Əl-muraciat (MƏktublar) İmamət vilayət xilafəT


Quran və sünnədən dəlilin tələbi



Yüklə 3,93 Mb.
səhifə3/32
tarix02.01.2018
ölçüsü3,93 Mb.
#19157
1   2   3   4   5   6   7   8   9   ...   32
1. Quran və sünnədən dəlilin tələbi.

2. Əhli-beytin sözlərinə əsaslanmaq “dövrlə”1 nəticələnir.

1. Allah və Peyğəmbərin (s) kəlamlarından dəlil gətirin ki, Əhli-beytin ardınca getməyin vacibliyini sübut etsin və bu bəhsdə bizi Allah və Rəsuli-əkrəmin sözlərindən başqasının sözlərini qəbul etməkdə azad burax.

2. İmamlarınızın sözləri onlarla müxalif olanlar üçün dəlil ola bilməz. Çünki bildiyiniz kimi, bu haqda onların sözlərinə əsaslanmaq “dövr”lə nəticələnir. Vəssalam.

S”

SƏKKİZİNCİ MƏKTUB

15 Zilqədə 1329



1. İşarə etdiyimizdən qafil deyilik.

2. “Dövr”də səhv nəticə.

3. Səqəleyn hədisi.

4. Səqəleyn hədisinin mütəvatirliyi (şübhəsizliyi).

5. Əhli-beytə arxalanmayan şəxs yolunu itirmişdir (azmışdır).

6. Onların Nuhun gəmisinə, “Hittə qapısı”na bənzədilməsi və ümməti dini ixtilafdan qorumaları.

7. Burada Əhli-beytdən məqsəd kimlərdir?

8. Nə üçün onlar Nuhun gəmisinə və “Hittə qapısı”na oxşadılıblar?

1. Mən məktubumun əvvəlində Peyğəmbərin (s) kəlamını elə-belə qeyd etməmişdim. Əgər bir az diqqət yetirsəydiniz, o hədis Əhli-beyt imamlarının ardınca getməyin vacibliyini açıq-aşkar göstərirdi. Peyğəmbər (s) onları Quran ilə bərabər tutaraq, bilik sahiblərinin başçıları qərar vermiş, onları nicat gəmisi, ümmətin əmin-amanlıq mərkəzləri və “Hittə qapısı”na bənzətmişdi. Bundan məqsəd Peyğəmbərdən (s) eyni məzmunda çatan doğru və düzgün xəbərlərə işarə idi ki, siz işarə və kinayədən sonra başqa bir izahata ehtiyacı olmayanlardansınız.

2. Beləliklə imamlarımızın sözlərini –dediyiniz kimi deyil– onlarla müxalif olanlara da mötəbər dəlil kimi bildirmək olar və artıq onların sözlərini dəlil gətirməklə “dövr” yaranmayacaqdır.

3. İndi isə Allah rəsulunun (s) sözlərinə diqqət edin. O həzrət bir gün cahil və agah olmayanları səsləyib, onlara müraciət edərək uca səslə buyurdu: «يا اَيُّّهَا النّاسُ ِإنّي تَرَكْتُ فيكُمْ ما إنْ اَخَذْتُم بِهِ لَنْ تَضِلوُّا، كِتابَ الله وَ عِتْرَتي اَهْلَ بَيْتي» “Ey camaat, mən sizin aranızda elə bir şey qoyuram ki, əgər ondan yapışsanız, heç vaxt yolunuzu itirməyəcəksiniz: o, Allahın kitabı və Əhli-beytimdir.”1

«إنّي تَرَكْتُ فيكُم ما اِنْ تَمَسَّكْتُم بِهِ لَنْ تَضِلّوُا بَعْدي كَتابَ اللهِ حَبْلٌ مَمْدُودٌ مِنَ السَّماءِ إلَي الاَرضِ وَ عِتْرَتي َاهْلَ بَيْتي وَلَنْ يَفْتَرِقا حَتّي يَرِدا عَلَيَّ الْحَوْضَ فَانْظُرُوا كَيْفَ تُخَلِّفُوني فيهِما» “Mən aranızda elə bir əmanət qoyuram ki, əgər ondan möhkəm yapışsanız heç vaxt yolunuzu itirməyəcəksiniz. O, göylə yer arasında bir ip olan Allahın kitabı Quran və Əhli-beytimdir. Bu ikisi Kövsər hovuzu kənarında mənə çatmayınca bir-birindən ayrılmayacaqlar. Belə isə, diqqət edin, görün məndən sonra onlarla necə rəftar edəcəksiniz!”2

“Mən aranızda iki xəlifə qoyuram: göydən yerədək (və ya göy ilə yer arasında) uzanan Allahın kitabı və Əhli-beytimdir. Onlar hovuz (Kövsər) kənarında mənə çatmayınca heç vaxt bir-birindən ayrılmayacaqlar.”3

“Mən sizin aranızda iki qiymətli şey qoyuram: Allahın kitabı və Əhli-beytimi. Onlar hovuz kənarında mənə qovuşmayınca bir-birindən ayrılmayacaqlar.”1

“Mən, Pərvərdigar tərəfindən artıq dəvət almışam və tezliklə gedəcəyəm. Aranızda iki “siql” (iki ağır və qiymətli şey) qoyuram: Allahın kitabı və Əhli-beytimi. Allah kitabı göy ilə yer arasında uzanan bir ipdir. Lətif və agah olan Allah xəbər vermişdir ki, onlar Kövsər hovuzunun kənarında mənə çatmayıncaya qədər bir-birindən ayrılmayacaqlar. Baxın görün, məndən sonra onlarla necə rəftar edəcəksiniz!”2

Peyğəmbər (s) “həccətül-vida”dan qayıdan zaman Qədir-xuma yetişdikdə karvana əmr verdi ki, oranın böyük ağacları kənarında dayansınlar və ağacların altını təmizləsinlər. Sonra buyurdu:

“Mən dəvət olunmuşam və aranızdan gedəcəyəm. Mən sizin aranızda bir-birindən böyük olan iki qiymətli şey qoyuram: Allahın kitabı və Əhli-beytim. Baxın görün, onlarla necə rəftar edəcəksiniz! Onlar bir-birindən heç vaxt ayrılmayacaqlar.” Sonra buyurdu: «اِنَّ اللهَ عَزَّوَجَلَّ مَوْلايَ وَاَنَا مَوْلي كُلِّ مُؤمِنٍ» “Allah mənim sərvərim və başçımdır və mən də hər bir möminin sərvəriyəm.” Bu vaxt Əlinin əlindən tutub dedi: «مَنْ كُنْتُ مَوْلا هُ فَهذا وَليُّهُ ، اَللّهُمَّ وَالِ مَنْ والاهُ وَعادِ مَنْ عاداهُ...» “Mən hər kəsin sərvəriyəmsə, bu (Əli) onun vəlisidir. İlahi, onu sevəni sev və onunla düşmənçilik edənə düşmən ol...”3

Abdullah ibn Həntəb deyir ki, Peyğəmbər (s) “Cöhfə”də bizə xütbə söylədi və soruşdu: “Məgər mən sizin canınızdan sizə daha yaxın deyiləmmi? Dedilər: Bəli, ey Rəsulullah. Buyurdu: «اِنّي سائِلُكُم عَنِ اثْنَينِ: الْقُرآنِ وَ عِتْرَتي»4 Mən iki şeyi sizdən tələb edəcəyəm: Quran və Əhli-beytimi.”

4. “Səqəleyn”dən möhkəm yapışmağın vacibliyinə hökm edən doğru hədislər mütəvatirdir və Peyğəmbərin (s) səhabələrindən iyirmi nəfərdən çoxu bunu nəql etmişlər. Peyğəmbər (s) bir çox yerdə bu həqiqəti bəyan etmişdir; Qədir-xumda “həccətül-vidada, Ərəfə günündə, Taifdən qayıdanda, Mədinədə öz minbərində, hətta öz evində xəstə yatdığı və səhabələr kənarında olduğu zaman: “Ey camaat, mən tezliklə ruhumu tapşıracaq və bu dünyadan gedəyəcəyəm. Üzrünüzü kəsəcək sözü sizə dedim. Agah olun, Allahın kitabı və Əhli-beytimi aranızda qoyuram.” Sonra Əlinin əlini qaldırıb dedi: «هَذا عَلِيٌ مَعَ القُرآنِ وَ القُرآنُ مَعَ عَلِيٍّ لايَفْتَرقانِ حَتّي يَرِدا عَليَّ الْحَوْضَ» “Bu Əli Quran ilədir və Quran onunladır, onlar hovuz kənarında mənim yanıma gələnə qədər bir-birindən ayrılmayacaqlar.”5

Bunu bir qrup sünni alimləri də təsdiq edir. Hətta İbn Həcər “səqəleyn” hədisini nəql edəndən sonra belə deyir: “Agah ol ki, Quran və Əhli-beytdən möhkəm yapışmağın vacibliyini bildirən hədisin çoxlu sənədləri var və Peyğəmbərin (s) iyirmidən çox səhabələri tərəfindən nəql olunmuşdur.” Sonra deyir: “Bu hədisin bir çox silsilə sənədləri kitabın “on birinci şübhə” hissəsində keçdi. Onların bəzisində deyilir ki, Peyğəmbər (s) onu “həccətül-vida”da Ərəfə günündə, başqa birisində Mədinədə xəstə ikən otağının səhabələr ilə dolu olduğu vaxt, başqasında Qədir-xumda, daha başqa bir yerdə deyilir ki, Taifdən qayıdan zaman buyurmuşdur.” Yenə əlavə edir: “Bunlar bir-birinə zidd deyil, çünki o həzrətin bu və ya başqa hallarda bu həqiqəti təkrar etməsinin eybi yoxdur. Bu, onun Qurani-kərimin və pak Əhli-beytinin əhəmiyyətinə xatirdir.”1

İmamlar üçün elə bircə bu kifayətdir ki, heç bir yerdən batilin onlara yol tapa bilməməsi kimi Allah və Peyğəmbərin (s) nəzərində Quranla bərabər məqamda olsunlar. (لا يَأْتِيهِ الْبَاطِلُ مِن بَيْنِ يَدَيْهِ وَلَا مِنْ خَلْفِهِ)2

Bunun özü müsəlmanları onların (Əhli-beyt) məzhəbinə itaət etməyə vadar edən aydın dəlildir. Çünki Qurandan başqa heç bir şeyi qəbul etmək istəməyən müsəlman kəs (“Allahın kitabı bizə bəs edər” – fikrini dəstəklədiyiniz halda), başqa bir şeyi Quranla bir sırada necə qoya bilər?

5. «اِنّي تارِكٌ فيكُمْ ما إنْ تَمَسَّكْتُم بِهِ لَنْ تَضِلَوُا: كِتابَ اللهِ وَعِتْرَتي» “Sizin aranızda elə bir şey qoyuram ki, əgər ondan möhkəm yapışsanız, heç vaxt yolunuzu azmayacaqsınız. Allahın kitabı və Əhli-beytim.”

Bu mənanı təsdiq edən daha dəqiq ifadə isə Təbəraninin nəql etdiyi Peyğəmbərin (s) “səqəleyn” hədisinin ardınca buyuruğudur: «فَلا تُقَدِّمُوهُما فَتَهْلِكُوا وَ لا تُقَصِّرُوا عَنْهُما فَتَهْلِكُوا وَ لا تُعَلِّموهُمْ فَاِنَّهُم اَعْلَمُ مِنْكُم» “Onlardan irəli keçməyin ki, həlak olarsınız və geri qalmayın ki, həlak olarsınız. Onlara heç nə öyrətməyin, çünki onlar sizdən biliklidirlər.”

İbn Həcər isə (bu qədər aydın dəlildən sonra) deyir: Peyğəmbərin (s) “Onlardan irəli keçməyin ki, məhv olarsınız və geri qalmayın ki, həlak olarsınız, onlara heç nə öyrətməyin ki, sizdən biliklidirlər.” – sözləri o vaxt həqiqi mənasını doğruldur ki, Əhli-beytdən hər biri özünü uca məqam və dini vəzifələrdə yüksək rütbəyə çatdırmış olsun.3

6. Müsəlmanları Əhli-beytə tərəf sövq edən səbəb, mömin bir insanı dini işlərdə onlara müraciət etməsinə məcbur edən dəlil, Peyğəmbərin (s) bu sözləridir: «اَلا إنَّ مَثَلَ اَهْلِ بَيْتي فيكُم مَثَلُ سَفينَةِ نُوْحٍ مَنْ رَكِبَها نَجا وَ مَنْ تَخَلَّفَ عَنْها غَرَقَ» “Bilin, mənim Əhli-beytim sizin aranızda Nuhun gəmisi kimidir, ona minən şəxs nicat tapar, geridə qalan qərq olar.”4

“Yalnız mənim Əhli-beytim sizin aranızda Nuhun gəmisi kimidir. Ona minən şəxs nicat tapar, ondan ayrı düşən qərq olar. Mənim Əhli-beytim sizin aranızda Bəni-İsrailin “Hittə qapısı” kimidir. Oradan daxil olan şəxs rəhmət qazanar.”5

«اَلنُّجُومُ أمانٌ ِلأهْلِ الأرْضِ مِنَ الْغَرَقِ وَ اَهْلُ بَيْتي أمانٌ لِأُمَّتي مِنَ الإخْتِلافِ (فِي الدّينِ) فَاِذا خالَفَتْها قَبيلَةٌ مِنَ الْعَرَبِ (يَعْني فِي اَحكامِ اللهِ) اِخْتَلَفُوا فَصارُواحِزْبَ اِبْلِيس» “Ulduzlar yer əhlinə nur saçdığı kimi, Əhli-beytim də ümmətə (dində ixtilafdan qorumaq üçün) bir çıraqdır. Buna görə də ərəblərdən kim onlarla müxalif olsa, (mənası budur ki, Allah ehkamlarında) ixtilaf salmış, özləri isə İblisin firqəsinə qoşulmuşdur.”1

Ümmətin Əhli-beytə tabe olmağın vacibliyi və onlar ilə müxalifəti bundan ibarət idi və güman etmirəm ki, bütün lüğətlərdə və bəşərin dilində bu məna üçün bundan aydın sözlər tapılsın.”

7. Əhli-beyt dedikdə məqsəd ümumiyyətlə əimmədir (imamlar), yalnız evin içindəkilər deyildir. Bu mənzilət və məqam yalnız Allahın əmrini yerinə yetirən imamlara aiddir. Bu söz həm əql və həm nəql cəhətdən təsdiq olunur, belə ki, “cümhurun” bir sıra məşhur alimləri də bunu etiraf etmişlər. O cümlədən ibn Həcərin “Əs-səvaiqül-Mühriqə” kitabında belə deyilir: “Bəziləri demişlər ki, çox ehtimal ki, “əman” (əmniyyət) vasitəsi olan Əhli-beytdən məqsəd Əhli-beyt alimləridir və onların vasitəsilə insanlar hidayət olunur. Onlar ulduzlar kimidir ki, əgər onlar yer üzündə olmasalar, camaata əzab nazil olar.” Sonra deyir: “Bu (əmin-amanlıq) Məhdinin (ə) zühuru vaxtıdır. Çünki Məhdiyə (ə) aid hədislərdə oxuyuruq ki, İsa (ə) onun arxasında namaz qılacaq və (düşmənlərdən biri) Dəccal onun zamanında öldürüləcək, ondan sonra bir-birinin ardınca (zühura dəlalət edən) nişanə və əlamətlər aşkar olacaqdır.”2 Başqa yerdə deyir: “Peyğəmbərdən soruşuldu ki, camaat Əhli-beytdən sonra öz yaşayışına necə davam edəcək? Həzrət buyurdu: Beli sınmış uzunqulaq kimi.”3

8. Siz yaxşı bilirsiniz ki, Əhli-beyti Nuhun gəmisinə oxşatmaqdan məqsəd odur ki, dini işlərdə hamı onlara pənah aparsın. Dinin füru və üsulunu pak imamlardan öyrənən şəxs cəhənnəm əzabından nicat tapar, belə etməyən isə Nuhun tufanı vaxtı nicat tapmaq üçün dağa pənah aparan şəxsə bənzəyir ki, o, suda, bu isə cəhənnəmdə qərq olar. (Allaha pənah!)

Onların “Hittə qapısı”na oxşadılmasının səbəbi odur ki, Allah o qapını öz cəlalı, əzəmət və hökmü qarşısında itaət kimi müəyyənləşdirmişdi. Bu səbəbdən də (Bəni-İsrailin) bağışlanması və rəhmətə bais olurdu. Bu ümmətin arasında da Əhli-beytə (ə) itaət və təslim olmaq və Əhli-beyt imamlarının ardınca getmək Allahın hökmü qarşısında itaət və baş əyməyin bir cilvəsi kimi göstərilmiş və bunu İslam ümmətinin bağışlanma amili sayır. Budur onların “Hittə qapısı”na oxşadılmasının səbəbi. İbn Həcər bu hədis və misalları xatırlatdıqdan sonra, bənzətmənin səbəbini belə izah edir: “Onların Nuhun gəmisinə oxşadılmasının səbəbi odur ki, onları sevən, Allahın onlara verdiyi məqama təşəkkür olaraq təzim edən və onların alimlərinin hidayətindən faydalanan şəxs ixtilaf zülmətindən nicat tapar və belə əməl etməyən şəxs isə naşükürlük dəryasına düşüb, tufan girdabında həlak olar.”4

“Onların “Hittə qapısı”na oxşadılmasının səbəbi isə budur ki, –istər bu qapı “Riha” qapısı olsun, istərsə Beytül-Müqəddəs qapısı– ora təzim ilə daxil olmaq bağışlanmağa səbəb olar. Allah-taala Peyğəmbər (s) Əhli-beytinin dostluğunu da bağışlanma amili etmişdir.

Əhli-beytə tabe olmağın vacibliyini bildirən, xüsusilə imamların öz dilindən nəql olan doğru hədislər mütəvatirdir. Yorucu olmasaydı, bu məsələni daha geniş şərh edərdik. Lakin bizim arzu və istəyimiz üçün bu qədər kifayətdir. Vəssalam

Ş”

DOQQUZUNCU MƏKTUB

17 Zilqədə 1329

Bu haqda daha çox hədisin tələbi.

Qələmini azad burax və danlaqdan qorxma, qulağım səndədir. Açıq sinəm səndən elm və bilik öyrənməyə hazırdır və sakit və aramla səni dinləyirəm. Sənin dəlil və sübutların məni yenidən sevindirib, yorğunluğu ruhumdan sildi. Buna görə də, o mənalı sözlərindən, misilsiz hikmətlərindən mənə daha çox buyur. Çünki mən sənin sözlərində itirilmiş hikmətləri görürəm. Sözlərin qəlbimdə şəffaf sudan daha safdır. Mənim üçün çox danış, çox. Sənə yüz afərin. Vəssalam.

S”

ONUNCU MƏKTUB

19 Zilqədə 1329

Bir sıra başqa hədislər.

Məktubumu səmimiyyətlə oxuyub özünü ona tam hazırlamışdınsa, bu bir yenilik deyildir. Çünki sən çoxdandır ki, arzularımı və fəaliyyətimi müvəffəqiyyətə qovuşdurursan. Niyyəti pak, daxili aləmi gözəl, təvazökar, xoşxasiyyət, elmli və həlim adamın sözündə və qələmində haqq cilvələnər, əlində və dilində insaf və doğruluq aşkar olar.

“Çox de, çox!” deməklə məni nə qədər sənə təşəkkür etməyə və əmrinə qulaq asmağa vadar edibsən. Məgər bundan da artıq lütf və təvazökarlıq olarmı? Ləbbəyk! Ləbbəyk! (Gözüm üstə! Gözüm üstə!) Allaha and olsun ki, gözlərinə işıq verəcəyəm və diqqətlə dinlə!

1. Təbərani özünün “Kəbir” və Rafei “Müsnəd” kitabında İbn Abbasdan bir sıra sənədlərlə İslam Peyğəmbərindən (s) belə nəql edirlər: “Mənim kimi yaşamaq və ölmək, Allahın əbədi behiştində özünə əbədi yer seçmək istəyən şəxs Əlini məndən sonra özünə dost və vəli bilsin. Əlinin dostunu özünə dost bilsin, məndən sonra Əhli-beytimin ardınca getsin. Çünki onlar mənim itrətimdir, mənim vücudumun mayasından yaranıblar, elmimdən bəhrələniblər. Vay ümmətimdən o kəslərin halına ki, onların üstünlüyünü və fəzilətlərini təkzib edələr və mənimlə onlar arasındakı əlaqəni kəsələr! Allah mənim şəfaətimi onlara nəsib eləməsin!”1

2. Mətir, Bavərdi, İbn Cərir, İbn Şahin və İbn Məndə İshaq vasitəsilə Ziyad ibn Mütrəfdən nəql edirlər ki, Peyğəmbər (s) buyurubdur: “Mənim kimi yaşamaq və ölmək, Allahımın mənə vəd etdiyi əbədi behiştə daxil olmaq istəyən kəs məndən sonra Əli və onun övladlarını sevməlidir. Çünki onlar sizi heç vaxt hidayət qapısından kənar etməz və heç vaxt azğınlıq vadisinə salmazlar.”2

3. Buna bənzər Zeyd ibn Ərqəmin hədisidir ki, Peyğəmbər (s) buyurub: “Mənim kimi yaşamaq və ölmək, Allahın vəd etdiyi əbədi behiştdə məskunlaşmaq istəyən şəxs, Əli ibn Əbu Talibi sevməlidir. O, heç vaxt sizi hidayətdən uzaqlaşdırmaz və heç vaxt yolunuzu azmağa qoymaz.”3

4. Habelə Əmmar Yasirin hədisidir ki, “Peyğəmbər (s) buyurub: “Mənə iman gətirən və məni təsdiq edənləri Əli ibn Əbu Talibin vilayətinə tapşırıram. Onu özünə vəli hesab şəxs məni özünə vəli hesab edib və məni özünə vəli bilən şəxs, Allahı da sevmişdir. Ona kin bəsləyən də mənə kin bəsləmiş olar. Və mənə kin bəsləyən şəxs Allaha kin bəsləmiş olar.”1

5. Yenə Əmmar Yasirdən nəql olunmuşdur ki, Peyğəmbər (s) buyurub: “Ey Pərvərdigar, o kəs ki, mənə iman gətirib və məni təsdiq edibdir, Əli ibn Əbu Talibin vilayətindən əl çəkməməlidir, çünki onun vilayəti mənim vilayətimdir və mənim vilayətim Allahın vilayətidir.”2

6. Peyğəmbər (s) xütbələrinin birində buyurur: “Ey camaat! Fəzl, şərəf, məqam və vəlilik Allah rəsulunun və onun zürriyyəsinindir. Buna görə də yersiz və batil sözlər sizi yolunuzdan azdırmasın.”3

7. Yenə buyurmuşdur: “Ümmətimin hər bir dövründə Əhli-beytimdən olan adil və ədalətli adamlar vardır ki, onlar yolunu azmış şəxslərin təhriflərini, təxribatçı adamların dində icad etdikləri puç məsələləri, cahil adamların din haqqındakı səhv təsəvvürlərini inkar və məhv edərlər. Bilin ki, imamlar və sizin rəhbərləriniz Allah dərgahında seçilmiş adamlardır. Belə isə, diqqət edin, görün kimi Allah dərgahında özünüz üçün rəhbər və qabaqcıl seçirsiniz.”4

8. Peyğəmbər (s) yenə buyurmuşdur: “Əhli-beyt imamlarından qabağa keçməyin ki, həlak olarsınız və onlardan geri qalmayın ki, məhv olarsınız. Onlara öyrətməyin, çünki onlar sizdən daha çox agahdırlar.”5

9. Yenə buyurmuşdur: “Mənim Əhli-beytimi başın bədənə və gözlərin başa olan nisbəti kimi bilin. Çünki baş, gözlərin vasitəsilə idarə olunur.”6

10. Yenə buyurmuşdur: “Bizim Əhli-beytimizi sevin! Bizi sevən kəs (qiyamətdə) Allah ilə görüşdükdə, bizim köməyimizlə behiştə daxil olacaq və and olsun o Allaha ki, canım onun əlindədir. Bizim haqqımızı tanımayana əməlləri fayda verməyəcəkdir.”7

11. Yenə buyurmuşdur: “Ali-Məhəmmədi (s) tanımaq oddan xilas olmaqdır. Ali-Məhəmmədi (s) sevmək və ona məhəbbət bəsləmək sirat körpüsündən keçid vəsiqəsidir. Ali-Məhəmmədin vilayəti əzabdan qurtuluşdur.”1

12. Yenə o həzrət buyurmuşdur: “Qiyamətdə adam hələ yerindən tərpənməyə macal tapmamış, ondan dörd şey soruşulacaq: ömrünü hansı yolda sərf etmiş, bədənini hansı yolda qocaltmış, var-yoxu hansı yolda xərcləmiş və bir də Əhli-beytimizin məhəbbəti.”2

13. Yenə Peyğəmbər (s) buyurmuşdur: “Bütün ömrünü (həcdə) “rükn” və “məqam” arasında dayanaraq namaz qılan və oruc tutan şəxs Ali-Məhəmmədə kin bəsləyərsə, odda yanacaqdır.”3

14. Və yenə Allahın rəsulu buyurmuşdur: “Ali-Məhəmmədin məhəbbəti ilə ölən şəxs şəhiddir. Agah olun, Ali-Məhəmmədin məhəbbəti ilə ölən şəxs bu dünyadan bağışlanaraq köçəcəkdir. Bilin ki, Ali-Məhəmmədin məhəbbəti ilə canını tapşıran şəxs bu dünyadan tövbəli gedəcəkdir. Agah olun ki, Ali-Məhəmmədin dostu olaraq ölən şəxs mömin və tam imanlı dünyanı tərk edəcəkdir. Bilin, Ali-Məhəmmədin dostu kimi ölən şəxsin ruhunu mələk behiştlə müjdələyəcək, sonra Münkir və Nəkir ona müjdə verəcəklər. Agah olun, Ali-Məhəmmədin məhəbbəti ilə dünyadan köçənlər cah-calal və ehtiramla ər evinə daxil olan və behiştə gedən gəlinə bənzəyəcəklər. Bilin ki, Ali-Məhəmmədin məhəbbətilə dünyadan gedən şəxsin qəbrindən behiştə iki qapı açılacaq. Agah olun, Allah Ali-Məhəmmədin məhəbbətilə dünya ilə vidalaşan şəxsin qəbrini mələklərin ziyarətgahı olacaq. Yadda saxlayın, Ali-Məhəmmədin məhəbbətilə can verən şəxs Peyğəmbərin dini yolunda canını tapşırmış və agah olun, Ali-Məhəmmədin ədavəti ilə ölən şəxsin qiyamət günü alnında belə yazılmışdır: Allahın rəhmətindən məhrumdur.”1

O həzrət istəyirdi ki, bu həqiqətlər vasitəsilə bütün diləkləri bu tərəfə yönəltsin. Bütün bu hədislərin xüsusilə Peyğəmbərin (s) pak Əhli-beytindən bizə çatan hədislərin məzmunu mütəvatirdir. Məlumdur ki, Allah tərəfindən kamil dəlillər olmasaydı, bu mərtəbə və məqam onlar üçün olmazdı. Bəli, əgər bunlar haqq yolunun şəfalı çeşməsi, əmr və nəhydə Peyğəmbərin (s) varisi, hidayətin canlı timsalı olmasaydılar, heç vaxt bu mərtəbə və məqamları olmazdı. Buna görə də onları sevənlər Allah və rəsulunu sevənlərdir. Onlara düşmən olan və kin bəsləyənlər isə Allah və rəsulunun düşmənidirlər. Peyğəmbər buyurmuşdur: “Pəhrizkar mömindən başqa bizi heç kəs sevməz və bədbəxt münafiqdən başqa heç kəs bizimlə düşmənçilik etməz.”2

Məşhur şair Fərəzdəq də onların haqqında belə demişdir:

«مِنْ مَعْشَرٍ حُبُّهُم دِينٌ وَ بُعْضُهُمُ كُفْرٌ وَ قُرْبُهُمُ مُنْجي وَ مُعْتَصِمٌ»

“Onlara olan məhəbbət və dostluq din, düşmənçilik isə küfrdür. Onlarla birgə olmaq nicat tapmaq və (həlakətdən) qurtuluşdur.”

«اِنْ عُدَّ اَهلُ التُّقَي كانُوا اَئِمَّتَهُمْ اَوْ قيلَ مَنْ خيرُ اَهْلِ الْاَرْضِ قيلَ هُمُ»

“Əgər təqva və pəhrizkarlıq əhlinin say cəhətdən hesablamaq olsa, bunlar onların rəhbərləridir, əgər ən gözəl insanları yer üzündə axtarsan, deyərlər ki, bunlardır.”

Möminlərin əmiri Əli (ə) həmişə deyərdi: “Mən, pak əcdadım və Əhli-beytim, cavanlıqda adamların ən aqil və təmkinlisi, qocalıqda isə ən biliklisidir. Bizim vasitəmiz ilə Allah yalanı rədd edir, divanə və qurd (kimi) insanların dişlərini torpağa sürtür, sizi zəlil edib əsarətə salan müşkülləri həll edir və zəncirləri boynunuzdan açır. (Hər bir şey) bizimlə başlayır və bizimlə də qurtarır.”3

Bizə elə bu kifayətdir ki, Allah onları başqalarından üstün tutmuş, belə ki, onlara salam və salavatı namazın vacib bir hissəsi kimi bütün bəndələrinə vacib bilmişdir, yəni onlara salavat göndərmədən heç kəsin namazı Allah dərgahında qəbul deyildir. Namaz qılan istər “siddiq” olsun, ya “faruq”, zünnür” olsun, ya “zünnureyn” ya “zünnar”. Allahın buyurduğu vaciblərə itaət edən şəxs namaz qılarkən onlara salavat göndərməklə Allaha ibadət edir (“şəhadəteyn”i deməklə Allaha ibadət edən kimi). Bu elə bir məqamdır ki, ümmətin başçıları onu qəbul etmişlər və adlarını çəkdiyiniz cümhur məzhəblərinin başçıları ona itaət etmişlər. İmam Şafei bu barədə deyir:

«يا اَهْلَ بَيْتِ رَسُولِ اللهِ حُبُّكُمُ فَرْضٌ مِنَ اللهِ في الْقُرْآنِ اَنْزَلَهُ»

«كَفاكُمْ مِنْ عَظيمِ الْفَضْلِ إنَّكُمُ مَنْ لَمْ يُصَلِّ عَلَيْكُمْ لاصَلوةَ لَهُ»4

“Ey Peyğəmbərin Əhli-beyti, sizi sevməyi Allah nazil etdiyi kitabında vacib etmiş; Sizə salavat göndərməyən şəxsin namazının qəbul olunmamağı isə sizin fəzl və üstünlüyünüzə kifayətdir.”

Hələlik Peyğəmbərin (s) pak hədisləri (Quranda buyurulan kimi) əsasında onlara itaət etməyin vacibliyinə dəlalət edən bu qədər dəlillər ilə kifayətlənirik. Quranda bu mənaya dəlalət edən aydən ayələr mövcuddur ki, onu sizin ağlınızın və aydın zehninizin şahidliyinə həvalə edirəm siz, bir işarə ilə onları duya bilirsiniz.” Vəssalam.

Ş”

ON BİRİNCİ MƏKTUB

20 Zilqədə 1329



1. Xatırlanmış aydın hədislərdən heyrətə gəliş.

2. Cümhurun inandıqları ilə bu rəvayətlərin uyğun gəlməsindən qorxu.

3. Qurani-kərimin ayələri ilə dəlillər gətirilməsi xahişi.

1. Qiymətli məktubunuzu oxumaq şərəfinə nail oldum. Elə bir məktub idi ki, haqq yolunu göstərmək üçün çox aydın, ondan istifadə etmək isə çox asandır. Elm və bilik quyusundan çəkdiyim tuluğu ağzına qədər doldurmusan və dağa bənzər yüksək vücudunun uca zirvəsindən dəlil və bürhanları sel kimi axıtmısan. Məktubuna nəzər salaraq uzun müddət onun ətrafında dərin fikrə daldım. Səni mübahisədə yorulmaz, elmi mübahisədə sabitqədəm, qüvvətli və rəvan bəyana malik bir şəxs kimi gördüm.

2. Sənin dəlillərin arasında özümü qərq etdikdə və gətirdiyin dəlilləri dəqiq şəkildə araşdırdıqda özümü qəribə bir döyüşdə hiss etdim. Dəlillərinə nəzər salırdım və onları mütləq (sübut olunmuş) hesab edirdim. Əhli-beyt imamlarına baxmaqla, onları Allah və Peyğəmbər (s) qarşısında elə bir məqamda görürdüm ki, görkəmləri və cəlalları qarşısında təvazökarlıq qanadlarını sərmək lazımdır.

Sonra cümhur, qiblə əhli və İslam ümmətinin əksəriyyətini müşahidə edərək onların Əhli-beyt əleyhinə, yəni bu dəlillərin zahirlərinin tələb etdiyi şeyin əleyhinə olduqlarını görürdüm. Vücudumda möhkəm bir çəkişmə əmələ gəlmişdi. Özümdə iki mövqe görürdüm. Biri məni bir tərəfdən dəlilə tabe olmağa çəkir, o biri isə müsəlmanların əksəriyyəti olan tərəfə sövq edirdi. Birincisi cilovunu sənin əlinə tapşırmış və səndən ayrılmır, ikincisi isə inadkarcasına özünü sizdən uzaqlaşdıraraq üsyan edirdi.

3. Bu üsyankar ruha qalib gəlmək üçün Qurandan kəskin dəlillər gətirməyə imkanın vardırmı? Belə ki, bu ayələr onun yolunu kəssin, Əhli-beyt tərəfə sövq etdirsin və onunla cümhur müsəlmanlarının nəzəriyyəsi arasında qəti sədd olsun. Vəssalam.


Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə