Əli Kərim üslubu, yaxud



Yüklə 207.53 Kb.
səhifə1/3
tarix26.09.2017
ölçüsü207.53 Kb.
  1   2   3
: kitablar
kitablar -> F. Q. Vahidov, T. B. Ağayev
kitablar -> Bismillahir-rəhmanir-rəhim
kitablar -> Гуранда шаирляр щаггында айя
kitablar -> Ziqmund Freyd haqqında maraqlı faktlar
kitablar -> ÇƏRƏKƏ TƏRTİb edəN: Haci faiq nəBİyev
kitablar -> Dərslik (əlavə olunmuş və redaktə edilmiş ikinci nəşri)
kitablar -> Microsoft Word Tercumeshunasliq lugeti fin doc

Cavanşir YUSİFLİ

Əli Kərim üslubu, yaxud

fərdi yaradıcılıqdan ədəbiyyat tarixinə baxış

Giriş əvəzi

Böyük Azərbaycan alimi Əhməd Cəfəroğlunun “Seçilmiş əcərlər”ində maraqlı bir məqalə var: “Qaraxanlılar dövrü türk ədəbiyyatı”. Bu məqalədə X əsrin sonlarına doğru müstəqil dövlət quran Qaraxanlı türklərinin Orta Asiya türk qövmlərinin bəzilərini öz idarələri altına aldıqdan sonra bu dövlətin banisi kimi tanınan Satuk Buğra xanın 950-ci ildə islamiyyəti qəbul etməsi nəticəsində onun hakimiyyəti altındakı ərazilərdə həm də islam-türk dövlətinin yaranmasından danışılır. “Coğrafi baxımdan Şərqi Türküstan və Mavərinnəhri də öz idarəçiliyinə tabe edən bu dövlət etnik tərkibi etibarı ilə olduqca fərqli və müxtəlif türk uruq və boylarını öz içərisinə almışdı. ....Bu baxımdan türk Qaraxanlı dövləti həmin dövrdə Orta Şərq türklüyünün ən yüksək və oturuşmuş dövlətinə çevrilmişdi. Bu dövlət təəssübkeşlik hissinə qapılmadan sahibi olduğu çöl mədəniyyəti ilə yerli mədəniyyəti qarşılıqlı şəkildə tamamlayaraq qonşu uyğur və türk-İran mədəniyyətindən də kənarda qalmamışdır. Nəticədə türklər də öz mədəniyyətlərini və dillərini başqalarına aşılamaq baxımından qonşularından geri qalmamışdılar. Belə ki, ortaq mədəniyyətin meydana çıxması və formalaşması Balasaqun və Qaşqarla bərabər Qaraxanlı türk ölkəsinin tərkib hissələrindən olan Sır-Dərya boyunda özünü daha aydın şəkildə hiss etdirmişdir”1. Cəfəroğlunun fikrincə, türk dili və ədəbiyyatının bu keçid dövrünün qarışıq mədəniyyəti yeni təşəkkül tapan və yayılmağa başlayan türkdilli klassik ədəbiyyatı tamamilə öz təsiri altına almaqda idi. Müəllif o dövrün şəraitini analiz edərək belə bir nəticəyə gəlir ki, “belə bir vəziyyətdə müsaid siyasi və tarixi səbəblərin də yardımı ilə nüfuzunu daha da genişləndirən islamiyyət istər-istəməz hələ Göytürklər zamanından başlayaraq türklər arasında ənənə halına gətirilən milli tarix yazma, millətə xitab etmə, millətlə dərdləşmə və sair kimi milli ruh özünəməxsusluqlarını aradan qaldırmış, əvəzinə isə yeni inanc və ənənələr yerləşdirməyə başlamışdı”2.

Görkəmli filoloqun təsvir və analizləri göz önünə alınan olduqca mürəkkəb siyasi və ictimai şəraitdə baş verən prosesləri çox dəqiqliklə nəzərə çarpdırır. Məqalənin məntiqi diktə edir ki, bu mürəkkəb formalaşma və ya keçid - mədəniyyətlərin bir-birinə keçdiyi, ortaq dəyərlərin və bunların əsasında sırf milli düşüncənin yarandığı dövrdə əsas ötürücülər - bir millətin mədəniyyət düşüncəsini olduğu kimi gələcəyə ötürən nümunələr yaranır və bunlar tarixi inkişaf boyunca generator rolunu oynayır. Bəzən bir qılınc üzərində, bəzən adicə metal parçada həkk edilən, xalqın sevdiyi, mütləq gələcəkdə oxunmasını istədiyi misralar, adicə didaktik ovqatı ifadə edən anımlar sonradan ən qiymətli məxəzə çevrilir. Və bu gündən tarixə baxdıqda həmin misraların qılınc, yaxud teşt üstünə yazılması anı az qala bütün tarixi əvəz edir. “Yusif Has Hacib, Ədib Əhməd və nəhayət, Əhməd Yəsəvi kimi seçkin şairin didaktik mahiyyətli yaradıcılığı təbii ki, sonrakı ədəbi nəsillərə təsirsiz ötüşə bilməzdi. Xalq ruhunu oxşayan bu hikmətlərdən insanların hiss və düşüncələrinə daha yaxın olanları təkcə kazğız üzərində qalmamış, digər yaradıcılıq sahələrinə də təsirini göstərmişdir. Həmin müəlliflərin əsərlərindən ayrı-ayrı beyt və misralar xəttatlar tərəfindən teşt, tabaq, güyüm, qalxan və məişət əşyaları üzərində həkk edilmiş, bu yolla da həm tətbiqi sənət nümunələri kimi cəmiyyətin zövqünü oxşamış, həm də təsəvvüf fikirlərinin daha geniş dairədə yayılmasına yardımçı olmuşdur. Bir çox araşdırmalarda Saraycıq teşti adı ilə tanınan bir teşt üzərində həkk edilmiş iki beyt klassik ədəbiyyat havasının uzun zaman Orta Asiya insanları arasında yaşamasının qüvvətli dəlili kimi diqqəti çəkir. 1909-cu ildə aparılan arxeoloji qazıntılar zamanı tapılan bu teşt üzərindəki beytlərdən biri “Kutadqu-bilik”dən, digəri isə şəkil və məzmun baxımından ona yaxın olan digər naməlum əsərdən alınmışdır.”3
Əli Kərim üslubu

Əli Kərim Azərbaycan şeirində qəribə və izahı hələ də sürən hadisələr yaratdı. Və zahirən nə Səməd Vurğuna, nə də digər şairlərə bənzəməyən bu poetik sistemdə ənənə özünü tapdı, özünü tam potensiyası ilə ifadə etdi - Azərbaycan poeziyasında yeni mərhələ başladı: söz təkcə deyilmək, insanları həyəcanlandırmaq, onu başqa aləmlərə aparmaq ...üçün yox, həm də dərinliyi göstərmək, zahirən nə qədər gözəl, göz oxşayan, mütəəssir edən olsa da, daxildə dünyanı, necə deyərlər "vurub-çıxmaq", təhlil etmək, onunla oppozisiya yaratmaq üçün idi. Yəni, üfüqi xətt - üfüq nə qədər gözəl və cazibəli olsa da, onu kəsən çarpaz "çağdaş Azərbaycan poeziyası" deyilən mətnin tam təsəvvürə gətirilməsi üçün zəruri idi. Əli Kərim böyük bir nəhrin, mürəkkəb bir vəziyyətin içində aydınlıq yaratmaq, bu vəziyyəti yerbəyer etmək üçün gəldi; o mənada ki, nəhrin içinə süzülən bir damla bəzən hər şeyi yerli-dibli dəyişdirir, onun taleyində müəyyənləşdirici rol oynayır.



Ən yaxşı şeirlərində nə var? – bunu demək və bəlləmək o qədər də asan deyil. Ona görə yox ki, onun təqdim etdiyi mətndə informasiyanın tipi quruluşca mürəkkəbdir, dərhal izaha yatmır, yaxud bir neçə mənbədən gəlməklə, dərhal qiymətləndirmə işini çətinləşdirir. Ona görə ki, bu bədii aləm həm son dərəcə ənənə ilə bağlı, həm də ənənəni çarpaz kəsən işarələrdən hörülmüşdür. Ənənə və ənənəni çarpaz kəsən işarələr Əli Kərim yaradıcılığında xüsusi tənasübdədir, onların bir-birinə nisbəti sözü deməyin, sözün içindəki təlatüm və sükutu göstərməyin əlahiddə mövcudluq formasıdır, yəni, Əli Kərim şeirində obraz, metafora ənənəvi libasını dəyişir, həyatdan, gerçəklikdən, gerçəklik haqqında sözdən yüksək mövqeyə yüksəlir, məhz bu poeziyada, poetik sistemdə “Azərbaycan ədəbiyyatı” adlanan mətn öz-özü ilə mübahisə etməyə başlayır, poetik mətləbi göstərməyin, ifadə etməyin mürəkkəb, eyni zamanda indiyə kimi işlənməmiş üsulları sınanır – yeni ifadələr və obrazlar, sadəcə görüntü, göy qurşağı deyil, bunlar böyük və mürəkkəb bir metaforanın komponentləridir. Bu komponentlərin gücünə bütün ənənə - indiyə kimi deyilən mətləblər bir nöqtəyə, bir iynənin ucuna cəm olur – hər şey bu nöqtənin içində yenidən mənalanır. Dünya poeziyasında bu tipli hadisə adətən istənilən milli ədəbiyyatda poetik ənənənin yüz illər boyu bir arealda konsentrasiyası zamanı baş verir, yığılma, toplanma, poetik informasiyanın iç-içə, lay-lay toplanması bədii mətni mahiyyətcə gerçəklikdən ayırır, onların – bu iki səviyyənin arasında qəribə bir nüfuzetmə olayı yaranır. Məhz bu zaman adı çəkilən sıx konsentrasiyanı “səpələmək”, hər şeyi qaydaya salmaq baxımından indiyə kimi olub-keçmiş bütün təcrübə bir daha yeni obraz və metafora bazasında təbəddülatdan keçir – bir şairin, bir yazıçının poetik sistemi daxilində. Diqqət edilərsə, Əli Kərimdə, onun ortaya qoyduğu obrazlarda sanki başqa bir dinamika var, bu hərəkət tərzi həm keçmişdən, həm də gələcəkdən qəti şəkildə fərqlənir və məncə bu fərq hələ uzun müddət toxunulmaz qalacaqdır. Hansı mənada? Ona görə ki, bu poetik sistem milli ədəbiyyatda suqovuşandır, bütün meyl və tendensiyaların baş-başa gəldiyi, öz-özünü təhlil və təhdid etdiyi bir yerdir. Əli Kərimin əksər şeirlərində Azərbaycan poeziyasının müxtəlif mətnləri arasında həm açıq-aşkar, həm də virtual-daxili səsləşmələr, bir-birini tamamlama, çağırma və bir-birini dəf etmə nüansları eşidilir. Həm ən yaxın müasirləri, həm də uzaq sələfləri, ənənədaşları arasında. Bu mənada onun Füzuli və Nəsimi haqqında şeirləri sadəcə ithaf yazıları, onların obrazlarını şeirə gətirməkdən ibarət deyildir. Diqqət edilərsə, bu şeirlərdə hər iki məqam – milli ənənənin mətnləri arasında qovuşma və dəfetmə məqamları daha qabarıqdır. “...Dünya səni qocaltdı, yaşıdın olsun deyə”, - bir az müasir formada üslub, deyiliş tərzi elə bil ki, Füzuliyə aiddir, ancaq diqqətlə baxıldığında məhz bu məqamda Füzuli qəlibinin dağıldığını görərik, yəni, bu artıq “...fələklər yandı ahimdən” deyimi deyil – Füzuli bütün divanın məğzini bir deyimin içinə cəmləyir və praktiki olaraq bütün qəzəllərində məhz buna cəhd edir, bu işi reallaşdırmaq istəyir, kapsam, əhatə dairəsi geniş, sonsuz götürüldüyündən hər bir qəzəlin hər bir beyti müstəqil şeir kimi yazılır. Hər bir bəndə böyük bir tikili kimi yanaşma, onu bir neçə sözlə inşa etmə və həm də kənardan baxış bucağı saxlama – bütün bu niyyətlər və perspektivlər qəzəlin özü-özünə keçidini, mətnə başqa sözlüyün və münasibətin daxil olmasının qarşısını alır. Burada başlanğıcla son arasında məsafə o qədər kiçilir ki, onları bir-birindən fərqləndirməyə lüzum qalmır, - nəticədə bütün qəzəlin mətni hər bir beytdə həm başlayır, həm də başa çatır, bu mənada “fələklər yandı ahimdən” deyimi bütün bu hərəkətlərin cəmidir, onlardan hasil olan nəticədir – qəzəli bütövlükdə əvəz edən ifadədir. Hər bir qəzəlin içində onu əvəz edə bilən bir deyim-poetik struktur var və bunsuz qəzəl tam, bütöv mətn sayıla bilməz. Əli Kərim adı çəkilən şeirində həm bu mənzərəni verir (...Dərdə şərik dərd özü, sükut suala cavab // qranit dağlar belə gətirməzdi buna tab, Füzuli o, nə dövran! Gördülər yanır insan, yanana od verdilər // Füzuli, o, nə kədər!- gördülər donur insan // donana buz verdilər), həm də bu “mətnin” bətninə yad münasibəti yeridir, onun daxilində müxtəlif münasibətlərin baş-başa gəlməsini təşkil edir.
Füzuli, o nə qədər! –

Görsələr batır insan,

Batana dəryaları

Birdən bəxş elədilər.

Dünya səni qocaltdı,

Qocaldın dünya kimi,

Könlün kədərlə dolu, -

Çalxalan dərya kimi.4

“... Poetik obrazda sözün dar mənasında (cığır obrazında) bütün hərəkət – söz-obrazın dinamikası sözlə predmet arasında baş verir. Söz tükənməz zənginliyin və predmetin özünün ziddiyyətli müxtəlifliyinin içinə, onun “bakirə” hələ “deyilməmiş təbiətinin” içinə qərq olur; buna görə də o, öz kontekstindən kənarda nəyinsə olmasını nəzərdə tutmur (şübhəsiz ki, dil xəzinəsindən başqa). Söz öz predmetinin ziddiyyətli söz şüurunu və bu şüurun ən müxtəlif və çeşidli indisini yaddan çıxarır”. (Baxtin). Füzulinin hər bir qəzəlini oxusaq, bu fikrin müəyyən mənada dəqiqliyinin şahidi olarıq. Füzulidə sözlə predmet bir-birinin içinə “batıb”, söz predmetin içində “qəzaya uğrayıb”, kənarda baş verən olayların bu mətnə qətiyyən təsiri yoxdu, amma o, kənardakı bütün aləmləri bu sözün, özünün batıb qərq olduğu “bataqlığın” içinə çəkir. Əli Kərimdən yuxarıda verilən misralar da eyni struktur təbiətə malikdir, burada da ətrafla azacıq ünsiyyət, kontakta işarə söndürülüb, söz, necə deyərlər öz havasının içində fırlanır, o, ətraf gerçəkliyi izah etməyin bir yolunu tanıyır – bu aləmi bütövlükdə dartıb öz sferasına salmaq, orada həll etmək və bütün dünyanı bir deyimin içinə yerləşdirmək – fələklər yandı ahimdən... Füzuliyə qarşısıalınmaz pərəstiş və onun sözlərini anlamadan bu sirli aləmə dalma burdan yaranır.


... Söz axtardım, tapmadım,

Misram qopub töküldü,

Özülsüz divar kimi.

Girdim söz dünyasına

Çox gəzdim, çox aradım

Kəşfiyyatçılar kimi

Nəhayət, onu tapdım.

Yerinə düşdüyündən

Bu söz nə qədər gözəl,

Əzəmətli və nəhəng!

Yorulmuşdum...

Uzandım

Bu sözün yamacına

Başımı söykəyərək.5
Söz predmetə yaxınlaşdıqca, onun içinə qərq olduqca söz də, predmet də başqalaşır, ilkin və əzəli təbiətini dəyişir, onlar bir-birlərini nə qədər xatırlatsalar da, təkcə özlərinə oxşamırlar, bu başqalaşma, - əslində vahid obrazı və metafora şüurunu – dünyanı mükəmməl şəkildə əks etdirmək üçündür. “Söz axtardım, tapmadım, misram qopub töküldü özülsüz divar kimi...”, - burada əslində sözün əşyaya yaxınlaşmasının, onların bir-birinin içinə “düşməsinin” baş tutmaması təsvir edilib. Sözün predmetə “çatıb əşyalaşması” əslində metaforanın, bədii obrazın mətn boyunca poetik açımı, mənalara şaxələnməsi, vahid mənanın və beləliklə dünyanın atom kimi bölünməsi deməkdir; bu proses həm klassik ədəbiyyatda, həm də bayatılarda mükəmməl ifadəsini tapıb.

Diqqət yetirin:


Əzizinəm, nar gətir,

Ağ dəsmala sal gətir,

Əkilməmiş ağacdan

Dərilməmiş nar gətir.
Güney Azərbaycanda toplanmış bu bayatıda əslində nə var? Yuxarıda nişan verdiyimiz mətləb – sözlə əşyadan kənarda bütün gerçəklik işarələrinin söndürülməsi, yaxud gerçəklikdən əşyanın bətninə köçürülməsi və burada yeni gerçəklik yaratması ağla və təsəvvürə gəlməyən təbəddülatlar doğurur. Söz əşyanın adi gözlə və fəhmlə bilinməyən daxili sirlərini açır, dünya adiləşir, o boyda möcüzələrin müqabilində dünya bir az da “mənasızlaşır”, hər şey – bütün baxışlar əşyaya – sözün qərq olduğu, qəzaya uğradığı əşyaya doğru zillənir. Nəsr mətnindən fərqli olaraq burada ətrafdakı sosial ziddiyyətlər açılmır, ətrafla sosial dialoq ehtirası yaranmır. Şeirdə bu kimi cəhdlər onun mayasına qoyulan missiyanı öldürür – şeirdə söz özü-özünün ölçüsünə çevrilir, elə buna gör də dünyanı “olmadığı kimi” göstərmək üçün ən dərin, necə deyərlər “işıq sönən” dərinliyə baş vurmalısan. Əkilməmiş ağacdan dərilməmiş narın gətirilməsi sözün içindəki məna dərinliyinin ən zülmət yeridir - burada göz-gözü görmür, burada göz, artıq görmə orqanı kimi sıradan çıxır, əzəli missiyasını itirir. Əli Kərimin yuxarıdakı şeirində isə sahman yalnız öz ölçüsünə çevrilən söz tapıldıqdan sonra yaranır. Sözün yamacına baş qoymaq “düzənliyin” – bütün ölçülərin silinib mənanın ən dərin yerinə gömülməsi anlamını verir. Əli Kərimin başqa bir şeirində “nizamlayıcı ünsür” tapıldıqdan sonra yerlə göy birləşir, kainat bir nöqtənin, bir mətləbin içinə yerləşir – beləliklə, Əli Kərimin bütün şeirlərində poetik enerjinin paylanma istiqaməti hər şeyin sanki bir dillə danışmasına, hər şeyin, bütün ölçü və parametrlərin bir qəlibə sığışmasına doğrudur. Ən kövrək məqamda “çayın dil açıb, “Əli” deməsi, bulağın özünün yox, dibindəki daşların görünməsi” – predmetlərin anidən yoxa çıxması və onların zahirən bir sifətdə görünməsi şübhəsiz ki, gözlənilməyən və uğurlu gedişdir (əslində isə, burada “gediş” sözü yerinə düşmür, bu, poetik sistemin özünü bu formada ifadə etməsidir). Başqa bir şeirində bu tipli “aldadıcı” gediş gözlənilməyən ovqatın, hissin, duyğunun daha da dərinləşməsinə xidmət edir. “Gəl, Azərim” şeirində “səni görmək üçün kədərimi qoymuşam ayağımın altına” ilk baxışda nikbin ovqat yaratmağa xidmət edir, ancaq elə oradaca işlədilən “qalmışam boylana-boylana” ovqatı kəskin dəyişdirir, kədəri ən çıxılmaz məqama kökləyir. Yəni burada poetik sistem həm üfüqü, həm də onu şaquli kəsən xətti eyni momentin içində verir, - şeirin əsas məqamı, bütün dərinliyi göstərən anı məhz budur, mətndəki qəfil obrazlar, söz birləşmələri olsa-olsa bəlirtidir; “sevinc dilənçisi” kimi tədqiqatçıları diqqətini yayındıran birləşmələr yüzdə-yüz mahiyyət səciyyəsində deyil. “Habilin ilan dili çıxarması” Əli Kərim şeirinin kəşfi deyil, əsl tapıntı kamandan, quşlardan, bulaqdan, yerə dəyən damcıdan... çıxan bütün səslərin bir dilin içində möcüzə yaratmasıdır.

Burada bir məqama toxunmaq istərdik. Şeir mətnində bütün mümkün, potensial...dillərin qovuşması hadisəsi ümumi planda doğru nəzəri səciyyə daşısa da, bizim orta əsr və müasir şeirimizdə tam fərqli anlayışları ortaya qoyur. Klassik və çağdaş şeirdə bu effekti almaq üçün vasitələr və üsullar bir-birindən kəskin şəkildə fərqlənir. Klassik şeir mətninin hörüldüyü işarələr mətn boyunca demək olar ki, eyni qəlib içinə düzülürlər, hər dəfə bu vahid, dəyişməyən düzümə baxa bilmək üçün bir fərqli perspektiv seçilir. Klassik şeirdə bu baxış perspektivinin sonsuz və ziddiyyətli axtarışları mövcud janr kanonunu diaxron və sinxron planda “daraldır”, çəmbər sıxıldıqca “işıq” görünməz olur, onun görünməsi və ümumən istənilən görüntü ifrat dərəcədə şərtləşir və müəyyən həddə görüntü fantaziyaya, xəyala, sonsuz sayda kontekstlərin bir-birinə qarışmasına və mətnin ilk baxışdan anlaşılmamasına şərait yaradır. Şeirin dili – adi anlamda qavranılan dil anlayışının sərhədlərini dağıdır. Yəni burada sən onu dərk edincə şeir mətni səni “yüz dəfələrlə oxuyub başa çıxır”, sənə əşya kimi yaxınlaşır, səni öz predmetinə çevirir.



Diqqət yetirin:
Qamətinə əlif deyən, gör nə uzun xəyal edər,

Hər ki, dilər vüsalini arzuyi-məhal edər.
Şol ala gözdən ey könül, sana derəm ki, uş saqın,

Uyquda sanma onu kim, uyğusu yoxdur, al edər.7
Burada, poetik mətndə “əlifə” qədərki təfərrüatlar kəsilib, kənara atılıb, hər şey məcburən “əlifin” içinə sığınıb, yuxarıda bəhs edilən ifrat şərtiləşmə sayəsində “əlif” həm görsədir, həm də görsənir, həm güzgüdür, həm də güzgüyə baxandır, həm də, ən əsası “güzgü effektini” yox edən (şeirin içində ön mövqeyə keçib yüksəklikdə görünmək mənasında bütün əşyaların qabağını kəsən) bir işarədir. “Qamətinə əlif deyən, gör nə uzun xəyal edər” misrasında yuxarıda təsvir etdiyimiz münasibət də var – müəllif bu mürəkkəb işarələrin içindən qaçıb qurtulmağa can atır.
Zülfünü xaki-rəh kimi saldı ayağı altına,

Gör neçə xəlqi aləmin ömrünü payimal edər.
Heç də təsadüfi deyil ki, Əli Kərimin şeirlərinin əksəriyyəti söz haqqındadır. Bununla o, sözün yuxarıda göstərilən funksiyasının konsepsiya halında ifadəsinə çalışırdı. "Azərbaycan poeziyası" adlı MƏTN öz təkamülündə elə bir həddə gəlib çatdı ki, Əli Kərim qaçılmaz şəkildə sözdən, onun dünyaya və müəllifə münasibətindən, insan ömrünün içində kəsb etdiyi mənalardan və daha çox mənalar arasında gedən ölüm-dirim savaşından bəhs etməli oldu. Mətn daxilində mənalararası savaş gerçəkliyə yeni münasibət tipinin formalaşmasını bəlləyir. Diqqət yetirin: Füzuli "Söz" qəzəlində milli ədəbiyyat kontekstində bu şəkildə və qaydada YENİLƏŞMƏNİN əsasını qoydu... İstənilən ədəbiyyatda yeni tendensiyalar yarandıqda bu, qaçılmaz şəkildə onun əsas istiqamətlərini bəlirləyən mənalar arasında savaşla müşayiət edilir. Əli Kərimdə söz həm də dünyaya tən tutulur, dünya ilə bərabərləşir, burada sözün yamacına baş qoyub uzanmaq, göylə yeri bir nöqtədə - söz paralelində birləşdirmək çox asandır. Sözün dünya ilə tən tutulması ideya kimi klassik ədəbiyyatdan gəlir, - ancaq ifadə, sitat mənasında yox, yüz illərin böyük təcrübəsinin nəticəsi kimi. Bu kimi poetik “sitatlar” Əli Kərimin poetik sistemində vahid kontekst təşkil edir. Borxes yazırdı ki, “ümumdünya tarixi bəlkə də bir neçə əsas metaforanın tələffüzündə fərqli intonasiyanın tarixidir”8. Borxesin istinad edilən hekayə-essesində “kürə” metaforasından söz açılır. Aləmi, dünyanı dərk etmək üçün insan yer üzündə gördüyü hər şeyə məhz bu metaforanın gözü ilə baxır, bu nəsnələri bir ovuc içində dərk edən kimi, özünü onların cəminə tən tutur. Bu keyfiyyət klassik poeziyada xüsusən Nəsimin poetik sistemində açıq şəkildə görünür. “Məndə sığar iki cahan, mən bu cahan sığmazam” deyimindən qabaq, şübhəsiz ki, bu xətt gəlir. Borxes sözünə davam edərək yazırdı ki, “XIII əsrdə kürə obrazı bir daha “Roman de la Rose” alleqoriyasında meydana çıxdı, burada kürə Platonun təsvirinə və “Speculum Trixplex” (“Üçqat güzgü”) əsərinə uyğun şərh edilir; XVI əsrdə “Panteqrüelin son kitabının sonuncu fəslində “mərkəzi hər nöqtədə olan, ancaq heç bir yerində qapanmayan, Allah adlandırdığımız intellektual kürəyə” istinad edilmişdi. Orta əsrlərdə bunun mənası aydın idi: Allah yaratdığı bütün şeylərdə var, ancaq onların heç biri onun üçün son hədd deyil. “Səma və səmalar səması sənə sığmır”, - Solomon demişdi (Aləmlərin üçüncü kitabı)”; bu sözləri izah edəndə göz önündə həndəsi metafora canlanır”. Bu metafora, poetik mətni yaradan həndəsin obraz bütün Nəsimi sisteminin özülünü təşkil edir. Kürənin səthindəki nöqtələr mərkəzdən eyni məsafədə olduğundan “harada” sualı aktuallıqdan çıxır, harda olursansa-ol - mərkəzdəsən, həm burda, həm də heç yerdəsən, yəni laməkansan. “Başqa bir insan - Cordano Bruno üçün göy qübbəsindəki çat azadlıq olub. “Yüksək postun ilk mühitində çıxışda” bəyan edirdi ki, dünya sonsuz səbəblərin sonsuz izlənməsidir və allah yaxındadır, “çünki o, bizim içimizə o qədər dolub ki, heç burada özümüz o qədər deyilik”. O, Kopenik məkanını insanlara izah edə bilmək üçün sözlər axtarırdı və səhifələrin birində qeyd etmişdi: “ əminliklə təsdiq edə bilərik ki, dünya hər bir nöqtəsiynən mərkəzdir, yaxud kainatın mərkəzi ixtiyarı götürülən nöqtədir, ancaq o, heç bir nöqtəsində qapanmır” (“Səbəb, başlanğıc və vahid olan haqqında”). Bu sözlər böyük sevinc hissi ilə 1584-cü ildə, belə demək olarsa, İntibah şəfəqlərinin şöləsi altında yazılmışdı; yetmiş ildən sonra bu külün əsəri belə qalmamışdı və insanlar özlərini zaman və məkanda itmiş kimi hiss edirdilər. Zamanda - çünki gələcək və keçmiş sonsuzdursa, onda heç bir “nə zaman?” yoxdur, məkanda - çünki hər bir varlıq sonsuz böyükdən və sonsuz azdan eyni məsafədədirsə, belə çıxır ki, heç bir “harada?” da yoxdur. Hər hansı gün içində, hər hansı bir yerdə heç kəs yaşamır; heç kəs hətta öz sifətinin ölçüsünü belə təsəvvürə gətirmir.” Əli Kərimin poetik sistemində bu ideyalar klassik poeziyada ifadə olunan ideyalardan “montaj edilir”, yığılır, məlum olur ki, “insanın içində tanrı onun özündən artıqmış” və bu tənasübsüzlük, bu qeyri-bərabərlik, əslində insanın, həm də hər bir poetik sistemin mövcudluq formasıdır. Əli Kərim şeirində bu ideyalar bəlli məqamlarda güclü şəkildə oyanır, hər şeyi eyni anda və eyni məkan koordinatında çevrələmək istəyir. “Üçüncü atlı” poemasında bir neçə belə məqam var.
Musiqi əfsanə, musiqi xəyal...

Musiqi sinəyə töküldü xal-xal,

Musiqi doldurdu sinəmi tamam,

Ordakı min şeir, ordakı ilham

Köpürdü, hayqırdı, səda da saldı.

De, şahə qalxmamış duyğumu qaldı?!

Könül uşaq kimi: ver, nə var, dedi.

İndi axşam idi.

Səhər istədi,

Gecə də istədi səhərlə birgə,

Sevinc də istədi kədərlə birgə.

O, görmək istədi eli, obanı,

Bir meşə qoynunda bütün cahanı.

Ulduzu, günəşi yerdən istədi,

Bütün fəsilləri birdən istədi.9
Əli Kərim şeirində hər bir halın, vəziyyətin təsviri konseptual xarakter daşıyır, məqsəd klassik poeziyada olduğu kimi kosmosla itmiş rabitəni bərpa etməkdir. Bu məqsədlə şeirdə əşyalara münasibətdə işlədilən “həndəsi ölçülər” qabarıqlaşır, çox kiçik ölçülər hər şeyin fövqünə qaldırılır, dünya orada yalnız iki görüntü qalana qədər sıxılır, bir obrazın içində milyonlarla keyfiyyət həll edilir. Təsvir momenti, mətndə kommunikativ mövqe obrazın daxili hərəkətinin canlanmasına, dünyanın içindən sıçrayıb ondan böyük olmasına səbəb olur.
...Gün doğdu...

Hər yerdə parladı bahar.

Zanbaqlar başını suyun altında

Şirin bir yuxudan çəkdiyi zaman,

Amma güllər, otlar, başqa çiçəklər

Qaldırdı başını

zərbə altından.10
Mətn bitir, itən rabitənin düyünü tapılır, yaxud onun qeyb olduğu yerə işarə edilir. Rabitənin itdiyi yer budur bəlkə:
Ərşi ilə fərşü kafü nun, mındə bulundu cümlə çun,

Kəs sözünü və əbəsm ol, şərhi-bəyanə sığmazam.
Kövnü məkandır ayətim, zatınadır bidayətim,

Sən bu nişan ilə bəni, bil ki, nişanə sığmazam.
Kimsə gümanü zənnilə olmadı həqqilə biliş,

Həqqi bilən bilir ki, mən zənnü gümanə sığmazam.
...Həm sədəfəm, həm inciyiəm, həşrü sirat-əsənciyəm,

Bunca qümaşü rəxtilə mən bu dükanə sığmazam...11

Dünyaya, tanrıya, yaradılışa bu münasibətin ifadə edilməsi şeirin formasını dəyişdirir, biçimi dərinləşdirir, dərinlik ölçüsü mütləqləşir, dünyanı qavrama tərzi elə şərtiləşir ki, formanın özü müəllifi ələ alır, müəllif kimi danışır. Burda izah edilməli ayrıntılar çoxdur. Birinci ayrıntı odur ki, Nəsimi şeiri – Nəsiminin qəzəlinin biçimi başqadır; qəzəl xüsusi poetik məntiq içindədir – qəzəlin hər bir bəndi həm biçimin içindədir, həm də ondan ayrıdır. Hər bir misra ayırıcı sual yaradır.



Dostları ilə paylaş:
  1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə