Əl-muraciat (MƏktublar) İmamət vilayət xilafəT


Əli ibn Cəd Əbül-Həsən Cövhəri Bağdadi Mövla Bəni Haşim



Yüklə 3,93 Mb.
səhifə9/32
tarix02.01.2018
ölçüsü3,93 Mb.
#19157
1   ...   5   6   7   8   9   10   11   12   ...   32
62. Əli ibn Cəd Əbül-Həsən Cövhəri Bağdadi Mövla Bəni Haşim.

O, Buxarinin ustadlarından biridir. İbn Qüteybə “Maarif” kitabında onu şiə şəxsiyyətlərindən hesab etmiş və (“Mizanül-Etidal”da şərhi-halında yazıldığı kimi) haqqında nəql olunmuşdur ki, o, bütün altmış ili bir gün oruc tutar, bir gün iftar edərmiş (yəni bir gündən bir oruc tutardı). İbn Qeysərani “Cəmi beyni ricalis-səhiheyn” kitabında onun adını çəkmiş və demişdir ki, Buxari öz kitabında ondan on iki hədis nəql etmişdir.

Mən deyirəm: O, 203-cü ildə 96 yaşında vəfat etmişdir.
63. Əli ibn Zeyd İbn Abdullah ibn Zəhir ibn Əbu Məleykə ibn Cəzan Əbül-Həsən Qürəşi Teymi Bəsri.

Əhməd İcli onu xatırlamış və demişdir: “O, şiə məzhəbinə inanırdı.” Yəzid ibn Zəri deyir: “Əli ibn Zeyd rafizidir.”

Bununla belə Şöbə, Əbdül-Varis və bu təbəqədən olan tabein alimləri ondan hədis və elm öyrənmişlər. O, Bəsrənin üç fəqihindən biri olmuşdur. Artıq Qətadə, Əli ibn Zeyd və Əşəs Hədaninin hər üçünün kor olduğu zaman Həsən Bəsri vəfat edərkən, Əli ibn Zeyddən xahiş etdilər ki, onun yerinə keçsin). Bu onun fəzlinə xatir idi, çünki o, əzəmətdə elə bir mərhələyə çatmışdı ki, məclisində yalnız tanınmış, böyük şəxsiyyətlər oturardı və belə bir mövqe Bəsrədə bir şiə üçün nadir hallardan sayılırdı.

Zəhəbi “Mizanül-Etidal”da onun adını çəkmiş və dediklərimizi yazmışdır. Qeysərani “Cəmi beyni ricali-səhiheyn” kitabında şərhi-halını yazmış və xatırlamışdır ki, Müslim onun rəvayətlərini “Sabit Bənani” ilə birlikdə nəql etmişdir. O, Ənəs ibn Malikdən cihadaa aid rəvayətlər nəql etmişdir.

O, 131-ci ildə vəfat etmişdir.
64. Əli ibn Saleh, Həsən ibn Salehin qardaşı.

Fəzilətlərindən bir qismini qardaşı Həsənin şərhi-halında yazdıq. O, qardaşı kimi şiə alimlərindəndir. Müslim və “Səhih”ində “büyu” (al-ver) fəslində onun hədislərindən dəlillər gətirmişdir. Əli ibn Saleh, Səlmə ibn Küheyldən, Vəki isə Əli ibn Salehdən hədis nəql etmişdir ki, hər ikisi şiələrdəndir.

O və qardaşı Həsən 100-cü ildə anadan əkiz doğulmuşlar.

O, 151-ci ildə vəfat etmişdir.


65. Əli ibn Qürab Əbu Yəhya Fəzari Kufi.

İbn Həyyan deyir: “Şiəlikdə ifrata varmışdır.”

Mən deyirəm: Buna görə də Cüzcani demişdir: “O, süqut etmişdir, sözü qəbul olunmur və Əbu Davud demişdir: Hədislərini söyləmirlər.

Amma İbn Müin və Darü-Qütni ona etimad etmiş və Əbu Hatəm demişdir: “Hədislərində nöqsan yoxdur.” Əbu Zərə deyir: “Məncə o, düzdanışandır.” Əhməd ibn Hənbəl deyir: “Düzdanışandır.” Zəhəbi onu “Mizanül-Etidal”da yad etmiş və “cərh və tədil” imamlarının (alimlərinin) sözlərini eşitdiyi kimi, nəql etmiş və adının kənarında “S. Q.” əlaməti qoymaqla “sünən” yazıçılarının onun hədislərindən dəlillər gətirmələrinə işarə etmişdir. O, Hişam ibn Ürvə və Übeydullah ibn Ömərdən hədis nəql etmişdir.

İbn Səd “Təbəqat” kitabının altıncı cildinin 273-cü səhifəsində adını çəkib demişdir: “İsmail ibn Rəca Osman haqqında Əməşin hədisini ondan nəql etmişdir.

O, 184-cü ilin başlanğıcında Harunun hökmranlığı zamanı Kufədə vəfat etmişdir.


66. Əli ibn Qadim Əbül-Həsən Xüzai Kufi.

Əhməd ibn Fəratın ustadı olmuş, Yəqub Fəsai və bu təbəqədən bir qrup şəxslər ondan hədis söyləmiş və rəvayətlərindən dəlil gətirmişlər. İbn Səd “Təbəqat”ın altıncı cildinin 282-ci səhifəsində onu xatırlamış və aydınlaşdırmışdır ki, o, çox inadkar şiə olmuşdur.

Mən deyirəm: Elə buna görə Yəhya onu zəif hesab etmişdir. Amma Əbu Hatəm demişdir: “O düzdanışandır. Zəhəbi “Mizanül-Etidal”da onu yad etmiş, dediyim kimi, üləmanın onun haqqında dedikləri sözləri nəql etmiş və adının yanında rəmz qoymaqla Əbu Davud və Tirmizinin onun hədislərini nəql etdiklərinə işarə etmişdir. Bu iki şəxsin fikrinə görə o, Səid ibn Əbu Ərubə və Qətərdən hədis nəql etmişdir. Allah rəhmət eləsin.
67. Əli ibn Münzər Təraifi.

Tirmizi, Nisai, İbn Said, Əbdür-Rəhman İbn Əbu Hatəm və bu təbəqədən olan başqalarının ustadıdır və ondan hədis söyləmiş və hədislərindən dəlillər gətirmişlər. Zəhəbi “Mizanül-Etidal”da adını çəkmiş və “T. S. Q.” rəmzini adının yanında yazmaqla “sünən” yazanların onun hədislərini nəql etdiklərinə işarə etmişdir. O, Nisaidən nəql etmiş və təsdiq etmişdir ki, Əli ibn Münzər xalis şiə və etimadlıdır. İbn Əbu Hatəm demişdir: “O, düzdanışandır.” O, İbn Füzeyl, İbn Üyəynə və Vəlid ibn Müslimdən hədis söyləmişdir. Buna görə Nisai şəhadət verir ki, o şiədir, sonra öz “Səhih”ində onun hədislərindən dəlil gətirmişdir. Deməli, nahaq söz danışanlar ibrət almalıdırlar.

İbn Münzər 256-cı ildə vəfat etmişdir. Allah rəhmət eləsin.
68. Əli ibn Haşim ibn Bərid Əbül-Həsən Kufi Xəzzaz Aizi.

İmam Əhmədin şeyx və ustadlarındandır. Əbu Davud onu zikr etmiş və demişdir: “Etimadlı şəxs və şiədir.” İbn Həyyan demişdir: “Əli ibn Haşim şiəlikdə ifrata varmışdır.” Cəfər ibn Əban deyir: “Eşitdim İbn Nümeyr deyirdi: “Əli ibn Haşim şiəlikdə ifrata varmışdır.” Buxari deyir: “Əli ibn Haşim və atası məzhəblərində ifrata varardılar.”

Mən deyirəm: Buna görə Buxari onu tərk etmiş və hədislərini qəbul etməmişdir. Amma “sihah” yazanlardan beş nəfər başqası onun hədislərindən dəlil gətirmişlər. İbn Müin və başqaları ona etimad etmişlər. Əbu Davud onu “sabit” və etimadlı şəxslərdən hesab etmişdir. Əbu Zərə demişdir: “O, düzdanışandır.” Nisai deyir: “Onun nöqsanı yoxdur və hədislərinə əməl etmək olar.” Zəhəbi “Mizanül-Etidal” kitabında onun adını çəkmiş, bu deyilənləri onun haqqında nəql etmişdir.” Xətib Bağdadi,1 Əli ibn Haşimin şərhi-halında nəql etmişdir ki, Əli ibn Mədəni demişdir: “Əli ibn Bərid düzdanışan şiə idi.” Xətib, Məhəmməd ibn Əli Acuridən belə nəql edir: “Əbu Davuddan Əli ibn Haşim ibn Bəridi soruşdum. O, dedi: Onun haqqında İsa ibn Yunisdən soruşdular, o, cavab verdi: O, şiələrdəndir. Onlar yalana yol verməzlər.” Xətib həmçinin İbrahim ibn Yəqub Cüzcanidən də nəql edir ki, Haşim ibn Bərid və oğlu Əli ibn Haşim məzhəblərində ifrata varıblar.

Mən deyirəm: Buna baxmayaraq “Sihah” yazanlardan beş nəfəri onun hədislərindən dəlil gətirmişlər. Siz onun hədislərini “Səhih-Müslim”in “nikah” kitabında Hişam ibn Ürvədən və “istezan”da Təlhə ibn Yəhyadan söylədiyi hədisi mülahizə edə bilərsiniz. Yenə Əbu Müəmmər, İsmail ibn İbrahim və Abdullah ibn Ömər ibn Əbanın ondan nəql etdikləri hədisləri “Səhih-Müslim”də vardır. Əhməd Hənbəl və Əbu Şeybənin oğulları və bu təbəqədən bir dəstə Əli ibn Hişamın tələbələri ondan hədis nəql etmişlər. Zəhəbi deyir: “O, 181-ci ildə vəfat etmişdir.” Zəhəbi əlavə etmişdir ki, o, Əhmədin vəfat edən ilk ustadıdır.



69. Əmmar ibn Ruzeyq Kufi.

Süleymani onu rafizi adlandırmışdır. Belə ki, Zəhəbi “Mizanül-Etidal” kitabında Əmmarın şərhi-halında bunu aydınlaşdırmışdır.

Buna baxmayaraq Müslim və Nisai hədislərindən dəlillər gətirmişlər. Onun Əməş, Əbu İshaq Səbii, Mənsur və Abdullah ibn İsadan nəql etdiyi hədisləri “Səhih-Müslim”də vardır. Müslimin fikrincə, Əbül-Cəvab, Əbül-Əhvəs Səlam, İbn Əhməd Zübeyri və Yəhya ibn Adəm ondan hədis söyləmişlər.
70. Əmmar ibn Müaviyə ya İbn Əbu Müaviyə, ona İbn Xəbbab, bəzən İbn Saleh Duhəni Bəcəli Kufi də deyilir. Künyəsi Əbu Müaviyədir.

O, şiə qəhrəmanlarından sayılır. Ali-Məhəmmədə (s) məhəbbət bəslədiyi üçün çoxlu əziyyətlər çəkmiş və Bişr ibn Mərvan onun ayaqlarını topuqdan kəsmişdir. O, Süfyan ibn Üyəynə, Süfyan Suri, Şərik və Əbarın ustadı olmuş, ondan hədis öyrənmiş və dəlillər gətirmişlər. Əhməd, İbn Müin, Əbu Hatəm və başqaları ona etimad etmişlər. Zəhəbi onu yad etmiş və dediklərimizi “Mizanül-Etidal”da şərhi-halında xatırlamış, şiə və etimadlı olduğunu aydınlaşdırmışdır. Açıq demişdir ki, Əqilidən başqa kimsənin onun haqqında əskik söz dediyini bilmir və şiəlikdən savayı başqa bir eyibi yoxdur.

O, 133-cü ildə vəfat etmişdir. Allah rəhmət eləsin.
71. Əmr ibn Abdullah Əbu İshaq Səbii Həmdani Kufi.

“Maarif” kitabında İbn Qüteybə və “Miləl və Nihəl” kitabında Şəhristaninin aşkar dediyinə əsasən, o, şiə olmuş və hədis yazanların başçılarındandır. Nasibilər isə belələrinin məzhəbini üsul və füruda yaxşı hesab etmirlər. Çünki onlar Əhli-beyt yolu ilə gedirlər və dinə aid hər bir şeydə onlara tabedirlər. Buna görə də Cüzcani –“Mizanül-Etidal”da Zəbidin şərhi-halında yazıldığı kimi–deyir: “Kufədə bir dəstə adam var ki, camaat onların dinini yaxşı hesab etmir. Onlar Kufə hədisçilərin başçıları və rəhbərləri – Əbu İshaq, Mənsur, Zübeyd Yami, Əməş və onların yaxınları və yaşıdlarıdır. Əgər camaat onları qəbul edirsə, bu yalnız onların hədisdə doğru danışmaqlarına xatirdir. Belə ki, əgər onlar “mürsəl” (kamil sənədi olmayan) hədisləri belə nəql etsələr camaat qəbul edər.”

Mən deyirəm: Əbu İshaqın nəql etdiyi mürsəl hədislər nasibilərin qəbul etmədiyi –“Mizanül-Etidal”da yazıldığı kimi– Əmr ibn İsmailin Əbu İshaqdan nəql etdiyi rəvayətlərdir ki, Peyğəmbər (s) buyurmuşdur: “Əli elə bir ağacdır ki, mən onun gövdəsi, o isə şaxələridir. Həsən və Hüseyn (ə) meyvəsi, şiələr isə onun yarpaqlarıdır.”

Müğeyrənin dediyi “Kufə əhlini Əbu İshaq və Əməş həlak edibdir.” – sözünü yalnız buna görə deyiblər ki, onlar Ali-Məhəmmədin (s) xalis şiələrindən, Peyğəmbərin (s) hədislərinin qoruyucuları, elm dəryası və Allahın fərmanının icrasına can-başla hazır olanlardan idilər. “Sihahi-Sittə”nin müəllifləri və başqaları bu iki nəfərin hədislərindən dəlillər gətirmişlər. Siz Əbu İshaqın Bəra ibn Azib, Zeyd ibn Ərqəm, Harisə ibn Vəhəb, Süleyman ibn Sürəd, Nöman ibn Bişr, Abdullah ibn Yəzid Xətmi və Əmr ibn Meymunıdan nəql etdiyi hədislərini “Səhih-Müslim” və “Səhih-Buxari”də oxuya bilərsiniz. Şöbə, Suri, Züheyr və nəvəsi Yusif ibn İshaq ibn Əbu İshaqın ondan nəql etdikləri hədisləri bu iki səhihdə oxuyun.

İbn Xəlləkanın “Vəfayətül-Əyan”da onun şərhi-halında dediyinə əsasən o, Osmanın xilafətinin sonuna üç il qalmış dünyaya gəlmiş və 127, ya 128 və ya 129-cu ildə vəfat etmişdir. Yəhya ibn Müin və Mədaini demişlər: “O, 132-ci ildə vəfat etmişdir.” Allah daha agahdır.
72. Ovf ibn Əbu Cəmilə Bəsri Əbu Səhl, əsli “Ərabi” olmamasına baxmayaraq Ərabi adı ilə məşhurdur.

Zəhəbi “Mizanül-Etidal” kitabında onu xatırlayaraq demişdir: Həmişə ona Ovfus-Sidq (düzdanışan) deyərmişlər və deyilənə görə o şiə idi. Bir çoxları ona etimad ediblər.” Sonra Cəfər ibn Süleymandan nəql etmişdir ki, o şiədir və Bəndardan nəql etmişdir ki, o rafizidir.

Mən deyirəm: İbn Qüteybə onu “Maarif” kitabında şiə şəxsiyyətlərindən hesab etmişdir. Ruh, Huzə, Şöbə, Nəzr ibn Şəmil, Osman ibn Heysəm və bu təbəqədən bir dəstə ondan hədis öyrənmişlər. “Sihahi-Sittə”nin müəllifləri və başqaları onun hədislərindən dəlil gətirmişlər. Onun Həsən, Səid, Əbül-Həsən Bəsri, oğulları Məhəmməd ibn Sirin və Səyyar ibn Səlamədən nəql etdiyi hədisləri “Səhih-Buxari”də vardır. Nəzr ibn Şəmildən nəql etdiyi rəvayətini “Səhih-Müslim”də görmək olar. Lakin Əbu Rəca Ətarudidən söylədiyi hədislərini “Səhih-Buxari” və “Səhih-Müslim”də müşahidə etmək olar.

O, 140-cı ildə vəfat etmişdir. Allah rəhmət eləsin.

Fa”

73. Fəzl ibn Dükeyn.

Fəzl ibn Dükeyn (Dükeyn–Əmr ibn Əhməd ibn Züheyr Mollaidir) Kufəli və Əbu Nəim adı ilə məşhurdur. O, “Səhih”də Buxarinin ustadıdır. Sünnə əhlinin adlı-sanlı bir qrup alimləri, habelə İbn Qüteybə “Maarif” kitabında onu şiə şəxsiyyətlərindən saymışlar. Zəhəbi “Mizanül-Etidal” kitabında onu yad edərək demişdir: “Fəzl ibn Dükeyn, Əbu Nəim hafiz (hafizəli-əzbərçi, minlərcə hədisi əzbər bilən) və höccətdir. Təkcə bir eybi vardır ki, şiədir. (Nəql edir ki,) İbn Cüneyd Xətəli demişdir: İbn Müindən eşitdim, deyirdi ki, gərək bir adamın adı çəkiləndə Əbu Nəimin sözünə fikir verilsin. Əgər desə ki, filankəs yaxşı adamdır və onu tərifləyirsə, deməli, o şəxs şiədir. Lakin, desə ki, filankəs “mürciə”dir, başa düşmək lazımdır ki, sünni şəxsi nəzərdə tutur. Deməli, “mürciə” (burada sünni) şəxs bizə mötəbər sayılacaq.” Zəhəbi deyir: “Bu söz sübut edir ki, Yəhya ibn Müinin “mürciə”yə doğru meyli varmış.

Mən deyirəm: Yenə sübut olunur ki, Fəzl möhkəm və qatı şiədir. Zəhəbi “Mizanül-Etidal”da Xalid ibn Müxəllədin şərhi-halında Cüzcanidən nəql etmişdir ki, Əbu Nəim kufiyul-məzhəb idi (yəni, şiə imiş). Xülasə, Fəzl ibn Dükeynin şiə olmasına şəkk-şübhə yoxdur. Bununla belə, “Sihahi-Sittə”nin müəllifləri hədislərindən dəlillər gətirmişlər. Onun Həmmam ibn Yəhya, Əbdül-Əziz ibn Əbu Sələmə, Zəkəriyya ibn Əbu Zaidə, Hişam Dəstvai, Əməş, Müsər, Suri, Malik, ibn Üyəynə, Şeyban, Züheyrdən nəql etdiyi hədisləri “Səhih-Buxari”də vardır. Seyf ibn Əbu Süleyman, İsmail ibn Müslim, Əbu Asim Məhəmməd ibn Əyyub Səqəfi, Əbu Ümeys, Musa ibn Əli, Əbu Şəhab Musa ibn Nafe, Süfyan, Hişam ibn Səd, Əbdül-Vahid ibn Əymən, İsraildən söylədiyi hədislərini “Səhih-Müslim”də oxuya bilərsiniz. Buxari ondan heç bir vasitə olmadan və Müslim isə Həccac ibn Şair, Əbd ibn Həmid, İbn Əbu Şeybə, Əbu Səid Əşcə, İbn Nümeyr, Abdullah Darəmi, İshaq Hənzəli, Züheyr ibn Hərb vasitəsilə hədis nəql etmişlər.

O, 130-cu ildə Kufədə anadan olmuş əv 210-cu il Şəban ayının sonu çərşənbə günü Mötəsimin hökmranlığı zamanı vəfat etmişdir. İbn Səd “Təbəqat” kitabının altıncı cildinin 279-cu səhifəsində onu xatırlayıb demişdir ki, o, etimadlı və çoxlu hədis və dəlillər bilən bir şəxs idi.


74. Füzeyl ibn Mərzuq Əğər Rəvasi Kufi Əbu Əbdür-Rəhman.

Zəhəbi “Mizanül-Etidal”da onun adını çəkmiş və demişdir ki, şiəlikdə məşhur idi və Süfyan ibn Üyəynə və İbn Müindən onun etimadlı olduğunu nəql etmişdir. Zəhəbi əlavə edərək qeyd edir ki, İbn Ədi deyir: “Mən ümidvaram ki, onun hədisdə nöqsan və eyibi yoxdur.” Sonra Heysəm ibn Cəmildən nəql etmişdir ki, Füzeyl ibn Mərzuqdan araya söz salıb demişdir: “O, həm pəhrizkarlığı, həm də fəzl və elmi nöqteyi-nəzərindən hidayət imamı və parlaq təriqin yol göstərənlərindəndir.”

Mən deyirəm: Müslimöz “Səhih”ində Füzeylin Şəfiq ibn Üqbədən namaz haqqında və Ədi Sabitdən zəkat haqqında nəql etdiyi hədisi dəlil gətirmişdir. Müslimin fikrincə, Yəhya ibn Adəm, Əbu Üsamə zəkat barəsində ondan hədis nəql etmişlər və “sünən” və “xəbərlər” kitablarında nəql olunanlara əsasən, Vəki, Yəzid, Əbu Nəim, Əli ibn Cəd və bu təbəqədən başqa bir dəstə şəxslər ondan hədis nəql etmişlər.

Amma Zeyd ibn Hübabın onun hökmranlığa aid söylədiyi hədis isə onun haqqında deyilmiş yalandır.”

O, 158-ci ildə vəfat etmişdir.
75. Fitr ibn Xəlifə Hənnat Kufi.

Abdullah ibn Əhməd atasından Fitr ibn Xəlifə haqda soruşduqda, cavab verdi: “ O, etimadlıdır və hədislərindən dəlil gətirilməyə səlahiyyəti var. Hədisləri dəyərli, lakin özü isə şiə məzhəblidir.” Abbas, İbn Müindən nəql edir ki, Fitr ibn Xəlifə şiədir. Əhməd demişdir: “Fitr, Yəhya ibn Müinin fikrinə görə etimadlıdır, lakin dönük və ifrata varmış şəxsdir.”

Amma Əbu Bəkr ibn Əyyaş deyir: “Fitr ibn Xəlifənin elə bir rəvayəti yoxdur ki, ona əməl olunmasın, əgər olsa da pis məzhəbinə görədir (yəni şiə məzhəbindən savayı onda başqa bir eyib yoxdur).

Cüzcani demişdir: “Fitr ibn Xəlifə yolunu azmış adamdır. Cəfər Əhmər ondan eşidib ki, ölən vaxt deyirmiş: Nə yaxşı olardı ki, bədənimdəki hər bir tükün yerində bir mələk olaydı və mənim Əhli-beytə (ə) olan sevgi və məhəbbətimə görə Allahı zikr edəydi.”

Fitr Əbu Tüfeyl, Əbu Vail və Mücahiddən hədis nəql etmişdir. Əbu Üsamə, Yəhya ibn Adəm, Qəbisə və bu təbəqədən olan başqaları ondan hədis nəql etmişlər.

Mim”



76. Malik ibn İsmail ibn Ziyad ibn Dirhəm Əbu Qəssan Kufi Nəhdi.

Buxarinin “Səhih”də ustadıdır. İbn Səd “Təbəqat”ın altıncı cildinin 282-ci səhifəsində onun şərhi-halında dediyi sonuncu cümlə belədir: Əbu Qəssan etimadlı və düzdanışan bir şəxs, möhkəm və qatı bir şiə idi. Zəhəbi “Mizanül-Etidal”da onun əzəmət və böyüklüyünə dəlalət edən fikirlər söyləmiş və demişdir: “O, şiəliyi öz ustadı Həsən ibn Salehdən öyrənmişdir. Və İbn Müin demişdir: “Kufədə Əbu Qəssandan möhkəm bir adam tapılmaz.” Əbu Hatəm demişdir: “Mən Kufədə ondan etibarlı adam görmədim. Nə Əbu Nəim, nə də ondan başqası onun kimi fəzl və ibadətə malik olmayıb. Mən ona baxdıqda, elə bilirdim qəbirdən yenicə çıxıb. Alnında səcdədən iki əlamət yeri var idi.”

Mən deyirəm: Buxari “Səhih”ində yeri gəldikcə, heç bir vasitə olmadan onun hədislərini nəql etmişdir. Müslim “Səhih”inin “hüdud” hissəsində Harun ibn Abdullah vasitəsi ilə ondan hədis nəql etmişdir.

Buxarinin fikrincə, onun ustad və şeyxləri İbn Üyəynə, Əbdül-Əziz ibn Əbu Səlmə və İsraildir. Buxari şəxsən onun özündən və Müslim isə Züheyr ibn Müaviyə vasitəsilə ondan hədis öyrənmişdir.

O, 219-cu ildə Kufədə vəfat etmişdir.
77. Məhəmməd ibn Xazim1 (Əbu Müaviyə adı ilə də məşhurdur) Zərir Təmimi Kufi.

Zəhəbi “Mizanül-Etidal”da onu yad edib demişdir: “Məhəmməd ibn Xazim Zərir etimadlı şəxsdir. Mən onun zəif olmasına aid söz eşitmişəm. Tezliklə “künyələr” hissəsində bu haqda danışılacaqdır.” Sonra “künyələr” hissəsində deyir: “Əbu Müaviyə Zərir etimadlı və böyük şəxslərin rəhbərlərindən biridir. Haşim deyibdir ki, Buxari və Müslim onun hədislərindən dəlil gətirmişlər və şiəlikdə ifrat etməkdə məşhurdur.”

Mən deyirəm: “Sihahi-Sittə” əshabələri onun hədislərindən dəlil gətirmişlər. Zəhəbi adının yanında “E.” əlaməti qoymaqla “Sihah” yazıçılarının onun hədislərindən dəlil gətirmələrinə işarə etmişdir. Siz onun Əməş və “Hişam ibn Ürvə”dən nəql etdiyi hədislərini “Səhih-Buxari” və “Səhih-Müslim”də tapa bilərsiniz. O, bir sıra etimadlı rəvayət söyləyənlərin rəvayətlərini də nəql etmişdir ki, bunlar “Səhih-Müslim”də vardır. “Səhih-Buxari”yə əsasən, onların Əli ibn Mədini, Məhəmməd ibn Səlam, Yusif ibn İsadır, ki, bunlar “Səhih-Müslim”də də vardır. “Səhih-Buxari”yə əsasən, Əli ibn Mədini, Məhəmməd ibn Səlam, Yusif ibn İsa, Qüteybə və Müsəddəd ondan hədis nəql etmişlər. “Səhih-Müslim”ə əsasən, Səid Vasiti, Səid ibn Mənsur, Əmr Naqid, Əhməd ibn Sənan, İbn Nümeyr, İshaq Hənzəli, Əbu Bəkr ibn Əbu Şeybə, Əbu Küreyb və Züheyr ondan hədis nəql etmişlər. Amma hər iki “Səhih”ə əsasən Musa Zəmən ondan hədis nəql etmişdir. Əbu Müaviyə 113-cü ildə doğulmuş və 195-ci ildə vəfat etmişdir.
78. Məhəmməd ibn Abdullah Zəbbi Təhani Nişaburi Əbu Abdullah Hakim, hafiz və hədisçilərin imamı və 1000-dən artıq kitabın müəllifi.

Elmi səfərlərində çoxlu şəhərlərə getmiş və 2000-ə qədər ustaddan hədis və elm öyrənmişdir. Dövrünün böyük rəhbərlərindən Səluki, imam İbn Furək və başqaları onu bilikdə özlərindən əvvəl bilmişlər. Fəzilətli olduğuna görə ona həddindən çox hörmət edirdilər. Onun hamıdan üstün olmasına şəkk-şübhə yoxdur. Ondan sonra gələnlərin hamısı onun yetişdirmələridir. O, şiə qəhrəmanlarından, hafizlərindən, məzhəb və şəriətə xidmət edənlərdən olmuşdur. Deyilənləri Zəhəbinin “Təzkirətül-Hüffaz” kitabında, onun şərhi-halında oxuyun. Zəhəbi onun şərhi-halını “Mizanül-Etidal” kitabında yazmış və demişdir: “O, rəhbər və düzdanışan imam və məşhur şiədir.” İbn Tahirdən nəql etmişdir ki, Əbu İsmail və Abdullah Ənsaridən hakim Əbu Abdullah haqqında soruşarkən, cavabında dedilər: “Hədisdə rəhbər və imamdır, amma xəbis (pis) bir rafizidir.” Zəhəbi bu hədisi ondan nəql etmişdir: “Mustafa (s) göbəyi kəsilmiş və sünnət olunmuş halda dünyaya gəlmişdir və Əli (ə) Peyğəmbərin naibi və vəsisidir.” Zəhəbi belə əlavə edir: Amma onun düz danışmağı və biliyi haqqında hamı eyni fikirdədir.

O, 321-ci ilin rəbiül-əvvəl ayında anadan olmuş və 405-ci ilin səfər ayında vəfat etmişdir.
79. Məhəmməd Übeydullah ibn Əbu Rafe Mədəni.

O və atası Übeydullah, qardaşları Fəzl, Abdullah, babası Əbu Rafe, əmiləri Həsən, Müğeyrə və Əli, onların övlad və nəvələrinin hamısı layiqli şəxslər və şiə sələflərindəndir. Onların əsərləri və yazıları sübut edir ki, şiəlikdə sabitqədəm olmuşlar. Biz bu haqda “Füsulul-Mühimmə” kitabımızın 12-ci fəslinin ikinci bölməsində danışmışıq.

Amma haqqında bəhs etdiyimiz Məhəmmədi İbn Ədi yad edib –“Mizanül-Etidal”da şərhi-halının sonunda yazıldığı kimi– demişdir: “O, Kufə şiələrindəndir.” Zəhəbi “Mizanül-Etidal”da adının kənarında “T. Q.” hərflərini qoymaqla “sünən” yazıçılarının onun hədislərindən dəlillər gətirmələrinə işarə edib xatırlamışdır ki, o, atası vasitəsilə babasından, Məndəl və Əli ibn Haşim isə ondan hədis nəql etmişlər.

Mən deyirəm: Həban ibn Əli, Yəhya ibn Yəla və başqaları ondan rəvayət nəql ediblər. Məhəmməd ibn Übeydullah bəzən öz qardaşı Abdullah ibn Übeydullahdan rəvayət nəql etmiş, necə ki, tədqiqatla məşğul olanlar bunu bilirlər. Təbəri “Möcəmül-Kəbir” kitabında sənəd əsasında yazır: “Məhəmməd ibn Übeydullah ibn Əbu Rafenin atası babasından nəql etmişdir ki, Peyğəmbər (s) Əliyə buyurdu: “Behiştə birinci daxil olacaq şəxs mən, sən, Həsən və Hüseyndir, övladlarımız arxamızca, şiələrimiz sağ və sol tərəfdən ilk dəstə olaraq behiştə daxil olacaqlar.”




80. Məhəmməd ibn Füzeyl ibn Qəzvan Əbu Əbdür-Rəhman Kufi.

İbn Qüteybə “Maarif” kitabında onu şiə şəxsiyyətlərindən hesab etmiş və İbn Səd “Təbəqat”ın altıncı hissəsinin 271-ci səhifəsində onun adını çəkib demişdir: “O, etimadlı, düzdanışandır və çoxlu hədislər nəql etmişdir. Amma bəziləri onun hədislərindən dəlil gətirmirlər.” Zəhəbi “Mizanül-Etidal”ın sonunda “ata və əcdadı vasitəsilə tanınan şəxslər” babında deyir: “Düzdanışan şiədir.” “Məhəmmədlər” hissəsində onun adını çəkərək demişdir: “Düz danışmaqda məşhurdur.” və xatırlatmışdır ki, Əhmədin dediyinə görə o, şiədir və doğru hədislər nəql edib. Ardınca deyir: Əbu Davud deyib ki, “odlu-alovlu” bir şiədir və o, hədis və mərifət sahibidir. O, Quranı Həmzə üçün oxumuş və bir sıra kitablar yazmışdır. İbn Müin də onu etimadlı bilmiş, Əhməd onu yaxşı adam hesab etmiş və Nisai demişdir: “Onda nöqsan yoxdur.”

Mən deyirəm: “Sihah” əshabələri və başqaları hədislərindən dəlil gətirmişlər. Onun, atası Füzeyl, Əməş, İsmail ibn Əbu Xalid və bu təbəqədən olan başqalarından nəql etdiyi hədisləri “Səhih-Buxari” və “Səhih-Müslim”də vardır. Buxarinin fikrincə, Məhəmməd ibn Nümeyr, İshaq Hənzəli, İbn Əbu Şeybə, Məhəmməd ibn Səlam, Qüteybə, İmran ibn Meysərə və Əmr ibn Əli ondan hədis nəql etmişlər. Müslimin fikrincə, Abdullah ibn Amir, Əbu Küreyb, Məhəmməd ibn Türeyf, Vasil ibn Əbdül-Əla, Züheyr, Əbu Səid Əşşəc, Məhəmməd ibn Yəzid, Məhəmməd ibn Müsənna, Əhməd Vəkii və Əbdül-Əziz ibn Ömər ibn Əban ondan rəvayət nəql etmişlər.

O, 195-ci il, başqa bir deyilənə görə 194-cü ildə vəfat etmişdir.


81. Məhəmməd ibn Müslim ibn Taifi.

İmam Sadiqin (ə) əshabələrinin görkəmli şəxslərindən idi. Şeyxut-Taifə Əbu Cəfər Tusi onu rical kitabında şiə zikr etmiş və Həsən ibn Əli ibn Davud özünün “Müxtəsər” kitabının “etimadlı şəxslər” babında ondan bəhs etmişdir. Zəhəbi şərhi-halını yazmış və Yəhya ibn Müin və başqaları tərəfindən etimadlı sayıldığını qeyd edib və demişdir: “Qəsni, Yəhya ibn Yəhya və Qüteybə ondan rəvayət nəql ediblər.”Əbdür-Rəhman ibn Mehdi, Məhəmməd ibn Müslim Taifini xatırladaraq demişdir: “Kitabları doğrudur. “məruf” ibn Vasil demişdir: “Süfyan ibn Surini gördüm ki, Məhəmməd ibn Müslimin qarşısında diz çöküb dediyi hədisləri yazırdı.”

Mən deyirəm: Yalnız şiə olmasına xatir onu bəziləri “zəif” hesab etmiş, lakin bu ona zərər yetirməmişdir. Dəstəmaza aid Əmr ibn Dinardan nəql edilmiş hədis ona məxsusdur və “Səhih-Müslim”də vardır. İbn Sədin “Təbəqat”ında şərhi-halında yazıldığı kimi1 Vəki ibn Cərrah, Əbu Nəim, Mən ibn İsa və başqaları ondan hədis öyrənmişlər.

O, 177-ci ildə vəfat etmişdir.

Elə həmin ildə Məhəmməd ibn Müslim ibn Cəmmaz (onun adaşı) Mədinədə vəfat etdi. Bu iki nəfərin şərhi-halını İbn Səd “Təbəqat”ın 5-ci cildində yazmışdır.
82. Məhəmməd ibn Musa ibn Abdullah Fitri Mədəni.

Zəhəbi şərhi-halını “Mizanül-Etidal” kitabında yazmış, Əbu Hatəmin Tirmizidən onun etimadlı şəxs və şiə olduğunu nəql etmiş və adının kənarında Müslim və “sünən” əshabələri rəmzini yazmaqla onun hədislərindən dəlillər gətirdiklərinə işarə etmişdir. Onun Abdullah ibn Abdullah ibn Əbu Təlhədən nəql etdiyi hədisləri “Səhih-Müslim”in “ətimə” (yeməlilər) babında mövcuddur.

O, Məqbəri və bu təbəqədən olan başqalarından hədis nəql etmişdir.

İbn Əbu Fədik, İbn Mehdi, Qüteybə və bu təbəqədən bir sıra başqaları ondan hədis söyləmişlər.


83. Müaviyə ibn Əmmar Dəhni Bəcəli Kufi.

Şiənin parlaq, qabaqcıl, yüksək məqama malik etimadlı şəxsiyyətlərindəndir. Atası Əmmara təqlid etmək, haqq yolunda istiqamət və dözümlülük göstərmək istəyənlər üçün o, bir nümunə, zərbül-məsəl idi. Allah öz yolunda əziyyətlərə dözən səbirli və sabitqədəm adamlar üçün onu bir nümunə seçmişdi. Zalımlar onun ayaqlarını topuqlarından kəsdilər. Amma onun şərhi-halında dediyimiz kimi, zəiflik büruzə verməmiş, səbir və dözüm ilə dünyaya göz yummuş və oğlu Müaviyə atasının yolunu davam etdirmişdir. O, imam Sadiq (ə) və imam Kazimin (ə) əshabələrindəndir və bu iki şəxsin elmindən bəhrələnmişdir.

O, bir sıra kitablar yazmışdır ki, biz ondan sənəd vasitəsilə nəql etmişik. İbn Əbu Ümeyr və başqa şiələr ondan hədis nəql ediblər. Müslim və Nisai onun hədislərindən dəlillər gətirmişlər. Onun Zübeyrdən nəql etdiyi hədislər “Səhih-Müslim”in “həcc” kitabında vardır. Müslimin fikrinə görə, Yəhya ibn Yəhya və bu təbəqədən olan bir dəstədən rəvayətlər nəql etmişdir. Bu rəvayətlər sünnə əhlinin hədis kitablarında mövcuddur.

O, 175-ci ildə vəfat etmişdir.


84. Məruf ibn Xərrəbuz1 Kərxi.

Zəhəbi “Mizanül-Etidal”da adını çəkmiş, onu “həqiqətən şiədir” – deyə təsvir etmişdir. “Buxari”, “Müslim” və “Əbu Davud” rəmzini adının kənarında yazmaqla ondan hədis yazdıqlarına işarə etmiş və demişdir: “Əbu Tüfeyldən rəvayət söyləmiş.” və yenə demişdir: “Onun hədisləri azdır.” Əbu Asim, Əbu Davud, Übeydullah ibn Musa və başqaları ondan hədis nəql etmişlər. Əbu Hatəmdən nəql etmişdir ki, onun hədisləri yazılmalıdır (yəni, düzdür və istifadə oluna bilər).

Mən deyirəm: İbn Xəlləkan “Vəfayətül-Əyan”da onu xatırlayıb demişdir: “O, “Əli ibn Musa Rzanın (ə) dostlarındandır.” Təriflədikdən sonra ondan əhvalatlar söyləmişdir ki, birində deyilir: “Mən üzümü Allaha tutub var gücümlə ömrümü mövlam Əli ibn Musa Rzaya (ə) xidmət etməyə sərf etdim...”

İbn Qüteybə “Maarif” kitabında onun şiə şəxsiyyətlərinin sırasında qeyd etmişdir. Müslim onun hədislərindən dəlil gətirmiş və “Səhih” kitabında Əbu Tüfeyldən nəql etdiyi hədisləri “həcc” hissəsində mövcuddur.

O, 200-cü ildə2 vəfat etmişdir. Qəbri ziyarətgah kimi məşhurdur. Səri Səqəti onun şagirdlərindəndir.
85. Mənsur ibn Mötəmər ibn Abdullah ibn Rəbiə Silmi Kufi.

O, imam Baqir (ə) və imam Sadiqin (ə) əshabələrindəndir. Onlardan hədislər öyrənmişdir. Belə ki, “Müntəhəl-Məqal fi əhvalir-Rical” kitabını yazan bunu aydınlaşdırmışdır.

İbn Qüteybə “Maarif” kitabında onu şiə, Cüzcani isə onu elə hədisçilərdən hesab etmişdir ki, camaat onların məzhəbini üsuli-din və fürui-dində bəyənmirlər, çünki onlar Ali-Məhəmməddən (bizə) yetişən hədislərə inanırlar.

Mən deyirəm: Bu düzdanışanlarla düşmənçiliyə nə səbəb olmuşdur? Onların “səqəleyn”i əldə rəhbər tutmalarımı? Və ya nicat gəmisinə minmələrimi? Peyğəmbərin elm şəhərinə “qapısı”ndan daxil olmalarımı? “Hittə qapısı” və ya onların “yer əhlinin amanı”na pənah gətirmələrimi? Onların Peyğəmbəri Əhli-beyt (ə) birgə hifz etmələri, Allah xatirinə təvazökarlıqları, itaətkarlıqları və Allah qorxusundan ağlamaqlarımı? Belə ki, onların təriqət və şərhi-halına aid məlumatlarda olduğu kimi, İbn Səd “Təbəqat”ın 6-cı cildinin 235-ci səhifəsində Mənsurun şərhi-halında demişdir: “Onun gözləri çox ağlamaqdan və Allah qorxusundan az qalmışdı ki kor olsun və həmişə də gözlərindən yaş axardı. O, 60 il oruc tutub, namaz qılmışdır...” Bu cür işlərin harası camaata ağır gəlir və məzəmmətə səbəb olur? Xeyr, sözün düzü budur ki, biz insafı nəzərə almayan bir millətin əlində giriftar olmuşuq. انا لله و انا اليه راجعون

İbn Səd Mənsurun şərhi-halında Həmmad ibn Zeyddən belə nəql edir: “Mənsuru Məkkədə gördüm... Mən elə bilirdim ki, o Xəşəbiyyədəndir və güman etmirdim ki, o, belə yalanlar desin...”

Mən deyirəm ki, gəlin, bu zorakılığa və bu sözün arxasında (tam mənada) aşkar görünən ədavətə baxın! Çünki onun “güman etmirdim ki, o, belə yalanlar desin” – sözünü oxumaq mənim üçün nə qədər ağırdır.

Vay-vay! Guya, yalan Ali-Məhəmməd dostlarına və övladlarına xass olub, Mənsur “ilk dəfə” haqqa əks hərəkət etmiş və guya, nasibilər Ali-Məhəmməd şiələrinə “xəşəbiyyə”, “türabiyyə”, “rafiziyyə” və bu kimi başqa alçaq ləqəblərdən savayı başqa ləqəb tapmamışlar. Guya, onlar Allah-təalanın bu sözünü eşitməyiblər ki, buyurur: “Bir-birinizi pis ləqəblərlə çağırmayın. İman gətirdikdən sonra fasiq adını qazanmaq necə də pisdir.1

İbn Qüteybə “Maarif” kitabında “Xəşəbiyyə”dən danışmış və demişdir ki, onlar rafizilərdəndir və bu adın qoyulmasının səbəbi odur ki, İbrahim Əştər Übeyd Ziyada rast gələn vaxt İbrahimin dostları və səhabələrinin əksəriyyətinin əlində ağac var imiş. Ona görə də onları “Xəşəbiyyə” adlandırıblar.

Mən deyirəm: Bu adı ona görə deyiblər ki, onları təhqir etsinlər, məğlubedilməzliklərinə ləkə vursunlar. Lakin, elə həmin “Xəşəbiyyə” və ya “əldə ağac olanlar”, öz çubuqları ilə nasibilərin sələfləri – Ali-Məhəmmədi şəhid edənlər – İbn Mərcanəni öldürdülər və köklərini dibindən kəsdilər. Ona görə də bu şərəfli ləqəb eyibsizdir. Habelə, imam Əlinin (ə) künyəsi Əbu Turaba aid olan “turabiyyə” nəinki eyib deyil, əksinə, hər ikimiz üçün şərəfdir.

Daha qələm yoruldu, mövzumuza qayıdaq. Mənsurun hədislərindən dəlil gətirməkdə hamı eyni fikirdədir. Buna görə də “Sihahi-Sittə” əshabələri və başqaları onun şiə olmasını bilə-bilə sözlərindən dəlillər gətirmişlər. Siz onun Əbu Vail, Əbu Züha, İbrahim Nəxəi və bu təbəqədən olan başqalarından nəql etdiyi hədislərini “Səhih-Buxari” və “Səhih-Müslim”də mülahizə edə bilərsiniz. Buxarinin və Müslimin fikrincə, Şöbə, Suri, İbn Üyəynə, Həmmad ibn Zeyd və bu təbəqənin başqa böyükləri ondan hədis söyləyiblər. İbn Səd deyir: “Mənsur 132-ci ilin sonunda vəfat etmişdir. O, etimadlı, əmin, çoxlu hədis sahibi, yüksək mərtəbə və ali dərəcəyə malik şəxs idi.” Allah rəhmət eləsin!


86. Minhal ibn Əmr, tabeinlərdən olub, Kufə əhli və Kufənin məhşur şiələrindəndir.

Buna görə də Cüzcani onu zəif hesab edərək demişdir: “Məzhəbi pisdir.” İbn Həzm də onun haqqında bunları demiş, Yəhya ibn Səd də onu məzəmmət etmişdir. Əhməd Hənbəl demişdir: “Əbu Bişr ilə münasibətim Minhaldan yaxşıdır və o, Minhaldan daha etimadlıdır.” Onun şiə olmasını bilə-bilə –xüsusilə Muxtarın dövründə– kimsə hədislərinin doğru olmasında şübhə etməmişdir. Buna görə də Şöbə. Məsudi, Həccac ibn Ərtat və bu təbəqədən başqa bir dəstə ondan hədis öyrənmişlər. İbn Müin, Əhməd İcli və başqaları ona etimad ediblər. Zəhəbi “Mizanül-Etidal”da onu xatırlamış, onun haqqında dediklərimizi nəql etmiş və Buxari və Müslim rəmzini adının yanında qeyd etməklə onun hədislərini yazdıqlarına işarə etmişdir. Siz onun Səid ibn Cübeyrdən nəql etdiyi hədislərini “Səhih-Buxari”də mülahizə edə bilərsiniz. Zeyd ibn Əbu Ənisə, “Səhih-Buxari”nin təfsir hissəsində ondan hədis söyləmiş və Mənsur ibn Mötəmər peyğəmbərlər haqqında ondan hədis nəql etmişdir.


87. Musa ibn Qeys Həzrəmi Əbu Məhəmməd.

Əqili onu ifrata varmış rafizilərdən hesab etmişdir. Süfyan ondan Əbu Bəkr və Əli haqqında soruşmuş və o, cavab vermişdir ki, Əli mənə daha əzizdir. Musa, Səlmə ibn Küheyldən, Əyaz ibn Əyaz, Malik ibn Cəunədən nəql etmişdir ki, Ümmü-Sələmədən eşidib ki, deyirmiş: “Əli haqq yolundadır, ona itaət edən şəxs də haqq yolundadır. Onu tərk edən şəxs haqqı tərk etmiş olur, bu tapşırılmış bir əhddir.” Əbu Nəim Fəzl ibn Dükəyn və Musa ibn Qeysdən bu hədisi nəql etmişdir. Musa Əhli-beytin fəzilətləri haqqında bir sıra səhih rəvayətlər nəql etmişdir ki, Əqilinin narahatlığına səbəb olmuşdur. Amma İbn Müin Musaya etimad bəsləmişdir. Əbu Davud və Səid ibn Mənsur öz “Sünən”lərində onun hədislərindən dəlillər gətirmişlər. Zəhəbi “Mizanül-Etidal”da onu yada salmış və bütün bu dediklərimizi onun şərhi-halında nəql etmişdir. Onun Səlmə ibn Kuheyl və Hücr ibn Ənəsdən nəql etdiyi hədisləri “sünən” kitablarında mövcuddur. Fəzl ibn Dükeyn, Übeydullah ibn Musa və başqa böyük şəxslər ondan hədis söyləmişlər.

O, Mənsurun hökmranlığı zamanı vəfat etmişdir. Allah rəhmət eləsin.

Nun”



88. Nəfi ibn Həsir Əbu Davud Nəxəi Kufi Həmdani Səbii.

Əqili deyir: “O, rafizilikdə ifrata varardı.” Buxari demişdir: “O, şiə olduğu üçün ardınca danışardılar.”

Mən deyirəm: Süfyan, Həmam, Şərik və bu təbəqədən olan başqa rəhbərlər ondan hədis söyləmişlər. Tirmizi öz “Səhih”ində onun hədislərindən dəlillər gətirmişdir. Hədis kitablarını yazanlar onun hədislərindən dəlil gətirmiş və yazmışlar. Siz onun Ənəs ibn Malik, İbn Abbas, İmran ibn Həsən, Zeyd ibn Ərqəmdən nəql etdiyi hədisləri Tirmizinin yazılarında tapa bilərsiniz. Zəhəbi onun şərhi-halını söyləmiş və dediklərimizi xatırlamışdır.
89. Nuh ibn Qeys ibn Ribah Hədani Vətahi, ona Bəsri də deyilir.

Zəhəbi “Mizanül-Etidal”da onu xatırlamış və demişdir: “Hədisləri doğrudur”, “Əhməd və İbn Müin ona etimad etmişlər.” Əbu Davud demişdir: “O, şiədir.” Nisai deyir: “O, eyibsizdir.” Zəhəbi Müslimin və “sünən” yazıçılarının rəmzini adının kənarında yazmaqla onun “Sihahi-Sittə”nin müəlliflərinin ravilərindən olduğuna işarə etmişdir. Onun İbn Ovndan “yeməyi caiz olanlar” fəslində nəql etdiyi hədis “Səhih-Müslim”də vardır. “Səhih-Müslim”in “geyim” fəslində qardaşı Xalid ibn Qeysdən nəql etdiyi hədis müşahidə olunur. Müslimə görə Nəsr ibn Əli ondan hədis nəql etmiş və başqalarına görə Əbül-Əşəs və bu təbəqədən olanlar ondan hədis söyləmişlər. Nuh Əyyubdan, Əmr ibn Malik və başqalarından rəvayət nəql etmişdir.

He”

90. Harun ibn Səd İcli Kufi.

Zəhəbi ondan bəhs etmiş və Müslim rəmzini adının kənarında yazmaqla Müslimin rəvayətlərini mötəbər saydığına işarə etmişdir. Sonra demişdir: “O, təbiətən düzdanışandır, lakin qatı və kinli bir rafizidir.” Abbas, İbn Müindən nəql etmişdir ki, Harun ibn Səd şiəlikdə ifrata varmışdır. O, Əbdür-Rəhman ibn Əbu Səid Xidridən hədis nəql etmiş və Məhəmməd ibn Əbu Həfs Əttar, Məsudi və Həsən ibn Həyy ondan hədis söyləmişlər. Əbu Hatəm demişdir: “Onun nöqsanı yoxdur.”

Mən deyirəm: Həsən ibn Salehin Harun ibn Səd İcli tərəfindən, Süleymandan “cəhənnəm atəşi” haqda söylədiyi hədis “Səhih-Müslim”də vardır.
91. Haşim ibn Bərid ibn Zeyd Əbu Əli Kufi.

Zəhəbi onun şərhi-halında Əbu Davud və Nisai rəmzlərini yanında yazmaqla onların “Səhih”lərində rəvayətlərinə etimad olunduğuna işarə etmişdir. İbn Müinin ona etimad bəslədiyini, eyni zamanda şiə və rafizi olduğunu nəql etmişdir. Sonra demişdir: “Əhməd deyibdir ki, onun nöqsanı yoxdur.”

Mən deyirəm: Haşim, Zeyd ibn Əlidən və Müslim Bətindən hədis nəql etmiş və oğlu Əli ibn Haşim –şərhi-halında qeyd etdiyimiz kimi– və bir qrup rəhbərlər ondan hədis nəql etmişlər. Haşim şiə ailəsindəndir. Bu həqiqəti Əli ibn Haşimin haqqında bu kitabda dediklərimizi mütaliə etməklə öyrənmək olar.
92. Hübeyrə ibn Bərid Himyəri.

Əlinin (ə) əshabələrindəndir və dostluqda, vilayət və Əliyə (ə) inamda Haris kimidir. Zəhəbi “Mizanül-Etidal”da onu xatırlamış və “sünən” yazıçılarının rəmzini adının yanında yazmaqla, onların hədislərində mötəbər rəvayətçilərdən olduğuna işarə etmişdir. Sonra Əhməddən nəql etmişdir ki, hədislərində eyib yoxdur və o, bizim nəzərimizdə Harisdən daha əzizdir. Zəhəbi deyir: “İbn Xəraş deyib: O, zəifdir. “Siffeyn”də yaralıların işini bitirirdi (onları öldürürdü).” Cüzcani demişdir: “O, Muxtarın tərəfdarı idi və “Xazər” döyüşündə yaralıları öldürürdü.”

Mən deyirəm: Şəhristani “Miləl və Nihəl” kitabında onu şiə şəxsiyyətlərindən hesab etmiş və bu çətin nəzərdir. “Sünən”ə əsasən, o, Əlidən rəvayət nəql edərdi. Əbu İshaq və Əbu Faxtə ondan hədis nəql etmişlər.
93. Hişam ibn Ziya Əbu Miqdam Bəsri.

Şəhristani “Miləl və Nihəl” kitabında onu şiə hesab etmişdir. Zəhəbi adlar sırasında onu “H” “hərfində və künyələr” hissəsində, “Mizanül-Etidal”da vermişdir. “Künyələr” hissəsində adının kənarında “T. Q.” yazmaqla ona etimad edən “sünən” yazıçılarına işarə etmişdir.

Onun Həsən və Qərzidən nəql etdiyi hədislərini “Səhih-Tirmizi” və başqalarında müşahidə edə bilərsiniz. Şeyban ibn Fərrux, Qəvariri və başqaları ondan hədis söyləmişlər.
94. Hüşam ibn Əmmar ibn Nəsir ibn Meysərə Əbül-Vəlid. Ona Zəfəri Dəməşqi də demişlər.

O, Buxarinin “Səhih”də ustadıdır. İbn Qüteybə onu şiə şəxsiyyətlərindən hesab etmişdir. Bunu “Maarif” kitabının “əl-firəq” babında bir qrup şəxslərdən bəhs edərkən qeyd etmişdir. Zəhəbi “Mizanül-Etidal”da onu xatırlamış və onu imam, xətib, qari (quranşünas), hədisçi, Dəməşq alimi, düzdanışan rəvayətçi və bəzən xoşa gəlməyə sözlər nəql edən və s. kimi təsvir etmişdir.

Mən deyirəm: Buxari heç bir vasitə olmadan öz “Səhih”inin “bey” və “müamilə” hissəsində “borcu olan fəqirə möhlət verən kəs” babında və tədqiqatçılara məlum olan başqa yerində ondan hədis nəql etmişdir ki, “Məğazi” (döyüşlər) kitabında və “əşribə” (içkilər) və “Peyğəmbər (s) əshabələrinin fəzilətləri” bablarında qeyd olub. O, Yəhya ibn Həmzə, Sədəqə ibn Xalid, Əbdül-Həmid ibn Əbil-İşrin və başqalarından hədis nəql etmişdir. Zəhəbi “Mizanül-Etidal”da deyir: “Qiraət və hədis öyrənmək üçün onun yanına çoxlu adam gələrdi və ondan hədis söyləməsini istəyərdilər. Ustadı Vəlid ibn Müslim ondan hədis nəql etmişdir.”

O, “icazə” ilə Əbu Ləhyəədən rəvayət nəql etmişdir. Əbdan demişdir: “Dünyada onun kimisi olmayıb” və bir başqası deyir: “Hüşam fəsahət, bəlağət sahibi, ağıllı və elmli... bir şəxs idi.”

Mən deyirəm: O, başqa şiələr kimi inanırdı ki, Quranın sözlərini Allah yaratmışdır, yəni bu sözlər eyni ilə Peyğəmbərə vəhy olunmuşdur. Bu fikirlər Əhmədə çatanda –“Mizanül-Etidal”da Hüşamın şərhi-halında yazıldığı kimi– deyib: “Mən onu nadan gördüm, Allah onu öldürsün.” Əhməd, Hüşamın bir kitabını ələ keçirdi və gördü ki, əvvəlində yazmışdır: «الْحَمْدُ للهِ الَّذي تَجَلّي لِخَلْقِهِ بِخَلْقِهِ» “Sitayiş Allaha məxsusdur ki, məxluqlarına özünü yaratdıqlarıyla aşkar etdi.” Əhməd yerindən dik atıldı və sonra yenidən oturdu. Hirsindən az qalırdı ki, partlasın. Hişamın arxasında namaz qılanlara dedi ki, namazlarınızı təkrar edin (yəni, onun namazı batil olduğuna görə, gərək yenidən öz namazlarınızı qılasınız).

Hüşamın sözündə Allahın paklığı, əzəməti, müqəddəsliyi münsif adama gizli deyildir. Çünki onun sözü «وَ في كلّ شيئ لَـهُ آية» “Hər şeydə Allahın nişanəsi var.” – mənasındadır və hətta Allah özü bundan daha əzəmətli və daha aydın demişdir. Lakin onunla bir dövrdə yaşayan və eyni biliyə malik alimlər öz düşündüklərinə uyğun tərzdə başqaları haqqında fikir söyləyirdilər.

Hüşam 153-cü ildə dünyaya gəlmiş və 245-ci il Məhərrəm ayının axırında vəfat etmişdir. Allah rəhmət eləsin.
95. Hüşam ibn Bəşir ibn Qasim ibn Dina Səlmi Vasiti Əbu Müaviyə.

O, əslində Bəlx əhlidir. Cəddi Qasim ticarət məqsədi ilə Vasitə gəlib, sonra orada məskunlaşmışdır.

İbn Qüteybə “Maarif” kitabında onu şiə şəxsiyyətlərindən hesab etmişdir. O, imam Əhməd Hənbəlin və bu təbəqədən başqalarının ustadıdır. Zəhəbi “Mizanül-Etidal”da onun adını çəkmiş və “Sihahi-Sittə”nin müəlliflərinin rəmzini adının kənarında yazmaqla onun hədislərindən dəlillər gətirmələrinə işarə etmiş, onu hafiz kimi təsvir etmiş və demişdir: “O, Zuhəri və Həsin ibn Əbdür-Rəhmandan hədis eşitmiş böyük şəxsiyyətlərdəndir.” Yəhya ibn Qəttan, Əhməd, Yəqub Durəqi və bir dəstə başqaları ondan hədis nəql etmişlər.

Mən deyirəm: Onun Həmid Təvil, İsmail ibn Əbu Xalid, Əbu İshaq Şeybani və başqalarından nəql etdiyi hədisləri “Səhih-Buxari” və Müslimdə vardır. Buxari və Müslimin fikrinə görə, Ömər, Naqid, Əmr ibn Zürarə və Səid ibn Süleyman ondan hədis nəql etmişlər. Şəxsən Buxariyə görə, Əmr ibn Ovf, Səd ibn Nəzr, Məhəmməd ibn Nəbhan, Əli ibn Mədini və Qüteybə və Müslimin fikrincə, Əhməd ibn Hənbəl, Şüreyh, Yəqub Durəqi, Abdullah ibn Müin, Yəhya ibn Yəhya, Səid ibn Mənsur, İbn Əbu Şeybə, İsmail ibn Salim, Məhəmməd ibn Səbbah, Davud ibn Rəşid, Əhməd ibn Mani, Yəhya ibn Əyyub, Züheyr ibn Harun, Osman İbn Əbu-Şeybə, Əli ibn Həcər və Yəzid ibn Harun ondan hədis nəql etmişlər.

O, 183-cü ildə 79 yaşında Bağdadda vəfat etmişdir. Allah rəhmət eləsin.

Vav”



96. Vəki ibn Cərrah ibn Məlih ibn Ədiy. Künyəsi oğlu Süfyan Rəvasinin adı ilədir (yən, ona Əbu Süfyan deyirlər) və Qeys Qeylan qəbiləsindəndir.

İbn Qüteybə “Maarif” kitabında onu şiə şəxsiyyətlərindən hesab etmiş və İbn Mədini “Təhzib” kitabında aydınlaşdırmışdır ki, Vəki şiə idi. Mərvan ibn Müaviyə, Vəkinin rafizi olmasına şübhə etmirdi. Bir gün Yəhya ibn Müin onunla rastlaşdı, yanında bir səhifə gördü ki, orada yazılmışdı: “Filankəs belədir, filankəs elədir və o cümlədən Vəkinin də rafizi olması barəsində qeydlər var idi. İbn Müin ona dedi: Vəki səndən yaxşıdır. Dedi: Məndən? Cavab verdi: Bəli. Bu xəbər Vəkiyə çatdı və dedi: Yəhya sahibimiz və dostumuzdur.”

Əhməd Hənbəldən soruşdular: Vəki ilə Əbdür-Rəhman arasında fikir ixtilafı olarsa, hansının sözünü üstün tutaq? O, Əbdür-Rəhmana üstünlük verdi, çünki, keçmişdəki xəlifələrin hamısı Əbdür-Rəhmana görə təmiz, eyibsizdir. Vəkiyə görə isə, hamısı belə deyildir.”

Mən deyirəm: Zəhəbi Həsən ibn Salehin şərhi-halının sonlarında yazdığı Vəki deyirdi: Həsən ibn Saleh mənim nəzərimdə imam və rəhbərdir” – sözü bunu təsdiq edir. Ona dedilər: O, Osmana salam və rəhmət göndərmir. Vəki cavab verdi: “Sən Həccaca salam və rəhmət göndərirsən? Burada o, Osmanı Həccaca bənzətmişdi.”

Zəhəbi “Mizanül-Etidal”da onu xatırlamış, bütün bu dediklərimizi onun şərhi-halında yazmışdır. “Sihah” yazanlar və başqaları hədislərindən dəlillər gətirmişlər. Onun Əməş, Suri, Şöbə, İsmail ibn Əbu Xalid və Əli ibn Mübarəkdən söylədiyi hədisləri “Səhih-Müslim” və “Səhih-Buxari”də sizin ixtiyarınızdadır (əlinizdədir). Hər ikisinin fikrinə görə, İshaq Hənzəli və Məhəmməd ibn Nümeyr ondan hədis söyləmişlər. “Səhih-Buxari”də Abdullah Həmidi, Məhəmməd ibn Səlam, Yəhya ibn Cəfər ibn Əyən, Yəhya ibn Musa, Məhəmməd ibn Müqatil və “Səhih-Müslim”də Züheyr, İbn Əbu Şeybə, Əbu Kureyb, Əbu Səid Əşşəc, Nəsr ibn Əli, Səid ibn Əzhər, İbn Əbu Ömər, Əli ibn Xəşrəm, Osman ibn Əbu Şeybə və Qüteybə ibn Səid ondan hədis nəql etmişlər.

O, 197-ci il Məhərrəm ayında həcdən qayıdan zaman “Fid”də 68 yaşında vəfat etmişdir. Allah rəhmət eləsin.



97. Yəhya ibn Cəzzar Ərəni Kufi, Əmirəl-mömininin (ə) səhabələrindəndir.

Zəhəbi “Mizanül-Etidal” kitabında onun haqqında yazarkən, Müslimin və “sünən” yazıçılarının rəmzlərini onun adının kənarında qoymaqla, hədislərindən dəlillər gətirmələrinə işarə etmişdir. Zəhəbi onun etimadlı olduğunu qeyd edərək demişdir: “Düzdanışandır.” Həkəm ibn Üteybədən nəql etmişdir ki, Yəhya ibn Cəzzar şiəlikdə ifrata varmışdır. İbn Səd “Təbəqat”ın altıncı cildində1 onu xatırlamış və demişdir: “Yəhya ibn Cəzzarın məzhəbi şiə məzhəbidir və dediklərində ifrat vardır. Deyiblər ki, etimadlı şəxs olub və hədislər də söyləyibdir.”

Mən deyirəm: “Səhih-Müslim”də Əlidən “namaz” haqqında,. “Səhih-Müslim”in “iman” babında da Əbdür-Rəhman ibn Əbu Leyladan hədis nəql etmişdir. Həkəm ibn Üteybə və Həsən Ərəni Müslimin və başqalarının nəzərincə, ondan hədis söyləmişlər.
98. Yəhya ibn Səid Qəttan Əbu Səid Mövla ibn Təmim Bəsri, öz zamanının hədis yazanlarından olub.

İbn Qüteybə “Maarif” kitabında onu şiə şəxsiyyətlərindən hesab etmişdir. “Sihahi-Sittə” əshabələri və başqaları onun hədislərindən dəlillər gətirmişlər. Onun Hüşam ibn Ürvə, Həmid Təvil, Yəhya ibn Səid Ənsari və başqalarından nəql etdiyi hədislər “Səhih-Buxari” və “Səhih-Müslim”də vardır. Hər ikisinin fikrinə görə, Məhəmməd ibn Müsənna və Bindar ondan hədis söyləmişlər. Buxarinin fikrincə, Müsəddəd, Əli ibn Mədini və Bəyan ibn Əmr və Müslimə görə, Məhəmməd ibn Hatəm, Məhəmməd ibn Xəllad Bahili, Əbu Kamil, Füzeyl ibn Hüseyn Cəhdəri, Məhəmməd Müqəddəmi, Abdullah ibn Hüşam, Əbu Bəkr ibn Əbu Şeybə, Abdullah ibn Səid, Əhməd ibn Hənbəl, Yəqub Durəqi, Abdullah Qəvariri, Əhməd ibn Əbduh, Əmr ibn Əli və Əbdür-Rəhman ibn Bəşir ondan hədis nəql etmişlər.

O, 198-ci ildə 78 yaşında vəfat etmişdir.
99. Yəzid ibn Əbu Ziyad Kufi Əbu Abdullah Mövla Bəni-Haşim.

Zəhəbi “Mizanül-Etidal” kitabında onun adını çəkmiş və Müslim və “Əshabi Sünəni-Ərbəə” rəmzini adının kənarında yazmaqla, onun rəvayətlərini nəql etdiklərinə işarə etmişdir. Əbu Füzeyl nəql etmişdir ki, Yəzid ibn Əbu Ziyad şiənin böyük rəhbərlərindən idi. Zəhəbi etiraf etmişdir ki, o, Kufənin məşhur alimlərindən idi. Buna görə də ona zülm edirdilər və hər nə bacarırdılarsa onun ünvanına (eyib və irad) deyirdilər. O, Əbu Bərzə, yaxud Əbu Bərdədən bir hədis nəql etmişdir ki, deyir: “Peyğəmbərin (s) yanında idim, birdən ğina (haram avaz) səsi eşidildi. Məlum oldu ki, oxuyan Əmr ibn As ilə Müaviyədir. Peyğəmbər (s) buyurdu: “Ey Allah! Onları çətin bir fitnəyə sal və atəşə tulla!” Onun Əbdür-Rəhman ibn Əbu Leyladan nəql etdiyi hədisləri “Səhih-Müslim”in “ətimə” kitabında vardır.

O, 136-cı ildə, təqribən 90 yaşında vəfat etmişdir. Allah rəhmət eləsin.
100. Əbu Abdullah Cədəli.

Zəhəbi “künyələr” hissəsində adını yazmış və “D. T.” əlamətini onun adı kənarında yazmaqla Əbu Davud və Tirmizi “Səhih”lərində onu mötəbər saydıqlarına işarə etmişdir. Sonra onu kinli şiə kimi təsvir etmişdir. Cüzcanidən onun “Muxtar”ın bayraqdarı və Əhməddən onun etimadlı bir şəxs olmasını nəql etmişdir. Şəhristani “Miləl və Nihəl” kitabında onu şiə şəxsiyyətlərindən hesab etmişdir. İbn Qüteybə “Maarif” kitabında onu qatı rafizilərdən hesab etmişdir. Nəql etdiyi hədisləri “Səhih-Tirmizi”, “Səhih-Əbu Davud”da və digər kitablarda vardır. İbn Səd “Təbəqat”da onun haqqında yazmış və qeyd etmişdir ki, o, inadkar və qatı bir şiə idi1. O, Muxtarın qoşunları arasında idi. Sonra onu 800 nəfər ilə Abdullah İbn Zübeyrə qarşı döyüşə göndərdilər ki, ona hücum etsin və qoymasın Məhəmməd Hənəfiyyə İbn Zübeyrə beyət etsin. Bu, o zaman baş vermişdi ki, İbn Zübeyr Məhəmməd Hənəfiyyə və Bəni-Haşimi mühasirəyə almışdı və onları yandırmaq üçün ətrafa odun tökdürmüşdü. Çünki onlar ona beyət etməkdən imtina edirdilər. Əbu Abdullah Cədəli onları bu xətərdən xilas etdi. Allah ona Peyğəmbərin Əhli-beytinə xatir xeyir bəxş etsin!

Bu, qısa müddətdə saymaq istədiyimiz şəxslərin sonuncusudur. Bu yüz nəfər pak və təqvalı şəxslər şiənin dahiləri və sünnə əhli üçün dəlildir. Onlar ümmətin elm mənbəyi, nübüvvət mirasının mühafizləri və “səhih”, “müsnəd” və “sünən” kitablarının qaynağı olmuşlar. Onların adlarını çəkdik və sünni alimlərinin onların şiəliyini aydınlaşdırmalarını və sözlərindən dəlillər gətirdiklərini dedik, qoy özləri öz ehkamlarına əməl etsin və öz qərarlarında möhkəm olsunlar. Güman edirəm ki, sünnə əhlinin şiə şəxsiyyətlərindən dəlillər gətirmədiklərini deyənlər tezliklə öz səhvlərini başa düşəcəklər. Tezliklə biləcəklər ki, rəvayətlərin qəbul olunma şərtləri, rəvayət söyləyənin şiə və sünni olmasından asılı deyil, əksinə sədaqət və əmanətdədir. Əgər şiə tərəfdən nəql olunan hədislər mütləq rədd olunarsa, o zaman nübüvvət sünnəsi məhv olar. Belə ki, “Mizanül-Etidal”da Zəhəbi Əban ibn Təğlibin şərhi-halında buna etiraf etmiş və bunun özü (sünnənin məhv olunması) aşkar bir fəsaddır. Siz –Allah sizin vasitənizlə hökm kəssin– bilirsiniz ki, bizim saydığımız və sünnə əhlinin onların sözlərindən dəlillər gətirdikləri şiə hədisçiləri arasında elə şəxslər vardır ki, adlarını çəkdiyimiz bu yüz nəfərdən neçə dəfə çox, sənədin üstünlüyü və qiyməti cəhətdən, etibarlı, hədisin çoxluğu, üstvün bilik cəhətdən, qədimlikdə və şiəlikdə sabitqədəm olmaqda mötəbərdir. Bəli! Onlar hamısı şiə şəxsiyyətləri, Peyğəmbər əshabələrindəndir (rizvanullahi ələyhim). Onların ləyaqətli adlarını “Füsulul-Muhimmə” kitabının sonunda yazmışıq və sizi agah etmişik ki, “tabein” arasında şiə rəhbərləri vardır ki, onlardan dəlillər gətirilmişdir. Onların hamısı hafiz, təqvalı, etibarlı və höccətdirlər. Onlar elə kəslərdir ki, Allah yolunda Əmirəl-mömininə (ə) kömək etmək üçün şəhadətə çatmışlar. “Cəməli-Əsğər”, “Cəməli-Əkbər”, “Siffeyn” və “Nəhrəvan” və digər döyüşlərdə rəşadətlər göstərmişlər. Onlardan bəziləri “Təff” günü behişt cavanlarının seyyidi Hüseyn ibn Əli (ə), bəziləri o həzrətin nəvəsi şəhid Zeyd ilə birgə şəhid olmuşlar. Onların çoxları qılınc ilə öldürüldülər, bəziləri zalımcasına öz vətənlərindən sürgün edildilər, bəziləri qorxu və ya təklikdən təqiyyəni pənah seçdilər. O cümlədən, Əhnəf ibn Qeys, Əsbəğ ibn Nübatə və Quranın düzgün oxunuşu üçün hərflər üzərinə nöqtə qoyan ilk şəxs Yəhya ibn Yəmur kimi “lüğət” və “əruz” elmini yaradan Xəlil ibn Əhməd və “sərf” elmini yaradan Məaz ibn Müslim və bir sıra bunlar kimi şəxslərdir ki, onların haqqında müfəssəl yazılsa, qalın-qalın cildli kitablar olar.

Qoy nasibilər onları təhqir etsinlər, ardlarınca min cür böhtanlar desinlər, onları zəif hesab etsinlər və sözlərindən dəlillər gətirməsinlər! Sənin onlarla işin olmasın!

Ali-Məhəmməd şiələrindən yüzlərlə sabitqədəmlər, hafizlər, hidayət rəhbərləri mövcuddur ki, sünnə əhli onları yada salmaqda qəflət etmişlər, lakin şiə alimləri onları yadda saxlamaq üçün ayrıca mündəricatlar tənzim etmiş və onların şərhi-halına dair “möcəm”lər hazırlamışlar. Əgər mütaliə etsəniz, onların pak şəriətə etdikləri xidmətləri aşkar olacaqdır. Onların yaşayış tərzi və vəziyyətləri ilə tanış olanlar başa düşəcəklər ki, onların Allah, Peyğəmbər (s) və kitab (Quran) və pak imamlar qarşısında sədaqət və doğruluqları, əmanət və pəhrizkarlıqları, ibadət və ixlasları bütün müsəlmanlara bir nümunədir. Allah onların və sizin kimi münsif insanların vasitəsilə hamımıza faydalar bəxş etsin. O, rəhimlilərin rəhimlisidir.

Ş”

ON YEDDİNCİ MƏKTUB

3 Zilhiccə 1329



1. Bəhs edənin lütfü və mehribanlığı.

2. Sünnə əhlinin şiənin etimadlı şəxslərindən dəlil gətirməkdə heç bir maneənin olmamasına dair onun izahatı.

3. Əhli-beyt haqqında Allahın ayələrinə onun imanı.

4. Onun qeyd olunan dəlillər əsasında qiblə əhlinin fikirlərinin bu qədər fərqli olduğuna heyrət etməsi.

1. And olsun ki, həqiqətən mən sənin qəlbin kimi təravətli bir qəlb, vücud və bəyanının meyvəsi kimi yeməli və dadlı bir meyvə görməmiş, qulağım sənin xoş sözlərin kimi təsiredici söz eşitməmişdir. Heç bir dinləyicinin qulağına sənin ləhcəndən mülayim, dəlillərindən qüvvətli bir dəlil dəyməmişdir. Bütün məktublarında azad bir tədqiqatçı kimi onların bütün incəliklərinə riayət etmiş, danışıq və mübahisələrdə dillər, qulaqlar, gözlər və qəlblərə hakim olmuşsan. Allah –xüsusilə, bu son məktubuna görə– sənə xeyir versin. “ذَلِكَ الْكِتَابُ لاَ رَيْبَ فِيهِ” – elə bir məktubdur ki, onda şübhə mövcud deyil, hansı ki, baş və boyunları öz tərəfinə döndərir və yolunu azmışları başdan ayağa qədər haqq ilə döyəcləyir.

2. Şiə qardaşlarımızın dedikləri və hədisləri etibarlı olduğu üçün sünnilərə onlardan dəlillər gətirməyə bir şübhə qalmır. Bu barədə sizin fikriniz açıq-aydın haqdır, etiraz edənlərin fikri isə dəlilsiz bir zorakılıqdır. Onların “şiə şəxslərindən dəlil gətirmək olmaz” – sözləri əməlləri ilə ziddir və istidlal məqamında rəftarı sözlərinə uyğun gəlmir. Buna görə də onların dəlilləri naqis, sizin dəlilləriniz isə əsaslı və sarsılmazdır. Bu az fürsətdə söylədiyiniz mətləbləri ayrılıqda bir risalə şəklinə salmağınız vacibdir. Mən artıq onu “sünni sənədlərində şiə raviləri” adlandırmışam və nəhayət, tez bir zamanda belə olacaq ki, ondan başqa hər hansı bir tədqiqatçı üçün başqa “əsl” və qaynaq olmayacaqdır. Mən ümidvaram ki, siz –Allahin istəyi ilə– İslam dünyasında aşkar bir islahat yaradacaqsınız.

3. Biz hamımız Allahın bütün ayələrinə iman gətirmişik və Allahın Əmirəl-möminin Əli ibn Əbu Talib və Əhli-beyt “رضي الله عنهم” haqqında nazil etdiyi ayələri sizin saydıqlarınızdan daha çoxdur.

4. Lakin, məlum deyildir ki, nə üçün qiblə əhli Əhli-beyt imamlarından üz çeviriblər, füru və üsulda onların məzhəbinə heç vaxt tabe olmayıblar və habelə ixtilaflı məsələlərdə onların dediklərinə diqqət yetirməyiblər? Ümmət alimləri də öz söhbətlərində onların nəzər və əqidələrindən bəhs etməmiş, əksinə nəzəri məsələlərdə onların qarşısında dayanıb, müxalif fikirlərinə əhəmiyyət verməmişlər. Ümmətin avamları da, istər keçmiş, istər sonrakı nəsilləri olsun, bu zidd iş bilmədən Əhli-beytdən (ə) başqasına müraciət etmişlər.

Beləliklə, əgər Quran və doğru rəvayətlər sizin dediklərinizə aşkar surətdə dəlalət etsəydi, heç vaxt qiblə əhli Əhli-beyt imamlarından üz çevirməzdi və onları başqası ilə əvəz etməyə razı olmazdı. Deməli, məlum olur ki, onlar kitab və sünnədən –Əhli-beyti sevməkdən başqa– heç bir şey başa düşməmiş və onlara məhəbbət və ehtiramın vacibliyindən başqa bir şey dərk etməmişlər. Çox güman ki, layiqli sələflər və keçmişdəkilər həqiqətə daha yaxındır və sünnə və Quranın mənasına daha arifdirlər. “(Ərəbi)” “Sən də onların hidayətinə təqlid et.”

S”

ON SƏKKİZİNCİ MƏKTUB

4 Zilhiccə 1329

1. Ona mehribanlığına görə təşəkkür.

2. Qiblə əhli haqqında dediklərində səhv.

3. Ümmətin rəhbərləri Əhli-beytdən üz döndərmişlər.

4. Əhli-beyt imamları (heç bir dəlili nəzərə almadan) başqalarından aşağı səviyyədə deyildir.

5. Hansı ədalətli məhkəmə onlara arxalananların yol azmalarına hökm verə bilər?

1. Bu təqsirkar (yəni məktubun müəllifi) haqqında gözəl fikir söylədiyiniz üçün təşəkkür edirəm, onun özü və məktubları haqqındakı fikrinizi yalnız yaxşılıqları görən bir şəxsin fikri sanıram. Mən bu qədər məhəbbət və hisslər qarşısında təvazökarlıq edir və bu lütfün simasında böyüklük müşahidə edirəm.

2. Amma sizdən xahiş edirəm ki, qiblə əhlinin Əhli-beytdən üz döndərməsi haqqında söylədiklərinizin hamısını yenidən nəzərdən keçirəsiniz və xatırladıram ki, qiblə əhlinin yarısı –Ali-Məhəmmədin (s) şiələri– onlardan üz döndərməmiş və döndərməyəcəklər (heç bir şeydə, nə üsuli-dində, nə də fürui-dində). Heç vaxt. Şiənin əqidəsinə görə onların məzhəbinə pərəstiş etmək, Kitab və sünnənin hökmünə əsasən açıq-aydın vacibdir. Buna görə də onlar hər zaman və hər yerdə bu fikirdədirlər ki, əziz və cəlal Allahın fərmanının qarşısında təslim olmalıdırlar. Keçmişdəki şiələr bu əqidədə idilər və bu əqidə ilə də canlarını tapşırmışlar. Bəli, (onlar) Peyğəmbərin (s) vəfatı zamanından bu günədək həmin əqidəyə bağlı olmuşlar.

3. Lakin, dediyiniz ümmət rəhbərləri və başçıları isə Əhli-beytdən üz döndərmiş və bu da yalnız (Əmirəl-möminin Əli ibn Əbu Talibin xilafətinə aid doğru rəvayətlərin olmasına baxmayaraq) xilafətə xatir olmuş və xilafəti seçki üzrə təyin etməklə onu ixtiyarına aldıqları gündən başlamış və davam etmişdir. Çünki ərəblərin dözərək, yalnız bir ailənin xilafətinə tabe olmayacağı faktı mövcud ikən, bacardıqca öz növbələrində “kitab” (Quran) və sünnə “nəss”lərini (doğru rəvayətlər) təvil (təhrif) etmişlər. Qəbilələrin hamısının xilafət arzusuna çatması üçün –bu işin uzun illər çəkəcəyini, müxtəlif yerlərdə və bütün qəbilələrə nə vaxt nəsib olacağını nəzərə almadan– xilafəti seçkiyə qoymuş, var qüvvələrini bu işi təsdiq etdirməyə sərf etmiş və bu fikirlə müxalif olanları isə səhnədən uzaqlaşdırmışlar. Beləliklə, Əhli-beyt məzhəbindən uzaqlaşaraq “kitab” və sünnəni, eləcə də Əhli-beytə təslimin vacibliyinə dəlalət edən hədis və rəvayətləri “təvil” etmişlər. Əgər onlar sünnəyə təslim olub, Əhli-beytə tabe olsaydılar, bütün ümməti üsul və füruda onlara (ə) tapşırsaydılar, artıq tutduqları yolu öz üzlərinə bağlamaqla Əhli-beytin ən yaxın mübəlliğlərinə çevrilərdilər. Lakin, həqiqət isə onların arzu və istəkləri, siyasi fikirləri və iqtidara nail olma məqsədləri ilə uyğun gəlmirdi.

Bu incəlikləri iti baxışla süzən hər kəs aydın başa düşür ki, məzhəbdə və məzhəbi məsələlərdə Əhli-beytdən üz döndərilməsi həqiqəti, faktiki olaraq gedişatın Peyğəmbərdən (s) sonrakı imamət-vilayət və onların (Əhli-beyt) ümumi xilafətindən yayındırılması demək idi. Amma onların (ə) xass məzhəbi məsələlərdə rəhbərlik və imamətinə dəlalət edən dəlillərinin təvilinə gəldikdə isə, Peyğəmbərdən (s) sonrakı ümumi imamət, xilafət və hakimiyyətlərinə dəlalət edən sübutları yozmaqdan sonrakı mərhələyə düşürdü. Halbuki belə olmasaydı, heç kəs onlardan üz döndərməzdi.

4. Hələ onların (ə) imamət və xilafətinə dəlalət edən dəlil və “nəss”ləri qoyaq bir kənara! Gəl görək elm, əməl və təqvada Əşəri və sünnə əhlinin digər imamları ilə müqayisədə onlarda (ə) bir qüsur və əksiklik tapırsanmı? Əgər onlarda bir qüsur belə yoxdursa, nə üçün rəhbərlikdə başqaları onlardan irəli və layiq olmalıdırlar?

5. Hansı ədalətli məhkəmə onlara ürəkdən qoşulanlara, onların yoluyla addım atanlara və vilayətləri altında hərəkət edənlərə azğınlıq hökmünü verə bilər?! Mümkün deyil ki, sünnə əhli və camaatı belə bir hökm versin! Vəssalam.

Ş”

ON DOQQUZUNCU MƏKTUB

5 Zilhiccə 1329



1. Ədalətli məhkəmələr Əhli-beytə arxalananların yoldan azmalarına hökm vermirlər.

2. Onların məzhəbinə əməl etmək, (şəri cəhətdən) öhdədə olan işin yerinə yetirilməsini tələb edir.

3. Bəzən deyilir ki, onlar “təbəiyyət” olunmağa daha layiqdirlər.

4. Xilafət “nəsslərinin” (rəvayətlər) tələbi.

1. Ədalət məhkəmələri, Əhli-beyt vilayətinə arxalananların yoldan azmalarına hökm vermir və Əhli-beyt imamlarının başqa məzhəb imamları ilə müqayisədə imamət və rəhbərlik məsələlərində qüsurları yoxdur.

2. Şübhəsiz, onların məzhəbinə əməl etmək mükəlləflər üçün mükafat və vəzifənin yerinə yetirilməsinə səbəb olacaq (ərbəə məzhəblərindən hər hansı birinə əməl etmək kimi).

3. Bəzən deyilir ki, sizin on iki imamınız, təbəiyyət olunmağa sünnə əhlinin dörd imamlarından və başqalarından daha layiqlidir. Çünki bu on iki nəfərin bir məzhəbi vardır, onu nizama salmış, yəqinləşdirmiş və fikirləri eynidir. Halbuki, bizim dörd imamlarımızın aralarında fiqh məsələlərində olan ixtilaflar aşkardır. Onların sayını hesaba gətirmək olmaz. Aydın məsələdir ki, bir nəfərin tədqiq etdiyi məsələ on iki imamın tədqiq etdiyi məsələ kimi ola bilməz. Bu elə bir həqiqətdir ki, heç bir insaflı şəxs üçün şübhə yeri yoxdur və irad tutanın iradı yersizdir.

Bəli! Bəzən nasibilər Əhli-beyt imamlarının məzhəbinə qarşı mübarizə aparırlar ki, mən sonradan bu haqda dəlil və sübut gətirmək zəhmətini sizə verəcəyəm.

4. İndi sizdən xahiş edirəm, İmam Əli ibn Əbu Talibin (Allah ondan razı olsun) xilafətinə dəlalət edən (güman etdiyiniz) doğru və aşkar “nəssləri” (rəvayətləri) sünnə əhli təriqi ilə göstərəsiniz. Vəssalam.

S”



Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə