“Elm və həyat”.-2006.-№1-2.-S.15-18.
PARLAQ VƏ BƏNZƏRSİZ ALİM
Rafiq ƏLİYEV,
АМЕA-nıп müxbir üzvü, professor
Aristotel, Eynşteyn, Nyuton, Viner kimi elm korifeyləri pleyadasında müasir dövrün görkəmli alimi,
həmyerlimiz professor Lütfi Zadə layiqli yer tutur.
Onun sonralar şöhrətləndirəcəyi torpaqda ilk addımları 1921-ci ilin fevralında həyata göz açdığı Bakı
şəhərindən başlamışdır. O, üç il 16 saylı məktəbdə oxuduqdan sonra ailəsi ilə birlikdə İrana mühacirət etmişdir.
Lütfi Zadə 1944-cü ildə Tehran Universitetini elektrik mühəndisliyi ixtisası üzrə müvəffəqiyyətlə bitirmiş və həmin
il təhsilini davam etdirmək üçün ABŞ-a köçmüşdür. Massaçusets Texnoloji İnstitutu və Kolumbiya Universitetində
magistr dərəcəsi, sonra elmlər doktoru admı almışdır.
1959-cu ilə qədər o, Kolumbiya Universitetində professor vəzifəsində işləmiş, sonra isə 1963-cü ildən
Kaliforniya Ştatının Berkli Universitetində "Elektrik mühəndisliyi və kompüter elmləri" kafedrasına rəhbərlik
etmişdir. Burada qeyd etmək yerinə düşər ki, Lütfi Zadənin böyük elmi xidmətlərini nəzərə alaraq, onu hal-hazırda
da elmi yaradıcılıqla məşğul olduğu, bütün dünyada tanınmış bu elm-təhsil mərkəzinin ömürlük professoru və "Soft
Computing" İnstitutunun direktoru seçmişlər.
Bu dahi şəxsiyyəti xarakterizə edən əsas xüsusiyyətlər - onun böyük istedadı, standart olmayan təfəkkürü,
problemə unikal yanaşma qabiliyyəti, ənənəvi təsəvvür və çərçivələri şübhə və təxəyyülü ilə aşması, tədqiqatda
latent (gizli) məqamları aşkar etməyə imkan verən, çılğın tədqiqatçı intuisiyasıdır. Məhz bu keyfiyyətlər titanik
işgüzarlıqla birlikdə ona nəinki humanitar və təbiət elmlərinə böyük təsir edən, hətta qərarların qəbul edilməsi və
idarəetmə nəzəriyyəsi sahəsində fundamental təsəvvürləri kökündən dəyişdirən inqilabi nəzəriyyələr yaratmağa
imkan verdi.
Əgər Lütfi Zadənin elmi kredosunu onun təklif etdiyi terminlərlə formalaşdırmağa çalışsaq, onda onu
aşağıdakı lakonik formada təsvir etmək olar: real dünyanın qeyri-müəyyənliklərini aşkara çıxarmaq və onları elmi,
texniki və sosial mühitin çoxüzlü prizmasında əks etdirmək.
Lütfi Zadənin ilk elmi işləri stoxostik (təsadüfi) qeyri-müəyyənlik şəraitində fəaliyyət göstərən idarəetmə
sistemlərində optimal süzgəcləmə məsələlərinin həlli ilə bağlı idi. Elmi ədəbiyyatda bu tədqiqatların nəticələri çətin
proqnozlaşdırılan sistemlərin qurulması üçün mütəxəssislərin qəbul etdiyi əsas kimi götürülən Zadə-Raqqazini
tənliyi kimi məşhurdur. Bu tədqiqatlar məşhur Viner məsələsini əsaslı genişləndirməyə imkan verdi.
Şəxsi görüşlərimizdə Lütfi Zadə onunla Kolumbiya Universitetində əməkdaşlıq edən Raqqazinini xüsusi
hörmətlə yada saldığının şahidiyəm.
Professor Lütfi Zadənin dünya idarəetmə elminə ən əsaslı töhfəsi diskret və rəqəmli idarəetmə, informasiya
və kommunikasiya sistemlərinin qurulmasının əsas nəzəriyyəsi olan və Z-çevirməsi kimi tanınan nəzəriyyəsidir
(Z-müəllifin soy adının birinci hərfidir).
Geniş oxucu auditoriyasına aydın olması üçün qeyd edək ki, müasir rəqəmli sistemlərin təhlil və tədqiqində
Zadənin Z-çevrilməsinin əhəmiyyəti riyaziyyatda və texnikada Laplas çevrilməsi ilə müqayisə oluna bilər. Bu
nəzəriyyənin layiqli davamçıları onun amerikalı şagirdi E. Curi və sovet alimi U. Z. Çıpkindir.
L. Zadənin şübhəsiz ki, ən böyük elmi xidmətlərindən biri də onun təklif etdiyi, idarəetmə məsələsinə
müasir elmi baxışda avtomatik sistemlərin analiz və sintezini, həmçinin dinamik sistemlərin idarəolunma və
müşahidəolunma xassələrini aşkar etməyə imkan verən vəziyyətlər fəzası üsuludur. Məlum olduğu kimi, klassik
idarəetmə nəzəriyyəsi idarə olunan obyektlərin giriş və çıxış koordinatlarının müşahidə olunmasına əsaslanır.
Ancaq, real şəraitdə müşahidə aparmaq mümkün olmadıqda, Lütfi Zadə idarəetmə sisteminin və obyektin
koordinatlarını vəziyyətlər vektoru ilə qiymətləndirməyi təklif etmişdir. Belə yanaşma müasir sənaye obyektlərini
və kosmik aparatların idarəetmə məsələlərində çox səmərəlidir. Bu yanaşmada təbii olaraq belə bir sual meydana
çıxdı: bütün obyektlər idarə olunan və müşahidə olunandırmı? Alim buna mənfi cavab verir və dinamik sistemlər
üçün bu şərtlərin ödənilməsinin təyin edilmə üsulunu təklif edir, onun şagirdi məşhur Amerika alimi Kalman isə bu
şərtləri riyazi formalaşdırmışdır. Bu gün dünyanın aparıcı universitetlərində idarəetmə elmi Zadə tərəfindən təklif ,
edilmiş bu nəzəriyyə əsasında öyrənilir və dünyanın ciddi elmi-tədqiqat mərkəzləri, məsələn, ABŞ-ın Milli Kosmik
Agentliyi kimi elmi mərkəz kosmik aparatların idarəetmə sistemlərinin mürəkkəb layihələndirmə məsələlərinin həlli
zamanı bu nəzəriyyədən istifadə edir.
Professor L. Zadənin elmi nailiyyətlərinin tacı olan qeyri-səlis məntiq nəzəriyyəsi onu elmin əlçatmaz
şöhrət zirvəsinə qaldırmış, dünyada layiqli qiymətini almışdır.
Yüz illərlə qərarlaşmış elmi dünyagörüşün əksinə olaraq, o, əvvəlcə bir fərziyyə irəli sürmüş, sonra isə
sübut etmişdir ki, təbiət və cəmiyyətdə baş verən mürəkkəb prosesləri, xüsusən də müxtəlif kataklizmləri,
Aristotelin binar məntiqinə əsaslanan klassik riyaziyyat çərçivəsində öyrənmək mümkün deyil.
O, özünün orijinal, ancaq əvvəlcə "ortodokslar tərəfindən qəbul edilməyən ideyalarını inkişaf etdirərək
göstərmişdir ki, bu və ya digər mülahizənin doğruluq qiyməti iki məntiqi səviyyə -1 (doğru) və 0 (yanlış) ilə deyil,
bu səviyyələr arasında sonsuz qiymətlər çoxluğu ilə təyin edilə bilər. Beləliklə, binar - ikilik məntiq və çoxluqlar
nəzəriyyəsinə əsaslanan riyaziyyat, qeyri-səlis məntiq və qeyri-səlis çoxluqlar nəzəriyyəsi (Zadə nəzəriyyəsi)
sayəsində genişlənərək, yeni məzmun kəsb etdi. Bununla da, riyaziyyatın klassik (mücərrəd) və qeyri-səlis (gerçək,
çoxçalarlı, müasir) riyaziyyata diferensiasiyası baş verib. Konseptual əsaslarda belə ciddi tədqiqatlar, təbii ki,
elmdə, texnikada və hətta incəsənətdə də inqilabi dəyişikliklərə gətirib çıxardı.
Qeyri-səlis çoxluqlar nəzəriyyəsi praktiki olaraq bütün təbiət elmlərinə, tibbə, ictimai elmlərə,
sosiologiyaya, konfliktologiyaya "implantasiya" olundu.
Bu gün dünyanın qabaqcıl universitetlərinin kitabxanaları qeyri-səlis fizika, qeyri-səlis kimya, qeyri-səlis
iqtisadiyyat, qeyri-səlis idarəetmə və s. üzrə dərsliklər və monoqrafiyalarla zənginləşir.
Çox da uzaq olmayan tarixi keçmişdən şahidik ki, kvant mexanikası və statistik fizika sahələrində
qeyri-müəyyənlik amilini nəzərə alan ehtimal ölçüsünün daxil edilməsi elmdə keyfiyyət, mərhələ dəyişikliyinə
gətirib çıxardı. Qeyri-müəyyənliyin ehtimal nəzəriyyəsinə bağlı bu ölçüsünün əsasında artıq sizə tanış olan Aristotel
məntiqi - binar məntiq durur.
Praktiki elmi tədqiqatlarda qeyri-müəyyənliyin qeyri-səlis ölçüsünün daxil edilməsi təbiətdə, cəmiyyətdə,
mikro və makro aləmdə baş verən proseslərə adekvat olan qeyri-müəyyənliyin nəzərə alınmasını mümkün etdi.
Məhz buna görə də, qeyri-səlis məntiq və qeyri-səlis çoxluqlar nəzəriyyəsi nəinki dialektik təsdiqini tapmış yeni
elmi istiqamətin yaranmasının səbəbi oldu, hətta daha geniş mənada idrak nəzəriyyəsinin növbəti pilləsi olan yeni
fəlsəfi dünyagörüşün yaranması və başa düşülməsinə səbəb oldu. Cəsarətlə demək olar ki, özünün əhatə dərinliyinə,
yayılma genişliyinə, şüurlara təsir miqyasına görə qeyri-səlis çoxluqlar nəzəriyyəsi dini məfkurəyə yaxınlaşır.
İndi dünyanın müxtəlif ölkələrində qeyri-səlis məntiqə həsr olunmuş 40-dan çox elmi jurnal dərc olunur.
Hər il müntəzəm olaraq bu sahədə aparılan tədqiqatlar və əldə edilən nəticələrə həsr edilən onlarla elmi konfranslar,
simpoziumlar keçirilir. Son onilliklər, qeyri-səlis məntiq əsasında işləyən həm yüksək texnologiyaya əsaslanan
sənaye məhsullarının buraxılışı, həm də geniş məişət-istehlak avadanlıqlarının istehsalı sahəsində layihələrin
intensiv realizə olunması ilə xarakterizə olunur. Yaponiyanın, ABŞ-ın Almaniyanın, Böyük Britaniyanın,
Fransanın, Kanadanın, Çinin və başqa inkişaf etmiş ölkələrin yüzlərlə firmaları belə məhsulların buraxılışı üzrə
ixtisaslaşmışdır.
Ancaq yaradıcı fantaziya, ümumiyyətlə elmin, o cümlədən idarəetmə nəzəriyyəsinin problemlərinin çox
dəqiq və dərindən başa düşülməsi inkişafa apara bilər. Zadə, özünün ən böyük elmi fantaziyasından birini
gerçəkləşdirir - "Soft Computing" nəzəriyyəsi adlanan yeni nəzəriyyənin əsas postulatlarını formalaşdırır və süni
intellektin qlobal metodologiyasının təməli olan eyniadlı texnologiyanın qurulma prinsiplərini işləyib hazırlayır. Bu
nəzəriyyə özündə qeyri-səlis məntiqi, süni neyron şəbəkələrini, genetik alqoritmləri, xaos nəzəriyyəsini, müxtəlif
hesablama paradiqmlərinin intellektual kombinasiyasını, o cümlədən ehtimallı məntiqi nəticə çıxarmanı əhatə edir.
Hal-hazırda bu nəzəriyyədən bank işində, texniki və iqtisadi sistemlərdə çox geniş istifadə olunur.
Bir məqalə çərçivəsində hətta tezis, eskiz şəklində belə, bu gün insan intellektinin bir çox sahələrində ən
geniş tətbiqini tapmış belə çoxsaylı ideyalar və nəzəriyyələr generatorunun və belə nəhəngin elmi yaradıcılığını
işıqlandırmaq çox ağır məsələdir.
Ancaq biz onun axırıncı işlərinə toxunmaya bilmərik. Hal-hazırda onu rəqəmlərə deyil, sözlərə istinad edən
hesablama nəzəriyyəsinin işlənib hazırlanması düşündürür.
Belə hesablama texnologiyasında informasiya qranulyası kimi rəqəm və kodlardan deyil, söz və cümlələrlə
ifadə olunur. Belə kompüterlərin ən adekvat modeli informasiyanı təəssüratlar əsasında emal edən və təxmini
məntiqi çıxarış qabiliyyətinə malik olan insan beynidir.
Bu yazının sonunda, biz, L. Zadənin həmkarları - nəinki onun çoxsaylı əsərləri ilə kifayət qədər yaxşı tanış
olan, həm də son illərdə onunla əməkdaşlıq edənlər, sizinlə elm dünyasının əfsanəsi, yaşayan (Şükür Allaha!)
klassiki ilə ünsiyyətdən aldığımız təəssüratların bəzi cizgilərini bölüşmək istəyirik.
O, bəstəboylu, zəif bədənli, ancaq eyni zamanda çox səliqəli və ciddidir. O saat onun xeyirxahlığı,
həmsöhbətinə qarşı yüksək diqqət və hörməti, qəribə təvazökarlığı - öz şəxsiyyətinin böyüklüyünə heç bir eyham -
bunlar adamı heyrətləndirir. Ünsiyyətin birinci dəqiqələrində Siz onun yüksək ziyalılığının və cazibəsinin əsiri
olursunuz. Onunla baxışlarınız qarşılaşanda başa düşürsünüz ki, onun gözlərində dərin ağıl güzgüdəki kimi əks
olunur. Siz qeyri-iradi onun güclü intellektual cazibəsinin təsiri altına düşürsünüz.
Qərbin məşhur elmi ədəbiyyatlarında böyük alimləri şərti olaraq iki kateqoriyaya bölürlər: Romantik
alimlər və klassik alimlər. Birincilər ideyalar generatoru olmaqla həyatı boyu bir sıra orijinal nəzəriyyələr təklif
edirlər. Belə ki, onların hər biri 3-5 məqalə və ya kitab nəşr etdirirlər. Başqa sözlə, elm binasının əsasını qoyurlar.
Sonra bütün dünyanın minlərlə alimi bu binanı tikib qurtarır. İkincilər isə bu binaların memarlarıdırlar və bu elm
binasını çox möhkəm və əsaslı tikirlər. Heç bir şübhə olmadan deyə bilərik ki, L. Zadə romantik alimdir. Təsəvvür
edin: Bir ömürdə - 5 fundamental nəzəriyyə.
Bütün dövrlərdə nəsillər öz fikir titanlarını minnətdarlıqla xatırlayıb və xatırlayır. Məsələn, Almaniyada
Maks Plank institutu məşhur alman fizikinin adını əbədiləşdirmişdir. ABŞ-da Xolkin institutu var. Belə misallar
çoxdur. Ancaq biz elə bir ikinci alim tanımırıq ki, sağlığında həm onun adını, həm də onun işləyib hazırladığı
nəzəriyyənin adını daşıyan elmi mərkəz yaradılsın. Bu yaxınlarda Berkli şəhərində (Koliforniya Ştatı, ABŞ)
informasiya texnologiyası üzrə institut yaradılıb -"Institute Zadeh - ZİFT. Həqiqətən, bəşəriyyət qarşısında dahinin
xidmətinə layiqli qiymətdir.
L.Zadə ilə ünsiyyətdə olanda biz belə bir böyük alimi yetişdirən torpaqdan olduğumuz üçün iftixar hissi
keçiririk. İstər-istəməz ümumi tarixi və genetik köklər vasitəsilə onun fenomeni ilə şəriklik qüruru yaşayırsan.
Demək lazımdır ki, Azərbaycandan uzun müddət ауrı olmağına baxmayaraq, o, öz vətəninə incə məhəbbəti qoruyub
saxlayıb, onun elmi əlaqələri son illər nəzərə çarpacaq dərəcədə genişlənib və möhkəmlənib.
Xüsusilə onu qeyd edək ki, o, nəinki böyük bir ruh yüksəkliyi ilə Soft Computing və qeyri-səlis məntiq
müntəzəm Beynəlxalq Konfransların keçirilməsi təşəbbüsünü qəbul etdi, hətta dünyanın müxtəlif şəhərlərində
bizim rəhbərliyimiz və bilavasitə iştirakımız ilə keçirilən bu forumlarda həmişə iştirak edir.
Çox məşğul olması və gərgin iş rejiminə baxmayaraq O, öz həmyerliləri ilə görüşməyə və diskussiya
aparmağa, çıxış etməyə vaxt tapır, qiymətli məsləhətlər və tövsiyələr verir.
Bizə hələ indiyə qədər də Almaniyada keçirilən qeyri-səlis məntiq üzrə IV konfransmı (ICAFS-2000) unuda
bilmirik. Bu görüşdə Azərbaycandan olan iştirakçılarla Lütfi Zadənin görüşü elmin qələbəsinin unudulmaz
bayramına çevrilmişdir. Ölkəmizdə alimin işlərini nəinki izləyirlər, həmçinin onun ideyalarını və işləyib hazırladığı
nəzəriyyələri müvəffəqiyyətlə inkişaf etdirirlər. Bu məqalənin müəllifinin təşəbbüsü ilə Azərbaycan alimləri -
Zadənin elmi yaradıcılığının pərəstişkarları "Zadə irsi və süni intellekt" Assosiasiyasını yaratmışlar. Bu Assosiasiya
Zadə elmi irsini öyrənir, onu təbliğ edir, elmi seminarlar aparır, bununla Azərbaycan alimlərini Zadəyə, Zadəni isə
öz Vətəninə, Azərbaycana yaxınlaşdırır.
4 fevralda professor L. Zadənin 85 yaşı oldu. Böyük alimin yubileyinə Almaniyanın Zigen şəhərində 13-14
sentyabrda keçirilməsi qərarlaşmış İCAFS-2006 qeyri-səlis məntiq üzrə VII Beynəlxalq Konfrans həsr olunacaqdır.
Biz bu hadisəni təntənə ilə qeyd edəcəyik, hörmət və dərin ehtiramımızı bildirərək ustadı şəxsən təbrik etmək
şərəfinə nail olacağıq.
L. Zadə, bütün ömrü elmi fədakarlığa nümunə olan parlaq və bənzərsiz alimdir.
Lütfi ZADƏ — 85
Dünya elminə töhfələr verən, həmyerlimiz Lütfi Zadənin bu il 85 yaşı tamam olub. Yubiley münasibətilə
"Elm və həyat" jurnalının kollektivi zəmanəmizin böyük aliminə təbrik məktubu göndərib.
Yubiley ərəfəsində dünyanın demək olar ki, bütün ölkələrindən saysız-hesabsız məktublar alan Lütfi
Zadə kollektivin təbrikini cavabsız qoymayıb. Dünyaya göz açdığı doğma Vətənindən gələn təbriklərə həssaslıqla
yanaşan alimin cavab məktubunu oxucularımıza təqdim edirik.
Dear M.Akhundova:
I deeply appreciate your birthday greetings and the kind words in Russian. Please convey my sincere thanks
to the staff of "Science and Life". Baku and my friends in Baku occupy a very warm spot in my heart.
With my warmest regards.
Sincerely, Lotfı Zadeh
Tərcüməsi:
Əziz M.Axundova!
Mən sizin yubileyimlə bağlı rus dilində yazdığımız təbriklərinizi və xoş sözləri çox qiymətləndirirəm. Xahiş
edirəm, mənim səmimi təşəkkürümü "Elm və həyat" jurnalının əməkdaşlarına çatdırasınız. Bakı və Bakıdakı
dostlarımın mənim qəlbimdə xüsusi yeri var.
Ən xoş arzularla, hörmətlə Lütfi Zadə
Lotfı A. Zadeh
Professor in the Graduate School, Computer Science Division
Department of Electrical Engineering and Computer Sciences
University of California
Berkeley, CA 94720-1776
Director, Berkeley Initiative in Soft Computing (BISC)
Dostları ilə paylaş: |