ƏLİ ƏKBƏr artuş VƏ zaur (böyüklər üçün konfliktologiya dərsliyi)



Yüklə 1,44 Mb.
səhifə1/13
tarix20.10.2017
ölçüsü1,44 Mb.
#5791
növüDərs
  1   2   3   4   5   6   7   8   9   ...   13

1

ƏLİ ƏKBƏR

ARTUŞ VƏ ZAUR

(böyüklər üçün konfliktologiya dərsliyi)

2

Qanda bir xaç əhli varsa, qamusun seyr eylədim,



Bulmadım mən sən təki bir cani-canan, erməni.

İmadəddin Nəsimi

3

Kitabın qələmə alınması və işıq üzü görməsi üçün məni öz varlıqları ilə ilhamlandıran Azərbaycan,



Ermənistan və Gürcüstan kütlələrinə dərin minnətdarlıq hissi ilə.

Müəllif

4

GÖRÜŞ

5

Dərdmənd etdin məni, ey dərdə dərman erməni,

Olmuşam eşqin yolunda bəndəfərman erməni.

1

Tiflis onu qızıl payızla, xəfif küləklə qarşıladı. Bakı-Tiflis qatarının dördüncü vaqonundan çirkli beton

platformaya ayaq basan Zaur, gödəkcəsinin yaxalarını qaldıraraq, yüngülcə titrədi. Çantasını çiynindən asaraq,

aşağı mərtəbəyə aparan geniş pilləkənlərə doğru addımladı. Hər dəfə bu şəhərə gələndə, qəribə ədviyyatlı kolbasa

qoxusu dəyirdi burnuna. Bu gün də həmin qoxu, yağışlı havanın rayihəsi ilə qarışmışdı. Acar xaçapurisinə oxşayan

günəşin zəif şüalarında buxarlanıb-buxarlanmamağa qərar verə bilməyən platformadakı kiçik gölməçələrdə siqaret

kötükləri üzürdü. Kötüklər, dənizdə səmtini itirmiş ağ yelkənli gəmiləri xatırladırdı. Perronun damında sırayla düzülmüş

qarğalar, həyasızcasına qışqırır, sanki qatardan düşənlərə gürcü dilinin qarğa dialektində “Xoş gəldin!” -

deyirdilər. Zaurun yanından sürətlə üç ayaqlı it qaçıb getdi. Görünür arxa sağ ayağı qatar altında qalmışdı.

Perronda dayanan qaraqabaq taksi sürücülərinin çoxu azərbaycanlılar idi. Onlar gürcü, rus, azərbaycan həm də

nə üçünsə erməni dilində qatardan düşənlərə çox ucuz və keyfiyyətli taksi səyahəti vəd edirdilər. Konfrans

təşkilatçıları onun dalınca maşın göndərməmişdilər. Əslində Zaurun buna ehtiyacı da yox idi. Çantası ağır olmadığına

və qatarda yatıb yuxusunu aldığına görə, bir az piyada gəzmək, yarım ildir görmədiyi Tiflisə doyunca tamaşa

etmək, şəhərlə mənəvi təmas qurmaq istəyirdi.

Pilləkənlərə təzəcə addımını atmışdı ki, qaraçılar qabağını kəsərək azərbaycan dilində ondan pul istədilər. Zaur

əsəbi halda on beş yaşlı qaraçı qızı əli ilə itələyərək deyindi:

- Bakıdan sizin əlinizdən qaçmışam, burada da qabağımı kəsirsiniz. Sizin əlinizdən hara rədd olum gedim?!

Zaur bu sözləri deyib becid-becid pilləkənləri düşməyə başladı. Həmən anda arxadan qaraçı qızın istehzalı və

qəzəbli səsi eşidildi:

- Rədd ol get Bayıla!

Zaur ayaq saxladı. Dönüb qıza baxdı. Sözlərinin, xəsis gəncə nə qədər təsir etdiyini görən qız, bərkdən gülür,

Zaura acıq verirdi. Özünə oxşayan altı qaraçı qız da ona qoşulub gülüşür, Zaura dil göstərirdilər.

Zaur onları nifrətlə süzdükdən sonra başını bulayaraq, pilləkənlərdən enməyə davam etdi. Qaraçı qızın

sözlərində qorxunc, vahiməli nəsə vardı. Bu sözlər nə mənaya gəlirdi görəsən?! Bayıla getmək ona təklifmi

olunurdu, yoxsa gedəcəyinə dair xəbərdarlıqmı aldı qızdan? Bəlkə də, qaraçı ona qarğış etmişdi... Başa düşmədi

Zaur. Başa düşə də bilməzdi. Qaraçı qızın sözləri, nirvanaya çatmış buddist rahiblərin koanlarından fərqsiz idi. Bu

cümlənin üstündə günlərcə gərək baş sındırsın, onun mənasını dərk etsin. Bu sözlər, Zaura ünvanlanan hikmətli

tapmacaydı. Zaur birmənalı olaraq qaraçı qızın uzaqgörən və müdrik bir varlıq olduğuna qərar verdi. Son pilləni də

düşəndən sonra, bir daha geriyə boylandı. Qaraçı dəstəsi gözə dəymirdi artıq. Qanı qaraldı.

Küçəyə çıxıb, ətrafa göz gəzdirdi. Qızıl payız bütün görkəmi və əzəməti ilə, bu qədim şəhəri ağuşuna almış,

göy üzü elə bil yerə yapışmışdı. Artıq piyada getməyə də həvəsi qalmamışdı. Sağa-sola baxdı. 10 metr aralıda, sarı

rəngli köhnə 011 Jiqulidə qoca, fağır bir kişi oturub qəzet oxuyurdu. Zaur maşının yarıaçıq pəncərəsinə yaxınlaşıb

dedi:

- Salam dayı. Meriyanın yanına neçəyə apararsan?



Kişi canlanaraq qəzeti sürət ötürücünün yanına atdı. Elə bil Zaurun onun maşınına oturacağından əmin imiş

kimi, arxayın səslə:

- 4 lariyə, - dedi.

- Mən hələ pul xırdalamalıyam...

- Bax oğlum, qabaqda soldakı yaşıl pəncərəni görürsən?

- Bəli.


- Pulunu orda xırdalaya bilərsən.

Zaur başı ilə yaşlı adama “sağ ol”-deyib, yaşıl pəncərəyə tərəf tələsdi. İllərdir dollara meydan oxuyan və iki

prezident dəyişdirən gürcü larisi, ikiyə bir mövqeyini israrla qoruyurdu. Zaur dar və yöndəmsiz köşkün içində,

çətinliklə nimdaş kresloya sığışan bığlı və kök gürcü qadınına 100 dollar uzadaraq, “Zəhmət olmasa hamısını xırdalayın”-

dedi. Qadın yoğun barmaqları ilə əskinası gün işığına tutdu, sonra baş barmağına tüpürərək lariləri saydı.

Yavaş sayırdı. Zaur əsəbiləşirdi. Nəhayət pulu aldı və saymadan cibinə soxdu, maşına tərəf qaçdı. Arxa qapını

açaraq çantasını oturacağa atdı və qabaqda əyləşib:

- Gedək - dedi.

Qoca sürücü, gürcü dilində deyinə-deyinə maşını işə salmağa çalışsa da, sürücünün özü kimi qoca maşınının

mühərriki şıltaqlıq edir, sahibinin əmrini yerinə yetirməyə tələsmirdi. Qoca iki-üç cəhddən sonra, gözlənilmədən

“Allah, Məhəmməd, ya Əli”-deyib, açarı bir daha burdu və mühərrik xarakterik uğultu çıxararaq, işə düşdü. Zaurun

gözləri kəlləsinə çıxdı. Jiquli yerindən tərpəndi, şəhər mərkəzinə doğru götürüldü. Zaur dözə bilmədi:

6

- Dayı, bu duanı haradan bilirsiniz?



- Hansı duanı oğlum?

- “Allah, Məhəmməd, ya Əli”ni deyirəm.

Qoca, siqaret dumanından saralmış dişlərini göstərərək güldü.

- Həə oğlum, görünür sən Bakıdansan.

- Bəli Bakıdanam.

- Bu duanı mənə bir azərbaycanlı öyrədib. “Maşınla yola çıxmazdan əvvəl bu sözləri desən, mütləq işlərin

avand olar”-demişdi. İllər keçsə də mən bu öyüdü unutmuram. Hər dəfə çətinə düşəndə, imdadıma çatır. Əvvəllər

Kvemo-Kartliyə tez-tez gedib gələrdim. Siz o bölgəyə Borçalı deyirsiniz. Tiflisin Şeytan bazarında azərbaycanlı

meyvə satanlar həftədə bir neçə dəfə mənim bu veteran maşınımda evlərinə gedirdilər.

Qoca sürücü bu sözləri deyib, ovucunun içi ilə bir neçə dəfə sükana vurdu.

- İndi isə nə məndə güc qalıb uzaq yola çıxmağa, nə də ki, maşınımda. Hər ikimiz qocalmışıq.

Zaur səki boyu ağır-ağır addımlayan tənbəl gürcülərə baxırdı.

- Başa düşürəm...

- Bəs sən oğlum? Tiflisə gəzməyə gəlmisən, yoxsa?..

- Konfransda iştirak etməyə.

- Nə konfransıdır o elə? Bakı-Tiflis-Ceyhana aiddir?

Zaur gülümsündü.

- Xeyr. Cənubi Qafqaz münaqişələri ilə bağlı tədbirdir.

Qoca başını bulayaraq “nırç-nırç” elədi. Gözucu Zaura baxıb dedi:

- Allah bu siyasətçilərin bəlasını versin. Köpək uşaqları, avara eləyiblər camaatı. Bizim müharibə ilə, münaqişə

ilə nə işimiz ola bilər axı? Bütün respublikalar qarışıb bir-birinə. Sovet dövrünü bəyənmirik, amma o dövrdə belə

şeylər olmurdu. Xalqların dostluğu, qardaşlığı var idi. İndi də ki... bax belə...

Kişi bunları deyərək, əlini qeyri müəyyən istiqamətdə irəliyə uzatdı. Zaur diqqətlə əlin uzandığı tərəfə -

McDonalds-a, inzibati binaların qarşısında dalğalanan Avropa Birliyi bayraqlarına, yolboyu düzülmüş bahalı

butiklərə baxdı. Ola bilsin kişi əlini elə-belə uzatmışdı, konkret heç nəyi və heç kimi nəzərdə tutmurdu. Ya da ola

bilsin Qərbləşməyə, Amerikalılaşmağa etiraz edirdi. Zaur bunu dəqiqləşdirmək istəmədi. Sadəcə soruşdu:

- Bəs xalqlarda heç bir günah yoxdur dayı? Təqsir ancaq siyasətçilərdədir?

Belə bir suala hazır olmayan kişi, diqqətlə Zaura baxdı. İndiyə qədər bu cavan oğlan kimisinə rast gəlməmişdi.

Cənubi Qafqaz münaqişələri haqda söhbət elədiyi hər kəs, hər zaman onunla razılaşır, bütün tanış-tunuşları da bir

ağızdan siyasətçiləri söyürdülər. Birinci dəfə idi ki, siyasətçiləri yox, xalqları ittiham edən bir adam, həm də

azərbaycanlı, görürdü.

- Sözlərində həqiqət var oğlum. Amma məsələnin başqa tərəfi də var. Məsələn, azərbaycanlıların Qarabağ

müharibəsində nə günahı ola bilər? Əminəm “Bizim heç bir günahımız yox idi, günahkar ermənilərdi”-deyəcəksən.

Əslində düz deyirsən, günah ermənilərdədir. Amma ermənidən soruşsaq kimdir müqəssir, o da əksini deyəcək.

Bəlkə elə deyil?

Zaur kişiylə razılaşmadı:

- Deməzdim biz məsumuq, - çiyinlərini çəkdi. Günahsız, qüsursuz insan, dolaylı olaraq da cəmiyyət olmaz axı.

Qarabağ müharibəsinin bu həddə gəlib çatmasına, ola bilsin bizim də yol verdiyimiz müəyyən səhvlər səbəb olub.

Amma birinci başlayanlar əlbəttə ermənilər oldu. Əvvə__________l Ermənistana birləşmək istədilər, sonra müstəqillik tələb

elədilər. Nəticəsi də ki, göz qabağındadır. Nə adam kimi birləşə bildilər, nə də müstəqil dövlət qurdular. Qalıblar

ortalıqda. Olan qaçqınlara, evlərini, yaxınlarını itirənlərə oldu.

Zaur qulaqlarına inana bilmirdi. Bu sözləri deyən o idimi? Bir taksi sürücüsü ilə uzun-uzadı söhbət etmək onun

adəti deyildi. İndi o, bəsit cümlələrlə danışmağa çalışır, profanizmə yuvarlanırdı. Şofer tayfası, alverçilər, fahişələr,

polislər nifrət etdiyi sosial qruplar və peşə sahibləri idi. Məcbur qalmadıqca onlarla ünsiyyət qurmaz, bir kəlməsinə

belə xəsislik edərdi. İndi isə iyrəndiyi, yuxarıdan aşağı baxdığı bir taksi sürücüsü ilə Qarabağ münaqişəsi barədə

ciddi-ciddi danışırdı.

Kişi başı ilə onlardan üç yüz metr aralıdakı Meriya binasını göstərərək, təəssüflə dedi:

- Çatırıq. Maraqlı həmsöhbətsən oğlum. Sənə bir söz deyim... – Kişi elə bil tərəddüd keçirərək, sürət

ötürücüsünü üçə atdı. Zaura ötəri nəzər salıb davam elədi. - Mən hər kəsdən yaxşı bilirəm, ermənilərin nə qədər

idbar millət olduğunu. Onlar qaraçı kimi bir xalqdır. Gürcülərin bir alimi var, Çavçavadze. Onun ermənilər barədə

yazdığı kitabı mütləq oxumalısan. Erməni xislətini, acgözlüyünü çox gözəl açır. Onlar indi də Cavaxetiyaya iddia

edirlər. Haradakı bir əsrə yaxın yaşayırlar, oranı mənimsəmək istəyirlər. Bəzən də buna nail olurlar.

Zaur gülümsündü. “Ermənilərin yanında azərbaycanlıları, azərbaycanlıların yanında isə erməniləri söyərək,

özlərini yaxşı göstərmək gürcülərin köhnə adətidir”-demək istədi kişiyə. Amma qoca sürücünün növbəti sözləri,

Zauru niyyətindən daşındırdı.

7

- Mən yezidi kürdəm. Yerevanda doğulub boya-başa çatmışam. Elə Qarabağ münaqişəsi başlayandan təxminən



üç il sonra Tiflisə köçmüşəm. Deməzdim bura cənnətdir, amma hər halda Ermənistandan min dəfə yaxşıdır. - Kişi

bu sözləri deyərək meriyanın qabağında saxladı. - Qarabağ münaqişəsində sizin axı nə günahınız ola bilərdi? Hər

şeyi bu alçaqlar elədi! İndi də Gürcüstan torpağına iddia edirlər. Erməniyə əlini versən, qolunu qopardar oğlum.

Razıyam səninlə, xalqların da günahı var. Abxazların, osetinlərin, gürcülərin, ermənilərin, elə sizin də. Amma azçox

məsələsi var da. Hamı eyni dərəcədə günahkardır demək olmaz axı.

Zaur bir yandan qapını açır, bir yandan isə deyirdi:

- Dayı, sizi elə bizim konfransa dəvət eləmək lazım idi. Əsl konfliktoloq kimi fikir yürüdürsünüz.

Pulu ödəyib maşından düşdü. Arxa qapını açıb çantasını götürdü. Qabaq qapının açıq şüşəsindən kişiyə

“xudahafiz” deyib, üzünü Meriya binasına çevirdi.

Meriyanın qarşısındakı kiçik bağda, səliqə ilə düzülmüş bürünc rəngli skamyalar, zibil qutuları, fəvvarə və

palma ağacları göz oxşayırdı. Bu nəfis kompozisiyanı isə sadəcə bir detal korlayırdı – bir cüt süni, işıqlı ağac.

Bakıda hər yerə düzülən bu zövqsüz, eybəcər ağacların Tiflisə də girməsi və bu gözəl şəhərin çöhrəsini

dəyişdirməsi, Zauru təəssüfləndirdi.

Bir neçə dəqiqə meriya binasına, Azadlıq meydanına tamaşa etdikdən sonra, küçə ilə üzü aşağı addımladı. Hər

dəfə Tiflisə gələndə, bütün görüşlərini meriya binasının qarşısında təyin edərdi. Bu gün də Qafqaz Evində işləyən

və Zauru qalacağı otelə götürməli olan dostu Şota Karbediyaya zəng vurmalı və meriyanın qabağına dəvət etməli

idi. Amma zəng etməyə tələsmirdi. Səhər saat on bir idi və yəqin ki, şair Şota axşamdan bolluca çaxır içmişdi, indi

də məsum körpə tək uyuyurdu. Zərrə qədər yorğunluq hiss etməyən Zaur, bircə duş almaq istəyirdi. Vannada, ilıq

suda uzanacağı anları xəyal edib, həzzdən titrədi. Vüsal daha şirin olsun deyə, bu zövqü bir az da gecikdirmək

arzusundaydı. İndi isə bir kafe tapıb qarnını doydurmaq, sonra da köhnə Tiflisdə bir az gəzişmək istəyirdi.

Meriyanın sağ tərəfindəki küçəyə girərək, rastına çıxan ilk kafenin qarşısında ayaq saxladı və nəhəng

vitrinlərdən içəri baxdı. Bu yer, kafedən ziyadə, McDonalds tipli fast-food-a oxşayırdı. Qapını itələyib içəri keçdi

və nəzərinə ilk çarpan detal, kassanın yanında üst-üstə yığılmış plastik məcməyilər oldu. Özünəxidmət kafelərindən

zəhləsi gedirdi və burda da həmin sistem işləyirdi. Qayıtmaq, çıxıb getmək keçdi ağlından, amma kafenin

ortasında sütun kimi dikilmiş iki ofisiant qızın və kassa arxasında dayanmış hündürboy oğlanın, boş kafenin bəlkə

də ilk müştərisi olan Zaura diqqətlə gözlərini zilləmələri, onu qərarsız edirdi. Nəhayət ürəyində “lənət şeytana” -

deyib, pəncərənin yanında özünə bir masa seçdi; çantasını, noutbukunu və gödəkcəsini oturacağa qoyub kassaya

yaxınlaşdı. İki hamburger, bir porsiya qızarmış kartof və kola sifariş verdi. Hesabı ödədi və qızlardan birinin

məcməyinin içinə düzdüyü yeməkləri götürüb masasına qayıtdı.

Bu axşam, ekspromt danışmağa, müzakirələrdə aktiv iştirak etməyə hazır idi. Belə konfranslarda birinci dəfə

iştirak etmirdi, təcrübəsi vardı. Həm də, çıxışının mövzusu çox sadə idi: “Münaqişələrin həllində QHT-lərin rolu”.

Mövzu sadə olmasına sadə idi, amma təşkilatçılar daxil, hər kəs bilirdi ki, münaqişələrin həllində QHT-lərin heç

bir rolu yoxdur, ola bilməz, olmayıb, olmayacaq.

Hamburgerdən böyük bir dişləm alıb, çantadan noutbukunu çıxartdı. Kafedəki qızlardan biri ona yaxınlaşaraq

rusca:

- Siz deyəsən Bakıdansınız? - soruşdu.



Zaur ortaboylu, qara qaş-qara göz qıza maraqla baxdı. Bayaq sifarişlərini məcməyiyə düzən qız idi. Saçlarını

səliqə ilə arxada toplamışdı. Mini yubkası yüngülcə diz qapaqlarının üstünə düşürdü. Üzünün və vücudunun

gözəlliyini kobud, fəhlə əlləri korlayırdı.

- Bəli Bakıdanam. Haradan bildiniz? – laqeydcə soruşdu və diqqətini monitora cəmlədi. Dialoq qurmaq,

kiminləsə söhbət eləmək həvəsində deyildi.

- İntuisiyam güclüdür. Bilirsiniz, mənim xalam da uzun illər Bakıda yaşamışdı. Ora ərə getmişdi.

Qız bunları deyib, əlindəki əski ilə onsuz da təmiz olan masanı bir-iki əl sildi. Zaur gözlərini monitordan

ayırıb, qızın həyəcanlı və mənasız hərəkətlərinə baxırdı. Qızın xalası ilə bağlı qiymətli məlumatdan sonra, nəsə

demək, bunu necəsə cavablamaq zərurəti yaranmışdı.

- Nə gözəl. Bəs indi yaşamır?

Qız Zaurun düz gözlərinin içinə baxdı. Bu gözlərdə boşluq və kədər vardı.

- Ermənilər Bakıdan qovulanda, güc-bəla ilə canını qurtardı. Azərbaycanlı əri ilə Krasnodara, oradan da

Kanadaya köçdülər.

Zaur hamburgeri dişləyib, sərin koladan bir qurtum aldı.

- Deməli siz ermənisiniz.

Bu sual yox, faktın təsdiqi idi.

- Bəli, Tiflis ermənisiyəm. Bəlkə də inanmayacaqsınız amma, Yerevanda cəmi iki dəfə olmuşam. Bu küçənin

düz aşağısından köhnə Tiflis, Maydan başlayır. Orada hamamlar var. Erməni, gürcü və azərbaycanlıların

məhəllələri var o hamamların çevrəsində. Atam gürcü və azərbaycan dilini səlis bilirdi. İllərlə sülh içində orada

8

yaşamışıq və yaşayırıq. Bu mənasız müharibəni başlayanlara lənət olsun. Mən həmişə uşaqlıqda Bakıya gəlmək



istəmişəm. Amma bu arzum çin olmadı. Qismət deyilmiş...

Zaur kompüterdə ona lazım olan faylı açdı. Yenidən başını qaldırıb qıza baxdı. Susurdu. Qız ona mane olduğunu

anlasa da, getməyə tələsmirdi. Zaurun ona qulaq asmaq, xatirələrini bölüşmək həvəsi yox idi. Bu cür söhbətlərdən

zara gəlmişdi. Hamı müharibənin baiskarı kimi hansısa amorf siyasi dairələri və xadimləri ünvan göstərir, onları

günahlandırır, lənətləyirdi. Klişeləşmiş bəhanələr onu yorurdu və bu gün ikinci dəfə idi ki, belə mənasız həmsöhbətlə

qarşılaşırdı.

- Sizdən bir söz soruşmaq olar? – qız ürkəkcə dilləndi.

- Əlbəttə.

- Bu noutbuklar neçəyədir?

Zaur hamburgeri boşqabın içinə qoyaraq gözlərini qızın üzünə mıxladı:

- Düz deyirsiniz. Həmişə sülh, dostluq olub aramızda. İndi nə oldu, bu müharibə haradan çıxdı, mən də başa

düşmürəm.

Cümləsini bitirib, üzünü təzədən monitora çevirdi. İştahla hamburgerini çeynəyir, gicgahlarını hərəkət etdirəetdirə

ötən həftə aldığı e-maili oxuyurdu.

Bakıdan baş götürüb qaçan Erməni xalanın bacısı qızı isə, söhbətin alınmadığını görərək, laqeydcə “nuş olsun”-

dedi və uzaqlaşdı.

Zaur onun getdiyini heç görmədi. O, artıq ikinci hamburgerini yeyirdi.

9

2

Bakıda, Qafqaz Sülhməramlı Təşəbbüslər Mərkəzi (QSTM)-nin layihə koordinatoru işləyən Zaur Cəlilov,

aşağıdakı e-maili dörd gün əvvəl, Noyabr ayının 8-i almışdı.

“Hörmətli dostlar, həmkarlar,

Bildiyiniz kimi, 12 Noyabr saat 18.00-da, Tiflis şəhəri Rustaveli prospekti 13 ünvanında yerləşən “Mariott”

otelində, Almaniyanın Henrix Böll Fondunun təşkilatçılığı və Azərbaycan – Ermənistan - Gürcüstan QHT və KİV

nümayəndələrinin iştirakı ilə - “Cənubi Qafqazda münaqişələr – həll perspektivləri” və ya “Münaqişələrin həllində

QHT-lə__________rin rolu” mövzusunda üç günlük konfrans keçiriləcək.

...


Tədbirdə Cənubi Qafqaz respublikalarından iştirak edəcək olan qonaqlar aşağıdakılardır:

Regional Əməkdaşlıq və Qloballaşma Mərkəzi (RƏQM) – Ermənistan

Qafqaz Sülhməramlı Təşəbbüslər Mərkəzi (QSTM) – Azərbaycan

Qafqaz Evi – Gürcüstan

“Müharibəyə yox” ictimai birliyi – Gürcüstan

“168 saat” qəzeti – Ermənistan

“Müasir Müsavat” qəzeti – Azərbaycan

“Möhtəşəm Azərbaycan” qəzeti - Azərbaycan

“Sakartvelo Respublika” qəzeti – Gürcüstan

“Aykakan Jamanak” qəzeti – Ermənistan

“Asaval-dasavali” qəzeti - Gürcüstan

“Alia” qəzeti - Gürcüstan

İştirakçılardan xahiş olunur, 12 Noyabr tarixində saat 18.00-a qədər artıq Tiflis şəhərində olsunlar və

Leselidze küçəsi, 17 ünvanında yerləşən “ATA” otelində onlar üçün bronlaşdırılan nömrələrə yerləşsinlər.

Konfransın keçiriləcəyi Mariott Otelinə də gecikmədən, vaxtında gəlməyiniz xahiş olunur.

Hörmətlə,

Ernst Kopf

Henrix Böll Fondunun Cənubi Qafqaz üzrə direktoru.

QSTM dövlət qeydiyyatından keçməmişdi, amma ölkədən kənarda, xüsusilə də bir sıra Avropa ölkələrində

yaxşı tanınır, maraqlı layihələri ilə beynəlxalq donorların diqqətini cəlb edirdi. Zaurun iki ildir sıralarında fəaliyyət

göstərdiyi bu QHT-nin sədri Qarabağ müharibəsi veteranı, konfliktologiya üzrə Polşada bir il təhsil almış, Cənubi

Qafqazda sülhməramlı fəaliyyəti ilə tanınan Akif Tağı idi. Təşkilat mütəmadi olaraq Fransa, İngiltərə, Almaniya və

ABŞ fondlarından maliyyə dəstəyi alır, Ermənistan və Dağlıq Qarabağ istisna olmaqla, Cənubi Qafqazın hər

yerində, hətta münaqişə zonaları olan Cənubi Osetiya və Abxaziya kimi separatçı rejimlərin hökm sürdüyü

tanınmamış respublikalarda da layihələr həyata keçirir, hesabatlar hazırlayırdı. Zaur da bu layihələr çərçivəsində

bir dəfə Cənubi Osetiyaya, bir dəfə də Abxaziyaya səfər etmiş, Azərbaycanın bir sıra rusdilli qəzetlərində silsilə

yazılarla çıxış etmişdi. Təşkilatın Dağlıq Qarabağ və Ermənistana səfər etməmək barədə qatı mövqeyi yox idi.

Hətta sədr Akif Tağının özü, iki dəfə Ermənistana səfər etmişdi. Lakin təşkilatın digər üzvləri və elə Zaurun özü də

ictimai qınaqdan qorxmaqda, vətənə döndükdən sonra üzləşəcəkləri təzyiqlərdən və əks mövqedə dayanan QHT və

KİV-lərin hücumundan ehtiyat etməkdə idilər.

Qafqaz Sülhməramlı Təşəbbüslər Mərkəzinin məramı Azərbaycanda hər kəsə məlum idi. Təşkilat Dağlıq

Qarabağ münaqişəsinin hərb yolu ilə həllinin mümkünlüyünü inkar edir və «Dağlıq Qarabağ münaqişəsi hərb yolu

ilə həll edilə bilməz» şüarını hər fürsətdə səsləndirirdi. Zaur da hərb yolu ilə Azərbaycan Respublikasının ərazi

bütövlüyünün bəlkə də təmin oluna biləcəyini, lakin müharibədən sonra da Dağlıq Qarabağ münaqişəsinin davam

edəcəyini düşünürdü.

Akif Tağı tez-tez deyərdi: «Dağlıq Qarabağ münaqişəsi mağara prinsipləri ilə həll oluna bilməz. Ona görə də

biz «Dağlıq Qarabağ münaqişəsi» anlayışı ilə, «Azərbaycan Respublikası ərazisinin işğalı» anlayışlarını bir -

birindən ayırmağı bacarmalıyıq. Dağlıq Qarabağ münaqişəsi sırf hərbi məsələ deyil, daha dərin bir problemdir. Bu

səbəbdən bizlər, Dağlıq Qarabağ ermənilərinin - Azərbaycan Respublikası vətəndaşlarının - üstünə silahla

getməyin mənasızlığını ictimaiyyətə çatdırmalıyıq. Bizim mövqeyimiz belədir ki, Dağlıq Qarabağ yox,

Ermənistanı və onun arxasında duran mağara dövlətləri ittiham edilməlidir».

Zaur yeməyini bitirmişdi. Saat on iki idi və Şotaya zəng vurmaq olardı. Noutbukunu söndürüb çantasına

qoydu, sonra da gödəkcəsini geyindi. Başı ilə kafedəkilərə “xudahafiz”- deyib qapıya yönəldi.

10

Küçəyə çıxan kimi, yolun o tayında internet klub gördü. Böyük vitrinin üstündə bütün yazılar gürcü dilində



yazılmışdı, amma kompüter, mobil və stasionar telefon aparatlarının şəkilləri ilə bəzədilən şüşədən aydın olurdu ki,

bura həm internet klub, həm də danışıq məntəqəsidir. Zaur yolu keçib klubun qapısını açdı. Akvariuma oxşayan

şüşə budkada oturan qıza yaxınlaşıb zəng vurmaq istədiyini bildirdi.

- Mobil telefona zəng vurursunuz?

- Bəli.

- Nömrəni deyin zəhmət olmasa.



Zaur Şotanın vizit kartını çıxararaq qıza uzatdı:

- Buyurun.

Qız avtomat kimi sürətli barmaqları ilə nömrəni yığıb dəstəyi qulağına qoydu və iki-üç saniyə sonra gözləri ilə

salonun axırına işarə edərək, “ikinci telefona keçin”-dedi. Zaur ona göstərilən aparata yaxınlaşıb dəstəyi qaldırdı və

Şotanın yuxulu, kal səsini eşitdi.

- Alo.


- Şota bu mənəm, Zaur. Tiflisdəyəm.

- Oooo. Zaur, əzizim necəsən? – Şota bir az canlandı və bir neçə saniyə fikrə getdikdən sonra soruşdu, - nə gec

zəng elədin? Neçə saatdır gəlmisən?

- Əşi bunun nə əhəmiyyəti var? Nə vaxt şəhərdə ola bilərsən?

- Yarım saata, 45 beş dəqiqəyə istədiyin yerə gələrəm. İndi hardasan?

- Meriyanın yanından köhnə şəhərə doğru üzü aşağı düşəcəm. Orda bir kafe tapıb səninlə qəhvə içmək

istəyirəm. Sonra məni otelə apararsan.

- Dayan görüm. Olmaya sən Leselidze küçəsindəsən? Soruş oradakılardan.

Zaur qıza dönüb soruşdu:

- Bağışlayın, bu küçə Leselidze adlanır?

- Bəli.

- Təşəkkür edirəm... Eşidirsən Şota? Sən deyən küçədəyəm.



- Sənin otelin ATA deyil?

- Elədir.

- Sən lap otelin yanındasan, xəbərin yoxdur. Bir tin aşağı düşüb sağa baxsan otelini görəcəksən. Get ora,

çantalarını qoy, istəsən duş al. Sonra köhnə şəhərə düş. Orada “Məğrur Gürcü” kafesi var, kimdən soruşsan

göstərəcək. Qəhvələri əla olur. Düz 45 dəqiqə sonra ordayam.

Zaur çiynindən sürüşən noutbuk çantasını düzəldərək:

– Yaxşı tez gəl, - dedi. - Yoxsa səhərdən iki nəfər mənə sülhün vacibliyindən danışıb, müharibəni lənətləyib.

Beynim xarab olub.

Şota kobud səsi ilə gülüb dəstəyi qoydu.

Zaur bir lari 40 tetrilik hesabı qıza ödədi və küçəyə çıxaraq dərindən nəfəs aldı, Tiflis havasını ciyərlərinə

doldurdu. Bu şəhərdə həmişə bir məhrəmlik, yaxınlıq duyğusuna qapılırdı. Əziz və doğma görünürdü ona Tiflis.

Bunun səbəbini özü də anlamırdı. Bəlkə uzun müddət bu şəhərdə yaşasaydı, ya da gürcü sevgilisi olsaydı bu istiliyin,

sevginin səbəbi də anlaşılardı. Amma bunların heç biri yox idi. Yoldan ötən qızlara baxıb gülümsündü: “Gürcü

sevgili... Necə də absurd səslənir...”

Tələsmədən küçə ilə üzü aşağı düşməyə başladı. İlk sağ döngəyə girdi və Şotanın dediyi kimi, beş mərtəbəli

binanın üstündə iri hərflərlə yazılmış “ATA” sözünü oxudu. Ağır dəmir qapını itələyib içəri keçdi. Pilləkənlərlə

ikinci mərtəbəyə qalxaraq “Reception” yazısı olan qapını açdı. Cavan qız internetdə eşələnirdi. Zauru görüb, böyük

ağzı ilə ona zəruri təbəssüm bağışladı.

- Eşidirəm sizi.

- Adım Zaur Cəlilovdur. Mən...

- Başa düşdüm. Konfransa gəlmisiniz?

- Elədir.

Qız masanın üstündəki kağızlara baxıb dedi:

- 304-cü nömrədə qalacaqsınız. Buyurun bu da açar.

Qız üstündən “304” rəqəmi yazılmış qara dəri parçası sallanan açarı Zaura uzadaraq:

- Zəhmət olmasa pasportunuzu verin.

Pasportu aldı, məlumatları tələm-tələsik kağıza köçürtdü və Zaura qaytardı. Təbəssümlə:

- Otağınıza qalxa bilərsiniz, - dedi.

- Təşəkkür edirəm. Bizim komandadan başqa kimsə gəlib?

Qız bir daha kağızlara baxdı.

- Bilirsiniz, Azərbaycandan iki qız gəlməli idi. Hələ gəlməyiblər.

11

- Hə, tanıyıram onları. Jurnalistlərdir.



Qız bu sözləri qulaq ardına vuraraq davam elədi:

- Amma Ermənistandan iki nəfər artıq gəlib. Otaqlarındadırlar. İndi də bir nəfəri gözləyirik.

- O da Ermənistandan?

- Bəli.


- Aydındır. Çox sağ olun.

Qız bir daha iri ağzını açaraq güldü:

- Siz də sağ olun.

Zaur geniş pilləkənlərlə üçüncü mərtəbəyə qalxdı. Koridorun sağında 304-cü nömrəni taparaq qapını açdı.

Otaq, otelin zahiri görkəmi və pilləkən meydançaları ilə tam ziddiyyət təşkil edirdi. Zaur bir çox ölkələrdə

səfərlərdə olmuş, hətta qaldığı otellərin sayını belə unutmuşdu. Lakin bu otaq, indiyə qədər gördüyü otel otaqları

arasında ən yaraşıqlı və komfortlularından biri idi. Geniş otaqda nələr yox idi – enli çarpayı, LCD televizor, mini

bar, böyük güzgülü şifoner, yazı masası, rahat ofis kreslosu, masmavi yaraşıqlı pərdəli pəncərənin qarşısında iki

yumşaq kreslo və onların arasında kiçik, səthi şüşəli içki masası. Çantaları çarpayının üstünə qoyaraq vanna

otağına cumdu. İlahi bu nə gözəllik idi belə! Mavi kafelli divarlarla, sədəf bəyazlığında iri vanna-cakuzi

gözoxşayan ahəng yaradırdılar.

Könlündən duşun altına girmək keçdi, amma o andaca fikrindən daşındı – o qədər də vaxtı yox idi. Hələ köhnə

Tiflisə gedib, Şotanın dediyi “Məğrur Gürcü” kafesini tapmalı idi. Bir daha otağa göz atıb dəhlizə çıxdı və qapını

bağladı. Qaça-qaça pilləkənləri düşdü, dəmir qapını itələyərək özünü Tiflisin sərinliyinə atdı və arxada çırpılan

dəmir qapının gurultusundan xəcalət çəkdi. Dayandı, nəfəs dərdi. Qamətini düzəldib tələsmədən üzü aşağı yeridi.

Köhnə Tiflisə istiqamət götürmüşdü. Yol boyu yaşıl ağaclara, rəngarəng qiyafəli adamlara tamaşa edir, ürəyi

açılırdı. “Kapremontun” getdiyi tozlu-torpaqlı, tıxaclı, üfunətli Bakıdan canını qurtardığına görə xeyli sevinirdi.

Özünü ətrafın sehrinə o qədər qapdırmışdı ki, köhnə Tiflisin dar küçələrinə nə vaxt gəlib çatdığını hiss etmədi.

Köhnə Tiflis Gürcüstanın milli memarlıq xəzinəsi olmaqla bərabər, həm də Tiflisin ən qədim hissəsidir. Burada,

memarlıq incisi sayılan çox qədim və nadir tikililər məcmusu yerləşir. Elə Bakıdakı İçəri Şəhər kimi, Köhnə Tiflis də,

adamı heyrətə gətirən dar küçələrdən və dolanbac döngələrdən ibarət bir çox məhəllələrə bölünür. Budur, kafedəki

erməni qızının dediyi hamamlardan biri. Tiflis əhalisi hamamda, xüsusən də kükürdlü hamamlarda dincəlməyi çox

sevir.

Zaur tarixin divarlara hopduğu, zamanın sanki donub qaldığı bu mənzərələrə tamaşa etməkdən yorulmurdu,



doymurdu. Kür çayının sahili boyu dağlara söykənərək nazik zolaq kimi 30 km. məsafədə uzanan bu gözəl, qədim

şəhəri çox sevirdi. Orta əsr tikililərinin cizgilərini özündə saxlamış, oyma ağaclı eyvanlar təmirdən sonra daha da

yaraşıqlı görünürdü. Narikala məbədinin qalıqları, daş Ançisxati kilsəsi, Metexi kilsəsi, Sioni kilsəsi, Şah

Rostomun hamamları, Tiflis cümə məscidi... Görülməli, gəzməli o qədər yer vardı ki, bu Köhnə şəhərdə. Kaş vaxtı

olaydı buna.

Dar küçələrin birinə dalaraq, rastına çıxan gürcü oğlandan “Məğrur Gürcü” kafesini soruşdu. Məlum oldu ki,

Zaur əlli metr küçə ilə düz gedib sağa dönsə, kafeni görəcək. Oğlana təşəkkür edərək, küçə boyu sağdan-soldan

düzülmüş hədiyyə mağazalarına və kafelərə baxa-baxa addımladı.

Bir az sonra həqiqətən də sağ tini dönən kimi, Zaur bir kafe gördü. Kafenin sarı günəşliyinin üzərində böyük

mavi hərflərlə gürcü dilində deyəsən “Məğrur Gürcü” yazılmışdı. Zınqırovlu qapını açaraq içəri daxil oldu.

Bomboş kafenin divarlarını bəzəyən retrospektiv tablolar, adamı 60-cı illərin şən Tiflisinə aparırdı. Zaur

təəccübləndi - ənənəvi gürcü kafelərindən fərqli olaraq, bu kafedə nə üçünsə divarlarda şərab içən, sifətləri içkinin

təsirindən deformasiyaya uğramış gürcü knyazlarının tabloları asılmamışdı. Hər şeydən təəccüblüsü isə, bu

tabloların kafenin adına uyğun gəlməməyi idi. Elə bu məqamda, gürcü qadınlarına xas olmayan yekə döşlərini

aşağı-yuxarı oynada-oynada bir qız Zaurun qarşına dikildi.

- Buyurun. Xoş gəlmisiniz, - gürcü dilində dedi.

Zaur utancaq sifət alıb, rusca:

- Üzr istəyirəm, gürcü dilini bilmirəm, - dedi. – Bura “Məğrur Gürcü” kafesidir?

- Bəli.

- Mən bir dostumla burada görüşəcəyəm. Qəhvə içəcəyik.



Qız çiyinlərini çəkərək etinasız:

- Buyurun, əyləşin – dedi. Ürəyiniz harda istəyir.

Zaur kafenin dibində, alaqaranlıq bir yerdə iki nəfərlik yuvarlaq masa seçdi özünə. Günəş şüaları köhnə şəhərin

bu küçəsinə deyəsən heç düşmürdü. Melanxolik atmosfer artıq yavaş-yavaş yorulduğunu hiss edən Zauru daha da

ətalətə yuvarlayırdı. Gödəkcəsini tənbəlcə çıxarıb divardakı asılqandan asdı və sual dolu gözlərlə ona baxan qızla

göz-gözə gəldi.

- Bir dənə qəhvə. Külqabı da verin zəhmət olmasa.

12

Qız yenə laqeyd ifadə ilə “bu dəqiqə”- deyib ayrıldı. Şotaya zəng vurmasının üstündən yarım saat ötürdü.



Harada olsa gəlməli idi. Ayaqqabılarını çıxarmaq istədi, amma corablarının iy verməyəcəyindən əmin deyildi. Bir

siqaret yandırdı. Axşam keçiriləcək konfransı yada saldı. Həyəcanlı deyildi, amma yenə də ehtiyatlı olmalı idi.

Burada danışılanların “Müasir Müsavat” və “Möhtəşəm Azərbaycan” qəzetlərinin xanım əməkdaşları tərəfindən

dərhal Bakıya ötürüləcəyini bilirdi. Onsuz da QSTM-nin əskisi tüstülü idi. Burada da bir az oyan-bu yan danışsa,

sülhməramlılığını cilovlamasa, mağara millətçiləri Bakıda hay-küy qoparıb, palaz-palaz yazılarla Akif Tağı və

təşkilatına qarşı hücuma keçəcəkdilər. Zaur Tiflisə gələn qızları, “Möhtəşəm Azərbaycan”-dan Dilarəni və “Müasir

Müsavat”-ın müxbiri Sevdanı xatırladı. Sonuncusu yadına düşəndə qeyri-ixtiyari gülümsündü. “İlahi, bu qədər

çirkin, eybəcər bir varlığın, bakirə qalmasından, namusdan danışmasından daha təbii nə ola bilər? Tələbin olmadığı

yerdə, hansı təklifdən söhbət gedə bilər? Görəsən özü eybəcərliyinin fərqindədirmi?”- düşündü.

Budur, qəhvə də gəldi. Qız ağzından və burnundan siqaret tüstüsü buraxa-buraxa gülümsəyən qəribə cavana

tərs-tərs baxıb, fincanı masanın üstünə qoydu və piştaxtanın arxasına qayıdaraq gürcü dilində jurnal oxumağa

başladı.


Qapı açılıb hündürboy, uzunsaç Şota kafeyə daxil olanda, Zaur artıq darıxmağa başlayırdı. Uzun illərin

dostunu görüb yerindən sıçradı, iri addımlarla ona yaxınlaşdı. Öpüşüb görüşdülər. Şotanı hər dəfə bir az da

uzanmış, boyu artmış görürdü. Şair ruhlu Şota, ağzını genişcə açaraq qışqırdı:

- Bəs niyə qabaqcadan xəbər vermədin, vağzalda qarşılayardım səni!

- Buna nə ehtiyac var? Görüşdük də. Həm də ki, sən mənim bu gün qatarla gələcəyimi onsuz da bilirdin. Odur

ki, mənə nömrə gəlmə.

Şota at kimi kişnədi:

- Yaxşı da, bəsdir! Utandırma məni.

Zaur hücumuna davam etdi:

- Özü də siz hamınız bu vaxtlar yatırsınız. Gürcülər çox tənbəldir. Borçalı azərbaycanlıları olmasa, 90-cı illərdə

acından ölərdiniz.

Məğrur gürcü qızı, gözünü jurnaldan ayırıb qəzəblə Zaura baxdı. Tanımadığı hündürboy gürcüyə də

əsəbiləşmişdi. Çünki o, bu həyasız azərbaycanlının ağzının payını vermək yerinə, onunla razılaşdı:

- Allah onlara can sağlığı versin. Kartofumuz, soğanımız, meyvə-tərəvəzimiz sizinkilərdən çıxır. Biz isə səhər

axşam çaxır içirik. Gəl oturaq.

Şota masaya tərəf gedə-gedə dönüb qıza gürcü dilində nəsə dedi. Qız isə sifətinin ifadəsini dəyişmədən, şəstlə

üzünü çevirib mətbəxə getdi.

- Ona nə dedin? - Zaur soruşdu.

- Dedim ki, gözəl qızın əlindən bir gözəl qəhvə içmək istərdim. Həə dostum, öyrən artıq dilimizi! İldə əlli dəfə

Gürcüstana gəlib gedirsən, - Şota gödəkcəsini stulun arxasına asdı, saçlarını tumarlayıb çiyinlərinin ardına dağıtdı

və göz vuraraq davam elədi, - özü də Gürcüstanda girmədiyin dərmə-deşik qalmayıb. Abxaziyaya da gedib çıxdın

axır.


Zaur gülə-gülə bir siqaret yandırdı.

- Abxaziya... Vallah dünyanın ən mənasız yeridir ora. Bilmirəm niyə onlara müstəqillik vermirsiniz.

Şota gurultulu gülüşü ilə masanı silkələdi.

- Elə isə, siz də Qarabağ ermənilərinə azadlıq verin də!

Zaur ciddi görkəm alaraq:

- Əzizim, burda artıq səhvin var. Sizin çörəyiniz bir mənada Dağlıq Qarabağ münaqişəsindən çıxır. Sən bunda

maraqlı olmamalısan. Bax qəhvələrimiz də gəldi.

Qız gürcü qonaqpərvərliyinə xələl yetirən laqeyd əda ilə, fincanları masaya qoyub, müştərilərin üzünə belə

baxmadan geri döndü. Zaur başını bulayaraq:

- Baxan da elə bilər qızı zorlamaq istəmişəm. Elə sifət eləyib ki...

Şota qəhvəsindən bir qurtum içib yarı zarafat, yarı ciddi soruşdu:

- Söhbəti fırlatma. Çörəyimiz Qarabağdan niyə çıxır?

Zaur təəccüblə Şotaya baxdı:

- Yoxsa incidin məndən?

- Nə inciməyi? Sadəcə olaraq maraqlıdır mənə.

- Eşitməmiş olmazsan, məşhur söhbətdir. Qarabağ münaqişəsinin tərəfləri olan ermənilərlə azərbaycanlılar

həmişə Tiflisdə görüşürlər. Gürcüstan bir mənada vasitəçi, körpü rolunu oynayır. Beynəlxalq təşkilatlar da

ofislərini burada açırlar, ermənilərlə bizi burada görüşdürürlər. Yəni pullar sizdə qalır. Xalq diplomatiyası turizmindən

xeyli pul qazanırsınız. İndi mən də, Tiflisdə azı 300-400 dollar pul xərcləyəcəyəm. Hələ mən qaz və neft

borularının Gürcüstan üzərindən keçməsini demirəm. Bu müharibə olmasaydı, əlbəttə marşrut 600 kilometr

qısaldılar, borular daha sərfəli yoldan - Ermənistan üzərindən keçib gedərdi. İndi də Bakı-Tiflis-Axalkalaki-Qars

13

dəmir yolu xəttini çəkirlər. Halbuki hazır Gümri-Qars dəmir yolu var. Onu sadəcə açmaq lazımdır. Sözüm odur ki,



gürcüləri dolandıran bircə Borçalı camaatı deyil, Azərbaycan-Ermənistan münaqişəsi sayəsində, beynəlxalq QHTlər

də öz layihələrini burada həyata keçirib, pulları sizin ölkəyə axıdırlar. Qəhvəyə də ki, söz ola bilməz, - deyən

Zaur, ləzzətlə ağzını marçıldatdı və qıza dönərək, - Əla qəhvədir, minnətdaram sizə, dedi.

Bayaqdan Zaurun sözlərini diqqətlə dinləyən və onun əlindən zəncir çeynəyən qız, Şotadan mədəd umurmuş

kimi həmyerlisinə tələbkar nəzərlərlə baxırdı. İmkanı olsaydı Zaurun cavabını özü verərdi, amma burada bir gürcü

kişisi olduğu üçün tərbiyəsiz azərbaycanlıya cavabı qız yox, gürcü kişisi verməli idi.

Şotanın isə üzündən təbəssüm yığışmırdı. Zaurun “Camel” siqaretindən bir dənə götürüb yandırdı. Tüstünü

həzzlə tavana buraxıb gözünü qıydı və aramla danışmağa başladı:

- Dünən kalan vurmuşuq uşaqlarla. Fransadan qonaqlarımız var idi. Qafqaz Evinin 5 əməkdaşı ilə restoranda

gecə üçə qədər oturduq. Elə sizin münaqişədən də danışdıq. Haradasa haqlısan. Razıyam ki, bircə Borçalılar deyil...

Bizim qəhvə paxmeli yaman çıxarır, düz demirəm?

- “Bizim qəhvə” deyəndə ki, bu Türk qəhvəsidir. Olmaya sən də erməniləşməyə başlamısan?

Şota ağzını əydi:

- Yaxşı, bəsdi dəə! Türklük damarın tutub?

Zaur siqaretini söndürüb geriyə boylandı. Xırda ağ gülləri olan mavi köynək, xaki şalvar, ağ çəkmələr. Xırda

güllü ağ köynəyi cırmağa hər an hazır olan iri məmələr də ki, öz yerində. Qız zövqsüzlüyün rəmzi ola bilərdi.

Amma etiraf etmək lazımdır ki, gürcülər qadınlı-kişili, azərbaycanlılardan qat-qat zövqlü geyinirlər. Şota Zaurun

hara baxdığını görüb üsulca dedi:

- Allah qadını yaradanda, gözləmirdi ki belə idbar bir şey ortaya çıxa bilər. Olmaya vurulmusan?

Zaur qınayan gözlərlə baxdı Şotaya.

- Asta danış eşidər. Məndən zəhləsi gedir. Artıq səndən də.

- Fikir vermə... Qəhvələrimiz də bitdi. Yenə içirsən?

- Yox, çox sağ ol.

- İndi də planlarından danış mənə.

- Oteldə bir az özümə gəlməli, üst-başımı dəyişməli və axşam “Mariot”-da konfransa getməliyəm. Planlarım

bax budur.

- Osetiyadan da qonaqlar var. Tiflisdə yaşayan abxazlardan da iştirak edənlər olacaq. Qarabağdan kimlər gəlir

görəsən?


- Dəqiq bilmirəm. Amma Ernstın iştirakçılara göndərdiyi siyahıda Qarabağdan heç kim yox idi. Görünür onlar

bizim oteldə qalmayacaqlar. Eybi yox, axşam onsuz da görüşəcəyik onlarla.

- Separatçı məclisi qurulur ki, - deyən Şota bərkdən güldü və ofisiant qızdan rus dilində hesabı istədi.

Qız hesabı çox tez gətirdi, elə bil bayaqdan çeki vurub hazır saxlamışdı. Şota Zaura fürsət vermədən, bir göz

qırpımında pulu cibindən çıxarıb masanın üstünə qoydu. Gödəkcələrini geyinib bayıra çıxdılar. Köhnə şəhərin daş

döşəməli, burulğan küçələri ilə ATA otelinin yolunu tutdular.

Yol boyu Şota şəhərdə aparılan quruculuq işlərindən, Saakaşvilinin fəaliyyətindən, müxalifətin

səriştəsizliyindən danışdı. Prezidentindən razı olduğu hiss olunurdu. Necə də olmasın, axı Qızıl gül inqilabında

barrikadalara çıxanlardan biri elə özü idi. Saakaşvili prezident kreslosuna oturanda, Tiflisin “qızılgül” gəncləri üç

gün, üç gecə Osetin restoranında çaxır içib, əylənmişdilər. Üçüncü günün sonunda isə Şota və iki yoldaşı

zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılmış, mədələri yuyulmuşdu.

Otelə çatdıqlarında saat ikiyə qalırdı. Axşam 17.30-da otelin qabağında görüşməyə razılaşıb ayrıldılar. Zaur

qaça-qaça üçüncü mərtəbəyə çıxıb qapısını açdı. Anadan gəlmə soyunub, otaqda lüt var gəl etməyə başladı. Tək, ya

da sevdiyi insanla bir məkanda olanda, lüt gəzməkdən böyük zövq alırdı. Paltarlarını səliqə ilə şifonerə asdı. Bütün

əşyalarını yerbəyer etdikdən sonra, vanna otağına keçdi. Vannanı doldurub, özünü isti suyun içinə buraxdı.

Gözləri yumulu, bu gün gördüyü insanları ardıcıllıqla, bir-bir xatırladı. Taksi şoferi, Tiflis ermənisi qız,

“Məğrur Gürcü” kafesindəki məğrur yekədöş ofisiant...

Zaur əli ilə suyun səthini şappıldatmağa başladı. Havaya yüksələn sabun köpükləri vanna otağının mat şüşəli

pəncərəsindən içəri süzülən günəş şüalarında bərq vururdu. Vannada yuxuya getmək istədi. Suda yatıb qalmaq,

boğulub ölmək ehtimalı ona gülməli gəldi. Şota ilə görüşməyə hələ iki saatdan artıq vaxt qalırdı.

Duş alıb qurulandıqdan sonra çarpayıya uzandı. Vaxt öldürmək üçün iki saat yata bilsəydi pis olmazdı, amma

yuxusu da gəlmirdi. Televizora baxmağı sevmirdi, o ki, qaldı gürcü kanallarına. Yadına çantasındakı kitab düşdü.

Bir siqaret yandırdı, kitabı qaldığı 38-ci səhifədən açıb oxumağa başladı.

Maraqla oxuduğu kitab, Andrey Platonovun “Can” adlı romanı idi. Taleyi Çaqatayevin taleyinə oxşamadığına

görə, Zaur xeyli xoşbəxt sayırdı özünü.

14


Yüklə 1,44 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə