Əli Aslanoğlu Yovşanlıq şərqiləri Bakı 2009 Redaktoru: Firuz Mustafa Əli Aslanoğlu. Yovşanlıq şərqiləri



Yüklə 1,67 Mb.
səhifə2/14
tarix14.04.2018
ölçüsü1,67 Mb.
#38217
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   14
3. Gürzə
Bu hadisədən sonra Bəşir öz obasında adam üzünə çıxa bil­mirdi. Ən təsirli cəhət bu idi ki, 20 ilin oğrusunu 16 yaşlı bir uşaq tutub əl-ayağını qoyun kimi bağlamışdı. Söz-söhbət iki-üç gündə bütün Avşar kəndinə yayılmış, hətta rayon mərkəzinə qə­dər gedib çatmışdı. Bəşir razı olardı ki, tutulub beş il türmədə ya­taydı, an­caq belə bədnam vəziyyətə düşməyəydi. O, özünü xəs­təliyə vurub üç gün evdən bayıra çıxmadı. Yalnız dördüncü gün axşam tərəfi alaçıqdan çıxıb örüşə, otardığı qoyun sürüsünün ya­nı­na getdi. Sü­rünü onun böyük oğlu Bəkir və çoban yoldaşı Nüsrət otarır­dı­lar. Bəşir hiss etdi ki, ona Nüsrətin münasibəti bir qədər dəyişib. Əv­vəllər deyib-gülən, məzəli söhbətləri və ləti­fə­ləri ilə dil boğaza qoy­mayan Nüsrət mümkün qədər az danışmağa çalışır, ümumiy­yət­lə, danışdırmasan susurdu.

Nüsrətlə Bəşir çoban yoldaşı olmaqdan əlavə, həm də yaxın dost idilər. Elə Bəşirin bu son hadisəsində onu qurtarmaq üçün ikiillik cöngəni də Nüsrət vermişdi. Nüsrət də oğru idi. Ancaq o, Bəşir kimi xırda-xuruş oğurluğa, deyək ki, toyuq-cücə və yaxud bostan oğurluğuna baş qoşmazdı. Nüsrət at azarkeşi idi.

Bəşirin hadisəsindən bir həftə keçmişdi. Artıq bu barədə söz-söhbət də azalmışdı. Ancaq Nüsrət yenə də əvvəlki kimi qara­din­məz idi. Bir axşam sürünü arxaca qaytaranda Bəşir özünü saxlaya bilməyib soruşdu:

- Nüsrət, gözümə alız dəyirsən, xəstələnmisən, nədi?

- Xəstələnsəydik nə vardı, dərmannan-zaddan içib sağalardıq.

- Bəs sənə noolub?

- Heç...

Bəşir başa düşdü ki, çoban yoldaşı nəsə demək istəyir, amma demir. Araya ani bir sükut çökdü. Bu an içərisində onların hər iki­si nə deyib, nə soruşacağını götür-qoy edirdi. Nüsrət qabağa düşdü:

- Əyə, Bəşir, sən o bostançı uşağı elə-belə buraxajaxsan get­sin?

- ...


Bəşir susurdu.

- Bilirsən, mən sənə görə deyirəm. Eldə, obada az-çox adın-sanın var. Bir də beş nəfər dostun varsa, altı nəfər də düşmənin var. Nə qədər başıaşağı gəzəjəksən?

- Neyniyək deyirsən?

- Nə bilim? Fikirləş də. Day bu sənin öz işindi.

Danışıq Bəşirin xoşuna gəlmədi. Ona görə də bir qədər kön­töy cavab verdi:


  • Yaxşı, qurtaraq bu söhbəti. Mənim işim, mənim işimdi, ta səni niyə göynədir?

Bununla da söhbət bitdi.

Həmin gecə Bəşir səhərə kimi yata bilmədi. Çox fikirləşdi, çox götür-qoy etdi, ancaq fikirini bir tərəfə çıxarda bilmədi. Ertə­si gün isə o, qəti qərara gəldi ki, üç-dörd günə bostançı ilə haqq-hesabı çürütməlidi. Yoxsa beş-on günə bostan sovulacaq, bostan­çı da çıxıb gedəcək kəndinə, obasına. Bundan sonra o, camaat ara­sına büzüşə-büzüşə necə çıxacaqdı? Bu, dözülməz hal idi. Ancaq heyifini necə çıxsın? Nə etsin ki, tutulmasın? Üstəlik eldə, obada bilinsin ki, Bəşir də Bəşirdi və onu hesabdan silmək hələ tezdi.

Səhər tezdən Bəşir heyvanları açıb örüşə ötürəndə oğlu Bəkirə dedi:


  • Bu gün sən keçi soraqlamaq bəhanəsi ilə get o bayatlıların bostanına. Səni tanımırlar. İstəsən böyük xurcunu da at atın be­linə, pulunu verib üç-dörd qarpız da al. Ən əsası budu ki, öyrən, gör çardaxda neçə nəfər qalırlar, harda yatırlar, itləri var, yoxdu?

Atasının düşdüyü vəziyyətin xəcalətini çəkən oğul başa düş­dü ki, nəhayət kişi özünə gəlib və qisas almaq istəyir. Dedi:

  • Onda gərək indi gedəm, səhər tezdən, mitili yığışdırmamış tutam onları.

  • Hə, düz deyirsən, tərpən, get.

* * *

Çingizin qabağında bir körpəli inək və iri bir cöngə ilə həyətə girdiyini görən Gülbahar təəccübləndi:



  • Bu nədi, ədə? Bunlar kimindi? Bostanı satıb bunları almı­san?

  • Ay arvad, ip ver bunları bağlayım, bağçada ağac-uğacı qı­rıb tökəcəklər, sonra danışarıq.

Gülbahar vurnuxub kəndir axtara-axtara dil boğaza qoymur­du:

  • Sən allah, bu nə işdi? Mal bazarından gəlirsən? Ədə, dillən də, dilin özündə deyil? Pah atonnan, evi yıxılmışın oğlu ürəyimizi partladacaq!

Nəhayət Çingiz məsələnin nə yerdə olduğunu anasına bildi­rən­dən sonra arvad səsini kəsdi. Ancaq üzündən-gözündən görü­nürdü ki, bayaqkından daha həyəcanlıdı və çox keçmədən bunu büruzə verdi:

  • Bala, nahaq yerə avşarlarla düşmənçilik salmısınız. Elə bi­lirsən onlar bunu qoyacaq elə-belə qalsın? Hərlənib, fırlanıb ha­yıf­larıni ikiqat çıxacaqlar.

  • Ay arvad, bəs deyirsən nə olsun? Oğru, əyri, əclaf gəlib ha­lal zəhmətiynən bir tikə çörək qazananın çiyninə çıxsın, o da dillənməsin, eləmi?

  • Oğul, camaatın hamısının evinə, həyətinə, bostanına oğru girir, tək bizdə görünməyib ki. Ancaq heç kəs bu qədər dərinə get­mir. Niyə? On görə ki, sabahını mülahizə eliyir.

  • Ana, mən bu dünyada biqeyrət yaşamaram. Hələ sən şükr elə ki, həmin vaxt mən orada olmamışam, yoxsa çoxdan o əclafın təpəsini vermişdim güllənin ağzına. Qurtar bu danışığı, görək ney­nirik.

Gülbahar bir əlində gətirdiyi kəndiri yerə atıb, o biri əlində tutduğu çolpanı oğluna uzatdı:

  • Al, bunu da kəs ver mənə. Özün də hirslənmə. Mən də de­yirəm ki, sakitçilik olsun də, oğul, kim cəncəl istəyər?

Çingiz cib bıçağını çıxarıb çolpanın boğazını üzdü və bu­rax­dı. Çolpa iki dəfə hoppanıb yanı üstə düşdü və üç–dörd dəfə ayaq­larını uzadıb çəkdikdən sonra dayandı. Gülbahar:

  • Ədə, neynirsən , ay insafsız? Demirsən hoppanıb üst-başını qana batırar?

  • Qorxma, heç nə olmaz. Bu da mənə avşar Bəşir deyil ha.

Çingiz heyvanları yerbəyer eliyib qalxdı eyvana. Kəsilmiş çolpanı isti suda isladıb yolan Gülbahar narahat görünürdü.Əlləri işləsə də fikrinin ayrı yerdə olduğu əlüstü nəzərə çarpırdı. Anası­nın tutqunluğunu görən Çingiz:

  • Niyə bikeflədin, ana? – deyə soruşdu, - heyvanlar xoşuna gəlmədi?

  • Yox, oğul, mən özgə malını qapımda saxlaya bilmərəm. Bazar günü apar bunları Bərdə bazarında sat, ya evimizi təmir elə, yada nə bilim, özgə bir dərdinə ver.

  • Elə mən də bu fikirdəyəm. Bostanı yan-yön eliyib bunları sa­tacam. Oğru Bəşirdən heç dədəsi də xeyir görməyib. Alsam da, gedib Ağcabədi bazarından qapıya inək alaram. Ağcabədidə sağ­mal heyvan ucuz olur.

Bu, həmin gün idi ki, Bəşir oğlu Bəkiri kəşfiyyata göndərib bo­s­tan­­da­kı vəziyyəti öyrənmişdi. Bəkir məlumat gətirmişdi ki, bos­tan­da qardaşlardan kiçiyi (həmin o uşaq ki, onu tutmuşdu) qalır, böyük qardaş kəndə gedib.

Bəkir özünün dediyi kimi, Nazəri çardaxda yatılı tutmuşdu. On­dan guya dünəndən itmiş ala təkəni bu ətrafda görüb- görmədiyini so­ruş­duq­dan sonra xahiş etmişdi ki, bostanda yetişmiş qarpız varsa, üç-dörd dənəsini ona satsın. Nazər isə iki iri qarpız üzüb, gə­tirib ona bağışlamışdı. Oğlan pul üçün əlini cibinə salanda Nazər onu qınamışdı:



  • Ayıbdı. İki qarpız nədi ki, onu sataq. Biz belə şeyləri sat­saydıq evimizin dirəyi qızıldan olardı. O ki qaldı keçiyə, arxayın ol, buralara gəlib çıxsa, özüm sizə xəbər çatdıraram.

Beləliklə, Bəkir oğlanın təkliyini, bostanda itin olmadığını, və s. lazımi məlumatları toplayıb atasına çatdırmışdı.

Bəşir axşamdan iki ədəd litrlik şüşə bankanı neftlə doldurub ağzını qapadı və kiçik xurcuna salıb hazır qoydu. Gecə saat 3 ra­də­lərində ehmalca yerindən qalxıb evdəkilərə bildirmədən alaçı­ğın qapısından çıxdı. Atı yəhərləyib, xurcunu da yəhərin üstünə aşırdıqadan sonra cibində kibrit olub-olmadığını yoxladı və atın belinə sıçrayıb qaranlıqda gözdən itdi...

Yumurtalarını yeyən heyvanın izini dili ilə yoxlaya–yoxlaya gürzə gəlib Ergi qobusunun o biri qırağına çıxmışdı. İlan bir qədər də irəliləyərək axşamdan xeyli keçmiş gəlib bostan zolağının kənarına çatdı. Burada bir neçə iy bir-birinə qarışdığından gürzə iyi itirmişdi. O, bir qədər ora-bura vurnuxandan sonra bir yovşan koluna dolanıb dincəlmək qərarına gəldi. Ancaq gürzə gördü ki, kəskin yovşan iyi onun dincəlməyinə mane olur. Koldan açılıb yaxın­lıq­da­kı cığıra uzandı ki, azacıq nəfəsini dərdikdən sonra sü­rünüb daha əlverişli yer tapsın. Bu zaman gürzə hiss etdi ki, al­tın­da yer titrəyir və bu titrəmə get-gedə güclənir. Deməli, nəsə ağır bir heyvan ona yaxınlaşırdı. Gürzə dilini tez-tez çıxarıb gə­lənin nə olduğunu müəyyənləşdirmək istəyirdi ki, nəsə ağır bir şey onun düz belinin ortasına düşdü və elə zərblə basdı ki, udduğu siçovul az qala ağzından düşəcəkdi. O, bir anda ağzını atıb onu tapdala­yan heyvanı sancdı və cəld oradan uzaqlaşmağa başladı.

Gecənin bir aləmində Nazəri bağırtı səsi yuxudan oyatdı:



  • Ay haray! Köməyə gəlin! Ay dədəm vay, evim yıxıldı!

Nazər hövlank çardaxdan hoppandı yerə. Tüfəngi və əl fa­narını götürüb səs gələn tərəfə qaçdı. Səs bostanın o biri kəna­rın­dan, Ergi qobusu tərəfdən gəlirdi. Kiminsə əlacsız bağırtısı ətrafı başına götürmüşdü:

  • Ay haray! Öldüm, ay dədə!

Nazər yaxınlaşıb fanarı bağıran adama tərəf tuşlayanda göz­lə­rinə inanmadı. Bu, Bəşir idi. Sağ qıçını dizdən aşağı, topuqdan yuxarı tutub qışqırırdı:

  • Məni ilan çaldı! Gürzə vurdu məni! Evim yıxıldı!

Nazər bu dəfə də qayışını şalvardan açmalı oldu. Ancaq indi o, Bəşirin bütün əl-ayağını yox, yalnız sağ qıçını dizdən aşağı möhkəm sıxıb bağladı ki, zəhər tezliklə bütün bədəninə işləməsin. Sonra soruşdu:

  • A kişi, gecənin bu vaxtı burda nə qayırırsan?

  • Canıma vərəm qayırıram!

Bəşir gördü ki, halsızlaşır, çatdırıb bircə bunu deyə bildi:

  • At qobudadı, məni evə çatdır, ölürəm.

Nazər əl fanarını hərləyib 30-35 metr aralıda atı gördü. Cəld qaçıb atı gətirdi. Kişini qaldırıb ata mindirdi, özü də tərkinə minib onu tutdu və fermaya tərəf capdı. Yaxşı ki, fermaya çatanda Bəşir hələ özündə idi və danışıb onu ilan sancdığını öz dili ilə dedi, yox­­sa Nazər üçün çətin olardı.

Bəşiri tələsik “Niva”ya qoyub Ağcabədiyə qaçırdılar, Nazər də qayıdıb öz bostanına gəldi. Səhərə az qalırdı. Bu həngamədən sonra Nazər yata bilməzdi. Odur ki, hadisə yerinə gedib bəzi qa­ran­lıq məqamları aydınlaşdırmaq istəyirdi.

Əgər bu kişi yenə oğurluğa gəlmişdisə, bəs niyə atı qobuda bağlamışdı? Niyə böyük xurcunu və ya başqa bir qabı yox idi ki, yemiş-qarpız yığsın? Bu qaranlıqlara aydınlıq gətirməyə hələlik gecənin qaranlığı imkan vermirdi. O, ilandan ehtiyatlanıb getmədi, çardağın altında oturub havanın işıqlanmasını gözləmək qərarına gəldi. Birdən yadına gündüz keçi soraqlayan o cavan oğlan düşdü. Düzdü, o, yalandan ayrı fermadan olduğunu demişdisə də, Nazər onun ləhcəsinin Bəşirə oxşadığını sezmişdi. Sonra fikirləşdi ki, bəlkə elə o oğlanın keçi­si­ni bu Bəşir oğurlayıb? İndi də keçinin başını əkib geri qayıdır­mış? Bəs niyə bostanın yanında atdan düşüb? Bəlkə keçinin dəri­sini gətirib buralara atmaqla onları şərləmək istəyirmiş? Bu fikir həqiqətə daha uyğun gəlirdi.

Qəflətən yadına çox vacib bir şey düşdü. Axı gecə ilan çal­mış Bəşiri aparanda onun evindən çıxan oğlan həmin keçi axtaran idi! Bəli, dəqiq o idi! Deməli, o, Bəşirin oğlu imiş, bələdçiliyə gə­libmiş!



  • Ay səni.., əclaf gədə! – deyə, Nazər donquldandı, - məni al­datmağına bax bunun!

Artıq hava işıqlanmışdı. Nazər gəlib Bəşiri ilan sancan yeri nəzərdən keçirəndə neftlə dolu ağzı qapaqlı bir banka tapdı. O, bankanı əlinə götürüb ora-burasına baxa-baxa fikirləşdi ki, görə­sən Bəşir bunu neynirmiş? Az keçmiş gözü ikinci bir bankaya sataşdı. Bu banka bir qədər aralıda düşüb sınmışdı, ancaq neftin yarıya qədəri hələ bankanın içində idi. Bankanın yanında içi dolu təzə kibrit qutusu da düşüb qalmışdı.

Nazər başa düşdü ki, Bəşir çardağı yandırmağa gəlibmiş. Be­lə çıxırdı ki, ilan çalmasaydı, Bəşir onu da çardaqda yandıracaqdı. Nazərin gürzəyə rəğbəti artdı. Bu fikirlərlə o, bankanı və kibriti götürüb, dönüb çardağa qayıtmaq istərkən on-on beş metr aralıda, qobunun qırağında iri bir ilanın yulğun kolunun altına sürün­dü­yünü gördü. Yaxınlaşıb baxanda bunun doğrudan da zəhərli gürzə ilanı olduğunu yəqinləşdirdi. Əlindəki bankanı yerə qoyub tüfən­gi qaldırdı və gürzənin başını nişan aldı. Gürzə daha sürünmürdü, qıvrılıb başını qaldıraraq ona baxır, tez-tez dilini çıxarırdı. Nazər barmağını tətiyə qoydu, lakin... atmadı. Lüləni ehmalca endirdi. Gürzə onu xilas etmişdi. İndi ona güllə yox, mükafat düşürdü...

Tez bir zamanda ətrafdakı bostanlarda və fermalada səs ya­yıldı ki, bəs ovsunlu bir oğlan peyda olub və qaraçuxası da böyük bir gürzə ilanıdı, onu qoruyur. O oğlanın bostanına, yaxud mal-heyvanına kim xain nəzərlə baxsa, gürzə onu tapıb sancır və o saat da həmin adam ölür.

Ancaq Bəşir ölməyib sağ qalmışdı.

On gün ağır vəziyyətdə xəstəxanada yatdıqdan sonra zəhər­dən onun gözləri tutulmuşdu, həkimlərin dediyinə görə ölüm təhlükə­si sovuşmuşdu. İndi Bakıda müalicə olunurdu.

İş o yerə çatmışdı ki, Nazərin ləqəbi olmuşdu “Gürzə”. Bos­tan­çılar və çobanlar söz düşəndə onların binələrini qardaşların ad­ları ilə adlandırmır, “Gürzənin bostanı” deyirdilər. Hətta bir gün gülməli bir əhvalat da baş verdi. Günorta üstü çardağın yanında bir “Jiquli” avtomobili dayandı. Sürücü maşından düşüb çardağa tərəf:



  • Ay ev yiyəsi! – çağırdı.

Çingiz harasa getmişdi. Nazər isə soğan çıxarmaqla məşğul idi. Maşını görüb fikirləşdi ki, yəqin alıcıdı. Çardağa tərəf addım­ladı və yaxınlaşanda gördü ki, maşında iki arvad və bir də beş-altı yaşlarında bir qız uşağı var. Sürücü isə çardağın yanında onu göz­ləyir. Yaxınlaşıb salam verdi. Otuz beş-otuz altı yaşlarında olan sürücü salamı alıb dərhal soruşdu:

  • Qardaş, vallah, heç bilmirəm nə təhər deyim. O Seyid Gürzə­nin bostanı deyilən buradı?

Nazər ürəyində acıqlansa da, üzdə özünü gülümsər göstərib:

  • Nə gürzə? – soruşdu, - gürzə də bostan əkir?

  • Yox ey, deyəsən düz demədim. Eşitmişik ki, burda bir ca­van seyid var, bostançıdı. Bostanını da gürzə ilanı qoruyur. Oğla­nın da adı .. hı ... hım.. dilimin ucundadı... Hım.. Nazimdi.., ya ...

  • Nazər.

  • Hə, Seyid Nazər.

Nazər məsələnin nə yerdə olduğunu anladı.

  • Mənəm, - dedi,- amma seyid-zad deyiləm, adi qara adamam.

“Mənəm” sözünü eşidən kimi “Jiquli”də oturmuş yaşlı bir arvad qız uşağını qucağına alıb cəld özünü verdi sürücü ilə Nazərin arasına:

  • Seyid, qurbanın olum, sənin adına gəlmişik. Nəvəmin ayaq­larında əyrilik var. Hamı deyir Seyid Gürzə bir dəfə əlini çəksə elə onnan da düzələr. Başına dönüm, oğul, cəddinə qurban olum, əl bizdən, ətək sənnən!

Nazər arvadın qaraçılığına əsəbiləşsə də, səbrini basıb özünü ələ aldı. Fikirləşdi ki, elə bircə bu çatmırdı. Bəşirdən qurtardıq, indi də bu zibilə düşdük. Bunlara dil versən sabah bütün ətraf kənd­lərdəki şil-şikəst, çolaq, kor – hamısı tökülüşüb gələr bura. Digər tərəfdən də, “Gürzənin bostanı” sözündən xoşu gəlmişdi. Bu sözə görə bostana oğru, əyri gəlməzdi.

  • Ay xala, - dedi, - bostanda doğrudan da ilan var, amma bu­nun mənə aidiyyəti yoxdu. Çöldü dəə, nə çox ilan. Bir dəfə bir qarpız oğrusunu burda ilan sancmaqla mən dönüb seyid olmadım ki? Sizin kimi adi adamam. Məlumatı sizə səhv veriblər.

  • Oğul, xala sənə qurban, seyid də olmasan bir əl tut. Bu qə­dər yol gəlmişik, neçə bostandan soraq almışıq.

Nazər gördü ki, bu arvaddan yaxa qurtarmaq çətindi. Uşağı qucağına götürüb ayaqlarına əlini çəkdi və gördü ki, doğrudan da qıçlarında içəriyə doğru əyrilik var. Dedi:

  • Xala, görmürsüz ki, bu uşaqda raxit xəstəliyi var. Bununku həkimlikdi. Mənim də bacımda vardı, anam həkimə apardı, sonra da sağalıb getdi.

Bayaqdan sakit dayanmış sürücü (O, uşağın atasıymış) nə­hayət dilləndi:

  • Ay ana, görürsən başıma nə oyun açırsız? Mən dedikcə ki, uşağı həkimə göstərin, deyirdiniz ki, yox, pirə aparmaq lazımdı.

Kişi uşağı Nazərdən alıb:

- Qardaş, siz allah bağışlayın, - dedi və maşına tərəf addım­la­dı...



4. Səbinə

Bütün bostançılar işin qızğın çağlarında – alaq otlarının tüğ­yan etdiyi vaxtlarda, eləcə də məhsul yığımı dövründə qohum-qonşularının əli iş tutan yeniyetmə uşaqlarını bir-iki günlüyə av­ral kimi köməyə gətirirlər. Bostanın uralanma ərəfəsində Abbas qardaşının 16 yaşlı qızı Səbinəni də kənddən gətirmişdi. Səbinə onun öz qızı Gülşənlə bir sinifdə oxuyurdu və hər ikisi onuncu sinifə keçmişdi. Gülşən Səbinədən bir yaş böyük olsa da, məktəbə iki qızın cüt getməsi üçün anası Validə onu dərsə bir il gec gön­dərmişdi.

Bu iki əmiqızının xasiyyətləri demək olar ki, tam şəkildə bir-birinə əks idi. Gülşən bir qədər qaraqabaq, azdanışan, artıq dərə­cədə utancaq olduğu halda, Səbinə dil boğaza qoymayan, zarafat­cıl, oğlan uşaqları kimi sataşqan və çox bərkdən qəhqəhə çəkib gülən bir qız idi. Bədəncə hər ikisi bir boyda, bir biçimdə olma­larına baxmayaraq, açıq-saçıq xasiyyətinə və dilavərliyinə görə kənardan baxana elə gəlirdi ki, yaşca Səbinə Gülşəndən böyükdü. Bir fərq də bunda idi ki, Gülşənin tərpənişi də xasiyyəti kimi ağır və astagəldi. Səbinə isə qızıl quş kimi yüngül və cəld, iti hərəkətli bir qız idi.

Sinif uşaqlarının çoxu ilə dava-dalaş salmasına baxmayaraq sinif yoldaşları Səbinənin xətrini daha çox istəyirdilər. Hamı bi­lirdi ki, Səbişi (sinif qızları onu belə çağırırdılar) davaya salan yalnız zarafatlarıdı və onda kin-küdurət, paxıllıq yoxdur, ürəyi təmiz qızdı.

Əslində bostana Səbinə öz xahişi ilə gəlmişdi. Validə bilirdi ki, Səbişin anasının da işləri tökülüb qalıb. Yorğan-döşəkləri, xalça-palazı töküb yumaq, qışa mürəbbələr bişirmək, pomidor, xiyar bankaları bağlamaq vaxtı idi. Digər tərəfdən də artıq yeniyetmə yaşına çatmış qızı çölçülüyə aparmaq istəmirdi.

Ancaq əmisi kəndə gələndə qız iki ayağını bir başmağa dirədi ki:



  • Əmi, məni də apar bostana, heç olmasa iki günlüyə.

  • Bala, çölçülükdü, narahatçılıqdı, bostanda nə var? – deyə, Abbas etiraz etmişdisə də, xeyri olmamışdı.

Səbinə dörd qardaşın bir bacısı idi və olduqca əzizlənib ər­köyün böyümüşdü.

  • Nə olsun, alaçıq var də..ə. Bəs Gülşən orada necə qalır?

Axırda anası Güllü qaynına qızı aparmağa icazə verdi:

  • Abbas, bunu aparmasan bir həftə yediyimizi, içdiyimizi zə­hərə döndərəcək.

Sonra da qızına öz şərtlərini dedi:

  • Ancaq, qız, bu şərtnən ki, özünü ağıllı və ağır aparasan, or­da iş-gücə kömək edəsən. Beş gündən artıq qalsan atanı dalınca yollayacam. Bax, ha..a, vaxtında qayıt.

Beləliklə Səbinə gəlib Ergiyə çıxmışdı.

Gürzə söhbəti Abbasın da evində gedirdi. Bunu ucundan- qulağından eşidən Səbinə Validəni sorğu-suala tutmaqdan yorul­mur­du:



  • Bibi, doğrudan-doğruya 9-cu sinif uşağı gecə oğrunu tutub, əl-ayağını sarıyıb?

  • Hə, bala, doğrudu. O da sizin kimi 10-cuya keçib.

  • Yəqin bədəncə pəhləvan kimidi də..ə. Karateistdi?

  • Ay qız, kartes nədi? Cavan uşaqdı də..ə.

  • Bibi, bəs necə olub ki, onun öz xüsusi gürzəsi var?

Arvad xeyli güldü. Özünü ələ alanda baxdı ki, Nazər özü on­lara gəlir.

  • Adını çək, qulağını bur. Budu ha özü öz ayağıynan gəlir. Özündən soruşarsan, – deyib, başına yaylıq atmaq üçün alaçığa girdi.

Nazər yaxınlaşıb salam verdi. Qız salamı başını tərpətməklə aldı və Nazəri başdan ayağa süzdü. Tanımadığı qızın bu baxışın­dan özünü narahat hiss edən Nazər soruşdu:

  • Abbas dayı yoxdu?

  • Yox, Validə bibi burdadı, gəlir, – Səbinə cavab verdi və ani bir sükutdan sonra özü soruşdu:

  • O “gürzə”, “gürzə” deyilən sənsən?

Nazər qəfil sualdan tutuldu, ancaq tez də özünü ələ aldı:

  • Necə bəyəm? İlana –zada oxşuyuram? Əvvəl de görüm, sən kimsən?

  • Mən Abbas əminin qardaşı qızıyam. Adım da.. - istədi de­məsin, sonra dedi: - Səbinədi. Kəhrizli kənd orta məktəbinin 10-cu sinifində oxuyuram, Gülşənlə bir sinifdə.

  • Belə de..e. Bədbəxtlikdən mən də 10-a keçmişəm. Adım da Gürzə yox, Nazərdi, Bayat kəndindən.

  • Hım... Gürzə, Gürzə, .. yox bir, koramal.

  • Qəşəng qız, gəlsənə bu ilan-qurbağanı buraxaq getsin, hə..ə?

Bu zaman Validə və ardınca da qızı Gülşən alaçıqdan çıxdı­lar. Validə Nazəri mehribanlıqla salamladı:

  • Xoş gəlmisən, oğlum. Ay qız, Gülşən, kətili ver, uşaq ayaq üstə qalıb.

  • Sağ olun, xala, oturmağa macal yoxdu. Bizim yabanı sın­dır­mışam, dedim sizinkini bir neçə saatlığa aparım, axşam üstü qaytararam.

  • Noolar, oğlum, bizdə gərək ki, iki dənə olsun. İndi birini tapıb verərəm, nə qədər lazımdı işlət, – deyib, arvad yabanı gə­tir­mək üçün alaçığın arxasına keçdi.

Gülşən əldədüzəltmə kətili gətirib qoydu:

  • Otur, Nazər, ayaq üstdə qalma.

  • Sağ ol, Gülşən, tələsiyirəm, - deyib, Nazər ayaq üstə da­yan­maqda davam etdi.

  • Camaatın forsuna bax ha.., oturmağı özünə sığışdırmır, – dillənən Səbinə idi.

Gülşən ona gözağartması verdi, ancaq qız deyəcəyini dedi:

  • Otur də..ə, noolar gürzə olanda.

Nazər zarafata cavab verdi:

  • Nədi, gürzəliyimə inanmırsan?

  • Əlbəttə yox! Mən də elə bilirdim bu, pəhləvan cüssəli, dağ boyda bir oğlandı. Sən demə nə, nə, qaraboz bir kənd uşağı. Yə­qin o tutduğun oğru da piyan imiş, özü yıxılıb, sən də yazığın əl-ayağını sarımısan.

Qızın qəhqəhəsi çölü başına götürdü.

Əlində yaba qayıdan Validə qızlara təpindi:



  • Ehey, özünüzü yığışdırın, oxlovu başınızda sındıraram ha! Uşağı niyə utandırırsız? Onun kimi oğulbala heç bütün Qarabağ­da yoxdu.

  • Buna uşaq deyirsən, bibi? Bu, bəlkə də 4-5 il birinci sinif­də qalıb. Görmürsən, dədəm yaşda görünür? – Səbinə atmacala­rın­dan qalmırdı.

  • Bəsdi, Səbiş, zarafatın da yeri var, – deyərək Gülşən onun qolundan tutub alaçığa çəkmək istədi. Səbinə baxışlarını düz oğ­lanın gözünün içinə zilləyib qəribə bir tərzdə, toyda oynayıb çiyin atan qızlar kimi çiyinlərini oynadıb:

  • Hmm... - ədalı bir səs çıxararaq alaçığa keçdi.

Nazərin nəzərləri ilişib qalmışdı alaçığın qapısında. Validə yabanı ona uzadanda sanki yuxudan ayıldı.

  • Al, oğlum, get işini gör.

Sonra oğlanın bir az pərt olduğunu hiss edib, onun könünü al­maq istədi:

- Birdən xətrinə-zada dəyər ey? Mənim bu başı batmış qay­nım qızı yaman zarafatcıldı. Guya bura köməyə gəlib. O gələndən üç gündü ki, peşəmiz deyib gülməkdi, iş-güc də tökülüb qalıb.

Azca duruxub əlavə etdi:


  • Amma yaman ürəyi təmiz uşaqdı. Nəyi varsa elə dilindədi diliyanmışın. Sən allah, incimə, bala.

  • İncimirəm, xala, - Nazər yabanı alıb cavab verdi, – Allah bizi elə incidib ki, ömrümüzün axırınacan bəsimizdi. Bəndənin incitməyindən nə çıxacaq? - və cəld dönüb getdi.

  • Elə demə, bala, elə demə. Allah atanıza qəni-qəni rəhmət elə­sin.

Ancaq arvadın kövrəlmiş halda dediyi bu sözləri özündən başqa kimsə eşitmədi. Nazər xeyli aralanmışdı.

Qızlar alaçıqdan çıxanda Validənin başına bağladığı yaylığın ucu ilə gözlərini sildiyini gördülər.



Birinci Səbinə dilləndi:

  • Nə oldu, ay bibi, sənə? Niyə ağlayırsan?

  • Heç, bala, bənd olma, ağlamıram, niyə ağlayıram?

  • Yox, nəsə olub, – Gülşən də anasının üzünə diqqət kəsildi.

  • Gedin, işinizdə olun, küçüklər! – Arvad özünü toxtadıb sə­sini qaldırdı:

  • Qoca arvadam, hərdənbir kövrəlməyə də haqqım yoxdu?

Qızlar susdular. Validə kətməni götürüb bostana tərəf getdi. On-on beş dəqiqədən sonra qızlar da gəlib onunla bahəm alaq ot­larını təmizləməyə başladılar. Sahənin başına çatanda Validə şu­mun kənarında oturub qızına dedi:

  • Gülşən, bala, nədənsə yaman susamışam. Qaç get böyük parçı doldur gətir içək.

Gülşən çadıra tərəf getdi. Səbinə də gəlib bibisinin yanında oturdu.

  • Bilirsən, bala, Allah heç kəsi yetim qoymasın. Yetimlik çox pis şeydi – Validə söhbətə başladı – Mən özüm də yetim olmu­şam, ona görə də yetim görəndə içəridə ürəyim əsir.

  • Kimdi yetim, ay bibi?

  • Budey, bu Nazərgili deyirəm də. Bunların bir yaxşı ataları vardı. Beş-altı il bundan əvvəl avariyaya düşüb öldü. Anaları Gülbahar cavan ikən qaldı doqquz körpə yetimin əlində.

  • Belə də..e! Bunu bilmirdim.- Qız təəccübləndi.

  • Hə, qızım, ancaq nə anaları, nə də uşaqlar heç vaxt özlərini sındırmadılar. Zəmanə, ehtiyac nə qədər onları burum-burum bur­sa da, heç kəsə əyilmədilər. Dişnən, dırnaqnan torpaqdan yapışıb yaşadılar. Heç kimə boyun əymədən, sırtılmadan, abır-həyanı itir­mədən böyüdülər, əlləri çörəyə çatdı.

  • Buna görə kövrəlmişdin, bibi?

  • Düzün axtarsan, hə, bala, gədə ürəyimin başını oddadı.

  • Nə dedi axı? Onun sənnən nə işi?

- Yabanı verəndə dil-ağız elədim ki, birdən qızların zarafatı xətrinə dəyər. Çünki, siz yaxşı tanımırsınız, qızım. Mən onları bə­ləkdən tanıyıram. Olduqca öz mənliyini gözləyən, qürurunu əldən verməyən uşaqlardı. Rəhmətlik ataları də belə idi, hamısı ona çə­kib. Onun nə yaşı var ki, gəlib bu ilanmələməzin düzündə əlləş­sin. Onun tayları kənddə top qovur, bu yetim isə gecə-gündüz bu yovşanlıqda əlləşib-vuruşur ki, qışda anası un almaq üçün öz­gədən borc eləməsin. Neçə dəfə bizim kişi onlara əl tutub, borc pul verib, sannı qoz kimi hamısını vaxtlı-vaxtında qaytarıblar. Hət­ta birinci dəfə kişi pulu geri almaq istəmirdi. Həmən bu Nazərin böyük qardaşı Çingiz pulu evin ortasına atıb getdi. Ta ona qədər biz tərəfə gəlmədi ki, axırda özüm gedib evlərində boynunu qu­caqlayıb könlünü aldım. Yalandan dedim ki, ay bala, kişi səni sı­nı­yırdı ki, görsün böyük kişi olmusan, yoxsa yox. Sən də, ma­şal­lah, zarafatdan qaçaqsanmış. Hə, ona gətirirdim axı. Hə, deyirəm, uşaqların zarafatı xətrinə dəyməsin. Nə cavab versə yaxşıdı? Dəy­məz, xala, bizim xətrimizə fələk elə dəyib ki, bəndənin dəy­məyindən inciməyə halımız qalmayıb. Elə bil ürəyimin başına od saldı gədə, – arvadın səsi kövrəldi. Başını qaldırıb çadıra tərəf baxdı:

  • Bu qız harda itib-batdı görəsən?

Səbinə susub qalmışdı. Bilmirdi nə danışsın. Handan-hana dilləndi:

- Vallah, bibi, mən bilməmişəm. Axı mən elə bir söz də de­mədim... ona, – birdən qızı ağlamaq tutdu. Hönkürüb özünü bibi­sinin qucağına atdı.



  • Yox, qızım, yox! Sənnik burda nə var ki? Ağlama, ayıbdı, görüb-eliyən olar.

Validə qızı birtəhər ovudub kiritdi.

Əlində su parçı gələn Gülşən bu mənzərəni görüb təəc­cüb­lən­di:



  • Bu gün nə olub ey sizə? O yana gedirsən o ağlayır, bu tərə­fə gəlirsən bu. Yas düşüb, ya növbəti yası məşq eliyirsiniz?

Validə suyun yarısını içib, yarısını da Səbinəyə uzatdı:

  • Al , bala, üzünə su vur,duraq işimizin dalınca olaq.

Üçü də cərgə tutub alaq çəkməyə başladılar. Gülşən qəsdən sürətini azaldıb anasını xeyli irəli buraxdı. Hamıdan geridə qalan Səbinəylə bərabərləşəndə pıçıltı ilə soruşdu:

  • Nə olmuşdu aa..z, niyə gözüyün lilini axıdırdın?

  • Bir səhv eləmişəm, Gülü.

  • Nə səhv, ay qız, iş görürsən ki, səhv də eliyəsən?

  • E..ey, səninki də elə işdi. Belə, xətrinə dəymişəm ey Gürzə­nin. Bizdən bərk inciyib.

  • Elə bu?

  • Azdı? Yaxşı döyül axı. Tanımaza-bilməzə yazıq yetimi dirə­mişdim divara, qalmışdı kəkəliyə-kəkəliyə.

  • Yalansa onu yazıq ilan vursun. O boyda oğrunu tutub əl-ayağını sarıyana yazıq deyirsən? Aaz, işini gör, mən də deyirəm görən nə baş verib. Özü də o, inciyən yetim-zad deyil. İnciyər də incisin. Gedib ağzını diriyər arxa, lilli sudan doyunca içər, incik­liyi də keçib gedər. Pah! Bilməmişdik!..

  • Hər halda...

Gülşən Səbinənin sözünü ağzında qoydu:

  • Halı-zadı yoxdu. Bəlkə qonaqlıq düzəldib barışığa çağı­raq? Sən anama çox da fikir vermə. Çoxdanın kövrəyidi. Yanında qarışqanı da ayaqlasan yarım saat heyfsilənəcək.

  • Yaxşı düşmür də. Beş-altı günlüyə burdayam, niyə kimisə incidib küsdürməliyəm?

  • Ay qız, alağını çək. Zarafatdan küsür, küssün də. Küsər, yerini ayrı salar, - Gülşənin son sözünə özünün də gülməyi tutdu.

  • Utanmaz! – Səbinənin gülüşü bostana yayıldı.

Bütün günü yaba ilə qazıb soğan çıxardan Nazərin fikri-zikri qalmışdı səhərki söhbətdə. Utancaqlıq eliyib qızın zarafatlarına tutarlı cavab verə bilmədiyi üçün bir qədər pərt idi. Özlüyündə “xalxın qızına bax ha, birinci dəfə gördüyü oğlana girişib atmaca atır, mənim elə bacım olsa, başını baltalıyaram” deyə fikrindən keçirdisə də, Səbinənin iri ala gözləri, gülərüz, şirin sifəti, cazi­bədar bədən quruluşu tezliklə bu fikirləri süpürüb atdı. Nə qədər bu fikirlərdən ayrılıb diqqətini gördüyü işə yönəltmək istəsə də mümkün olmur, qız beynindən çıxmırdı. Hətta Çingiz də onun fi­kirli olduğunu hiss etdi:



  • Ə, çıxartdığın bəsdi. İndi bunların torpağını çırp, topala cecimin üstünə.

Nazər eşitmədi, yabanı torpağın dərinliyinə soxub altını üstünə çevirməkdə davam edirdi.

  • Ə, eşitmədin? Yuxulusan, nədi?

  • Hay? Nə deyirsən?

  • Dedim ki, bəsdi, qazma. İndi çırp, torpağını ayırtda, at ce­ci­min üstünə qurusun. Deyəsən huşun özündə döyül. Yuxu-zad görməmisən ki?

Nazər cavab vermədi. Yabanı yerə sancıb, başladı deyilən işi yerinə yetirməyə.

“Mütləq yabanı qaytaranda o qızın cavabını verməliyəm. On­da başa düşər ki, Gürzəynən zarafat nə olan şeydi. Üstümü unnu görüb elə bilir dəyirmançıyam.Yaxşı, ay toppuş qız, sən sən ol, mən də mən. Kaş Çingiz bircə günlüyə çıxıb iş dalınca bir yana gedəydi, onda lap yaxşıca verərdim o uzundillinin dilcavabını.” Bu və buna bənzər xəyallar Nazəri tərk etmirdi.

Axşamtərəfi məlum oldu ki, yabanı hələ sabah günortaya qədər qaytarmaq mümkün olmayacaq. Çünki, hələ soğan çıxart­malı xeyli sahə dururdu.

Gecə çardaqda arxası üstdə uzanıb ulduzları seyr etdikcə Nazərə elə gəlirdi ki, onların çoxunu birinci dəfə görür. Bu gecə göydə sayrışan ulduzlar ona daha maraqlı və cazibədar görünürdü. Xə­yali xətlərlə onların bir neçəsini birləşdirib bir qız bədəni şəklinə saldı. “Qız bürcü”- deyə, fikirləşdi – “Görəsən budumu?” Sonra özünə gülməyi tutdu: “Axmaqlığıma bax, deyilənə görə, bürclər xırda topalarda olur, mən də göyün yarısını birləşdirib bürc de­yirəm”. Haradasa bir təyyarə səsi eşidildi, Nazər nəzərləri ilə ax­tarıb onun yanıb-sönən işığını tapdı. İşıq gözdən itəndə o da göz­lərini yumdu ki, yatsın. Amma yuxu yox idi. Birdən ağlına bir beyt gəldi:



Qoy uçur, uçsun xəyal göylərdə təyyarə tək,

Durmuşam bir nöqtədə sabitü- səyyarə tək.

Nə qədər fikirləşdisə də, bu beyti haradan oxuduğunu yadına sala bilmədi. Ancaq həmin beyti ürəyində dönə-dönə təkrarladı. Fikirləşdi ki, şairliyi bacarsaydı, bunun ardını yazıb yaxşı bir qəzəl düzəldərdi.

Səhər tezdən Nazəri yuxudan qardaşının səsi oyatdı:


  • Ə, dur, günortadı. İş-güc töküldü qaldı.

Nazər ayılanda gördü ki, doğrudan da yatıb qalıb. Gün xeyli qalxmışdı. Tez üstündəki nazik adyalı kənara atıb şalvarını əyni­nə çəkdi və çardaqdan yerə hoppandı.

  • Mən gedirəm. İsti düşməmiş gərək gedim qayıdım. Sən şey elə.., soğanı çıxart qurtar, buralardan da yaxşı göz-qulaq ol, bos­tana heyvan-zad girməsin.

  • Hara gedirsən ki? – Nazər soruşdu.

  • Ağcabədiyə. Bazara dəyib, bir -iki adamla görüşməliyəm. Soğanı, qarpızı görüm bir yerdən sata bilərəmmi.

Çingiz iş paltarını dəyişib təmiz köynək - şalvar geyindi və piyada yola düşdü. Nazər onun ardınca bərkdən:

  • Bərdə bazarına da dəyə bilərsən- deyib, öz təklifini də verdi.

Çingiz çevrilib əlini yellədi. Bu, o demək idi ki, “sən öz işində ol, bu, mənim işimdi.”

Nazər ürəyində bir qədər sevindi, sanki xeyli yüngülləşdi də. Çingizin xasiyyətinə yaxşı bələd idi. O, yalnız axşam şər qarı­şan­da qayıdacaqdı. Ona qədər Nazər dünəndən bəri onu rahat bu­raxmayan Səbinə məsələsinə də arxayınlıqla aydınlıq gətirə bilər­di. Daha doğrusu, bu dilli-dilavər qızın cavabını layiqincə verə bilərdi.

Günortaya yaxın Nazər çiynində yaba Abbasgilin bostanına tərəf addımlayırdı. “Ay dilli toppuş, dilin uzundusa indi qaba­ğım­da dayanarsan” – bu fikir beynindən keçən kimi ardınca başqa bir fikir gəldi: “Yazıq qızı niyə hədələyirəm? Lap axmağam deyəsən, zarafatı da başa düşmürəm. Bir də ayıbdı, yad adamların yanında yad qız uşağı ilə çənə-boğaz eləmək yaxşı deyil axı. Bəlkə o, qız uşağıdı, ağlı kəsmir, mənə nə deyərlər?” Bu son düşüncə onu bir qədər məyus etdi. İçində Səbinə ilə danışığa, heç olmasa adi çənə söhbətinə can atan bir istək vardı. Nazər bu istəyin, bu hissin nə­dən ibarət olduğunu o qədər də dərk etmirdi və ya dərk etməyə çalışmırdı. Bircə onun fərqində idi ki, o toppuş, dilli-dilavər, ala­göz qızın surəti gözünün qabağından getmir, onu qarabaqara izlə­yir. Bunu yaxşılığamı, yaxud pisliyəmi yozmaq hələ onun üçün çətin məsələydi. Hələ də ona qaranlıq idi ki, qızdan xoşu gəlir, yoxsa zəhləsi gedir. Daxilindəki hisslər beynindəki fikirlərlə qarı­şıb anlaşılmaz bir duyğuya çevrilməkdə idi. Burada acı ilə şirin, qaba ilə mülayim çulğaşıb qəribə bir qarışıqlıq yaratmışdı.

Nazər gəlib çatanda Abbas, Validə və qızlar alaçığın qaba­ğın­­da qurulmuş çardağın altında oturub içinə göyərti doğranmış ayran doğraması yeyirdilər. Onu görən kimi Abbas çağırdı:



  • Yaxın gəl, Nazər. Yaxşı gəlmisən, qarpız yeməkdən do­yub, indi də keçmişik ağartıya. Sərindi, gəl bir dolça da sən iç.

  • Sağ olun, Abbas dayı, iştaham yoxdu,- deyib, Nazər yabanı çardağa söykədi – Yabanı dünən çatdıra bilmədim, indi qurtarıb gətirdim.

  • Ə, apar işlət. Məndə başqası da var. Bundan ötrü istidə ni­yə zəhmət çəkmisən?

Validə bir iri dolça ovduq töküb ona uzatdı:

  • Ayrana nə iştah, bala, su kimi şeydi, çək başına, Aclığın var­sa töküm, doğrama elə.

Nazər qeyri-iradi dolçanı aldı.

Abbas yerindən qalxıb:



  • Siz yeyin, mən atın hörüyünü dəyişib qayıdıram- dedi və uzundimdik kepkasını başına qoyub bostana tərəf addımladı.

Bayaqdan bəri altdan-altdan Nazərə göz qoyan Səbinə qəflə­tən dilləndi:

  • Dəymədüşər oğlan, dünən sənə dediklərim zarafat idi. Xət­rinə dəymişəmsə bağışla.

Nazər qulaqlarına qədər qızardı, boğazı qurudu, nitqi tutuldu. Bunu hiss edən Validə oğlana sərbəstlik vermək məqsədilə:

  • Bıy, çaynik qaynıyıb, dəmləməmişəm- deyərək durub ara­lan­dı.

  • Hə, bağışladın? Sülh? – qız yenidən dil açdı.

Nəhayət Nazərin də dilindən qıfıl götürüldü:

  • Əşi, mən də bağışlamasam Allah özü bağışlayar. Ta neyni­yək, sülh olmuyanda müharibə eliyəsi döyülük ha.

  • Bax bu oldu yaxşı. Biz də öyrəndik ki, bu yovşanlı çöldə qəhrəmanlar da varmış.

Gülşən əmisi qızına gözağartması verdi ki, “bəsdi, uzatma”, ancaq qız ona məhəl qoymadı:

  • Qəhrəman, nə qəhrəman! Lap romanlarda təsvir olunan ki­mi, ləqəbiynən – “Gürzə”!

Gülşən dillənməli oldu:

  • A..az, bəsdi! Deyirəm sənə öhdə yoxdu də.

Səbinə davam edirdi:

  • Amma, öz aramızdı, heç gürzəyə-zada oxşamırsan ha, üzün­dən, gözündən mülayimlik yağır.

Qız bu sözləri deyəndə elə bil özü də xeyli mülayimləşdi. Nazər bu məqamda onun olduqca zərif, xoşsifət və qəşəng bir qız olduğunun fərqinə vardı.

Çardağın altına qayıdan Validə:



  • Oğlum, niyə oturmursan? Otursana, - deyəndə Nazərə çat­dı ki, o hələ əlindəki ovduğu içməyib və tez dolçanı başına çəkdi.

Arvad qızları məzəmmətlədi:

  • Yenə uşağı sorğu-suala tutmusuz, amma huşunuz gətirmir ki, otur deyəsiz.

  • Sağ olun, xala, gedirəm. Bostan yiyəsizdi.

Nazər qayıdıb getmək istəyəndə Validə yadına saldı:

  • Bəs yabanı aparmırsan?

  • Yox, xala, lazım olsa gəlib apararam.

Nazər bu cavabı özündən asılı olmadan verdi. Ancaq sonra fikirləşdi ki, belə daha yaxşıdı.

Gecə yerinə uzanıb gözlərini yumsa da, Səbinə xeyli müddət yuxuya gedə bilmədi, iki-üç dəfə o üz-bu üzə çevrildi. Axırda Gülşən yatdığı yerdən dilləndi:



  • Nə olub, Səbiş, yerinə birə doluşub? Niyə çevrilə-çevrilə qalmısan? Bu saat çarpayını aşıracaqsan böyrü üstə. (Qızlar açııb-yığılan brezent çarpayıda yatırdılar).

  • Nəysə yuxum qaçıb, – Səbinə cavab verdi və azca fasilə­dən sonra soruşdu:

  • Gülü, sən bu Nazərgilin evlərində olmusan?

  • Lap balaca vaxtı anamla getdiyim yadıma düşür. Nədi ki, a..az, yoxsa...

Səbinə ona sözünün dalını gətirməyə imkan vermədi:

  • Yox, yox. Elə deyil, yozma!

Gülşən də sözünün dalını ayrı cür tamamladı:

  • Deyirəm, bəlkə gündüz o qədər gürzə-gürzə dedin ki, indi yuxuna ilan- çayan girir?

Səbinə:

  • Qələt eliyir! – dedi və adyalı başına çəkib gözlərini yumdu.

Ancaq onun yatmaq cəhdi əbəs idi. Birdən ona elə gəldi ki, son bir-iki gündə bir neçə yaş böyüyüb. İlk dəfə idi ki, o, özünün qız olduğunu qabarıq şəkildə hiss edirdi. Səbinə onunla yeniyet­mə oğlan uşağı arasında nə isə qəribə bir sərhəd olduğunu sanki elə bu axşam başa düşmüşdü. Cəmi bircə il bundan əvvəl həmya­şıdı olan oğlanlarla döyüşən, vuruşan, hətta güləşməkdən belə, çə­kinməyən Səbinə indi-indi (ələlxüsus bu axşam) bunun qəbahət olduğunun fərqində idi.

Bütün bunlarla bərabər, Səbinə ilk dəfə hiss edirdi ki, onda bu qarasaç, qaragöz, möhkəm bədənli oğlana qarşı qəribə bir duy­ğu var və o, bu duyğudan bərk qorxdu, canından üşütmə keçdi. Ya­rı maraq, yarı qorxu və yarı qəribə rəğbətdən ibarət olan bu duy­ğular bir-birini əvəz edə-edə onu sanki gicəlləndirir, fikrinin bir yerdə qərar tutmasına mane olurdu.

Elə bu anlaşılmaz, qarışıq duyğular dənizində də onu yuxu apardı...

5. Gülşən

Çoxdan Validənin könlündən keçirdi ki, qızı Gülşəni Gülbaharın oğlanlarından birinə versin. Hətta zarafata salıb Gülbahara da demişdi:



  • Ay qız, kirvə nədi? Zəhləm bu sözdən gedir. Əməlli-başlı qohum olmaq lazımdı.

Gülbahar onun hansı simə toxunduğunu yaxşı başa düşsə də, yayındırıcı cavab vermək istəmişdi:

  • Validə, xətrimə dəyirsən ha. Səndən yaxın mənim kimim var?

Validə hədəfin yayınmasına imkan yeri qoymamışdı:

  • A..az, belə ora-bura burcutma ey, göyə də çıxsan qızımı oğluna verəcəm! –deyərək bərkdən gülüb Gülbaharı qucaqlamış­dı. O zaman hələ Gülşənin on bir yaşı vardı və Gülbaharın da əri sağ idi.

Əflatunun ölümündən sonra belə zarafatlar yaddan çıxmışdı.

Son günlər, xüsusən bu oğru tutmaq və gürzə söhbəti yayıl­dıqdan sonra Validənin də kirvə uşaqlarına marağı artmışdı. Artıq onlar ad-san çıxarmış, kənddə sayılıb-seçilən oğullara çevrilmiş­di­lər. Bütün bunları və eyni zamanda qızı Gülşənin yetkinlik ya­şı­na çatdığını nəzərə alsaq, Validə əslində düzgün fikirləşirdi. Gö­zü­nün qabağında öz halal zəhməti ilə böyümüş və yeri gəlsə kən­din bu yaşda cavanlarının üçünə-dördünə cavab verə bilən Çingizi qo­yub, özünə başqa kürəkən axtarmaq səfehlik olardı.

Validə yaxşı bilirdi ki, indiki cavanlara təsir və təzyiq gös­tərmək faydasızdı, onlar öz bildiklərini babalarına da verməzlər. Ona görə də ehtiyatlı tərpənir, Çingiz onlara gələndə müxtəlif bə­hanələrlə qızla oğlanı tək buraxırdı ki, bəlkə ağıllarına istək, mə­həb­bət söhbəti gələ. Ancaq bu söhbət qızla oğlanın arasında nə ağıla, nə də ağıza gəlmirdi ki gəlmirdi. Hətta bir neçə gün əvvəl arvad Çingizə bu barədə eyham da vurmuşdu. Axşamtərəfi Çingiz onlara gələndə Validə demişdi:


  • Oğlum, bura sənin öz evindi, utanıb çəkinmə, çirkli köy­nəklərini gətir Gülşən yusun. Elə qardaşınınkını da gətir.

  • Sağ olun, xala. Ehtiyac yoxdu. Özümüz öhdəsindən gəli­rik, - deyə, Çingiz cavab vermişdi.

Arvad sözü bir qədər mətləbə yaxınlaşdırmaq məqsədi ilə:

  • Bala, Gülbahara ta indi gəlin lazımdı ey, gəlin. Özü qoca­lır, evin də qarğaşası artır. Siz də ki heç tərpənmək istəmirsiniz. - deyib, zarafatyana oğlanı qınamışdı.

Çingiz deyəsən eyhamı başa düşməmiş, zarafata zarafatla ca­vab vermişdi:

  • Gülbahar hara qocalır. Kişi tapsam onun özünü ərə verə­rəm. O ki qaldı bizə, özümüz elə qız kimi bir şeyik, hələ belə söh­bətləri yada salmağa vaxtımız yoxdu. Bu tərəfdən də başımızın üstünü müharibə alır. Belə vaxtda kimdi o barədə düşünən. Bir də gördün hamımızı yığıb basdılar Qarabağa, müharibəyə.

Arvad qeyri-ixtiyari qulağını çəkib:

  • Allah eləməsin , bala, - demişdi, - hökumət var, haq var, di­van var. Ermənilərin də sözünü kəsən tapılar.

  • Hökumət dağılır, ay xala, ermənlərə dil verən elə Moskva hökumətinin özüdü, yoxsa onlarda cürət hardaydı.

Bununla da söhbət bitmişdi.

Çingiz, ümumiyyətlə, azdanışan idi. Tanıyanlar deyirdilər ki, rəhmətlik atası da belə imiş. Bəzən saatlarla söhbətə qulaq asar, amma ortada “hə”, “hı” kəlməsindən başqa ağzını açıb bir cümlə də danışmazmış. Düzdü, oğlu Çingiz o qədər də lal-dinməz de­yildi, ancaq nəzərə çarpacaq dərəcədə az danışırdı. Adətən azda­nışan adamlar digərlərinə nisbətən xeyli səbirli olurlar. Çingiz isə belə deyildi. Onda haqsızlığa qarşı çılğın bir dözümsüzlük var­­dı və bunun da hesabına tez-tez dava-dalaşa düşərdi. Onun tay-tuşları ilə yumruq davasına çıxmağının bir səbəbi də elə qara­dinməzliyində idi. Çünki, elə məsələlər vardı ki, söhbət, söz onu yoluna qoya bilərdi. Hələ məktəb illərində Çingiz öz yaşıdları arasında qolunun qüvvəsi ilə seçilirdi. Onun ədalətsizliyi və ya­lan­çılığı görən gözü yox idi. Bəzən öz-özünə fikirləşirdi ki, əlində hakimiyyət olsaydı yalançı, ikiüzlü, oğru və rüşvətxor adamların kökünü kəsərdi. Oğru Bəşiri Nazər yox, o tutsaydı, çətin ki, Bəşir səhərə salamat çıxaydı.

Validənin qızı Gülşən də ilk baxışdan soyuqqanlılığı ilə nəzərə çarpan qız idi. Bəzən adama elə gəlirdi ki, bu qızın yanında toyla vayın o qədər də fərqi yoxdu. Sanki sevgi, məhəbbət hissləri bu qızdan yan keçmişdi və bu məsələdə hələ o, necə deyərlər, diva­rın o üzündə idi. Üstəlik Gülşən o qədər də gözəl qız deyildi. Qa­rabəniz, orta boylu, baxışlarından biganəliyi asanlıqla görünən orta gözəllikdə yeniyetmə idi. Bu biçimdə qızlardan dilli-dilavər, gülərüz olanlarına suyuşirin deyirlər. Ancaq bu sözü Gülşən haq­qında demək olmazdı.

Həyatı görüb-götürmüş, təcrübəli və həssas bir qadın olan Validə­nin qızından yana indidən narahat olması, əlbəttə, əsassız deyildi və yuxarıda yazılanları da nəzərə alsaq başadüşülən idi. İndi zəmanə otuz il bundan əvvəlki deyildi. Heç kəs heç kəsin qa­pısına ortada istək olmadan, elə-belə, özyanından durub qohum ol­­maq xatirinə elçi gəlmirdi. Qızının təhər-tövründən Validə başa düşür­dü ki, onu iki-üç ilə ərə verməsə, sonra böyük çətinlik yara­na bilər.

Bir dəfə Validə Gülşəni məzəmmətləmişdi:


  • Bala, o Çingiz buralara gələndə qaş-qabağını elə tökürsən ki, elə bil sənə bir zərəri dəyir. Ayıbdı axı. Yazıq oğlanın sənə nə pis­liyi keçib?

  • Ay arvad, - qız çəmkirmişdi, - əvvəla, o kimdi ki, mənə də pisliyi keçə? İkincisi də, mənim xasiyyətim belədi. Kimi yüyürüb darvazada qarşılayıram?

  • Qızım, söhbət yüyürüb qarşılamaqdan getmir. Acılıq qız uşağı üçün pis xasiyyətdi. Adamda bir xoş üz olar.

  • Allah necə yaradıb, heyləyəm. Qəfildən şirinnəşmiyəcəm ki.

  • Yazıq sənin qaynananın gününə. Bu xasiyyətnən sən gərək lıvırt yetimə gedəsən. - deyə, arvad alaçığın cecim qapalağını hirs­­lə yuxarı atıb bayıra çıxmışdı.

O gündın bəri Gülşən Çingiz, Nazər, ya başqa birisi gələndə o qədər qaş-qabaq tökməsə də, gülərüzlüyə doğru da istənilən qə­dər dəyişməmişdi. Dəyişiklik ondan ibarət idi ki, verilən salamı alırdı, yeri gəlsə çay töküb gətirirdi, vəssalam.

İndi qaynı qızının (ozü də Gülşəndən bir yaş kiçik) ikicə gü­nün içində yad oğlanla “cükküldəşməsini” görüb acığı tutsa da, özünü bilməməzliyə qoyurdu. Əvvəla, bunu bildirməyə o qədər də əsas yox idi. İkincisi də, fikirləşirdi ki, lap yaxşı olur, qoy mə­nim bu kütbeyin qızım barı heç olmasa özündən balacadan öy­rənsin ki, dünyada nə var, nə yox.



Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə