ƏLİ VƏ Nİno (1927), Qurban Səid



Yüklə 1,02 Mb.
səhifə7/19
tarix30.12.2017
ölçüsü1,02 Mb.
#18754
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   19

Mən susurdum. Dostlarımın məni tərifləmələrinə cavab vermədən başımı aşağı salıb onları dinləyirdim. Ağlı başında olan adam tərifə də, nifrətə də soyuqqanlı olmalıdır. Dostlarım xəritələri açıb vəziyyəti müzakirə edirdilər.

Türklərin şəhərin hansı tərəfindən Bakıya girəcəkləri barədə dostlarım biri-birilə mübahisə edirdilər. Mübahisəni saxlamaq üçün, dedim ki, türklər Bakıya hansı tərəfdən gəlirlərsə gəlsinlər, ancaq onlar mütləq şəhərə Ermənikənd tərəfdən girəcəklər. Bu sözdən sonra dostlarım mənə heyranlıqla baxıb, bir daha zəkamı və uzaqgörənliyimi təriflədilər. İnsanların təbiəti bir gecə içində kökündən dəyişdi. O gündən sonra artıq heç bir müsəlman silaha sarılmağa qalxmadı. Zeynal ağa da böyük miqdarda pul qoyub birdən-birə döyüşmək həvəsini itirən İlyas bəyi Bakı qarnizonunda saxlaya bildi. İlyas bəy Osmanlı sultanı müharibə elan etməzdən bir az qabaq zabitlik imtahanından keçmişdi. Məmməd Heydər də imtahan verib zabit olmağa müvəffəq olmuşdu. İndi hər ikisi leytenant rütbəsiylə kazarmada oturub, çara sədaqət andını içməyən mənə qibtə edirdilər. Onların geriyə dönüş yolu artıq yox idi. Onları zabit olmağa heç kim məcbur etməmişdi. Onlar bunu könüllü etmişdilər və çara sədaqət andını içmişdilər. Əgər onlar bu andı pozsaydılar onlara arxa çevirən ilk insan elə mən özüm olacaqdım.

O günlərdə mən çox qaradinməz olmuşdum. Gecələr hərdənbir evdən çıxıb, iti addımlarla yaxınlıqdakı kiçik məscidə gedərdim. Məscidin yanında köhnə bir ev var idi. Bu evdə mənim köhnə məktəb yoldaşım Seyid Mustafa yaşayırdı. Seyid Mustafa Peyğəmbərin sadiq qulu idi. Onun balaca badamı gözləri və çopur sifəti var idi. O, mənsub olduğu rütbənin yaşıl qurşağını taxırdı. Onun atası balaca məscidin imamı idi. Babası isə müqəddəs Məşhəd şəhərində İmam Rzanın türbəsində tanınmış bir alim idi. Seyid Mustafa dindar idi. O, gündə üç dəfə namaz qılırdı. İsanın düşmənini ayaqları altında əzmək məqsədilə allahsız xəlifə Yezidin adını pəncəsinə yazmışdı. Seyid Mustafa Məhərrəm ayının onuncu gününə düşən aşurada qan fışqırana qədər sinə vurardı. Nino onun din uğrunda ağlını itirmiş olduğunu hesab etdiyi üçün ona nifrət edirdi. Halbuki mən onun təmiz və açıq dünya görüşlərinə görə Seyid Mustafanı sevirdim. O, xeyri şərdən, haqqı da nahaqdan hamıdan yaxşı seçə bilirdi.

Seyid Mustafa məni müdrik bir adamın şən gülüşü ilə qarşılayıb dedi:

- Əli xan, eşitmisən? Dövlətli Yaqub oğlu on iki yeşik şampan şərabı alıb ki, onları şəhərə girən ilk türk zabiti ilə içsin. Əli xan, şampan şərabı anladınmı? Müsəlman Cihad döyüşçülərinin şərəfinə şampan şərabı!

Çiyinlərimi dartıb dedim:

- Niyə təəccüblənirsən, ay Seyid? İnsanlar ağıllarını itiriblər.

Seyid acıqla dedi:

- Allah qəzəbləndiyi adamı yolundan azdırar.

Seyid yerindən atıldı. Onun dodaqları əsirdi:

- Dünən səkkiz adam əsgərlikdən qaçıb ki, Sultanın ordusunda xidmət etsin. Səkkiz adam! Əli xan anlayırsanmı? De görüm, bu səkkiz nəfər nə etdiklərini başa düşürlərmi?

- Hər halda quş beyinli adamlardır: - deyə ehtiyatla cavab verdim. Buna baxmayaraq, ürəyim Ənvər Paşa ordularının şəhərimizə girəcəyi anı görmək istəyirdi.

- Bir işə bax, Əli xan, dedi:

- Şiələr sünni Xəlifənin tərəfində vuruşurlar. Məgər Yezid Peyğəmbər nəvəsinin qanını tökməmişdirmi? Məgər Müaviyə həzrəti Əlini qətlə yetirmədimi? Bəs Peyğəmbərin varisi kimdir? Xəlifəmi, yoxsa damarlarında Peyğəmbər qanı axan gözəgörünməz əbədiyyət İmamı? Yüz illərdən bəridir ki, şiə kütləsi yas saxlayır, bizimlə kafirlərdən də betər olan bu dönüklər arasında qan axır. Burada şiə, orada sünni və onların arasında heç bir körpü yoxdur.

Sultan Səlimin qırx min şiəni qılıncdan keçirdiyi gündən heç də çox keçməmişdir. Bəs indi? Şiələr Peyğəmbərin varisini məhv edən xəlifə üçün vuruşurlar. Məgər hər şey, möminlərin qanı, İmamların sirli ölümləri yaddan çıxmışdır? Burada şiə şəhərində insanlar oturub sünnilərin kəlməsini və dinimizi məhv etməsini həsrətlə gözləyirlər. Axı Türkiyə nə istəyir?! Ənvər Urmiyaya kimi irəliləmişdir. İran parçalanacaq, din məhv olacaq. Ya Əli, od saçan qılıncınla gəl! Gəl, ya Əli, bu dönüklərin cəzasını ver! Ya Əli, ya Əli...!

Seyid Mustafanın yanaqlarından göz yaşları axırdı. O, yumruğu ilə sinəsinə vururdu. Mən sarsılmış halda ona baxırdım. Nəyin haqq və nəyin isə nahaq olduğunu artıq bilmirdim. Düzdür, türklər sünnidirlər. Amma buna baxmayaraq, ürəyim, Ənvər Paşanın ordusunun şəhərimizə girəcəyi anı görmək istəyirdi.

Axı bu nə deməkdi? Şəhidlərimizin qanı məgər boş yerə axıb?

Seyid, - dedim, - türklər də bizim tayfadandır. İkimiz eyni dildə danışırıq. İkimizin də damarlarında turan qanı axır. Bəlkə də ona görə Xəlifənin ayparalı bayrağının altında ölmək daha asandır.

Seyid Mustafa gözlərini sildi. Sakit və qürurla dedi:

- Mənim damarlarımda Məhəmməd Peyğəmbərin qanı axır. Turan qanımı deyirsən? Mənə elə gəlir ki, məktəbdə öyrəndiklərini bir az unudursan. Get Altay dağlarına, hətta daha uzaqlara, get Sibir hüdudlarına kimi, bax gör orada kimlər yaşayır? Bizim dilimizdə danışan, bizim qanımızdan olan, bizim kimi türklər. Amma Allah onları yolundan azdırmış və onlar bütpərəst qalmışlar. Özləri də daşa, torpağa, bütlərə sitayiş edirlər. Su ilahəsi sayılan Su-Tengriyə, səma ilahəsi olan Teb-Tengriyə səcdə edirlər. Əgər günlərin birində oralarda yaşayan yakutlar və yaxud altaylılar qüvvətlənib bizə qarşı müharibə elan edərlərsə, onda biz şiələr, eyni qana malik olduğumuz üçün bu bütpərəstlərin qələbəsinə sevinməliyik?

- Elə isə nə etməliyik, Seyid? - deyə soruşdum. - İranın qılıncı paslanıb. Türklərə qarşı vuruşsaq çara kömək etmiş olarıq. Məgər Məhəmməd Peyğəmbərin adı ilə biz çarın xaçını xəlifənin ayparalı bayrağına qarşı müdafiə etməliyik? Axı nə etməliyik, Seyid?

Seyid Mustafa sonsuz bir kədərə bürünmüşdü. O, mənə baxıb dedi:

- Əli xan, soruşursan ki, nə etməliyik? Bunu mən özüm də bilmirəm.

Seyid mustafa dəhşətli iztirab içində idi.

Mən pərt halda susdum. Seyidin otağındakı balaca neft lampası his eləyərək yanırdı. Lampanın sarımtıl zəif işığı namaz xalçasının rəngarəng naxışlarını işıqlandırırdı. Bu namaz xalçası qatlanıb yola götürülə biləcək qəribə bir boxçanı xatırladırdı. Seyid Mustafa da bu dünyaya bir səyahət dolayısıyla gəlmiş kimiydi. Zatən başqalarının günahlarını pisləmək Seyid üçün çox asan idi. On il, iyirmi il keçəcək və Məşhəddə gözə görünmədən və hiss edilmədən İranın taleyini idarə edən müdriklərin biri İmam Rzanın türbəsində imamlıq edəcəkdir. Onun gözləri artıq indidən qocaldığından xəbərdar olan bir qocanın gözlərini xatırladırdı. Əgər o, İranın yenidən böyük və qüdrətli bir dövlət olmasına gətirib çıxartsaydı da, yenə haqq və din məsələlərində zərrə qədər güzəştə getməzdi. O, günaha batıb dünyanın nemətlərindən həzz almaqdansa, məhv olmağın doğru olduğuna inanırdı. Seyid ona görə susur və nə edəcəyini bilmirdi. Həqiqi haqq və din astanasında tənha keşikçi olan Seyid Mustafanı mən elə buna görə çox istəyirdim.

Söhbətin mövzusunu dəyişdirmək üçün dedim:

- Seyid, talehimiz cənabi Allahın əlindədir. Qoy Allah bizi doğru yoldan ayırmasın. Ancaq mən bu gün səninlə o mövzuda deyil, bam-başqa şey haqqında danışmaq istəyirəm.

Seyid Mustafa xınalı əllərinə baxdı. O, kəhrəba təsbehini çevirməklə məşğul idi. Başını qaldırıb gülümsədi. Onun çopur sifəti elə bil bir az da enliləşdi: “Dərdini bilirəm, Əli xan. Evlənmək istəyirsən” - dedi. Özümü itirmiş bir halda yerimdən sıçradım. Mən Seyid Mustafa ilə şiə hərbi-siyasi gənclik təşkilatı qurmaq məsələsini müzakirə etmək niyyətində idim. Amma Seyid, artıq indidən mənim nikahımı kəsməyə hazır olan molla kimi danışırdı.

- Axı, sən mənim evlənmək istədiyimi haradan bilirsən? Bir də ki, evlənmək istəməyimin sənə nə dəxli var?

- Sənin niyyətini gözlərindən oxuyuram. Sən mənim dostum olduğun üçün də evlənmək istəyinin bir az da olsa mənə dəxli var. Sən məndən xoşu gəlməyən xristian Nino ilə evlənmək istəyirsən? Elədir mi?

- Düzdür, Mustafa. Bəs sən nə deyirsən buna?

Seyid Mustafa iti və ağıllı baxışlarını mənə dikib dedi:

- Mən sənə “hə” deyirəm, Əli xan. Kişi evlənib yuva qurmalıdır. Özü də ən vacib odur ki, bəyəndiyin qızla evlənəsən. Qadının kişidən xoşu gəlməsi vacib deyildir. Ağıllı kişi qadının iltifatını qazanmağa səy göstərməz. Qadın bir tarladır, kişi də əkinçi. Məgər tarlanın hökmən əkinçini sevməsinə lüzum varmı? Yox, çünki əkinçinin torpağı, tarlanı sevməsi kifayətdir. Evlən. Amma heç bir zaman yaddan çıxartma ki, qadın yalnız və yalnız sadəcə bir tarladır.

- Deməli, sən belə fikirdəsən ki, qadının ruhu da, zəkası da yoxdur? - deyə ondan soruşdum.

Seyid Mustafa canıyananlıqla mənə baxıb dedi:

- Bunu hələ soruşursan da, Əli xan? Təbii ki, bunların heç biri onlarda yoxdur. Bunlar axı ona nəyə lazımdır? Qadının bakirə olması və çoxlu uşaq doğması ona yetər. Şəriət deyir ki, bir kişinin şahidliyi üç qadının şahidliyindən daha məqbuldur. Bunu yaddan çıxartma, Əli xan.

Mən həyəcanla oturub gözləyirdim ki, dindar Seyid Mustafa zəhləsi gedən bir xristian qızı ilə evlənmək istədiyimə görə mənə lənətlər yağdırmağa başlayacaq. Lakin onun cavabı məni sakitləşdirdi. Bu cavab onun açıq və ağıllı insan olduğunu bir daha isbat edirdi.

Yavaşca ondan soruşdum:

- Deməli Ninonun xristian olmasına etirazın yoxdur? Bəlkə müsəlman olması şərtdir?

- Niyə şərt olsun? - deyə Seyid Mustafa soruşdu. Zəkası və ruhu olmayan bir məxluğun dini, imanı da olmaz. Qadın qisminə nə cənnətdə, nə də cəhənnəmdə yer var. Qadın qismi öləndən sonra dağılıb heçə dönür. Unutma ki, ondan olan oğlanlar, əlbəttə şiə olmalıdırlar.

Başımı razı halda yırğaladım.

Seyid Mustafa ayağa durub kitab rəfinə yaxınlaşdı. Onun meymun əllərinə bənzəyən uzun əlləri üstünü toz basmış bir kitabı rəfdən götürdü. Kitabın cildinə nəzər saldım. Orada farsca “Çeynabi Təvarix əl səlcuq” sözləri yazılmışdı. Yəni Səlcuq sülaləsinin tarixi.

Seyid kitabı açdı və dedi:

- Budur, səhifə 207.

Sonra yüksək səslə oxumağa başladı.

- Hicri 637-ci ildə Sultan Ələddin Keyqubad Qəbadiyyə sarayında vəfat etdi. Onun yerinə Səlcuq taxtına Qiyasəddin Keyxosrov keçdi. Çox keçmədən Qiyasəddin Keyxosrov bir gürcü prinsesi ilə evləndi. Onun gürcü qızına məhəbbəti o qədər güclü idi ki, sikkələrin üzərində öz şəkli ilə yanaşı, arvadının da şəklini vurmağı əmr etdi. Bir gün alimlərlə din xadimləri sultanın yanına gəlib deyirlər: “Sultanın şəriətə qarşı çıxması düzgün deyildir. Onun bu əməli günah işlətməkdən ibarətdir”.

Qüdrətli hökmdar Qiyasəddin bu sözləri eşidib qəzəblə cavab verdi: “Cənabi Allah məni sizə hökmdar təyin edib. Sizin vəzifəniz də itaət etməkdir”. Alimlərlə din xadimləri hökmdarın sözlərindən sonra gedib kədərə qərq oldular. Lakin Allah sultan Qiyasəddin Keyxosrovun gözlərini açdı və o, alimləri yanına çağırtdırıb onlara başa saldı ki, - ”Mən müqəddəs qanunları pozmaq istəmirəm, çünki onlara riayət etmək vəzifəsini Allah mənim boynuma qoyub. Elə buna görə də əmr edirəm: uzun yalı olan və sağ pəncəsində qılınc tutan aslan mənəm. Başımın üzərində parıldayan günəş də çox sevdiyim qadındır. Dediklərim də sizin üçün qanundur”. O zamandan bəri aslan və günəş İranın simvoludur. Ağıllı kişilər isə deyirlər ki, “gürcü qadınlarından gözəl qadın yoxdur”.

Seyid Mustafa kitabı bağladı və üzümə baxıb gülümsədi. Görürsən də, vaxtı ilə Keyxosrovun etdiyini indi sən edirsən. Heç bir qanun bunu qadağan etmir. Gürcü qadınları da Peyğəmbərin dindar möminlərinə vəd etdiyi qənimətin bir hissəsidir. Peyğəmbər Quranda deyir: “Gedin onları alın”.

Seyid Mustafanın dərdli sifəti birdən-birə yumşaldı. Onun muncuq kimi balaca gözləri işıqlandı. O, iyirminci əsrin balaca bir tərəddüdünü müqəddəs Qurani kərimin kəlamı vasitəsilə aradan qaldırdığı üçün özünü xoşbəxt sayırdı. Onun bütün vücudu bəyan edib deyirdi: qoy, kafirlər əsl tərəqqinin harada olduğunu bilsinlər!

Onun otağından çıxıb, evə tərəf getdim. Qaranlıq küçələrdə mətin addımlarla addımlayırdım. çünki arxam-müqəddəs Qurani Kərim, Sultan Qiyasəddin Keyxosrov və bilikli Seyid Mustafa idi.
XII

Çöl sirli və anlaşılmaz bir dünyanın darvazasına bənzəyir. Atımın nallarının altından toz və xırdaca daşlar ətrafa səpələnirdi. Altımdakı Terek kazaklarının yəhəri yumşaq idi, elə bil onun içini yonqarla doldurmuşdular. Terek kazakları bu yəhərin üstündə yatır, uzanır, və həm də ayaq üstündə dayanırdılar. Kazakın varı da, yoxu da bu yəhərdən asılan heybənin içində olur: – bir kömbə çörək, bir şüşə arağ və Qabardin kəndlərindən oğurladığı qızıl sikkələr. Mənim isə heybəm boş idi. Çöl küləyinin vıyıltısı içində atımı çapırdım. Güclü küləyin qopardığı tozanaqdan göz-gözü görmürdü. Çiynimdəki yumşaq Qabardin yapıncısı məni küləkdən qoruyurdu. Quldurlar və cəngavərlər bu geyim növünü soyğunçuluq və gəzinti üçün ixtira etmişdilər. Yapıncıdan nə gün işıqları və nə də yağmır damcıları keçə bilirdi. Bu qara yapıncını bir an içərisində çadıra çevirmək və onu büküb basqın zamanı oğurlanmış şeyləri onun qatları içində gizlətmək də mümkündür. Qaçırılmış qızlar isə tutuquşu qəfəsdə oturan kimi yapıncının içində büzüşüb dinməz oturardılar.

Mən atımı qurd darvazasına doğru sürdüm. Bakı yaxınlığındakı çöllüyün tam ortasında yerləşən bu darvazanı lap qədim zamanların bahadırları düzəltmişlər. Bu darvaza, qum okeanının ortasında ucalan küləkdən kobudlaşmış iki boz qayadan ibarət idi. Türklərin əcdadı sayılan Boz qurd o zaman Osmanlı türklərinin qabağına düşərək, onları bu darvazadan keçirdib, Anadolunun yaşıl yamaclarına aparmışlar.

Aylı gecələrdə çaqqallar və çöl qurdları qayalıqların başında yığışıb cəsəd görmüş köpəklər kimi ulayırdılar. Onların cəsəd iyi barədə anlaşılmaz və qeyri-adi bir hissiyyatları vardır. Onların nəzərində Ay da bir cəsəddir. Hər hansı bir evdə ölüm yatağında yatan adam varsa, itlər başlayırdılar ulaşmağa. Onlar cəsəd iyini hələ adam ölüm yatağında olan zaman hiss edirlər. Bu itlər çöl qurdlarının cinsindən və nəslindəndirlər.

Çölün ucsuz-bucaqsız boşluğunda atımı sürürdüm. Yanımda da atam atının belində oturub eyni sürətlə irəliləyirdi.

– Səfər xan! – deyə atamı səslədim. Səsim boğuq çıxırdı. Atamı çox nadir hallarda öz adı ilə çağırardım.

– Səfər xan, səninlə danışmaq istəyirəm.

– Atam çapa-çapa mənə çatıb, “danış oğlum” dedi. Atlılar həmahəngliklə birləşəndə danışmaq daha asan olur.

Görəsən atam məni ələ salırdı? Onun qaşları çatılmışdı.

– Buyur, oğlum, nə deyirsən? – Onun səsi mənə istehzalı göründü.

– Evlənmək istəyirəm, Səfər xan.

Araya uzun bir sükut çökdü. Küləyin vıyıltısı isə kəsilmirdi. Atın nalları altından çıxan xırdaca daşlar, tozla qarışıb ətrafa səpələnirdi.

Nəhayət atamın səsi eşidildi:

– Mən sənə dəniz qırağında imarət tikdirəcəyəm. Gözəl bir yer tanıyıram. Bəlkə imarətin həyətində bir tövlə də tikdirməli oldum. Yay aylarında Mərdəkanda da qala bilərsən. Birinci oğluyun adını isə əcdadımızın şərəfinə İbrahim qoymalısan. İstəsən sənə bir avtomobil də alıb verə bilərəm. Amma avtomobil üçün yararlı yollarımız yoxdur. Cins atlar saxlamaq üçün tövlə daha yaxşıdır.

Yenə sükut çökdü. Qurd darvazası artıq arxada qalmışdı.

Atlarımızı dənizə tərəf, Bayıl qəsəbəsinə tərəf sürürdük. Atamın səsi elə bil uzaqdan gəlirmiş kimi eşidilirdi. O dedi:

– Mən gərək axtarıb sənə layiqli gözəl bir qız tapım, yoxsa sən özün tapmaq istəyirsən? Son zamanlar gənclərin çoxu qızları özləri axtarıb tapırlar.

– Mən Nino Kipiani ilə evlənmək istəyirəm.

Atamın simasında heç nə dəyişmədi. O sağ əli ilə atın yüyənini tutmuşdu.

– Nino Kipiani ilə? – deyə o sözə başladı. – Nino Kipianinin incə beli var. Mənə elə gəlir ki, bütün gürcü qızları incəbeldirlər. Lakin buna baxmayaraq onlar sağlam uşaqlar doğurlar.

– Axı, ata! – deyə hirsləndim.

Ancaq heç özüm də bilmirdim ki. nəyə görə hirslənmişəm. Atam mənə kənardan baxaraq gülümsəyirdi.

Sən hələ çox gəncsən, Əli xan. Qadının beli onun xarici dillər bilməyindən daha çox önəmlidir. Sonra atam açıq bir laqeydliklə soruşdu.

– Nə vaxt evlənmək istəyirsən?

– Payızda, Nino məktəbi bitirəndə.

– Çox gözəl. Deməli uşaq gələn may ayında dünyaya gələcək. May ayı çox xoşbəxt aydır.

– Ata!

Məni daha anlaşılmaz bir hirs bürüdü. Mənə elə gəlirdi ki, atam məni lağa qoyur. Mən Nino ilə onun belinə görə və yaxud xarici dilləri bildiyindən ötrü evlənmirəm. Onu sevdiyim üçün evlənirəm.



Atam gülümsəyirdi. Sonra atını saxlayıb dedi:

- Çöl ucsuz-bucaqsız və bomboşdur. Hansı təpənin yanında olursa-olsun, fərqi yoxdur, oturub çörək yeyək. Acmışam. Elə burada da bir az dincələk.

Atlardan düşdük. Atam yəhərinə asılmış heybəsindən təndir çörəyi ilə pendir çıxartdı və yarısını mənə uzatdı. Mən isə ac deyildim. Qumun üstündə uzanmışıq, atam yeyir və uzaqlara baxırdı. Birdən onun sifəti ciddiləşdi, dirsəklənib özünü düzəltdi. Sonra bardaş qurub oturdu:

- Çox yaxşı edirsən ki, evlənmək istəyirsən. Mən üç dəfə evlənmişəm. Amma arvadlarım payız milçəyi kimi ölüb gedirdilər. İndi isə bildiyin kimi evli də deyiləm. Amma sən evlənsən, bəlkə mən də evləndim. Sənin Ninon xristian qızıdır. Onun evimizə özgə dinini gətirməsinə imkan vermə. Bazar günləri onu kilsəyə göndərə bilərsən, amma evinə gərək keşiş ayağı dəyməsin. Qadın tez sınan incə qaba bənzəyir. Bunu bilmək sənə vacibdir. Hamilə olduğu vaxt ona əl qaldırma, ehtiyat elə. Amma heç vaxt yadından çıxartma ki, evin ağası sənsən, o də sənin kölgəndə yaşamalıdır. Bilirsən ki, hər bir müsəlmana dörd qadına qədər evlənmək icazə verilir. Amma bir qadınla kifayətlənsən daha yaxşı olar. Əgər Ninonun uşağı olmasa, o başqa məsələdir. Arvadına sədaqətsizlik eləmə. Onunla səbirli ol. Qadınlar uşaq kimidirlər, amma uşaqlardan fərqli olaraq onlar daha hiyləgər və daha yaman olurlar. Bunu da bilməlisən, bu çox vacib məsələdir. İstədiyin vaxt ona çoxlu hədiyyələr gətir, ipək və daş – qaş ver.

- Ata, mən onu sevirəm.

O başını yırğaladı:

– Ümumiyyətlə kişi gərək arvadı sevməsin. Kişi vətənini, müharibəni sevər. Bəzi kişilər də gözəl xalçaları və yaxud nadir silahları sevirlər. Ancaq kişinin qadını sevməsinə rast gəlmək olur. Leyli və Məcnunun dillərdə əzbər olan eşqindən və yaxud Hafizin qəzəllərindən xəbərin varmı? Hafiz bütün ömrü boyu eşqi – məhəbbəti tərənnüm edib. Amma bəzi ağıllı adamlar deyirlər ki, Hafiz ömründə bir qadınla belə yatmayıb. Məcnun isə əməlli – başlı dəli idi. İnan mənə oğlum. Kişi qadını qorumalıdır, ona baxmalıdır, amma sevmək qadının vəzifəsidir. Allahın buyruğu belədir.

Mən ona cavab verməyib susmağı üstün tutdum. Atam da dinməz oturdu. Bəlkə də o haqlı idi. Kişinin həyatında məhəbbət ən vacib, ən mühüm şey deyil. Mən hələ həyatda atamın təcrübə və bildiyinin zirvəsinə çatmamışdım.

Atam birdən-birə gülərək dedi: “Yaxşı, mən sabah Knyaz Kipianinin yanına gedib, məsələni onunla danışaram. Yoxsa dünya dəyişib, artıq gənclər özləri indi qıza elçi gedirlər?

– Kipianlilərlə mən özüm gedib danışacağam, – deyə tələsik cavab verdim.

Atlara minib Bayıla tərəf sürdük. Bir az keçəndən sonra Bibiheybətin neft vışkaları göründü. Qara neft buruqları eybəcər görünüşlü qaranlıq bir meşəni xatırladırdı. Ətrafı neft qoxusu bürümüşdü. Əllərindən neft damcılayan fəhlələr, neft fışqıran buruğun yanında dayanmışdılar. Bayıl həbsxanasının yanından keçəndə birdən-birə güllə səsi eşitdik. “Kimi güllələyirlər?” – deyə mən soruşdum.

– Yox, bu dəfə Bayıl həbsxanasında heç kimi güllələmirdirlər. Güllə səsləri Bayıl qarnizonunun kazarmasından gəlirdi. Orada əsgərlərə müharibə təlimini öyrədirdilər.

– Dostlarını görmək istəyirsənmi? – deyə atam soruşdu. Başımla ona “bəli” işarəsi etdim. Atlarımızı kazarmanın təlim meydançasına sürdük. İlyas bəylə Məmməd Heydər öz hissələrindəki əsgərlərə təlim keçirdilər. Onların alınlarından tər süzülürdü.

Məmməd Heydərin sifətində çox ciddi bir ifadə vardı. İlyas bəy isə başqa bir nəfər tərəfindən idarə edilən incə bir oyuncağı andırırdı. Hər ikisi bizə yaxınlaşıb salam verdilər.

– “Hərbi xidmət necədir, xoşunuza gəlirmi? – deyə soruşdum.

İlyas bəy cavab vermədi... Məmməd Heydər də qaşqabağını töküb dedi ki, hər halda məktəbdən yaxşıdır. İlyas bəy də dilləndi.

– Alayımıza yeni bir komandan gəlir. Şuşalıdır, adı Knyaz Melikovdur.

– Melikov? O kəhər atı olan Melikov deyilmi?

– Bəli, özüdür ki, var. İndidən bütün qarnizon o atdan əfsanələr danışır.

Bir müddət aramıza sükut çökdü. Kazarmanın keçid meydanını qatı toz təbəqəsi örtmüşdü. İlyas bəy qısqanc və sıxıntılı baxışlarla əsgərlər tərəfə baxırdı. Atam əlini onun çiyninə qoydu:

– Deyəsən, Əli xana həsəd aparırsan ki, o azaddır. Paxıllıq eləmə, çünki o, da öz razılığı ilə azadlığını əldən vermək niyyətindədir.

İlyas bəy heyrətə düşmüş halda uzun-uzadı güldü: “Bəli, amma o azadlığını Ninoya verir” – dedi:

Məmməd Heydər də sual verici baxışlarla başını qaldırıb dedi:

– Evlənməyinin artıq vaxtıdır.

Məmməd Heydər ailəvi idi. Arvadı çadra örtürdü. Onun adını nə mən bilirdim, nə də İlyas bəy. O, məni başdan ayağa diqqətlə süzdü, sonra alnını qırışdırıb dedi:

– “İndi həyatın əslində nə demək olduğunu anlayacaqsan”.

Bu sözlər Məmməd Heydərin dilində çox sadəlövhcəsinə səslənirdi. Axı Məmməd Heydərlə onun çadralı arvadı həyat haqqında nə bilə bilərdilər?

Hər ikisinin əllərini sıxıb kazarmanı tərk etdik.

Evə qayıdıb divanda uzandım. Asiyalıların evləri daima sərin olur. Gecələr otaqlar bulaq suyu tək sərin olur. Gündüzlər isə evə girəndə elə bil ki, soyuq hamama girirsən.

Birdən telefon zəng çaldı. Ninonun səsi gəldi: “İstidən, bir də riyaziyyatın əlindən ölürəm, Əli xan. Gəl mənə kömək elə”.

On dəqiqədən sonra artıq Nino incə əllərini mənə uzadırdı. Onun qələm kimi incə barmaqları mürəkkəbə bulaşmışdı.

Mən mürəkkəb ləkələrə bulaşmış bu barmaqları öpdüm.

– Nino, atamla danışdım. O, razıdır.

Nino titrək vəziyyətdə gülürdü. Utancaqlıqla evinə göz gəzdirdi. Onun yanaqları qızarmışdı. O, mənə yaxınlaşdı, mən onun iriləşmiş göz bəbəklərini görürdüm. Sonra pıçıldaya-pıçıldaya:

– Əli xan, qorxuram, çox qorxuram. – dedi:

– İmtahandan mı qorxursan, Nino?

“Yox” deyib gözlərini dənizə tərəf zillədi. Sonra barmaqlarını saçlarının arasına salıb dedi:

– Əli xan, bir qatar saatda on kilometr sürətlə “A” şəhərindən “B” şəhərinə gedir...”

Ürəyim açıldı və sevincək olub onun riyaziyyat kitablarını vərəqləməyə başladım.

XIII


Sıx bir duman dəniz tərəfdən gəlib şəhəri bürüyürdü. Tinlərdə yanan fənərlər zəif işıq yayırdı. Hirsdən vurnuxan adam kimi sahil boyunca gəzməyə başladım. Duman elə sıx idi ki, insanların üzlərini belə görmək olmurdu. Qarşıma çıxan adamlar ya etinasız və yaxud da ürkmüş kimi görünüb qeyb olurdular. Yola atılmış bir taxta tirinə ilişib, çömbəlmiş bir liman hambalının üstünə yıxıldım. Onun mənasız baxışları çox – çox uzaqlara zillənmişdi. Hambalın qalın dodaqları tərpənirdi. O, xaş – xaş çeynəyirdi və artıq dərin, nəşəli xəyallar içində idi. Yumruğumu onun kürəyinə əndərib yoluma davam etdim. Limanın ətrafındakı binaların pəncərələrindən gələn işıqlar sayrışırdı. İşıqdan gözlərim qamaşdı. Birdən yerə atılmış şüşə parçalarına ayaqlarımı basdım. Onların cingiltisinin səsindən vahiməyə düşmüş bir adamın sifəti göründü. Dumanın içində bu kök adamın qarnı məni dəhşətə gətirdi. Mən yolumla gedərkən onun qarnına toxundum. Onun qarnı yumşaq və piyli idi. Birdən mehriban bir səs eşitdim: “Axşamınız xeyir, Əli xan”. Başımı qaldırıb baxdıqda Naçararyanı gördüm. O, gülə – gülə üzümə baxırdı. “ Lənət şeytana”, deyə qışqırıb yolumu davam etmək istədim. Lakin o, mənim qolumdan bərk – bərk tutub dedi:

Sizi pərişan görürəm, dostum. İstəyirsiniz qalın mənimlə”.

Onun səsi şəfqətlə səslənirdi. Birdən birə özümü çox yorğun hiss etdim. Məni soyuq tər basmışdı, artıq taqətim yox idi. Naçararyan: “gəl gedək Filiposyansın restoranına” dedi: - ”Olar” deyə başımla işarə etdim. Mənim üçün artıq heç bir fərqi yox idi. Naçararyan əlimdən tutub məni Baryatinsk küçəsindəki böyük bir restorana apardı. Restoranın yumşaq mebelləri var idi. Divarlarına da qırmızı ipək parçalar çəkilmişdi.

Yumşaq kreslolarda oturduqdan sonra Naçararyan həmdərd bir adamın ədası ilə dedi:


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə