ƏLİ VƏ Nİno (1927), Qurban Səid



Yüklə 1,02 Mb.
səhifə10/19
tarix30.12.2017
ölçüsü1,02 Mb.
#18754
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   19

– Bizim vəziyyətimiz daha başqadır. Biz məngənədə deyilik.


– Biz zindanın üstündə uzanmışıq, böyük knyaz də çəkici əlində tutub. Ona görə də ona nifrət edirik.

– Siz Ənvər paşanı sevirsiniz. Bu ağılsız bir şeydir. Onun şəhərimizə gəlişini heç bir vaxt görməyəcəksiniz. Böyük knyaz qələbə çalacaq.

– Allah böyükdür və orasını ancaq allah bilir, – deyə ehtiyatlı cavab verdim.

XVI


Böyük knyazın qoşunları Trabzona girmiş, Ərzurumu almış, Kürdüstan dağlarını aşıb Bağdad istiqamətində irəliləyirdilər. Böyük knyazın qoşunları Tehrana, Təbrizə və hətta müqəddəs Məşhədə belə soxulmuşdular. Artıq Türkiyənin və İranın yarısı üzərində Nikolay Nikolayeviçin zəhmli kabusu dolaşırdı. Böyük knyaz gürcü zadəganlarının toplantılarının birində belə demişdi:

“Çarın əmrinə tabe olaraq mən, İstanbuldakı Aya Sofyanın qübbəsi üzərində qızıl Bizans xaçının öz şan, şöhrətilə parlamayacağına qədər rahatlıq tapa bilməyəcəyəm”.

Hilal bayraqlı ölkələrin vəziyyəti yaxşı deyildi. Şəhərdə Osmanlı imperatorluğunun qüdrətindən və Ənvər paşanın müzəffər qılıncından danışan qoçularla, hamballar qalmışdılar. İran kimi bir ölkə artıq mövcud deyildi, bir az sonra Türkiyə adında bir ölkə də qalmayacaqdı.

Atam yaman qaradinməz olmuşdu, o, çox zaman evdə olmurdu. O, bəzən müharibə bülletenlərini oxuyur və xəritələrə baxırdı. Əldən gedən şəhərlərin adlarını pıçıltı ilə çəkirdi. Sonra da əlində təsbeh saatlarla danışmadan bir yerdə otururdu. Mən isə zərgərxanaları, çiçək dükanlarını və kitab mağazalarını durmadan gəzib Ninoya qiymətli hədiyyələr alırdım. Bu işləri gördüyüm zaman müharibə böyük knyaz və təhlükə altında olan hilal bayrağı bir neçə saatlığa zehnimdən çıxıb yayınırdı.

Bir gün atam dedi: “Axşam evdə ol, Əli xan. bizə bəzi adamlar gələcək və bəzi məsələlər barədə söhbət edəcəyik”.

O bir az pərt idi. Başını yana çevirərkən, vəziyyəti anladım və istehza ilə dedim:

Ata, məgər mən sənə and içməmişdim ki, mən heç vaxt siyasətlə məşğul olmayacağam.

– Öz xalqının taleyi ilə maraqlanmaq və onun qeydinə qalmaq, siyasətlə məşğul olmaq demək deyildir. Əli xan, elə vaxtlar olur ki, xalqın taleyini düşünmək və onun qeydinə qalmaq bir vəzifəyə çevrilir.

O axşam Ninonu operaya aparmaq üçün əvvəlcədən hazırlıq görmüşdüm.

Bakıya mahir sənət ustası Şalyapin gəlmişdi. Nino neçə gün idi ki, bu tamaşaya baxmağa hazırlaşırdı.

İşim olduğu üçün telefonun dəstəyini götürüb İlyas bəyə zəng etdim: “İlyas bəy, bu gün mənim vacib işim var. Ninonu mənim yerimə operaya apara bilərsənmi? Biletləri əvvəlcədən almışam”.

Xəttin o başından dilxor bir səs gəldi: “Nə danışırsan Əli xan? axşamlar sərbəst olmadığımı bilmirsənmi? Bu gecə mən Məmməd Heydərlə kazarmada növbətçiyəm”.

Sonra Seyid Mustafaya zəng etdim.

– Gedə bilmərəm, – dedi, çünki, bu axşam hörmətli imam Hacı Maqsud ilə görüşüm var. O, İrandan yalnız iki-üç günlüyə gəlib.

Axırda Naçararyana zəng etməli oldum. Onun səsində böyük çaşqınlıq ifadəsi hiss olunurdu: “Yaxşı, sən nə üçün operaya getmək istəmirsən, Əli xan?” – deyə soruşdu.

– Evdə qonaqlarımız var – dedim.

– Sənin xahişinə və bu gecə operada Şalyapin iştirak etdiyinə görə gedərəm.

Çox şükür! Darda olan adama köməklik edən həyatda həqiqi dostdur.

Ninoya zəng edib, gələ bilməyəcəyimi və onu operaya Naçararyanın müşayiət edəcəyini söylədim və operaya getməyib evdə qaldım.

Düz saat yeddidə gözlədiyimiz qonaqlar gəlməyə başladılar. Var dövləti bir milyardı aşan qonaqlarımız, qırmızı xalçalar və quş tükündən olan osmanlı döşəkçələri sərilmiş böyük zalımıza toplaşmışdılar. Qonaqların sayı çox deyildi. Mən onların hamısını neçə illər idi ki, tanıyırdım.

İlyas bəyin atası Zeynal ağa birinci gəlmişdi. Onun beli bükülmüş, sulu gözləri dumanlaşmışdı. Zeynal ağa divanda oturub, həsasını yanına qoydu və bir tikə türk halvasından götürüb yavaş-yavaş yeməyə başladı. Ondan sonra iki qardaş, Əli Əsədulla və Mirzə Əsədulla bizə gəldilər. Onların mərhum ataları Şəmsi bəy on iki milyon pul qoyub getmişdi. Qardaşlara atalarının zəkası da ayrıca miras qalmışdı. Onlar üstəlik yazıb-oxumağı öyrənmişdilər. Ona görə də onlar atadan qalan milyonların sayını qat-qat artırmışdılar.

Mirzə Əsədulla pulu, ağıllı insanları və sakitliyi sevərdi. Qardaşı Əli Əsədulla isə Zərdüşt atəşi kimi idi. O tükənməz alova bənzəyirdi. Durmadan hərəkətdə idi. Onun vuruşmaqdan və sərgüzəştdən xoşu gəlirdi.

Hər yerdə onun girişdiyi vuruşmalarda tökdüyü qanlı hadisələrdən söhbət edilirdi. Onun yanında oturan qaraqabaq Bunyatzadə sərgüzəşti sevməzdi, amma eşqdən çox xoşlanardı. Aramızda dörd arvadı olan yeganə adam o idi. Onun arvadları bir-biriləri ilə amansızcasına dalaşardılar. Onlara görə Bunyatzadə xəcalət çəkirdi, amma öz təbiətinə qarşı heç nə edə bilmirdi. Ondan neçə uşağı olduğunu soruşanda, daima qəmli-qəmli cavab verirdi: “Bilmirəm on beşdir və yaxud on səkkiz. Axı mən yazıq bunu haradan bilim?” ondan milyonların sayını soruşanda da o, eyni cavabı verərdi.

Zalın o biri küncündə oturan Yusif oğlu Bunyadzadəyə paxıllıq və bir az qısqanclıqla baxırdı. Yusif oğlunun bircə arvadı var idi, deyilənə görə o da eybəcərin biri idi. Onun arvadı hələ toyları olan gün ona demişdi: “Əgər sən xəyanət edib başqa qadınlara baxsan, mən o qadınların əvvəlcə qulaqlarını, sonra burunlarını və döşlərini kəsəcəyəm. Sənə nə edəcəyimi isə demək istəmirəm” bu qadın davakar bir ailənin qızı idi. Zavallı Yusif oğlu arvadının hədə-qorxusundan çəkinərək sağına-soluna baxmaz, rəsm toplamaqla məşğul olardı.

Saat səkkizin yarısında zalımıza balacaboy və arıq bir kişi girdi. Onun incə barmaqlarının dırnaqları xınalı idi. O qapıdan içəri girəndə hamımız yerimizdən qalxıb ona başsağlığı verdik. Çünki ona bədbəxtlik üz vermişdi. Bir neçə vaxt bundan qabaq onun yeganə oğlu İsmayıl vəfat etmişdi. Kişi oğlunun xatirəsinə Nikolay küçəsində cah-cəlallı bir imarət tikdirmişdi. Binanın üz tərəfində par-par parıldayan iri qızıl hərflərlə “İsmayıl” sözü yazılmışdı. Kişi bu binanın İslam xeyriyyə cəmiyyətinə verilməsini vəsiyyət etmişdi. O kişinin adı Ağa Musa Nağı idi və iki yüz milyon manata sahib olduğu üçün bizim dəstəmizə daxil ola bilmişdi. Çünki Ağa Musa artıq müsəlman deyildi. O, Nəsrəddin şahın edam etdirdiyi Mürtəd Babın kafir təriqətinə mənsub idi. Babın nə istədiyini aramızda yalnız bir neçəsi bilirdi. Amma hamımız yaxşı bilirdik ki, Nəsrəddin şah Bahailərin dırnağının altına yanıb közərmiş biz batırtdırır, onları diri-diri tonqallarda yandırtdırır və qamçı ilə ölənə qədər döydürürdü. Bu cür ağır cəzalara məruz qalan bir təriqət insanlara hökmən çox şeytanı şeylər öyrətməyə çalışmalıydı.

Saat səkkizdə qonaqların hamısı evimizin böyük zalında toplaşmışdılar. Neft şahzadələri zalda oturub çay içirdilər, şirniyyət yeyirdilər və durmadan inkişaf edən işlərindən, evlərindən, atlarından, bağlarından, qumarxanadakı yaşıl mahud örtüklü masaların üstündə uduzduqları pullardan danışırdılar. Onlar adətə sadiq qalıb saat doqquza qədər bütün danışıqlarını yekunlaşdırdılar. Saat düz doqquzda nökərlər gəlib süfrəni yığışdırdılar və zalın qapısını bağlayandan sonra atam “Şəmsi Əsədullanın oğlu Mirzə Əsdullanın xalqımızın taleyi barədə bəzi fikirləri var. Gəlin onu dinləyək” deyərək toplantını açdı.

Mirzə Əsədulla o gözəl, xülyalı başını qaldırıb danışmağa başladı: “Bu müharibəni Böyük Knyaz udarsa, artıq xəritədə bir dənə də olsun İslam ölkəsi qalmayacaq, çarın üzərimizə enəcək qolu daha çox güclənəcək. Çar bu gecə burada toplanmış olan bizlərə əlbəttə ki, toxunmayacaq, çünki bizlər pulluyuq. Amma məscidlərimizi, məktəblərimizi bir-bir bağlayacaq və ana dilimizdə danışmağımızı da qadağan edəcəkdir. Vətənimizi əcnəbilər idarə etməyə başlayacaqlar. Çünki, Məhəmməd Hümmətini qoruyacaq kimsə qalmamış olacaq. Əgər müharibəni Ənvər Paşa udarsa, vəziyyətimiz yaxşı olacaqdır. Amma bu işdə biz ona kömək göstərə bilərikmi? Mənim fikrimcə yox, kömək edə bilmərik. Bəli, biz pulluyuq, amma çar bizdən də pulludur. Bəs biz bu vəziyyətdə nə etməliyik? Əgər biz pulumuzun bir qismini və xalqımızdan ibarət alay yaradaraq onu silahlandırıb çara versək, bəlkə müharibədən sonra bizlə mülayim rəftar edər. Siz nə fikirdəsiniz? Bəlkə bunun başqa çıxış yolu vardır?

Onun qardaşı Əli söz alıb dedi:

– Çarın qolu daha çox güclənəcək deyirsən. Kim bilir, bəlkə müharibədən sonra çarın heç qolu da qalmayacaq.

Amma, çar getsə də, ölkəmizdə çoxlu rus qalacaq. Qardaşım, onların sayı azala da bilər.

– Onların hamısını qırıb tökmək olmaz, Əli.

Sonra qocalıb taqətdən düşmüş Zeynal ağa söz alıb donuq bir səslə danışmağa başladı:

– Kitabda yazılanı heç kim bilmir. Böyük knyaz İstanbulu alsa belə, onun qələbəsi qələbə sayıla bilməz. Çünki bizim xoşbəxtliyimizin açarı İstanbulda deyil, açar Qərbdədir. Qərb cəbhəsində isə türklər qalib gələcəklər. Ruslar Trabzonu, türklər də Varsavanı alıblar. Ruslardan danışırsınız? Onlarda heç rusluq qalıbdımı? Eşitmişəm ki, Rasputin adında bir kəndli çara hökmranlıq edir, onun qızlarını sığallayır, çarın arvadına da “Mama” deyir. Çarı taxtından yıxmaq istəyən knyazlar da vardır. Hətta üsyan eləməyə hazırlaşanlar da vardır. Müharibədən sonra hər şey kökündən dəyişəcək. Heç bir şey köhnədəki kimi olmayacaq.

Uzun bığları və parıldayan gözləri olan bir kök adam söz alıb dedi: “Bəli, bu müharibədən sonra həqiqətən hər şey kökündən dəyişəcək”.

Bunları söyləyən, peşəsi vəkil olan, Xoylu Fətəli xan idi. Biz onun daima xalq işinin qayğısını və qeyrətini çəkən bir adam olduğunu bilirdik.

Fətəli xan ciddiləşib sözünə davam etdi:

– Hər şeyin dəyişəcəyi üçün biz heç kimdən lütfkarlıq diləməli deyilik. Bu müharibədə kim qalib gəlirsə-gəlsin, onun döyüşlərdə aldığı yaralar çox olacaq və o zəifləyəcək. Biz isə zəif düşməyəcəyik, yaralılarımız olmayacaq, dilənmək ehtiyacını duymayacağıq və gur səslə tələb etmək gücünə sahib olacağıq. Bizim ölkəmiz müsəlman ölkəsidir. Biz Osmanlılardan nə gözləyiriksə. Romanovlardan da eyni şeyi tələb edirik. Bizi hər sahədə maraqlandıran müstəqillikdir. Müharibədən sonra bu güclü dövlətlər nə qədər zəif düşsələr, biz o qədər azadlığa yaxınlaşacağıq. Bu azadlıq bizə itirilmiş qüdrətimizdən, pulumuzdan və neftimizdən gələcək. Elə buna görə də unutmayın ki, bizim dünyaya yox, dünyanın bizə ehtiyacı olacaqdır.

Zalda bir milyard manat toplamış qonaqlarımızı bu sözlər son dərəcə məmnun etmişdi. İndi gözləmək və kimin qalib gələcəyini görmək lazımdır: ruslarınmı, yoxsa türklərinmi? Bizim neftimiz vardı, müharibədən qalib çıxan da bizə yalvarıb dütfkarlıq diləyəcək. Bəs o vaxta qədər biz nə etməliyik? Xəstəxanalar, uşaq bağçaları, korlara məxsus klinikalar tikdirməliyik. Haqq Dini uğrunda vuruşanlara sığınacaq verməliyik. Elə etməliyik ki. bizi əqidəsizlikdə günahlandırmasınlar.

Mən isə dinməz-söyləməz bir küncdə oturmuşdum. Əli Əsədulla zalın o başından gəlib yanımda oturdu: “Bu barədə siz nə fikirdəsiniz, Əli xan?” – deyə məndən soruşdu. Əli Əsədulla mənim cavabımı gözləmədən başını mənə tərəf əyib, pıçıltı ilə danışmağa başladı: “Ölkəmizdəki rusların hamısını təmizləmək yaxşı olmazdımı? Təkcə rusları yox, bizim dilimizdə danışmayan, bizim dinismizdən olmayan, və bizdən fərqli düşünən bütün əcnəbiləri təmizləsək daha yaxşı olmazdımı? Əslində biz hamımız bunu istəyirik, amma bu düşüncəni açıq söyləməyə cəsarət tapan tək mənəm. Bəs bundan sonra nə olacaq? Mənə sual verirsinizsə, şəxsən mən Ənvər Paşaya üstünlük verərdim. Amma ölkəmizi Fətəli xan da idarə edə bilər. Başlıca məsələ isə odur ki, ölkəmizdən əcnəbiləri təmizləməliyik.
O, “təmizləməliyik” sözünü elə nəzakətlə və yumşaq bir tonla dedi ki, elə bil eşq elan edirdi. O, hiyləgərcəsinə gülümsəyirdi. Mən ona cavab vermədim.

İndi növbə Bahai Ağa Musa Nağının idi. O danışmağa başlayanda onun balaca, içəri batmış gözləri parıldayırdı:

– Mən yaşlı bir adamam, – deyə sözə başladı. – Gördüklərim, eşitdiklərim məni çox kədərləndirir. Ruslar türkləri öldürürlər, türklər ermənilərlə vuruşurlar. Ermənilər isə bizim kökümüzü kəsməyə can atırlar. İndi biz də ölkəmizdən rusları təmizləməyə çalışırıq. Bunun yaxşı olub-olmadığını bilmirəm. Biz Zeynal ağanın, Mirzə Əsədullanın, Əli Əsədullanın, Fətəli xanın xalqımızın taleyi barədə fikirlərini dinlədik. Mən onların məktəblərimizin, ana dilimizin, xəstəxanalarımızın və azadlığımızın son dərəcə qayğısına qaldıqlarını bilirəm. Bu pis şey deyil! Amma orada yalnız boş şeylər tədrik edilirsə, o məktəb kimə və nəyə lazımdır? Bədəni müalicə edib, ruhu yaddan çıxardan xəstəxananın nə faydası vardır? Bizim ruhumuz tanrıya doğru getmək istəyir. Düzdür, hər bir millət özünə məxsus bir tanrısı olduğuna inanır. Lakin mənim fikrimcə keçmiş neçə-neçə uluların diliylə desək, özünü bizə tanıtmış olan Allah birdir. Buna görə də mən eyni zamanda həm Həzrəti İsaya, Musaya, Konfusiyə, Buddaya və həm də Məhəmməd Peyğəmbərə inanıram. Biz hamımız bir Allahdan törənmişik və Bab* yoluyla onun yanına dönəcəyik. Bunu xalqa bildirmək lazımdır ki, nə qara var, nə də ağ. Çünki qarada ağ, ağda da qara vardır. Ona görə də məsləhət görürəm: gəlin elə bir iş görməyək ki, dünyada kimsəyə zərər dəysin. Çünki bizim hər birimiz hər ruhun bir parçasıyıq və hər ruh da bizim bir parçamızdır.

Biz pərt halda oturmuşduq. Deməli Babın kafir ideyası bu imiş. Yanımda kiminsə bərkdən hıçqırdığını eşitdim. Başımı çevirib baxdım və təəccübləndiyimdən quruyub qaldım:

Əli Əsədullanın sifətindən göz yaşları sel kimi axırdı.
- -----------------------------------------------

*Burada XIX əsrin 40-cı illərində şiəlik əsasında yaranmış dini təriqətin banisi Bab nəzərdə tutulur.

-----------------------------------------------------
Əli Əsədulla hıçqıra-hıçqıra dedi:

– Ah, nə qədər siz haqlısınız! Sizə qulaq asmaq böyük xöşbəxtlikdir. Ey ulu Tanrım Ağa Musa, bütün insanlar bu qədər dərin biliyə malik olsaydılar, dərdimiz olmazdı?

Sonra o göz yaşlarını silib, dərin bir köks ötürdü və sakitləşmiş bir şəkildə söhbətinə davam etdi:

- Ey dərin hörmət bəslədiyimiz dostum! Heç bir şübhə yoxdur ki, Tanrının qolu hamımızın qolundan qüvvətli və qüdrətlidir. Lakin ey, müdriklik dəryası olan dostum, bu da həqiqətdir ki. insan Küll-İxtiyarın iltifat ruhuna həmişə bel bağlaya bilməz və bel də bağlamamalıdır. Biz hamımız insanıq, biz gərək özümüz bütün çətinliklərimizi aradan qaldırmaq yollarını axtarıb tapaq.

Əli Əsədullanın ustalıqla söylədiyi kəlmələr, çox ağıllı kəlmələr idi. Onun göz yaşları axıtması da ağıllı bir oyun idi. Mən Əlinin qardaşı Mirzəyə baxdım. Mirzə mat-məəttəl, iftixar hissilə qardaşına baxırdı.

Nəhayət qonaqlar ayağa durdular. Mehribancasına bir-birlərinə “Salamat qalın, dodaqlarınızdan təbəssüm əskik olmasın” deyib ayrıldılar.

Toplantı sona çatdı. Hərə öz evinə getdi. Saat on birin yarısı idi. Evimizin qonaq zalı, boş idi və adama ağır təsir bağışlayırdı. Məni tənhalıq hissi bürüdü. Xidmətçiyə: “Mən kazarmaya gedirəm. İlyas bəy bu gecə növbətçidir” deyib evdən çıxdım.

Ninogilin evinin yanından keçib dəniz kənarı ilə böyük kazarmaya tərəf yollandım. Kazarmanın növbətçi otağının pəncərəsindən işıq gəlirdi. İlyas bəylə Məmməd Heydər nərd oynayırdılar. Növbətçi otağına girdim. Onlar səslərini çıxartmadan başları ilə mənə salam verdilər. Nəhayət, nərd oyunu başa çatdı. İlyas bəy nərdin zərini küncə atdı və yaxasını düymələdi. Sonra “toplantı necə keçdi?” deyə soruşdu.

– Əli Əsədulla ölkəmizdən bütün rusları təmizləyəcəyinə yenə and içdimi?

– Bəli, təxminən elə dedi. Bəs sizdə müharibədən nə xəbər var?

İlyas bəy, müharibədən təngə gəlmiş bir adam kimi cavab verdi:

– Müharibəni deyirsən? Almanlar Polşanı tutublar. Böyük knyaz deyilənə görə qarlı yollarda batıb qalıb və ya da Bağdadı zəbt edib. Türklər də bəlkə Misiri tutdular. Kim bilir? Bu dünya yaman can sıxıcı olub.

Məmməd Heydər saçları azca kəsilmiş başını qaldırıb dedi:

– Heç də can sıxıcı deyil. Bizim atlarımız və əsgərlərimiz var, silah işlətməyi də bilirik. Kişiyə bundan başqa nə lazımdır. Bəzən istəyirəm ki, dağları aşım, səngərlərdə oturub qabağımda düşmən görüm. Düşmən dediyinin güclü əzələləri olmalıdır, bədəni də tər qoxumalıdır.

– Onda nə üçün cəbhəyə könüllü getmirsən? – deyə soruşdum.

Məmməd Heydər kədərlə mənə baxıb dedi:

– Mən elə kişilərdən deyiləm ki, din qardaşlarım türklərə atəş açım.

Mən nəvazişlə ona baxdım. Bu enlikürəkli, güclü, sadəlövh sifətli gənc burada oturub, döyüş həsrətindən az qala partlayırdı.

Məmməd Heydər oturduğu yerdən məhzun-məhzun dilləndi:

– Mən cəbhəyə getmək istəyirəm, amma getmirəm.

– Bəs bizim məmləkətimizdə nələr etməliyik, – deyə soruşdum.

O susdu və alnını qırışdırdı, xeyli vaxt keçəndən sonra, dedi:

Biz gərək məscidlər tikəydik, torpağa su verəydik. Torpağımız suya möhtacdır. Sonra onlarla əcnəbilərin ölkəmizə gəlib ikidə bir bizə axmaq demələri yaxşı iş deyil. Mənə elə gəlir ki, böyük bir tonqal qalayıb bütün neft buruqlarını yandırmaq yaxşı olardı. O zaman gözəl bir mənzərə əmələ gələrdi və biz yenə də kasıb vəziyyətimizə qayıdardıq. Biz o zaman heç kimə lazım olmazdıq və əcnəbilər də yaxamızdan əl çəkərdilər. Mən neft buruqlarının yerinə, mavi rəngli gözəl məscid tikdirərdim. Bir də istəyərdim ki, bu gün neft çıxan sahələrdə də taxıl əkəydilər. Məmməd Heydər düşüncələrinin xəyalına dolaraq susdu. İlyas bəy qəhqəhə çəkib güldü. Bəs sonra? - Sonra da oxumağı və yazmağı qadağan etməli, elektrik əvəzinə şam işığından istifadə etməli və ölkəmizdəki ən səfeh adamı da padşah seçməliyik, hə?!

Məmməd Heydər bu istehzaya məhəl qoymadı:

– Keçmiş zamanda indikindən daha çox səfeh adamlar var idi. Amma o səfeh adamlar neft buruqları yerinə su kanalları tikirdilər və indikindən fərqli olaraq biz əcnəbiləri soyurduq, onlar bizi yox. Keçmişdə xoşbəxt insanlar da indikindən daha çox idi.

Onun dediyi sözlər elə xoşuma gəldi ki, istədim bu bəsit adamı qucaqlayıb öpüm.

Lakin birdən-birə kimsə qapını həyəcanla döyməyə başladı. Mən tez yerimdən sıçradım və qapını açıb bayıra baxdım. Seyid Mustafa həyəcanlı halda içəri girdi. Onun əmmaməsinin sarığı sökülmüş, ucu tərdən parlayan qaşlarının üzərinə düşmüşdü. Yaşıl qurşağı açılmışdı, boz rəngli fəsi isə toz içində idi. O, rəngi qaçmış halda kürsüyə çökdü və ləhləyə-ləhləyə dedi:

– Naçararyan yarım saat bundan qabaq Ninonu qaçırtdı. İndi onlar Mərdəkan yolundadırlar.

XVII

Məmməd Heydər yerindən sıçradı. Onun gözləri lap balacalaşmışdı. “Mən atları yəhərləyərəm!” deyib bayıra qaçdı. Sifətim yanırdı. Qan gicgahıma vururdu, başımda bir gurultu vardı. Elə bil gözəgörünməz bir qüvvə dəyənəklə başıma zərbə vururdu. İlyas bəyin səsi elə bil çox uzaqlardan gəlirdi: “Özünü itirmə, Əli xan, səbirli ol. Onları yaxalayacağıq. O vaxta qədər özünü ələ al”.



İlyas bəy qabağımda durmuşdu. Onun incə sifəti son dərəcə solmuşdu. Üstündə Qafqaz xəncəri olan kəməri belimə bağladı. Sonra “götür” deyib əlimə də bir tapança verdi:

– Yenə deyirəm, səbirli ol, Əli xan – dedi – qəzəbini Mərdəkan yoluna saxla.

Nə etdiyimi bilmədən tapançanı cibimə qoydum. Seyd Mustafanın çopur sifəti mənə tərəf döndü. Mən onun qalın dodaqlarının qımıldandığını gördüm və söylədiyi qırıq-qırıq cümlələrini eşitdim: “Evdən çıxdım ki, gedib molla Hacı Maqsudla görüşüm. Onun qaldığı ev operanın yanındadır. “Saat on birdə Molla Maqsudun evindən çıxıb operanın yanından keçirdim. Tamaşa sona çatmışdı. Birdən gördüm ki, Nino Naçararyanla avtomaşına minirlər. Amma maşın yerindən tərpənmədi. Onlar maşının içində bir-birilə danışırdılar. Naçararyanın sifətinin ifadəsi heç xoşuma gəlmədi. Qaranlıqda onlara yaxınlaşıb danışıqlarına qulaq asmağa başladım. Nino “olmaz” deyirdi, “mən onu sevirəm”. Naçararyan da cavab verirdi ki, “mən səni ondan da çox sevirəm” deyirdi. Bu ölkənin daşı daş üstündə qalmayacaq! Mən səni Asiyanın əlindən alıb qaçırdacağam. Nino cavab verdi ki, “yox, məni evimizə apar”. Naçararyan motoru işə saldı. Mən maşının arxasına atıldım. Avtomaşın Kipianigilin evinə yaxınlaşdı. Yoldakı danışıqlarını eşidə bilmədim. Nino ağlayırdı. Naçararyan birdən Ninonu qucaqlayıb üzündən öpdü. “Sən bu vəhşi insanların əlinə düşməməlisən” – deyə Naçararyan səsləndi. Sonra pıçıltı ilə nəsə dedi. Mən yalnız onun axırda dediyi sözü eşidə bildim: “Mənim Mərdəkandakı evimə gedirik. Biz Moskvaya gedib kəbin kəsdirərik, oradan da İsveçə gedərik”. Mən gördüm ki, Nino onu itələdi. Naçararyan maşını işə saldı və onlar getdilər. O zaman avtomaşının arxasında asıldığım yerdən atlanıb var gücümlə qaçdım ki...

O, sözünü axıra kimi deyə bilmədi, bilmirəm, bəlkə də mən ona axıra kimi qulaq asmamışam. Məmməd Heydər qapını taybatay açıb içəri girdi: “Atlar hazırdır!” – deyə bağırdı. Biz tələsik meydançaya qaçdıq. Ay işığında kişnəyən və nalları ilə yavaş-yavaş yeri eşələyən yəhərli atları gördüm. Məmməd Heydər atın birinin yüyənini mənə uzadıb: “Tut bunu, bu sənin” dedi. Mən ata baxanda heyrətimdən yerimdə quruyub qaldım. Bu at, alay komandanı Məlikovun Qarabağda ad çıxarmış kəhər atı idi. Məmməd Heydər üz-gözünü turşutdu:

– Komandan xəbər tutsa, özündən çıxacaq. Çünki bu atı indiyə kimi özgə adam minməyib. Bu at ildırım kimi çapır. Ona heyifin gəlməsin. Sən onlara ancaq bu atla çata bilərsən.

Mən cəld atın yəhərinə sıçradım. Qamçını bu möcüzəli atın arxasına vurdum. At bir sıçrayışla məni kazarmanın həyətindən bayıra çıxartdı. Qaçanları izləmək üçün mən atı dəniz sahili ilə sürdüm. İçim nifrət və hirslə dolu idi. Hər şeyi yaddan çıxartmışdım. Atı tez-tez qamçılayırdım. Atın nallarından qığılcım çıxırdı. Şəhər evləri bir-bir arxamda qalırdı. Qəzəbim get-gedə artırdı. Hirsimdən atın yüyənini dartdım. At dik durdu. Sonra yenə dördnallı uçmağa başladı. Nəhayət, ay işığı düşmüş tarlaları və Mərdəkana gedən dar yolu gördüm. Hava sərin idi. Gecənin sərin havası əsəblərimi bir az sakitləşdirirdi.

Yolun sağında və solunda qarpız, yemiş bostanları uzanırdı. Ay işığında yumru qarpızlar iri qızıl halqalar kimi parıldayırdı, yemişlər isə qızıl külçələrə oxşayırdı. At dördayaq çapırdı. Adamın heç ruhu da incimirdi. Mümkün olduğu qədər özümü atın boynuna yaxın əymişdim. Üzüm onun sarı yalına toxunurdu. Birdən birə hər şey gözlərimin qabağında canlandı...

Mən onların danışdıqları hər sözü sanki eşidirdim. Mən indi hər şeyi lap yaxşı başa düşürdüm. İndi dərk edirdim ki, Naçararyanın planı sadə və real bir plandır: Ənvər paşa Anadoluda vuruşur. Çarın taxtı laxlamağa başlamışdı. Böyük knyazın ordusunda erməni batalyonu var. Cəbhə çökdüyü təqdirdə, Osmanlı ordusu Ermənistana, Qarabağa və Bakıya axıb gələcəkdi. Naçararyan bunun nə nəticə verəcəyini yaxşı başa düşən bir adamdı. Ona görə də Naçararyan saysız-hesabsız qızıl külçələrini İsveçə göndərirdi. Qafqaz xalqlarının qardaşlıqlarından artıq heç nə qalmamışdı. O gecə operadakı loja gözlərimin qabağında canlandı. Naçararyan və Nino lojada oturub söhbət edirlər:

– Prinses, Şərq ilə Qərb arasında heç bir körpü ola bilməz, hətta məhəbbət körpüsü belə yoxdur.

Nino susaraq Naçararyanın dediklərini dinləyirdi.

– Osmanlı qılıncının təhlükəsi altında olan bizlər gərək əl-ələ verib birləşək. Biz Avropanın Asiyadakı elçiləriyik. Prinses, mən səni sevirəm. Biz bir-birimizə layiqik. Stokholmda həyat bizim üçün çox rahat olacaq. Stokholm Avropadır, Qərbdir.

Bu sözlər qulağımda elə cingildəyirdi ki, elə bil mən də lojada onların yanında oturmuşdum:

– Osmanlı ordusu gələrsə, bu ölkənin daşı daş üstə qalmayacaq.

Naçararyan sözünü tamamlayaraq dedi:

– Talehinizin necə olacağını şəxsən özünüz müəyyən etməlisiniz, Nino. Müharibədən sonra Londona köçərik. Bizi sarayda qəbul edəcəklər. Axı Avropalı özü öz taleyini müəyyən etməyi bacarmalıdır. Mən də Əli xana hörmət edirəm, ancaq o, səhranın əbədi qulu olan bir barbardır.

Bu sözlər xəyalımda səslənəndə atı qamçıladım. Məndən vəhşi bir bağırtı çıxdı. Çöl qurdları ayı görəndə belə ulayırlar. Mən də qurdlar kimi sürəkli və kədərli bir tərzdə ulayırdım. Qışqırmaqdan boğazım ağrıyırdı. Axı ay işığı düşmüş Mərdəkan yolunda niyə qışqırıram? Qəzəbimi sonraya saxlamalıyam. Kəskin külək qamçı kimi üzümə vururdu. Gözlərimdən yaş gəlirdi. Yox, yox mən ağlamıram. Göz yaşlarıma səbəb başqa şey deyil, ancaq küləkdir. Mən hətta Şərq və Qərb arasında körpünün, eləcə də məhəbbət körpüsünün olmadığını birdən-birə anlasam da ağlamıram. Ah, o hiyləgər, gülümsəyən gürcü gözləri! Bəli, mən çöl övladıyam, türklərin boz qurdundan törənmişəm. Gör Naçararyan hər şeyi necə ustalıqla planlaşdırmışdı: “Moskvada kəbin kəsdirib, sonra da Stokholma getmək”. Sən bir buna bax, Stokholmda bir otel. Təmiz, isti və ağappaq yorğan-döşək. Londonda da bir villa? Hirsimdən başımı atın boynuna yaxın əyirəm. Birdən qeyri-iradi olaraq atın boynunu dişlədim. Ağzım duzlu qan dadı ilə doldu. Villa? Naçararyanın Mərdəkandakı meyvə bağlarının içində bir villası vardı. Bakının bütün varlılarının da burada villaları var idı. Naçararyanın villası ağ mərmərdən tikilib, Roma üslubunda sütunları olan və dənizin qırağında yerləşən bir villa idi. Görəsən, avtomaşın ilə Qarabağ atı hansı sürətlə gedə bilərlər? Naçararyanın villasını görmüşdüm. Qırmızı ağacdan düzəldilmiş enli bir çarpayısı vardır. O çarpayının üstünə Stokholm otelində olduğu kimi ağappaq döşək ağı sərilmişdi.


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə