda andı pozmağa yol verilir ki, edilən əməl faydalı olsun, çünki xeyirxah işlərin görülməsi andların qorunması üçün ən yaxşı vasitədir. Bütün bunlar onu göstərir ki, içilən andlar müsəlmanlara saleh əməllər etməyə mane olmamalıdır.

Allah halalla haram arasında fərqi görməyə və dini hökmlərin mənasını aydınlaş­dırmağa imkan verən ayələrini belə izah edir. Allah insanlara əvvəl bilmədikləri şeyləri öyrədir və buna görə onlar Ona minnətdar olmalıdırlar. Onlar Allaha, onlara şəriət qanunlarını öyrədərkən və açıqlayarkən göstərdiyi lütfkarlığına görə həmd etməyə borcludurlar.
                                    


(5.90) “Ey iman gətirmişlər! Həqiqətən, çaxır, qumar, bütlər və fal oxları şeytanın əməllərindən olan rəzalətdir. Onlardan uzaq olun ki, bəlkə xilas olasınız”.

(5.91) “Doğrudan da, şeytan çaxırın və qumarın köməyi ilə aranızda düş­mənçilik, kin-küdurət yaymaq, sizi Allahdan və namazdan ayırmaq istəyir. Hələ də bunlardan əl çəkmə­yə­cək­siniz?”
Fövqəluca Allah bu yaramaz əməllərin qüsurlu olmasını ifşa edir və onları murdar və şeytan əməlləri adlandırır. İnsanlar uğur əldə etmək üçün onlardan uzaq qaçmalıdırlar. Çünki onlar Allahın qadağan etdiklərini törətməkdən əl çəkmədən ona nail ola bilmə­yəcəklər. Bu, ayədə xüsusilə xatırlanan mənfur əməllərə aiddir.

Onlardan birincisi – sərxoşedici içkilərdən istifadə edilmə­sidir. Bunlara insanı mühakimə yürütməkdən məhrum edən, onu kefləndirən və ya beynini dumanlandırıb məst edən hər hansı bir şey aid edilir. Onlardan ikincisi – qumar oyunlarıdır. Buraya aid olanlar – hər hansı mərc gəlmələr, tərəflərin öz üzərinə öhdəlik götürməsi ilə bağlı olan mübahisə və yarışlardır. Üçüncüsü isə, Allaha ibadət etmək əvəzinə, hər hansı bütlərə, heykəllərə sitayiş etməkdir, dördüncüsü – oxlarla fala baxmaqdır27.

Allah bu əməlləri qadağan etmiş, qullarına onlardan çəkinməyi əmr etmiş, onların verdikləri zərər haqqında bildirmiş və insanların onlardan uzaq durmalı olduqlarını buyurmuşdur.

Birincisi, bu əməllər pis və natəmizdir. Onları sezib duymaq mümkün deyil, çünki onlar fiziki deyil, mənəvi cəhətdən çirkindir. Buna baxmayaraq, insanlar istənilən haramdan qaçınmalıdırlar ki, onunla murdarlanmasınlar.

İkincisi, onlar bəşəriyyətin qatı düşməni olan şeytanın əməllərinə xas olanlardır. Yaxşı məlumdur ki, düşmənlərin fitnə və əməllərindən ehtiyat edərək, xüsusilə, onlar öz əməlləri ilə insanı tələyə salmağa cəhd göstərdikdə, onlardan qorun­maq lazımdır. Belə bir tələnin məhvedici ola biləcəyinə görə, ağıllı insan özünün açıq düşməninin əməllərindən uzaq olmalı, qorunmalı və ehtiyat etməlidir.

Üçüncüsü, qul bu əməllərdən çəkinmədikcə, uğur qazana bilməz. Müvəffəqiyyət – arzu ediləni əldə etmək və xoşagəlməz şeydən xilas olmaqdır. Sadalanan bu dörd əməlin hər biri nailiyyətə doğru yolda maneədir.

Dördüncüsü, onlar insanlar arasında düşmənçilik və ədavət törədirlər və buna görə şeytan o əməllərin yayılması üçün əlindən gələn hər şeyi edir. Xüsusilə, bu, sərxoşedici içkilərin istifadə edilməsinə və qumar oyunlarına aiddir, çünki onlar hətta möminlər arasında da düşmənçilik və ədavət yaymağa qabildir.

Beşincisi, sərxoşedici içkilər insanı aydın mühakimə yürütməkdən məhrum edir və onda iman sahibi olan qardaşlarına qarşı nifrət oyadır, adətən, şərab içilən əlverişsiz hal­larda isə, iş gedib qətlə qədər çıxır. Qumar oyunları zamanı insanlar bir-birini qabaq­la­maq, başqasının malını, ona heç bir xidmət göstərmədən, əlinə keçirməyə can atır ki, bu da düşmənçiliyin və ədavətin baş verməsinə səbəb olan amillərə aiddir.

Altıncısı, bu əməllər üzündən insan qəlbi və bədəni ilə Allahı zikr etməkdən və namaz qılmaqdan uzaqlaşır. Halbuki, Allah qullarını Onu xatırlamaq və namaz qılmaq üçün xəlq etmişdir və sonuncular insanların səadətinin rəhnidir. Çaxır içmək və qumar oynamaq insanı hər şeydən daha güclü surətdə Allahı yada salmaqdan yayındırır və onu o dərəcədə aludə edir ki, insan nə qədər çox vaxt keçməsindən xəbərdar olmur.

İnsanı çirkaba salan və şeytanın əməllərinə aid olan günahlardan daha dəhşətli və daha yaramaz nə ola bilər ki, onu toruna ilişməyə və, heyvan öz çobanına tabe olduğu kimi, özünə itaət etməyə məcbur edir və insana uğur qazanmağa mane olur, möminlər arasında düşmənçilik və ədavət yaradır və onları Allahı xatırlamaqdan və namazdan uzaqlaşdırır?! Bunlardan ağır nəticələr verə bilən, ümumiyyətlə, daha nə ola bilər?!

Bunu nəzərə alaraq, Fövqəluca Allah dərrakəli insanlara bu günahları törətməyi qadağan edərək buyurmuşdur ki, onlardan özləri boyun qaçırsınlar. Bunun səbəbləri ondadır ki, əgər dərrakəli insan belə əməllərin pis nəticələri üzərində düşünərsə, heç kimdən öyüd-nəsihət və qəti xəbərdarlıqlar gözləmədən hökmən onlardan imtina edər.
             
Yüklə 2,81 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə