ƏLİ VƏ Nİno (1927), Qurban Səid



Yüklə 1,02 Mb.
səhifə5/19
tarix30.12.2017
ölçüsü1,02 Mb.
#18754
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   19

Bəli, bu toy qeyri adi toy olacaqdır. Ata-babalarımızın adət və ənənələri əsasında.

Divanda uzandığım yerdə yatıb yuxuya qalmışam. Gözlərimi açanda gördym ki, qoçum yerdə oturub, uzun xəncəri ilə dırnaqlarını təmizləyir. Onun gəlişindən heç xəbərim olmamışdı.

Tənbəl-tənbəl əsnəyərək soruşdum:

- Təzə nə xəbərlər var, qardaş?

Qoçu da zəhlə tökən səsi ilə cavab verdi:

- Elə bir şey olmayıb, ağa. Qonşuluqda qadınlar dalaşıblar, bir eşşək də qorxuya düşüb ipini qoparıb çaya qaçıb, hələ də oradadır...

Qoçu bir az susdu, xəncəri qınına soxdu və laqeydliklə sözünə davam etdi:

- Çar bir çox Avropa krallarına qarşı müharibə elan etdi.

- Nə? Nə müharibə?

Mən yerimdən sıçradım və başımı qaldırıb gözlərimi ona zillədim. Təmailə adi bir müharibə.

- Sən nə danışırsan? Çar kimlərə müharibə elan edib?

- Avropanın bir çox krallarına qarşı onlar o qədərdilər ki, adları yadımda qalmayıb. Amma Mustafa kişi onların hamısının adlarını qeyd edib.

- Tez onu bura çağır!

Mənim bu məsələ ilə bu qədər maraqlanmağıma təəccüb edən qoçum başını yırğaladı və otaqdan çıxıb getdi. Bir az keçəndən sonra o ev sahibi ilə birlikdə geri qayıtdı.

Mustafa kişi o anda özünü daha çox bilən bir insan gördüyü üçün istehza ilə gülürdü. Həqiqətən çar müharibə elan etmişdi. Bunu bütün şəhər bilirdi. Yalnız mən yatıb yuxuya qaldığım üçün hər şeydən bixəbər idim. Hər halda, çar müdrikliyini nümayiş etdirib belə hərəkətə qərar vermişdi.

- Axı, çar kimə qarşı müharibə elan edib? - deyə bağırdım. Müstafa kişi əlini cibinə saldı və cibindən bir əzik kağız parçası çıxartdı. O, boğazını arıtladı və son dərəcə qürurla, lakin çox böyük çətinliklə oxumağa başladı: “Çar, Alman Kayzerinə, Avstriya imperatoruna, Bavariya Kralına, Prussiya Kralına, Saksoniya Kralına, Macarıstan Kralına və daha bir çox lordlara, prinslərə müharibə elan edib.

- Ağa, axı, sənə əvvəlcədən demişdim ki, adları və ünvanları yadda saxlamaq olmur – deyə qoçum utancaq halda dilləndi. Mustafa kişi də kağız parçasını qatladı və danışmağa davam etdi:

- Bütün bunların əksinə olaraq “Böyük Osmanlı dövlətinin Xəlifə və Əlahəzrət Sultanı beşinci Məhməd Rəşid, eləcə də İran şahənşahı həzrətləri Sultan Əhmədşah bəyan ediblər ki, onlar bundan sonrakı açıqlamaya qədər bu müharibəyə qatılmayacaqlar. Beləliklə bu müharibə kafirlərin öz aralarında olacaq müharibədir. Məhəmməd Əli məscidinin imamı belə fikirdədir ki, müharibədə almanlar qalib gələcəklər...”

Mustafa kişi sözlərini tamamlaya bilmədi. Şəhərin hər tərəfində birdən-birə çalınmağa başlayan kilsə zənglərinin səsləri şəhəri bürüdü. Mən küçəyə qaçdım.

Qızmar avqust ayının səması şəhərin üstündə hərəkətsiz vəziyyətdə qalmışdı. Uzaqlarda görünən mavi dağlar etinasız şahidləri andırırdı. Kilsə zənglərinin səsləri də bu dağlardakı qayalara dəyib əks-səda verirdi. Küçələr adamlarla dolu idi. Həyəcanlı və çaşıb qalmış sifətlər kilsələrlə məscidlərin minarə və günbəzlərinə tamaşa edirdilər. Hava tozla dolmuşdu. İnsanlar həyəcan içində idilər. Kilsələrin bürcləri lal-dinməz bir təhdid kimi başımızın üzərində ucalırdı. Kilsə zənglərinin səsi kəsildi. Enli və əlvan paltar geymiş kök bir imam yaxınlığımızdakı məscidin minarəsinə çıxdı. O, əllərini ağzının iki yanına qoyaraq qəmgin bir səslə: “namaza gəlin, namaza gəlin” - deyə möminləri ibadətə çağırdı.

Mən tövləyə qaçdım. Qoçum atımı yəhərlədi. Atı minib, ürkmüş baxışlarla mənə yol açan camaatın içindən dördnalla çapdım. At qulaqlırını şəkləmişdi. Şəhərdən kənara çıxandan sonra ilanvari bir cığırın enli zolağı qarşımda açılıb uzandı. Mən Qarabağ zadəganlarının evlərinin qabağından külək kimi keçdim. Sadə kənd zadəganları mənə təəccüblə baxır əl eləyib qışqırırdılar:

- Əli xan, sən artıq döyüşəmi qoşulursan?

Aşağıdakı dərəyə nəzər saldım. Orada hamar damı olan bir balaca ev bağın ortasında yerləşirdi. Evə baxa-baxa at minməyin bütün qaydalarını unutmuşdum. Atı çılğıncasına dik bir uçurumdan aşağı sürdüm. Ev get-gedə böyük görünürdü. Onun arxasındakı dağlar, səma, şəhər, çar və bütün dünya yoxa çıxmağa başladı. Dalanı dönərək bağa girdim. Evdən ətalətli bir xidmətçi çıxdı və ölü gözlərini mənə zilləyib dedi:

- Zadəgan ailəsi üç saat bundan qabaq evi tərk edib.

Qeyri-iradi olaraq əlimdə xəncərin dəstəyindən yapışdım.

Nökər yana çəkildi və dedi:

- Prinses Nino, cənab Əli xan Şirvanşirə bir məktub göndərib. O, əlini pencəyinin iç cibinə saldı. Atdan düşüb dama çıxan pilləkəndə oturdum. Səbirsizliklə Ninonun göndərdiyi ətirli məktubunu açıb oxumağa başladım. Nino məktubu uşaq kimi iri hərflərlə yazmışdı: “Əzizim Əli xan! Müharibə başlayana qədər Bakıya qayıtmalı olduq. Sənə xəbər verməyə vaxtım olmadı. Məndən incimə. Əsəbiləşmə. Ağlayıram və səni sevirəm. Yay mövsümü hiss edilmədən başa çatdı. Təcili arxamca gəl. Səni gözləyirəm və həsrətini çəkirəm. Yol boyunca yalnız səni düşünəcəyəm. Atam müharibənin çox yaxın zamanda sona yetəcəyinə və bizim tərəfin qələbə çalacağına inanır. Mənim isə bu qarışıqlıq içində halım çox pisdir. Səndən xahiş edirəm Şuşa bazarına gedib mənə oradan bir xalı alasan. Onu almağa vaxtım olmadı. Xalının üzərində rəngarəng kiçik at başının naxışı olsun. Öpürəm səni. Bakıda hava çox isti olmalıdır”.

Sənin Ninon”.

Məktubu qatladım. Əslində hər şey öz qaydasında idi. Yalnız mən qaydada deyildim. Mən, Əli xan Şirvanşir, özümə yaraşan bir qaydada şəhər bələdiyyə rəisinin yanına gedib onu müharibə münasibətilə təbrik etmək yaxud Şuşa məscidlərinin birinə gedib, çar ordusunun zəfəri üçün dua edib xeyir – dua almaq əvəzinə, dəliqanlıqla atıma minib dərəyə çapdım.

Mən dama çıxan nərdivanın bir pilləsində oturub irəliyə baxmağa başladım. Mən həqiqətən özümü səfeh kimi apardım. Əlbəttə, hərhansı bir ölkədə müharibə getdiyi zaman sevgili birinci növbədə, sevgilisinin yanına getməlidir, daha oturub ətir iyi saçan məktublar yazmamalıdır. Amma müharibə bizim ölkədə getmirdi, müharibə Rusiyada idi. Bunun mənə və Ninoya çox az dəxli var idi. Buna baxmayaraq içimdə güclü bir hirs var idi. Mən təcili evinə qayıdan yaşlı Kipianiyə və müqəddəs Kraliça Tamara litseyinə hirslənmişdim. Çünki onlar müharibə zamanı qızlara özlərini necə aparmağı öyrədə bilməmişdilər. Hər şeydən əvvəl isə ad-sanımı unudaraq özümü Ninoya tez çatdırmaq üçün tələsməyimə baxmayaraq onun xəbərsiz çıxıb getməsinə qəzəblənmişdim. Məktubu təkrarən bir neçə dəfə oxudum. Birdən xəncərimi sıyırdım. Əlimi qaldırıb ani bir surətdə onu qabağa atdım. Xəncərin tiyəsi vıyıltılı bir səslə havada uçaraq parıldadı və qarşımızdakı ağacın gövdəsinə sancıldı.

Nökər ağaca yanaşıb, xəncəri ağacın gövdəsindən çəkib çıxardı. O, başı çıxan bir adam kimi Xəncərin hər tərəfinə baxıb mənə qaytardı və bir az qorxu ilə dedi:

- ”Xalis Kübəçi poladıdır, qolunuz da qüvvətli qoldur”.

Mən ata minib yavaş-yavaş evə tərəf getdim. Uzaqda şəhərin günbəzləri görünürdü. Artıq hirsim soyumuşdu. O ağacın gövdəsinə sancılıb qalmışdı.

Nino yerdən göyə qədər haqlıydı. O, valideynlərinə hörmət edən bir qızdır. Xəcalət çəkdiyim üçün başımı aşağı salıb atımı sürməyə davam etdim. Küçələr toz-torpaq içində idi. Günəş də qızarıb Qərbdə batırdı.

Birdən bir at kişnəməsi məni diksindirdi. Başımı qaldırdım və heyrətdən ağzım açıla qaldı. Bir anlığa Ninonu da, bütün dünyanı da unutdum. Balaca başı, məğrur baxışı, arıq gövdəsi və balet rəqqasəsinin ayaqları kimi nazik ayaqları olan bir at durmuşdu qarşımda. Günəşin şüaları altında atın al qırmızı dərisi parpar sayrışırdı. Atın belində isə sallaq bığı, əyri burunlu bir qoca kişi oturmuşdu. Bu, qonşuluqda yaşayan Knyaz Melikov idi. Mən gözlərimə inanmamış kimi heyranlıqla ata baxırdım.

Mən Şuşaya ilk gəldiyim günlərdə camaat müqəddəs Sarı bəyin qırmızı-qızılı rəngdə olan məşhur cins ərəb atlarından mənə danışmışdılar.

Bu kəhər atdı. Bütün Qarabağda bu atdan ancaq on ikisi vardır. Onları sultanın hərəmindəki qadınları qoruyan kimi qoruyurdular. O qırmızı-qızılı möcüzə indi gözlərimin önündə dururdu.

- Yolunuz haradır, knyaz? - deyə soruşdum.

- Müharibəyə, oğlum.

- Nə gözəl atdır, Knyaz!

- Hə, görürəm valeh olmusan! Bu cür kəhər atını görmüş olanlar barmaqla sayılacaq qədər azdır.

Knyazın gözləri doldu:

- Atın yalnız ürəyi üç kilo ağırlığındadır. Onun üzərinə su tökəndə bədəni qızıl üzük kimi parlayır. O hələ günəş işığını görməmişdir. Bu gün onu tövləsindən çıxardanda günəşin şüası onun gözlərinə düşdü. Onun gözləri qayalar arasından yeni fışqırmış bir bulaq kimi parıldayırdı. Odu kəşf edən insanın gözləri də ilk alovu gördüyü zaman hər halda belə parlayıb. Bu kəhər Sarı bəyin atının cinsindəndir. Mən onu bu günə qədər heç kimə göstərməmişdim. Yalnız çar həzrətləri müharibə elan etdiyi zaman bu möcüzəli kəhər ata knyaz Melikov minərdi.

O, qürurla mənim ilə sağollaşdı. Qılıncını Xəfifcə şıqqıldadıb atını sürdü.

Ölkədə doğrudan da müharibə başlamışdı. Evə gəlib çatanda hava qaralmışdı. Müharibə çılğınlığı şəhəri şövqə gətirmişdi. Yerli zadəganlar sərxoş vəziyyətdə səs-küylə küçələrdə və meydanlarda atlarını çapa-çapa havaya güllə atırdılar.

- Qan axacaq, qan – deyə qışqırırdılar. - Qan su yerinə, axacaq Ey Qarabağ, sənin adın dünyaya yayılacaq, adına şan-şövkət gələcək.

Evdə məni bir teleqram gözləyirdi: “Dərhal evə qayıt. Atan”.

Qoçuya:

- Əşyalarımızı yağışdır, - deyə əmr etdim, sabah yola çıxırıq.

Küçəyə çıxaraq şəhərdəki hərc-mərcliyi seyr etdim. Məni nə isə narahat edirdi, amma səbəbini bilmirdim.

Başımı qaldırıb ulduzlara baxdım və xeyli vaxt düşünüb fikrə getdim.

VIII

-Əli xan, de görüm bizim dostlarımız kimlərdir?” - deyə qoçum məndən soruşdu.



Biz Şuşanın dolamanc yoxuşlu yolları ilə aşağı enirdik. Sadə kəndli balası olan qoçum müharibə və siyasət sahəsinə aid belə qəribə sualları biri-birinin ardınca verməkdən yorulmurdu. Ölkəmizdə orta təbəqədən olan adamların söhbət etməyə üç mövzusu var idi: din, siyasət və ticarət. Müharibə bütün bu sahələri əhatə edirdi. Müharibədən istədiyin zaman, istədiyin yerdə və istədiyi qədər danışa bilərdin. Çünki bu mövzunu dinləməkdən heç kim yorulmaq bilmirdi.

- Qoçum – dedim. Bizim dostlarımız Yaponiya imperatoru, hindistan Kralı, İngiltərə kralı, Serbiya kralı, Belçika Kralı və Fransa respublikasının prezidentidir.

Qoçu bu söhbətdən narazı halda dodaqlarını büzdü:

- Fransa respublikasının prezidenti axı sivil bir adamdır. O necə döyüş meydanına gedib, müharibə apara bilər?

- Bilmirəm, bəlkə öz yerinə generallarından birini göndərəcək.

- Adam gərək müharibəni özü aparsın, başqasının ümidinə qoymasın. Yoxsa, müharibənin sonu heç də xeyirli olmaz.

Qoçu yorğun baxışlarla faytonçumuzu süzüb, səriştəli adam kimi danışmağa başladı:

- Çar balacaboy, cılız bir adamdır. Kayzer Gilyom isə əksinə, iri gövdəli və güclüdür. O, elə ilk döyüşdə çarın öhdəsindən gələcək.

Bu sadəlövh qoçum elə bilirdi ki, müharibəni başlamaq üçün iki düşmən ölkələrinin hökmdarları atlarına minərək onları bir-birlərinin üzərlərinə sürəcəklər və müharibə də belə başlayacaqdır. Əslində müharibənin belə başlamadığını söyləyərək onu inandırmağa çalışmaq mənasız idi. Kayzer Gilyom çarı vurub yıxandan sonra şahzadə meydana çıxmalıdır. Şahzadə isə çox gənc, üstəlik də xəstədir. Halbuki, gilyomun aslan kimi altı sağlam və qolu qüvvətli oğlanları vardır.

Mən onun bədbinliyini sovuşdurmağa çalışdım:

- Gilyom ancaq sağ əli ilə vuruşa bilər, çünki onun sol qolu şikəstdir.

- Eh, bunun heç bir əhəmiyyəti yoxdur. Sol əl ona yalnız atın yüyənini tutmaq üçün lazım olacaqdır. Vuruşmaq üçün isə ona sağ əl lazımdır,

Qoçum dərin düşüncələrə daldığı üçün alnında cizgilər əmələ gəlmişdi. O birdən-birə soruşdu:

- Kayzer Frans Yozefin doğrudan mı yüz yaşı var?

- Dəqiq deyə bilmərəm. Amma çox qoca olduğu şübhəsizdir.

- O yaşda bir qocanın atına minib qılıncını çəkərək vuruşması dəhşətdir – deyə qoçum dilləndi.

- Allah onun yardımçısı olsun.

- Amma, onun vuruşmasına lüzum yoxdur.

Necə yəni lüzum yoxdur?

- Ona görə ki, onunla Serbiya Kralı arasında qan davası vardır. İndi onlar bir-birlərilə qan düşmənləridirlər. Kayzer Frans Yozef də öz vəliəhdinin tökülən qanının intiqamını almalıdır. Bizim kəndlilərdən biri olsaydı, yəqin ki, yüz beş inəklə bir ev verib qan pulunu ödəyə bilərdi. Amma Kafzer tökülən qanı bağışlaya bilməzdi. Əgər hamı tökülən qanı bağışlamalı olsaydı, ondan sonra qan davası tezliklə aradan qalxardı. Qan davası da olmasa, ölkə tənəzzül edər.

Qoçum haqlı idi. Avropalılar nə deyirlər desinlər, qan davası dövlət quruluşunun və insan davranışının ən önəmli təməlini təşkil edirdi. Əlbəttə, yaşlı və müdrik kişilər əlavə qan tökülməməsi üçün yalvarıb yaxarırdılar ki, axıdılan qanın əvəzində böyük miqdarda pul alıb onları bağışlasınlar. Amma tökülən qan davasının əsasını mühafizə etmək lazımdır. Əks təqdirdə tökülən qanların sonu haraya çatardı?

Bəşəriyyət millətlərə deyil ailələrə bölünmüşdü. Ailələr arasında isə Allahın buyuruğuna və kişilərin güclü inamına əsaslanan bir müvazinət vardı. Kobud zorakılıq nəticəsində bu müvazinət pozularsa. Allahın buyuruğuna qarşı gedən ailə də bir üzvünü qurban verməlidir. Bu yolla da müvazinət bərpa olunur. Ancaq, qan qisasını yerinə yetirmək bir az çətin işdir. Çox vaxt qisas alan adamın gülləsi hədəfə dəymir, ya da onun gülləsi lazım olandan daha çox adam öldürür. Ondan sonra qan davası davam edir. Qan qisasının əsası isə doğru və aydındır. Qoçum məni çox yaxşı başa düşürdü və razılıq ilə başını yırğalayırdı. Öz vəliəhdinin tökülən qanının intiqamını almaq üçün yüz yaşı olan Kayzer Yozef atına minib davaya hazırlanması gözəl və ədalətli bir hərəkət idi.

- Əli xan, əgər Kayzer ilə Serbiya kralı qan üstündə döyüşmək istəyirlərsə, başqa hökmdarlar bu işə niyə qarışırlar? - deyə qoçum dilləndi.

Bu sual çox çətin sual idi, özüm də bu suala cavab tapa bilməzdim...- Buraya bax, - deyə sözə başladım, -bizim çar da Serbiya Kralının səcdə etdiyi Tanrıya itaət edir, elə ona görə də çara kömək edirdi. Mənim fikrimcə Kayzer Gilyomla digər düşmən krallar və imperatorlar qohumdurlar. İngiltərə kralı çarla qohumdur. Beləliklə, hər şey zəncir kimi biri-birilə bağlı olur.

Mənim cavabım qoçumu qane etmədi. Çünki Yaponiya imperatoru çarın Tanrısından tamamilə fərqli olan bir Tanrıya itaət edirdi. Fransada hökmdarlıq edən o müəmmalı mülki şəxsin isə heç bir hökmdarlarla qohumluğu olmayacağına qoçum əmin idi. Bunlar hələ bir yana, qoçumun fikrincə, Fransada tanrı deyilən bir varlıq da yox idi. Deməli fransızlar allahsızdı. Ona görə də, o ölkəyə respublika deyilir.

Bütün bunlar mənə də qaranlıq idi. Qoçuma qeyri-müəyyən bir şəkildə cavablar verib soruşdum ki, görəsən mənim igid qoçum müharibəyə gedəcəkdirmi? Qoçum xülyalı baxışlarla silahlarına baxdı.

- Bəli, - deyə cavab verdi – təbii ki, mən müharibəyə gedəcəyəm. Amma bilirsən ki, mən müharibəyə getməyə də bilərəm. Çünki biz müsəlmanlar hərbi xidmətdən azadıq. Ancaq ona baxmayaraq mən yenə də müharibəyə getmək istəyirəm, – deyə sadəlövh qoçum birdən-birə həyəcana gəldi. - Müharibə yaxşı şeydi. Müharibənin sayəsində çox səyahət etmək və uzaq diyarlara getmək mümkün olacaqdı. Qərbdə küləklərin vıyıltısını eşidəcək və düşmənlərin tökdükləri göz yaşlarını görə biləcəyəm. Müharibəyə getsəm mənə bir at və bir tüfəng verəcəklər. Mən silah dostlarımla birlikdə tutduğumuz kəndlərin içərisindən böyük ruh yüksəkliyi ilə keçəcəyik. Müharibədən qayıdanda isə özümlə çoxlu pul gətirəcəyəm, qəhrəman olduğum üçün hamı mənim qəhrəmanlığımı bayram edəcək. Əgər həlak olsam, əsl kişi kimi döyüş meydanında qəhrəmancasına həlak olacağam. O zaman da hamı mənim qəhrəmancasına həlak olmağımdan danışacaq, oğluma və atama böyük hörmət göstərəcəklər. Kimə qarşı olursa-olsun müharibə yaxşı şeydir. Kişi gərək ömründə heç olmasa bir dəfə müharibəyə getsin.

Qoçum durmadan şövqlə danışırdı. O, düşmənlərinə vuracağı yaralardan danışır və hətta xəyalında artıq hərbi qənimətlərini də görürdü. Onun gözləri getdikcə artan ehtirasdan parlayırdı, qarayanız sifəti isə ilahi “Şahnamə” əsərinin səhifələrindəki əfsanəvi cəngavərlərinin simasını xatırladırdı.

Mən həqiqətən ona qibtə edirdim, çünki o nə edəcəyini dəqiq bilən sadə bir adamdı. Mən isə gələcəyə xəyalpərəstlik və qərarsızlıqla baxırdım. Mən rus imperator gimnaziyasında oxuduğum zaman tələb olunandan da artıq oxumuşdum. Rusların xəyalpərəsliyi mənə də keçmişdi.

Gəlib Dəmir yol stansiyasına çatdıq. Gürcüstandan olan qadınlarla, uşaqlar, qocalar və Zaqataladan gəlmiş köçərilər stansiyanın binasına dolmuşdular. Onların haradan gəlib və haraya getmək istədiklərini bilən yox idi. Elə bil bunu heç özləri də bilmirdilər. Onlar palçıq topaları kimi dinməz-söyləməz yerdə otururdular, ya da ki, hansı istiqamətə getməsindən asılı olmayaraq gələn qatarlara hücum edib vaqonlara doluşurdular. Əynində qoyun dərisindən cırıq kürk olan bir qoca gözləmə zalının qapısında oturub hönkür-hönkür ağlayırdı. O, İran sərhədindəki Lənkəran şəhərindən idi. Ona elə gəlirdi ki, onun evi yanıb yerlə yeksan olmuş, uşaqları da ölmüşlər. Ona dedim ki, İran bizimlə müharibə aparmır. O, ümidsiz halda mənə baxıb dedi: “Yox, ağa İranın qılıncı uzun illərdi ki, paslanmışdı. İndi isə o qılıncı yenidən itiləyiblər. Gecələr bizə basqın edəcəklər, Şahsevənlər də evlərimizi yerlə-yeksan edəcəklər, çünki biz kafirlər imperiyasında yaşayırıq. İran aslanı ölkəmizi xarabazara çevirəcək. Qızlarımız kölə, oğlanlarımız da İran şahpərəstlərinin oyuncağı olacaq”.Qocanın mənasız fəryadları davam edirdi. Qoçum qarışıqlıqda camaatı itələyə-itələyə vaqona minmək üçün yol açırdı. Çox böyük əziyyətdən sonra nəhayət vaqona minə bildik. Konduktora pul verəndən sonra o bizə bir kupe açdı. Biz də sakitləşib oturduq. Lokomotivin küt siması Nuh əyyamından qalma əjdahanı xatırladırdı. Səhramızın fonunda onun qara yırtıcı bir görünüşü vardı.

Qoçum üzərində qızılı sapla toxunmuş “Z.J.D.”(1) hərfləri olan məxmər döşəkçənin üstündə oturdu.

Qatar ağır-ağır hərəkətlə çöl mənzərələrinin içindən keçməyə başladı. Ta uzaqlara qədər uzanan sapsarı qumlar, yumşaq və yuvarlaq təpələr, küləklərdən və günəş şüalarından çatlamış qayalıqlar işıq saçırdılar.

Vaqonun pəncərəsini açıb bayıra baxdım. Qızmar qum təpələrinin üstündən, çox-çox uzaqlarda olan dəniz tərəfdən sərin külək əsirdi. Çılpaq qayalar qıpqırmızı göz kimi gözərirdi. Səhranın ətrafını bürüyən tozlu kollar ilansayağı tərpəşirdi.

Sonra səhrada bir karvan göründü. Karvandakı yüzdən çox bir və iki hörgüclü irili-kiçikli dəvələrin hamısı ürkək baxışlarını qatara zilləmişdilər. Hər dəvənin boynunda zınqırov var idi. Onlar ayaqlarını qorxaq addımlarla zınqırovların səslərinin ahənginə uyğun olaraq atır, başlarını da ona uyğun surətdə yellədirdilər. Dəvənin biri büdrəsə və ya addımını səhv qoysa zınqırovun birinin səsi dərhal kəsilir. Dəvələrin hamısı bunu hiss edir və onlar narahat olmağa başlayırlar.

- ----------------------------------------------------

1. ZJD – Zaqafqazskaya jeleznaya doroqa.

--------------------------------------------
Karvanda yalnız ahəng bərpa olunandan sonra dəvələr sakitləşir. Çölün qızğın xülyalarından doğmuş və eyni xəmirdən yaradılmış dəvə çölün simvoludur.

Dəvə karvanı ağır-ağır gün çıxan tərəfdən uzaqlaşaraq, bir xəyal aləmində yox olurdu. Qatar isə gün batan istiqamətinə gedirdi. Mən oraya, dəvələrə, onları aparan adamlara və qumlu səhraya mənsubam! Mən qatarı saxlamaq üçün nə səbəbdənsə əlimi qaldırıb ehtiyat əyləcini dartmadım? Çünki mən artıq o istiqamətə getmək istəmirdim. Qatar Qərbə tərəf gedə bilər, amma mən bütün qəlbimlə, bütün ruhumla Şərqə mənsubam.

Kupenin pəncərəsini açıb, başımı bayıra çıxartdım. Karvan artıq uzaqlarda qalmışdı. Onun arxasınca baxdım tam bir sükut çökmüşdü. Mənim ölkəmdə heç bir düşmən yox idi. Zaqafqaziya çöllərini heç kim təhdid etmirdi. Qocum müharibəyə getmək istəyirdi. Onun üçün durum başqaydı. Çünki o, çar üçün də vuruşar, qərb üçün də. Qoçum öz macəra pərəstliyinin əsiridi. O, bəzin asıyalılar kimi düşmənlərinin qan axıtmasını və onların göz yaşlarını görmək istəyirdi. Mən də müharibəyə getmək istəyirdim: Bütün varlığım qanlı bir müharibənin gətirdiyi hüriyyətin həsrətini çəkirdi. İçim gecələr döyüş meydanından ucalan tüstüləri görmək arzuları ilə dolu idi. Müharibə – ən gözəl sözdür. Onda kişilik və qüdrət hiss olunur. Hər halda mən burada qalmalıyam ki, düşmənin ölkəmizə ayaq basdığı günə özümü onlara qarşı hazırlayım. Qoy bu müharibəyə lovğalar getsinlər. Amma ölkəmizdə kifayət qədər adam qalmalıdır ki, düşməni dəf etmək mümkün olsun. Yenə də içimdə boğuq bir hiss vardı. Hiss edirəm ki, bu müharibədə kim qalib gəlirsə-gəlsin, bizim üçün çarın istila yürüşlərindən də böyük bir təhlükə meydana çıxar. Gözə görünməz bir qüvvə karvanın ipini sarbanın əlindən alır və onu zorla yad otlaqlara, yad yollara döndərmək istəyir. Bu yollar isə, ancaq qərbin yolları ola bilər. Mən o yolla getmək istəmirəm. Ona görə də mən müharibəyə getməyib vətinimdə qalmaq istəyirəm. Ancaq o gözəgörünməz qüvvə mənim dünyama qarşı qalxarsa, yalnız o zaman mən qılıncımı qınından sıyıracağam.

Oturduğum yerdə rahat düşünürdüm. İnsan düşündüyünü axıra çatdıranda rahat olur. Ola bilər camaat söz yayacaq ki, mən Ninonun qara gözlərindən ayrıla bilmədiyim üçün müharibəyə getməyib evdə qalıram. Qoy desinlər. Ola bilər ki, bunu deyənlər bəlkə də haqlıdırlar. Amma onlar onu da bilsinlər ki, bu qara gözlər mənim üçün vətən torpağıdır, yadellilərin yad yola dartıb aparmaq istədiyi vətən övladının nidasıdır. Mən də qalıram ki, ana vətənimi gözəgörünməz yadelli düşmənlərdən qoruyum.

Gözlərim qoçuma sataşdı. O şirin yuxu içində xor-xor xoruldayırdı.

IX

Bakı şəhər avqust günəşinin altında süst düşmüşdü. Onun qədim, qırış tutmuş sifəti heç dəyişməmişdi. Rusların çoxu şəhərdən qeybə çıxmışdılar. Onlar öz çarları və vətənləri uğrunda cəbhəyə getmişdilər. Polis bir-bir evləri gəzib almanlarla avstriyalıları axtarırdı. Neftin qiyməti artmışdı. Şəhər qala divarlarının içində və bayırında yaşayan adamların kefləri saz, həyatlarından da məmnun idilər. Müharibə barədə məlumatları yalnız çayxanaların daimi müştəriləri eşidə bilirdilər. Müharibə sanki çox uzaqlarda, başqa bir planetdə gedirdi. Müharibədə fəth edilən və yaxud itirilən şəhərlərlə qəsəbələrin adları çox uzaqdan eşidilir və qulaqlarda yad kimi səslənirdi. Bütün qəzetlərin birinci səhifələrində müxtəlif generalların şəkilləri çap edilirdi. Bu generallar bir dost kimi özlərindən razı halda, zəfərə arxayın kimi təsvir olunurdular. Müharibə gedə-gedə vətənimi tərk etmək istəmirdim. Elə ona görə də Moskvaya gedib xarici dillər institutuna daxil olmadım. Bir də təhsil qaçmırdı ha. Müharibəyə getmədiyim üçün bir çoxları mənə nifrət edirdi.



Lakin mən evimizin damından köhnə şəhərin rəngarəng qübbələrini seyr edən zaman dərk edirdim ki, çarın heç bir çağırışı məni doğma qala divarlarından ayıra bilməz.

Mənim davranışım atamı karıxdırmışdı. O, təşvişlə məndən soruşdu:

- Sən, Əli xan Şirvanşir, doğrudan da müharibəyə getmək istəmirsən?

- Bəli, ata getmək istəmirəm.

- Əcdadlarımızın çoxu döyüş meydanında həlak olublar. Bu bizim ailədə təbii bir haldır.

- Bilirəm, ata. Mən də döyüş meydanında can verəcəyəm, amma indi yox, elə uzaq cəbhələrdə də yox.

- Şərəfsiz yaşamaqdansa, şərəfli ölmək daha yaxşıdır.

- Mən şərəfsiz yaşamıram. Bu müharibə məni maraqdandırmır.

Atam şübhəli-şübhəli mənə baxdı. Yoxsa övlad yetişdirirəm deyə o qorxaq övladmı yetişdirmişdi? Yüzüncü dəfə o, mənə ailəmizin tarixçəsini təkrarən nəql etməyə başladı: hələ Nadir şahın hakimiyyəti dövründə beş Şirvanşir Gümüş Aslan ölkəsi uğrunda necə vuruşduqlarını danışdı. Onlardan dördü hindistana yürüş vaxtı döyüş meydanında həlak olmuşdu. Yalnız biri Dehlidən bol qənimətlə qayıtmışdı. O, sonralar malikanələr almış və saraylar tikdirmişdi də. Qorxulu hökmdarın dövründən də sağ-salamat çıxmışdı. Amma Şahruh Hüseyn xana qarşı vuruşduğu zaman əcdadım qəddar Qacar şahzadəsi Ağa Məhəmmədin tərəfinə keçmişdi. Ondan sonra o adam səkkiz oğlu ilə birlikdə Ağa Məhəmmədin Zənd, Xorasan və gürcüstan yürüşlərində iştirak edib. Onun səkkiz oğlundan üçü sağ qalmışdı. Onlar da bu böyük xədim şah olandan sonra da ona qulluq etməkdə davam edirdilər. Ağa Məhəmməd öldürüldüyü gecə o üç qardaşın çadırları Şahın Şuşadakı qərargahında qurulu qalmışdı. Ağa məhəmmədin varisi Fətəli xanın onlara Şirvanda, Mazandaranda, Gilanda və Azərbaycanda bəxş etdiyi təsərrüfatlarla, malikanələr Şirvanşirlər nəslinin doqquz igidinin qanlarının bahasına başa gəlmişdi. Bu üç qardaş şahənşahın varis canişinləri kimi Şirvanda hökmdarlıq edirdilər. Sonra ruslar gəldilər. İbrahim xan Şirvanşir o vaxt Bakını müdafiə edirdi. Onun Gəncə yaxınlığında qəhrəmancasına şəhid olması Şirvanşirlər nəslinə şan, şərəf gətirmişdi. Yalnız Türkmənçay sülh müqaviləsindən sonra Şirvanşirlərin arasına ayrılıq düşmüşdü. Nəslimizin üzvləri Məhəmməd şahla Nəsrəddin şahın hakimiyyətləri zamanı türkmənlərlə Əfqanlara qarşı döyüşlərdə vuruşub həlak oldular. Nəslimizin ruslar tərəfində olan üzvləri də çarın Krım müharibəsində, türklərə qarşı döyüşlərdə və Rus-yapon müharibəsində döyüşüb həlak olurdular. Nəslimizin şan və şərəflə daşıdığı saysız-hesabsız ordenlər, nişanlar beləcə qazanılmışdı. Oğullarımız Gerindium və Gerindivyum arasındakı fərqi bilmədikləri halda, belə imtahanları verməyə qadir idilər.


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə