ƏLİ VƏ Nİno (1927), Qurban Səid



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə9/70
tarix02.01.2018
ölçüsü5,01 Kb.
#19111
1   ...   5   6   7   8   9   10   11   12   ...   70

  Axşam saat səkkizdə mən, salonun enli mərmər pilləkənlərilə yuxarı qalxdım. Yuxarıda 
İlyas bəy pilləkənin başında dayanıb qonaqları qarşılayırdı. O da mənim kimi belindəki 
kəmərindən zərif xəncər sallanan yaraşıqlı çərkəz libasını geyinmişdi. 
  Quzu dərisindən olan papağını isə çıxartmamışdır. Çünki bu gündən etibarən hamımız 
belə geyinmək imtiyazına sahib idik. Sağ əlimi, papağıma vurub: “Salamün əleykim, İlyas 
bəy” deyərək, köhnə milli adətlə əllərimizi bir-birimizə uzatdıq: mənim sağ əlim onun sağ 
əlini sıxdı. 
  “Bu gecə cüzamxana bağlanacaq” - deyə İlyas bəy pıçıldadı. Mən razı halda başımı 
yırğaladım. 
  Cüzamxana, bizim sinfin ixtirası və sirri idi. Hətta illərlə şəhərimizdə yaşayan rus 
müəllimlərinin ölkəmizdən bir tikə belə xəbərləri yox idi. Ona görə də biz onları aldadıb 
Bakının yaxınlığında bir cüzamxana olduğunu söyləmişdik. İçimizdən bir dərsdən 
yayınmaq istəyirdisə, o saat o, sinif nümayəndəsinə deyirdi. O, da sinif müəllimimizin 
yanına gedər və dişlərini qıcırda-qıcırda xəbər verirdi ki, cüzamxanadan bir xəstə şəhərə 
qaçıb. Polis onu axtarır. Sonra polisin cüzamxananı aramağa çıxmış olduğunu da əlavə 
edərdi. Şübhə var ki, xəstə həmin o tələbənin yaşadığı məhəllədə gizlənir. Sinif 
müəllimimiz bu xəbəri eşidən kimi rəngi qaçırdı və qaçan xəstənin tutulub təkrar 
cüzamxanaya salınana qədər həmin tələbənin dərsdən buraxılmasına icazə verirdi. 
  Bu cür əlavə tətil bir həftə, bəzən də daha çox davam edərdi. Amma heç bir müəllimin 
ağlına belə gəlmirdi ki, sanitariya idarəsinə gedib şəhərin yaxınlığında doğrudan da bir 
cüzamxana olub-olmadığını soruşsun. 
  Mən ağzına kimi adamlarla dolu ziyafət salonuna girdim. Sifətində xüsusi bir təntənə və 
bayram ifadəsi olan gimnaziya müdirimiz Vasiliy Qriqoryeviç Xrapko, böyük bir əda ilə 
salonun küncündə oturmuşdu. Müəllimlər onu əhatəyə almışdılar. Ona yaxınlaşdım və 
dərin bir ehtiramla ona baş əydim. Müdirlə bağlı bir danışıq olduğu zaman müsəlman 
tələbələrinin tərcüməçiliyini mən edərdim. Çünki xarici dilləri və ləhcələri son dərəcə cəld 
qavraya bilirdim. Müsəlman tələblərinin çoxu rusca danışarkən elə ilk cümlələrində rus 
əsilli olmadıqlarını aşkar etdiyi halda, mən hələ üstəlik bir çox rus ləhcələrinin də 
bilirdim. 
  Müdirimiz Peterburqdan idi. Ona görə də onunla Peterburq ləhcəsində danışmaq lazım 
idi. Yəni samitləri pıçıltı ilə deyib, saitləri udmaq lazım idi. Səssiz danışmaq gözəl 
səslənmirdi, amma son dərəcə nəcib bir hərəkət sayılırdı. Müdirimiz ölkənin uzaq sərhəd 
boylarınadək inkişaf eləyən ruslaşdırma siyasətinin yayılmış olmasından sevinirdi. 
  - Axşamınız xeyir olsun, cənab müdir – deyə utancaq şəkildə ona müraciət etdim. 
  - Axşamınız xeyir, Şirvanşir. İmtahan qorxusundan özünüzə gələ bilmisinizmi? 
  - Bəli, cənab müdir. Lakin o qorxu keçdikdən sonra dəhşətli bir əhvalatın şahidi oldum. 
  - Nə olub ki? 
  - O cüzəmxana məsələsini deyirəm. 
  - Cüzəmxanaya nə olub axı? 
  - Xəbəriniz yoxdurmu, cənab müdir! Dünən bütün xəstələr xəstəxanada  qaçıb şəhərə 
doğru yürüşə keçmişlər. Onlara qarşı Salyan kazarmasından iki hərbi hissə göndərmək 
lazım gəlmişdi. Xəstələr iki kəndi tamam işğal etmişlər. Əsgərlər də o kəndləri 
mühasirəyə almış, xəstələri güllələmiş və evlərə od vurub yandırmışdılar. Bu dəhşətli bir 
əhvalat deyilmi, cənab müdir? Cüzamxana deyilən bir yer artıq yoxdur. Çürümüş ətləri 
 
17


bədənlərindən tökülən qırtlaqlarında ət parçaları xırıltı ilə sallanan iylənmiş xəstələr şəhər 
darvazasının qapıları arxasında səriliblər. Onların üstünə yavaş-yavaş neft tökərək 
yandırırdılar. 
  Müdirin gözləri kəlləsinə çıxdı. Onun alnında muncuq kimi tər damlaları görünməyə 
başladı. Bəlkə də ürəyində fikirləşirdi ki, hələ nə qədər, gec deyil, gedib nazirə desin, onu 
başqa bir yerə keçirtsinlər. 
  O, boğunuq bir səslə: 
  - ”Bura dəhşətli bir məmləkətdir!” - dedi: Amma, balalarım, məhz burada insanlar 
yüksək dərəcədə intizamın və hakimiyyət orqanlarının cəld hərəkət etməsinin nə qədər 
vacib olduğunu başa düşürlər. 
  Sinfimizin uşaqları müdirin ətrafına toplaşıb onun qayda-qanununun faydalı olması 
barədə nitqini dinlədilər. Cüzamxananın işi bitmişdi. Arxamızdan gələn son sinif 
tələbələri indi gərək özləri yeni bir nömrə uyduraydılar. Birdən mən soruşdum: 
  Cənab müdir, xəbəriniz varmı ki, Məmməd Heydərin oğlu məktəbimizin ikinci sinfində 
oxuyur. 
  Nə-əə! 
  Müdirimizin gözləri az qala təpəsinə çıxdı. Məmməd Heydər hər sinifdə ən azı üç il 
qalmışdı. O, on altı yaşında evlənmişdi, lakin buna baxmayaraq yenə məktəbə gəlirdi. 
Məmməd Heydərin oğlunun doqquz yaşı tamam olan kimi, o da eyni gimnaziyaya daxil 
olmuşdu.  Xoşbəxt ata, bu həqiqəti hər şeydən əvvəl sirr kimi saxlamağa çalışmışdı. 
  Lakin bir gün böyük tənəffüsdə dolu yanaqlı bir oğlan qaçaraq Məmməd Heydərə 
yaxınlaşdı və günahsız gözlərilə ona baxaraq dedi: “Ata mənə beş qəpik ver, şokolad alım. 
Verməsən riyaziyyat misallarını başqasının dəftərindən köçürtdüyünü anama 
deyəcəyəm”. 
  Məmməd Heydər xəcalətindən qıpqırmızı olmuşdu. O, oğlunun başını yumruqlamış, 
sonra ata olduğunu və oğlunun da eyni məktəbdə oxuduğunu uyğun bir anda müdirə 
söyləməmizi bizdən xahiş etmişdi. 
  Müdirimiz yenə soruşdu: 
  - Yəni, altıncı sinif şagirdi Məmməd Heydərin ikinci sinifdə oxuyan bir oğlu var? 
  Bəli elədir. O sizdən çox üzr istəyir. Məmməd Heydər oğlunun da özü kimi bir elm 
adamı olmasını arzulayır. Qərb biliyinə yiyələnmək həvəsi onda getdikcə daha geniş 
vüsət alır. 
  Müdirimiz qıpqırmızı oldu. O, dinməz-söyləməz dayanıb, ata ilə oğlunun eyni zamanda, 
eyni məktəbdə oxuduqlarının, məktəb qaydalarına zidd olub-olmadığı barədə düşündü. 
Lakin heç bir qərara gələ bilmədi. 
  Zalın yanından balaca bir qapı açıldı. On yaşlarında bir oğlan uşağı qalın pərdələri yan 
tərəfə çəkdi, sonra İrandan gəlmiş qara bədənli dörd kor musiqiçilərin əlindən tutub 
onları salona gətirdi. Kor musiqiçilər əl-ələ tutub salonun bir küncündəki xalının üstündə 
oturdular. Əllərindəki nadir musiqi alətləri İranda yüz il bundan əvvəl düzəldilmişdi. 
  Fəryad edən bir musiqi dilə gəldi. Musiqiçilərdən biri salam verən kimi qəzəlxan pozası 
ilə əlini qulağına qoydu. Bu, şərq müğənnilərinin klassik hərəkəti idi. Salona bir səssizlik 
çökdü. Bu dəfə korlardan biri həyəcanla dolub daşaraq ud çalmağa başladı. Sonra da 
qəzəlxan sakit bir səslə, oxumağa başladı: 
  “Bir İran xəncəri kimisən, 
 
18


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə