Əli Kərim üslubu, yaxud


Düşdü könül ala gözün ağınavü qərasınə



Yüklə 207,53 Kb.
səhifə2/3
tarix26.09.2017
ölçüsü207,53 Kb.
#1487
1   2   3

Düşdü könül ala gözün ağınavü qərasınə,

Ayrıq anınla kimsənin ağı nədir, qarasi nə?
Nəsimi qəzəlində bu tipli ayırıcı suallar çoxdur – məqsəd nədir? Bunların hamısı həm də cavab tələb eləməyən, bir növ aydınlaşdırıcı suallardır. Yəni, mətləbin izahına sualla başlanır, əsl müəmma sonda gəlir – buna heç kəs cavab tapa bilmir. “Müəmma” demişkən, Nəsimi qəzəlində müəmma, tapmaca haləti yoxdur, məqsəd oxucunu dərin dəryalara daldırmaq və bunun vasitəsi ilə ona nəsə qandırmaq, ya da sual qarşısında qoymaq deyil, məqsəd – oxuyanı şeirin içinə daxil etmək, onu bu dünyanın bətnində həll etməkdir, ən azı ona görə ki, Nəsimi şeiri sadəcə könül duyğuları deyil, bunlar missiyadır, ideyadır, ən adi obraz və simvollar belə ayrıca götürüldükdə son dərəcə şərtidir, heç nə bildirməyəcək dərəcədə özünə sıxılmışdır, poetik sistem – semantika daxilində gül kimi açılır, ancaq onun açılmağını bir kimsə görmür. Ona görə də bir çox suallar açıq qalır, izah edilmir, izah tələb etmədən ən müxtəlif istiqamətlərə aparır.
Gəldi fəğanə can yenə, ney kimi, suzi dərdilə,

Kim nə bilir bu xəstənin dərdi nədir, dəvasi nə?
Şeir dərd saçır, amma ifadə tərzi, duyğuların təzahürü o qədər şaqraqdır ki, hislər bir-birinə “sürtünüb” keçir, dərd, ifa tərzinin altında görünməz olur. Yuxarıda dedik ki, Nəsimi qəzəlində söz, deyim, üslub o qədər cila içinə dalıb ki, ifadənin şəffaflığı dərhal gözə dəyir, bu nitq sırası və adi poetik ünsiyyət vasitəsi olmaqdan çıxıb birbaşa kosmosla əlaqə vasitəsinə çevrilir, yeri gəlmişkən bu vəziyyət Füzulinin şeirində var - oxuyanla, dərdini deyənlə tanrı arasında heç bir sədd yoxdur, söz - yalvarış kosmosa doğru dümdüz yol keçir və yalnız tanrının anlayacağı dildə qurulur, nəfəsə gəlir. Nəsimi, Füzuli və ümumən orta əsrlər türk şeirinin bu xüsusiyyəti - müraciət obyektinin birbaşalığı şeirin poetik sisteminin əsasını təşkil edir. Bu nəyə görə belədir? Bu sualın cavabı mürəkkəb proseslərin məntiqi ardıcıllığını çözməyi tələb edir. Nəsimi və ondan sonra yetişən anadilli söz ustaları həm də yad dillərdə yaranan ədəbiyyatın ideologiyası ilə şüuraltı mübarizədə idilər. Bu proses düz XVIII əsrə qədər davam edir. Fars dilində yaranan nəhəng ədəbiyyata baxıb yazmaq, onunla tən gəlmək və onu vurub keçmək ehtirası müxtəlif üslubların, müşkülü aradan qaldırmaq yolunda çeşidli vasitələrin və sistemlərin işlənməsini zəruriləşdirdi. Türk tayfalarının məlum arealda məskunlaşması və İslamı qəbul etməsi zamanca göz qırpımı boyuncadır, bu arada yeni ədəbiyyat yaratmaq***
***

Nəsimidə təqdim edilən hər bir anlayış – obraz əvvəla öz genişliyi, onun üçün müəyyənləşdirilmiş sınırları vurub keçməsiylə diqqəti çəkir. Nəsimidə “iki dünya” metaforası əbəs yerə işlədilmir – bu, hər bir obrazın içində əsas funksiya daşıyır, təyinedici məqamdadır:


Ərş ilə fərşü kafü nun, məndə bulundu cümlə çün

Kəs sözünü və əbsəm ol, şərhü bəyana sığmazam.
Bu “sığmamazlıq” hər bir obrazın, deyimin içində ona müvafiq komponentlərin yaranmasını şərtləndirir – üzdə qəm varsa, başın üstündə tufan təsvir edilir və bu, sözün, təsvir edən, göstərən, dünyanı izah edən sözün məna etibarı ilə həmişə sərhəddə dayanmasını şərtləndirir. Nəsiminin şeirində təriqət havası axtaranlar yanlışlığa yol verirlər, təriqət bu şeirin heç zahiri “qabığı” da deyildir – burda insanın sığınmaq istədiyi hər şeyə qarşı bir üsyan var.
Dəryayi-mühit cüşə gəldi!

Kövn ilə məkan xuruşə gəldi!

Sirri-əzəl oldu aşikara!

Aşiq necə eyləsin müdara!

Hər zərrədə günəş oldu zahir,

Torpağa sücud qıldı tahir.
Nəsimi şeirində iki şey – dərya kimi daşıb sınırından çıxma və bütün cahanı dolaşandan sonra hər şeyi içinə cəmləmə eyni anda, bir misranın içində baş verir, bizə belə gəlir Nəsimi şeirinin əzəməti, onun bir oxuyla, yüz oxuyla... anlaşılmamasını şərtləndirən cəhət elə budur. Bu mənada götürdükdə Nəsimi şeiri ənənə içində həm dairə, çərçivə yaradır, həm də onu vurub dağıdır, bu hərəkətlər ani, bir anın içində baş verdiyindən onu tam formasında anlamaq, fəhm etmək çətindir. Nəsimidən sonra ənənə yenə öz yoluyla davam etdi, zaman keçdikcə Nəsimi milli poeziyanın həm dünəni, həm də gələcəyinə eyni dərəcədə təsir göstərdi. Yəni, Nəsimi şeiri olmasaydı, ondan əvvəlki ənənə də o şəkildə görünməzdi, belə təsir bağışlamazdı, Nəsimi təkcə obraz və metaforanın strukturunu dəyişmədi, forma ilə məzmunun bir-birinə keçid mexanizmlərini alt-üst etdi, hər bir deyimi ilə gələcəkdən keçmişə qayıtdı, dalğa kimi ənənənin üstünə yayılaraq onun yaddaşını təzələdi, elə işlər gördü ki, daha əvvəl nə baş verdiyini xatırlamağa lüzum qalmadı. Bu proseslər bir az başqa biçimdə Əli Kərimin poetik sistemində də davam edir. Klassikada bir şair özündən əvvəl gələn şairlərin ənənə içində qurub-yaratdıqları metaforanın “məsafədən görünüşünü” dəyişdirir, məsələ təkcə ədəbi, poetik oppozisiya yaratmaqla bitmir, ədəbi ənənənin təkamül perspektivi dəyişir, uzaq gələcəkdə yetişəcək, dünyaya gələcək şairlərin taleyi dəyişir. Səməd Vurğun və Rəsul Rzadan sonra Əli Kərim olmasaydı, XX əsr poeziyası, poetik irsi bu məsafədən belə, bu koordinatlar daxilində görünə bilməzdi. Əli Kərim adı çəkilən ənənə vektorunda həm də mənalandırıcı həlqədir, Əli Kərim təqdim etdiyi sistemlə özünəqədərki ənənənin ən uzaq küncünə qədər “uzanmaqla” XX əsr poeziyasının dərinlik ölçüsünü dəqiq göstərir. Diqqət yetirin: Əli Kərimin tapdığı, kəşf etdiyi mövzularda bir sıra şeirlər yazıldı, ancaq bütün bu eyniadlı nümunələr həmin mətləbi zərrə qədər də ifadə edə bilmədi. Təkcə fərdi üslub fərqlərinə görə yox, həm də fərdi üslub anlayışına görə (Dostumla bayaqdan bir qoca haqda // yenə nə bilirik deyirik bir-bir// oğlumun çərtdiyi rəngli karandaş// bizim kəlmələri göydə dənləyir//. - bu görüntü qəribə ovqat yaradır, detala, açılan bucağa baxış oxucunun oxuma vərdişini dəyişdirməyə hesablanıb). Bu kiçik parçadan da göründüyü kimi, Əli Kərim üçün əksər şairlərdə olduğu kimi çevrilmə, transformasiya anı yox, detalın hansı bucaqdan görünməsi maraqlıdır. Bəxtiyar Vahabzadənin çox sonradan yazdığı: Sən getdin elə bir dünya boşaldı /// yaz da köçüb getdi yeri boş qaldı// ...mən yaza vurğunam, qışı neynərəm// mətləli şeiri də nə qədər təsirli olsa da, təəssüf, hicran, firqət anını nə qədər dolğunluqla göstərsə də yuxarıdakı həndəsi metaforanı (daha doğrusu, metaforanın həmdəsə ölçüsünü) əks etdirmir, əksinə “qayıt, sahmana sal bu kainatı” misrasında və bütövlükdə bədii mətndə dünya necə deyərlər “sərxoş olub yıxıldığı anda”, “saçlarının dərddən ağardığı məqamda” tutulur, dünya bir daha bu görkəmdə olmayacaq, bu baxış bucağından görünməyəcək, bu elə bir andır ki, bütün həyatı, gərdişi dəyişdirməyə qadirdir.

Başqa bir şeir:


Nə vaxt görüşmüşük?

Harda? Nə zaman?

Doğrusu elə bil yadımdan çıxıb.

Təbəssüm səhəri doğdu üzündə,

Dayandın, ehmalca əlimi sıxıb.
Sözlərin qırıldı, töküldü bir-bir;

Çırpdı divarlara, daşlara külək.

Kəlmələr dağıldı sahil boyunca

Yonulmuş bir gülün ləçəkləri tək.
Əynində sevincdən biçilmiş ağ don,

Gözündə çaşqınlıq ala-toranı.

Əllərin qonmağa bir yer tapmadı,

Sındırdın az qala barmaqlarımı12.
Bu şeir obraz daxilində sükut və səssizliyin ifadəsinin ən mükəmməl forması sayıla bilər. Gözlə, baxışla, qeyri-iradi hərəkətlərlə (əslində min illərin həqiqətini ifadə edən məntiqlə-!) danışmağın şeirdə şeirə paralel olaraq qurduğu mətn iki ömrün içində təkcə bir anın qocalmaması, ötüb keçməməsini qabartmaq üçündür. Həyatın bütün mənası həmin o anla bağlıdır, o an yox olsa, bir saatın içində hər şey mənasızlaşar, hər şey vərdişə dönər. Yaddaşın içində bircə anın hər şeydən fərqlənməsi, ömrün “altı və üstü” ilə daimi bağlantısı poetik obrazın fövrən qavranılmasını şərtləndirir. Bu - yaddaşın huşsuzluğa keçidini bəlirləyən çox kritik bir həlqədir.
Hər yeni görüşlə ilk görüş gəlir,

Bütün görüşlərə nur saçır bir-bir.

İlk görüş həmişə arxada deyil,

İlk görüş bəlkə də gələcəkdədir.
Nəzəri baxımdan, poetik obrazın təşkilində “huşsuzluq” elementini görməmək mümkün deyildir. Huşsuzluq yaddaşla mübarizə perspektivi doğurur. Bu yaddaş mənə zaman içində özümü unutmağa imkan verir. Obrazın təşkilində elə proseslər baş verir ki, yaddaş - “mən” özünü oda atıb yandırır, külə dönür və bunun hesabına təkrarsız münasibət tipi yaranıb-formalaşır. Apardı könlümü bir xoş qəmər yüz, canfəza dilbər, nə dilbər... Həsənoğlunun bu deyimində də özünü qəsdən unutma zaman içində detalın, obrazın qəribə təzahürlərini meydana çıxarır. Mən ölsəm, sən büti-şəngül, sürahi eyləmə qül-qül... Zaman içində yaddaş ölümü xüsusi modusda qavrayır və “mən”ə özümdən vaz keçmək, mənə - öz yanımdan ötüb keçmək perspektivi yaradır. Beləliklə əvvəlcədən cızılmış çənbər pozulur. Yuxarıdakı şeirdə obrazın daxili hərəkəti maksimum görümlülük yaradır, - az qala sındırdın barmaqlarımı, - söz, rəsm, təsvir plastikası “verbal məkan mətni” (M.M.Baxtin) yaradır, hərəkətin təsvirinin verildiyi zaman və məkan bir anlığa bütün parametrləri ilə göz önündə canlanır. “Böyük təcrübədə dünya özü-özü ilə üst-üstə düşmür. Bitmir, başa çatmır. Orada yaddaş sərhədlərə malik deyil, yaddaş materiyanın insanaqədərki dərinliyinə enir. Bu yaddaş üçün ayrıca götürülən insanın tarixi onun şüurunun oyanmasından öncə başlanır” (M.M.Baxtin). Necə ki, Nəsimi deyirdi:
Səhərdə gül üzün şaha, çü gülşəndə gülab oynar,

Onu görsə səfasından, fələkdə afitab oynar.
Əcəb zati-mütəhhərsən, nəzrin yoxdur, ey dilbər,

Vücudun nuri bərqindən, cəmalında niqab oynar.
Çü gördü ğəbəbin eynim, dedi əqlim: tamaşadır

Ki, ləlin höqqə altından mütəlləq durmuş, ab oynar.
Qurulmuş şahivar məclis ki, cəngü dəf, neyi qanun,

Tərənnümlər qılır mütrüb ki, cəngində rübab oynar.
Fələk əksinə dövr eylər, məgər axırzaman oldu?

Qəfəsdə tütiyu bülbül, çəmənlərdə ğürab oynar.
Fərəhdən cümlə üşşaqın niyazi köğlərə çıxdı,

Həsəddən zahidi-xuşkin, qabağında şərab oynar.
Nəsimi uş bu ənvarın şüaindən münəvvərdir,

Ki, nabü nərdü, şətrəncü odü yel, su, türab oynar13.

Sözlərdə dilin yaddaşı huşsuzluq hesabına oyanır, “oynar” sözünün hər dəfə təkrarlanması da məhz bunun sübutudur. Hər şey təmiz, heç bir qatışığın bulaşmadığı andan təkan götürür, məna oyunu ilə sözün işarə etdiyi elə qatlar açılır ki, söz “əşyalaşır”. (Əcəb zati-mütəhhərsən, nəzrin yoxdur, ey dilbər//vücudun nuri bərqindən, cəmalında niqab oynar - zatın o qədər saf, oq ədər təmizdir ki, bənzərin yoxdur, vücudunun nurundan cəmalındakı niqab oynar). Bütün şeir boyu bu “oynayan nəsnələr” - günəşin, niqabın, suyun, şərabın oynaması fərqlidir. Dəyişən mühit, dəyişən iqlim – bütün bu kəskin dəyişmələr dünyada hər şeyin yerini dəyişdirib. “Axirzəman” gəlib – çəmənlərdə ğürab oynar. Və pozulan sahmana hər bir fərqli baxış fərqli nüansların meydana çıxmasına səbəb olur. Polyar məna sərhədində yerləşən söz mövqeyini diktə edir. Dra bir məkanda söz özünə qarşı durur. Əli Kərimin ən gözəl şeirlərindən biri “Kürə yağış yağırdı” şeirində də təqribən eyni obraz və metafora mexanizmini görürük. Yuxarıdakı şeirdə gözlə ürəyin (əqlin-!) eyni anda üz-üzə gəlməsi və ayrılması, səssizlik və sükut içində sözlərin bir-birinə nüfuzu hardasa axan suları qabardır, ləlin çıxarıldığı dəryanın yaddaşını oyadır. Ən müxtəlif rənglərin, ən fərqli məqamların ifrat dəqiqliklə üzə çıxarılması, qarşılaşdırılması hardasa onların yoxluğuna işarədir, “oynamaq” həm də sükutun çökmə anını bildirir. Əli Kərimdən baxdıqda Nəsimidə görünən ayrıntı filoloji fikirdə “söz problemi” ilə sıx bağlıdır və bu barədə filoloqlar, xüsusən professor Tofiq Hacıyev çox maraqlı mülahizələr irəli sürüb. Yəni: ən müxtəlif mənaları ifadə edən kontekstlərin birləşməsi, sözün (“oynar”) mənasının genişlənməsi fərqli mənaların təzyiqlə yaranması, birləşməyən vahidlərin bir araya gəlməsi və ən əsası sözün daim özünə qarşı durması... prosesində baş verir. Bir kontekstdə (qəzəldə, yaxud Əli Kərimin şeirində - “Kürə yağış yağırdı”) sözün özü-özü ilə bu qədər polemika doğurmasına və bəhsləşmənin belə qabarıq olmasına az-az rast gəlmək mümkündür. Yeri gəlmişkən deyək ki, qərb ədəbiyyatında bu hal XX əsrin ortalarında, xüsusən Coysun yaradıcılığında özünü göstərdi. Bu yaradıcılıqda sözün özü-özü ilə polemikaya girməsi parodiya formasında ifadə edilirdi. Coysun bir sıra son əsərləri başdan-ayağa parodiya ilə aşılanıb. Coysda istənilən mədəni formaya parodiya münasibəti hətta dil təfəkkürünün parodiyalaşdırlması səviyyəsinə qədər gedir. Elə bu məqamda Nəsimiyə münasibətdə səhv yanaşma özünü göstərir. Yuxarıdakı qəzəldən də göründüyü kimi, Nəsimi nə fəlsəfi, nə də mistik baxımdan deyil, məhz bədii cəhətdən sözün “sərhəd situasiyasını” hiss etdirir. Söz daxildən, semantika baxımından o qədər sıxılır ki, bir məqamda hər şeyi - fəlsəfi, mistik (sufi, hürufi...) ideyaların poetik ifadəsinə “çevrilir”. Sərhəd vəziyyəti o deməkdir ki, söz fikir və hissin ən müxtəlif ovqatlarını açmaq baxımından məna ilə mənasızlığın çox incə sərhədində yerləşir, bundan başqa bütün insan yaddaşının bədii obrazın çəmbərinə sığışmasına şərait yaradır. “Onun (Coysun-C.Y.) çoxmənalılığa qarşısıalınmaz ehtirası bütün insan yaddaşının, dinin, elm və sənətin bir yerə cəm olduğu obrazın məğzini açaraq tam mənasında sözü morfem və fonemlərə parçalayır. Bunun nəticəsində də çox zaman eybəcər hala salınmış, əcaib və absurd obrazlar, sözlər və kontekstlər meydana gəlir”14 (Svetlana Şeina. “Ceyms Coys: söz və musiqi” – müəllifin “Ceyms Coysun poeziyası” dissertasiyasından götürülüb).

Yuxarıda irəli sürülən nəzəri ayrıntı hər iki şeirdə parlaq əksini tapıb - elə bir ortam yaranır ki, insan öz yanından səssizcə ötüşüb keçir, - Samux meşələrinin qara kölgəliyində yağış görünmür gözə, - suda rəngli bir yağış, - açıq düzlər tərəfdə yağış yağır gümüşü, - bu rənglər harda görüşür, şübhəsiz ki, rəngin, sözün, pıçıltının belə olmadığı yerdə. Ona görə də şairin qənaəti: burda olmamışam, Kürə yağış yağmamış, - təbii və məntiqlidir.


Günəş batırdı Kürdə,

Durmuşdum sahildə mən.

Sularda körpü vardı,

Elə bil ki, qızarmış

Kür, Günəşdən axırdı.

 Bir ağaca söykənib dayanmışam bayaqdan,



Adamammı, daşammı, ağacammı bilmirəm...

 Mən özümün deyiləm... nə yerdəyəm, nə göydə



- Başqa bir aləmdəyəm – qayıtmaram, gəlmərəm. 

Kürə yağış yağırdı...Suda rəngli bir yağış –

 Belə yağış dünyanın heç yerində olmamış.



Açıq düzlər tərəfdə - yağış yağır gümüşü,

 göylərin təbəssümü, təbiətin gülüşü.



Kürün ortasındaca – günün qarşısında  - al,

Al-qırmızı bir yağış,

Al-qırmızı bir xəyal.

Samux meşələrinin kölgələrində - qara,

Qara yağış,

Boz yağış –yağır aramsız yağış...

Samux meşələrinin qara kölgəliyində

Yağış görünmür gözə.

Kürün suyu orada xırda-xırda oynayır.

Sanki yağışdan deyil,

Öz-özünə oynayır

Kürə yağırdı yağış

Onun min rəngi vardı....

Yağırdı qızıl yağış, yağırdı gümüş yağış,

Qara yağış, boz yağış

Harda görüşür yağış

İnanmadım gözümə

Dedim burda baxan mən

Yoxsa, bu bir yuxudur,

gəlib keçdi gözümdən

Heç bir yerdə, heç zaman

Belə bir şey olmamış

Mən yox idim orada

Kürə yağmamış yağış...

Kürə yağış yağırdı....

Kürə yağmamış yağış ...15

 

Əli Kərimin əksər şeirlərində "var" ilə "yox" arasında sərhəd sadəcə aradan götürülüb. Yəni, əslində var, amma həm də yoxdur:


Nə üçünsə yadıma

Bir bulaq düşdü bu dəm

Mən bir bulaq görmüşəm,

Əslində görməmişəm.

Çox baxdım dibindəki

Əlvan daşa, yosuna

Dostum dedi: Nə batdın

Yenə şeir yasına.
Verilən sual və alınan cavab ayrı-ayrı şeylərdir, cavablar suallara, suallar da cavablara aid deyil, onların tən ortasından keçən, bu sual-cavabları yarı bölən MƏTLƏB var. Böyük bir nəfəs var. Nəfəsin böyüklüyü əslində estrada meydanında uca səslə hayqırmaq deyil. Nəfəsin böyüklüyü, bir sözlə onun varlığı mistik bir şeydir – milli ədəbiyyatda əsas ideyaların gömüldüyü mətnlər arasında virtual əlaqələrin varlığının görünməsidir – hansı dərəcədə, bax, bunu şairin əhatə etdiyi nəfəs genişliyi həll edir. Geniş nəfəs özü ilə sel gətirir, bir çox şeyləri vurub-yıxır, yeni sərhədlər diktə edir, fatehlik duyğusunu oyadır, düşüncənin koordinatları dəyişir – hiss edilmədən, rənglərdən başqa onların işlənmə tezliyi, üslub, düşünmə tərzi dəyişir. 

Səməd Vurğun şeirinin intonasiyasını tanımaq üçün onun “Düşüncələr” şeirinə nəzər salmaq kifayətdir. Bu poetika, üslub sisteminin bütün ahəngi bu şeirdə qənirsiz ifadə olunub. Şeirdə vüsət, genişlik, hə şeyin yerdən göyə kimi şahə qalxması, sonra son nöqtəyə qədər aramla, yenə də həmin intonasiya qəlibi içində enməsi var. Rəsul Rzada daxili güc, qüdrət, sözün poetik enerjisi başqa bir formada ifadə olunub, “Ərk qalası” şeirində olduğu kimi. Burada bir-birinə çatmayan səslərin, hecaların, az qala fonemlərin parlaq görüntüsünü almaq əsasdır, ən incə detallar, “su altında qalan” hissələr belə görünür və belə görüntüyə nail olunması əsas poetik qayədir. Bu iki sistem nə qədər fərqlənsə də onlar daxilən birdir, birləşmənin perspektivi görünməsə belə, ən azı bu iki sistemin ədəbi prosesə göstərdiyi təsirlərin vahid ideya kimi qovuşması halında. Onların hər ikisindən fərqli olaraq Əli Kərim ədəbi prosesə kənardan təsir göstərdi, ədəbi prosesin içində çoxdilliliyə, polifoniyaya geniş meydan açdı. Əli Kərim Azərbaycan şeirinə çoxdan həsrətində olduğu bir sakitlik, sakit axar gətirdi, kənardan təsir göstərməsinə baxmayaraq ədəbi gedişatı milli parametrlərə tam uyğunlaşmağa məcbur etdi, poetik mətnin içindəki bədii təfəkkürün diferensiasiyasına meydan açdı, ənənəvi anlayışların mündəricəsi elə bil ki, dəyişdi, şeir təzədən doğuldu, insanlara başqa cür çatdı, tam fərqli şeyləri izah etdi. Məncə 70, 80, 90 və xüsusən də 2000-ci illərdə Azərbaycan şeirində Əli Kərimin reformator təsiri tam gücü ilə işlədi, yalançı estrada effektləri arxa plana keçdi.  

Əli Kərim şeiri və onun araşdırılması filoloji fikrə dərindən təsir göstərdi. Bu mətnlər əsasına filoloji araşdırma geniş perspektivləri ilə seçildi, Əli Kərimin hətta gənclik dövründə qələmə aldığı “Üçüncü atlı” poeması və digər əsərləri tədqiqatı şair və onun prosesə təsiri dairəsindən çıxardı, bədii mətn üzərinə gətirdi, milli filoloji fikrin bir sıra məsələlərinin hərtərəfli həlli üçün geniş imkanlar yaratdı.  

Əli Kərim Azərbaycan şeirində həm obraz, həm də üslubdur. Müəyyən mənada. Heç kəs onun təsirinə uymaqdan, ona oxşamaqdan qorxmur, çünki bu təsir yazan adamı yeni mətləblərin üstünə gətirir. Əli Kərim kimi yazmaq texniki məsələ deyil, yoldur, ədəbi əqidədir. Onun bu mənada, məsələn, “Şəhidliyin zirvəsi” şeirini yazması təsadüfi deyildir, bu şeir həm də Azərbaycan poeziyasında əsrlər boyu gedən proseslərin qaynayıb-qovuşması, bəhsləşməsi anlamına gəlir, ənənənin içində ən kamil, əbədi-sabit parametrlərin boyaboy görünməsidir.


***

Müəyyən zaman kəsimində yaradıcılığı ilə ənənə yaradan və özündən sonra yazılan mətnlərin istinad mənbəyinə çevrilən şairlərin milli ənənə ilə əlaqə və münasibətlərinin öyrənilməsi böyük əhəmiyyət daşıyır. Əli Kərim “ənənə” adı altında vaxtilə nə qədər tənqid olunsa da, bu, əslində yeniliyin, yeni üslubun qəbul edilməsinin mürəkkəbliyi ilə bağlı idi. Onu qəbul etməyən, şeirlərini krossvorda bənzədən və özləri ənənənin içində qərq olan, itib-batan şairlərin yazdıqlarının çoxu bu gün oxunmur. Ənənə ona müqavimət göstərilməsini sevir, bu müəlliflərin müqaviməti öz mətnlərindəcə qırılır, ancaq bunun “acığını” ədəbiyyatdan bəhs edən yazılarında yazı manerası etibarı ilə onlardan çox yüksəkdə dayanan şairlərdən çıxırdılar. Belə bir psixoloji gərginlik bizim ədəbi aləmdə bu və ya digər şəkildə həmişə olmuş, onun acı nəticələri ən yaxşı mətnlərin qavranılması, təsir dairəsinin genişlənməsi və gələcək mətnlərin dünyaya gəlməsində hiss edilmişdir.



****
Əli Kərim kimi şairlər üçün zaman, vaxt sərhəddi müəyyənləşdirmək, ad günü, yubiley tədbirləri keçirmək, əl çaldırmaq, məzarının üstünə gül dəstələri qoyub alovlu çıxışlar etmək....adama birtəhər gəlir, hər şeydən qabaq ona görə ki, Əli Kərim kimi, Müşfiq kimi şairlərin «məziyyəti» onların bu fani dünyadan nakam köçmələri ilə yox, zamanı tutan, dolduran, zaman üçün etalon yaradan SÖZ deməsiylə ölçülür. Bu arada unudulmaz və unudulan şair Müşfiqin adını təsadüfi çəkmədik, Əli Kərim haqqında xatirələrin birində belə bir məqam var ki, institutda oxuyarkən gecələr bir neçə nəfərlə bir yerə yığışar, işıqları keçirər (...işıqlar hər yerdə çoxdan keçibdi...), Müşfiqin şerlərini oxuyarmışlar, lampa işığında (...lampa işığında neynəyəcəksən...). Müşfiq və Əli Kərim... bu iki ad Azərbaycan poeziyasında, Azərbaycan ədəbiyyatında çox şeylərdir, «dünyəvi ölçüləri» olmasa da, dünyanı tutan, dünyanı ötüb keçən (məhz buna görə də «unudulan-!») hadisələrdir. Əli Kərim poeziyaya yeni metafora, daha doğrusu yeni metaforik biçim, görüntü – məkan-zaman görüntüsü gətirdi. Fikir verin:
... Düşmənin təhqir qədər

İti qılınclarından

Yerdə Vətən bölünür,

Dodaqda «Vətən» sözü,

Çayda axan duru su.

Günəş də parçalanır

Yaralı bir əsgərin

Gözlərinə tökülür

Torpaq ayaqlar altda,

İntizar bir ananın

Köksü kimi sökülür...16
Bu tipli misraları bəlkə də hamı yaza bilər, hər hansı hadisə haqqında yazmaq ona münasibətdə mövqenin seçilməsindən asılıdır, variantlar sonsuz sayda ola bilər, ancaq bütün bu variantların «dibinə daş atıb» elə bir poetik mövqe seçə bilərsən ki, dünyaya açılan mənzərə son mənzil, dünyanın qurtaracağı yer olsun:
Sənə hücum çəkir qəm qoşunları

Hamısı köhnəli, həm də təzəli,

Tapılsa hər dərdə milyonca məlhəm

Yenə yaşamağa yoxdur təsəlli.17
Əli Kərimin şeirlərində məkanın az qala bütün künc-bucağı aşkarlanırdı, parlaq nəsr cümləsiylə belə görünməyən tərəfləri üzə çıxırdı, təsadüfi deyil ki, üstündən illər keçəndən sonra bu şair yaddaşlarda ayrı-ayrı misralarla, tək özünün işlətdiyi qafiyələrlə, parça-fraqmentlərlə deyil, həyati mətləblər şəkilində qalırdı. Bu insanın bədii təfəkküründə elə bir xassə var idi ki, bir-birinə calana-calana gedən misralar qatarı «dayanandan sonra» elə bil dünyanın sonunu gözləyən bir mənzərə yaranırdı:
Çilənəndə yağış,

ələnəndə qar

Gah yerə baxıram,

Gah da ki, göyə

Yağır qəlbimdəki bir xatirəyə

O zaman gözündən tökdüyün yaşlar.
Ağlatdım səni mən! Nəyə gərəkdir!

Demirəm bağışla, ya gül üzümə.

Onsuz da çəkdiyim bəsdir özümə,

Bağışlamağımsa yersiz bəzəkdir.
Sanıram göz yaşın sularla birgə

Hər il qanadlanıb uçur göylərə

Gah yağışla birgə, gah qarla birgə

Qayıdır üstümə, qayıdır yerə.
Göylərə baxıram. Artır qubarım;

Yüklə 207,53 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə