Elektron hökumət və ya Vətəndaş-mərkəzli hökumət



Yüklə 24,91 Kb.
tarix23.09.2018
ölçüsü24,91 Kb.



Hökumətin yeni adı: “Elektron hökumət və ya Vətəndaş-mərkəzli hökumət”

Bu günlərdə hökumət öz ənənəvi statusunu dəyişir: elektronlaşır. Bu elektronlaşma prosesinin diapozonu isə yalnız hökumət qurumlarına deyil, həm də vətəndaşlar, sahibkarlar və ya biznes qurumlarına doğru genişlənir. Bununla da, məmurların idarə etdiyi hökumət vətəndaşların hökumətinə çevrilir. Bu transformasiyanı tam olaraq izah etmək üçün şəxsi təcrübəmdən bir misal gətirəcəyəm.

Təxminən bir il bundan əvvəl mən elektron hökumətlə tanış oldum. Həmin vaxt atam Litvadan yenicə qayıtmışdı və səfərinə dair təəssüratlarını bizimlə bölüşərkən bir məqam diqqətimi cəlb etdi. Avropadan qayıdan çoxlu dost-tanış kimi o, Avropa şəhərlərinin gözəlliyindən, inkişafından, mədəniyyətin səviyyəsindən və orada mövcud olan yüksək həyat şərtlərindən danışmırdı. Onun haqqında danışdığı məsələ dövlət-vətəndaş münasibətlərinin ən ali dəyəri – “dövlətə inam” barədə idi. Bəli, elektron hökumət qarşılıqlı inam əsasında dövlət və vətəndaş arasındakı münasibətləri tənzimləyən yeni dəyər idi. Həmin vaxt Azərbaycan cəmiyyəti daxilində formalaşma mərhələsində olan, lakin dərinə nüfuz edə bilməyən dəyər!

Atam Litvadan avtomobil almaq niyyətində idi. Bir müddət araşdırdıqdan sonra uyğun avtomobili tapır və alqı-satqı əməliyyatının rəsmiləşdirilməsi məqsədilə notariusa getməyi təklif edir. Lakin qarşı tərəfdən gözləmədiyi bir cavab alır. Belə ki, avtomobili satan şəxs notariusa getməyə ehtiyac olmadığını, alqı-satqı əməliyyatının elektron imza (e-imza) vasitəsilə rəsmiləşdirilə biləcəyini bildirsə də, atam məsələnin ənənəvi yolla həllində təkid edir. Bir qədər danışıqdan sonra litvalı vətəndaş əlavə izaha ehtiyac olduğunu anlayır və üzərində heç bir dəyişiklik aparılması mümkün olmayan, şəxsi e-imzası ilə təsdiqlənən məlumatın notariusa göndərildiyini, bununla da, əməliyyatın rəsmiləşdirilməsinin başa çatdığını bildirir.

Mən həmin vaxt elektron hökumət barədə müəyyən araşdırmalar aparmışdım və e-hökumət portalının fəaliyyəti barədə kifayət qədər informasiyaya malik idim. Bundan irəli gələn cəsarətlə atama Azərbaycanda da e-hökumət sisteminin qurulma mərhələsində olduğundan, bunun kimi yüzlərlə xidmətin e-gov.az. portalı üzərindən təqdim edildiyindən danışdım. Atamın cavabı isə acı reallığı üzümə çırpacaq qədər həqiqi idi: “Təcrübədə hər 100 nəfərdən 10-u tərəfindən belə tətbiq olunmursa, o sistem nəzəriyyədən başqa heç nə ifadə eləmir!”

Həqiqətənmi, Azərbaycanda elektron hökumət portalı üzərindən təqdim olunan xidmətlərdən əhalinin az bir qismi istifadə edirdi? Dərhal istifadəçi fəallığını araşdırmaq məqsədilə portala daxil oldum. Beləliklə, portala daxilolmaların statistik uçotunun aparıldığı tarixdən - 2012-ci ilin dekabrından 2013-cü ilin sentyabr ayının 1-nə qədər portala daxil olanların ümumi sayı 194 885 nəfər təşkil edirdi. Bu gün – təxminən bir il sonra yenidən eyni statistika ilə maraqlanıram və elektron hökumət bülletinin 2014-cü ilin oktyabr buraxılışındakı statistikanı görəndə içimdə məmnunluq hissi yaranır: 2012-ci ilin dekabrından 2014-cü ilin sentyabrınadək 935,230 nəfər. Bu isə təkcə son bir il ərzində istifadəçilərin sayının 740,345 nəfər artması demək idi.

Həmin gün atamın sözləri mənə elə təsir etmişdi ki, elektron hökumətin mövcud vəziyyəti ilə bağlı ictimai məlumatlılığın sadə “monitorinqini” aparmaq qərarına gəldim. Bu qərar isə məni əlimə qələm kağız götürüb elə yaşadığımız məhlədəcə kiçik sorğu aparmağa sövq etdi. Təhsilindən, peşəsindən, yaşından asılı olmayaraq, qarşıma çıxan hər kəsdən elektron hökumətin mahiyyəti ilə bağlı nə bildiklərini soruşurdum. Cavablar elə müxtəlif və rəngarəng idi ki?! Sualıma cavab verməyi qəbul edən hər kəsin beynində öz mühakiməsinə uyğun elektron hökumət modeli var idi. Böyük əksəriyyət şərh verməyə çalışarkən, heç bir söz tapmayıb sadəcə bilmədiyini bildirməklə kifayətlənənlər də var idi. Bir çoxları elektron hökumət dedikdə, dövlət müəssisələrinin kompüter və avadanlıqlarla təmin olunmasını, ən yaxşı halda isə İKT biliklərinin artırılması ilə bağlı görülən tədbirləri başa düşürdülər. Əlbəttə, onların arasında e-hökumət anlayışı ilə bağlı müəyyən məlumata sahib olan insanlar da var idi. Lakin təəssüf ki, elektron hökumət barədə az məlumata malik olan bu insanlar da e-hökumət portalı üzərindən təqdim olunan xidmətlərdən istifadə etmədiklərini, bəzi hallarda isə hətta, ənənəvi üsula üstünlük verdiklərini qeyd edirdilər. Bu qəbildən olan cavabları eşidəndə yalnız bir sual məni narahat edirdi: Necə olurdu ki, insanlar həyatlarını bu qədər asanlaşdıracaq bir xidmətdən xəbərsiz idilər və ya ondan sadəcə istifadə etmək istəmirdilər?

Bu sualın cavabını isə yaşı 60-ı keçmiş bir həmsöhbətim verdi.

Bütünlükdə dialoqumuzu xarakterizə edən 3 cümləni olduğu kimi yazıram:

- Elektron hökumət barədə nə bilirsiniz?

- Bala, bizim hökumətlə işimiz olmaz! Sovetin vaxtından bizə belə öyrədiblər.

Görünən o idi ki, bu həmsöhbətim sualın əsl mahiyyətinin fərqinə belə varmamışdı. (Bu iki sözdən ibarət olan ifadədə “elektron” yoxsa “hökumət” kəlməsi açar söz idi? Əlbəttə ki, hər ikisi. Lakin bu barədə daha sonra yazacağam.) Amma, görünür, bu cavab məhz mənim axtardığım cavab idi. Cəmiyyətdə elə bir stereotip formalaşmışdı ki, insanlar hökumətlə istənilən formada əlaqəyə girməkdən çəkinirdilər. Ənənəvi hökumətdə mövcud olan rüşvətxorluq, məmur özbaşınalığı, bürokratiya və ya süründürməçilik, şəffaflıq prinsipinə əsaslanan idarəetməyə olan inamın aşağı səviyyədə olması kimi faktorlar bu stereotipin formalaşmasında mühüm rol oynamışdı. Bu amillərin təsiri altında formalaşan cəmiyyət elektron hökumətin idareətmədə mövcud olan bu kimi çatışmazlıqları aradan qaldırmaq məqsədindən xəbərsiz halda hökumətlə nəinki hər hansı bir formada “əməkdaşlığı” qəbul edir, əksinə, mümkün qədər qarşılıqlı münasibət qurmaqdan imtina edirdi.

Bu söhbətdən sonra sorğu keçirdiyim insanlara e-hökumət barədə məlumat vermək ehtiyacı hiss etdim və Azərbaycanda yaranma və inkişaf mərhələsində olan e-hökumət barədə danışmağa başladım:

“Elektron hökumət elə bir sistemdir ki, evdə oturduğunuz yerdən istənilən sənədi əldə edə bilir, müraciət göndərə bilir, ödənişlər edir və istədiyiniz informasiyanı əldə edə bilirsiniz. Bunun üçün ayrı-ayrı dövlət qurumlarının rəsmi ünvanlarını, veb saytlarını axtarmaq və ya həmin qurumlara getmək lazım deyil. Dövlət qurumlarının təklif etdiyi xidmətlərin əksəriyyəti məcmu şəkildə e-gov.az portalı üzərindən təqdim olunur. Bu zaman ayrı-ayrı qurumlar qarşısında növbədə dayanmağa və müəyyən bürokratik əngəlləri aşmağa ehtiyac olmur. Xüsusilə də, regionlarda yaşayan əhali üçün hökumət və vətəndaş arasında olan məsafələr “qısalır”. “İş saatları” adlanan zaman məhdudiyyətləri aradan qalxır. Vətəndaş əldə etdiyi məlumatın dəqiqliyinə, etibarlılığına və təhlükəsizliyinə təminat alır.

Portalda müxtəlif dövlət qurumları öz çoxsaylı elektron xidmətlərini təklif edir. Məsələn, sığorta, pensiya məsələləri ilə bağlı DSMF, tibbi arayışlar, elektron sağlamlıq kartı ilə bağlı Səhiyyə Nazirliyi, nikahın pozulması, doğumun qeydiyyatı, ad və soyadın dəyişdirilməsi ilə bağlı Ədliyyə Nazirliyi tərəfindən və.s. xidmətlər təklif olunur.

Elektron hökumət portalında qeydiyyatdan keçmək üçün müxtəlif vasitələr mövcuddur. Bunlara autentifikasiya, yəni kimliyin təsdiqlənməsi vasitələri deyilir. Portalda qeydiyyatdan keçməyə elektron imza kartı ilə, mobil autentifikasiya sertifikatı ilə, elektron hökumət sistemi tərəfindən verilən kodu əldə etmək və.s. vasitəsilə nail olmaq olar. Bu vasitələrdən hər hansı birini əldə etdikdən sonra qarşısınızda hökumətlə qarşılıqlı münasibətləri əks etdirən “yeni dünya” açılır. Və elektron hökumət sizin hökumətinizə çevrilir. Bu yeni dünyada siz qanunla müəyyən olunmuş bütün hüquq və vəzifələrinizi həyata keçirə bilərsiniz!”

Həmin vaxt bu kiçik sorğunun insanlara nə qədər faydası olduğunu deyə bilmərəm. Lakin bu gün portala müraciət edənlərin sayının belə sürətlə artdığını görəndə bu işə kiçik də olsa, töhfə verdiyim üçün sevinirəm.

İndi həmi dövrdən bir ilə yaxın vaxt keçir və mən elektron hökumət portalını yenidən dəyərləndirmək üçün nəzərdən keçirirəm. Portala yeni xidmətlər və xidmət təminatçıları əlavə olunub, autentifikasiya vasitələrinin əldə edilməsi prosedurlarına “asan imza ilə daxilolma” əlavə edilib. Portalın funksionallığı gözəçarpacaq dərəcədə artıb, portalda olan mətnlər üçün səsləndirmə funksiyası yaradılıb və xidmətlərdən istifadəyə dair video-təlimatlar hazırlanıb.

Ən çox diqqətimi cəlb edən yenilik isə Elektron Hökumət Portalı tərəfindən təqdim olunan “Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi” xidməti oldu. Məhz bu xidmət Daxili İşlər Nazirliyi, Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Dövlət Sosial Müdafiə Fondunun və digər qurumlarda olan məlumatların sistemləşdirilmiş formada verilməsini ehtiva edir. Yəni, vətəndaşın, adı, soyadı, təvəllüdü, ailə vəziyyəti və. s. kimi məlumatlar, müavinət, ünvanlı sosial yardım alıb-almaması, dövlət qulluqçusu olub-olmaması barədə informasiya vahid arayış formasında verilir. Bu isə, bir tərəfdən vətəndaşın eyni zamanda çoxsaylı qurumlara müraciət etməklə vaxt və enerji sərfini azaldır, digər tərəfdən isə, dövlət qurumları arasında əməkdaşlığı möhkəmləndirməklə məlumatların təhrif edilmiş formada təqdim edilməsinin qarşısını alır və şəffaflığın təmin olunmasına şərait yaradır. Xüsusilə qeyd etmək lazımdır ki, “Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi” xidməti vasitəsilə əldə olunan elektron arayışla banklardan kredit götürmək və ya Bolkart əldə etmək mümkündür və hazırda “Bank of Baku” və “Unibank” bu sahədə elektron hökumətlə əməkdaşlıq edir.

Bundan əlavə, e-hökumət portalı Nazirlər Kabineti və mərkəzi icra hakimiyyəti orqanlarının hazırladıqları normativ-hüquqi aktların layihələrinin ictimai müzakirəsini təşkil etmək imkanı yaradıb. Bununla da, vətəndaşlar hər hansı bir qanun layihəsi ilə bağlı irad və təkliflərini bildirməklə normayaratma prosesində iştirak edirlər. Nəticədə, elektron demokratiyaya keçidin əsası qoyulmuş olur və vətəndaş-mərkəzli hökumət daha da möhkəmlənir.



Göründüyü kimi, elektron hökumətin üstünlükləri, cəmiyyət üçün faydaları kifayət qədərdir. Bununla belə, elektron hökumətdən istifadə İKT bilikləri aşağı olan, kompüter avadanlıqları və texnologiyalarla davranma vərdişinə sahib olmayanlar üçün qəliz proseslər məcmusu kimi görünə bilər. Bu problemin isə yaxın perspektivdə həlli gözlənilir. Belə ki, RİTN tərəfindən elektron hökumətdən istifadə etməklə bağlı çətinlik çəkənlər üçün yaxın gələcəkdə Rayon Telekommunikasiya Qovşaqlarında xüsusi “elektron qəbul otaqları”nın yaradılması nəzərdə tutulub. Bu otaqlar vətəndaşların e-hökumətdən istifadə etməsi üçün lazımi avadanlıqlarla təchiz olunacaq və burada təlimatlandırılmış mütəxəssislər fəaliyyət göstərəcək.

Nəticə etibarilə, bu gün hökuməti əhatə edən elektronlaşma prosesinə ictimai dəstək verilməsi şərtdir. Çünki elektron hökumət vətəndaş maraqlarının qorunmasını rəhbər tutur və fəaliyyətini bu prinsip əsasında həyata keçirir.
: Upload -> MeqaleFiles2014
MeqaleFiles2014 -> Elektron Hökumət: çətinmi, asan-mı?
MeqaleFiles2014 -> Mənim Elektron Hökumətim
MeqaleFiles2014 -> Elektron Hökumət – vətəndaşların ümid yeri
MeqaleFiles2014 -> Yüksək texnologiyaların dərin humanist izləri Yaxud Azərbaycanda “Elektron hökumət” necə fəaliyyət göstərir?
MeqaleFiles2014 -> Elektron hökumət vətəndaşların mənafeyinə hesablanan bir sistemdir Elektron hökumətin inkişafı ilə Azərbaycanda rüşvətsiz idarəetmə sisteminin yaradılması mümkün olacaq
MeqaleFiles2014 -> Elektron hökumət”: məmur-vətəndaş münasibətlərində şəffaflığın qarantı
MeqaleFiles2014 -> Elektron hökumət
MeqaleFiles2014 -> Bir toxunuşla döVLƏt eviNİZDƏ Giriş
MeqaleFiles2014 -> Mənim elektron hökumətim
MeqaleFiles2014 -> Elektron hökumət


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə