Elektron hökumət portalı: etibarlıdır ya yox? “E” hərfi ilə dəyişən dünya



Yüklə 16,74 Kb.
tarix08.07.2018
ölçüsü16,74 Kb.
#54380

Elektron hökumət portalı: etibarlıdır ya yox?
E” hərfi ilə dəyişən dünya
“Paytaxtda yaşadığıma görə əvvəllər hansısa bir sənəd almaq üçün saatlarla, hətta bəzən aylarla kiminsə qapısında qalmalı olurdum, üstəlik əsəbləşirdim.Eşitdim ki, “elektron hökumət” fəaliyyətə verilib.Bu xidmətdən istifadə etməyə başladım.Hazırda işlərimi daha tez, rahat, yorulmadan, heç kimə möhtac olmadan görürəm.Bu isə psixoloji baxımdan mənə çox kömək edir. Bir az elektron imzanın qiyməti bahadır. Düşünürəm, belə xidmətlərin sayı artırılmalıdır”.Bu sözləri bizimlə söhbətində Nərimanov rayon sakini Rövşən Babayev dilə gətirdi.
Aqilə Məmmədova isə deyir ki, vətəndaşlar üçün elektron hökumətin əhəmiyyəti böyükdür: “Bu gün biz evimizdən çıxmadan kommunal ödənişləri edir, dövlət qurumlarına elektron müraciət ünvanlayıb, cavab alırıq. Nəticədə saatlarla məmurların kabineti qarşısında növbə gözləməkdən xilas oluruq.Həmçinin, mütəmadi olaraq işlədiyim yerlərdən mənimlə bağlı məcburi dövlət sığorta haqqının ödənilib-ödənilməməsini izləyirəm. Vergilər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondunun rüblük və illik hesabatlarını, vergi ödənişlərini evimizdən ayrılmadan, əlavə vaxt itkisi olmadan elektron qaydada ödəyə bilirik. Elektron hökumətin ən böyük üstünlüklərindən biri də şəffaflığın təmin edilməsi ilə bağlıdır.Məmur vətəndaş arasında ünsiyyət imkanları azaldıqca, subyektiv amillər də aradan qalxır, rüşvət və korrupsiya halları azalır və şəffaflıq təmin edilir”.
Xatırladaq ki, Azərbaycan vətəndaşlarının heç də hamısının elektron hökumət haqda məlumatlı yoxdur.
Elektron hökumət nədir?
Elektron sözü ilk dəfə leksikonumuza “elektron poçt” adı altında daxil oldu. Daha sonra ticarətin internetə dövr etməsi nəticəsində onlayn ticarət və elektron ticarət kəlmələri ilə tanış olduq. Hazırda “elektron” sözü öz istifadə dairəsini bir az da genişləndirərək artıq “dövlət” və “hökumət” sözlərinin əvvəlində də işlədilir. Ekspertlər hesab edir ki, elektron hökumət şəffaflığı təmin edir, vətəndaşları və dövlət orqanlarını daha çevik xidmət aparmağa sövq edir.Sadə dildə desək, e-hökumət kompüter və internetdən istifadə etməklə dövlət təşkilatları ilə vətəndaşlar arasında operativ və maneəsiz qarşılıqlı əlaqəni təmin edən müasir rabitə və idarəetmə formasının qurulmasıdır.

Təkliflər irəli sürülməsi
Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadənin sözlərinə görə, Azərbaycanda elektron hökumətin formalaşdırılması sahəsində görülən işlərin KİV-də geniş işiqlandırılması müsbət məqamdır: “Elektron hökuməti istifadəçilərin qiymətləndirməsi, müəyyən təkliflərin irəli sürülməsi, olan problemlərin qabardılması bizim üçün müsbət haldır. Çünki, elektron hökumət hər bir vətəndaşın istifadə edə biləcəyi mənbəyə çevrilməlidir.Təklif olunan elektron xidmətlər vətəndaşlarımızın dövlət orqanları ilə təmasını daha da asanlaşdırmalıdır”.
Elmir Vəlizadə bildirdi ki, elektron hökumət portalı iki ildir vətəndaşların ixtiyarına verilib: “Hazırda elektron portalına qoşulmuş e-xidmətlərin sayı 374 ədəddir. Nazirlər Kabinetinin təsdiq etdiyi siyahıya uyğun olaraq xidmətlərin sayı 291 ədəddir.Qarşıda duran məqsəd ondan ibarətdir ki, Nazirlər Kabinetinin təsdiq etdiyi siyahı üzrə müəyyənləşdirilmiş bütün elektron xidmətlər portallarımıza inteqrasiya olunsun və vətəndaşlarmızın ixtiyarına verilsin.Bu işdə bütün qurumlar, dövlət komitələri fəaldırlar.Dediyimiz rəqəmlər dəyişə bilər, çünki gündəlik bu portala inteqrasiya olunurlar.Ancaq sevindirici hal ondan ibarətdir ki, ölkəmizin hər bir nöqtəsində internet vasitəsilə elektron hökumət portalları ilə müraciət etmək mümkündür.Hazırda qanunvericilik imkan verir ki, vətəndaş özü haqqında dövlət qurumlarından informasiya sistemlərində olan məlumat əldə etsin.Arayışın elektron şəkildə verilməsi kredit alınma prosesində müsbət bir addımdır.Bu vətəndaşların demək olar ki, heç bir quruma bilavasitə müraciət etmədən arayış əldə etməsinə köməklik göstərir”.
Elektron hökumət və nazirliklər
İnformasiya-kommunikasiya texnologiyalarının üzrə ekspert Cahid İsmayıloğlunun sözlərinə görə, sadəcə bir “E” hərfi ilə dünya yeni üfüqlərə ayaq açmağa başladı: “Bir vaxt desəydilər, bir hərf ilə dünya dəyişəcək, mən şəxsən bunu gülüşlə qarşılayardım. Zaman göstərdi ki, artıq həyatımızın ən mühüm sahələrinin əvvəlinə bir “E” hərfi artırmaqla, yeni aləmə qədəm qoyuruq.E-hökumət, e-səhiyyə, e-təhsil, e-turizm, və sairə. Məsələyə birbaşa yanaşsaq, zamanın tələbləri bizə onu sübut edir ki, ölkəmizin də əvvəlinə “E” hərfini artırmalıyıq və “E-Azərbaycan” olaraq irəliyə baxmalıyıq”.
C.İsmayıloğlu bildirdi ki, 5 il əvvəl çox az sayda dövlət qurumları elektron hökumət prinsipləri əsasında işləməyə üstünlük verirdi: “Hazırda Azərbaycanda internet istifadəçilərinin sayı təqribən hər 100 nəfərə 65 nəfər olmaqla orta dünya göstəricisini təxminən iki dəfə üstələyir. Hökumətin fəaliyyətində hesabatlılıq və şəffaflığın təmin olunmasında, həmçinin vətəndaşların idarəetmə proseslərinə cəlb edilməsi işində internetə azad çıxışın rolu böyükdür. Amma son illər elektron hökumətin elementlərinin tətbiqi adını çəkdiyim və çəkmədiyim bir çox nazirliklərdə, dövlət komitələrində tətbiq edilməkdədir”.
Bu prosesin 1-ci mərhələsi tamamlanmayıb
Ekspert dünya təcrübəsindən istifadə edilməyin əhəmiyyətindən danışdı: “Gəlin, öncə dünya təcrübəsindən faydalanıb məsələyə planlı şəkildə yanaşaq. Çünki artıq inkişaf etmiş ölkələrdə bu təcrübə formalaşıb və mövcuddur, bizim bir çox şeyləri yenidən ixtira etməyimizə, zaman xərcləməyimizə də ehtiyac qalmır. Bizə düşən bu təcrübədən faydalanmaq, tətbiq və inkişaf etmək olacaq. “Elektron Azərbaycan” qurmaq, işlətmək, tətbiq və inkişaf etdirmək üçün bizim qarşımızda duran əsas məsələlər bunlardır: siyasi iradə; İKT infrastrukturunun yaradılması, beynəlxalq təcrübədən yararlanmaq və bu məsələlərin tətbiqi; maarifləndirmə; kadr hazırlığı; istehsalat. Bu işlər ardıcıl, bəzən paralel şəkildə həyata keçirildikdə nəticə əldə etmək mümkün olacaq, heç bir itkiyə (vaxt, maliyyə) yol verilməyəcək. 10 illik bir Dövlət Proqramının həyata keçirilməsinə baxmayaraq ölkəmiz hazırda bu prosesin 1-ci mərhələsini tamamlamayıb. Təbii olaraq hər bir prosesdə müəyyən işlər görülüb, amma ciddi boşluqlar hələ də qalmaqdadır. Bizə məlumdur ki, elektron xidmətlərin geniş tətbiqi ilə dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin və operativliyinin yüksəldilməsini, əhali, biznes qurumları, həmçinin öz aralarında əlaqələrin asanlaşdırılması və sərbəstləşdirilməsinə yönəldilmiş fəaliyyəti, vətəndaş-məmur münasibətlərinin yeni müstəvidə qurulması, şəffaflığın təmin olunması və informasiya tələbatının dolğun ödənilməsi kimi ciddi məsələlər asanlıqla həllini tapacaq. Yəni qarşıda duran məsələ bizə tam aydındır”.
Köklü problemlər mövcuddur

“Elektron hökumət layihəsinin problemlərindən biri onun etibarlılıq məsələsidir. İnternet mühitində hələ təhlükəsizliyin tam olaraq təmin edilə bilməməsi, bütün gizli, şəxsi məlumatların elektron mühitdə olması, pişiyin önünə ciyər qoymağa bənzəyir”, - deyən C.İsmayıloğlu bildirdi. Onun sözlərinə görə, bəzi məmurların məqsədli şəkildə elektron xidmətlərə keçidə maraq göstərməməsi, hətta bu prosesə əngəl törətməsi, bilərəkdən və ya bilməyərəkdən prosesi gecikdirməsidir: “Düşünürəm ki, elektron Azərbaycan qurulması prosesində bəzi məmurların məqsədli şəkildə elektron xidmətlərə keçidə maraq göstərməməsi üçün belə düşüncəli şəxslərdən qurtulmaq ilkin şərtdir. Əhali arasında elektron xidmətlər barədə maarifləndirmə zəif aparılır. Ölkədə bu istiqamətdə kadr hazırlığı yetərsizdir, xaricdə təhsil alan tələbələrin bu sahədə ixtisaslaşması yox həddindədir. Fəaliyyətdə olan məhdud sayda kadrlar, həm başqa sahələrdən bu peşəyə gəlmiş, həm də öz iradəsi ilə bu sahəni öyrənmiş, bu peşəyə yiyələnmiş kadrlardır. Bir sözlə, vətəndaşların üzləşdikləri problemin həllinə görə hansısa idarə və ya dövlət orqanının qapısında saatlarla, günlərlə vaxtlarını və sinirlərini tükətməsinə ehtiyac qalmayacaq. Ən əsası isə, “ədalətsizlik etdilər”, “məni aldatdılar”,” rüşvət aldılar” kimi sözlər elektron hökumətin tətbiqi nəticəsində arxivə gömüləcək”.

Yaşlılar üçün təhsil proqramı yaradılsa…

İqtisadçı-ekspert Samir Əliyevin sözlərinə görə, yaşlı insanların elektron xidmətlərdən istifadə edə bilmədiyi üçün onlara süsusi təlimlər keçmək lazımdır: “Təqaüdə çıxan insanlara kartlar təmin edən Beynəlxalq Bank Dövlət Sosial Müdafiə Fondu ilə birgə Rabitə Nazirliyi yaşlılar üçün təlim üçün proqram həyata keçirərdilər. bu gün də bu proqramı həyata keçirnək üçün gec deyil. Təhsil Nazirliyi bu imkanları yarada bilər. Məsələn, orta məktəblərin sinif otaqlarından və informatika müəllimlərinin gücündən istifadə etməklə bu məsələni asanlaşdırmaq olar”.


5,5 milyon dəfədən çox elektron xidmətlərə müraciət

Məlumat Hesablama Mərkəzindən (MHM) verilən məlumata görə, bu günə qədər Bakı üzrə 53851 vətəndaş kod-parol əldə edib ki, onlardan 49554-ü onlayn qeydiyyatdan keçib, 4297-i qeydiyyat mərkəzlərindən kod-parol alıb. Sumqayıt şəhəri üzrə ümumilikdə 7185 vətəndaş qeydiyyatdan keçib, onlardan 6796-sı onlayn qeydiyyatdan keçərək kod-parol əldə edib, qalan 389-u qeydiyyat mərkəzlərindən kod-parol alıb. Gəncə şəhəri üzrə isə 6671 nəfər onlayn qeydiyyatdan keçib, 274 nəfər qeydiyyat mərkəzlərindən kod-parol əldə edib. Bu günə qədər ümumilikdə, 122701 istifadəçi qeydiyyatdan keçib, onların 114211 nəfəri onlayn qeydiyyatdan keçib, 8490 nəfəri isə qeydiyyat mərkəzlərindən kod-parol alıb. “Belə ki, bu günə qədər 5,5 milyon dəfədən çox elektron xidmətlərə müraciətlər edilib. E-xidmətlərdən istifadə zamanı yaranan suallarla bağlı vətəndaşlar tərəfindən xidmət təminatçısı ilə əlaqə yaradılması, təklif, şikayət və s. xarakterli müraciətlərin göndərilməsi üçün “Əks əlaqə” adlı xüsusi bölmə hazırlanıb”.



İlhamə ƏBÜLFƏT

Məqalə "Elektron hökumət” portalının (e-gov.az) müsabiqəsinə təqdim olunur.
Yüklə 16,74 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə