Əli Şamil Türkçülüyün qurbanları (Qazaxıstan) Bakı 2014 Redaktor: Səfalı Nəzərli



Yüklə 0,65 Mb.
səhifə2/8
tarix25.06.2018
ölçüsü0,65 Mb.
#51589
1   2   3   4   5   6   7   8

(Bu yazı TRT “Türkiyənin səsi” və Azərbaycan İctimai Ra­dio­sunun birgə hazırladığı, hər gün Bakı vaxtı ilə saat 12.00-13.00 arasında efirə gedən “Qorqud Ata” proqramında “Türk dünyasının məşhurları” rubrikası ilə 2011-ci il fev­r­a­lın 3-də efirdə səsləndirilmiş verliş (www.trtazerbaycan.com) və “525-ci qəzet”in 7 dekabr 2011-ci il sayında çap olunmuş “So­nuncu Qazax xanı Kenesarı Qasım oğlunun şərəfli ölü­mü” məqaləsi əsasında hazırlanmışdır).

RUSLARA XİDMƏT EDƏN VƏTƏNPƏRVƏR

XAN NƏVƏSİ ŞOKAN VƏLİXANOV

Qazaxlar onun ad və soya­dı­nı Şokan Şınğıs ulı Uəlixan ki­mi yazırlar. Ruslar isə sə­nəd­lərdə Şokan və Çokan Va­li­xanov kimi yazdıqlarından dün­yanın çox yerində onu bu ad və soyadla tanıyırlar.

Orta juzda doğulan Şo­ka­nın qulağına əzan oxuyan Ab­lay xanın şəxsi həkimi, qa­zax­lar arasında Maral baba kimi tanınan Kalkay İşan ona Mu­xammed Xanafi adının veril­di­yini yazırlar. Vətəninin ağır gün­lərə düşdüyünü, xalqının güzəranının getdikcə pisləşdiyini görən Kalkay İşan istəyridi ki, VII yüzildə Ərəb çöllərində Məhəmməd peyğəmbərin xalqı üçün etdiklərinə bənzər bir işi də Ablay xanın nəvəsi görsün.

Bu şirin və xoş bir arzuydu. Zaman isə başqa bir za­man­dı. Şınğıs (Çingiz) Soltan oğlunun Zeynep Çorma­novan do­ğu­lan oğluna Çokan (Şokan) adı verdikdən sonra onu xan övlad­la­rına layiq bir təhsil verməyə çalışırdı. Onun üçün şəxsi müəl­limlər və məşqçilər təyin etmişdi. Özü isə oğluna adət-ənənələri, nəslinin keçdiyi tarixi yolu öyrədirdi. Şokanın nənəsi Ayxanım oğlu Şınğıs (Çingiz) Soltanın təlim-tərbiyə­si­nə necə diqqət yetirmişdisə, nəvəsinə də eləcə diqqət yetirirdi. Şınğıs (Çingiz) Soltan qazax tarixi və ədəbiyyatını dərindən bilməklə kifayətlənmir, Sibir türklərinin miflərini, əfsanə­lə­ri­ni, rəvayətlərini, dastanlarını, nağıllarını, geyim-keçim, məişət əşyalarını toplayır. İşğalçı rusların köləsi kimi deyil, xalqına bağlı bir ruhda böyüdüyünə görə Ayxanın tərəfini tutan soltanlar və bəylər Şınğısı (Çingiz) 1834-cü ildə “böyük soltan” elan edirlər. 1835-ci ilin noyabrında isə Şınğısın (Çingiz) oğlu Şokan dünyaya gəlir.

Qazax çöllərində Sırımbetdə dünyaya gələn Şokan uşaqlığını indiki Kustanay vilayətinin Kuşmurun qışlağında keçirir. Sonra isə ailəsi ilə birlikdə Kökçe dağına köçür. Onun uşaqlıq illəri Kenesarı Qasım oğlunun Ruslara qarşı qazaxları ayaqlandırdığı bir vaxta təsadüf edir. Nədənsə Şokanın aliəsi ruslara qarşı bu döyüşlərdə fəal iştirak etmirdi.

Şokanı 12 yaşında Omsk şəhərindəki Kadet korpusuna oxu­mağa göndərirlər. Çar ordusu üçün kadrlar hazırlayan bu tip məktəblərə yalnız əsilzadələrin uşaqları qəbul edilirdilər. Təhsil illərində F.N.Kostilevski, P.B.Qonsevski kimi təcrü­bəli pedaqoqlardan dərs alır, gələcəyin məşhur etnoqrafı, folklor­çusu və səyyahı Q.N.Potanin və N.F.Anneniski ilə bir sinifdə oxuyur. Rus dili ilə yanaşı, fransız və alman dillərinin incəliklərini də öyrənir. Son sinifdə oxuyanda İ.N.Beryozinin xahişilə “Toxtamış xanın tamğalatı” mövzusunda ilk elmi məqaləsini yazır.

1853-cü il noyabrın 8-də Kadet korpusunu bitirən Şokan Valixanovu Sibirdəki rus-qazax Süvari Alayının şeypurçular bölüyünə komandir təyin edirlər. Türküstanda yaşayan türk­lərin ləhcələri ilə yanaşı, ərəb və fars dillərini bilməsi, iti yad­daşı, xüsusən dil öyrənmək marağı Şokanı tezliklə hərbçilər arasında məşhurlaşdırır.

Çara sui-qəsd təşkil etdiklərinə görə məsuliyyətə cəlb edil­miş, Rusiya tarixində “petraşevçilər” kimi tanınanların bir qismi Sibirə sürgün edilmişdi. 19 yaşlı Şokan 1854-cü ildə sürgündə olan psixoloji romanlar müəllifi F.M.Dos-toyevski və şair S.F.Durovla tanış olur. Şokan Dostayevski ilə sonra­dan Semplatinskdə də görüşür.

Batı Sibir valisi, general qubernator Qustav Qasfort onu özünə yavər götürür. Yüksək rütbəli hərbçilər onun məharəti haqqında rəhbərliklərinə raportlar yazırlar. İşğal dairəsini Doğuya genişləndirmək istəyən Rusiya rəhbərlərinin diqqətini belə bir kadrın olması dərhal çəkir. Ondan gələcəkdə işğal etmək istədikləri ölkələr haqqında bilgi toplamaqda istifadə etmək qərarına gədikləri üçün hərbi strateji araşdırmalar qrupuna daxil edirlər. Sonra isə Müdafiə və Daxili İşlər Nazirliklərinin Asiya departamentində işlədirlər.

Soykökünün Çingiz xana bağlılığı, müsəlman olması, çox dil bilməsi Şokan Valixanova şans verirdi ki, Doğu Tür­küstanda rahat və sərbəst dolaşsın, yerli hakimlərin sarayla­rına yol tapa bilsin.

1855-ci ildə onu qazaxların və Sibir türklərinin Yeddi su, rus­ların Semireçye adlandırdıqları bölgəyə və Kokand xan­lı­ğına gedən ekspedisiyanın tərkibinə daxil edirlər. Şokana öncə Batı Sibir xalqlarını, onların adət-ənənəsini, dünyagörüşünü öyrənmək tapşırılır. O, tapşırığı yüksək səviyyədə yerinə yetirir. Topladığı materiallar Rusiya hərbi-çilərinə və hökumət məmurlarına bir kəşfiyat materialı kimi yarayırdısa, alimlər də onun folklorçuluq və etnoqraflıq mə- harətinə heyran qalırdılar.

1856-cı ilin aprelində, yəni 21 yaşında İli çayı boyunca elmi heyətlə birlikdə ekspedisiyaya göndərilir. Çarı çayının İliyə qovuşduğu yerə, Karqaralıya gəlir. Mayın 26-da manasçılarla görüşür. Üç gün, üç gecə məşhur “Manas” dastanını dinləyir. Kuketay xan haqqında olan qolu toplayır. Bu dastanın ilk yazıya alınmış hissəsi olur.





Çokan Vəlihanov və Rusiyanın məşhur psixoloji romanlar müəllifi F.M.Dostoyevski.

Şokan Valixanov yalnız “Manas” dastanını toplayıb rus dilinə çevirməklə kifayətlənmir, “Kozı Korpeş və Bayan Slu” dastanını da elm aləminə qazandırır.

Şokan Valixanovun rəssamlıq qabiliyyəti olduğuna görə o getdiyi yerləri yalnız sözlə təsvir etmir, qələm və fırça ilə də şəkillər çəkir. Fotonun geniş yayılmadığı bir dövrdə şəkillər Rusiya xüsusi xidmət orqanları üçün olduqca vacib olan materiallar sayılırdı. Onun vaxtilə çəkmiş olduğu Cuban ananın məzarüstü rəsmindən sonralar abidənin bərpasında istifadə edilmişdir.

1857-ci il fevralın 21-də Şokan Valixanov P.P.Sem­yono­vun zəmanətilə Rus İmperator Coğrafiya Cəmiyyətinə üzv qə­bul edilir.

Rusiya Türküstanın böyük bir qismini – Qazax çöllərini işğal etsə də, Böyük Britaniya Hindistanı tutsa da, Çin isə Doğu Türküstanı ələ keçirmək üçün dəridən-qabıqdan çıxsa da, işğal altına aldıqları ərazilərlə kifayətlənmir, yeni torpaqlar tutmağa çalışırdılar. Onlar arasında yeni ərazilər ələ keçirmək üçün qarşıdurma dərinləşirdi.

Türküstan torpaqlarında Rusiyanın da, Böyük Britaniyanın da, Çinin də gözü vardı. Lakin bölgə haqqında bilgi yetərsiz idi. Oraya gedən yolların vəziyyəti, əhalinin milli tərkibi, hakimiyyət orqanlarına münasibəti və s. haqqında geniş bilgi olmadığından bölgəyə əsgəri birliklər yeridilməsi yubadılırdı. Rusiya lazımı kəşfiyyat bilgiləri əldə etmək üçün böyük bir ticarət karvanı təşkil edir. Şokan Valixanov da bu karvana qatılır.

Rusiya hökumətinin xüsusi tapşırığı ilə bölgəni öyrənən, çoğrafiyaçı alim, səyyah kimi məşhurlaşan, Rus İmperator Coğrafiya Cəmiyyətinin sədr müavini (1873-1914) Pyotr Petroviç Semyonov-Tyanşanski (14.01.1827-11.03.1914) ilə Şokan Valixanov 1856-cı ildə tanış our.

Doğu Türküstanın batısındakı Qulcudə olmuş, o yerləri öyrənmiş Şokan Valixanovu Rusiyanın xüsusi xidmət orqanları Kaşqara göndərməyi qərara alır. Hazırlanmış karvan 1858-ci il iyunun 28-də yola çıxır. Qazaxların Yeddi çadır, rusların Semipalatinski adlandırdıqları bölgəni keçib, Kaşqara gedən karvana “tacir” Şokan Valixanov rəhbərlik edir. Çingiz xanın nəslindən olması və ağllı və səbirli davranışı onu ölümün pəncəsindən qurtarır. Şokan Valixanov 1859-cu il aprelin 12-də Kaşqar haqqında zəngin məlumatla geri dönür.

Onun gətirdiyi məlumatlar və özünün davranışı quberniya sərhədlərini aşaraq mərkəzi hökumətə də çatır. Buna görə də Müdafiə Nazirinin göstərişi ilə Şokan Valixanov 1860-cı ilin əvvəllərində Peterburqa göndərilir. Paytaxtda onu yüksək səviyyədə qarşılayırlar. Çar II Aleksandr onu Müqəddəs Vladimir ordeni ilə təltif edir. Hərbi rütbəsi yüksəldilir. O, getdiyi yerlər, topladığı materiallar haqqında Coğrafiya Cəmiyyətində məruzə edir, elm xadimlərilər, ictimai təşkilatların öndərlərilə, ədəbiyyatçılarla görüşür, onların toplantılarına qatılır, müzakirələrdə iştirak edir. Çar ordusunun Baş ştabında Orta Asiya və Doğu Türkistanın xəritəsini hazırlayan qrupda işə götürülür. Lakin burada işləməsi o qədər də uzun sürmür. May ayında Xarici İşlər Naziri, knyaz A.M.Qorçakovun zəmanətilə Asiya departamentində işə qəbul edilir.


Peterburqda yaşadığı iki il müddətində Şokan Valixanov professor A.N.Beketovla, Rus İmperiya Coğrafiya Cəmiyyətinin jurnalına redaktorluq edən, diplomat, publisist E.P.Kovalevski ilə, univer-sitet müəllimi, alim, milli-yətcə Azərbaycan türkü olan, xristianlığı qəbul etdiyinə görə Aleksandr adını götürmüş Məhəmmədəli Kazım bəylə, İ.N.Berezinlə, V.P.Vasi-lyevlə, V.V.Qriqoryevlə və b. ilə görüşür, elmi fəaliyyətində onlardan məsləhətlər alır. Bir ara Parisə də gedir.

Şokan Valixanov qısa müddətdə Orta Asiya, Doğu Tür­küs­­tan və Sibiri Peterburqda ən yaxşı bilən mütəxəssis kimi ta­nı­nır. Ensiklopediyaya “Ab­lay” məqaləsini yazır, Kaş­qar­dan gətirdiyi “Təzkirə-i Boq­rax”, “Təz­kirə-i Xocaxan” əl­yaz­­ma­larını elmi ictimaiyyətə ta­nıdır, şair və yazıçılarla gö­rü­şür, on­ların söhbətlərində işti­rak edir. “Muhamməd Heydər Dual­tın “Tarix-i Rə­şi­di” əsərini dün­ya elminə qazan­dıran Şo­kan Vali­xanovun Pe­ter­burqda ic­­timai təş­kilatlarla yaxınlıq et­məsi, de­mokratik fi­kir­li ziya­lı­lar­­la tez-tez gö­rüş­məsi höku­mət dai­rələrinin də diqqətindən yayınmır.

1861-ci ilin mayında və­tə­nə dönən Şokan Valixanov yenə də elmi-ictimai fəaliy­yətini davam etdirir. 1862-ci ildə isə Atbasar dairəsinə sol­tan secilir. Lakin general –qubernator onu bu vəzifəyə təs­diq etmir.


Şokan Vəlikanov katde məktəbində oxuyarkən

Dünyagörüşünün genişlənməsi, biliyinin artması, oturub-durduğu adamlardan eşitdikləri

onun Rusiya hökumətinin işğalçı siyasətini dərindən anlamasına köməkçi olur. Kokand xanlığına 1864-cü ilin mart-iyun aylarında hücum edən rus ordusunun tərkibində Şokan Valixanov da olur. Hərbçilərin dinc əhaliyə tutduqları

divanı gördükdə dözə bilmir. Onların qəddarlığını durdura bilməyəcəyini görüb geri dönür. Bu sadəcə xidmət etdiyi əsgəri birliyin hücumuna qatılmamaq, həmbi komandırın əmrini yerinə yetirməməklə nəticələnmir. Ümumiyyətlə Rus Ordusundan və hökumət vəzifələrindən uzaqlaşır, Rus ordusunda ştabs kapitan1 rutbəsində ikən istefaya çıxmalı olur.

Şokan Valixanov Rusiya hökumətinə xidmətdə yanıldığını başa düşərək hərbidən istefa verib, Məkkə ziyarətinə getmək istəyir. Lakin bu ziyarət baş tutmur. 1865- ci il aprelin 10-da





Çokan Vəlikanovun Omsk şəhərindəki heykəli. Heykəltaraş A.Bayarlin.

Taldı Kurqan vilayətinin Altınamel aşırımında dünyasını dəyişir və çəsədini Tezek kəndində dəfn edərək qəbri üzə-rində kərpicdən kumbəz tikirlər.

Avropa tipli ilk qazax rəssamı, “Böyük Orda qazaxları”, “Sartay tayfasından olan Sarı Baqış”, “Burumbayın portreti”

və b. tabloları çəkən, “Cunqirya oçerkləri”, “Qırğızlar”, “Çin imperiyasının batısı və Qulca şəhəri” və b. əsərlərin müəllifi 29 yaşında dünyasını dəyişir. Əsərləri isə yaşayır.

Onun fəaliyyətindən işğalçılar, hökumət dairələri xalqları əsarət altında saxlamaq məqsədilə istifadə ediblər. Xeyirxah insanlar isə onu bir alim, araşdırıcı kimi tanıyıb və tanıdıblar.

Bədxahların işləri unudulmaqda və pislənməkdədir. Şokan Valixanov yaradıcılığı isə dünya mədəniyyətinə verdiyi töhfələrlə ölçülür. Ona görə də vətənində adının əbədiləş-dirilməsi üçün xeyli iş görülmüşdür.



(TRT “Türkiyənin səsi” və Azərbaycan İctimai Radiosunun birgə hazırladığı, hər gün Bakı vaxtı ilə saat 12.00-13.00 arasında efirə gedən “Qorqud Ata” proqramında “Türk dünyasının məşhurları” rubrikası ilə 2012-ci il avqustun 16-da efirdə səsləndirilmiş verlişin mətni. www.trtazerbaycan.com).



CUCİ XANIN NƏSLİNDƏN OLAN ƏLİ XAN BÖKEYXANOVUN TALEYİ

Qazaxların adı və soya­dını Əli xan Bökeyxan, Əli xan Bükeyxan ulu yazdıqları halda ruslar onu Alixan Bu­key­xanov kimi tanıtmışlar. Dün­yanın çox yerində, hətta eyni soylu xalqlar arasında belə onun ad və soyadı rus di­lin­də olduğu kimi yazılır. Qay­naqlar onun nəslinin Çin­giz xanın nəvəsi Cucuyə bağ­lı olduğunu göstərir. Do­ğum tarixini 1866-cı il, 1869-cu il, 1870-ci il kimi yazırlar.

Rusiya imperyiasının inzibati ərazi bölgüsünə görə Əli xan Nurmuhammed ulu Bökeyxanov Orenburq quberniyası Semiplatinski (Yeddi çadır) vilayəti Karqaralı qəzasının Tokrayın nahiyəsində doğulmuşdur.

Nurmuhammed xan oğlu Əlinin təhsil alması üçün özəl müəllimlər tutmuş, sonra isə Karqaralıdakı qazax uşaqları üçün açılmış məktəbə göndərmişdir. 1879-1886-cı illərdə bu mək­təbdə oxuyan Əli xan təhsildəki başarısı ilə diqqəti cəlb edir. Bölgənin o dövrkü general-qubernatoru Q.A.Kolpa­kovs­­ki­nin köməyi ilə Omsk Texniki Məktəbinə da­xil olur. 1890-cı ildə məktəbi bitirib, Sankt-Peterburqa ge­də­rək Peterburq İm­pe­­rator Meşəçilik İnstitunun iqtisadiy­yat fa­kül­təsinə qəbul olunur.

Peterburqdakı mədəni mühit ilk günlər onu olduqca hey­rətlən­dirir. Rusiyanın mərkəzi quberniyalarının Qazaxıstanla mü­qayisəyəgəlməz inkişafı bir vətənsevər kimi Əli xanı düşünməyə vadar edir. O, da xalqının dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi yaşamasını arzulayır.

Oxuduğu kitab və qəzet-jurnallardan, tez-tez görüşüb söh­bət etdiyi demokratik fikirli rus ziyalılarından öyrənir ki, Av­ropa ölkələri istər mədəni, istər iqtisadi cəhətdən Rusi­yadan da çox irəlidədir. Ona görə də Rusiyanın imkanlı, tə­rəq­qipərvər insan­ları övladlarını oxumağa oradakı ali mək­təb­lərə gön­dər­məklə kifayətlənmir, özləri də tez-tez səfərə çıxır, Avropada yaşa­mağa üstünlük verirlər.

Rus ziyalılarının qərbmeyilliyi Əli xan Bökeyxanova təsir edir. Ölkəni islahatlar yolu ilə dəyişdirmək istəyənlərə qoşulur.

Tələbəlik illərində Rusiyadakı idarəetmə sistemini tənqid et­diyinə, əsarət altında olan xalqların hüquqlarının tap­dan­dı­ğı­nı dilə gətirdiyinə görə adı jandarma idarəsinin “qara siyahı”sına düşür.

1894-cü ildə ali məktəbi başa vurub, Omsk şəhərinə qayıdıqdan sonra Əli xan Bökeyxanov Meşə Təsərrüfatı Məktəbində riyaziyyat müəllimi işləməyə başlayır.

Xalqının dünyanın inkişaf etmiş ölkələrinin əhalisi ilə müqayisədə çox geridə qalmasının səbəblərini və bu geriliyi aradan qaldırma yollarını axtarmaq üçün aulları, bölgələri gəzir, müxtəlif insanlarla görüşür, onlarla fikir mübadiləsi edir. Belə səfərlər ona xalqının yaşam şərtlərini, adət-ənəsini, tari­xini, etnoqrafiyasını, folklorunu, düşüncə tərzini öyrən­məyə şərait yaradır.

Onun marağından və araşdırmalarından xəbər tutan Rus İmperator Coğrafiya Cəmiyətinin Batı Sibir şöbəsi Əli xan Bökeyxanovun gücündən və bacarığından istifadə etməyi qərara alır.

1896-cı ildə Əli xan Bökeyxanovu Rus İmperator Coğrafiya Cəmiyyətinin Batı Sibir şöbəsinə həqiqi üzv se­çir­lər. Cəmiyyətə həqiqi üzv olması onu elmi axtarışlara həvəs­lən­dirməklə yanaşı, bir çox alimlərlə və ziyalılarla yaxından tanış olmasına da şərait yaradır.

1903-cü ildə Peterburqda nəşr olunan “Rusiya. Vət­əni­mi­zin tam coğrafi təsviri” çoxcildliyinin (1899-1914-cü illərdə 19 cild halında çap olunmuşdur. – Ə.Ş.) 18-ci cildindəki “Böl­gədə yaşayan qazax-qırğız əhalisinin etnoqrafiyası, mədə­niy­yəti və məişəti” adlı məqaləni Əli xan Bökeyxanov ya­zır. Məqalədə qazaxların məşhur “Kozı-Kopreş və Bayan” dastanı da ilk dəfə geniş təhlil edilir.

Rusiya hökuməti Güney Sibirin təbii sərvətlərinin istis­ma­rına nail olmaq üçün F.A.Şerbinin rəhbərliyi altında bir eks­pedisiya göndərir. Bu ekspedisiya bölgə ilə tanış olacaq, oradakı insanlarla ünsiyyət yararada biləcək, bir sözlə, həm bələdçilik, həm araşdırma apara biləcək birisinə ehtiyac duy­ur. F.A.Şerbin Əli xan Bökeyxanovu 1904-cü ildə ekspedisiyaya cəlb edir.

1905-ci ildə məşhur qazax ədibi Abayın, yəni İbrahim Kunan­bayevin ölümü münasibətilə “Semiplatinskiy listok” qəzetin­də çap etdirdiyi məqaləsində ilk dəfə şairin yaradıcı­lığı­nın özəlliklərini ortaya qoyan Əlixan Bökeyxanov 1907-ci ildə Rus İmperator Coğrafiya Cəmiyyətinin Batı Sibir Şöbə­si Semiplatiniski Bölməsinin “Zapiski” (Qeydlər) jurna­lın­da çap etdirdiyi portret oçerklə Abayı rusdilli oxucuya tanıt­mış olur.

Rusiyanın geri qalmış bir aqrar ölkə olması vətən­daşlar­ı­nın çoxunu narahat edirdi. Onların çoxu geriliyin səbəbini mo­nar­xiya idarəçiliyində görürdülər. Ölkənin islahatlara böyük ehtiyacı vardı. Lakin islahatlar çox ləng aparılırdı. Buna görə də ölkədə konstitusiyalı monarxiya tərəfdarlarının sayı gündən-günə artırdı. İkiqat zülm altında qalan, əsarət altına alınmış xalqların vəziyyəti isə daha çətin idi.





Şəkildə: Solda Ahmet Baytursunov, ortada Əli xan Bökeyxan və sağda Mirjakıp Dulatov.

1905-ci ildə rus-yapon savaşını Rusiyanın uduzması vəziyyəti daha da gərginləşdirdi. Ölkəni bir itaətsizlik, mitinqlər, etirazlar dalğası bürüdü. 19-cu yüzildə Avropada görünməyə başlayan “kommunizm kabusu” Rusiyada özünə daha çox tərəfdar tapmağa başladı. İnqilabi yolla dəyişiklərə çan atanların sayı da gündən-günə artdı. Əli xan Bökeyxanov mərkəzdən uzaqlarda olsa da, oxuduğu qəzet və jurnallardan, dostlarından aldığı məktublardan ölkədə baş verənləri diqqətlə izləyirdi.

1905-ci ildə tarixə “Karqaralı petisiyası” adı ilə daxil olan hökumətə etiraz məktubunu hazırlanmasını təşkil edən Əli xan Bökeyxanov qısa bir zamanda 14500 nəfərin imzasını toplayıb petisiyanı hökumətə göndərir. Bu onun ictimai-siyasi fəaliyyəti haqqında Peterburqda, Moskva­da və b. şəhərlərdə yaşayan demokratik fikirli ziyalıla­rın xəbər tutmasına səbəb olur.

Ölkədə narazılığın artması hökumət orqanlarını islahatlar aparmağa məcbur edir. 1862-ci ildə Almaniyanın Drezden şəhərində anadan olan, Qrodno (1902) və Saratov (1903-06) vilayətlərində qubernator işləmiş P.A.Stolipin 17-19-cu yüzillərdə Avropanın bir sıra ölkələrində keçirilən aqrar islahatlarla yaxından tanış idi. O, bu islahatların Rusiyada da həyata keçirilməsini istəyirdi.

1906-cı ildən Daxili İşlər Naziri və Nazirlər Şurasının səd­ri olan P.A.Stolipin sərt cəza tədbirləri və aqrar islahatları ilə yaddaşlara hopmuşdur. O, Rusiyanın mərkəzi quber­ni­yalarındakı az torpaqlı, narazı, üsyana hazır kəndliləri Sibirə, Tür­küstana, Qafqaza köçürərək böyük torpaq sahələri ver­məklə onları sakitləşdirmək və həm də bununla bölgələrdə ruslaş­dırma siyasətini gücləndirmək istəyirdi. Lakin bu islahatlar, sərt cəzalar da Rusiyanı gerilik bataqlığından çıxarmırdı. Əslində bunlar ciddi deyil, kosmetik islahatlar təsiri bağışlayırdı.

Ölkədəki qarışıqlığı sakitləşdirmək üçün çar II Nikolayın 1905-ci ilin oktyabrında imzaladığı manifest söz, mətbuat, toplantı azadlığına şərait yaratdı. Siyasi partiyaların qurul­ma­sını sürətləndirdi. 1905-ci ilin oktyabrında Moskvada Konsti­tusiyaçı Demokrat Partiyasının birinci qurultayı çağırıldı (Bu partiya əsasən rus dilində qısaca Kadetlər partiyası kimi tanındı. – Ə.Ş.). Əli xan Bökeyxanov da bu qurultaya qatıldı.

Az sonra, yəni 1906-cı ilin yanvarında keçirilən ikinci qurultay proqram və nizamnaməni təsdiqləməklə yanaşı, P.N.Milyukov, S.A.Muromtsev, M.A.Maklakov, P.B.Struve və b. partiyanın rəhbər heyətinə seçdi. Rusiyanın əsarət altına aldığı xalqların bir çox öndərləri də bu partiyaya daxil oldular. İslahatlar yolu ilə Rusiyanı Avropanın inkişaf etmiş dövlətləri sırasına çıxaracaqlarına inanan bu insanlar bölgələrdə də partiyanın təşkilatlarını yaratdılar.

1906-cı ilin yanvarında Bakıda da partiyanın təsis yığın­cağı keçirildi. Fabrikantlardan K.İ.Xatisov, M.Q.Alibekov, S.L.Şifrin, neft sənayeçilərindən S.S.Taqianosov, knyaz İ.İ.Dadiani, gəmi sahibi F.F.Skrepinski, Bakı şəhər Duma­sının qlasnılarından İ.Hacınski, İ.Səfərəlibəyov, “Kaspi” qəze­tinin redaktoru Ə.M.Topçubaşov və yerli ziyalıların bir neçəsi büroya seçildilər. Yeni yaranan təşkilatın yerli nümayəndələrinin elə ilk gündən Qafqaza muxtariyyat tələb etməsi fikir ayrılığına səbəb oldu və onları nümayəndələrin tərkibindən çıxardılar.

Əli xan Bökeyxanovun təşkilatçılığı ilə Konstitusiyaçı Demokrat Partiyasının Uralsk şəhərində təsisi qurultayı keçirildi. Qurultayda qazaxlar, başqırdlar, tatarlar iştirak etsələr də, orada muxtariyyat tələbi irəli sürülmədi. Bundan xəbər tutan xüsusi xidmət orqanları Əli xan Bökeyxanovu və onun məsləkdaşlarının bir qismini qırğız (o dövrdə Qazaxıstan, qazax adı çox az işlədilirdi. Qazaxlar əsasən


qırğız kimi tanıdılırdı. Buna görə də biz sənədlərdə ol-duğu kimi qırğız-lar, Qırğız-ıstan yazanda bu qazaxlar, Qazaxıstan kimi də qəbul edilməlidir. – Ə.Ş.) siyasi hərəkatının rəhbəri kimi həbs edir. Lakin üç aydan sonra onları həbsdən azad etməli olurlar.

Akmolla vilayətindən Birinci Dövlət Dumasının seç­kiləri­nə qatılan Əli xan Bökeyxanov seçimdə uğur



qazanır. Du­manın toplantılarında fəallığı ilə seçilir, Dumadakı Çançılar fraksiyasına üzv olur. Çar II Nikolay Dövlət Dumasını buraxdıqda deputatlardan bir qismi Vıborqa toplaşaraq etiraz bəyan­naməsi imzalayırlar. Bəyannaməyə Əli xan Bökey­xanov da imza atır.

Əli xan Bökeyxanov Kadet partiyasının üzvü kimi Omskda nəşr olunan “İrtış”, “Omiç”, “Qolos stepi” qəzetlə­rinə redaktorluq etməklə yanaşı, 1908-ci ildə menşeviklərin “Tova­riş” qəzetininə də rəhbərlik edir, Kadetlərin Peterburq­dakı “Reç”, “Slova” nəşrlərinə də müntəzəm məqalələr göndərir.

Fəal ictimai-siayasi mövqeyinə görə onu 1908-ci ildə ye­ni­dən həbs edirlər. Bir müddət Semiplatinsk və Pavlodar həbs­xanalarına saxladıqdan sonra Samaraya sürgün edirlər. Təqib və həbslər gənc vətənsevəri ruhdan salmır. “Yeni en­sik­lopedik sözlük” və “Müasir dövlətlərdə milli hərəkatın for­ması” toplusunda “Qazaxlar” elmi-siyasi məqaləsini çap etdirir.

Qaynaqlar onun Peterburqdakı masson tipli “Çeram­ka”nın (bəzi qaynaqlarda bu “Polyarnaya zvezda” da adlanır) lojasına da daxil olduğunu və təşkilatın Samaradakı bölməsini yaratdığını, bu təşkilatda da gələcəkdə Müvəqqəti Hökumətə rəhbərkik edəcək A.F.Kerenski ilə tanış olduğunu yazırlar. Fransız massonları ilə sıx əlaqədə olan Rusiyadakı “Kiçik ayıcıq” masson qrupuna adətən Kerenskinin təşkilatı deyi­lir­di. Əli xan Bökeyxanovun masson lojasına daxil olması onu Ru­siyanın konstitusiyaçı monarxiya tərəfdarları ilə sıx bağlayır.

Sürgündə olmasına baxmayaraq 1913-cü ildə Ahmet Bay­tursunov və Mirjakıp Dulatovla birlikdə “Kazax” qəze­ti­nin nəşrini təşkil edə bilir. Əli xan Bökeyxanov və məs­lək­daş­ları qısa bir zamanda qəzeti milli ziyalıların ideoloji mər­kə­zi­nə çevirirlər. Qəzetlərdə açıq imza ilə və “Qır balası”, “Step­niyak”, yəni Çöllü oğlu təxəllüsü ilə “Duma partiyası”, “Du­ma və qazaxlar”, “Avqust Bebel” və b. məqalələr çap etdirir.

Sürgündə də siyasi fəaliyyətini davam etdirən Əli xan Bökeyxanov 1914-cü ilin iyununda keçirilən Ümumrusiya Müsəlmanları Qurultayının da fəal təşkilatçılarından biri olur. O, Dövlət Dumasında müsəlman deputatlarının fraksi­yasının təşkilatçılarından və fraksiyanın büro üzvü olmaqla yanaşı, 1912-17-ci illərdə Kadetlər partiyasının Mərkəzi Komitəsinin üzvü kimi də siyasi fəaliyyətini davam etdirir.

1915-ci ilin avqustunda Xalq Azadlıq Partiyasının Sama­ra Quberniya Komitəsinə üzv seçilən Əli xan Bökeyxanov 1916-cı ildə Ümumrusiya Əkinçilər Qurultayı­nın təşkilatçı­ları sıra­sın­da mühüm işlər görür. Həmin qurultay yaradılması plan­laşdırılan Sibir Respublikasının tərkibində Qazaxıstana mux­ta­riyyat verilməsini qərara alır.

1917-ci ilin fevralında çar II Nikolay taxtdan uzaq­laş­dırılır və Müvəqqəti Hökumət qurulur. Hökumətdə Kadetlər aparıcı mövqe tutur. Partiyanın liderlərindən olan A.F.Ke­rens­ki hökumətə rəhbərlik edir. Müvəqqəti Hökumət yeni idarəetmə sistemi qurmağa çalışır. Müvəqqəti Hökumətin Məclisinə türk-müsəlmanlardan Sədri Maksudi, Muham­med­jan Tınışbay və Əli xan Bökeyxanov qəbul edilir. Onlar məc­lisdə azlıq təşkil etdiklərindən millətləri üçün gərəkli heç bir qərar qəbul etdirə bilmirlər.

Əllərindən zorla alınan torpaqları geri qaytarmaq, rusların bölgəyə axınının qarşısını almaq, müsəlmanların haqlarını mü­dafiəsinə nail olmaq üçün türküstanlılar 1917-ci ilin apre­lində Müsəlman Konfransını çağırdılar. Müsəlmanların haq­larının qorumaq məqsədilə konfransda Türküstan Mərkəzi Şurası yaradılır ki, sonra bu təşkilatın adı dəyişdirilərək Milli Mərkəz adlandırılır.

1917-ci il mayın 14-24-də Moskvada IV Dövlət Duma­sı­nın müsəlman nümayəndələri və türk ziyalıları, siyasi xa­dimləri Rusiya Müsəlmanlarının Konfransını keçirirlər. Kon­frans çox gərgin keçir. Gərginliyə səbəb isə milli mədəni muxtariyyat, mədəni muxtariyyat və müstəqillik tərəfdarları­nın fikirləri üzərində qətiyyətlə durmaları idi.

Əli xan Bökeyxanov masson lojasındakı, Kadetlər parti­ya­­sı­nın fəaliyyətinə və A.F.Kerenski ilə şəxsi münasibətinə gö­rə Turqay vilayətinə Müvəqqəti Hökumətin Komissarı təyin edilir.

Lakin az keçmir ki, Əli xan Bökeyxanov “Mən Kadetlər partiyasından niyə çıxdım?” məqaləsini çap etdirir. Məqalədə göstərir ki, çar II Nikolay hakimiyyətdən uzaqlaşdırılsa da, masson qardaşları və Kadet partiyasının rəhbərliyi imperiya təfəkküründən əl çəkməmişdir. Onlar əsarət altına alınmış xalqların azadlığa qovuşmalarına əngəl törədirlər.

Əli xan Bökeyxanov muxtariyyata nail olmaq üçün siyasi qüvvələrlə danışıqlar aparır, ortaq məxrəcə gələcəkləri nöqtələri axtarırdı. 1917-ci ilin iyul ayında onun rəhbərliyi və təşkilatçılığı ilə Birinci Ümumqazax Qurultayı çağırılır və

Alaş (Hərəkat öz adını qazaxların əfsanəvi atası Alaş xandan almışdır. Qızıl Ordanın bir adı da Alaş Ordasıdır – Ə.Ş.) xalq hərəkatı əsasında 1906-cı ildə yaradılan Konstitusiyaçı Demokrat Partiyasının Omsk qrupunun üzvlərinin çoxu yeni yaradılan milli Alaş Partiyasına daxil olur. Bu partiya yarandığı ilk gündən qazax-qırğızların muxtariyyatına nail olmağa çalışır.

Bolşeviklər 1917-ci il oktyabrın 25-də Müvəqqəti Höku­məti silah gücünə hakimiyyətdən uzaqlaşdırır və noyabrın 28-də (yeni təqvimlə dekabrın 11-də – Ə.Ş.) Kadetlər partiya­sını “xalq düşmənlərinin partiyası” elan edərək, fəaliy­yətini yasaqlayır. Ökədə irticanın baş qaldırdığını görən Kadetlər gizli fəaliyyətə keçirlər. Baş verənlər qazaxların milli qüvvələrinin böyük əksəriyyətinin Alaş Partiyası ətrafında birləşməsini sürətləndirir. Alaşçıların hakimiyyəti ələ alan Sovetlərin antidemokratik hərəkatını kəskin tənqid etdiklərindən bolşeviklərlə aralarında dərin ixtilaf yaranır.



Alaş Orda öndərlərinin 1918-ci ildə çəkdirdikləri bir şəkil.Birinci cərgədə: soldan Jakabay Atike ulı, Jubandık Bolqanbay ulı, Turaqul Abay ulı, Əli xan Bökeyxan, Rayımjan Marsekov, ikinci cərgədə soldan ikinci Mukan Jakenjan ulu və ondan sonrakı Kokbay Janatay ulı.

Çimkənd, Almatı, Bökeyevski Orda, Türküstan, Ka­zalinsk, Kokçetav, Akmolla müqavimətsiz Sovetlərin əlinə keçir. Lakin Orenburq, Uralsk, Semiplatinsk bölgələrində Sovetlərə qarşı güclü müqavimət hərəkatı başlayır. O dövrdə Orenburq qazaxların mərkəzi sayılırdı.

1917-ci il dekabrın 5-13-də Orenburq şəhərində keçirilən II Ümumqırğız Qurultayında qazaxların necə yaşayacaqları, hansı idarəetmə formasından istifadə edəcəkləri, kimlərlə ittifaqa girəcəkləri geniş müzakirə olunur. Çoxluğun səsverməsi ilə Alaş Orda Muxtariyyatının qurulduğu elan edilir. Yeni hökumətin Müvəqqəti Xalq Şurasına 25 nəfər seçilir. Bölgədə yaşayan bütün xalqların Müvəqqəti Xalq Şurasında təmsil olunması üçün 15 yer qazax-qırğızlar, 10 yer isə burada yaşayan başqa xalqlar üçün ayrılır. Əli xan Bökeyxanov hökumətin rəhbəri seçilir. Əslində Qazaxıstan iki yerə bölünmüşdü. Batı tərəfin lideri Əli xan Bökeyxanov idisə, doğu bölməsinə Amangəldi İmanov rəhbərlik edirdi. 1905-06-cı il üsyanlarının fəal iştirakçısı, 1916-cı il üsyanının rəhbərlərindən biri olan Amangəldi İma­nov (3.4.1873-18.5.1919) 1918-ci ildə Rusiya Kommunist (bolşeviklər) Partiyası sıralarına keçdiyindən Albi Jangildin­lə birlikdə Sovetlərin mövqeyini müdafiə etdi.

Daşkənddə isə silah gücünə hakimiyyəti ələ alan sovetləri isə yalnız əsgərlər və dəmiryolçular müdafiə edirdilər. Əllərində silah hərbi güc olan sovetlər erməniləri də səfərbərliyə alaraq, şəhərdə müsəlamanların kütləvi qırğınını təşkil etdilər. Hakimiyyəti ələ alan yerli əhali arasında proletariy­yat, fəhlə sinfi olmadığını bəhanə edən bolşeviklər müsəlmanları hökumətin idarə edilməsinə yaxın buraxma­dılar. Türküstan Sovet Komissarlığının yürütdüyü bu siyasət Moskva­nın xalqlara azadlıq verəcəyi haqda vədin puç olduğunu ortaya qoydu.

Çar II Nikolay taxtdan salındıqdan sonra ona qarşı mübarizə aparan qüvvələr arasındakı fikir ayrılığı ölüm-dirim savaşına, vətəndaş müharibəsinə gətirib çıxarır. Əli xan Bökeyxanov və onunla həmfikir olanlar Başqırd-Tatarların milli qüvvələrilə və Kokandda Türküstan Muxtariyyatı elan edənlərlə razılığa gələ bilmirlər. Bu da milli qüvvələrin onsuz da zəif olan gücünün parçalanmasına səbəb olur.

Əli xan Bökeyxanovun rəhbərlik etdiyi hökumətin yetərincə kadrı, ordusu olmadığından qazaxların yaşadığı böyük bir ərazini yeni qaydalarla idarə edə bilmir. Bolşeviklərdən yardım alan və onların qazax xalqına azadlıq bəxş edəcəyinə inananlar ölkənin Quzey-Batısını nəzarətləri altından saxlayırlar. Çar ordusunun polkovniki, kazak qoşununun atamanı A.İ.Dutov 1917-ci ilin noyabrında tatar, başqırd, qazax iş adamlarının, torpaq sahiblərinin və ziya­lıların yardımı ilə Uralın güneyində Sovetlərə tabe olmadığını bildirərək dəmiryolunu və bir çox strateji məntəqələri tutmaqla sovetlərin Sibir və Türküstanla əlaqəsini kəsdi. 1918-ci ilin aprelinədək hakimiyyətini sürdürdüyü hərbi hökumət qurur. Belə gərgin, milli qüv­vələrin parçalanmış halda olduğu vəziyyətdə Əli xan Bökeyxa­nov Tomskda keçirilən qurultayda yeni yaradılacaq Müvəq­qəti Sibir Hökumətinin tərkibində qazaxlara muxtariyyat verilməsi fikrilə razılaşır.

Bolşeviklər qazax inqilabçılarından A.T.Jangildinin başçılıq etdiyi əsgəri birlikləri Orenburq üzərinə, A.İ.Dutova qarşı döyüşə göndərir. 1918-ci il yanvarın 29-dakı döyüşdə Dutovçular məğlub olaraq Yuxarı Urala çəkilirlər. Lakin bolşeviklər də Orenburqda çox qala bilmir.

Belə ki, 1918-ci il yanvarın 6-da bolşeviklərin göstərişi ilə matros A.Jelezniyak Tavriya sarayında keçirilən Müəssislər Məclisinin toplantısını dağıdır. Çünki toplanmış 410 deputatların böyük əksəriyyəti eserler və kadetlər idi. Bolşeviklər silah gücünə əldə etdikləri hakimiyyəti seçimlə itirmək istəmirdilər. Onlar Müəssislər Məclisini dağıtmaqla kifayətlənməyib müxalif partiyaların fəaliyyətinə qadağa qoydular. Müəssislər Məclisinin üzvlərinin əksəriyyəti gizli fəaliyyətə keçdilər.

Birinci Dünya Savaşında Avstriya-Macarıstan ordusunun hərbi əsirlərindən və Rusiyada yaşayan çexlərdən təşkil edilmiş 45 min nəfərlik korpus ilə bolşeviklər hakimiyyəti ələ aldıqdan sonra özlərini Fransa ordusunun tərkib hissəsi elan edərək, Avropaya göndərilmələrini tələb etdilər. Bolşeviklər isə onlara qısa yolla getmələrinə izin verməyib, silahlarını təhvil vermələrini və Vladivostokdan getmələrini təklif etdi. Bolşeviklərin vədlərinə əməl etməyəcəklərini düşünən Çexoslavakiya Korpusunda üsyan baş verdi.

1918-ci il mayın 25-də Marinskdə, 26-da Çelyabinskidə başla­yan qiyam qısa müddətdə dəmirboyunda, Vladivosto­ka­dək uzanan 7 min kilometrlik bir məsafəyə yayıldı. Samara şəhəri də onların əlinə keçir. İyulun 1-də Orenburq da bolşe­viklərdən təmizlənir. Eserlərin böyük bir qismi də qiyamçıları müdafiə edir və bu üsyandan yararlanmağa çalışırlar.

Vəziyyətin gərginliyi, bolşeviklərin inqilabi dəyərlərə əməl etməyərək diktatura qurmalarından narazı qalan Müəssislər Məclisinin üzvlərindən 29 nədər 1918-ci il iyulun 8-də Samarada toplantılarını keçirdilər və qısa adı Komuç olan təşkilatı qurub Xalq Ordusu yaradaraq, bolşeviklərə qarşı döyüşlərə hazırlaşdılar. Onlar mövqelərini möhkəmlətmək üçün Alaş Ordaçılardan Əli xan Bökeyxanovu və Mustafa Çokayevi Samaraya dəvət edərək hərbi-siyasi ittifaq bağlamağı təklif edir.

Müəssislər Məclisi deputatlarının bir qismi də Omskda toplanaraq, Müvəqqəti Sibir Hökumətini qurdular. Sonra hər iki qurup birləşdi. 1918-ci il sentyabrın 23-də Uralsk şəhə-



rində Ümumrusiya Müvəqqəti Hökuməti, Ufa Drektoriyası

1918-ci ilin oktyabrında Direktoriyası kimi tanınan Müvəqqəti Sibir hökuməti qurulur. Çox vaxt Ufa Direktoriyası adlandırılan bu hökumət 1918-ci ilin oktyabrında Omska kö­çürülür. Noyabr ayında isə admiral Aleksandr Kolçak hö­ku­mətə Hərbi Dəniz Naziri təyin edilir. Az sonra A.Kolçak çevriliş edə-rək Drektoriyanın həbs edilməsi, eləcə də Alaş Orda və Başqırdıstan Müxtariyyatlarının ləğvi də sərancam imzalayır.

Qazax-qırğız vətənpərvərləri be­lə gərgin, tez-tez dəyişən bir vəziy­yətdə kimin yanında ol­maq, kiminlə əməkdaşlıq etmək məsələsində çətinlik çəkirdilər. Onların arasındakı fikir ayrılığı milli mənafeyə ağır zərbə vu­rurdu.

H
Əli xan Bökeyxanovun çəkdirdiyi son şəkillərdən.
əmişə Rusiya meyilli olan Əli xan Bökeyxanov belə gərgin və qarışıq bir dövrdə A.V.Kolçakla əmkdaşlıq etməyə üstünlük verir. V.İ.Leninin rəh­bərliyi ilə bolşeviklərin silah gücünə hakimiyyəti ələ alma­la­rını demokratiyaya və qanun­çu­luğa zidd sayan Əli xan Bökeyxanov “Ümumsibir qurultayı” məqa­ləsini “Sarı arka” qəzetində dərc etdirir.


Əli xan Bökeyev bir tərəfdən 1917-ci ilin dekabrında Kokandda qurulmuş Türküstan Muxtariyyatının rəhbərlərini Orenburqda dekabrın 5-13-də keçirilən İkinci Ümumqırğız Qurultayına dəvət edərək onlara Alaş Orda Muxtariyyatında nazir vəzifələri verir, bir tərəfdən Ahmet Baytursunovu Moskvaya bolşevik lərlə danışığa göndərir, o biri tərəfdən də Başqırdıstan Muxtariyyatı rəhbərlərilə, A.Dutov, A.Kolçak və b. danışıqlar aparır. Alaş Ordaçılar Mustafa Çakoyev tərəfindən qurulmuş Türküstan Müslümanları Komitəsi ilə yaxınlıq etdikləri kimi Osmanlı dövlətindəki Gənc (Jön) Türklər hərəkatı və İtil-Kama bölgəsindəki M.Soltanqaliyev tərəfindən qurulmuş Türk-Tatar Komitəsi ilə də əməkdaşlıq etdiklərini yazırlar.

1919-cu ildə bolşeviklərin güclənərək ağqvardiyaçıları sıxışdırması Alaş Oradçılar arasında fikir ayrılığını artırır. 1919-cu ilin aprelində Moskvaya gələn Alaş Ordaçıların nümayəndə heyəti Sovet rəhbərlərindən Lenin, Stalin, Trodski və b. görüşür. Razılığa gəlinir ki, bolşeviklər qazaxla­rın muxtariyyatını tanıyacaqlar və Alaş Orda hökumə­tinin bolşeviklərə qarşı vuruşmuş üzvlərinə aministi­ya verəcəklər.

Alaş Ordaçılardan Ahmet Baytursunov, Mirjakıp Dulatov, Jusipbey Aymautov, Maqjan Jumabayev və başqa öncülləri də bolşeviklərin sırasına qoşuldular.

Sovet hökuməti 1919-cu il noyabrın 4-də Alaş Ordaçılara aministiya verildiyi haqqında qərar qəbul edir. Bunun ardınca, yəni 1919-cu il dekabrın 21-də Alaş Orda Şurası Uş (Üç) juz (cuz) milli partiyasının buraxılması və hökumətinin Sovet Rusiyasının tərkibində müxtariyyat hüququnda fəaliyyət göstərməsi haqqında qərar verir.

1917-ci il dekabrın 13-də yaradılmış Alaş Orda Muxtariy­yatı 1920-ci il avqustun 26-da Qırğızıstan Muxtariyyatına çevrilir. Lakin bolşeviklər verdikləri vədə əməl etmirlər. Nü-mayəndə heyəti Moskvadan ayrılan kimi İosif Stalin Rusiya Fəhlə Kəndli Şurasına teleqram vuraraq, qazax milliyətçi-lərinə qarşı sərt tədbirlər görmələrini əmr edir. Bundan sonra bolşeviklərin Qızıl Ordu adlandırdıqları əsgəri birliklər Alaş Ordanın ərazisində yerləşdirilir.

Əli xan Bökeyxanovu yeni yaradılan Qırğızıstan Muxtar Sovet Sosialist Respublikası Xalq Torpaq Komissarlığında kollegiya üzvü təyin edirlər. Az sonra o, bolşeviklərlə əmək-daşlıq edəcək hökumətdən çəkilərək, mədəni quruculuq işlə-rində, xalqının maarifləndirilməsi sahəsində çalışmağı qərara alır.

1922-ci ildə bolşeviklərin basqısına tab gətirməyən alaş ordaçılar üsyan qaldırır. Milli kadrların böyük bir qismi həbs eilir və ya istintaqa çağırılır. Əli xan Bökeyxanov bu tutha-tutdan qurtularaq Moskvaya göndərilir. Əslində bunun arxa-sında onun xalqdan, Qazaxıstandan uzaqlaşdırılması dururdu. Moskvada Xalq Komissarlığı yanındakı Mərkəzi Nəşriyyatda milli məsələlər üzrə elmi işçi kimi fəaliyyətə başlayır. 1926-27-ci illərdə isə Rusiya Elmlər Akademiya­sında elmi işçi kimi çalışır.

Onun Qazaxıstanın torpaqlarının bölüşdürülməsi komissi-ya­sın­da olduğuna dair də sənədlər var. Sənədlərdən aydın olur ki, Əli xan Bökeyxanov Qazaxıstana rusların köcürülmə­sinin münasib olmadığı haqqında arayış hazırlayıb. Lakin onun ha-zırladığı arayış nə Qazaxıstan Ölkə Partiya Komitəsinin birinci katibi F.İ. Qoloşşekin, nə də mərkəzin xoşuna gəlir.

Əli xan Bökeyxanovun Sovet hakimiyyəti illərindəki fə-aliyyəti haqqında geniş bilgi əldə edə bilmədik. Bir onu öyrənə bildik ki, daimi nəzarət, təqib və təziq altında olub. Sənədlərdən aydın olur ki, Sovet xüsusi xidmət orqanların­dan icazəsiz Moskvadan çıxıb, Aktyubnskiyə gəldiyinə görə 1926-cı ildə həbs edilərək Moskvadakı Butırsk həbsxanasına göndərilir. İki həftəlik istintaqdan sonra onu hansısa şərtlərlə həbsdən azad edirlər.

Butırsk həbsxanasından buraxıldıqdan sonra harada işlədiyi, nə işlər gördüyü haqda bilgi toplaya bilmədik. Əldə etdiyimiz yeganə bilgi ondan ibarətdir ki, 1937-ci ildə yeni-dən həbs edilərək sentyabrın 27-də güllələnib.

Siyasət aləminə ilk addımımı atan hər bir şəxs dövrün ictimai-siyasi dəyərləndirməklə yanaşı, gələcəyi də görə bilməlidir. Belə olmadıqda xalqının və millətinin xoşbəxt gələcəyi naminə mübarizə meydanına atılanların atdıqları addımlar da həm onun istəklərinin əleyhinə olur, həm də xalqının və özünün həyatına ağır zərbə vurmuş olur. Əli xan Bökeyxanov da istər Qazax xalqının oxumamış, Avropa mədəniyyətinə yiyələnməmiş təbəqələri, istərsə də Qazaxlarla eyni dildə danışan, eyni dinə inanan Özbəklərin, Türkmənlərin, Qırğızlarının, Qaraqalpaqların və b. xalqların nümayəndələri ilə dil tapmaq, onlarla iş birliyinə getmək istəmədi. Bu da həm xalqı, həm də öz həyatı üçün faciəli nəticə verdi.

1937-ci ildə həbs edilənlərin əksəriyyətinə Sov.İKP XX qurultayından sonra bəraət verilsə də, Əli xan Bökeyxanova bəraət verilməmişdir. Sovet hökumətinin dağılması ərəfə-sində, yəni 1989-cu il mayın 14-də bəraət verilmişdir.

Uzun illər adının çəkilməsi qadağan olunsa belə, qazax xalqı onun xidmətlərini unutmamışdır. Sovet hökuməti dağıl-dıqdan sonra Qazaxıstanda Əli xan Bökeyxanovun adı əbədi-ləşdirilib, əsərləri nəşr olunmağa başlayıb.


Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə