ƏLİ VƏ Nİno (1927), Qurban Səid



Yüklə 1,02 Mb.
səhifə8/19
tarix30.12.2017
ölçüsü1,02 Mb.
#18754
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   19

– Bu dəlilikdir, nədir Əli xan, Qafqaz dəliliyi. Bəlkə də bu bürküdəndir. Ya da bambaşqa bir şeydən əmələ gəlib? Sizin başınızı götürüb qaçmağa vadar edən başqa səbəblərmi var? İsti çayımı qurtum – qurtum içərək; Kipianigilə telefonla zəng edərək o gün onlardan görüş üçün icazə aldığımı, Ninonun ayaqlarının ucunda, qorxu içində evdən gizlincə çıxdığını, prinsesin əlini öpdüyümü, knyaz Kipianinin əlini sıxdığımı, kökü çox qədimlərə gedən nəslimizdən, habelə prinses Nino ilə evlənmək istədiyimi təmiz rus dilində necə başa saldığımı Naçararyana nəql etdim.

“Çox yaxşı, bəs sonra necə oldu?”

Bu əhvalatlar Naçararyanı həqiqətən çox maraqlandırmışdı.

– Sonrası necə olub qulaq asın, deyim.

– Mən knyaz Kipianinin hərəkətlərini yamsılayıb, onun rus dilində azacıq gürcü ləhcəsi ilə mənə necə müraciət etdiyini nəql etdim: “Əziz oğlum, möhtərəm Əli xan. İnanın ki, mən qızım Nino üçün sizdən daha yaxşı bir adam təsəvvür də bilmirəm. Sizin xasiyyətinizdə olan bir adamla evlənmək hər bir qadın üçün xoşbəxtlikdir. Amma Ninonun yaşını nəzərə almaq lazımdır. Axı, o hələ məktəbə gedir. Bu uşağın məhəbbət haqqında nə anlayışı ola bilər? Hər halda biz hindlilərin uşaq yaşlarında evlənmək adətini təkrarlamayacağıq. Bir də ki, hər ikiniz ayrı-ayrı dinlərə mənsubsunuz və yetişmə tərzləriniz də biri-birinizdən çox fərqlidir. Bunu mən sizin yaxşılığınız üçün deyirəm. Atanızın da mənim kimi düşünməkdə olduğuna əminəm. Hər şeyi qoyaq bir yana, görmürsünüz nə zəmanədir, dəhşətli müharibə şəraitində yaşayırıq. Kim bilir sabah nə olacaq! Mən də qızım Ninonun xoşbəxtliyini istəyirəm. Bilirəm ki, o sizi sevir. Mən onun xoşbəxtliyinə mane olmaq istəmirəm. Amma bir şeyi demək istəyirəm: gəlin müharibənin qurtarmağını gözləyək. O vaxt ikiniz də daha böyümüş olacaqsınız. Əgər onda da bir-birinizi bu günkü qədər sevsəniz, səninlə bir daha görüşərik”.

– Bəs indi nə fikirdəsiniz, Əli xan? – deyə Naçararyan soruşdu.

– Mən Ninonu qaçırdıb İrana aparacağam. Bu rüsvayçılığa mən dözə bilmərəm. Sən işə bir bax, Şirvanşir nəslindən biri olan Əli xana yox cavabı verilsin? Bu hərəkətilə knyaz Kipiani görən nə fikirləşir? Mən özümü təhqir olunmuş hesab edirəm. Şirvanşirlər nəsli Kipianilər nəslindən daha çox qədimdir. Ağa Məhəmməd şah Qacar dövründə Şirvanşirlər bütün Gürcüstanı yerlə-yeksan etmişdilər. O vaxtlar olsa idi Kipianilər öz qızlarını böyük sevinclə Şirvanşirlərin oğullarına verərdilər. Sonra o, dini fərqlərdən danışdı: Bununla da Kipianinin nə demək istədiyini başa düşmədim. Məgər İslam dini xristian dinindən aşağı dindir? Bəs mənim şərəfim nə olacaq? İndi atam mənə istehza ilə gülüb deyəcək ki, bir işə bax ha, bir xristian öz qızını mənə verməkdən imtina edir!

Biz müsəlmanlar dişləri tökülmüş canavarlarıq. Yüz il bundan qabaq olsaydı...

Qəzəbimdən səsim kəsildi. Susdum. Əslinə qalsa, onsuz da həddindən artıq danışmışdım.

Naçararyan da xristian idi. O da özünü təhqir olunmuş hesab etsəydi haqlı olardı. Amma özünü o yerə qoymadı.

– Qəzəbinizi başa düşürəm, Əli xan, – deyə Naçararyan dilləndi. Lakin knyaz Kipiani sizə yox deməyib axı. Təbii ki, müharibənin sonuna kimi gözləmək, əlbəttə gülüncdür. Kipiani sadəcə qızının artıq böyümüş olduğunu başa düşmək istəmir. Qızı qaçırtmağa cəhd göstərməyinə sözüm yoxdur. Qız qaçırtma köhnə, sınaqdan çıxmış yoldur, bizim adətlərimizə də uyğundur. Amma bu son çıxış yolu deyildir. Gərək biri knyaz Kipianinin yanına gedib bu nikahın necə deyim, mədəni və siyasi əhəmiyyətini ona izah etsin. Ondan sonra onun yola gələcəyinə əminəm.

– Bəs bu işi kimə tapşırmaq olar?

Elə bunu deyən kimi Naçararyan əlini sinəsinə vurub bərkdən bağırdı:

– Necə yəni kimə, mənə! Arxayın olun, Əli xan, bu işi mənə etibar edin.

Təəccüblə ona baxdım. Görəsən bu erməninin məqsədi nədir ki, o mənim şəxsi işimə ikinci dəfədir ki, qarışır. Bəlkə türklərin Qafqaza doğru irəliləməkdə olduqlarını gördüyü üçün o, müsəlmanlarla yaxın əlaqə yaratmağa çalışırdı. Yoxsa, o doğrudan da Qafqaz xalqlarının ittifaqını qurmaq niyyətindədir? Kim bilir? Mənə heç bir fərqi yox idi. Hər halda o mənim müttəfiqim idi.

Əlimi Naçararyana uzatdım. O, əlimi möhkəm sıxıb dedi:

– Sizi hər şeydən xəbərdar edəcəyəm. Amma Ninonu qaçırtmaq üçün cəhd göstərməyə tələsməyin. Əgər başqa çarə qalmazsa o zaman buna əl atarsınız.

Ayağa qalxdım. Birdən-birə məndə elə hiss oyandı ki, bu yekəqarın adama bel bağlamaq olar. Mən onu qucaqlayaraq restorandan çıxdım. Elə ayağımı küçəyə qoymuşdum ki, kimsə tələsik özünü mənə çatdırdı. Arxaya dönüb baxanda özünü mənə çatdıran adamı tanıdım. O, atamın köhnə dostu Süleyman Ağa idi. Biz restoranda olarkən o da orada idi. Süleyman Ağa ağır əlini çiynimə qoyub dedi: “Ayıb olsun sənə, Əli xan! Şirvanşir nəslinin övladı da ermənini qucaqlayarmı?” Çaşqınlıqdan ağzım açıla qaldı. Lakin Süleyman ağa gecənin dumanında qeyb oldu. Yoluma davam etdim. Yaxşı ki. Kipianigilə bu gün nəyə görə getdiyimi atama deməmişəm. Açarı çıxardıb qapını açmaq istəyərkən başımı yırğalayıb öz-özümə düşündüm: “Müsəlmanların ermənilərə qarşı belə nifrət hissi bəsləməsi görəsən haradandır?

Bu əhvalatdan sonra günüm telefon aparatının yanında keçirdi. Bu iri dəstəkli yöndəmsiz qara rəngli aparata birdən-birə, heç ağlıma gəlməyəcək dərəcədə elə bağlanmışdım ki, evdən bayıra da çıxmaq istəmirdim. Atam soruşanda ki, niyə gedib Nino ilə evlənmək istədiyini onun valideynlərinə bildirmirsən. Mən ona dodaqaltı anlaşılmaz bir söz deyirdim. Bu əsnada masanın üzərindəki telefonun dəhşətli səsi məni diksindirdi. Dəstəyi qaldırdım, Nino döyüş meydanından məlumat verirdi:

“Əli, sənsən? Qulaq as. Naçararyan anamla oturub, ulu babam şair İliko Çavçavadzenin şerlərindən danışır”. Bir az sonra: “Əli, eşidirsən məni? Naçararyan, şair Şota Rustaveliyə və kraliça Tamaraya İran mədəniyyətinin böyük təsiri olduğunu söyləyir”. Bir az sonra da:

“Əli xan, Naçararyan atamla çay içir. Elə indicə o, dedi ki, bu şəhərin sirri ondakı irqlərin və millətlərin anlaşılmaz birliyindən, yaxınlığından irəli gəlir.

Yarım saatdan sonra telefon aparatının dəstəyindən yenə Ninonun səsi eşidilir. “Naçararyan lap ağıl dəryası imiş”. O, deyir ki, “Qafqazda barış içində yaşayan bir irq varsa, o da bu irqin doğulduğu yer Bakıdır”. Qəhqələ ilə gülüb telefonun dəstəyini yerinə qoydum.

Günlər bu cür biri-birinin ardınca keçib gedirdi. Naçararyan Kipianigilin evindən əl çəkmirdi: onların evində yeyir, içir gününü bu evdə keçirirdi. O, hətta onlarla gəzməyə çıxır və onlara mistik, bəzən də əməli məsləhətlər verirdi. Mən telefon xətti vasitəsilə erməni hiyləgərliyini heyrətlə izləyirdim: “Naçararyan yer üzündəki ilk pulun Ay şəklində düzəldiyini söyləyir. On dörd gecəlik, ay şəkilli qızıl sikkələr və onların insan üzərindəki təsiri Qafqazlılar və İranlıların qədim zamanlarda Aya sitayiş etmələrinin nəticəsidir. Əli xan artıq bu boş söhbətlərə qulaq asa bilmirəm. Qubernator bağına gəl”.

Qubernator bağına gedib, köhnə qala divarlarının yanında görüşdük. Nino tələsik qısa cümlələrlə mənə son məlumatları böyük həyəcanla danışdı. Anası dad-aman edərək Ninoya nəsihət edib ki, o öz gənc həyatını gəlmə bir müsəlmana etibar etməsin. Atası isə zarafat edərək xəbərdarlıq edib ki, guya mən Ninonu hərəmxanaya göndərəcəyəm.

Gənc Nino isə qəhqəhə ilə gülmüş və eyni zamanda ciddi şəkildə valideynlərinə xəbərdarlıq edib demişdi:

“Hələ gözləyin...Əli xan məni qaçırarsa, o zaman neyləyəcəksiniz?”

Onun saçlarını tumarladım. Mən öz Ninomu yaxşı tanıyırdım. Nino istədiyini bilməsə belə, həmişə arzusuna nail olurdu.

Nino deyinə-deyinə dedi:

– Bu müharibə on il davam edə bilər. Valideynlərin bizdən uzun bir zaman gözləməyimizi istəmələri dəhşətdir.

– Nino, məni doğrudan da belə sevirsən?

Onun dodaqları titrədi:

– Biz biri-birimizdən ayrı yaşaya bilmərik. Mənim valideynlərim işi son dərəcə çətinləşdirirlər. Amma mən fikrimdən dönməyəcəyəm, soruşursan ki, doğrudan da sevirsən? Hə, səni həqiqətən sevirəm. Amma məni götürüb qaçsan, vay sənin halına!

Nino susdu. Sonra oğrunca aradan çıxıb evlərinə getdi və telefon oyunu təzədən başladı:

– “Əli xan, Naçararyan deyir ki, onun əmisi oğlu Tiflisdən ona məktub yazıb bildirir ki, çarın Qafqazdakı canişini qarışıq nikahlara tərəfdardır. Canişin bunu, Şərqin Qərb mədəniyyətinə qovuşmasının bir üsulu hesab edir. Onun nə demək istədiyini başa düşürsənmi, Əli xan?”

– Yox, mən artıq heç bir şey başa düşmürdüm. Mən sadəcə tənbəl-tənbəl evdə oturub mümkün qədər az danışırdım. Nino ilə bir sinifdə oxuyan xalam qızı Aişə yanıma gəlib, xəbər verdi ki, Nino son üç gündə bir neçə dərsdən “qeyri-kafi” qiymət almışdı. Əlbəttə, Aişə bunun günahını mənim üstümə atırdı. Mən gələcəyin qayğısına qalmaqdansa, gərək Ninonun ev tapşırıqlarına diqqətimi artıraydım. Aişənin qabağında xəcalət çəkirdim. Sonra xalam qızı ilə nərd oynadıq. Aişə oyunu uddu və gedəndə Ninonun dərslərinə kömək edəcəyinə mənə söz verdi.

Yenə telefon zəng çaldı: “Sənsən Əli xan, bir neçə saatdır ki, siyasət və təsərrüfat işlərindən danışırlar. Naçararyan deyir ki, pullarını İrandaki malikanələrə sərbəst qoya bildikləri üçün müsəlmanlara qibtə edir. Kim bilir, Rusiyanın başına nələr gələcək? Bəlkə hər şey dağılacaq. İranda isə ancaq müsəlmanlar torpaq ala bilərlər. O, Gilanın yarısının Şirvanşirlər ailəsinə mənsub olduğunu bildirir. Rusiya da qopacaq hər hansı bir həngaməyə qarşı ən mükəmməl qarant, başqa ölkələrdə torpaq sahibi olmaqdır. Bu gələcəyi təminat altına alır. Naçararyanın bu sözləri valideynlərimə misilsiz təsir göstərib. Anam bir çox müsəlmanların həqiqətən çox mədəni olduqlarını söyləyir.

Bu söhbətin üstündən iki gün keçəndən sonra telefon zəng çaldı. Telefonda sevincindən gülən və ağlayan Nino mənə xəbər verdi ki:

– Anamla, atam bizə xeyir-dua verdilər. Allaha çox şükür.

– Nino, qoy əvvəlcə sənin atan mənə zəng eləsin. Çünki ilk gəlişimdə o məni təhqir edib. Elə də oldu. Knyaz mənə zəng çaldı. Knyazın səsi mülayim və mərhəmətli idi: “Qızımın qəlbindəkiləri oxumağa çalışdım. Qızımın sizə qarşı olan hissləri daxilən müqəddəsdir. Bu durumda onun yolunu kəsmək günah olardı. Bizə gəlin, Əli xan!”

Getdim onların evlərinə, Ninonun anası məni görüb öpdü və ağladı. Knyaz Kipiani bayramsayağı geyinmişdi. O da nikahdan, ər-arvadlıqdan danışdı. Amma onun fikirləri atamınkındən fərqli idi. Knyazın fikrincə, nikah qarşılıqlı etimad və qarşılıqlı qayğıya əsaslanır. Ər ilə arvad həmişə məsləhətləşməli və işdə biri-birlərinə kömək etməlidirlər. Onlar həmişə yadda saxlamalıdırlar ki, ikisi də azad ruhlu və bərabər hüquqlu insanlardır.

Ninonu heç bir zaman çadra geyməyə məcbur etməyəcəyimə və hərəmxanada saxlamağa cəhd göstərməyəcəyimə dair onlara söz verdim. Nino içəri girdi və mən onun alnından öpdüm. Başını çiyinləri arasında gizlətməyə çalışan Nino kömək istəyən kiçicik bir quşa bənzəyirdi.

Knyaz da əlavə edib dedi:

– Amma bu işdən heç kimin qətiyyən xəbəri olmamalıdır. Əvvəlcə Nino məktəbi bitirməlidir, sonra isə bu işi hamıya bildirərik. Qızım, çalış yaxşı oxu. Əgər imtahandan kəsilsən, daha bir il gözləməli olacaqsan.

Nino qələm kimi olan qaşlarını qaldırdı: “Arxayın ol, ata. Mən hər iki imtahandan müvəffəqiyyətlə çıxacam: həm məktəbdə, həm də ailədə. Hər iki halda Əli xan mənə kömək edəcəkdir”.

Onların evindən bayıra çıxdığım zaman gördüm ki, Naçararyan maşının yanında dayanıb məni gözləyir. Onun domba gözləri mənə zillənmişdi.

– Naçararyan, – deyə səsləndim – sənə nə istəyirsən hədiyə edim: Dağıstanda bir kənd, və yaxud bir İran ordeni? Bəlkə Ənzəlidə portağal bağları istəyirsən?

O, əlini çiynimə qoyub dedi:

– Onların heç birini istəmirəm. Taleyin təkərini düz yola çəkə bildiyim üçün xoşbəxtəm. Bu mənim üçün kifayətdir.

Minnətdarlıqla onun üzünə baxdım. Şəhərdən çıxıb Bibi-heybət körfəzinə tərəf getdik. Çirkli qara maşınlar neft hopmuş torpağa işgəncə etməklə məşğul idilər. Naçararyan mənə necə canfəşanlıq edirdisə, Nobel kompaniyası eyni coşqunluqla ölkənin təbii mənzərəsini dəyişdirmək işini başa çatdırırdı. Dənizin böyük bir qismi torpaqla doldurularaq qurudulmuş və sahilə birləşdirilmişdi. İşini bilənlərdən bir nəfər torpaqla doldurulmuş yeni ərazinin üzərində kiçik bir çayxana açmışdı. Biz orada oturub Çin çayı içdik. Alkoqol kimi sərt olan bu çay dünyanın ən nəfis çayı idi. Çayın gözəl ətrindən məst olan Naçararyan Qarabağa hücumu gözlənilən türklərdən və Anadoluda türklərlə ermənilər arasındakı qırğınlardan danışırdı.

– Qorxma, – dedim. Əgər türklər Bakıya gələrlərsə, səni evimdə gizlədərəm.

Naçararyan cavab verdi ki, o heç nədən qorxmur.

Nargin adasının arxasında ulduzlar parıldaşırdı. Sahilə dilsiz bir sükut çökmüşdü: “Dənizlə sahil daimi müdarizədə əbədi birləşən ərlə arvad kimi idi”. Bunu görəsən mənmi dedim, yoxsa Naçararyan? Artıq yadımda deyildi. Naçararyan məni evimizə gətirdi. Atamın yanına gedib dedim: “Knyaz Kipiani Şirvanşirlər ailəsinin ona göstərdiyi hörmət üçün minnətdarlığını bildirir. Nino artıq mənim nişanlımdır. Sabah onlara gedin və qalan məsələləri də həll edin.

Mən çox yorğun və çox xoşbəxt idim.

XIV


Günlər həftələrə, həftələr də aylara qarışıb gedirdi. Bu zaman ərzində dünyada, ölkəmizdə və evimizdə çox şeylər baş vermişdi. Gecələr də uzanmışdı. Ağaclardan tökülən saralmış yarpaqlar Qubernator bağının cığırlarını örtmüşdü. Payız yağmurları üfüqü qaraltmışdı. Dənizin üzərində nazik buz layları üzürdü və onlar sahildəki qayalıqlara dəyib parçalanırdı. Günlərin birində küçələr ağappaq qarla örtüldü və bir müddət qış hökm sürdü. Sonra gecələr yenə də qısalmağa başladı.

Səhradan şəhərə ağır addımlarla yüklü dəvələr gəlməyə başladı. Dəvələrin sarı tükləri quma, torpağa bulaşmış və əbədiyyətə baxan gözləri hələ də uzaqlara zillənmişdi. Dəvələr güllə və silah dolu sandıqlar daşıyırdılar. Bunların hamısı böyük bir döyüşdə ələ keçirilmiş hərbi qənimət idi. Türk əsirləri də cır-cındıra çevrilmiş boz rəngli uniformalarında küçələrdən keçirdilər. Onlar dəniz sahilinə tərəf gedirdilər. Orada əsirləri kiçik gəmilərə doldurub Nargin adasına aparırdılar. Əsirlər bu adada dizenteriya xəstəliyindən, aclıqdan və vətən həsrətindən məhv olurdular. Qaçmağa müvəffəq olanlar İranın duz basmış səhralarında və yaxud da Xəzər dənizinin boz rəngli dalğalarında can verirdilər.

Müharibə çox uzaqlarda gedirdi. Amma indi gözlənilmədən müharibə gəlib lap yaxına çatmışdı. Biz onu yaxından hiss edə bilirdik.

Şimaldan əsgərlərlə, Qərbdən isə yaralılarla dolu qatarlar gəlirdi. Çar öz əmisini komandan vəzifəsindən kənar edib, orduya özü rəhbərlik etməyə başlamışdı.

Çarın əmisi indi Qafqazın hökmdarı idi. Onun qaranlıq və qorxunc kölgəsi vətənimizin üzərinə çökmüşdü. Böyük knyaz Nikolay Nikolayeviçin uzun və arıq əlləri Anadolunun mərkəzinə qədər uzanırdı. O, çara qarşı bəslədiyi qəzəbini ordularının amansız və vəhşicəsinə hücumları ilə soyudurdu. Böyük knyazın qəzəbi ilə gurlayan ordu qarlı dağları və qumlu səhraları aşaraq Bağdad, Trabzon və İstanbula qədər uzanıb gedirdi. Camaat ona “uzun Nikolay” ləğəbini vermişdi. Onun vəhşi çılğınlığından, qəzəbə gəlmiş müharibə qudurğanlığından hamı vahimə ilə danışırdı. Müharibəyə bir çox ölkələr qoşulmuşdular. Cəbhə Əfqanıstandan Şimal dənizinə kimi uzanırdı. Müxtəlif hökmdarların, dövlətlərin və sərkərdələrin adları, cəbhədə can vermiş qəhrəmanların cəsədlərinə qonmuş zəhərli milçəklər kimi qəzetlərin səhifələrini doldururdu.

Yenə yay gəldi. Qızmar günəş səhərin başına od yağdırırdı. Küçələrdəki asfalt adamın ayaqları altında əriyirdi. Şərqdə və həm də Qərbdə zəfərlər bayram edilirdi.

Mən vaxtımı çayxanalarda, kafelərdə, dostlarımın yanında və evimdə keçirirdim. Erməni Naçararyanla dostluq etdiyimə görə bir çoxları məndən üz döndərmişdilər. İlyas bəyin alayı hələ də şəhərdə idi. Onlar kazarmanın tozlu həyətində hərbi təlim keçirdilər. Opera, teatr və kinoteatrlar müharibədən qabaq olduğu kimi tamaşaçıların üzünə açıq idi. Çox şeylər baş vermişdi, amma ölkəmizdə və evimizdə heç bir şey dəyişməmişdi.

İmtahanların yükü altında inildəyən Nino yanıma gələn zaman onun gözlərində dərin bir qorxu var idi. Xalam qızı Aişə müəllimlərin Şirvanşirin nişanlısına mərhəmət göstərib sinif jurnalına bir-birinin ardınca “kafi” qiymətlər yazdıqlarını xəbər verdi. Nino ilə birlikdə küçədə gəzən zaman onun məktəb rəfiqələri böyük bir maraqla arxamızca baxıb, bizi gözdən itənə qədər izləyirdilər. Biz şəhər klubuna, teatrlara və rəqs gecələrinə gedirdik.

Ancaq nadir hallarda tək qalırdıq. Dostlarımız bizi xeyirxahlıqla keçilməz bir qala divarı kimi əhatə edirdilər. İlyas bəy, Məmməd Heydər, Naçararyan və hətta dindar Seyid Mustafa belə bizi müşayiət edirdilər. Onların öz aralarında sözləri bir-birilə tutmurdu. Kök və zəngin olan Naçararyan şampan şərabı içib, Qafqaz xalqları arasındakı qarşılıqlı məhəbbətdən danışdığı zaman Məmməd Heydərin əhvalı pozuldu və dözməyib dedi: “Cənab Naçararyan, mənə elə gəlir ki, qayğıkeşliyiniz yersizdir. Çünki müharibədən sonra onsuz da cüzi miqdarda ermənilər sağ qalmış olacaqlar”.

Nino yerindən atılıb səsləndi:

– Amma Naçararyan sağ qalan kişilərdən biri olacaqdır.

Naçararyan söhbətə qarışmayıb, şampan şərabı içməkdə davam edirdi. Mənim eşitdiyimə görə o, bütün pullarını İsveç banklarına keçirmək niyyətindədir. Mən Məmməd Heydərdən Naçararyanla bir az mehriban olmağı xahiş etdim. O, qaş-qabağını sallayıb dedi: “Heç bilmirəm nə səbəbdən ermənilərə nifrət edirəm”.

Bu əhvalatın üstündən günlər, həftələr, aylar keçdi. Nəhayət, imtahan günü gəldi, Nino müqəddəs kraliça Tamara litseyinin imtahan zalında dayanıb riyazi tənliklərin həll edilməsində, klassik əsərlərdən iqtibaslar və tarixi rəqəmlər vasitəsilə kamilliyini sübuta yetirdi və məzun oldu.

Buraxılış gecəsindən sonra sevincindən özünə yer tapa bilməyən Ninonu evlərinə gətirəndən sonra qoca Kipiani dedi:

– İndi siz nişanlısınız. Hazırlaşın Əli xan, Tiflisə gedirik. Sizi ailəmizlə tanış etmək istəyirəm. Beləliklə, biz Gürcüstanın paytaxtı Tiflisə yola düşdük.

Tiflis sıx bir meşəni xatırladırdı. Bu meşədə hər bir ağacın öz adı vardı. Hər bir ağac o birisinin ya əmisi, ya əmioğlusu, ya dayıoğlusu, ya xalası, ya da xalası qızı idi. Bu şəhərdə yolu tapmaq, azmaq insan üçün o qədər də asan iş deyildi. Adlar köhnə palıda vurulmuş balta səsi kimi adamın qulağında cingildəyirdi:

Orbeliani, Çavçavadze, Sereteli, Amilaxari, Abaşidze şəhərin kənarında Didube bağında ziyafət verirdi. Çalğıçılar gürcü zurnasında kaxetiyalıların döyüş havası olan “Mravalyaver”i və çılğın xevsurların “Lilo” rəqs havalarını çaldılar. Qutaisidən gələn Abaşidze familli əmi oğlu İveriya dağının mahnısı olan “Mqali Deliya”nı oxudu. Bir əmioğlu da “Davlur” rəqsini oynadı. Ziyafət bütün gecə davam etdi. Günəş dağların arxasından yavaş-yavaş işıq saçmağa başlayanda musiqiçilər himn çalmağa başladılar: “Dur, ey kraliça Tamara, Gürcüstan sənin üçün ağlayır”. Mən dinməz-söyləməz Ninonun yanında oturmuşdum. Birdən birə qabağımızda xəncər və qılınclar parladı.

Sübh ala qaranlığında bir dəstə əmi oğlanlarının ifa etdikləri gürcü xəncər rəqsi maraqsız bir səhnə oyununu xatırladırdı.

Yanımda oturanların söhbətlərinə qulaq asırdım: Onlar keçmiş yüz illiklərdən bu günümüzə qədər uzanıb gələn yanğılardan danışırdılar: Saakadze komandasında olan Sereteli nəslinin bir nümayəndəsi Tiflisi Çingiz xandan müdafiə edib.

Yəqin xəbəriniz var ki, Çavçavadzelər nəsli, Kral nəslindən olan Baqrationlardan daha çox qədimdir.

Birinci Orbeliani kim idi və haradan gəlmişdi? Necə yəni haradan. O, üç min il bundan qabaq Çindən gəlmişdi. Çin imperatorunun oğullarından biri idi. Orbeliani nəslindən olan bəziləri indi də qıyıqgözdürlər.

Utancaq-utancaq ətrafa göz gəzdirdim. Bütün bu köklülərin qabağında məndən əvvəl əbədiyyətə qovuşan Şirvanşirlər kimlər, idi?

Nino mənə təsəlli verdi: “Sən bunlara fikir vermə, Əli xan. Mənim əmilərim çox qədim və adlı-sanlı nəsildəndir. Amma bir fikirləş. Sənin ulu babaların Tiflisi fəth etdikləri zaman, bəs onların əcdadları harada idilər?

Heç bir şey demədim, amma qürurlandım. Nino elə indidən, öz qohum-əqrabasının içərisində özünü Şirvanşir arvadı hesab edirdi. Mən minnətdarlıqla ona baxdım. Fərəhlənməyəsən nə edəsən!

Qırmızı Kaxetiya şərabı duru atəş kimi idi. Mən tərəddüdlə qədəhimi qaldırıb Orbeliani ailəsinin şərəfinə sağlıq dedim. Yaşlı bir qadın başını mənə tərəf əyib dedi: “Bu şərab safdır, çünki tanrı ona nəfəs vermişdir. Arxayın için, Əli xan. Bunu çox az adam bilir. O biri məstliklərin hamısı şeytandan gəlir”.

Biz şəhərə qayıdan vaxt hava tamam işıqlanmışdı. Otelimə getmək istəyirdim. Lakin əmioğlu idi, ya da əmi idi, bilmədim, o məni saxlayıb dedi:

– Keçən gecə siz Orbeliani ailəsinin qonağı idiniz, bu gün isə mənim qonağımsınız. Səhər yeməyini “Purqvinoda” edəcəyik. Günorta da dostlarımızla birgə nahar edəcəyik.

Mən gürcü qonaqpərvərliyinin əsiri olmuşdum. Bir həftəm elə bu minvalla ziyafətlərdə keçmişdi: Hər gün Alazan və Kaxetiya şərabları, kabablar və motal pendirləri və s. əmioğlular gürcü qonaqpərvərliyinin keşiyini çəkən əsgərlər kimi bir-birini əvəz edirdilər. Dəyişən onlar idi, dəyişmədən yerində qalan isə mənimlə Nino idi. Ninonun səbrinə məəttəl qalmışdım. Həftənin axırında o, hələ də bahar şehi kimi gümrah idi. Ninonun gözləri gülür, dodaqları da əmioğlularla, xalalarla, bibilərlə və onların qızları ilə söhbət etməkdən yorulmaq bilmirdi. Onun gecə, gündüz rəqs etmiş, şərab içmiş və gözünə yuxu getməmiş olduğunu sadəcə səsindəki balaca xırıltı bildirirdi.

Səkkizinci günün sabahı Sandro, Dodiko, Vameç və Soso adlı qohumlar yatdığım otağa gəldilər. Mən qorxmuş halda yorğanı başıma çəkdim. Lakin onlar zalımcasına başladılar sözə:

– Əli xan, bu gün siz Çakelilərin qonağısınız. Sizi onun Qacoridəki malikanəsinə aparacayıq.

Qaş-qabağımı sallayıb dedim ki, mən bu gün heç kimin qonağı deyiləm. Qoy bu gün mən yazıq şəhidin üzünə cənnət qapıları açılsın və məlaikə Mikayıl alovlu qılıncı ilə məni cənnətə salsın, çünki mən xoş əməl yolunda həlak olmuşam.

Sözlərim onlara heç bir təsir eləmədi. Onlar bir-birinin üzünə baxıb bərkdən mərhəmətsizcəsinə qəhqəhə çəkdilər. Sonra da bir kəlmə söz dedilər: “Kükürd suyu vannası”.

“Kükürd suyu vannası” deyə təkrar etdim. Nə kükürd suyu vannası, o ancaq cəhənnəmdə olur. Halbuki mən cənnətə gedirəm.

Qohumlar dedilər ki, yox, elə ən yaxşısı kükürd suyudur. Çalışdım ki, ayağa durum. Başım qurğuşun kimi ağırlaşmışdı. Əl-ayağım keyimişdi, onları elə bil heç də hiss etmirdim. Güzgüyə baxarkən orada parlaqlığını itirmiş gözlərlə, rəngi qaçmış bir sifət gördüm.

Öz-özümə deyinə-deyinə: “Mənə belə yaxşıdır. Həqiqətən Kaxetiya şərabı maye atəşi imiş? Bəs bilmirdin ki, müsəlman şərab içməz”.

Vamec mənə müraciət edib dedi:

– Biz Ninoya xəbər verərik. Dörd saatdan sonra Qacoriyə gedəcəyik. O vaxta qədər sən də özünə gələrsən.

Vamec eşiyə çıxdı. Mən onun telefonla danışdığını eşidirdim: “Əli xan birdən-birə kefsizləmişdi. İndi onu kükürdlü hamamlara aparıb, kükürd suyu ilə müalicə edərlər. Prinses Ninoya söyləyin ki, ailəsi ilə birlikdə elə indi Qacoriyə yola düşsünlər. Biz də bir az sonra gələrik. Əli xanın xəstəliyi təhlükəli deyil. Sadəcə özünü o qədər də yaxşı hiss etmir”.

Güclə ayağa durdum. Başım gicəllənirdi. Gürcü qonaqpərvərliyi Tehranda əmimin sakit və alicənab qonaq qəbulundan tamamilə fərqli idi. Əmimin evində oturub tünd çay içirsən, şerlərdən və bildiyin elmlərdən danışırsan. Halbuki burada şərab içirlər, rəqs edirlər, şərqilər söyləyirlər və deyib-gülürlər: bu ziyafətdəki qonaqlar üzü yola olduqları kimi, həm də sərt sifətli idilər. Bu imişmi Avropanın qapısı? Yox, təbii ki, yox. Bu ölkə Asiyanın digər hissələrindən fərqlənirdi. Bura darvaza olmağına darvazadır, amma bu darvazanın qapısı haraya açılır? Bəlkə də uşaq sevincində, qayğısız uşaq oyunlarında təcəssüm tapan bir müdrikliyə aparırdı, bu darvaza! Bilmirdim. Bildiyim şey o idi ki, çox yorğunam. Pilləkənlə yırğalana-yırğalana aşağı düşdüm. Faytona mindik.

“Kükürdlü hamamlara! – deyə Sandro faytonçuya çığırdı. Faytonçu atları qamçıladı və şəhərin Meydan məhəlləsindən keçib, gümbəzli böyük bir binanın qabağında dayandıq. Binanın qapısının ağzında canlıdan çox skeleti andıran yarıçılpaq bir kişi dayanıb, bizi gözləyirdi. Bu kişi elə xəyala getmişdi ki, gözləri açıq ola-ola bizi görmürdü.


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə