ƏLİ ŞAMİl burul ğ anda n ç ixma q m ü m k ü n d ü r m ü ? B a k ı — 0 1



Yüklə 0,71 Mb.
səhifə7/11
tarix08.01.2018
ölçüsü0,71 Mb.
#20011
1   2   3   4   5   6   7   8   9   10   11

MƏCLİS İFLİC VƏZİYYƏTİNDƏDİR
Naxçıvan MR Ali Məclisi iflic vəziyyətindədir. Düz 14 ay, yəni bir il iki aydır ki, Muxtar Respublikada heç bir qanun qəbul edilmir. 110 deputat boş-bekar gəzir. Nə Ali Məclisin sessiya­larını çağırtdıra bilirlər, nə də seçiciləri qarşısında hesa­bat verirlər. Necə deyərlər, su axıb çuxurunu tapıb. Seçicilər də bütün bunlara seyrçi mövqedən tamaşa edir. Səs verib seçdiyi millət vəkilini taleyin ümidinə buraxıb. Öz hüququnu qoruya bilməyən millət vəkili mə’lumdur ki, seçicisinin də hüqunu qoruya bilməz. Muxtar respublika sakinləri, necə deyərlər, qalıblar Allah ümidinə.

Naxçıvan şəhər xalq deputatları Məclisi də indiyədək bir və ya iki dəfə sessiya keçirib. Açıq-aydın görünür ki, istər rayon, istərsə də şəhər sovetlərinin deputatlarının heç bir fəaliyyətləri yoxdur. Onlar deputat seçildiklərinə görə maaş da almırlar. Amma Naxçıvan MR Ali Məclisinin deputatları az-çox maaş alırlar. Əmək intizamını iki-üç dəfə pozanları işdən qovurlar. Görəsən, bəs işləməyən deputatlar haqqında niyə tədbir görülmür?!

Vaxt vardı Naxçıvan MR Ali Məclisi deputatlarının fəal­lığı, onların qəbul etdikləri bir sıra demokratik qərarlar dil­lər əzbərinə çevrilmişdi. Bəs sonra nə oldu? Deputatların enerjisi tükəndi, yoxsa “demokratisi bitdi”?

Bu suallara cavab tapmaq üçün Naxçıvan MR Ali Məclisinin son illər hansı şəraitdə sessiyalar keçirdiyini nəzərdən keçirmək kifayətdir. Onda açıq-aşkar görəcəyik ki, Ali Məclisin iflic vəziyyətinə salınması planlı surətdə həyata keçirilib.

Axırıncı sessiya 1992-ci il oktyabr ayının sonlarında keçirilib. “Məşhur dövlət çevrilişi”nə həsr olunmuş föv­qəladə sessiya (sessiyanın ikinci iclasında yetərsay yox idi. Bunu Ali Məclis Rəyasət Heyəti sədrinin müavini Qafar Məmmədov sədrə xatırlatsa da, sədr eşitməməzliyə vurdu. Sədr eşitməsə də, televiziya tamaşaçıları və deputatlar eşitdilər) “unudul­maq­da”, “diqqətdən kənarda” qalmaqda olan Naxçıvan MR Ali Məclisi Rəyasət Heyəti sədrinin adı ətrafında hay-küy yaratmağa, icti­maiy­yətin diqqətini ona cəlbə xidmət edirdi.

Bəli, fövqəladə sessiya “dövlət çevrilişi”nə siyasi qiymət verdi. Bir azdan sonra “dövlət çevrilişi”nə rəhbərlik edən­lərdən biri Naxçıvan MR Daxili İşlər Nazirinə müavin təyin edildi. (15-20 gündür ki, həmin nazir müavinini həbs edib Bakıya gətiriblər).

Fövqəladə sessiyadan əvvəl də Naxçıvan MR Ali Məclisinin sessiyaları yaman seyrəlmişdi. Əvəzində partiya təsərrüfat fəal­ları yığıncaqlarını xatırladan “genişləndirilmiş” Rəyasət Heyətinin iclasları rövnəqlənmişdi. Sonuncu qayda-qanunu sessiya 1992-ci il sentyabr ayının 20-26-da keçirilmişdi. Bir neçə aylıq fasilədən sonra sentyabr sessiyasının keçirilməsinin də öz məqsəd və vəzifələri vardı. Burda nə qərar, nə qanun qəbul ediləcəkdi, nə də ki, ciddi bir məsələ müzakirə ediləcəkdi. Bunu demokratik fikirli millət vəkilləri aydan bilirdilər. Odur ki, günlərlə “sessiyaya gedək, ya getməyək?” məsələsini müzakirə edirdilər.

Naxçıvan MR Ali Məclisi Rəyasət Heyətinin sədrinə isə sessiyanın keçirilməsi olduqca vacib idi. Çünki verdiyi fərman­ların sessiya tərəfindən təsdiqi vacib idi. Xüsusən də uzun illər Ordubad rayon, sonradan isə Naxçıvan şəhər partiya komitə­sinin birinci katibi işləmiş, “gedənin dalınca danışıb, gələni mədh etməklə” ad çıxarmış Ş.Xanbabayevi Naxçıvan MR Baş naziri təsdiq etmək lazım idi. Çünki həmin fərmandan Naxçı­vanda da, Bakıda da narazı olan qüvvələr çox idi.

Odur ki, Ali Məclisin təcrübəli spikeri məharətli manevr etdi. Danışıqlar yolu ilə demokratik blokdan olan deputatları sessiyaya gəlməyə razı saldı. Belə bir fikir formalaşdırdı ki, o demokratik qanun və qərarların qəbuluna, bir çox islahatlara razıdır. Lakin çoxluq təşkil edən partnomenklaturadan seçilmiş deputatlar maneçilik törədir. Bunun qarşısını da Azərbaycanda olduğu kimi Naxçıvanda da Milli Məclis yaratmaqla almaq olar.

Demokratik blokdan olan deputatların bir qismi həmin fikir­lə razılaşdığına görə, bəziləri də sədrlə “təkbətək danışıq­larına” görə sessiyaya getməyə razılıq verdilər. Milli Məclis yaradılması mövzusunda məruzə də Naxçıvan MR Ali Məclisi Rəyasət Heyəti sədrinin müavini, Xalq Cəbhəsinin liderlərindən olan Asif Kələntərliyə tapşırıldı. Demokratik blokdan olan deputatlar bir bəyanat da hazırladılar ki, sessiyada oxunsun. Həmin bəyanatı oxumaq da xalq hərəkatı dövründə radikallığı ilə ad çıxarmış, Culfa rayon Xalq Deputatlar Məclisinin sədri Ramiz Tağıyevə həvalə olundu. Əvvəlcədən razılaşdırılmış sessiya öz işinə başladı. Adətən sessiyalarda fərmanların təsdiqi sonuncu məsələ olardı. Bu dəfə sədrin inadlı təzyiqindən sonra fərmanlar təsdiq edildi. Ş.Xanbabayev Naxçıvan MR Baş naziri oldu (hansı xidmətlərinə görə?. və sədr rahat nəfəs alıb gündəliyin müzakirəsini davam etdirdi. Naxçıvan MR Ali Məclis sədrinin Türkiyə Respublikasına və İran İslam Respublikasına səfər təəssüratları dinlənildikdən sonra “Milli Məclis”in təşkilinin müzakirəsinə başlandı. Deputatların bir çoxu bildirdilər ki, belə bir quruma ehtiyac yoxdur. Millət vəkillərinin suallarına cavab verməyə çətinlik çəkən məruzəçi — Naxçıvan MR Ali Məclisi Rəyasət Heyəti sədrinin müavini Asif Kələntərli bir neçə dəfə əsəbiliklə bildirdi ki, “bu məsələni sədr bilər”, “onunla məsləhətləşmişik” və s. 10—12 saat davam edən sessiyada R. Tağıyev “demblok”un bəyanatını da oxuya bilmədi.

Sanki sədr bütün bu söhbətləri eşitmirdi. Başı başqa məsələlərin həllinə qarışmışdı. Beləliklə, “Milli Məclis yaradılması” məsələsi müvəffəqiyyət qazanmadı. Necə deyərlər, demokratik blokdan olan deputatlar uduzdular. Əslində onlar həmin sessiyada yox, ondan çox-çox əvvəl uduzmuşdular. Uduzma­larına səbəb isə öz aralarında dil tapa bilməmələri idi.

1991-ci ilin sentyabrından dekabr ayına kimi birinci mərhələ (A.Mütəllibova qarşı mübarizə kampaniyasında) Naxçıvan MR Ali Məclisinin ən məhsuldar çağları idi. Nəinki iş günləri, hətta şənbə-bazar günləri də sessiyalar davam edirdi. Deputatlar gündə 12-16 saat işləyir, müzakirələr edirdilər. Birbaşa yayım mümkün olmadığından videoya köçürüb səhərisi gün Naxçıvan televiziyası ilə transilasiya edilirdi.

İkinci mərhələdə (1992-ci ilin yanvar-aprel ayları) hansısa mahir bir əl “demblok”un arasına ziddiyyət toxumu səpdi. Neçə ilin mübarizə yoldaşları rəqibə çevrildilər. Sözləri, söhbətləri, fikirləri düz gəlmədi. Parçalanma dərinləşdi. Belə parçalanma kommunist nomenklaturasından seçilmiş deputatlar arasında da baş verdi. Əgər əvvəllər 70 nəfərlik “komblok” adlandırılan qrupla 40 nəfərlik “demblok” adlandırılan qrup üz-üzə dururdusa, indi adlı-adsız, açıq-gizli 5-6 qrup yarandı. Bu qrupların heç birinin də sessiya çağırmağa və yaxud da hər hansı bir məsələni özlərinin istəyincə həll etməyə kifayət edəcək qədər səsləri olmadı. Beləliklə, bir-biri ilə qarşıdurmada olan qruplar arasında vasitəçi və hakimi-mütləq sədr oldu. O da sessiyaları “genişləndirilmiş rəyasət heyətinin” iclasları ilə əvəz edərək, “dədə-baba qaydasında” olduğu kimi — yəni 15-20 il əvvəlkitək idarəçiliyə başladı.

Üçüncü mərhələdə, görünür, nə sessiyaya, nə də genişlən­diril­miş Rəyasət Heyətinin iclaslarına ehtiyac qalmadı. Çünki Naxçı­vanı idarə etməyə ehtiyac yox idi. Azərbaycan haqqında düşünmək lazım idi. Çünki həmin fərmandan Naxçıvanda da, Bakıda da narazı olan qüvvələr çox idi.

Bütün bunları nəyə görə xatırladırıq? Çünki 1993-cü ilin iyun-avqust ayında keçirilən Azərbaycan Milli Məclisinin iclasları, televiziya ilə transilasiyadan tutmuş, çıxışların seçilməsinədək Naxçıvan MR Ali Məclisinin 1991-ci ilin sentyabr-dekabr sessiyalarını xatırladırdı. İndi deyəsən, ikinci mərhələ başlayıb. Hətta Azərbaycan Ali Sovetinin sədri də Milli Məclisin iclaslarını keçirməkdənsə iqtisadi mövzuda müşavirələr keçirməyə üstünlük verir. Daha Milli Məclisin iclaslarını birbaşa yayımlarına da ehtiyac duyulmur.

İndi həftədə bir-iki dəfə toplaşan Milli Məclisə yəqin ki, bir müddət sonra heç ehtiyac da olmayacaq. Bəs sonra...


Müxalifət” qəzeti, 1993, 18 dekabr, №127 (278), s.1, 6.

ÜMİDLƏR GÖYƏRMƏDİ
Mühasirədə qalmış Naxçıvan əhalisinin Azərbaycanının başqa bölgələri ilə əlaqəsi yalnız təyyarə vasitəsilədir. Ondan da kim istifadə edə bilsə... Naxçıvan — Bakı reysinə biletin qiyməti 12 min rublu haqlasa da, yenə də sıxlıqdı. Bilet almaq hələ işin cüzi bir hissəsidir. Əsas hünər bileti qeydiyyatdan keçirib təyyarəyə minməkdir. Bunun üçün mütləq kiminsə “saqqalının altından” keçməlisən. Yoxsa abır-həya, qayda-qanun gözləyəsi olsan, bayırdan yalnız zir-zibilinin çoxluğu ilə fərqlənən aeroport binasında 3-4 gün, bəlkə də çox gözləməlisən.

Bütün bunlara səbəb aeroportun binasının kiçikliyi, reyslərin azlğı, bir də bu qarmaqarışıqlıqdan gəlir mənbəyi kimi isti­fa­də edən işçilərin insafsızlığıdır... Ötən illə müqayisədə bile­tin qiyməti yeddi dəfədən çox artıb, reyslərin sayı az qala iki dəfəyə yaxın azalıb, qarmaqarışıqlıq da ki...

Bütün bunlar Azərbaycanın müharibəyə sürüklənməsi, iqtisadi böhranın dərinləşməsi və s. izah etmək olar. Amma izah edilməsi mümkün olmayan tamam başqa şeylərdir.

Televiziya və radio ilə, qəzet və jurnallarla rəsmi məclis­lər­də söylənilən nitqlərlə belə bir fikir formalaşdırı­lırdı ki, Azərbaycanın rəhbərliyi Muxtar Respublika əhalisinin güzəra­nını bilərəkdən pisləşdirir. Yəni, Bakı—Naxçıvan marşrutu ilə işləyən təyyarələrin reysini azaldır, biletlərin qiymətlə­rini bahalaşdırır, yanacaq, ərzaq gətirilməsinə şərait yarat­mır və s. və i.a. Hətta açıq-aşkar bildirilirdi ki, dəmir yolunda qatarların işləməsi haqqında Ermənistan rəhbərliyi ilə danışıq aparılıb, bu işə razılıq alınıb. Mane olan isə AXC və onun timsalında Azərbaycan rəhbərliyidir. Ali Məclis sədri İran İslam Respublikasından, Türkiyə Respublikasından, dünya­nın başqa ölkələrindən gələn yardımı, ərzağı, yanacağı da şəxsi nüfuzu hesabına aldığını söyləmişdi.

Hər yerdə söhbət gəzirdi ki, ermənilərə atəş açan da, Muxtar Respublikaya gələn benzini, solyarkanı xaricə satan da, xarici ölkələrdən gəlmiş yardımı bazarlarda, komissiyonlarda satdıran da Xalq Cəbhəsinin toruna düşənlərdir. Bu sözləri tutuquşu kimi təkrarlayanlara: “Əgər belədirsə, onda niyə tədbir görülmür?” sualı ilə müraciət etdikdə belə, bir cavab almaq olmurdu.



Naxçıvanın sadə əmək adamlarının (təbliğat maşınının qu­ru­luşundan yaxşı xəbərdar olan kiçik bir qrup ziyalı vəziyyəti aydın başa düşsə də, nadanların təhqir və tənəsindən çəkinərək susmağı üstün tuturdu, bir qrup ziyalı isə öz güzəranı

naminə düşündüklərini yox, lazım olanı söyləyirdi. Mafioz qruplar isə həqiqəti hamıdan yaxşı bilsələr də, onların qaz vurub qazan doldurmasına şərait yaradanı hər vasitə ilə təbliğ və müdafiə edirdilər) gözlədiklərinin əksinə oldu. MDB-yə daxil olsaq da Rusiya ilə iqtisadi əlaqələr bərpa olunmadı. Çünki Rusiyanın özünün daxilində bu əlaqələr pozulub. Hələlik bərpa etməkdən də söz gedə bilməz. Çörəyin, yağın, qəndin və s. ərzaq məhsullarının qiymətinin enəcəyini böyük ümidlərlə gözləyənlər az sonra qiymətlərin belə sürətlə qalxmasına hələ də inana bilmirlər.



Qonşu ölkələrdən gələn yardımın miqdarı artmaq əvəzinə azalır. Yardım adı ilə göndərilən məhsullar ötən ilkindən də baha qiymətə bazarlarda satılır. Naxçıvan isə kiçik yerdi. Adamların əksəriyyəti bir-birini yaxşı tanıyır. Yardım adı ilə gələn ərzağı satdıranı da, satanı da yaxşı tanıyırlar.

Bilirlər ki, yardım nə Xalq Cəbhəsinə gəlir, nə də onun anbarlarına yığılır, nə də oradan bazara ötürülür. Xalq Cəbhə­sinə şəxsi maraqları naminə daxil olanlar da burada xalq malını yeyib dağıtmağa bir şey olmadığını görüb mafioz qrup­laşmalara qoşuldular. Vəd olunmuş evlərin, xəstəxana­ların, məktəblərin qızdırılmasından, fabrik-zavodların işə salın­masından əsər-əlamət yoxdu. Qırıb yandırmağa daha ağac da qalmayıb. Vədlər elə vəd olaraq qaldıqca xalqın ümidi puça çıxır.

Müharibədən qurtarmağın yeganə yolunu MDB-yə daxil olmaqda gördülər. Nəticədə Naxçıvanın vəziyyəti daha da ağırlaşdı. Muxtar respublikaya ərzaq və yanacaq daşınan Horadiz stansiyası Xudafərin körpüsü ermənilərin əlinə keçdi.



Kiçik yerin böyük “bəlalarından” biri də odur ki, hər bir sözü diqqətlə yadda saxlayır, hər addımı müşahidə edirlər.
Müxalifət” qəzeti, 1993, 28 dekabr, №131 (281), s.5.

NAXÇIVANI NƏ GÖZLƏYİR?!
Qəzetlərin çap etdiyi kiçik məlumatdan aydın olur ki, Naxçıvanda yanvar şəhidlərinin 4-cü ildönümü qeyd edilərkən qanıqaraçılıq, qeylü-qal baş verib. Orada bildirib ki, 1990-cı ilin yanvarında erməni quldurları Sovet Ordusunun bəzi bölmələri ilə birlikdə Sədərəyə hücum edəndə bu gün Azərbaycan prezidenti olan şəxs Müxtar Respublikadan çox-çox uzaqda idi. Hətta 1991 və 1992-ci ilin yanvarında şəhidlərin xatirəsi yad ediləndə onun haqqında heç bir söz deyilmirdi. Bu gün isə niyə hər şeyi onun adı ilə bağlamağa çalışırsınız.

Yanvar ayının 12-də səhər saat 5-6 arasında polis işçiləri bir neçə evə basqın edərək Cəbrayıl Qasımovu, İbrahim Salahovu, Vəli Əsədovu, İntiqam Məmmədovu, Əkbər Məmmədovu və Nazim Ağayevi həbs etmişlər. Ondan dörd gün əvvəl isə Fəxrəddin Qurbanov həbs edilmişdir. Ümumiyyətlə, son aylarda Naxçıvanda 30 nəfərə yaxın gənc həbs edilmişdir. Həbs edilənlərin valideynləri övladlarının rəsmi şəkildə nədə ittiham olunduq­larını bilmirlər.

Kimdir bu həbslərə məruz qalanlar? Ermənilərə qarşı döyüşlərdə fəaliyyət göstərmiş, canlarını qurban verməyə hazır ol­muş, lakin ölməyib sağ qalmış vətənpərvərlər! Qəribə burasıdır ki, bu gün həbs olunan gənclərin həlak olmuş döyüş yoldaş­larına Milli Qəhrəman adı verilir, adları əbədiləş­dirilir.

1992-ci ilin mayında Sədərək uğrunda döyüşlərdə ağır yaralanmış, hazırda I dərəcəli əlil olan İbrahim Abbas oğlu Salahovu türk həkimləri ölümün pəncəsindən xilas etməsəydilər, yəqin ki, ona da Milli Qəhrəman adı veriləcəkdi. Bu gün onu həbs etdirənlər bəlkə də onun büstünün, heykəlinin açılışında bəlağətli nitqlər söyləyəcəkdilər. Yaxud da Naxçıvan şəhər XDM deputatı Vəli Əsədov 1990-cı ilin yanvarın 16-17-də Kərkidə, yaxud da 19-23-də Sədərəkdə ölsəydi indi onun da qəhrəmanlı­ğından danışacaqdılar. Amma ölmədilər! Sağ qaldılarsa demək cinayətkardırlar?!

Hüquqi baxımdan həbs olunan gənclərin hər birinin əməlində cinayət tərkibi tapmaq olar. Məsələn: erməni ordusuna qarşı işlədilmiş bu qədər patronu, mərmini, silahı hərbi sursatı haradan alıblar? Yaxud onlar hansı qanunla, hansı əmrlə ermənilərə qarşı döyüşə gediblər? Hətta Ermənistan tərəfdən arayış da almaq olar ki, döyüşlərdə onlardan neçə nəfər ölüb və yaralanıb. Bu arayış əsasında da həmin gəncləri ittiham etmək olar. Çünki onlar bu ittihamı daha təkzib edə bilməzlər. Erməni quldurlarına qarşı döyüşlərdə həmişə bu gənclər öndə olublar.

Oxucu sual verə bilər ki, niyə məhz onlar?

Bu suala cavab vermək üçün yaxın keçmişimizə ötəri nəzər salmaq kifayətdi. Ermənistandan müsəlman kürdlər və türklər qovulmuşdu. Naxçıvana gələn şosse yolu bağlanmışdı. Dəmiryol qatarlarına və sərhəd kəndlərinə erməni silahlı dəstələri tez-tez basqın edirdi. Azərbaycan hökuməti isə öz vətəndaşlarının təhlükəsizliyin, şərəf və ləyaqətini qorumaq əvəzinə xalqı “təxribata uymamağa” çağırırdı. Bu ikiüzlü siyasət xalqı bezdirmişdi. Odur ki, adamlar özlərini, ailələrini və vətənlərini qorumaq üçün yollar axtarırdılar. Belə təlatümlü bir vaxtda, 1989-cu ilin iyul ayında Naxçıvanda 17 nəfər Könüllü Müdafiə Komitəsi adlı bir qurum yaratdıqlarını elan etdilər. Belə bir qurumun yaranması Xalq Cəbhəsinin yerli şöbəsində geniş müzakirəyə səbəb oldu. Müzakirədə üç təklif irəli sürüldü. 1. İctimai-siyasi təşkilat heç bir silahlı dəstəni, qurumu tanımır. 2. Xalq cəbhəsi özü vətənin müdafiəsi üçün silahlı dəstə yaradır. 3. Yaranmış könüllü müdafiə komitəsi getdikcə güclənər və qarşıdurmanı dərinləşdirər. Yaranmış qurumdan xalqın əleyhinə istifadə edilər.

Uzun müzakirə və məsləhətdən sonra qərara alındı ki, xalq cəbhəsinin yerli şöbələri müdafiə komitələrinə ideya-siyasi baxımdan istiqamət versin, yardım etsin. Bu həmin vaxt idi ki, Moskvanın göstərişi ilə əhalidən ov tüfəngləri də yığıl­mışdı. Müdafiə Komitəsinin ətrafına ilk toplaşanlar ovçular və vətənpərvər gənclər oldu. 1990-cı ilin yanvarınadək bu dəstə­lərdə avtomat silahlar demək olar ki, yox idi. Ermənilərin avtomatlar və pulemyotlarla silahlanmış dəstələri qarşısına bizimkilər ov tüfəngləri ilə çıxırdılar.

İstər daxili işlər orqanlarının əməkdaşları, istərsə də hökumətin üzvləri belə bir qurumun gündən-günə güclənməsindən xəbərsiz deyildilər. Amma onlar ikili mövqe tuturdular. Belə bir qurumun güclənməsindən həm ehtiyat edirdilər, həm də erməni silahlı dəstələrinə qarşı dura biləcək bir qurumun formalaşmasını istəyirdilər.

1990-cı ilin mart-aprelində erməni silahlı dəstələri Şada-Buzqov istiqamətində hücuma keçəndə Naxçıvan MR Daxili İşlər Nazirliyinin rəhbərləri AXC Naxçıvan MR təşkilatına gəlib danışıq apardılar. Razılaşıldı ki, Könüllü Müdafiə Komitə­sinin döyüşçüləri sərhəd bölgəsinə çıxmır. Erməni silahlı dəstələrinin basqını milis bölmələri və Sovet Ordusu tərə­findən alınacaq. Həmin razılaşmadan bir neçə saat sonra Daxili İşlər naziri ratsiyada Xalq Cəbhəsinin rəhbərlərindən xahiş edirdi ki, döyüş bölgəsinə könüllüləri göndərsin. Sovet Ordu­sunun hissələri yerli polislərə kömək etməkdən imtina edib. Polislər mühasirə vəziyyətində qalıblar və s.

Maraqlı burası idi ki, erməni quldurlarının hücumu güclənən kimi hökumət az qala bütün səlahiyyətlərini Xalq Cəbhəsinin müdafiə komitəsinin sərəncamına verirdi. Elə ki, döyüşlər səngidi, xalq cəbhəsi və onun müdafiə komitəsi haqqında dedi-qodular genişlənirdi. Bütün bu dedi-qodu və ziddiyyətlərə baxmayaraq, xalqdan toplanmış vəsait və idarə, müəssisələrin Xalq Cəbhəsinin hesabına keçirdiyi pulların hesabına Sovet Ordusundan xeyli avtomat silah və hərbi sursat alınmışdı.

Qanunsuz silah alınmasını, silahlı dəstələr yaradılmasını Xalq Cəbhəsinin əli ilə həyata keçirirdilər.

Məlumdur ki, xalq cəbhəsinə xüsusən də onun müdafiə dəstələrinə daxil olanların hamısı ideal saf adamlar deyildi. Qanunsuz alınan silah və patronun da dəqiq qeydiyyatını aparmaq mümkün olmurdu. Əliəyrilər bundan öz məqsədləri üçün istifadə edirdilər. Döyüşçüləri maaşla təmin etmək, onlara imtiyazlar vermək də Xalq Cəbhəsinin imkanından xaric idi.

İstər hökumət, istərsə də hökumət strukturuna daxil olan DİN rəhbər­ləri döyüşlərdə bərkimiş gəncləri hansısa struk­turlarda birləşdirməyə heç vəchlə razı olmurdular. Ona görə də ermənilərə qarşı döyüşlərdə hünər göstərənlərdən bəziləri sonradan ayrı-ayrı imkanlı şəxslərin qeyri-rəsmi mühafizə dəstələrinə keçdilər.

Könüllü Müdafiə Komitəsinin döyüşçüləri yalnız ermənilərə qarşı döyüşlərdə iştirak etmirdilər. Bəzən daxili məsələlərə də qarışır, nizam-intizam yaratmağa çalışırdılar. Buna 1991-ci ilin sentyabrında baş verənləri misal göstərmək olar. Ayaz Mütəllibov heç cür istəmirdi ki, Naxçıvan MR Ali Məclisinin sessiyası baş tutsun. 30-dan çox millət vəkili müxtəlif adlarla Bakıya dəvət edilmişdilər. Partnomenklaturadan olan deputat­ların böyük bir qrupu da sessiyaya gəlmək istəmirdi. Həmin vaxt bu gün həbsə atılan gənclərin əksəriyyəti aeroportu nəzarət altına götürdülər, kəndlərə getdilər, necə deyərlər, yarı zor, yarı xoş deputatları Naxçıvana gətirdilər. Sessiya öz işinə başladı. H.Əliyev Naxçıvan MR Ali Məclisinin sədri seçildi.

Bütün bunları sadalamaqda məqsədim odur ki, yarandığı vaxtdan 6-7 ay sonra müdafiə komitəsi elə bir güc toplamışdı ki, istədiyi vaxt güclə hakimiyyəti ələ ala bilərdi. Lakin heç vaxt buna getməmişlər. Ermənilərə qarşı döyüşlərdə hünər göstər­miş, zəngin təcrübə toplamış bu gənclərin qüvvəsindən səmə­rəli istifadə üçün 1993-cü ilin əvvəlində DİN nəzdində xüsusi batalyon yaradıldı. Lakin bu batalyonun da ömrü uzun olmadı.

Görəsən, bu gənclərin həbsi üçün sanksiya verən prokuror, onları həbs edən polis işçiləri bir dönüb ötənlərə baxırmı?! Əgər onlar olmasaydı, qanunsuz silah əldə edib, qanunsuz döyüş dəstələri yaratmasaydılar bu gün Naxçıvanda polis, prokurorluq işçiləri rahat oturub işləyə bilərdilərmi?!

Görəsən, Dağlıq Qarabağın, Kəlbəcərin, Ağdamın, Füzulinin, Qubadlının, Zəngilanın, Cəbrayılın polis işçilərinin, hüquq- mühafizə orqanlarının, camaatının taleyini Naxçıvandakılar nə tez unutdular!


Müxalifət” qəzeti, 1994, 29 yanvar, №5 (288), s.3.

BÜTÜN QƏHRƏMANLIQLARA GÖRƏ —

ZİNDAN
AXC Naxçıvan bölgəsinin sədri Asəf Əli oğlu Quliyev üç aydır həbsxanadadır. Bu müddətdə nə müstəntiq onu dindirib, nə də tutulmasının səbəbini deyiblər. Çünki yuxarılara gərək olan Asəfi cəmiyyətdən təcrid etməkdir. Asəf Quliyevin Naxçıvanda göstərdiyi fəaliyyətin heç də “sabitliy”ə xidmət etmədiyini çoxları dərk edir. Hələ daxili işlər naziri R.Usubov Naxçıvan polisinə rəhbərlik edən vaxtlar Asəf Quliyevin AXC kimi bir təşkilata xüsusi nəfəs verdiyini yaxşı bilirdi.

...Son günlər səhhətinin pozulduğuna görə Asəfi Bayıldan həbsxana xəstəxanasına köçürüblər... Erməni quldurlarına qarşı döyüşən, gecə-gündüz səngərlərdə yatan, ölüm qorxusu bilməyən bu millət oğlunun günahı nədir, görəsən? Repressiyalar müstəvisində Asəf kimi oğullarının “günahı” birmə’nalı görsənir: Vətən, xalq yolunda canından keçməyə hazır olanlara “atalıq qayğısı”.

A.Quliyev Y.Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsini bitirib. Naxçıvan Dövlət Tarix Muzeyində elmi işçi işləyirdi. Xalq hərəkata gizli dərnəklərdən gəlmişdi.

1988-ci ildə Dağlıq Qarabağda baş qaldıran separatçılıq ovqatı Naxçıvanda fəaliyyət göstərən gizli dərnəklərin işini bir növ leqallaşdırdı. Elə həmin il Asəf işlədiyi muzeyin zirzəmisində “Yurd” birliyinin açıq fəaliyyət göstərməsinə nail oldu. 70 nəfərin iştirak etdiyi ilk yığıncaqdan sonra vilayət partiya komitəsində, dövlət təhlükəsizlik orqanlarında Asəf Quliyevə qarşı təzyiqlər gücləndi. Ancaq Asəf bunların fərqinə varmadı.

AXC-nin Naxçıvan bölməsinin formalaşmasında A.Quliyevin əməyi çox böyükdür.

1989-cu ilin noyabr ayından başlayaraq AXC Naxçıvan bölməsi İranla sərhəddə keçiriləcək tədbirlər planı hazırlamışdı. Bu işlərə rəhbərlik A.Quliyevə tapşırılmışdı. Çünki silahdaşları Asəfin işə prinsipial yanaşmasını, boynuna götürdüyü işin öhdəsindən həmişə gəldiyini bilirdi.

1990-ci ilin yanvar ayında Kərki kəndini erməni-rus işğalından müdafiə etməyə getmiş 17 nəfər könüllünün sıralarında A.Quliyev də var idi.



AXC-nin Naxçıvan vilayət təşkilatının sədri Asəf

Əlioğlu Quliyev
Tale elə gətirib ki, erməni güllələri Asəfdən yan keçib.

1992-ci ildə AXC Naxçıvan bölməsinin sədri vəzifəsinə seçilən Asəf Quliyev öz radikallığı, yerli rəhbərlik qarşısında sərt və qəti tələbləri ilə onları həmişə narahat edirdi. Bütün varlığı ilə Azərbaycanın müstəqilliyi və bütövlüyü uğrunda mübarizəyə qoşulmuş millət oğlu bu gün dörd divar arasındadır.

Dörd övlad atası, 36 yaşlı Asəf Quliyev torpaq və millət yolunda göstərdiyi qəhrəmanlıqlara görə zindanlara salınıb...
Azadlıq” qəzeti, 1994, 5 iyul, № 65 (432), s. 4.

YARIMÇIQ QALMIŞ EVİN SAKİNİ

HƏBSDƏDİR
Naxçıvan şəhərinin gündoğanında ucaldılmış böyük yaşayış məhəlləsinə “Yeni Naxçıvan” adı verilmişdi. 1985-ci ildən sonra rejim yumşaldığına görə köhnə Naxçıvanla Yeni Naxçıvan arasında qalmış boş sahəni evsiz sakinlərə payladılar. Hərə öz bacarığına və imkanına görə özünə ev tikdi. 2-3 mərtəbəli evlərin yanında tikintisi hələ də davam edən birmərtəbəli 2-3- otaqlı evlər də var. Tikintisi yarımçıq qalmış belə evlərdən biri də AXC Naxçıvan bölgəsinin sədri Asəf Quliyevindir. 4 uşaqla neçə vaxtdır bir otağa sığınıbdır.

Naxçıvanın yüzlərlə sakini isə hər gün bu evlərin arası ilə gedib gəlir. 2-3 mərtəbəli evlərin sahibini də tanıyır, bir-iki otaqlı yarımçıq tikililərdə kimin yaşadığını da yaxşı bilir.

1958-ci ildə Babək rayonunun Yuxarı Uzunoba kəndində müəllim ailəsində doğulan Asəf Quliyev yeniyetmə çağlarından xalq azadlıq hərəkatına maraq göstərmiş, gizli dərnək yaradılmasında fəal iştirak etmişdir. 1988-ci ildə onun fəaliyyət meydanı daha da genişləndi. Az vaxtda xalq hərəkatının fəallarından birinə çevrildi.

Gizli dərnəklərdən açıq fəaliyyətə keçmə problemi ortaya çıxanda Asəf xalq hərəkatı fəallarının dadına çatdı. İşlədiyi Dövlət Tarix Muzeyinin zalında xalq hərəkatı fəallarının top­lanmasına, bir-biri ilə tanış olmasına və təşkilatlanmasına şərait yaratdı.

Hərəkatda daim radikallığı ilə seçilən A.Quliyev sərhəd simlərinin sökülməsi, İranla Azərbaycan arasında gediş-gəlişin bərpa olunması kampaniyasına rəhbərlik etmişdir.

Sərhədlərimizə erməni quldurları basqın edəndə əlinə silah alıb döyüşə birincilər sırasında gedən A.Quliyev 1990-cı ilin yanvarında xüsusilə fərqlənmişdi. Döyüşlərin hansı birindəsə həlak olsa idi indi xalqımıza onu milli qəhrəman kimi təqdim edərdilər. Amma bu gün onu cani kimi zindanlarda çürüdürlər. 1994-cü il martın 3-də Naxçıvan MR Milli Təhlükəsizlik Nazirliyinin Naxçıvan təşkilatına iqtidar — müxalifət münasibətlərini yoluna qoymaq adı ilə çağırıb danışdırdıqdan sonra həbs ediblər.

Vəkili Namizəd Səfərovdan Asəf Quliyevin nədə ittiham edildiyini xəbər aldıqda — “Elə ittihamlarla istənilən vətəndaşı həbs etmək olar. Əslində onları siyasi motivlərə görə həbs ediblər. Həmin vaxt da qanunlar kobud surətdə tapdanıb. İstintaq üç aydan artıqdır başa çatsa da məhkəmə hələ işə başlamaq fikrində deyil. Bu da kobud qanun pozuntusudur. Görünür cinayət işində Azərbaycan Cinayət Məcəlləsinin 70-ci maddəsinin II hissəsi olmadığını görürlər” — cavabını verdi.

Əslində Asəf Quliyev və onunla birlikdə ittiham olunan Siyavuş Mustafayev, Fəxrəddin Qurbanov dövlət çevrilişi ittihamından çox Azərbaycan dövlətçiliyini qoruyub möhkəmlətməyə cəhd göstərdiklərinə görə həbs edilmişlər.

Xalq Cəbhəsi yaranandan AXC Naxçıvan vilayət təşkilatının məclis üzvü, 1992-ci ilin oktyabrından AXC Naxçıvan MR bölgəsinin sədri seçilmiş Asəf Quliyev 7 aya yaxındır Bayıl həbsxanasında yatır. Səhhəti pisləşdiyinə görə bir dəfə həbsxananın xəstəxanasında müalicə olunub.

Dünən onun çıxışlarını alqışlarla qarşılayan, arxasınca döyüşlərə, sərhəd məftillərini sökməyə gedənlər isə laqeydliklə taleyin hökmünü gözləyirlər. Bəlkə də gözləyirlər ki, 37-ci il nə vaxt gələcək, onların növbəsi nə vaxt çatacaq.


Müxalifət” qəzeti, 1994, 24 sentyabr, № 68 (350), s. 4.

Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə