Əli RÜSTƏmov kitabxanaşünaslıq kafedrasının dosenti Xuraman AĞayeva laboratoriya müdiri



Yüklə 287,99 Kb.
Pdf görüntüsü
tarix01.09.2018
ölçüsü287,99 Kb.
#66709


Əli RÜSTƏMOV 

Kitabxanaşünaslıq kafedrasının dosenti  

 Xuraman AĞAYEVA 

Laboratoriya müdiri  

 

SƏNƏD (DOKUMENTUM) ANLAYIŞI, ONUN  

GENEZİSİ VƏ MAHİYYƏTİ 

 

«Sənəd» 

anlayışı, 

kitabşünaslığın, 

kitabxanaşünaslığın, 

biblioqrafiyaşünaslığın, 

informatikanın, sənədşünaslığın və bir neçə digər elm sahəsinin mərkəzi, fundamental anlayışıdır. 

Bu  anlayış  real  mövcud  olan  predmetlərin  əlamətlərini  ifadə  edir.  Onlar  təcrübi  fəaliyyətin  əsas 

obyektləri  olub,  sənəd  informasiyalarının  hazırlanması,  toplanması,  analitik-sintetik    emalı, 

axtarışı, yayılması və istifadəsi proseslərinin həyata keçirilməsinə xidmət edir. 

«Sənəd»  anlayışı  ictimai  fəaliyyətin  bütün  sahələrində  geniş  istifadə  olunur.  Demək  olar  ki, 

sənədlə  bağlı  olan  hər  bir  bilik  sahəsində  «sənəd»  anlayışının  bir  və  ya  bir  neçə  məna  versiyası 

vardır.  Bu  da  həmin  sahənin    sənədin  müəyyən  statusuna  üstünlük  verməsilə  bağlıdır.  Məsələn, 

sənəd  anlayışı  informatikada,  kitabxanaşünaslıqda,  biblioqrafiyaşünaslıqda,  muzeyşünaslıqda, 

arxivşünaslıqda,  kitabşünaslıqda,  həmçinin  bu  sahələrin  təcrübi  fəaliyyət  sferalarında  (məsələn, 

kitabxana işi, muzey işi və s.) müxtəlif cəhətlərdən başa düşülür. Buradan da «sənəd» anlayışının 

çoxmənalı  (polisemik)  olması  və  buna  görə  də  sənəd-kommunikasiya  sferasında  çalışan 

mütəxəssislərin  ünsiyyətində  və  fikir  mübadiləsində  çətinlik  yaratması  real  faktdır.  «Sənəd» 

anlayışının ümumi mənasının təyini sosial informatikanın nəzəri problemlərindən biri kimi hələlik 

həll edilməmiş qalır. 

Beynəlxalq miqyasda sənədin ən ümumi əlaməti sənəd-informasiya prosesində istifadə edilən 

yazılı informasiya vahidi kimi səciyyələndirilir. Bu ümumi əlamət beynəlxalq təşkilatlar tərəfindən 

də qəbul edilmişdir. Bunlar İSO, SİFLA, WIPO,  Beynəlxalq Sənədşünaslıq Federasiyası, Arxivlər 

üzrə  Beynəlxalq  Şura  və  digər  belə  təşkilatlardır.  Məsələn,  İSO-nun  işləyib  təsdiq  etdiyi 

beynəlxalq  standarta  görə  informasiya  müxtəlif  üsullarla  hər  hansı  maddi  daşıyıcıya  (kağız, 

mikrofilm,  disk  və  s.)  yalnız  hərf  və  rəqəmlərlə  deyil,  təsvir,  səs,  elektromaqnit  dalğası  və  s. 

formada  yazıla  bilər.  Belə  bir  təyinat  cəmiyyətdə  informasiyanın  ötürülməsi  üçün  istifadə  edilən 

bütün maddi obyektləri (muzey, memarlıq obyektləri, suxur nümunələri və s. daxil olmaqla) sənəd 

anlayışına daxil edilir. 

MDB ölkələri üçün qəbul edilmiş əlaqədar dövlətlərarası standartlarda (məs: QOST 7.1.2003, 

QOST 7.83.2001 və s.) (2) sənəd anlayışı 3 variantda mənalandırılır. 

I.İnformasiya fəaliyyətində müəyyən vahid kimi baxılan yazılı informasiyalar. 

II.  Zaman  və  məkan  etibarilə  ötürülmək  üçün  insan  əməyi  ilə  yaradılan  və  informasiya 

mühafizə edən maddi obyekt. 



III. İnformasiyanı yazılı formada mühafizə edən, müəyyən qaydada tərtib olunmuş və mövcud 

qanunçuluq əsasında hüquqi əhəmiyyət kəsb edən maddi obyekt. 

«Sənəd» anlayışının müxtəlif tərəfləri arasındakı münasibət iyerarxik prinsip əsasında, yəni bir 

anlayışın  digərinə  tabeçiliyi,  daha  məhdud  anlayışın  özündən  daha  geniş  anlayışa  daxil  edilməsi 

yolu ilə qurulur. Anlayışın məzmununun mərhələlərlə məhdudlaşdırılması bu və ya digər sahələrdə 

praktiki fəaliyyətin məqsədilə izah edilir. 

 Deyilən  birinci  tərif  normativ  sənədşünaslığın  bütün  sahələrində,  yəni  informasiya  və 

sənədşünaslığa  aid olan soraq, tədris-metodiki və digər ədəbiyyat sahəsində istifadə edilə bilər. 2-

ci deyilən tərif  kitab nəşri və kitab yayımı sahəsində qəbul edilmişdir. Çünki burada maddi obyekt 

(sənəd)  informasiya  ilə  əlaqələndirilir.  Bu  iki  element  olmadan  sənəd  ola  bilməz.  Burada  insan 

əməyinin olması  da vacib  elementdir. Məsələn, genetik informasiya insan tərəfindən deyil, təbiət 

tərəfindən  yaradıldığı  üçün  sənəd  hesab  edilə  bilməz.  Sənədin  belə  təyinatı  əsas  sənəd  tipləri  və 

növlərinin  sənəd-  kommunikasiya  obyekti  kimi  konkretləşdirilməsinə,  bu  aspektdə 

kitabxanaşünaslıq,  biblioqrafiyaşünaslıq  və  kitabşünaslıq  və  onlarla  bağlı  olan  digər  müştərək 

sahələrdə  sənəd  anlayışının  məzmununa  yanaşmağa  imkan  verir.  Kitabxana,  biblioqrafiya,  kitab 

ticarəti və informasiya fəaliyyəti o sənədlərlə bağlıdır ki, onlar eyni zamanda iki funksiyanı yerinə 

yetirir.  Bunlar  informasiyanın  (sənədin)  mühafizəsi  və  zaman  və  məkan  etibarilə  verilməsidir 

(ötürülməsidir).  İnformasiyanı  zaman  və  məkan  etibarilə  əks  etdirən  çoxlu  predmetlər  də  vardır. 

Məsələn, məişət predmetləri, reklam şitləri, binalar və s. Onlarda informasiyanın zaman və məkan 

etibarilə  saxlanması  və  verilməsi  funksiyası  olsa  da, bu  funksiya  ikinci  dərəcəli  xarakter  daşıyır. 

Məsələn,  televizorun  hər  hansı  hissəsindəki  yazı  onun  təyinatı  və  alıcılıq  qabiliyyətini  müəyyən 

etmir və ona da sənəd kimi baxmaq olmaz. Sənədin yuxarıda deyilən ikinci tərifi müəyyən sənəd 

fonduna  daxil  olmayan  və  cəmiyyətdə  geniş  yayılmaq  funksiyasını  daşımayan  predmetləri  sənəd 

anlayışına daxil etmir. 

Yuxarıda  deyilən  təriflər  sənədin  aşağıdakı  əlamətlərini  müəyyən  edir:  1)  mənası,  məzmunu 

olan informasiyanın mövcudluğu; 2) sənədin uzunmüddətli mühafizəsini və istifadəsini təmin edən 

sabit  maddi  formada  olması;  3)funksional  baxımdan  informasiyanın  zaman  və  məkan  etibarilə 

verilməsi, yəni sənədin sosial kommunikasiya kanalları ilə istifadəsi. 

Sənədin  əsas,  baş  tərkib    elementi  informasiyadır,  yəni  kommunikasiya  prosesində  istifadə 

olunan  müxtəlif  məlumatlar,  xəbərlər,  biliklərdir.  Sənəddə  mühafizə  edilən  informasiyalar 

aşağıdakı spesifik xüsusiyyətlərə malikdir: 

1)  sənəd  cəmiyyətdə  istifadə  edilmək  üçün  insan  tərəfindən  yaradılmış  sosial  informasiya 

daşıyıcısıdır; 

2)  sənəd  insanın  intellektual  fəaliyyəti  nəticəsində  yaradılan  semantik  informasiyanı  əks 

etdirməlidir.  Müəyyən  məzmuna  (mənaya)  malik  olması  sənədin  fərqləndirici  əlamətlərindən 

biridir. Sənəddə mənası olmayan informasiya ola bilməz. 

3)sənəddə  informasiya  diskret  xarakterə  malikdir,  yəni  müəyyən  an,  vaxt  üçün  qurtarmış 

xarakterdədir. Kağız sənədlərdə diskretlik statik, daimi, bəzi elektron sənədlərdə isə dinamik, dövri 




xarakter daşıyır (məsələn: web-sənədlər) Hər hansı maddi daşıyıcıya (papirus, kağız, fotoplyonka 

və  s.)  fiksasiya  edilmiş,  yazılmış  məlumat  sənəd  forması  alır.  Əksər  sənədlər  üçün  məlumatlar 

bitkin, qurtarmış formadadır. Qurtarmamış bitkin  olmayan, fraqmentar məlumatlar tam sənəd  ola 

bilməz.  Öz  müəllifinin  (yazıçı,  alim,  rəssam)  yaradıcılıq  prosesini  xarakterizə  edən  qurtarmamış 

ədəbi əsərlər, eskizlər, qeydlər (nabroski), qaralamalar bu baxımdan istisnalıq təşkil edir. 

4) işarə təbiətinə  malik olan istənilən  obyekt  kimi  yazılı  məlumat  da kodlaşdırılmış  mətndir. 

Kodlaşdırılmış  mətnlərin  mənasını ancaq  işarə sisteminin  kodlaşdırılma  və   kodaçma  qaydalarını 

bilməklə  başa  düşmək  olar.  Məsələn,  biz  çox  halda  heroqlif  işarələri  ilə  yazılmış  mətnin 

məzmununu  başa  düşə  bilmirik.  Çünki  bu  işarələrin  kodlaşdırılmış  (yazılmış)  işarə  sistemini 

bilmirik. 

Fiksasiya  olunmuş,  yazılmış  məlumat  işarə  formasına  malikdir.  Çünki  ancaq  belə  formada 

biliyi, emosiyanı, müəllifin müəyyən sahədə dünyagörüşünü  verə və oxucu həmin işarə sistemini 

dekodirovka  edərək  müəyyən  bilik  əldə  edə  bilər.  İşarə  sisteminə  malik  olmaq  istənilən  sənədin 

vacib xassəsidir. 

5) sənəd maddi daşıyıcıda insanın yaratdığı üsullarla qeyd edilən yazı, qrafika fotoqrafiya, səs 

yazısı və s. ibarət olan informasiyalardır. 

6) sənəd substansionallıq, yəni stabil, sabit maddi obyekt formasına malikdir. 

İnformasiya qeyri-sənəd, yəni  maddi daşıyıcıya köçürülməmiş və maddi  daşıyıcıya (kağız, 

disket,  optik  disk  və  s.)  keçirilmiş  formada,  yəni  zaman  və  məkan  etibarilə  mühafizə  və  verilmə 

(yayılma) üçün yaradıla bilər. 

İnformasiyanın  yazılması,  mühafizəsi  və  verilməsi  üçün  xüsusi  olaraq  müəyyən  edilmiş 

obyekt  maddi  daşıyıcı  və  ya  informasiya  daşıyıcısı  adlanır.  Maddi  daşıyıcıdan  ayrı  sənəd  ola 

bilməz. 

Maddi  obyektlərin  funksiyaları  onların    spesifik  maddi  konstruksiyalarını  (formalarını) 

əsaslandırır.  Bunlar  kitab,  kitabça  mikrofiş,  maqnit  diski,  optik  disk  və  s.-dir.  Belə  konstruksiya 

sənədlərin  sosial  kommunikasiya  sistemində  rahat  yerdəyişməsinə,  mühafizəsinə  və  istifadəsinə 

(oxumaq, baxmaq, dinləmək) imkanı verir. 

Beləliklə,  maddi  obyekt  o  vaxt  sənəd  xassələri  alır  ki,  maddi  daşıyıcı  ilə  ona  yazılmış, 

keçirilmiş  informasiya vəhdət təşkili  etsin. Sənədin belə ikili təbiəti onun sosial sistem kimi  əsas 

xüsusiyyətlərindən  biridir.  Deyilən  xarakteristikaların  biri  olmadıqda  vəhdət  təmin  edilmir  və 

deməli sənəd yoxdur. 

Sənəd sosial informasiyanın zaman və məkan etibarilə mühafizəsi və verilməsi (ötürülməsi) 

üçün yaradıldığından  informasiya mənbəyi və sosial kommunikasiya vasitəsi hesab edilir. 

«Sənəd»  anlayışının  İSO  tərəfindən  dəstəklənən  digər  bir  interpreqasiyası  da  vardır.: 

«sənəd»-sənədlərin  mühafizəsi  və  istifadəsi  üzrə  sosial  institutların  (kitabxanaların,  arxivlərin, 

muzeylərin, informasiya mərkəzlərinin və s.) qarşılıqlı anlaşmasını təmin edən vasitədir. 

«Sənəd»  anlayışı  növ  kateqoriyası  üçün  (dərc  edilən,  dərc  edilməyən  sənədlər,  incəsənət 

əsərləri,  kino-foto,  fotosənədlər,  elektron  sənədlər  və  s.)  cins  anlayışı  kimi  başa  düşülə  bilər.  Bu 




baxımdan əlyazması, kitab, jurnal, qəzet, buklet, açıqca, çertyoj, xəritə, not, film, qramaplastinka, 

maqnit və optik disk və s. fərqləndirilir. 

«Sənəd» barədə deyilən ümumiləşdirilmiş anlayışla yanaşı, ictimai fəaliyyət və elm sahələri 

baxımından  onun  spesifik  və  məhdud  məna    daşıyan  izahı  (traktovkası)ola  bilər.  Məsələn,  tarixi 

mənbəşünaslıq, diplomatika, hüquq elmləri və s. Bəzi mütəxəssislər bədii əsərləri, qədim dövrlərə 

dair yazılı abidələri sənəd hesab etmir. Digərləri isə  hüquqi əhəmiyyət kəsb edən obyektləri sənəd 

hesab edir və s. 

«Sənəd» terminin  yaranması tarixi  və təkamülü kifayət qədər öyrənilməmişdir. Bu məsələni 

tədqiq  edən  mütəxəssislərdən  X.Arisi,  Q.Q.Vorobyovu,  M.A.  Komarovu,  Y.N.Stolyarovu, 

A.Suskanı  və  bir  neçə  digərlərini  göstərmək  olar.  «Sənəd»  terminin  informasiya  nəzəriyyəsi, 

«informatika» baxımından qismən izahına rus alimlərindən A.M.Mixaylovun, R.S.Qilyarevskinin, 

A.İ.Çornının, uzaq xarici ölkə mütəxəssislərindən Ə.Armsın, S.Faradeynin, A.Kentin, Ə.Qarfildin 

və bir neçə digər mütəxəssislərin əsərlərində rast gəlmək olar. 

Beynəlxalq  terminoloji  yanaşma  baxımından  (dokument)  «sənəd»  sözü  latın  sözü  olan 

«dokumentum» sözündən götürülmüşdür və  hərfi  mənasına görə nümunə, sübut, şahid  deməkdir. 

Bu  söz  latın  dilindəki  «docere»  «öyrətmək»  felindəndir.  Sözün  tarixi  kökü  qədim  hind-avropa 

dilindən  götürülmüşdür  və  ilk  əvvəllər  nəyinsə  ötürülməsi,  qəbulu  və  alınması  ilə  bağlı  olan 

açılmış əl jestini ifadə edirdi.  

Digər versiyaya görə «dek» sözü «on» rəqəmini ifadə edir ki, bu da əllərdə cəmi açılmış on 

barmaq olduğunu göstərir. Tədriclə «dek» söz kökü «doceo» sözündən «doc» kökünə çevrilmişdir. 

«doceo»  öyrədirəm  mənasını  verirdi.  «doctor»-alim,  «doktrina»  təlim  (uçenie)  «dokumentum»-

öyrətmək sözləri də buradan yaranmışdır. Bu mənada «sənəd» sözü Y.Sezar və Siseron tərəfindən 

istifadə  edilmişdir.  Sonralar  «dokumentum»  sözü  hüquqi  mənada  «yazılı  sübut»,  «rəsmi  dövlət 

aktlarının kitablardan götürülmüş  yazılı sübutu mənalarında XIX əsrin  ortalarına qədərki dövrdə  

işlənmişdir. Bu söz latın dilindən bütün Avropa  dillərinə keçmişdir. 

Rus  dilində  «dokument»  sözü  I  Pyotrun  hakimiyyəti  dövrində  alman  və  polyak  dillərindən 

keçmişdir. Həmin dövrdə «dokument» sözü «yazılı sübüt», «yazılı təsdiq» mənasında işlənmişdir. 

XX əsrin əvvəllərində bu söz Rusiyada iki məna ifadə etmişdir: 1) qanuni yolla tərtib edilmiş hər 

hansı hüququn (mülkiyyət, əmlak, sərbəst yaşayış) təsdiqinə xidmət edən, yaxud hər hansı öhdəliyi 

təsdiq  edən  (məsələn,  müqavilə,  sələm  öhdəliyi,  icarə  və  s.)  istənilən  kağız;  2)  istənilən  yazılı 

sübut, fakt 

Azərbaycan dilinin izahlı lüğətində (C.4, Bakı, 1987, S.56)(1) «dokument» termini «sənəd» 

termini ilə ifadə edilir və onun ərəb dilli söz olduğu göstərilir. Bu termin ümumi formada belə izah 

edilir:  «bir  şeyi,  fikri  təsdiq,  bir  şeyə  olan  hüquqi    sübut  edən  rəsmi  kağız».  Əlbəttə, 

kitabxanaşünaslıq,  kitabşünaslıq  və  informatika  elmlərində  sənədə  verilən  tərif,  həmin  fənlərin 

obyekt  və  predmetinə  uyğun  olaraq  bir  qədər  fərqlidir.  Məsələn  «İnformatika»  çoxdilli  izahlı 

terminlər  lüğətində  (3)  sənədə  belə  tərif  verilir:  «İstənilən  maddi  informasiya  daşıyıcısında 

mühafizə,  yayılma və istifadə məqsədilə, yaradılan sosial  informasiya daşıyıcısı». 




Hüquqi  sənədlərin  miqdarının  artımı  XVII  əsrin  ikinci  yarısında  «diplomatika»  adlı  xüsusi 

elm sahəsinin   yaranmasına səbəb olmuşdur. Bu  elmin adı  yunan sözü olan  «diploma» sözündən 

götürülmüşdür. Mənası vərəq, sənəd (üst-üstə qoyulmuş iki vərəq) deməkdir. Diplomatikada şəxsi 

sənədlər  deyil,  bütün  ictimai  və  hüquqi  xarakterli  sənədlər  öyrənilirdi.  Diplomatikanın  yaradıcısı 

«Diplomatika bacarağına dair kitab» adlı ilk əsəri yazmış Jan Mobilyon hesab edilir. 

Diplomatikada  baza  termini  olan  «dokument»  müəyyən  hüququn  yaranmasını,  sübütünu  və 

yerinə yetirilməsini təsdiq edən istənilən yazılı mətn kimi izah edilir. Bu sahə  baxımdan sənəd üç 

əsas funksiyadan birini yerinə yetirir: 1) yeni hüquqi qaydanın təsdiqi (akt, bağışlama, satış və s.); 

2)  məhkəmədə  sübut  vasitəsi  (tərəflərin  yazılı  ifadələri)  3)  bir  şəxsdən  digərinə  müəyyən 

səlahiyyətin verilməsi (veksel, aksiya kuponu və s.) 

XIX  əsrin  ikinci  yarısından  etibarən  dünya  ölkələrinin  bəzi  soraq  nəşrlərində  «dokument» 

terminindən törəyən bir neçə termin meydana gəlir. Məsələn, sənədçilik (təsdiq edilmiş səlahiyyət 

və sübut), sənədşünaslıq (sənəd haqqında  elm)  və s. Sonuncu  deyilən termin  məşhur isveçli alim 

Pol Otle tərəfindən elmi dilə daxil edilmişdir. Sənədşünaslığın nəzəriyyəsi tarixən ilk dəfə P.Otle 

və onun həmfikri A.Lafenton tərəfindən işlənmişdir. Onlar 1895-ci ildə Beynəlxalq Biblioqrafiya 

İnstitutu  yaratmışlar.  Bu  institut  1931-ci  ildə  Beynəlxalq  Sənədşünaslıq  İnstitututu,  1938-ci  ildə 

Sənədşünaslıq  üzrə  Beynəlxalq  Federasiya  adlandırılmışdır.  Hazırda  bu  federasiya  tətbiqi  

sənədşünaslıq  və  informatika  sahəsində  fəaliyyət  göstərən  aparıcı  informasiya  mərkəzlərini  və 

kitabxanaları  birləşdirən  beynəlxalq  qeyri-hökumət  təşkilatıdır.  Federasiya  müxtəlif  təsnifat  və 

kodlaşdırma  sisteminin  yaradılması,  sənədşünaslıqla  tam  və  ya  qismən  bağlı  olan  elmi 

tədqiqatların  koordinasiyası,  bu  sahədə  beynəlxalq  xarakterli  standartların  işlənməsi  və  s. 

problemlərlə  məşğul  olur.  Bu  təşkilat  1975-ci  ildən  paralel  olaraq  dörd  dildə  (ingilis,  alman, 

fransız,  rus)  çox  yüksək  elmi  və  təcrübi    dəyəri  olan  «Mejdunarodnıy  forum  po  informaüii  i 

dokumentaüii» adlı aylıq jurnal nəşr edir. 

P.Otle ilə bağlı  olan fikrə  qayıdaraq, qeyd  etməliyik  ki, o, ilk  dəfə «kitab» anlayışının  indiki 

geniş  mənasına  uyğun  olan  «dokument»  terminini  sənədşünaslıq  ədəbiyyatına  daxil  etmişdir. 

Tarixən  ilk  dəfə  onun  «Sənəd  haqqında  traktat»  adlı  fundamental  elmi  əsəri  çap  edilmişdir  ki, 

bununla  da  o,  sənədşünaslıq  elminin  əsasını  qoymuşdur.  XX  əsrin    ortalarından  sənədşünaslıq 

nisbi-müstəqil  elm  sahəsi,  tətbiqi  planda  informatikanın  və  kitabçılıq  işinin  alt  sahəsi,  istqaməti 

kimi formalaşmışdır. 

P.Otle bütün sənəd məcmuunu üç sinfə ayırmışdır: 

1) Biblioqrafik sənədlər, yəni ənənəvi olaraq əlyazmaları və çap əsərləri hesab edilən sənədlər. 

Onlar  kitabçalar,  monoqrafiyalar,  oçerklər,  traktatlar,  rəhbər  materialları,  ensiklopediyalar, 

lüğətlər, dövri və davam edən nəşrlərdir (jurnallar, qəzetlər, illiklər və s.). 

Deyilənlərdən  əlavə,  biblioqrafik  sənədlərə  şəxsi  xarakterli  mətnlər  (məktublar),  rəsmi 

məlumatlar  və  uçot  (qeydiyyat)  kitabları  (yaxud  jurnalları),  həmçinin    asma  nişanlar,  şüarlar, 

biletlər və  digər sənədlər aid  edilmişdir. Təbii  ki, bu təsnifat  eyni zamanda  müxtəlif istiqamətlər 

üzrə aparıldığına görə sənədlərin tip və növ bölgüsü qarışdırılmışdır. 




2)  Digər  qrafiki  sənədlər,  yəni  qeyri-mətni  sənədlər:  kartoqrafik,  təsviri  və  not  sənədləri. 

Təsviri    sənədlərə    aid  edilmişdir:  çap  edilmiş  təsvirləri  (  estamp,  qravyura,  poçt  açıqcaları) 

mühafizə  edən  ikonoqrafik  sənədlər;  proeksiya  qurğuları  vasitəsilə  oxunan  sənədlər  (o  cümlədən 

mikrosurətlər).  Bu  sinifdə  xüsusi  bir  qrup  təsviri  lövhələr  qrupu  da  verilmişdir.  Məsələn,  mis, 

dəmir və qızıl pullar, medallar, möhürlər (ştampellər) və s. 

Qrafiki sənədlər P.Otle manuskrintləri-əlyazma kitablarına və inkunabullara, həmçinin qədim 

və  müasir  arxiv  sənədlərinə  aid  etmişdir.  Müəllifin  təklif  etdiyi  birinci  təsnifat  cərgəsi  müasir 

dövrdə də sənədlərin təsnifatı üçün dəyişməz qalmışdır. 

3)  Kitabı  əvəz  edən  sənədlər:  disklər,  fonoqramlar,  kinofilmlər  və  bunlarla  birlikdə  radio 

verilişi (səsin yazılması və verilməsi), televiziya, o cümlədən telefotoqrafiya, radiotelefotoqrafiya. 

Bu  təsnifat  cərgəsində  «üçölçülü  sənədlər»  xüsusi  yer  tutur.  Bunlara  daxildir:  təbii 

sənədlər(minerallar,  bitkilər,  heyvanlar)  süni,  insan  tərfindən  yaradılan  sənədlər  (materiallar, 

məhsullar  texniki  obyektlər,  həmçinin  medallar,  maketlər  releflər.)  Bunlara  həmçinin  elmi 

instrumentlər,  didaktik  materiallar,  əyani  vasitələr  daxildir.  Onlar  içərisində  üçölçülü  incəsənət 

əsərləri, yəni memarlıq əsərləri və heykəllər də vardır. 

Sonrakı dövrlərdə kitabxana, arxiv,  muzey və informasiya mərkəzlərinin fondları baxımından 

deyil, sənəd anlayışına geniş mənada  baxdıqda bu təsnifat istifadə edilmişdir. 

P.Otlenin  elmi  ədəbiyyata  daxil  etdiyi  «sənəd»  anlayışına  onun  «Sənəd  haqqında  traktat» 

əsərində verdiyi mənalar bunlardır: 

1)  Zaman  etibarilə  informasiyanın  verilməsi  vasitəsi  olmasından  və  ya  maddi  yazılma 

formasından asılı  olmayaraq insan fikrinin, biliyinin ötürülməsi üçün informasiya  mənbəyi sənəd 

hesab  edilə  bilər.  Bu  anlayış  həm  maddi  obyektlərin  məlumat  daşıyıcılarını,  həm  də  radio-

televerilişləri, teatr tamaşalarını əhatə edir. 

2)Hər  hansı    kolleksiya  yaratmaq  məqsədilə  insan  tərəfindən  toplanan,  fiksasiya  olunmuş 

informasiyanı  daşıyan  maddi  obyekti  sənəd  adlandırmaq  olar.  Buraya  həm  insan  tərəfindən 

yaradılmış süni, həm də muzeylərdə yerləşən təbii, texniki predmetlər aiddir. 

3)  Qeyd  edilməsi,  yazılması  üsulundan  asılı  olmayaraq  informasiyanı  zaman  və  məkan 

etibarilə  mühafizə  etmək,  nümayiş  etdirmək  və  ötürmək  (vermək)  üçün  insanın  yaratdığı  maddi 

obyektlər  sənəd  tərkibinə  daxildir.  Buraya  həm  də  işarələrlə  ifadə  edilmiş  (yazılmış) 

informasiyalar, incəsənət əsərləri, fonoyazılar və filmlər (səsin və təsvirin maşın yazısı) daxildir. 

«Traktat…» müəllifi dəfələrlə «sənəd» və «kitab» anlayışlarının sinonim anlayışlar olduğunu 

qeyd etmişdir. Kitabda «sənəd» anlayışının daha geniş məna daşıdığı da qeyd edilmişdir. 

Beləliklə, P.Otle sənədşünaslığın  nəzəri  və təcrübi əsasını  qoyan alim  kimi  dünya sənədçilik 

tarixinə düşmüşdür. O, nəinki «sənəd» anlayışını elmi dövriyyəyə daxil etmiş, həm də geniş planda 

onun  məzmununu  və  əhatə  miqyasını  araşdırmışdır.  P.Otle  tarixən  ilk  dəfə  əksər  əlamətlərin 

məcmuu  əsasında  sənədlərin  təsnifatını  işləyib  hazırlamağa  cəhd  etmişdir.  Əlbəttə,    müasir 

baxımdan bu təsnifat nöqsansız deyil. Bu isə təbiidir, çünki sənədin nomenklaturası, növ və tipləri 



keyfiyyətcə  dəyişmiş  və  inkişaf  etmişdir.  Lakin  sonrakı  illərdə  sənəd  haqqında  dünyəvi  nəzəri 

tədqiqatlar P.Otlenin əsasını qoyduğu istiqamətlər üzrə inkişaf etdirilmişdir. 

P.Otlenin konsepsiyasında sənədə sosial informasiya daşıyıcısı kimi baxılırdı. Lakin o dövrin 

soraq nəşrlərində «sənəd» anlayışına məhdud mənada baxış davam edirdi. Belə ki, «hüquqi sənəd» 

anlayışı ilə yanaşı «tarixi sənəd» (hər hansı dövr, şəxs və s.) barədə yazılı məlumat) «haqq-hesab 

sənədi»  (mülkiyyətin  alınması  və  verilməsini  təsdiq  edən  sənəd)  və  s.  mövcud  idi.  «Sənəd» 

anlayışının  ümumiləşdirilmiş tərifi verilməmişdir. 

XX  əsrin  50-ci  illərindən  başlayaraq  rəsmi  terminologiyada  «sənəd»  anlayışı  dar  (məhdud), 

geniş və ən geniş mənada izah edilmişdir. 

Dar, məhdud məna işgüzar sənədlərə, yazılı faktlara və tarixi mənbələrə aid edilmişdir. 

 Geniş  mənada  «sənəd»  anlayışı  XX  əsrin  60-70-ci  illərində  daha  çox  yayılmışdır.  Ümumi 

şəkildə bu anlayış «Böyük Sovet Ensiklopediyası»nda, ensiklopedik lüğətlərdə və 70-80-cı illərdə 

nəşr  edilmiş  «Azərbaycan  Sovet  Ensiklopediyası»nda    izah  edilmişdir.  Məsələn,  «Böyük  Sovet 

Ensiklopediyası»nda  sənəd  informasiyanın  zaman  və  məkan  etibarilə  mühafizəsi  və  yayılmasını 

təmin  edən  maddi  obyekt  kimi  mənalandırılmışdır.  Buraya  üçölçülü  incəsənət  əsərləri,  yəni 

memarlıq və heykəltəraşlıq obyektləri də aid edilmişdir.  

XX  əsrin  90-cı  illərindən  sonrakı  dövrdə  kitabşünaslığa  və  informatikaya  dair  ədəbiyyatda 

«sənəd»  anlayışı  ən  geniş  mənada  izah  edilmişdir.  Bu  baxımdan  informasiya  daşıyan  istənilən 

obyekt,  yəni  yazılı  sənəddən,  qramplastinkadan  və    kinofilmdən  başlamış  incəsənət  əsərlərinə 

(memarlıq  qurğuları,  qrafika,  rəsm  əsərləri,  heykəllər)  qədər,    mineral  və  tarixi  tapıntılardan 

başlamış  sənaye  məmulatlarına (saat, avtomobil, tüfəng və s.) və  digər əlaqədar obyektlər sənəd 

anlayışına  aid  edilmişdir.  Bununla  da  sənəd  anlayışının  sərhədlərini  müəyyənləşdirmək    çətinliyi 

yaranmışdır. 

Məhz  buna  görə  də  əvvəlcə  kitabşünaslar,  sonra  informatiklər  «informasiya»  və 

«kommunikasiya»  anlayışları  ilə  bağlı  şəkildə  sənəd  anlayışını  geniş  mənada  izah  etməyə  cəhd 

edirlər.  «Sənəd»  anlayışının  dəqiqləşdirilməsində  və  inkişafında  xüsusilə  tarixi  baxımdan 

Azərbaycan kitabşünas alimləri prof. B.V.Allahverdiyevin, prof. Ə.Mirəhmədovun, Mədəni-maarif 

texnikumunun    müəllimi,  elmlər  namizədi  İ.Zəkiyevin  əhəmiyyətli  xidmətləri  vardır.  Rus 

alimlərindən  «İnformaüionnaə  teoriə  dokumenta»  adlı  doktorluq  dissertasiyası  yazmış 

Q.Q.Vorobyovun, informatika sahəsində mütəxəssislər prof. R.S.Qilyarovskinin, A.İ.Mixaylovun, 

A.V.Sokolovun, 

kitabxanaşünas 

və 

biblioqrafiyaşünas 



alimlərin-O.P.Korşunovun, 

Y.N.Stolyarovun,  kitabşünas  alimlərdən  professorlar  B.V.Çernyakın,  E.L.Nemirovskinin  və  bir 

sıra digər alimlərin, kitabxanaşünaslıq, kitabşünaslıq və informatika sahələrində aktual problemlərə 

dair əsərlərində «sənəd» anlayışına da qismən baxılmışdır. 

İnformatika  sahəsindəki  mütəxəssislər  ilk  olaraq  sənəd  anlayışına  geniş  mənada  baxmağın 

əleyhinə  çıxmışlar  və  bu  baxımdan  iki  vacib  elementlə  məhdudlaşdırmışlar:  informasiyanın  və 

maddi  daşıyıcının  mövcudluğu.  Məsələn,  60-70-ci  illər  üçün  informatika  sahəsində  ilk  və    ən 

aktual  əsərlər  olan  «Osnovı  informatiki»,  «İnformatika  i  soüialğnaə  kommunikaüiə»  monoqrafik 




tədqiqatlarında A.İ.Mixaylov, A.İ.Çyornı  və R.S.Qilyarevski sənəd anlayışını belə  izah  etmişlər.: 

«sənəd-informasiyanın  mühafizəsi,  zaman  və  məkan  etibarilə  verilməsi  üçün  xüsusi  olaraq 

yaradılmış  maddi  obyektdir»  Bu  tərif  60-80-ci  illərdə  SSRİ-nin  elmi-texniki  informasiya 

orqanlarının sürətli inkişafı ilə əlaqədar olaraq digər əlaqədar elm sahələrində də geniş yayılmışdır. 

Sənədin  deyilən  tərifə  yaxın  tərifi  16487-83  nömrəli  dövlət  standartında  (Deloproizvodstvo  i 

arxivnoe  delo)  (Kargüzarlıq  və  arxiv  işi)  verilmişdir.  Burada  göstərilir:  sənəd  zaman  və  məkan 

etibarilə  ötürülmək  (verilmək)  üçün  insan  tərəfindən  yaradılmış  informasiyanın  maddi  obyektdə 

möhkəmləndirilməsidir. 

XX əsrin 90-cı illərində biblioqrafiyaşünaslıq sahəsində O.P.Korşunov, informatika sahəsində 

A.V.Sokolov,  kitabxanaşünaslıq  sahəsində  Y.N.Stolyarov  eyni  zamanda,  paralel  olaraq  «sənəd» 

anlayışının  məzmununu  dəqiqləşdirməyə  cəhd  edərək  onun  maddi  obyekt-sosial  informasiya 

daşıyıcısı olduğunu göstərmişlər. Bir sıra kitabşünaslar (Məsələn, M.N. Kufayev, E.L.Nemirovski) 

«sənəd»in  ümumiləşdirilmiş  termin  kimi  qəbul  edilməsinə  lüzum  görmürdülər  və  bu  baxımdan 

«kitab» anlayışının işlədilməsini təklif edirdilər. Lakin çoxlu tip və növ informasiya daşıyıcılarının 

sürətlə  artımı  və  sənəd  kommunikasiya  sistemində  özlərinə  yer  tutması  «kitab»  anlayışı 

ümumiləşdirilmiş  anlayış  kimi  terminoloji  dolaşıqlıq  yarada  bilər.  «Ədəbiyyat»  terminini  də 

burada nəzərə almaq lazımdır. «Sənəd» və «kitab» anlayışlarının münasibəti barədə diskussiyalar 

bu gün də davam edir. 

Beləliklə, uzun tarixi inkişaf dövrində «sənəd» anlayışı daimi olaraq dəyişmişdir. İndi «sənəd» 

anlayışına ya geniş mənada, ya da hər hansı növ sənədə aid olan məhdud mənada baxılır. «Sənəd» 

anlayışını  ifadə  edərkən  onun  konkret  olaraq  hansı  mənada  işlənməsinə  diqqət 

verilməlidir.Ədəbiyyat 



1. Azərbaycan dilinin izahlı lüğəti.C.1.- Bakı, 1987.-520 s. 

2. Biblioqrafiçeskoe opisanie dokumenta.-M.,2001.-76 s; QOST 7.1.2003. 

3.  Rüstəmov  Ə.M.,  Hüseynov  E.M.  İnformatika:  Azərbaycan,  rus  və  ingilis  dillərində  izahlı 

terminlər lüğəti.-Bakı, 1996.-336 s. 

      

      Ali Rustamov,   

     Xuraman Aqaeva 

  

Генезис и сушность понятия «документ» 



РЕЗЮМЕ 

 

Описана  историческая  эволюция  понятия  «документ»,  обобщены  и  сравнены  точки 

зрения  ученых  и  исследователей  в  данной  направлении,  обоснована    роль  понятия    в 

современной электронной коммуникации. 

 Али Рустамов,  

        Хuraman Агайева 


  

SUMMARY 

 The  article  describes  importnane  of    term  of  document  from  point  of  view  of  such  hind  of 

sciences as library science. The article also describes history of development of  different form of 

the documents. 

The consepst of document, this qhenesis and essence importance. 

 

Yüklə 287,99 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə